Kamal Abdulla və
Şərqin sirləri
2019-cu ildə dünyanın ən böyük kitab sərgisi olan Frankfurt Kitab Sərgisinin fəxri qonağı Gürcüstan idi. Bir həftə ərzində 500 min ziyarətçinin
gəldiyi sərgidə
Almaniyada yaşayan gənc gürcü əsilli yazıçı
Nino Haratişviliyə almanların
ən məşhur mükafatı veriləcəkdi.
Sərgidə Gürcüstan
bölməsi xüsusi
hazırlanmışdı. Aləmin qapısı olaraq görülən 33 qapılı hissədə
Gürcüstandan dəvət
edilmiş 70 yazıçı
iştirak edirdi. Badaqoni və Marani şərablarının
su kimi axdığı
və gənc, gözəl gürcü qızlarının ifasında
bol-bol gürcü xalq rəqslərindən olan kartumi, horomi
təqdim edilən sərgidə alman nəşriyyatçısı ilə bərabərdik. O isə davamlı Orxan Pamukdan bəhs edirdi. Orxan Pamukun əsərlərində
ən çox marağını çəkən
nələr olduğunu
soruşdum. Heç düşünmədən: - "Onun romanlarından Şərqin sirli tarixini və düşüncəsini öyrəndim",
- dedi.
O gündən bəri bu sözləri
unutmadım. Nə qədər informasiya bolluğu şəraitində
yaşasaq da, bir qərbli üçün
Şərq hələ
də çox sirli bir yerdir,
məncə, Şərqin
fəlsəfəsi, mistizmi,
düşüncə və
duyğu dünyası
kifayət qədər
Qərbə açılmamış
və bəhs edilməmişdir. Kərəmin
ağzından atəş
püskürüb yanması,
Əslinin saçlarıyla
onun küllərini toplayarkən tutuşub yanması, bəsit bir xalq hekayəsi
olan və Şekspirin qələmiylə
ölümsüzləşdirilən
"Romeo və Cülyetta"dan
daha təsirli və dramatikdir. Təəssüf ki, Şərq öz dünyasındakı bu zənginlikləri bir
Tolstoy, bir Huqo kimi böyük yazıçılar yetişdirməmiş
və ya daha yeni-yeni dünyaya təqdim etməyə başlamışdır.
Uzun
müddətdən bəri
yaradıcılığını xüsusilə izlədiyim
Kamal Abdullanın bu mövzuda həqiqətən
böyük rolu var. Onun "Yarımçıq
əlyazma" ilə
başlayan tarixi (və ya mistik,
əfsanəvi) romanları
"Sehrbazlar dərəsi"
ilə uzun yol qət etmişdir.
Bir neçə həftə əvvəl Almaniyada türkoloq dostum Herman Kielin gözəl tərcüməsiylə
almanca oxucular qarşısına çıxan
roman Şərq dünyasının
ən qarışıq
dövründən biri
haqda bəhs edir. Abbasi xəlifəsi
Məmun zamanında başlayan digər dinlərə qarşı
xoş görüşlü,
qədim yunan fəlsəfə kitablarının
tərcümələri, elmi
tədqiqatlar İslam dünyasında
sürətli bir dəyişimə və keçidə yol açmışdır. Xüsusilə
Əndəlüsdən gələn
alimlərin gətirdikləri
yeni fikirlər uzun mübahisələrə,
hətta kəşflərə
yol açmışdır.
İslam dünyasında fəlsəfə,
tibb, fizika sahələrində ən
çox kitablar IX və X yüzildə yazılmışdır. Ardından
Həllac Mənsur kimi dədələri Məcusi və Zərdüşt olan mistiklər ərəblərin
irqçi görüşlərinə
qarşı bütövcül,
birləşdirici bir fikirlə ortaya çıxmışdılar. Onlara
görə aləm və tanrı Təkdir. Hər ikisi insan varlığında
təcəlli etmişlər.
Kamal Abdulla haqlı olaraq, bəlkə də bilərək islam dünyasının ən maraqlı dövrünü mövzuya
almış, romanında
yüzlərcə il insanları təsir altında tutan bir fəlsəfənin yolçuluğunu axıcı
üslubla qələmə
almışdır. Aləm,
insan, Tanrı və onların qarşısındakı şeytan
tragik bir səhnə yaratmaqdadır.
Varlıq, heçlik, Tanrı insan var olduğu müddətdə həmişə
onun düşüncəsində
yer etmişdir. Şərqin mistik düşüncəsində, əslində,
varlıqla heçlik
eynidir, ikisi ilə birlikdə Tanrı da var olmaqdadır. "Sehrbazlar
dərəsi"ndən bu
qarışıq fəlsəfi
qavram çox sadə və yüksək bir deyim gücü ilə oxucunun gözləri önünə
gətirilməkdədir:
"Səndən böyük kimdir?"
"Şah!"
"Şahdan böyük kimdir?"
"Allah!"
"Allahdan böyük kimdir?"
"Heç kim!"
Dərviş bunu eşidincə
ayağa qalxır.
"O heç olan mənəm, bax!"
Eyni
hikmətin və fəlsəfənin davamçısı
olan Mövlana da Tanrı ilə varlığın arasındakı
münasibəti heçlikdə
görür və belə deyir: "Bu dünyada hər kəs bir şey
olmağa çalışarkən
sən bir heç ol! Mənzilin yoxluq olsun! İnsanı ayaqda tutan mənlik
deyil, heçlikdir".
2012-ci ildə 39 min metr yüksəklikdən atlayan avstriyalı paraşütçü yerə
enər-enməz müxbirlərə
belə demişdi:
"Yuxarıdan dünyaya
baxarkən bir heç olduğunuzu anlayırsınız!".
Kamal Abdulla özünün
də mirasçısı
olduğu bu zəngin fəlsəfi dünyanın labirintlərində
oxucularının əlindən
tutaraq gəzdirərkən,
Şərq filosofları
Şıhabəddin Sührəvərdi
və İbn Arabi kimi aləmin bütün var olmasına da şahidlik etməkdədir. Onun romanının bütün
cümlələrinə sızan
düşüncə Qərbin
bizim beynimizə dürtüşdürdüyü ayrıseçkiliyin rəddidir.
O da Şərqi tanıyan
Höte kimi "Qərb də, Şərq də Onundur və birdir" düşüncəsini
romanın hər sətrində bəlli etməkdədir. Təbiətdəki
ən balaca tərpəniş başqa
bir tərpənişə
yol açmaqdadır;
"Göy üzünün
rəngi yerdə axan qanların rəngi ilə eynidir".
Məncə, alman nəşriyyatçının
dediyi kimi, "Şərqin sirləri"
Kamal Abdullanın zəngin
dili və özünəxas fəlsəfi
izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir.
Hər səhifəsində,
hər sətrində
bizim keçmişimizdən
və ruhumuzda gizli qalan düşüncələrdən
səs, ahəng və fikir olan
belə bir romanın almanca nəşri ədəbiyyatımıza
yeni bir zənginlik qatacaqdır.
Başda "Amazon" və digər kitab satış saytlarında
"Das Tal Der Magier"
adı ilə yer alan roman "PEM" və "Epubli" nəşriyyatlarında yayınlanmışdır.
Orxan Aras
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.27