Şahin Fazilin poeziyasında Qarabağ fəryadı
Tarix elmləri
doktoru, professor Şahin Fazil (Fərzəliyev) bu günlərdə
tamam olacaq 80 yaşının 60 ilindən çoxunu poeziyaya,
ondan bir qədər azını isə tarix elminə həsr
etmişdir. O, tarixçiliyə də Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin
məzunu olaraq klassik Azərbaycan şeirinin təsiri
altında, türk (Azərbaycan) və fars dillərində
olan ədəbi-tarixi abidələrimizin, əsərlərimizin
onda yaratdığı maraqla gəlmiş və bu gəlişindən
peşman da olmamışdır. Elminə və poeziyasına
yaxından bələd olan bir həmkarı kimi qeyd edə bilərəm
ki, Şahin Fazil poetik yaradıcılığında tarixlə,
tarixçiliyində də poeziya ilə elə
qarşılıqlı vəhdətdə məşğul
olmuşdur ki, ona birmənalı olaraq "şair
tarixçi", ya da "tarixçi şair" deyilə
bilər.
Şahin
Fazil XVI-XVII əsrlərin böyük Azərbaycan
tarixçiləri Həsən bəy Rumlunun "Əhsənüt
- təvarix" ("Tarixlərin ən
yaxşısı") və İsgəndər bəy
Münşi Türkmanın "Tarixe-aləmaraye-Abbasi"
("Dünyanı bəzəyən Abbasın tarixi)" əsərlərini
fars dilindən ana dilimizə yüksək ustalıqla tərcümə
edəndə də, Azərbaycan tarixinin çox mühüm
dövrlərini əhatə edən təqribən dörd min
səhifəlik bu ilkin tarixi qaynaqlara izahlar və şərhlər
yazanda da şairlik istedadını ortaya qoymuşdur. Belə ki, həmin kitablardakı yüzlərlə
şeir nümunələrini də nəzmlə, məharətlə
dilimizə elə çevirmişdir ki, sanki onlar elə
türkcə (azərbaycanca) yazılmış kimi dilimizə
və qəlbimizə yatır. Şahin Fazilin beş min səhifəni aşan beş
"Divan"ı, professor Qəzənfər Kazımovun təbirincə
"Divanlar Xəmsəsi" də onun klassik Azərbaycan
şeirinin bugünkü davamçısı olaraq ədəbi
mühitdə tanınmasına və qəbul edilməsinə
səbəb olmuşdur. Onun klassik və müasir şeirin demək
olar ki, bütün formalarında, əruz və heca vəznlərində,
sərbəst ölçüdə yazdığı poetik əsərlərıni,
hətta yaponsayağı haykularını (bir az bizim
bayatıya bənzər) ədəbi tənqid və təhlil
edib dəyərləndirmək əlbəttə ki, ədəbiyyatşünasların
görəcəyi işdir və bu sahədə də müəyyən
işlər görülmüşdür.
Qısa da olsa qeyd etmək istərdik ki, Şahin Fazilin
poeziyasında qəzəl janrının üstünlük təşkil
etməsi diqqəti cəlb edir, lakin bu, adət etdiyimiz klassik
fars-ərəb tərkibləri ilə dolu qəzəl
deyildir. Bu,
tamamilə fərqli dil üslubu ilə, Süleyman Rüstəmin,
Məhəmmədhüseyn Şəhriyarın, Əliağa
Vahidin, Mirmehdi Seyidzadənin, Əli Ələminin, Yasin Xəlilin
və başqalarının qəzəlləri kimi əruz vəznində
Azərbaycan dilinin necə böyük imkanlarla dərin mənalı
fikirləri ən gözəl şəkildə ifadə etməyin
bariz nümunəsidir. Bir sözlə, Şahin
Fazilin qəzəlləri ana dilinin bütün incəlik və
gözəlliyini özündə cəmləşdirən qəzəllərdir.
Bunların əksəriyyəti əruzun
hansı bəhrlərində olur-olsun axıcı, diləyatan,
yaddaqalan, özü də eşq-məhəbbətdən,
dini-irfani məzmundan daha çox, ictimai-mənəvi məzmunlu
qəzəllərdir. Haqlı olaraq akademik
Bəkir Nəbiyev Şahin Fazili "qəzəlin dinclik bilməyən
cəfakeş fəhləsi" adlandırırdı. Həqiqətən də, istər elmi fəaliyyətdə,
istər ədəbi yaradıcılıqda onun boş
vaxtı yoxdur, çünki istənilən "boş"
vaxt onun düşündüyü, yeni-yeni mövzulara
keçid aldığı sakit hazırlıq dönəmidir.
Özünün dediyi kimi:
Şahinəm,
vaxtımı mən boş yerə öldürməmişəm,
Vaxtı öldürməyə bir zərrə də
vaxtım yoxdur.
Heca vəznində yazdığı sadə xalq dilindəki
şeirlərində olduğu kimi, Şahin Fazil vəzn, qafiyə,
ritm xatirinə əcnəbi sözlərə müraciət
etmir, zəngin və ifadəli ana dilimizin imkanlarından məharətlə
istifadə edir. Əbəs yerə deyildir ki, tanınmış
filoloqlarımız, professorlar Qəzənfər Kazımov,
Sabir Əliyev, Tərlan Quliyev və başqaları öz məqalələrində
Şahin Fazilin divanlarını, onların dilini və qayəsini
yüksək qiymətləndirmişlər. Doğrudan da, onun
heç vaxt yazmaqdan dayanmadığı qəzəlləri,
eləcə də 20 ildən artıq rəhbərlik etdiyi və
hər həftə məclislərinin keçirildiyi "Məcməüş-şüara"
ədəbi məclisindəki müasir qəzəlxanlarla
yaradıcılıq işi poeziyamızın bu şah
damarını daim canlı tutmaqdadır. Şahin
Fazilin, əlbəttə, çox incə, lirik şeirləri
yüzlərlədir. Lakin indiki şəraitdə
klassik şeirin ənənələrini yaşatmaq və divan
ədəbiyyatını "diriltmək", eyni zamanda onu zənginləşdirmək
gerçəkdən də xüsusi istedad və peşəkarlıq
tələb edir. O, ədəbiyyatımızın bu ənənəvi
sahəsindəki yaradıcılıq missiyasını daha sərrast
ifadə etmişdir:
Şahına,
gül qoparır çoxları gülşənlərdən,
Gülşənə gül gətirən tazə qəzəlxanəm
mən.
Onun qəzəlləri
"Doğruya doğru" adlandırdığı
kitabında özünün qeyd etdiyi kimi, müasir
dövrümüzün ədəbi dilindədir, mürəkkəb
fars və ərəb tərkiblərindən
azad, canlı, ifadəli və ahəngdar Azərbaycan dilindədir:
Qəzəldə
millilik mütləq! Təmiz yaz saf əsər gəlsin!
Bu yolda
şairə Rəbbim dəyanət ver, təpər gəlsin!
Qarabağ mövzusu Şahin Fazilin bütün vətənpərvərlik
şeirlərinin tam mərkəzindən keçən
qırmızı xəttdir. Müstəqilliyin ilk illərində
yazdığı bir şeirində bir peşəkar
tarixçi olaraq zəmanənin gərdişindən dərs
almayan xalqımızı da şair arabir yana-yana məzəmmət
edir, bir zamanlar tarixdə ad qoyan, iz salan, dövlətlər
qurmuş hökmdarlarımızı, qəhrəmanlarımızı
köməyə çağırır, köməksizliyə,
əlacsızlığa üsyan edir:
Niyə
torpaqlarımı zəbt eləyib namərdlər,
Yanıram, ey Qarabağ, Azəribaycan yanıram.
***
...Niyə
Şah İsmayılın xəncəri qalmış
qında?
Düşmənimdən niyə axmır görəsən,
qan? Yanıram.
Bu
günlərdə Şahin Fazilə XIII əsr Azərbaycan ədəbiyyatının
dəyərli türk (Azərbaycan) dilli şeir nümunələrindən
Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin
tarixçi professor Mehman Süleymanovun "Şeyx Səfiəddin"
kitabından götürdüyüm bir neçə beytini
oxudum:
Göyərçin
yolladım, yazdım sənə səndən şikayətlər,
Qolunda ol
qanadlardır başıbağlı kitabətlər...
***
Səni
Tanrı, necə səndən şikayət etməyim
axır,
Hanı
ol nazlı baxmaqlar, hanı gizlin işarətlər...
Ertəsi gün şair bu aşiqanə qəzəlin təsiri
və üslubu ilə yazdığı 11 beytlik qəzəl-təzmini
mənə oxudu. Bir gecədə doğulan bu qəzəldə də
Şahin Fazil Qarabağ dərdini, köçkünlü,
qaçqınlı, yaralı vətənimizin uzun sürən
qaysaqlanmamış yarasını yaddan
çıxarmamışdı:
Səfiəddin
yazan beyti bəyəndim söylədim "əhsən"
Məni məşğul
edir, amma digər mövzu və söhbətlər...
***
Qarabağ
torpağı bizdən haçandır gözləyir imdad,
Zülümlər
qeybə çıxsınlar, iraq olsun əziyyətlər...
***
Ümidim
çoxdur, ey Şahin, səadətlər olar bol-bol,
Yerə yarəb, nəsib olsun nəhayətsiz səadətlər.
Şahin Fazil, hətta aşiqanə, konkret
ünvanlı ilham pərisinə belə həsr etdiyi
şeirlərində də Qarabağı unutmur. Onun
poeziyasında Vətənlə sevgili yan-yana durur. Bu keyfiyyət onun 20 yaşındakı şeirlərində
də var, 80 yaşında yazdıqlarında da.
Şahin
Fazil peşəkar fars dili mütərcimi
kimi gənc yaşlarında Əfqanıstanda uzun müddət
işləmiş, müstəqillik illərində dəfələrlə
İranda, Türkiyədə, Yaponiyada, İraqda və
başqa ölkələrdə səfərlərdə
olmuşdur. Həmin ölkələrdə bir sıra müqəddəs
məkanları ziyarət edən Şahin Fazilin arzusu biz
Qarabağı düşməndən azad edəndən sonra
Qarabağ torpağını öpərək ondan sonra
müqəddəs Məkkə ziyarətinə getməkdir:
Azad olsa
Qarabağ üz tutuban Allahə
Gedərəm şövq ilə beytullaha Allah qoysa.
***
Ulu
öndərləri hər yerdə ziyarət vacib!
Gedərəm çoxlu ziyarətgaha Allah qoysa.
2016-cı ilin Aprel döyüşləri bütün Azərbaycan
xalqının milli ruhunu, döyüş əzmini hərəkətə
gətirdiyi kimi, Şahin Fazilin də qarabağnamələrindən
yan keçmədi. Bu qəzəldəki özünəməxsus qəhrəmanlıq
və qisas hayqırtısı artıq təcavüzkara sərt
bir xəbərdarlıq, qəti qələbimizə isə
inamdan qaynaqlanır:
Qarəbağdan
qan iyi çoxdan çəkilmir, biz gərək,
Qan töküb, qan istəyək, yox başqa imkan, qan gəlir.
***
Dördcə günlük davadan sən yaz gələndə
qorxmadın?
Sərt qışın gəlməkdədir, ey Ermənistan,
qan gəlir.
***
Mərd
igidlər, ər şəhidlər "intiqam al"
qışqırır,
Torpaq
altda hər şəhiddən, qan ki, hər an
qan gəlir.
Göründüyü kimi, bu qəzəl özü
qarı düşmənə bir müharibə
elanıdır, xalqımızın və ordumuzun intiqam əzmində
olduğunun poetik ifadəsidir. Burada şair
inamında qətiyyətli və hökmlüdür.
Şair zəfər istəyinin bir an öncə yerinə yetməsinə
can atır. Təsəvvür edə bilərik
ki, biz Qarabağı, işğal altındakı bütün
torpaqlarımızı azad edəndən sonra qocaman
şairimiz nələr yazacaqdır. Əminik
ki, biz də həmin zəfər nəğmələrinin
şahidi olacağıq. Sonluğu da Şahin Fazilin
bayatısı ilə bitirməyi uyğun bildik:
Qan qalmaz,
qada qalmaz,
Ürək fəryada qalmaz.
Alarıq Qarabağı,
Qarabağ yada qalmaz.
Ədəbiyyat.-
2020.- 7 mart.- S.7.