Poeziyanın riyazi
ifadəsi
Rəfail
Tağızadənin şeirlərində qeyri-səlis məntiq
Son
vaxtlar mənə elə gəlir ki, poeziya dəqiq elmdir.
Riyaziyyat, ya da fizikanın bir bölməsidir. Məsələn,
fizikada rəqslər və dalğalar bölməsi şeirdə
harmoniyaya çevrilir. Qəzəldə "dəvə
yerişi" fizikada rəqs edən rəqqas deyilmi?
Nizami
Gəncəvi "Sirlər xəzinəsi"ni yazanda
Pifaqorun teoreminə söykənibsə, Füzuli bunu
"Leyli və Məcnun"da edib. Nəsimi Nəiminin
ölümündən sonra çevrə üzrə dəyişən
sürətli hərəkətə başlayıb, necə
deyərlər, buna görə də rindü-şeydadır.
Poeziyanın dəqiq elm olmasını əsaslandırmaq
üçün indiki dövrdə yazılan şeirləri də
misal çəkmək olar. Məsələn, Aqşin
Yeniseyin bugünkü şair durumu atomun parçalanmasına
oxşayır. "Məbədin sükutu"na qədər
hələ atom parçalanmamışdı. "Tarix və Tale"də artıq bizə praton,
elektron və neytron bəllidir. Salam Sarvanın
filosofsayaqlığını nəzərə almasaq şeirləri
dəqiq şəkildə dəqiq elmlərin bir bölməsidir.
Hər şey 0 və 1 arasında baş verir. Bəzi
şairlərdə 0 və 1 intervalından çıxma cəhdi
görünsə də, hələ bunu bacaran olmayıb. Yəni
mümkün deyil.
Bu yanaşmama
görə Ramiz Rövşən Azərbaycan poeziyasında
yeganə şairdir ki, onun poetik qrafiki 0 və 1 arasında həm
parabola, həm də düz xətt ola bilir. Burada çox diqqətli
olmaq tələb olunur. Ramiz Rövşənin poetik qrafiki 0 və
1 arasında düz xətt ola bilsə də, riyazi poetikada
düzxətli və bərabərsürətli şair Fikrət
Qocadır. Həmçinin, onun şeirlərinin poetik fiquru
kvadratdır. Bunu da nəzərə almalıyıq ki, poeziya
nə qədər dəqiq elm olsa da bəzi üstü
açılmamış sirlərini qoruyub saxlayır. Misal
üçün, Fikrət Qocanın poetik fiquru kvadratdır,
amma diaqonalları bərabər deyil. Bu da ona oxşayır ki,
biz nə vaxtsa atomu ən kiçik zərrəcik hesab
etmişik.
Bura qədər
poeziyanın dəqiq elmlərlə yaxından
ulğaşığ olmasına misallar çəkdik, müəyyən
təsəvvürümüz yarandı. İndi isə gələk
əsas məsələyə -
Rəfail Tağızadənin şeirlərinin riyazi təhlilinə.
Görək Rəfail Tağızadənin poetik qrafiki necə
çəkilir, poetik həndəsi fiquru hansıdır və
onun şeirləri 0-la 1 arasında hansı rəngləri əks
elətdirə bilir?
Sanki Rəfail
Tağızadə öz şeirlərini qeyri-səlis məntiq
nəzəriyyəsinin içində yazır. Daha dəqiq
desək, sanki bu sahənin mütəxəssisidir.
Rəfail
Tağızadənin şeirləri müxtəlif rəngə
boyana bilir, yəni rəngarəngdir. Şair daha çox
sarı rəngdə yazır:
Bu solan
bağların, solan bağların,
Ağaclar
saçını yolan bağların.
Qızaran, saralan,
dolan bağların,
Payızı
xoşuna gəlmədi sənin.
Burada payız, xəzan
sarıdır deyə, şeirə sarı demirik. Bəndin
özünün poetik rəngi sarıdır. Nəzərə
alsaq ki, R.Tağızadənin şeirləri
rəngarəngdir, yəni çevrənin içi rənglənib,
o zaman çevrə dairəyə çevrilir və ya
böyük nöqtəyə dönür.
Poetik qrafik və
poetik fiquru bir şeirlə izah etmək çətindir.
Ən azı bir neçə şeiri təhlil etmək
lazımdır ki, qrafik və ya fiqur görünsün.
Deməli, müəyyən
etdik ki, Rəfail Tağızadənin poetik rəngi daha
çox sarı, poetik qrafiki düz xətt (artan qrafiklə),
poetik fiquru çevrə və ya nöqtədir. Bunları bir
yerə yığanda isə sarı rəngli bir kürə və
ona yönəlmiş düz xətt təsəvvür edirik.
Artıq hamımıza məlum oldu ki, sarı kürə
Günəş, düz xətt isə ona gedən yoldur. Demək
ki, Rəfail Tağızadənin poeziyası bizi Günəşə
aparır.
Dünya
poeziyasında sevilərək xatırlanan, unudulması
mümkün görünməyən nümunələr var
ki, onların hamısında poetik qrafik səmaya doğru
yönəlikdir və ya səma tərəfindən cəzb
olunandır. Yəni şeir qanadlanıb göylərə
uçur. Sanki göylər poeziyanın beşiyidir. Şeir
doğularkən şair xəyalı da səmalarda olur. Yerdə
yazılmış şeirlər göyə qalxa bilməz, səma
onlara yaddır. Şeir öz vətəninə, yəni
öz səmasına, doğulduğu yerə
qayıtmalıdır. Bu mənada Rəfail Tağızadənin
poetik lövhəsində Günəşə doğru yönəlmiş
düz xətt görürük. Günəş səmaların
mərkəzi, poeziya isə Günəşin pərvanəsidir.
Deməli, R.Tağızadənin şeirləri
oxucunu göylərin mərkəzinə, eşqin suzişinə
çağırır. Elə şairin özü də
etiraf edir ki, Yerlə işi yoxdur, Göy adamıdır,
şeirlərinin vətəni səmaların mərkəzidir:
Daş atmadım
özgəsinə,
Kor şeytanla
ilişkim yox,
Yaradan qoruyar məni,
Bu yer ilə bir
işim yox.
Başqa bir
şeirdə isə şair bütün fəsilləri 0-la 1
arasında canlandırıb və öz poetik rəngi ilə
sanki bir rəsm əsəri çəkib. Şeiri oxuyanda
0-dan 1-ə qədər hər şeyi yaşayırsan. Poetik
fırça adamın əllərinə toxunur, sanki oxucu
özü rəngləyir tablonu:
İzi yox olmuş
yollarım
Tük
basmış üzüm kimidir.
Giləsin
quşlar aparan
Qurumuş
üzüm kimidir.
Durub səni
gözlədiyim
Yolayrıcı
yoxdu, itib.
Mənim izim qalan
yerdə
Görən
hansı otdu, bitib?
...Təklikdən darıxan yolu,
Durnalar aparıb
gedib,
Saxlayıb biz gələn
yaza,
Payızdan
qoparıb gedib.
Bu şeirin poetik
tablosunda nələr əks olunur? Əgər şeirdə ot
basmış cığırdan danışılırsa, deməli,
ot basmamış cığır olub və o
cığırı durnalar gətirmək üçün
aparıb. Təbii ki, durnalar çevrə üzrə bərabərsürətli
hərəkət edir. Yoxsa təzədən yaz olmaz.
Ümumiyyətlə,
Rəfail Tağızadənin şeirləri qeyri-səlis məntiq
nəzəriyyəsini kodlaşdırır. Poetik dildə nəzəriyyəyə
izah verir. Nəzəriyyə isə, öz növbəsində,
onun şeirlərini açır, riyazi dildə ifadə edir.
Başqa bir
şeirə nəzər yetirək:
Kölgələr
oynayır sakit dənizdə,
Ləpə
yırğalayır, yatıra bilmir.
Dalğayla
sevişən xatirələrin
Səsini
qağayı batıra bilmir.
Nə özüm
dünənə qayıda billəm,
Nə tutub əlimdən
aparanım var.
O coşan
dalğayla qaçsa xatirəm,
Keçmişim
içimdə alışıb-yanar.
Gəlirəm dənizin
sahilinə mən,
Kim deyir fikrimi
dağıtmaq üçün,
Hər dalğa
xatirə gətirir mənə,
Ömrümün
anına qayıtmaq üçün.
İlk
baxışdan poetik mənzərə və ruh
açıq-aydın göstərir ki, şeirin poetik fiquru
çevrədir. Çünki xatirə nə vaxtsa
yaşanmış hadisədir. Yəni başlanğıc
nöqtəyə qayıdış. Mənzərənin
yaratdığı poetik rəng
sarı-qırmızıdır. Çünki şeirdə həm
də haray var. Haray, çağırış, səsləmə
poeziyada mənzərəni qırmızı rəngə
boyayır. Şeirin poetik qrafiki isə 0-dan - buludların sakit dəniz üzərində
yaratdığı kölgələrlə başlayır,
xatirələr artan qrafiklə davam edir, ömrün
hansısa anına qayıdışda - Günəşə çatanda, yəni
şeirin sonunda elə bir nöqtədə dayanır ki, o
nöqtədən absis oxuna perpendikulyar xətt endirdikdə gəlib
1-in üzərinə düşür. Yəni poetik qrafik 0-la
1 arasında artandır, absis və ordinat oxları ilə 45 dərəcəli
bucaq əmələ gətirir.
Digər bir
şeirə baxaq:
Bir Ay doğar
yorulan buludlar
arasından,
bir Ay doğar
işıqlanar gecələr.
Əllərimi,
qollarımı görərəm,
sənə gedən
yollarımı görərəm.
Qəribsəyən
gecədə
yolların
yanağından
tək ağlayan qəribin
göz
yaşını silərəm.
Daş qolları
qaldırıb oynayaram
içimdəki qəm
havanın pəsinə,
diksinərəm
lal sükutun səsinə.
Nə deyəsən
gecənin bir
küncündə
için-için
oynayan
bu Allah bəndəsinə...
Bu şeirdə
ümid var. Deməli, poetik rəngi sarıdır. Poetik fiquru
isə çevrədir. Çünki şeirdə kədər
və sevinc çevrə boyunca bir-birini əvəz edir. Qrafik
isə düz xətt olub artır və səmalarda
görünməz olur.
Rəfail
Tağızadənin bütün şeirləri qeyri-səlis
məntiq pəncərəsindən aydın-açıq
görünür. Həm də güzgü rolunu oynayır.
Çünki özü görünməklə bərabər,
həm də oxucunu əks elətdirir. Oxucu R.Tağızadənin
şeirlərində özünü olduğu kimi görə
bilir və güzgü ekranında müxtəlif arzular
yaşayır. Hər bir oxucunun arzusu özünün gedə
bilmədiyi yerlərə getmək, ülvi hisslər
yaşamaq, ruhi paklıq və pərvanə kimi eşqə
yanmaqdır. R.Tağızadənin şeirlərində
bütün oxucular öz arzusuna çatır. Çünki
güzgü ekranında R.Tağızadə oxucularının
əlindən tutub eşqə aparır.
Elşad Barat
Ədəbiyyat qəzeti.-2020.-19
iyun.-S.31