Afaq BƏŞİRQIZI: “Sevgi yoxsa, sənətdə qalmaq mənasızdır”

 

 

"Varislər"in bugünkü qonağı ölümündən 50 ildən artıq vaxt ötsə də, yaddaşlarda məhəbbətlə yaşayan unudulmaz Bəşir Səfəroğlunun varisi, Xalq artisti Afaq Bəşirqızıdır.

 

 

Bakıda, kasıb bir ailədə gəlmişdi dünyaya. Ailə vəziyyətinə görə təhsilini yeddinci sinifdən yarıda saxlamaq məcburiyyətində qalır. Ailəyə kömək etmək üçün gündüzlər işləyir, axşamlar vaxt tapan kimi "Şoferlər klubu"nun dram dərnəyində məşqlərə qatılır, müxtəlif ədəbi-bədii proqramlarda çıxış edir, tamaşalarda epizodik rollar oynayırdı. O dövrdə heç kəs bir gün bu arıq, özünə qapanmış oğlanın Azərbaycan teatrının ən məşhur komediya ustalarından biri olacağını ağlına gətirə bilməzdi.

 

O, Böyük Vətən müharibəsində də iştirak etdi, sonradan təsadüfi bir dəvət onun aktyorluq karyerasına yol açdı. Ötən əsrin 50-60-cı illərində Bəşir Səfəroğlu tamaşaçıların sevimlisinə çevrildi. Qısa həyatı boyu səhnədə və kinoda yaratdığı rollarla yaşadı, sevildi, adı çəkilərkən hər zaman insanların simasında təbəssüm yaratdı.

 

Onun varisi, Azərbaycanın Xalq artisti, professor, sevilən aktrisamız Afaq Bəşirqızı ilə bir vaxtlar atasının işlədiyi, artıq uzun illərdən bəri özünün fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, iş otağında görüşdük...

 

Onun qulaqları və nitqi tutulmuşdu

 

- Afaq xanım, atanız Bəşir Səfəroğlu çox qısa bir ömür yaşadı. Hansı məqamda onun ömrü sizin üçün nöqtələndi? Bu itki sizi həyatınızın harasında qarşıladı?

 

- Bütün övladlar valideyn itkisini necə qarşılayırsa, mən də elə qarşıladım. Çox sarsılmışdım, inana bilmirdim bir də onu görə bilməyəcəyimə. Onsuz da ömrü çox da hamar keçməmişdi. Atam 1941-ci ildə Böyük Vətən müharibəsinə getmişdi, döyüşlərin birində ağır kontuziya aldıqdan sonra ordudan tərxis olunmuşdu. Bu kontuziya bütünlüklə onun əsəblərinə mənfi təsir etmişdi, səhhətində problemlər, nitqində qüsur yaranmışdı. Qulaqları ağır eşitməyə başlamışdı. Bütün bunlara baxmayaraq, ailəni dolandırmaq üçün bir müddət fəhləlik də eləmişdi, sonra yük maşınında sürücü işləmişdi. Amma uşaqlıqdan teatra, ədəbiyyata həvəsi olduğundan imkan tapan kimi teatrlara gedir, tamaşalara baxırmış. İndi o barədə düşünəndə məni qəribə hiss bürüyür, elə bil dünyadan tez gedəcəyini bilirmiş. Sənət dostları deyirdi: "Bəşir öz aləmində harasa tələsirdi...".

 

O, həm də xorda oxumuşdu

 

- Eşitdiyimə görə, onun teatra dəvət olunmasının maraqlı tarixçəsi var. Buna maraqlı təsadüf də demək olar.

 

- Hə, o vaxtlar Musiqili Komediya Teatrında rejissor işləyən Niyaz Şərifovla tanış imiş. Niyaz Şərifov atamın teatra olan marağını görür və ona məsləhət bilir ki, teatrın məşqlərində iştirak eləsin, tamaşalara baxsın. O da bu məsləhətə qulaq asaraq, tamaşalara baxır, məşqlərdə iştirak edir. Bir müddət sonra onu Musiqili Komediya Teatrının xoruna solist kimi qəbul edirlər. Ümumiyyətlə, Musiqili Komediya Teatrının qəribə ənənəsi var, elə o vaxt da, indinin özündə də gənc aktyorları əvvəlcə xora qəbul edirlər, aktyor burada bir qədər püxtələşir, öyrənir sonra aktyor truppasına keçir.

 

- Uzun illərdir siz də Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərirsiz, belə çıxır ki,  sizin də yolunuz xordan keçib?

 

- Yox, mən xordan keçməmişəm, amma aktyorların əksəriyyəti üçün böyük səhnəyə gedən yol məhz xordan başlayıb. Burada qeyri-adi heç nə yoxdur. Musiqili Komediya Teatrının öz profili, öz ənənəsi, öz tələbləri var. Burada səhnə sənətinin müxtəlif janrları birləşir. Yəni bir aktyorun həm də xorda oxumaq istedadı varsa, bunu sadəcə alqışlamaq lazımdır.

 

- O zaman belə demək olarsa, Bəşir Səfəroğlu birbaşa rejissor Niyaz Şərifovun kəşfidir?

 

- Hə, elə də demək olar, çünki atamın teatra qəbul olunmasında Niyaz Şərifovun böyük əməyi keçib. İlk vaxtlar müharibədə aldğı kontuziya səbəbindən ona böyük rollar verilməyib, tamaşalarda, operettalarda kiçik, epizodik rollarda səhnəyə çıxıb. Bunların əksəriyyəti, hətta sözsüz rollar olub. Onun yerinə başqası olsaydı bəlkə də bezər, yorular, həvəsdən düşərdi, amma atam bütün bunlara baxmayaraq həvəsdən düşməyib, onun teatra, səhnəyə olan həvəsi ölməyib, əksinə, daha da dərinləşib. O, öz ürəyindəki, ruhundakı məqsədə çatmaq üçün addım-addım gedib.

 

 

 

Sarsıntıdan nitqi düzəlib

 

- Bəzi mənbələrdə yazılıb ki, Bəşir Səfəroğlu yuxuda sarsılıb, həyəcan keçirib və bundan sonra nitqi düzəlib.

 

- (Gülür). Yox, elə şey olmayıb. Bu fikir heç bir reallığa əsaslanmır. Doğrudur, onun nitqinin düzəlməsinə həyəcanlanması səbəb olub, amma bunun yuxu ilə qəti əlaqəsi yoxdur. Bir dəfə işdən qayıdanda fikirli-fikirli yolu keçirmiş, bir də ayılıb ki, tramvayın altına düşüb, qorxub, möhkəm sarsıntı keçirib və bu sarsıntıdan sonra özü də fərqinə varmadan nitqi düzəlib, yəni bunu özü hiss etməyib. Həmin hadisədən sonra Niyaz Şərifovla söhbət edəndə birdən Niyaz müəllim ona deyib ki, Bəşir, xəbərin var, daha danışanda dilin dolaşmır... Yəni hər şey belə olub.

 

- Afaq xanım, o dövrdə möhtəşəm aktyorlar vardı... Musiqili Teatrda unudulmaz trio vardı: Azərbaycan komediya teatrı məktəbinin ölməz mogikanları: Nəsibə xanım Zeynalova, Lütfəli Abdullayev və Bəşir Səfəroğlu. Amma onlardan sonra itkilərimizin yerini doldurmağa çətinlik çəkdik. Bunun səbəbi nə idi? Hətta sizin sənətə gəlişinizlə müəyyən mənada Nəsibə xanımın yeri dolacaq fikirləri dolaşırdı...

 

- Sualın sonundan başlayaq: qətiyyən mən Nəsibə xanımın yerini doldura bilmərəm. Bu sənətdə hər kəsin öz yeri var, amma Nəsibə xanımın yeri başqadır. Əlbəttə, mənim də öz yerim var. O ki qaldı sualın əvvəlinə, bəli, dediyiniz kimi, o nəhəng aktyorların, rejissorların, ümumiyyətlə sənət adamlarının yerini doldurmaq çətin oldu. Çünki zaman keçdikcə dəyərlər dəyişdi, müəyyən dəyərlər isə ümumiyyətlə it-bat oldu. Nədənsə, sənət ikinci plana keçdi və maddiyyat hər şeyi üstələdi. Məncə, əsas səbəblərdən biri dəyərlərin maddiləşməsidir. Texnika inkişaf edir, teatrların formatı dəyişir, amma tamaşaçı ilə aktyorun canlı ünsiyyəti arasına qəribə, gözəgörünməz pərdə çəkilir elə bil. Aktyor səhnədə yetişir, kino, serial, digər məsələlər köməkçi vasitələrdir. Aktyor tamaşaçı ilə canlı ünsiyyəti hiss etməsə yetişə bilməz və yetişmir də. Teatr tariximizdə elə hal oldu ki, kinoda çox böyük şöhrət qazanmış aktyorlarımız teatrda işləyə bilmədilər, çünki teatrda hər şey canlıdır. O ki qaldı dediyiniz o trioya, bəli, Nəsibə xanım da, Lütfəli əmi də, atam da teatra can qoyurdu, ona görə o qədər sevilirdilər.

 

- Böyüklərimiz danışırdı ki, 1968-ci ildə Sumqayıt stadionunda həmin üçlüyün ifasında möhtəşəm proqram olub. Bilet tapmaq olmurmuş. Hətta həmin kadrlardan rejissor Rauf Kazımovskinin "Bəşir Səfəroğlu" filmində də istifadə edilib. Stadionda 15 minə qədər tamaşaçı varmış. Adamlar ayaq üstə sevdikləri aktyorları izləyirmişlər. İndi isə teatrlara bilet almırlar.

 

- Bayaq dedim də, dəyərlər dəyişdi. Müəlliflər şıltaqlıq etməyə başladılar. Afişada bəstəkarın adı dramaturqun adından əvvəl yazılır bəhanəsimi deyim, qısqanclığımı deyim, başladı. Uzun müddət yeni operettalar, musiqli komediyalar yazılmadı. Hamı yüksək qonorar tələb edirdi, əslində, buna haqları da çatırdı, amma, məncə, elə şeylər var ki, orada müəyyən güzəştlər etmək vacibdir. İyirmi, otuz il əvvəl yazılan əsərlər isə dövrlə, cəmiyyətin tələbləri, tamaşaçıların zövqü ilə uyğun gəlmirdi və beləcə tamaşaçı tədricən teatrdan uzaq düşdü.

 

Atamla bağlı ciddi xatirələrim yoxdur

 

- Afaq xanım, Bəşir Səfəroğlu dünyasını dəyişəndə 15 yaşınız yox idi. Bir qız uşağı üçün bu yaşda valideyn itkisi ağırdır. Ümumiyyətlə, itki ağır məsələdir və üstəlik, doğmalarından kimisə itirirsənsə bu, dəfələrlə ağır olur...

 

- Çox təəssüf ki, atamla bağlı elə də ciddi xatirələrim yoxdur. Çünki mən lap erkən yaşlarımdan ana nənəmin himayəsində böyümüşəm. O, dünyasını dəyişəndə 14 yaşım vardı, sadəcə, bir şeyi xatırlayıram, qulaqlarım cingildəyirdi, içimdən qopan bir haray mənə deyirdi ki, daha o yoxdur. O vaxt belə informasiya bolluğunda yaşamırdıq, amma qəzetlər, radio onun dünyadan getməsi barədə xəbər verirdi və bu xəbərlər hər dəfə təkrarlandıqca mən atamın yoxluğunu yenidən yaşayırdım.

 

Onun dostu çox az idi

 

- Sizin Zümrüd adında bir bacınız da olub, səhv etmirəmsə...

 

- Bəli, olub, amma təəssüf ki, artıq o da dünyasını dəyişib. Biz ayrılıqda böyümüşük, o barədə xatirələrim çox məhduddur.  

 

- Afaq xanım, Bəşir Səfəroğlu kimlərlə dostluq edirdi? Atanızdan sonra həmin dostlardan kiminsə sizin sənətə gəlməyinizə köməyi dəydimi?

 

- Sizə deyim ki, atamın çox geniş çərçivədə dostları yox idi. "Gəlməli, görməli, gülməli" miniatür teatrı yaratmışdılar, daha çox həmin teatrın yaradıcı heyəti ilə dostluq edirdi. Əlağa Ağayev, Müxlis Cənizadə, daha çox Lütfəli Abdullayevlə yaxın idi.

 

- Dostlarının  belə az olmasına səbəb nə idi? Səhnədə hər kəsə gülüş bəxş edən Bəşir Səfəroğlu həyatda özünə qapılan adam olub?

 

- Cavab verməyə çətinlik çəkirəm, dediyim kimi, tale elə gətirib ki, uzun müddət atamdan ayrı qalmışam. Ailə məsələsi, məişət qayğıları həmişə atamı izləyib. Yəqin, əsas səbəb budur.

 

- Sizin sənətə gəlməyinizdə o dostlardan kiminsə köməyi oldumu?

 

- Açığını deyim ki, gözlədiyim kimi olmadı heç nə. Atamın vəfatından bir neçə il sonra orta məktəbi bitirib sənədlərimi Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verdim, amma konkursa düşdüm. O vaxt ağlıma da gəlməzdi ki, bir gün atamın yolunu davam etdirəcəyəm. Konkursa düşəndən sonra başımı qatmaq üçün dram dərnəyinə getməyə başladım, həm də işləməliydim. Atamın dostu vardı, Ələmdar əmi (soyadını unutmuşam) məni Lənkəran Teatrına işə düzəltdi, başladım orada aktrisa kimi fəaliyyət göstərməyə. Yəni peşəkar teatrda ilk işim Lənkəran Teatrı ilə başladı. Bir il sonra - 1974-cü ildə İncəsənət İnstitutuna daxil oldum və artıq 1975-ci ildə Sumqayıt Teatrına keçdim və qarşıma məqsəd qoydum ki, atamın adını yaşadacağam. Qalanı isə göz qabağındadır.

 

Pedaqoqluq xüsusi istedad tələb edir  

 

- Təhsillə bağlı nə deyə bilərsiz? Bir vaxtlar İncəsənət Universitetində çox məşhur pedaqoqlar işləyirdi və ən sonuncuları elə mən də görmüşdüm: Mehdi Məmmədov, Əşrəf Quliyev, Şəfiqə Məmmədova, Məlik Dadaşov, Fuad Poladov, Nəsir Sadıqzadə, Fikrət Sultanov və başqaları. Amma indi bəzən sənətdə heç bir uğur qazanmayan insanlar pedaqoji fəaliyyətlə məşğul olurlar. Siz də bir müddət universitetdə aktyor sənətindən dərs demisiz, sonra niyə uzaqlaşdız? Və tələbələriniz arasında ümid verən kimlər vardı?

 

- Hələ onlardan da qabaq Rza Təhmasib, Ədil İsgəndərov olub. Bilirsiz, pedaqoji fəaliyyət və aktyorluq başqa-başqa sahələrdir. Pedaqoqluq xüsusi istedad tələb edir. Yaxşı sənətkar, yaxşı aktyor olmaq hələ yaxşı pedaqoq olmaq demək deyil. Təhsilin tələbləri başqadır, teatrda təqdim edə bilmək bacarığı əsas götürülürsə, pedaqoji fəaliyyətdə öyrədə bilmək bacarığı əsasdır. Bunların ikisi bir yerdə oldusa, tələbə udur. 12 il Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs dedim və çox yükləndim. Tələbələr mənim kursuma can atırdı, bu, həm müəyyən narazılıqlara səbəb olurdu, həm də özüm fiziki cəhətdən çatdıra bilmirdim. Ona görə uzaqlaşdım. Dalbadal üç kurs aparırdım, çox çətin idi. O ki qaldı ümid verən tələbələrə, deyim ki, tam ürəyimcə olanlar vardı, düz olmaz, amma tək-tük müəyyən qədər istedadlı uşaqlar  var idi. Məsələn, onlardan mənim üçün ən ümidverəni Ülviyyə Əliyevadır. Var, azdır, amma ümid verən gənclər var.

 

Çəkiliş zamanı itlərdən qorxmuşdu...

 

- Afaq xanım, Bəşir Səfəroğlunun ölümünə səbəb kimi, onun itlərlə olan epizodunu əsas götürənlər də var. Deyirlər, guya aktyor çəkiliş prosesində itlərdən qorxub, xəstələnib. Mən çəkiliş sirlərinə kifayət qədər bələdəm, bəs siz oxucularımıza bu barədə nə deyə bilərsiz?

 

- Əlbəttə, bu, boş söhbətdir. Heç bir filmdə aktyora zərər verəcək bir addımı atmazlar. Kadrlardan da görünür ki, itlər atama zərər vermir. Ümumiyyətlə, kino sənətinin bir möcüzəsi də montajdır. Montajdan sonra adam bəzən gördüklərinə heyrət edir. Atamın xəstələnməyinin həmin o itlərlə olan kadrlara qətiyyən dəxli yoxdur.

 

- Bəşir Səfəroğlu Musiqili Komediya Teatrının səhnəsində irili-xırdalı onlarca obraz oynamışdı, kinoda isə böyük rolu çox azdır. "Ulduz"da Gülümsərov və bir də "Tacikfilm"in istehsal etdiyi "Nəsrəddin Xocanın 12 məzarı" filmindəki Nəsrəddin Xoca. Qalan rolları epizoddur, amma o, epizodları ilə də yadda qalır. Bunun sirri nədədir?

 

- Sevgi. Mən sizə deyim ki, atamın kinoda o qədər çox rolu olmayıb, amma hər şeydən əvvəl aktyor tamaşaçı sevgisi qazanmalıdır. Bu sevgi olmadısa, sənətdə qalmağın mənası yoxdur. Bax, bir qədər əvvəl adlarını çəkdiyiniz aktyorlar tamaşaçı sevgisini öz sənətləri ilə qazanmışdılar. Onlar sənətə can qoyurdular və onlar üçün ən böyük mükafat tamaşaçı alqışı idi. Ona görə bilet tapılmırdı, anşlaq olurdu.

 

O, dramatik rolları da uğurla yaradırdı

 

- Mən də yaxşı xatırlayıram, sizin də tamaşalarınıza bilet tapılmırdı. Sumqayıt teatrının səhnəsində "Bəxt üzüyü" tamaşası gedəndə bilet üçün uzun növbələr olurdu və bəzən adamlar bilet ala bilməyib məyusluqla geri qayıdırdılar. Amma bu, sizin komediya ustası kimi rolunuz idi. Mən səhnədə sizin Nayman ananınızı (Ç.Aytmatov, "Əsrə bərabər gün") və Tovuz qarı (Ə.Əylisli, "Bir cüt bədmüşk ağacı") kimi dramatik rollarınızı da görmüşəm. Sonradan sənətinizi niyə yalnız bir amplua üzrə davam etdirdiniz?

 

- Nayman anadan və Tovuz qarıdan başqa da dramatik rollarım olub. "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev) pyesində Fəxrəndə, "Bayramın birinci günü"ndə (N.Hikmət) Pakizə, "Komsomol poeması"nda (S.Vurğun, İ.Coşqun) Humayı oynamışam. Amma Musiqili Komediya Teatrına gələndən sonra çox maraqlı tərəf-müqabilim oldu - Xalq artisti Hacıbaba Bağırov. Bax, yuxarıda dediyiniz o trio ki vardı, müəyyən formada duet kimi bizdə də yaranmışdı. Hacıbaba Bağırov və mən. Hacıbaba Bağırovdan sonra mənim üçün də bir boşluq yarandı. Yəqin, ürəyim istəyən tərəf-müqabilim olmadığından və işlədiyim teatrın profilinə uyğun olaraq daha çox komediyalara üstünlük verməli oldum.

 

- Hər bir aktyorun, aktrisanın yaratmaq istədiyi, oynamaq istədiyi rollar olur.

 

- Sözün düzü, artıq unutmuşam elə şeyləri. Amma, deyəsən, nə vaxtsa "Fərhad və Şirin"də (S.Vurğun) Şirini oynamaq istəmişəm.

 

Gənclər öz dəyərlərinə sahib çıxmalıdırlar

 

- Afaq xanım, peşəkar aktrisa kimi, səhnə ustası kimi gənclərə tövsiyəniz nədir? Ümumiyyətlə, bu gün teatrlarımızın vəziyyəti necədir?

 

- Hər şeydən əvvəl gənclərə onu demək istəyirəm ki, öz dəyərlərinə sahib çıxsınlar. Öz ədəbiyyatlarına, öz musiqilərinə, öz sənətkarlarına, öz mədəniyyətlərinə sahib çıxsınlar. Onun-bunun artığında gözləri qalmasın, çünki onların öz sahibləri var və əgər kimsə uğur qazanmaq istəyirsə, yalnız özünə aid olanla inkişaf edə, uğur qazana bilər. Bir də ucuz reklam ardınca çox qaçmasınlar, elədə ciddi sənətdən uzaqlaşır, zamanla dəbdə olan bir şeylə məşğul olurlar, bu da uzun sürə bilməz. Sonra hər şey bitir və o gözqamaşdıran şeylər də unudulub gedir.

 

- Afaq xanım, məncə, gəncləri də qınamaq olmaz. Aktyor, sənətçi nümunədir, hər zaman diqqətdədir, ona görə yaxşı geyinməli, dəblə ayaqlaşmalı, cəmiyyət içində hər zaman yaxşı görünməlidir. Bəlkə buna görə gənclər daha çox qazanmağa meyil edirlər?

 

- Kim deyir ki, qazanmasınlar?! Əlbəttə, qazansınlar. Sənətdən qazanmaq onların haqqıdır, sənət onların qazanc yeridir, amma özlərini bütünlüklə maddiyyata qurban verməsinlər, özlərini təkcə qazanmağa sərf etməsinlər, sənətlə də - özü də ciddi sənətlə - məşğul olsunlar.

 

- Afaq xanım, çox böyük insanlarımız, sənət, elm adamlarımız haqq dünasındadırlar. Belə bir sual vermək istəyirəm sizə: o dünyaya inanırsız? Bir də, sizcə, əgər o dünya varsa, orada sənət aləmində vəziyyət necədir?  

 

- Maraqlı sual oldu. Əlbəttə, o dünyaya inanıram. (Fikrə gedir). Fikirləşəndə doğrudan da, görürük ki, çox əvəzolunmaz, böyük sənətkarlarımız haqq dünyasındadır və maraqlı orasıdır ki, onları sevən insanlar, tutaq ki, tamaşaçıların da çoxu elə onların yanındadır. Əgər orada teatr varsa, yəqin, bütün tamaşalar anşlaqla keçir.

 

- Afaq xanım, söhbətdən bir qədər uzaqlaşdıq, amma dəyərli məsləhətləriniz üçün sizə təşəkkür edirəm. Bəşir Səfəroğlu çox erkən getdi dünyadan - 44 yaşında. Nə idi xəstəliyi? O, dünyasını dəyişəndə son sözü nə olmuşdu? Kimlər vardı yanında?

 

- Çox ağır və sağalmaz bir xəstəliyə tutulmuşdu: mədəaltı vəz xərçəngi. Dözülməz ağrıları olurmuş. Bibim olub yanında. Ondan soğan bozbaşı istəyib, bu yemək dağlı süfrəsində çox sevilir. Bir də Lütfəli əmidən (L.Abdullayev) xaş istəyib. Hər ikisi yeməyi hazırlayıb, amma atam heç birinin dadına baxa bilməyib, qazanlar əldə qalıb.

 

- Ailədə sizdən başqa Bəşir Səfəroğlunun yolunu davam etdirən varmı? Bildiyim qədərilə oğlunuz Semral tamamilə başqa sahənin adamıdır.

 

- Bəli, oğlum başqa sahədədir. Əslinə qalsa, heç istəməzdim ki, ailədən kimsə bu sənətdə olsun. Çünki sənətin nə qədər ağır, nə qədər məsuliyyətli olduğunu mən çox yaxşı bilirəm, amma, deyəsən, Bəşirə (nəvəsi) mane ola bilməyəcəyik...

 

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2020.- 7 mart.- S.4-5.