Van Qoqun rəsmində
türk bayrağının hilalı
Böyük sənətin
dahilərindən sayılan holland rəssamı Van Qoqun
tablolarından birində türk bayrağı öz əksini
tapıb. Çoxları bu faktdan xəbərsizdir. Bu barədə
ilk dəfə türk şairi Sunay Akın yazıb. Van Qoq həmin
rəsmi 1888-ci ildə çəkib. "Milletin portreti" rəsminin
sağ küncündə yuxarıda ay-ulduzlu bayraq
görünür. Beşguşəli ulduz hilalın şəfqətinə
sığınıb. Maraqlı məqam budur ki, rəssamın
rəsminə adını verdiyi Millet türk
olmadığı kimi fransız uniformasında təsvir
edilib. Ay və ulduz fransız piyadalarını simvolizə
edir.
Türk
poeziyasının parlaq isimlərindən olan Cemal Süreyya
"Əhməd Arif" adlı essesində Van Qoqun sarı rəngə
vurğunluğunun sirrini çözələyir:
"Hollandiyada olarkən Van Qoqun sarı rəng
sevdasının sirrini tapıb bu rəsmlərdəki rəngləri
daha çox sevməyə başladım. Çünki
Hollandiyadakı coğrafiyanı, yer üzünü, bitki
örtüyünü bəzəyən sarılar Van Qoqu insan
və sənətkar olaraq kəşf etməyimə kömək
etmişdi. Van Qoqun sarısı özündə holland
torpağının sarısını əks etdirir".
Amma Cemal Süreyya
yanılırdı. Van Qoqun Hollandiyada, Belçikada çəkdiyi
tablolarında sarı deyil, tünd rənglər hegemonluq edir.
Araşdırıcılar tərəfindən "qaranlıq
dövr" adlandırılan həmin illərdə Van Qoq
"Toxucu", "Şamdanlı və Romanlı
natürmort", "Fırtınada Şeveningen sahili",
"Kartof yeyənlər" kimi tünd, qaranlıq rənglərin
üstünlük təşkil etdiyi tablolara imza atıb.
Van Qoqun həyatı
da tünd rənglərlə zəngindir, keçirdiyi
iztirablı ömrün rəsmlərinə də
yansıması təbiidir. İrvinq Stounun məşhur
"Yaşamaq yanğısı" romanı Van Qoqun həyatından
bəhs edir. Həmin romanda yazıçı rəssamın
qulağını kəsdiyini və qanaxmadan
öldüyünü yazır. Deyilənə görə, gərgin
ruhi təbəddülatlar, sarsıntılar Van Qoqun mənəvi
gücünü tükədib. Sevdiyi qız - Ursula da onun məhəbbətinə
rədd cavabı verdikdən sonra qulağını kəsərək
ona göndəribmiş.
Amma bir çox mənbələrdə
yazılır ki, o, tanıdığı iki oğlan tərəfindən
təsadüfən öldürülüb. Van Qoq hansısa
mehmanxanada qalırmış və hər gün
qaldığı məkanın
yaxınlığındakı sünbül zəmisinə rəsm
çəkməyə yollanırmış. Gümanlara
görə, orda oğlanlardan birinin əlində
ehtiyatsızlıq üzündən açılan tüfəng
təsadüfən Van Qoqa dəyibmiş. Yaralı vəziyyətdə
olan Van Qoq oğlanları xilas etmək üçün
günahı öz üzərinə
götürübmüş. İrvinq Stoun isə oxucuya tamam
başqa bir versiyanı təqdim edir. Əsərdə Van Qoq
Borinajda kömürçıxaranlarla birlikdə
çalışır, keşiş kimi vaizlik edir, küfr
danışdığına görə onu vaizlikdən
uzaqlaşdırırlar. Dünya nemətlərindən imtina
edən Van Qoq ruhunu təmizləyir, yalnız qəhvə,
çörək və kəsmiklə qidalanır.
Bütün bunlar "Yaşamaq yanğısı" romanında
bənzərsiz üslubda təqdim edilir. Bəzən
boyanı yeyir, yeməyinə belə rənglər
qatırmış. Deyirlər, hətta bir dəfə
qayçı ilə Qogenin boğazını kəsmək istəyib,
amma son anda öz qulağını kəsib. Yaz aylarında
uzun-uzadı tarlalarda, sünbül zəmilərində
çalışmaq sinirlərini büsbütün
pozubmuş.
Van Qoqun
bioqrafiyası tarixi mənbələrdə, onun haqqında
yazılan kitablarda, internet materiallarında öz əksini
tapıb, bu barədə yazmağa lüzum yoxdur. Başqa
qaranlıq məqamlara aydınlıq gətirmək
üçün davam edək.
Van Qoq Cemal
Süreyyanın şeirlərindən birində
rastımıza çıxır:
Buludu kəsdilər,
bulud üç parça,
qanım yerə
axdı, bulud üç parça,
iki gəmiçiylə
Van Qoqdan aşırılmış
bir qadının
üzü ha ha ha...
Cemal
Süreyyanın bəhs etdiyi sarı rəng Van Qoqun rəsmlərində
atası öldükdən sonra, Parisdə yaşayan
qardaşının yanına getdikdən sonra boy göstərməyə
başlayır. "Gecə" tablosundakı ulduzlar cənnət
çiçəkləri kimi təsvir olunmuşdu. Rəssam,
sanki bütün həyatı boyu gözünü göy
üzündən çəkmədən səmanın xəritəsini
çəkmişdi. Dövrünün böyük astrofiziki
Ceyn Pierre Luminet göy üzü xəritələri ilə rəssamın
tablolarını müqayisə edərkən heyrətamiz bir
nəticəyə gəlir. O, dahi rəssamın 1889-cu ildə
çəkdiyi "Ulduzlu gecə" tablosu üzərində
uzun müddət çalışır, təhlillər
aparır. Və Van Qoqun fırçasıyla ulduzları
doğru yerlərdən asdığını kəşf
edir.
Van Qoqun
qardaşına, bacısına yazdığı çoxlu məktublar
var. Bu məktublar tarixin göy üzü xəritəsidir.
Onlar vasitəsilə Van Qoqun düşüncələri, arzu
və istəkləri barədə müəyyən qədər
təsəvvürümüz yaranır. Dəfələrlə
auksiona çıxarılmış bu saralmış
kağızlar bizə bəzi ipucları verir.
Ötən əsrin
oftalmoloq alimlərindən olan Frederik Marie bu məktublardan yola
çıxaraq rəssamın qlaukoma xəstəliyindən əziyyət
çəkməsi faktını ortaya çıxartdı.
Onun 1971-ci ildə xarici jurnallardan birində dərc olunmuş
yazısı Van Qoqla bağlı bir çox müəmmalı
məqamlara işıq saldı. Van Qoqun son dövr
tablolarında lampaların və ulduzların ətrafındakı
işıq çəmbərləri getdikə
böyüyür, genişlənir. Marienin
çıxış nöqtəsi də bu nüanslardır.
Alim yazır: "Van Qoqun son dövr rəsmlərindəki
lampaların ətrafında görünən dəyirmi
işıqlar getdikcə pisləşən göz xəstəliyinin
açıq əlamətləridir. İşığın
çevrəsindəki bu bulanıqlıq sənətçiyə
aid özəl bir ifadə forması olmayıb,
işığın gəldiyi qaynaqları görmə
bacarığının tədricən azalmasının nəticəsidir.
Van Qoq qardaşı Teoya yazdığı məktublarda da ifadə
etdiyi kimi, Quzey Avropanın insanı boğan soyuq
işığından xilas olmaq üçün
ölümündən iki il öncə Fransaya üz
tutmuşdu. Doktor Marienin gəldiyi qənaətə görə,
Van Qoqu intihara sürükləyən əsas səbəb ruhi
sıxıntıları deyil, xroniki qlaukoma xəstəliyi
olub. Fikrinin təsdiqi kimi "Kartof yeyənlər" və
"Gecə qəhvəsi" rəsmlərini müqayisə
edir. Birinci rəsmdə bulanıq işığın
heç bir bəlirtisi olmadığı halda ikinci rəsmdə
tavan işıq ləkələri içindədir.
Van Qoq 1888-ci ildə
Qogenə yazdığı məktubda
yaşantılarını belə ifadə edir: "Zaman-zaman
gözlərimə qəribə bir yorğunluq
çökür. Sənə bu məktubu yazdığım
anlarda da eyni yorğunluğu hiss edirəm. Bir az istirahət
etməyimə ehtiyac var".
Türk şairi
Bedri Rəhmi Eyyuboğlunun Van Qoqa həsr etdiyi şeiri ilə
doktor Marienin qənaətləri arasında heyrətedici bir bənzərlik
var:
Dünən gecə
Van Qoqu gördüm röyamda,
ağlayırdı,
gözünün
üstündə bir pambıq,
pambıqdan qan
sızırdı.
Dünən gecə
Van Qoqu gördüm röyamda,
bir
qulağını kəsib
dostuna
aparmışdı,
amma qulağı
deyil,
gözləri idi
qanayan.
Dünən gecə
Van Qoqu gördüm röyamda,
ağlayırdı...
Kənan HACI
Ədəbiyyat
qəzeti.-2020.-19 iyun.- S.32