Sən yarımın qasidisən...Məhəmmədhüseyn
Şəhriyar
"Sən yarımın qasidisən". Bu şeiri
ustad şair ömür-gün yoldaşı Əzizə
xanım Əbdülxaliqiyə yazıb. Təkcə bu
şeiri yox, "Əzizə
can", "Bir gəlin", "Mənim xəzanım",
"Yoldaşımın yası", "Gözü
yolda", "Yoldaşımın xatirəsi ilə",
"Hər iki vətənin qəribi" əsərlərini
də Şəhriyar həyat yoldaşına həsr edib. Nədən bəs ilk olaraq "Sən
yarımın qasidisən"dən başladıq?!
Çünki
24 il sevgisinə, həsrətindən
odlanıb yandığı Pəri//Sürəyyaya sadiq qalan,
ilk və nakam eşqini heç vəchlə unuda bilməyən
Şəhriyar yaxın dostlarının, qohum-qardaşlarının
təkidi sonucunda, nəhayət ki, evlənməyə
razılıq verir və 1953-cü ilin avqustunda bibisi Səyyarənin
kiçik qızı, ilk okul öyrətməni olan Əzizə
xanım Əbdülxaliqi ilə nikah bağlayır.
Lətafətli
ruh və incə cismə malik Əzizə xanımla evlənən
Şəhriyar Tehranda sakin olan qohumlarından və çox
sevdiyi dostlarından, o cümlədən Mirzə
Bağırxan Təliə, Lütfüllah xan Zahidi,
Əbülhəsən xan Səba, Seyid Məhəmmədəli
Camalzadə, ustad Avesta, Əbdüllah xan Qəvami, ustad
Hörmüzi, Yəhya Ariyanpur, Əli Zəhri, Firidun
Moşiri, Huşəng İbtehac Sayə, Bijən Tərəqqi,
dr. Qulamhüseyn Beqdeli, dr. Cavad Heyət, Bulud Qaraçurlu Səhənd,
dr. Səlamullah Caviddən və b. ayrılıb Təbrizə
gəlir.
Əzizə
xanım şairi həm bir sənətkar, həm bir qohum, ən
əsası - bir ömür-gün yoldaşı kimi çox
sevir, onun bütün qayğı yükünü məmnuniyyətlə
zərif çiyinlərinə götürür… Şairin qəm-kədər naxışlı
ömür sarayı yavaş-yavaş aydınlanmağa
başlayır. İlk övladı Şəhrzadın
dünyaya gəlişi isə artıq ömrünün
kamillik çağını yaşamaqda olan ustad şairə
böyük sevinc hissi yaşadır, körpə səsi,
körpə gülüşü həyatına yeni ovqat, fərəh
gətirir, qəmli çöhrəsinə təbəssüm
qondurur. Daha sonra yaşamına Məryəm və Hadi
adlı iki naxış vurulur uca Yaradanın iznilə...
Şəhriyar övladlarını çox sevir, onlarla
məşğul olmaqdan, yaşlarına uyğun söhbətlər
etməkdən sonsuz zövq alır, ailəsinin içində
huzur-rahatlıq tapır. Lakin əlahəzrət qədər
öz acı sürprizləri ilə yenə də şairin
qapısını döyür və bu
rahatlığının da ömrünü qısaldır.
Belə ki, 1976-cı ildə Doktor Cavad Heyətin
təkidi və yardımı ilə Tehranda bir evdə yerləşir.
Əzizə xanım bu
çağırışa əvvəlcə qəti etiraz etsə
də, həssas şair qəlbini incidə biləcəyini
düşünərək sonradan razılıq verir. Sədd heyiflər ki, bu gediş şairə uğur
gətirmir. Dalbadal
ağrılı-acılı hadisələrlə ona qəfil
sürprizlər edən Tehran bu dəfə ən qiymətli
varlığını - Əzizə xanımı əlindən
alır. Ürək infarktından 40
yaşına çatmamış dünyasını dəyişən
Əzizə xanım Tehranın "Behişti-Zəhra" qəbiristanlığında
dəfn edilir. Bu ağır itki şairin
belini bükür, yasa batırır, ürəyi yenidən qəm
yuvasına çevrilir. Yaşadığı
üzücü kədərin diktəsi ilə
ömür-gün yoldaşı Əzizə xanımın
vaxtsız ölümünə fars və
Azərbaycan dillərində "Hər iki vətənin qəribi"
adlı şeir həsr edir:
Sevdiyim
gül və baxışları
Mənim
qaranlıq ürəyimə günəş kimi işıq
salan yoldaşım
Bir an içində xəzan oldu və məndən
keçib söndü.
Kədərli ürək, yandırıcı göz
yaşları ilə məzarını öpürəm.
Ey mənim
əziz Əzizəm, İnanmıram ki, dağlar ceyranı
kimi
Məhəbbət meşəsindən qaçıbsan.
Yuxarıda
vurğuladığımız kimi, "Yar qasidi",
"Əzizə can", "Bir gəlin", "Mənim xəzanım",
"Yoldaşımın yası", "Gözü
yolda", "Yoldaşımın xatirəsi ilə"
şeirlərini də Şəhriyar həyat
arkadaşına, Əzizə xanıma yazaraq göz
yaşlarını, ələm və iztirabını,
analarının ölümündən sonra körpə quzu tək
mələr qalmış üç balasının "Ana
vay!" çığlıqlarını ifadə edir.
"Yar
qasidi" şeirini Əzizə xanımın unudulmaz xatirəsinə
həsr etsə də, bu şeirdə durum fərqlidir.
Şeirin ilk "Sən yarımın qasidisən"
misrasından aydın olur ki, şairin qonağı
dünyanı cavan ikən, 40 yaşını bitirmədən
tərk etmiş mərhum ömür-gün
yoldaşının ruhu, xəyalıdır. Və əsərdə
xəyalla dialoq qurmaq cəhdi uğurlu alınıb Şəhriyarın...
Eyni zamanda doğanın amansız qanunu-ölümün
qarşısında aciz qalmış, sevimli
qadınını itirmiş çarəsiz bir kişinin
Tanrıya üz tutması da oxucu nəzərindən
qaçmır. Yalvarışları, ah-vayları, selə dönən
göz yaşları nəticə verib, sanki... Dövrünün
qüdrətli şairi olan bu çarəsiz kişinin təsəlli
bulması üçün Tanrı sevgili qadınının
xəyalını ona göndərib. Və bu çarəsiz
kişi-qüdrətli şair dərdini,
yaşantılarını anladır xanımının qutsal
xəyalına... "Səndən sonra həyatə
mən, şirindisə, zay demişəm. Ətək
dolu dərya kimi göz yaşıma çay demişəm.
Ömrə sürən mən qara gün, Ax demişəm,
vay demişəm...".
Gecələr yatmayan, yuxusu gözlərindən
qaçaq düşən insan göylərə
üzünü tutub ulduzları sayar. Tanış səhnədir bu
halı yaşayanlar üçün... Amma
Şəhriyar hər gecə ulduzları saya-saya əbədi
yuxuya getmiş xanımına layla çalır. Burada bir məqam da xatırlanır. Mifologiyadan məlumdur ki, hər kəsin göy
qübbəsinin sonsuzluğunda bir ulduzu parlayır və
tanıyanlar Əzizəni göydə bir ulduz sansalar da, Şəhriyar
onu Ay sanır. Xəyalın qanadlarında
yaxın keçmişə qayıdır, toyunu yadına
salır, dəlilər kimi öz-özünə nay-nay
çalır. Lakin xəyaldan
ayrılıb gerçəkliyə döndüyündə
yenidən yasa batır, əllərini yelləyib "Hay-hay, nərdə
o günlər, o çağlar? - deyir.
Xanımı onun gözlərində bütün gözəllərdən
gözəl imiş, sən demə, çünki onların hərəsindən
bir gül pay alaraq bir naxış vurubmuş çöhrəsinə...
Ölümünü günün batması ilə
qiyaslayır, lakin günün batması deyil, Ayın
batması ilə eyniləşdirir Əzizənin yaşam
orbitindən qəfil gedişini... Axı gözəl
qadınları vəsf edərkən camalını Aya bənzədib
"Ay camallı" deyiblər söz ustadlarımız...
Bu
gediş dünyasını tərsinə çevirib, o dərəcədə
ki, bəxtəvər günlərində
şaxtalı-sazaqlı qışı günəşli,
qızmar yay kimi yaşayan Şəhriyarın indi yayı
qışa dönüb, canını üşütmə
alıb, soyuq bədənini qurudub...
Şeirin sənətkarlıq məziyyətlərinə
qısaca ekskurs etməyi də məqsədəuyğun
saydıq. Belə ki, bədii ədəbiyyatda sözün məcazi
mənada işlədilməsi mühüm əhəmiyyət
daşıyır və əsərə emosionallıq,
obrazlılıq gətirir, hadisəni, əhvalatı,
danışığı şirinləşdirir, onun bədii
təsir gücünü artırır. Şəhriyarın
yaradıcılığında, eləcə də "Yar
qasidi"ndə sözün həqiqi və məcazi mənaları
xüsusi anlamda öz spesifikliyini qoruyub saxlayır. Şair məcazların dili ilə əsərdə
canlı həyat lövhələri yaradıb. "Yar
qasidi"ndə mübahisəli məcaz özünü
aydın göstərir:
Ətək
dolu dərya kimi,
Göz yaşıma çay demişəm.
Ömrə
sürən mən qarə gün
Ax
demişəm, vay demişəm.
Bu
parçada sırf məcazın olduğunu göstərənlər
az olmayıb. Amma diqqətlə
nəzər yetirdikdə görürük ki, "Qarə
gün" fikri heç də ayın günlərindən
birinin qara olması fikrinə dəlalət etmir, şair burada
özünü "Qaragün" adlandırır - (əslində,
Qaragün xüsusi isimdir, ləqəb kimi işlənir, nəticə
etibarilə mübtədadır, yəni epitet yarada bilmir -
E.Ş.). Söz yox, "gün" say etibarilə
ayı (30-31 günü) tamamlayan göstəricidir. Qara sözü isə rəngdir. Bu səbəbdən, "Gün qaradır" fikri
sözün məcazi mənasıdır. Amma
Şəhriyar özünə Qaragün deməklə məcazdan
çox, bu parçada təşbeh yaradıb. Tədqiqatçıları çaşdıran isə
bəlkə də "qara gün" sözünün
ayrı yazılmasıdır. Birinci beytdə isə güclü bənzətmə
- mübaliğə yaradaraq göz yaşlarını axan
çaya və bu çayın tədricən
yaratdığı dəryaya bənzədir...
"Özüm
kimi bir bədbəxt nə görmüşəm, nə
eşitmişəm, Xudaya, qara baxtımdan nələr
görmüş, nələr çəkmişəm", -
etirafını farsca yazdığı bir qəzəldə
etiraf edən nisgilli şairin fiziki və mənəvi
ağrılar içində keçən yaşamı
şeirlərində yansıyır. "Nəbaşəm"
rədifli qəzəlində dediyi kimi, ana və
atasının eşqinin nişanəsi olaraq Məhəmmədhüseyn
kimi doğulan şair Tanrı eşqi ilə bir arif, salik,
dünyanın ən ünlü şairlərindən biri -
Şəhriyar kimi fani dünyanı tərk edir, ruhu bədəninin
zindanından və əzablardan qurtulur:
Ba
eşğ zadəm, ey del, ba eşğ mirəm,
ey can,
Mən biş əz in əsir-e zendan-e tən nəbaşəm.
(Eşqlə
doğuldum, ey könül, eşq ilə ölləm, ey can,
Mən daha bədən zindanının əsiri olmaram).
Sayın
Firudin Moşirinin şairə ithafən yazdığı
şeirdə onu "dövranın gözündə
yuvarlanmış yaş" kimi son dərəcə orijinal
metaforik ifadə ilə səciyyələndirərək ustad
şairin ağrı-acılı taleyinə,
yaşadıqlarına işarə edir... Şairin bədii
irsini oluşduran əsərlərində deyil, təkcə
Əzizə xanımın ölümündən sonra ona
yazdığı ağı-şeirlər bu metaforanın nə
qədər yerində işlədildiyini yansıdır...
Sən
yarımın qasidisən
Əyləş sənə
çay demişəm,
Xəyalini
göndəribdir
Bəs
ki mən ax-vay demişəm.
Ax gecələr
yatmamışam
Mən
sənə lay-lay demişəm.
Sən
yatalı mən gözumə
Ulduzları say
demişəm
Hər kəs
sənə ulduz deyə
Özüm sənə
Ay demişəm
Səndən
sonra həyatə mən
Şirindisə zay
demişəm
Hər
gözəldən bir gül alıb
Sən gözələ
pay demişəm
Sənin
güntək batmağıvı
Ay batana tay demişəm
İndi
yaya qış deyirəm
Sabiq qışa
yay demişəm
Gah toyunu
yadə salıb
Mən dəli
nay-nay demişəm
Sonra yenə
yasə batıb
Ağları
hay-hay demişəm
Ətək
dolu dərya kimi
Göz
yaşıma çay demişəm
Ömrə sürən mən qara gün
Ax demişəm,
vay demişəm.
Esmira FUAD
Ədəbiyyat qəzeti.- 2020.- 7 mart.- S.3.