Bəsirə
Əzizəlinin "Son yüzilliyin türkçü ideoloqu
Muhsin Kadıoğlu" kitabı haqqında qeydlər
Tədqiqatçı
Bəsirə Əzizəlinin "Son yüzilliyin
türkçü ideoloqu Muhsin Kadıoğlu" (Bakı:
Mütərcim, 2020. - 416 səh.) monoqrafiyası
tanınmış türk yazarı və tədqiqatçısı,
çoxsaylı şeir, hekayə, roman, səyahət
kitablarının, elmi və ictimai xarekterli əsərlərin,
publisistik məqalələrin müəllifi,
türkçü ideoliq Muhsin Kadıoğluna həsr
olunmuşdur. Həcmi, hədəf aldığı problemləri,
əhatə etdiyi istiqamətləri ilə diqqəti cəlb
edən əsər tədqiqatçının kitabları
arasında fərqli bir sahəni təşkil edir.
Amerikadakı ərəb mühacirət ədəbiyyatı,
onun ayrı-ayrı görkəmli nümayəndələri -
Əmin ər-Reyhani, Cibran Xəlil Cibran, Mixail Nüaymə,
rus mühacirətinin görkəmli nümayəndəsi
Vladimir Nabokov, dünya ədəbiyyatı və müqayisəli
ədəbiyyatşünaslığın müxtəlif məsələlərini
araşdıran və onlara həsr olunmuş kitabların
müəllifi Bəsirə Əzizəli sonuncu
kitabını türkçülük və onun
tanınmış nümayəndəsinə həsr
etmişdir. Əslində, bu təsadüfi deyildir.
Çünki B.Əzizəli dünya ədəbiyyatını
araşdırarkən hər zaman onu milli ədəbiyyatımız,
bütövlükdə türk ədəbiyyatı kontekstində
də nəzərdən keçirmiş, Mövlana Cəlaləddin
Rumi, Yunis Əmrə, Hüseyn Cavid, Əhməd bəy
Ağaoğlu, Cəlil Məmmədquluzadə kimi klassik
şair və yazıçılarımızın əsərlərini
müqayisəli araşdırmaya gətirmişdir. Bu vaxta qədər
B.Əzizəlinin türkçülük
istiqamətində yazdığı məqalələri
arasında Muhsin Kadıoğlunun əsərləri və fəaliyyəti
ön plana çəkilmiş, türkçü ideoloqun
türk dünyası üçün gördüyü
işlər və yazdığı əsərlər Azərbaycan
elmi ictimaiyətinə və oxucularına təqdim
olunmuşdur. Bu gün belə bir kitabın ortaya
çıxması da, görünür, tədqiqatçının
bir neçə illik uğurlu işinin yekunu kimi qiymətli
bir araşdırmadır.
"Anlayarak
Çok hızlı Okuma teknikleri" ("Anlayaraq çox
sürətli oxumaq metodları"), "Küresel
düşün, Ulusal davran" ("Qlobal düşün,
milli davran"), "Nar Ülkesi. Endülüs'ün Son
Yılları" ("Nar ölkəsi. Əndəlüsün
son illəri"), "Türk-İslam Cihan Hakimiyeti
Ülküsü Kızılelma" ("Türk-islam cahan
hakimiyyəti idealı Qızıl Alma") və digər
kitabları ilə tanıdığımız M.Kadıoğlunun
yaradıcılığının geniş vüsətliyi,
müxtəlif mövzuları əhatə etməsi,
yazarın əsərlərində Azərbaycanın da önəmli
yer tutmasını B.Əzizəlinin sözügedən
kitabından daha geniş şəkildə öyrənirik.
Muhsin
Kadıoğlunun yaradıcılığının ilkin
dövrlərindəki fəaliyyətinə diqqət etsək,
onun Türkiyənin milli düşüncə və ictimai
fikir tarixində gördüyü işlərin çox əhatəli
sahəsini gözümüz qarşısnda canlandıra bilərik.
B.Əzizəli bu məsələni
uğurlu şəkildə
işıqlandırmışdır: "M.Kadıoğlu
yaradıcılığa publisistik yazıları ilə
başlamış, 1980-ci ildə 16 yaşında ilk,
"Türklərin tarixi oyunu: Polo" yazısı
"Doğu Türkistan" dərgisində
yayınlanmışdır. 1984-1988-ci illərdə milliyyətçi-ülküçülərin
yeganə qəzeti olan "Yeni Düşünce" qəzetində
öncə müxbir, sonra isə "Kültür-Sənət"
və "Xarici siyasət" bölməsinin rəhbəri
kimi çalışmışdır.
İş fəaliyyətinə
1989-cu ildə İstanbul Texnik Universitetində
başlamış, hal-hazırda da həmin universitetin Dənizçilik
Fakültəsi "Deniz Ulaştırma İşletme
Mühendisliği Bölümü"ndə
çalışan Muhsin Kadıoğlu yalnız ixtisası
sahəsində çalışmamış, onun fəaliyyəti
türk kültürünün və düşüncəsinin
bütün qatlarını əhatə etməsidir. Kitabdan da
bəlli olduğu kimi, M.Kadıoğlunun
ilk böyük mətbu işi anlayaraq sürətli oxuma sahəsindəki
fəaliyyəti ilə bağlı olmuşdur:
"M.Kadıoğlu 1990-cı ildə Türkiyədə ilk
olaraq "Anlayarak Hızlı Okuma Teknikleri"
kitabını yazmış, bununla da Türkiyə və
türk dünyasında sürətli oxumaq sahəsində
ilkinliyə imza atmışdır. O, Birlik Vəqfində
"Anlayarak Hızlı Okuma, Araştırma, Geliştirme ve
Uygulama Merkezi" yaratmışdır. M.Kadıoğlu 1998-ci
ildə isə yenə də Türkiyədə ilk dəfə
olaraq "Anlayarak Hızlı Okuma Teknikleri" internet
saytını yaratmışdır. 1998-ci ildə
"Bağımsız Milliyetçi, Ülkücü,
Türkçü Site" adlı milliyyətçilərin
ilk gündəlik internet saytı olan www.ulkucu.org
saytını qurmuş, bununla da internet elektron sistemində
türkçülüyün təbliği ilə
bağlı bir çox yeniliklər etmişdir. Bu sahədki fəaliyyətinə
görə M.Kadıoğlu 1999-cu ildə
Yəsəvi Vəqfinin 10-cu ildönümü ödüllərindən
"Elektronik Milliyetçilik Ödülü"nə layiq
görülmüşdür".
Kitabın bir
bölməsi də yazarın 2006-cı ildə İstanbulda nəşr
olunmuş "Küresel Düşün, Ulusal Davran" əsərinə
həsr olunmuşdur. XXI əsrin ilk illərində
türkçük görüşlərinin nəzəri məsələlərinin
şərhi və tətbiqi tərəflərinin müəyyənləşdirilməsi
baxımından bu kitabın bütün türk
dünyası üçün faydası oludğunu
düşünürəm. Muhsin Kadıoğlunun
"Türkçülüyün hədəfi türklüyə
xidmətdir. Türklüyə edilən hər xidmət
insanlıq ailəsinin bütün fərdlərinə adil bir
şəkildə yetişəcək bir xidmətdir"
sözlərini epiqraf kimi bölümün əvvəlində
təqdim edən B.Əzizəli yazarın
türkçülük görüşlərindəki
humanist və multikultural cəhətləri önə çəkmişdir.
Müəllifə görə, "Küresel
Düşün, Ulusal Davran" əsəri mübaliğəsiz
və sözün həqiqi mənasında hər bir
türkün, dövlətindən asılı olmayaraq, milli-mənəvi
dəyərlərlə yaşayan, türk qürurunu
düşünən, türk millətinin və dövlətlərinin
gələcək inkişaf istiqamətləri haqqında
narahatlıq hiss edən, eyni zamanda da, dünya insanının
bir parçası olduğunu dərk etməyə
çalışan hər bir millətdaş üçün
önəmə sahibdir. Örnəkləri təbii olaraq daha
çox Türkiyə Cümhuriyyətindən
götürülsə də, bu əsərin ümumtürk
kontekstini, ümummili dəyərlərini kölgədə
qoymur". Həqiqətən də, M.Kadıoğlunun fikirlərinə
diqqət etdiyimizdə onun milli kültürün bütün
sahələrini əhatə etdiyini, Azərbaycan mədəniyyətinə
də hər zaman xüsusi diqqətlə
yanaşdığını müşühidə etmək
mümkündür: "Türk olmaq Mahmud
Kaşğarlıdan türkcəni, Hoca Əhməd Yəsəvidən
inancı, Karamanoğlu Mehmet bəydən dili, Mövlanadan
tolerantlığı, Yunusdan doğruluğu, Füzulidən
təsəvvüfü, Mehmet Akifdən Çanaqqalanı və
istiqlalı, Yahya Kəmaldan Süleymaniyəni, Nəcib Fazildən
Sakaryanı öyrənmək deməkdi... Türk olmaq
Bakıda Hüseynzadə Əli Turan, Əhməd
Ağaoğlu, Əlimərdan bəy Topşubaşov, Məhəmməd
Əmin Rəsulzadə olmaq deməkdir".
Muhsin
Kadıoğlunun bədii yaradıcılığında,
heç şübhəsiz ki, "Nar Ülkesi.
Endülüs'ün Son Yılları" romanı əhəmiyyətli
yer tutur. Türk-islam mədəniyyəti kontekstində
yazılmış romanın bütün islam dünyası
üçün rolu böyükdür və islam ölkələri
və dini haqqında dünyanın bir sıra ölkələrində
yayılan islamafobya tendensiyalarına ən yaxşı
cavablardan biridir. Ayrıca bir fəsildə romanı geniş
şəkildə təhlil edən B.Əzizəli
onu yüksək qiymətləndirmiş, əsas keyfiyyətlərini
önə çəkmişdir: "Roman, ilk növbədə,
türk tarixinin önəmli bir mərhələsini,
böyük şəxsiyyətlərini qələmə
alaraq türklüyün simasını təqdim edən,
tarixi keçmişin gerçəklərini bədii boyalarla əks
etdirən bir əsərdir".
Romanda təsvir edilən mühüm
bir tarixi dövrü əhatə edir. Məlum olduğu kimi,
İspaniya ərazisində ərəb-islam xəlifəliyi X əsrdən
sonra davam etmiş, XV əsrdə (1482-ci il) müsəlmanların
yaşadığı Qranada Əmirliyi ilə bağlanan
sülh müqaviləsində əhalinin əqidə
azadlığı nəzərdə tutulmuşdur.
M.Kadıoğlunun yazdığı kimi, "Qranada əmiri
XII Məhəmməd ilə İspaniya Krallığı
arasında əldə edilən razılıqda "din
azadlığı"na açıq şəkildə zəmanət
verilsə də, əvvəlcə yəhudilərdən dinlərini
dəyişdirmək və katolikliyi qəbul etmək tələb
olunmuşdur".
Belə bir şəraitdə
Qranada Əmirliyində yaşayan yəhudilər və müsəlmanlar
ayrı-ayrılıqda o dövrün nüfuzlu türk və
müsəlman imperatorluqlarından biri olan Osmanlı dövlətinə
yardım üçün müraciət etmişdilər ki, M.Kadıoğlu da, məhz bu tarixi hadisədən
çıxış edərək türk və islam dövləti
olan Osmanlı dövlətinin yardımını yüksək
bədii boyalarla, milli-mənəvi düşüncələri
və tarixi həqiqətlərə sadiqliyi ilə qələmə
almışdır. B.Əzizəli əsəri
tədqiq edərkən çox önəmli məqamları
vurğulayır ki, bunlar da yazıçının romanı
haqqında dolğun fikir formalaşdırmağa imkan
yaradır: "Türk tarixinin şərəfli səhifələri
bir çox elmi və bədii əsərlərdə
işıqlandırılmışdır. M.Kadıoğlu isə
daha çox iki məsələyə diqqəti yönəldərək,
öz sözləri ilə desək "... Allahın bərəkət
verdiyi, nemətlərlə doldurduğu Osmanlı
mülkünə gəlib rahatlıq tapmağa" nail
olmuş qeyri-türk millətləri və dünyanın
çox hallarda həqiqi simasını təqdim etmədiyi
türk qəhrəmanlarının təsvirinə
böyük yer ayırmışdır".
Romanda türk və
islam dəyərləri, onların bir-birinə münasibəti,
birinin digərini təkzib etməməsi incə məqamlarına
qədər təqdim edilmiş və B.Əzizəli
dövrümüz üçün də aktual olan bu məsələlərə
xüsusi diqqət yetirmişdir. Müəllifə görə,
türk millətinin milli dəyərlərinin hər zaman qiymətli
olduğu, bunun islama zidd olmadığı romanın fikir
dünyasında aydın səslənir. Milləti
parçalayan təriqətlər, məzhəblər tənqid
hədəfi olaraq türk birliyinə
çağırış ifadə olunur...
Kitabda ayrıca bir
fəsildə tədqiq edilən, Muhsin Kadıoğlunun 2019-cu
ildə nəşr olunmuş "Türk-İslam Cihan
Hakimiyeti Ülküsü Kızılelma" kitabı da
mövzusu və istiqamətləri ilə əhəmiyyətli
bir əsərdir. B.Əzizəliyə
görə, qədim mifoloji, dini, tarixi-siyasi xüsusiyyətləri
ilə müəyyənləşən, türk tarixinin
önəmli mərhələlərində daha çox
ön plana çıxan Qızıl Alma idealı
günümüzdə də Türkiyədə müxtəlif
məqalə, müsahibə və xəbərlərin
mövzuna çevrilməyə başlamışdır.
Muhsin Kadıoğlunun kitabı isə bu sahədə olan
mübahisəli fikirlərin, bəzən tarixi hadisələrdən
xəbərsiz irəli sürülmüş yanlış
mülahizələrin cavabı olaraq mövzuya aydınlıq
gətirdi, Qızıl Alma idealını anlamaq
üçün əsaslı istinad mənbəyinə
çevrildi.
M.Kadıoğlunun
Qızıl Alma haqqındakı düşüncələrini,
elə ən yaxşı şəkildə yazıçı
özü ifadə edir: "Zaman dəyişmişdir.
İnsanların hər baxımdan inkişaf etdiyi bir dövrdə
yaşayırıq. Bu səbəbdən yenidən
Qızıl Almadan söz edərkən Din müharibələri
çağı və ya Fatehlər dövrü fəlsəfəsi
ilə düşünə, davrana bilmərik. O halda islamı
yaymaq və millətimizi güclü etmək, məzlumlara
qol-qanad vermək hədəfini ifadə edəcək şəkildə
Qızıl Almaya müasir bir anlam yükləmək və
müasir dövrün Qızıl Alma düşüncəsini
ortaya qoymak aydınların vəzifəsidir".
M.Kadıoğlu,
haqlı olaraq belə hesab edir ki, "türk milliyətçiliyinin
önəmli simvollarından biri olan Qızıl Alma obrazı
ölkəyə və millətə yönəlmiş siyasi,
hərbi, dini və iqtisadi təhdid mərkəzlərini ələ
keçirmək mənasında ortaya çıxmış
bir fikirdir...
Kitab
Muhsin Kadıoğlu şəxsində bir müəllifə həsr
olunsa da, burada türkçülüyün çox müxtəlif
məsələlərinin təhlili öz əksini
tapmışdır. Bu da onu göstərir ki,
yaradıcılığı çox geniş və məzmunlu
olmaqla Muhsin Kadıoğlu tədqiqatçı alim və
yazıçı kimi geniş fəaliyyət göstərmişdir.
Bəsirə Əzizəlinin bu kitabı da əsərləri
türk dünyası üçün çox önəmli
olan Muhsin Kadıoğlunun yaradıcılığı
haqqında aydın mənzərə yaratmışdır.
İmamverdi
HƏMİDOV
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.28