"Düşüncə zamanı"nda
zamana səyahət
"...Hər
halda insanın əsas yeməyi olan, bizi heç vaxt zara gətirməyən
çörəyə müraciət etdiyimiz kimi, ədəbiyyatda
da adi, anlaşılan əsərlərə müraciət etməli
oluruq. Elə
gözəllik də, sağlamlıq da, sadəlik də
hamının sevdiyi şəffaflıqdadır. Yəqin, bizim sevə-sevə oxuduğumuz əsərləri
yazarkən Mopassan çox əmək sərf edib, yorulub.
Əgər bu yorğunluq oxuda duyulmursa, əsərdən
qəlbimizə gözəllik axırsa, ondan qüvvə
alırıqsa, deməli, sərf edən əmək
özünü doğruldub. Mopassanın əsərini
oxuyub başa vuranda adam təmiz havada gəzintidən
qayıdıbmış kimi, özünü şən və
gümrah hiss edir".
Bu sözlər Emil Zolyanın Mopassan haqqında dedikləridir. Mopassan ən
sevdiyim yazıçıdır. Bəlkə də bir
yaxınlıq duymağımdandır, ya da hekayələrdəki
doğmalıq, bəlkə də hekayələrdəki obraz
uyğunluğu, özünün dili və s. də səbəb
ola bilər bu sevgiyə.
Eynilə onun ədəbiyyat haqqında
yazılarını oxuyarkən, tənqidi məqalələrinə
göz atarkən təmiz havada gəzintidən
qayıdıbmış kimi hiss edirəm özümü. İksinə qarşı da
eyni hissi duymaq, oxşar düşüncələrə
qapılmaq... Səbəb nədir ruhumda
dolaşan enerjiyə?
Bəlkə də, ona olan düşüncələrimi
Mopassan adıyla sığortalıyıram?! Bəli, mən onu sevirəm!
Mütləq ki, səbəb budur. Şeirlərdə müəllifin belə
düşünmədiyi yeni poetik çalarlar
tapmasını, oxucuya istənilən şairi sevdirə bilməsi,
bəyənmədiyin müəllifi sənə poetik
axtarışlarıyla qəbul etdirə bilmək
bacarığını, müasir millilik yanaşmasını
sevirəm.
Ədəbi tənqid? Ədəbi tənqid
öldü, onu tənqidçilər öldürdü.
Ya ciblərindən siçanı qovmaq eşqinə
görə, ya aşırı tərifə, ya kasıb
istedadlını insafsızca vurub ondan istedadsız "bəyzadə"lərini
tərifləməklərinə görə. Yox, yenə yanlış etdim, ədəbi tənqid
var. Çağdaş şairlərin yeni, poetik
axtarışlarla dolu şeirləri üstündədir.
Barmaqla sayılacaq tənqidçilər
arasındandır. Azərbaycan ədəbiyyatının
yükünü gələcəkdə onun çiyinlərinə
yükləmək olar. Xanım olsa da.
Eybi yox, bu kərə centlmenliyi o etsin - bir
xanım. Ədəbiyyatın centlmenliyini.
"Düşüncə zamanı - ədəbi tənqid
diskurs kimi" kitabını vərəqləyirəm.
Kitabda Şərq fəlsəfəsi, hissləriylə Qərb
düşüncəsi birləşdirilib. Deyəsən,
mənim haqqımda bu sözlərlə bəhs etmişdi.
Daha doğrusu, ikisini birində birləşdirən
müəlliflər yox kimidir və ya barmaqla sayılacaq qədərdi.
Amma kitabdakı bəhs edilən müəlliflərin
kimisi Şərq hisslərində, digəri isə Qərb
düşüncəsindədir. Bütünlükdə
onları birləşdirəndə kitab dediyimiz formata
uyğunlaşır.
Üzgörənlik feminizmi yoxdur. Xanım-kişi
və regionçuluq ayrıcalığı edilmədən
sırf mətn yönümündən yanaşılıb.
Bəzi müəlliflərə, ümumiyyətlə
yazı həsr etməmək olardı, deyərəm
özüm-özümə.
Aha, bu! Bu axı regionçudur, ancaq öz yerlilərini tərifləyib
dağ başına qoyur. Niyə ondan
yazıb?
Digərinə
rastlayıram, axı, bu yeni üslub və s. adıyla
özünü ədəbiyyata sırımağa
çalışan biridir. Nə bu, yenilikdir, nə
də ki, yazılanlar ciddi mətn. Ondan niyə?
Bəs, bu? - Bu isə plagiat şairdir. Başdan-ayağa.
Başqa şairdən danışmaq olardı
onun yerinə.
Sırf həmin müəlliflər haqqında
yazıları oxuduqdan sonra gülümsəyirəm. Tənqidçi
onlardan elə bəhs edərək, bəzi məsələlərdə
elə göndərmə edir ki, "gözü iti" oxucu
bunu dərhal tutar. Eyni zamanda tənqidçinin
onlar haqqında yazmasına haqq qazandırar, onlardan bəhs
etdiyi yazının qayəsinə də, göndərmələrə
də. Burada əhsən deyirsən. Tənqid etmədən tənqid edə bilmək
bacarığına. Məhz bu yazılarda
tənqid etmədən göndərmələrlə tənqid
etmək əsl ustalıqdır. Bir növ
şifrəli əlifbalar kimi. Sən
bildiyin əlifba ilə başqa mətni oxuyursan, peşəkarsa
əsl mətni.
Düşüncə zamanı - əslində, zamanı
sıfırlamaq da demək olar. Düşüncə
həmişə var. Tanrı kimi. Daha
doğrusu, enerji kimi. Bir qədər
yarımafioz, yarıideoloji əsaslarla çəkilmiş
kifayət qədər uğur qazanan "Lyusi" filmini
xatırlayıram. Kitabda zamana səyahət
var. Müxtəlif ədəbi, tənqidi kitablarda zaman səyahəti
mümkündür. Daha doğrusu,
gözünün önündə canlanması, sadəcə,
zamanı kitabda oxumaq, vəssalam. Amma
"düşüncə zamanı"nda düşüncə,
zaman sənin qarşına gəlmir, sən düşüncəyə,
həmin zamana gedə bilirsən. Fərq
buradadır. Elə Lyusi kimi...
Mətni
duya bilmək bacarığı, müəllif kimi mətnin
transına düşə bilmək manevri, onu duyub, müəllifin
bəzən öz əsərinə izah verməkdə çətinlik
çəkdiyi halda şirin dillə şərh verməsi...
O, uğurlu yazıçı ola bilərdi,
hətta çox uğurlu. Üzr istəyirəm, yanlışlığa yol
verdim. Tənqidin nəsr diliylə
yazılması çaşdırdı məni. O, şair olardı, hə, dəqiq!
Elə şair.
Müxtəlif cərəyanlar, o cərəyanlara məxsus
müəlliflər haqqında bəhs edilir. Yanaşma birtərəfli
deyil, heç bir cərəyana, müəllifə
bağlı olmayan düşüncə tərzində şərh
verilir. Bu, tənqidçi xanımın
obyektivlik manevrini daha da artırır.
İncə qatlarla olsa da, tənqidçinin öz nəfəsi,
daha doğrusu yanaşmasını duymaq olar. Yuxarıda bəhs
etdiyimiz kimi, modern millilik və Şərq-Qərb
düşüncələrinin balansı, heç birindən
imtina etmədən hər ikisini qəbul edərək yeni birləşdirici
model öz əksini tapır. Ola bilsin, bu,
müəllifdə Əli bəy Hüseynzadə, digər
cümhuriyyətçilərin
formalaşdırdığı düşüncə tərzindən
irəli gəlir. İstənilən halda
insan bir düşüncəyə gələrək
özündən öncəkilərin düşüncələrinə
uyğunluğunu görə bilər. Belə
olduqda şəxs öz düşüncəsindən, fikirlərində
daha əmin olur və daha qətiyyətli yazır. Mətn də öz qətiyyətini göstərərək,
nə nala vurur, nə mıxa. Özü
başlayır, özü də nöqtəsini qoyur. Eynilə kitabdakı mətnlər kimi. Bəli, məhz qeyd etdiyim kimi, düşüncə
arealının özündən öncəki ideyalarla təsdiqini
tapması, bunun ona verdiyi ədəbi əminlik tənqidçini
kitabdakı mətnlərində daha azad, daha sərbəst
manevrlər etmək şəraitini yaradıb.
Müəlliflərin Tanrı məsələlərinə
toxunulur. Desəm ki, tənqidçinin Tanrıya yanaşma
prizması, müəlliflərin tanrılaşma, Tanrıyla
söhbətlərinə bu aspektdən baxması ürəyimcədir.
Çünki bəndənizin də
Tanrısı müəyyən dərəcədə odur.
Müəlliflərin bu tip şeirlərində, hekayə və
romanlarında tənqidçi Tanrını daha çox enerji
kimi axtarır. Bəli,
o bunu özü deməyə, yazmaya bilər. Amma mənim izahlarda tapdığım budur. Daha çox sufiyanə Tanrı axtarışı
klassikada ilişib qalmır, hər zaman olduğu kimi müasir
sufiyanə ideallarına çevrilir. Bir
növ buna modern tanrı da deyə bilərik. Onun düşüncə zamanında tanrı daha
moderndi. Müasir və
çağdaşdır. Hətta
yaratdığı şairlərdən belə daha moderndir.
Bəzən Freydist qatlara tənqidçinin meyil etməsi,
daha doğrusu, bu enerjinin yaratdığı mətnlərə
diqqət çəkməsi gözümdən
yayınmadı. Daha çox nədən yazmaq deyil, necə
yazmaqdır - onun yanaşmalarından bunu hiss edirəm. Təbii ki, burda bir və ya iki istisnanı əlavə
etməklə. Məncə, daha doğrusu,
məncə də deyil, milli və dövlət məsələsindən
dairəni keçməyi qəbul etmir, hətta buna
qarşı mövqe sərgiləyəcək səviyyədədir.
Həmçinin estetik yanaşma, estetik gözəllik nə
deyil, necə kimi önəmlidir ona. O səbəbdən
erotizm çalarları onun qələmindən yan keçmir.
Bu barədə şairlərin poetik
axtarışlarını üzə çıxarır, fikir
oxşarlıqlarını, fərqliliklərini deyir və ya
yeni tapıntıya öz nidasını qoyur.
Hələ də ölülərdə ilişib
qalmışıq. Əllər yuxarıdadır. Ölü şairləri alqışlayıb, diri
şairləri o əllərlə sillələmək
üçün. Əlbəttə,
keçmiş də tariximizdir. Zaman-zaman
onlara istinad, səyahət, eyni zamanda qiymətləndirmək
lazımdır. Bir çox tənqidçilər
bunu, yəni keçmişdə ilişməyi,
çağdaşlarını diqqətə almamağı gələcəyə
görə edir. Necə? O, hələ
sağdır, sabah mənə münasibəti
necə olacaq bilmirəm. Öləndən sonra
düşünərik. Ya da vəzifəyə keçsə...
Xanım tənqidçi isə çağdaş ədəbiyyata,
xüsusən poeziyaya əlahiddə diqqət göstərir. Düşüncə
zamanında zaman aşılırsa gələcək zamanı
gözləməyə ehtiyac yoxdur. Gələcək
zamanı indiki zamanda yaşamaq olar. Və
ya keçmiş zamanı gələcəkdə yaşamaq
olar. Zaman yerdəyişimləri
düşüncədə mümkündür. Necə ki, müəllif bunu məharətlə
bacarıb. Bu gün çağdaş Azərbaycan
poeziyasını öyrənmək, bu poeziyaya bələd
olmaq üçün qısa deyişlə
adlandırdığım "Düşüncə
zamanı"(yalnız bununla kifayətlənmək də
çağdaş poeziyaya haqsızlıq olduğundan müəllifin
digər yazılarını da demək mütləqdir) və
digər məqalələri dərslik kimi tədris olunacaq səviyyədədir.
Şərq və Qərbin vəhdəti onların sərhədi
olan Qafqazdır. O sərhədi həm ədəbiyyata, həm də
milli düşüncəyə görə
"dağıtmaq" lazımdır. Harasa
(Şərqə və ya Qərbə) çay kimi axmaqdansa,
yerində hansısa yönə axmayan, əksinə, hər
yöndən axan çayları özündə birləşdirən
dəniz olmaq (öz kökünə qayıtmış -
Şərq, modern - Qərb düşüncə) önəmlidir.
Necə ki, Şah İsmayıl islam, sufi və
digər milli ünsürləri özündə birləşdirən
qızılbaşlıqla həm siyasi, həm ədəbi
imperiyanı qurdu.
Eyni zamanda bu birləşdirici qayəyə Heydər
Əliyevin gətirdiyi yeni müasir milliliyi - modern azərbaycançılığı
aid edə bilərik. Tənqidçinin bu yönlərdə
axtarışları gələcəkdə onun
özünün nə qədər haqlı olduğunu
göstərəcək. İndi görmək
üçün düşüncə zamanında zamana səyahət
etməyi bacarmaq lazımdır.
Emin Piri
Ədəbiyyat qəzeti
$g 2020.- 7 mart.- S.6.
P.S. Məqalə tənqidçi
Elnarə Akimovadan bəhs edir