Hayana
atıldığı bilinməyən daş
"Sandıq" romanından parça
Anuş qarı
axşamdan bəri özünə yer tapa bilmirdi, sanki
rahatlığı əlindən alınmışdı.
Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən
qaçaq düşmüşdü. Yerində səhərə
kimi o yana, bu yana eşələnmişdi. Elə bil
yatağına qor dolmuşdular, səhəri dirigözlü
açmışdı. Beyni zoqquldayırdı. Canında
küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə
başladı:
- Bu nə bəla
idi mən düşdüm, elə bil bədənim
qırılır. Canım sızım-sızım
sızıldayır. Yerimdən durmağa belə taqətim
qalmayıb.
Sinəsində
çırpıntı hiss edirdi. Yerində oturub əlini
sürətlə çırpınan sinəsinə
sıxdı:
- Daha ürəyim
də sözümə baxmaq istəmir, elə bil yerindən
çırpınıb çıxacaq. - Ufuldanıb dərindən
nəfəs aldı: - Ehhh, görünür, mənim də
qismətim belə imiş.
Yataqda oturub
başını küsülü adam kimi önə əymişdi.
Əlini sifətində gəzdirib alnını ovuşdururdu.
Başını yelləyib dərindən köks
ötürdü:
- Həəə,
demək belə! Əvvəli yaxşı gətirməyənin,
axırının da yaxşı olacağını
düşünmək əbəs imiş... Bu vicdansız da
son vaxtlar məni lap cızığımdan
çıxarır. Adamda insaf yaxşı şeydir. Bir
insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin,
bu qoca yaşımda öldüyüm yerdə öləydim.
Qəfildən dərin
xəyaldan ayrıldı. Dediyi sözdən yuxu
görürmüş kimi diksinib sifətini turşutdu:
- Yox, yox, hələ
ölüb-eləməyim. Söz yox, ölməkdən-zaddan
qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də
gərək insan kimi öləsən. Deyəsən, o da mənə
qismət olmayacaq... Çalış, yaxanı
Əzrayılın əlinə vermə, elə ki, yaxandan
yapışdı, daha əl çəkən deyil. Heç
özünü toxtamağa macal verməyəcək.
Ona elə gəlirdi
ağrıdan beyni bu andaca paramparça olub üzü üstə
yerə səriləcəkdi. Bədənində soyuq tər
hiss edirdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi.
Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə
alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu
ki, durub bircə addım atsa, ürəyi qəflətən
dayanacaq. Allah bilir, ondan sonra aqibəti necə olacaq?
Gecə ha istəmişdi
yatıb gözünün acısını alsın, bəlkə
yadından çıxara, yata bilməmişdi. Gözlərini
yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən
kimi ananın fəryadı, ah-naləsi qulağının
içində uğuldayırdı. Elə bil, bu anda beyni
deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi.
O anlar kino lentı kimi gözünün qarşısından
canlanırdı.
Divarın
küncünə qısılmış ana körpə
qızcıqazı köksünə basıb,
başını körpəyə tərəf əyib ilan
dili çıxararaq yalvarır. Heç kim ananın
yalvarışına məhəl qoymur. Ana yalvardıqca
içəridə olan bir neçə nəfər -
içkidən keflənmiş saqqallı adamlar qəh-qəh
çəkib gülürlər. Birisi səsinin tonunu
qaldırıb deyir: - "Bunun murdar səsi beynimizi apardı.
Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi
gözləyirik?"
Anuş qarı
diqqətini toplayıb sifətini turşudur:
- Bu o alçaq
Vartanyanın səsidir. Elə biryolluq sənin səsin
bataydı, mən də bu müsibətləri görməyəydim,
- deyib deyindi.
Başqa birisi
hırıldaya-hırıldaya deyir:
- Ara, gərək
düşmənin fəryadından, ah-naləsindən ləzzət
ala biləsən. Qoy özü üçün nə qədər
çığır-bağır salır salsın. Ha, hha,
ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o
eybəcər səsi mənim ruhumu necə sakitləşdirir,
necə ləzzət alıram. Qoy yalvarsın hələ!
Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?
Anuş qarı
gözünü bir nöqtəyə zilləyib kinoya
baxırmış kimi deyindi: "Bu da o itsifət
Mıkırtıçyandı, - dedi. - İt oğlu elə
it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan
murdarlıq yağır...
Ana göynəyə-göynəyə
yalvar-yaxar edir:
- Allahınız
varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama
toxunmayın! Məni öldürün, lap diri-diri odda
yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz
işgəncə verin, o körpədir, ona
yazığınız gəlsin, bircə ona dəyməyin,
toxunmayın!
Yazıq
qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz
yaşını içində gizlətməyə
çalışırdı. Anasının fəryadını,
ah-naləsini eşitdikcə balaca qızcığaz
kuklasını sinəsinə basıb özünü anasının
köksünə sıxırdı. Sanki bununla təhlükədən
qorunurmuş kimi həm özünü, həm də
kuklasını gizlətməyə
çalışırdı.
Zorik:
- Daha bunu heyvan kimi
mələtməyə ehtiyac yoxdu, - deyib içki stolunun
arxasından durur, dişlərini ağarda-ağarda anaya
yaxınlaşır: - Türkə aman vermək olmaz,
türkün kökünü qazımaq lazımdır - deyib
ananın qucağındakı körpəni
dartışdırır. Üzünü onlar tərəfə
tutub dişini ağardaraq deyir:
- Gərək bu
türk küçüyünü anasının
gözünün qabağında diri-diri yandırasan ki,
ağılları başlarına gəlsin.
Anuş qarı yenə
öz-özünə deyinməyə başladı:
"Axı, bu körpənin nədir günahı? O, bu
yaşda nə bilir düşmənçəlik nə olan
şeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri
var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır.
Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin
olmalıdır? Niyə, nə üçün müharibə
edirlər?" - Ufuldanıb başını yellədi: -
"Uşağın öz uşaqlıq dünyası var,
onu paramparça edəni Allah da bağışlamaz".
Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca
qaldırıb deyindi:
- Bəlkə də
elə ən böyük günah mənimkidir?! - deyib sifətini
turşutdu. - Kaş ki, vaxtı, vədəni geri qaytarmaq
mümkün olaydı. Çox şeyi
çalışardım ki, yenidən qurub-yaradım, amma təəssüf
ki, çox-çox gecdir. Nə zamanı geri qaytarmaq
mümkündür, nə də ki buna ömür vəfa edər.
Bir vaxtlar türklərdən
eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər,
dedi: "İlan zəhəri kərtənkələdən
alır, amma insanın bədəninə zəhəri ilan
yeridir, kərtənkələ yox". Heç nəyi gizlətmək
yox, etiraf etmək lazımdır. Burda mənim də
günahım çoxdur. Elə bütün erməni
analarının günahı böyükdür. Vaxtında
düzgün tərbiyə versəydik, təbliğatı
başqa cür aparsaydıq, bəlkə də bu faciələrə
heç yol açılmazdı...
Uşaq ananın
köksünə qısılır, başını
ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən
qoparmağa çalışır. Uşaq başını
anasının köksündə gizlədib
ayağının arxası ilə Zoriki itələyib
ağlaya-ağlaya: - Get, get, dəymə mənə, - deyir.
Zorik tərəfə baxmamağa çalışır.
Anuş qarı yenə
ofuldanıb deyinir: - "Yazıq, yazıq körpə,
başını anasının köksünə sıxıb
gizlənməklə elə bilir bu qaniçənin əlindən
qurtula biləcək. Neyləsin məsum körpə, edə
biləcəyi başqa bir etiraz əlaməti, arxalanmağa
başqa bir dayağımı var? Bu məsum körpə
qaniçənə qarşı başqa cür necə etiraz
edə bilər? Etirazını ayağı ilə itələməklə
bildirir".
Ana körpəni
daha da bağrına sıxır. O, körpəni zorla
ananın sinəsindən qoparır. Körpə ucadan
çığırıb-bağırır. Zorik körpənin
kürəyindən yapışıb əlində
sallaya-sallaya ocağın yanına gətirir. Üzünü
anaya tərəf çevirib dişlərini
ağarda-ağarda, - "Siz türk it uşağına hələ
bu da azdır" deyib uşağı yanan ocağın
içərisinə atır. Körpə qız
uşağının
çığır-bağırtısı ananın fəryadına
qarışıb beynində uğuldayırdı, onu rahat
buraxmırdı.
Yatağında
oturub Zorikin qarasıyca deyindi: - "Gerçəkdən bunun
içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda
insanlıq adından bir şey qalmayıb".
***
Canındakı
sıxıntı hələ keçməmişdi.
Axşamkı yuxunun havası başını
dumanlandırırdı. Dərin düşüncələr
onu özündən çox uzaqlara aparıb-gətirirdi. Bir
yanda bənd alıb otura bilmirdi. Gah bayıra çıxıb
həyət-bacada fırlanır, gah da otağa qayıdıb
beynində nəyisə ölçüb-biçirdi: "Eh!
Otağa girirəm, elə bilirəm, divarlar üstümə
yeriyir, bayıra çıxıram dünya başıma
fırlanır. Belə də şey olar? Həyət-bacaya
baxanda yağı görsə yazığı gələr.
Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti
qalmayıb, canım tutmur ki, nəsə bir işin qulpundan
yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil
cavanlıq, heyif deyil o günlər".
Təəssüflə
başını yelləyib deyindi:
- Demək mən də
qocalmışam! Hərdən oturub fikirləşəndə
cavanlığım özümə xəyal kimi
görünür. Arada öz-özümə deyinib dururam.
Başqa kimim var, kimə deyim, ən böyük dərdimi-sərimi
də, elə sevincimi də özümlə
bölüşürəm... Ölsəm heç kimin xəbəri
də olmaz ki, mən ölmüşəm ya diriyəm. Vallah,
aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr
çaqqalların ulaşmasından qulaq tutulur, səhərə
kimi yatmaq da olmur. Gündüzlər həyat-bacada lal sükut
baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa
batıb. Nə çağıran var, nə səsinə hay
verən var. Yayda yenə birtəhər dözmək olur. Elə
ki, qış gəldi gecələr çox ölgün
keçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi.
Vaxt var idi, buralarda
bir şənlik var idi, gəl görəsən. Türk erməniyə,
erməni türkə qarışmışdı.
Azdan-çoxdan ruslar da olurdu, başqa millətlərdən də
var idi. İndi buralarda ermənilər bayquş kimi tək
qalıb, tək yaşayırlar...
Qırılmışlar,
hərəsi gətirib bir qoca-qoltağı buraya atıb, cəhənnəm
olublar, hərə öz kefində, damğındadı. Kim
öldü, kim qaldı nəylərinə gərəkdi. Mən
də ağzımı açıb bir söz deyəndə nə
desələr yaxşıdı? - "Sən qocaldıqca nə
çox deyinib-danışırsan, otur oturduğun yerdə,
niyə bizim işimizə qarışırsan? Sənin nəyinə
gərəkdir biz hara gedirik, hardan gəlirik? İndi dövran
dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən.
Qapılıb burada
ömrümüzü-günümüzü
çürüdəsi deyilik ki".
İki ildən
çoxdur ki, üzlərini gor görmüşlərin
üzlərini də görə bilmirəm. Gələndə
də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgah
qurub, sonra hərəsi bir tərəfə əkilirlər.
Görmüsəm
arvad-uşaq evində-eşiyində olar. Düşənini
götürər, qaçanını teyləyər. Bunlar eləməz!
Bunlarda tam başqa cürdü. Oğul gedib Fransada veyillənir,
arvad da gedib oğlunun yanını kəsdirib, guya ki,
oğlunu çox istəyir, ondan ayrı dura bilmir.
Külümü qoyum sənin arvad başına, səninki
oğuldu, başqasınınki oğul deyil?! Denən ki, canıma
əziyyət vermək istəmirəm, rahatlığa
qaçıram. Bunun danışdığı sözə
bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı,
heç doğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da
ki heç".
Əlini stolun
oturacaq hissəsinə dirəyib ayağa durdu. Əsanı əlinə
alıb dodağının altından deyinə-deyinə
çölə çıxdı.
***
Maşın qalxan
istiqamətdə yol dikəldikcə dərə də dərinləşirdi.
Dərədən sol tərəfdə həyət evləri
görünürdü. Həyatyanı məhlələrdə
təzəcə puçurlamağa başlayan, bəziləri
çiçəkləyib ağ duvağa
bürünmüş gəlin kimi diqqəti cəlb edən
meyvə ağacları gözə çarpırdı.
Dərə ilə
əkin sahəsini çox sıx olan qaratikan kolları
ayırırdı. Qaratikan kollarının arasından
söyüd ağacları göyə boy verirdi. Yol qalxıb
sağa dönən istiqamətdə nazık sısqa
çay yola qoyulan körpüdən dərə uzunu
axırdı. Yol sağa döndükdə, ona paralel istiqamətdə
əkin yeri dəmir torla hasarlanmışdı. Hasardan yola tərəfə
qaratikan kolları sıx-sıx əkilmişdi.
Hündür
qaratikan kollarından ev görünməz olmuşdu.
Evə sağa
dönən yoldan, məhlənin orta hissəsindən yol
ayrılırdı. Həyətə göy rəngli dəmir
darvaza qoyulmuşdu. Darvazanın göy rəngi artıq
soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas
atmışdı. Hiss olunurdu ki, çoxdan qoyulmuş
darvazadır.
Evlə darvaza
qapı arasındakı məsafə 150 metrə qədər
olardı. Evə gedən yolda - yolun kənarına həm
sağ tərəfdə, həm də sol tərəfdə
alma ağacları əkilmişdi. Ağacların
hündürlüyündən bilinirdi ki, ən azı 20 ilin
ağaclarıdı. Evin yerləşdiyi yer söt
olduğundan, iki otaqlı, qarşıda eyvanı olan ev
aşağı hissədən iki mərtəbəli,
yuxarı başdan bir mərtəbəli
görünürdü. Yuxarıdan evin qarşısından
xeyli qabağa çıxan balaca eyvanın qapısı
birbaşa həyətə açılırdı. Həyətlə
məhlə dəmir torla ayrılmışdı. Eyvanın
çıxacağı ilə üzbəüz böyük
bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma
stol bərkidilmişdi.
Məhlə
ilə yolun arası hündür idi. Məhlə yoldan xeyli
çökəklikdə yerləşirdi. Görünür,
yol çəkiləndə əlavə daş, torpaq
töküb yolu hündürləşdirmişdilər.
Əkin
yerində də çoxlu ağaclar gözə
çarpırdı. Çılpaq ağaclar sanki
keşikçi kimi ətrafa nəzər salıb məsum,
yazıq bir görkəm almışdı.
Baxımsızlıq ucundan ağacların ətrafını
kol-kos basıb. Bağdan çox meşəyə bənzəyirdi.
Maşınla gəlib keçənlər Zorikin evi
olduğuna görə o evə gözucu baxıb keçirdilər.
Həyət-bacada
arada-sırada bir yaşlı qadın görünürdü.
Burdan keçənlər qadını görəndə onun
haqqında deyinib keçərdi:
- Bu ev də
onların evidir. Görəsən, indi haralardadır?
Xarabasında olmaz, əşi. O nə vaxt xarabasında
tapılır ki? İndi nə bilirsən daşı hayana
atılıb, - deyərdilər.
Qalib ŞƏFAHƏT
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.30