Qərib bir quş kimi...
Böyük Hüseyn Cavidin işıqlı
xatirəsinə
Bir həftədən sonra premyeradır. Nilufər çox həyəcan keçirirdi. Sanki səhnəyə birinci
dəfədir çıxırdı. Artıq üç
ildir ki, teatrda işləyir, bir neçə uğurlu
çıxışı olub. Urfanın bu, teatrda birinci
işi idi - Hüseyn Cavidin şeirləri əsasında
monotamaşa yaratmışdı. Rolda Nilufər idi. Axırıncı
şeiri deyəndə, zal ayağa qalxdı, ictimai
baxışa gələnlər tamaşanı
təriflədilər, böyük Cavidin xatirəsinin
əbədiyaşar olduğunu dedilər, Nilufərin fitri
istedad sahibi olmasından danışdılar, Nilufərə
qucaq-qucaq gül verildi. Rejissorun işi layiqincə
dəyərləndirildi.
Axşam evə dönəndə Urfan şampan
açdı, soyuducudan meyvə və şokolad
çıxartdı.
- Təbrik edirəm, əla alındı.
Urfan onu öpdü, bağrına basdı, elə bil
səma yerə endi, aləm göy qurşağına
döndü. Sənsiz yaşaya bilmərəm, mənim
alagöz mələyim - pıçıldadı Urfan.
- Mən də.
Heç biri yata bilmədi. Nilufər durub şampan dolu
qədəhlərə şokolad qırıb atdı.
- Sənətin şərəfinə, - dedi Urfan. Otaq
güllərin ətrinə qərq olmuşdu. "Allahım,
məni etdiyin yaxşılıqlara layiq elə" -
beynindən keçirtdi Nilufər.
"Allahım, mənə kömək ol - bu gün
səhər qadın məsləhətxanasından
eşitdiyim xəbəri Urfana deyə bilim".
Urfan evləndikləri ilk gündən ona demişdi -
mən heç vaxt istəməyəcəm bizim
uşağımız olsun.
Nilufər gözlərini bir anlıq yumub - bizim
övladımız olacaq.., -
gözlərini açdı. Urfanın siması bir anda
dəyişdi.
- Mən sənə evlənəndən bəri
demişəm, deyirəm - bizə uşaq lazım deyil. Biz
sənət yaratmalıyıq - bu dünyada izimiz qalsın. Səyahətə
çıxaq, dünyanı gəzək - ən
möhtəşəm rəsm qalereyalarını
görək, dünya şöhrətli musiqiçiləri
dinləyək. Uşaq bizi yaşamağa qoymayacaq
(ürəyi gizildədi). Onun qayğıları, gecə
ağlamaları imkan verməyəcək ki, biz öz
işimizlə məşğul olaq. Fikirləş, bu
yazıq uşağı hansı dünyaya gətirirsən? -
Müharibə, rəzalət, qradlar, bombalar atılan
dünyayamı? Yazıq deyilmi? Urfan
danışdıqca bənizi ağarırdı, onun
bütün görkəmi əzab ifadə edirdi.
Hələ ki gec deyil sən özün qərar
verməlisən. Mən öz fikrimi dedim, - boğuq
səslə dedi Urfan.
- Mən heç vaxt uşağımı məhv
etməyəcəm, - Nilufər pal-paltarını, kosmetik,
gigiyenik əşyalarını zənbilə
yığıb, qapıdan çıxdı. Urfan onu
saxlamadı. Nilufər teatrın qocaman aktyoru olan
atasının evinə getdi. Gəncənin
mərkəzində yerləşən ikimərtəbəli
kərpiç "Aktyor evində" yerləşən
mənzilləri Nilufər üçün ən əziz,
ən doğma idi.
Heç sorma halımı, yaralıyam mən
Şən olmaz bir daha viranə könlüm.
Varlığımı sıxan bir yığın
heçlikdən
Sanki bir şey sorar divanə könlüm.
Atası onu qucaqladı. Nilufərin ayazımış
üzündən duydu ki, nəsə çox ciddi hadisə
baş verib. Kişinin gözləri yaşardı.
Bu an Nilufər atasına çox acıdı. Haqqı
varmı onu bu ahıl çağında
kədərləndirsin?
Nilufər atasını tək bircə dəfə
ağlayan görmüşdü. 16 il qabaq, Yeni il
axşamı idi. Anasını 10 gün idi ki, dəfn
eləmişdilər. Altı yaşlı Nilufər
otaqları gəzirdi - anasını axtarırdı. Anasının
gecə köynəyini üzünə tutub otaqdan-otağa
keçirdi, sanki anasının ətrini bu paltardan
alırdı, paltar doğrudan da hələ anasının
ətrini saxlamışdı. Atası Nilufəri
qucağına aldı.
- Anan buralarda deyil, bala, anan artıq göylərdədir.
- Göylərdə də teatr var?
Anası teatra gedəndə həmişə Nilufəri
də özüylə aparırdı. Səhnəyə
çıxanda, qrim otağında qoyurdu uşağı. O
da səs eləmirdi.
- O burda olsa, mənə yolka qurardın?
- Mən sənə mütləq yolka quracam, quzu balam.
- Bə anam gəlməyəcək?
- O, çox uzaqdadır. Biz nə vaxtsa onun yanına
gedəcəyik.
- Mən indi istəyirəm, lap çox istəyirəm,
onun yanına getməyi.
Atası susdu. Axşam olmasına baxmayaraq, onu geyindirib
özüylə hələ bağlanmamış bazara -
şam ağacı almağa apardı.
Evə qayıdandan sonra ağacı gümüşü
kağıza bükülmüş portağal, narınc, alma ilə
bəzədi. Keçən il arvadının
səliqəylə qutuya qoyub zirzəmiyə
apardığı oyuncaqlara əl vura bilməzdi. Elə
bilirdi ki, bu oyuncaqlar onun əllərini yandırar.
Sonra əl telefonunda musiqi qurdu - Bramsın "Macar
rəqsi"ni Nilufərin əllərindən tutub
rəqs etməyə başladı.
"Ürəyin parça-parça olsa da, balanın
xətrinə oyna".
Nilufər başını qaldırıb onun
üzünə baxanda, əsdi - atası ağlaya-ağlaya
onunla rəqs edirdi.
- Dədə, niyə ağlayırsan?
- Heç, gözüm ağacın budağına
dəydi.
Bu məqam qapı döyüldü. Qonşunun
oğlu Urfan əlində pirojnalar düzülmüş
boşqabla içəri girdi, Nilufər çox sevindi.
- Xoş gəldin, bala.
- Yeni iliniz mübarək, Ələskər əmi.
Necəsən Nika?
- Çox gözəl yolkan var, Nika.
Urfanın 13-14 yaşı olardı. Gəncə
üzrə şahmat çempionu idi. Nilufərə
şahmat oynamağı öyrədirdi. Urfanın da
ata-anası aktyor idilər. Gəncədəki "Aktyor
evi" adlandırılan kərpic binanın 2-ci
mərtəbəsində yaşayırdılar. Nilufərin
atasıyla dost idilər.
- Sabah şahmat oynayarıq? - soruşdu Nilufər.
- Sabah biz Bakıya gedirik. Atam Azdramada
işləyəcək.
Nilufərin balaca ürəyi yerindən
çıxacaqdı elə bil. Onda Nilufər bilmirdi ki,
Urfan bir də neçə illərdən sonra
Gəncəyə qayıdacaq. Qayıdandan 1-2 ay sonra 15-20
adamla teatrın yaxınlığındakı kafedə
Nilufərlə evlənməyini qeyd edəcək. Urfan
onun ömür-gün yoldaşı olacaq.
Yeni il axşamı Urfanın valideynləri də
onlara düşdü. Bir az söhbət edib
vidalaşdılar.
Səhər gedən maşının səsini
eşidən Nilufəri göz yaşları boğurdu.
- Anam da uzağa getdi, Urfan da getdi - ağlaya-ağlaya dedi
Nilufər.
Mən istəmirəm Urfan da göylərə getsin. Nə
qədər göyə baxıram anamı görə
bilmirəm. Urfanı da görməyəcəm. Göylər
pisdir. Onda bilmirdiki illər keçəcək, o,
İncəsənət Universitetini bitirib, atasıyla birgə
teatrda işləyəcək və məhz burada Urfanla
görüşəcək.
O, Urfanı neçə illərdən sonra teatrda
gördü. Deyirdilər ki, Bakıdan gələn rejissor
Gəncə teatrında Cavidin əsərini qoyacaq.
Onda rejissoru təqdim etdikdən sonra Nilufərin
işdə qalıb-qalmaması məsələsi kollektivin
müzakirəsinə çıxarılmışdı.
İclasdan öncə teatrın direktoru Nilufəri
atasıyla birgə kabinetinə çağırıb
demişdi.
- Bu söhbət aramızda qalsın. İclasa
gələnlər elə bilirlər mən səni
işdən çıxardacam. İnanmıram
hansındasa qeyrət ola, mənə qarşı
çıxa, iclasda səni tərifləyə. Mən
səni heç vaxt işdən çıxarmayacam. Əvvəla,
özün istedadlı, ağıllı qızsan, ikinci,
sən xatirini çox istədiyim kişinin qızısan. Sadəcə,
istəyirəm özün yaxından tanıyasan
həmkarlarını. Həm də bu iclasdan sonra
bəlkə məsuliyyət hissin artar. Nə qədər
təklif olunan rollardan imtina etmək olar? Nə
qədər teatra təqdim olunan pyeslərə pis demək
olar? Axırda sən rolsuz qalacaqsan. Elə bilirsən
xoşuma gəlir onuncu dərəcəli
müəlliflərin pyeslərini qəbul eləmək? Plan
doldurmalıyıq, teatra tamaşaçı cəlb
etməliyik. O müəlliflər bizə
müəyyən mənada kömək edirlər.
Teatrın bütün aparıcı aktyorları,
rejissorları iclasa toplaşmışdılar. Təzə
rejissor da onların içində idi. Nilufər onu
tanımadı.
"Allahım, məni sındırma, istəmirəm bu
adamlar məni pisləsin".
Direktorun kabinetindən çıxandan sonra atasına
yalvardı:
- Dədə, qurban olum, sən iclasa gəlmə. Onsuz
da məni işdən çıxarmayacaqlar. Yalvarıram,
gəlmə iclasa.
- Mən teatrın həyətində olacam. Evə bir
yerdə qayıdarıq.
- Oldu, Nilufər uşaqlıqdakı kimi onun boynuna
sarıldı, öpdü. Bu bir şoudur, dədə -
deyib iclasa getdi.
Direktor iclası açıq elan elədi. Yeni rejissoru
təqdim etdi. Rejissor cavan və yaraşıqlı
görünürdü, ancaq saçları ağappaq idi.
Hardasa görmüşəm onu, - beynindən keçirdi
Nilufər.
Direktor keçdi Nilufərin teatrda qalıb-qalmaması
məsələsinə.
İlk sözü dünən evlərində çay
içib, atasıyla nərd oynayan rejissor aldı.
- Hesab edirəm ki, Nilufər xanım teatr kollektivinə pis
nümunə göstərir - rollardan imtina etməklə. Nədir,
biz müəllifləri teatrdan küsdürməliyik? Olmaz
belə.
Sonra 60 yaşında yenicə Əməkdar artist
adı alan Sonya xanım coşdu:
- Hələ axırıncı tamaşada o cür insan,
Azərbaycanın fəxri olan o adam Nilufərə
gül dəstəsi bağışladı. Nə olar, -
hər gülü yüzlük dollara bükmüşdü. Niyə
o böyüklükdə dəstəni yerə tulladı? Özü
istəmirdi, paylayaydı ehtiyacı olanlara.
Nilufəri həqarət hissi bürüdü. O,
doğrudan da o gül dəstəsini əlinə alanda,
elə bildi ki, əlləri kiminsə istifadə olunmuş
dəsmalına dəydi. Biixtiyar gülləri yerə
saldı.
Həmin məqamda Sonya xanım:
- O cür varlı adam dərdindən ölür,
sən də onun güllərini yerə tullayırsan...
- Varlı kişinin məşuqəsi olmaqdansa, kasıb
kişinin halal arvadı olmaq daha şərəflidir.
- Axırda acından öləcəksən - deyib Sonya
xanım ondan uzaqlaşdı.
Sonya xanımdan sonra daha 2-3 nəfər
çıxış etdi, Nilufərin
yekəxanalığından, nizam-intizama riayət
etmədiyindən danışdı.
Onun qulaqları, sanki tutulmuşdu. Nilufərə
elə gəldi ki, bütün bu Yer adlı planetdə o, qoca
atasıyla tam tənhadırlar. Dünyada heç
kəsə güvənə bilməzlər.
Onda Nilufər ağladı. Barmaqlarını didirdi ki,
ağlamasın, ancaq gözlərindən biixtiyar yaş
axırdı.
"Nə yaman rəzil günə düşdüm". Bu
adamlar dünənə kimi üzümə gülüb
məni tərifləyirdilər. İndi nə oldu bunlara?
İssiz bir yuvanın qoynunda daim
Qərib bir quş kimi ağlar mənliyim
Pək küskünəm, bilməm nələr
söyləyim
Qaldı hər sevgiyə biganə könlüm.
Urfan gözlərini Nilufərdən çəkmirdi. Onu
dərhal tanıdı. O, əllərini masa altında
gizlədən bu qıza baxanda ürəyi titrədi. Sanki
buz bağlamış qəlbi isinməyə başladı.
Nika... Nilufər. Hər səhər
həyətə düşüb göylərdə
anasını axtaran alagözlü balaca qızcığaz. Əlacı
olsaydı, Urfan onu elə bu an bağrına basar, onu
hamıdan, hər kəsdən, hətta dünyanın
şərindən hifz edərdi.
Nilufər qulaqlarına dolmuş küy içində
Urfanın səsini eşitdi.
- Hər şey aydındır. Mən Hüseyn Cavidin
şeirləri əsasında monotamaşa hazırlayacam və
rolu Nilufər xanıma verirəm.
Qurbağa gölünə, sanki daş atdılar. Direktor
Nilufərə baxdı. Sanki baxışlarıyla
soruşurdu - Gördün bunların sifətini?
Sonra təzə rejissor Nilufərə yaxınlaşdı
- Nika... Nilufər... Sən məni tanımadın? Urfanam...
- Ay Allah, ay Allah, gözlərimə inana bilmirəm...
Urfan...
Urfan onu çiynindən qucaqladı.
- Ailə qurmamısan ki?
- Hələ alan olmayıb.
İkisi də güldü.
Urfan onun didilmiş barmaqlarını gördü. Bir
barmağı qanamışdı elə bil.
Pilləkənləri birgə düşdülər. Arxadan
direktorun səsini eşitdi.
- İkinizə də uğurlar arzulayıram.
Nilufər də, Urfan da həyətdə skamyada
əyləşib siqaret çəkən Ələskər
kişiyə yaxınlaşdılar. Urfan ona əl
uzadıb görüşdü.
- Maşallah, Alen Delona oxşayırsan.
- Yox, Ələskər əmi, özümə
oxşayıram.
- Valideynlərin necədir?
- Yaxşıdırlar, sağ olun.
- Çox şükür, çox şükür.
***
Nilufər gedəndən sonra Urfan özünə bir
qədəh araq süzdü. İçdi. İstəyirdi
ki, başı dumanlansın, heç nəyi, heç kimi
düşünməsin. Ancaq, nədənsə, məhz
içəndə ömrünün ən acı günü
yadına düşürdü. Həmin gün
yaşadığı ömür piltə-piltə burnundan
gəldi. Həmin gün ömründə birinci
dəfə o, Allah yoxdur - dedi. Həmin gün o, iki
balasını və həyat yoldaşını itirdi.
Onda Urfan İstanbulda "İblis"i qoyurdu. Arvadının
uşaqlar və qardaşı ilə Ağdamın Quzanlı
kəndinə, nənələri Xanım
müəllimənin 80 illik yubileyinə getməsini telefonda
eşitdi.
- Nənəm dedi ki, uşaqları da gətirim. Çox
darıxıb bizsiz. Qardaşımın
maşınında gedəcəyik, - demişdi həyat
yoldaşı.
Axşam isə dünyanın ən acı xəbərini
eşitdi - ermənilər qrad atıblar maşına, hamı
həlak oldu.
- U... uşaqlar?
- Onlar da - dedi qohumu.
Onun 4 yaşlı oğlu, 3 yaşlı qızı
kösövə dönmüşdülər. Arvadını
qolundakı gümüş bilərzikdən tanıdı.
Həmin gecə Urfanın saçı büsbütün
ağardı. Həyat dayandı.
- Ata, mən böyüyəndə əsgər olacam, -
deyirdi oğlu.
- Ata, mən böyüyəndə çoxlu gəlincik
alacam, - dili təzə açılan qızı demişdi.
Urfan keçən il Polşada olanda Osvensimə,
keçmiş ölüm düşərgəsinə
getdi. Burada yandırılmış uşaqların
ayaqqabılarını, paltarlarını
görmüşdü. Balaca bant bağlanmış
kiçik qız hörüklərini görmüşdü. Huşunu
itirmək dərəcəsinə çatmışdı, onu
dərhal kameradan havaya çıxardılar, validol
verdilər. O, qaytardı. Bir daha ekskursiyanı davam
etmək iqtidarında deyildi. Keçib avtobusda
əyləşdi, səyahət yoldaşlarını
gözləməyə başladı. Avtobusda çoxdan
qonşu olduqları balaca qızcığazı
xatırladı. O qız hər gün başını
qaldırıb uzun müddət səmaya baxırdı. Urfan
ondan soruşmuşdu:
- Sən göylərdə nə axtarırsan, Nika?
- Anamı. Dədəm deyir ki, anam
göylərdədir.
- Atan düz deyir, Nika. Ancaq anan göyün 7-ci
qatındadır. Sən onu görə bilməzsən. Anan
özü sənin yuxularına gələcək, səni
sevindirəcək.
- Anam xəstə idi axı. Sonya xala deyir, anam
xərçəng idi. Ona yuxularıma gəlmək
çətin olmayacaq?
- Yox. Ancaq sən vaxtında yat, dədəni
incitmə, yaxşı?
O vaxt Urfan bilmirdi ki, özü dünyanın ən
dəhşətli dərdi ilə üzləşəcək
- balalarını elə Quzanlıda torpağa
tapşıracaq. Yoldaşına qibtə edirdi - o,
uşaqlarının yanındadır.
Urfanı ölməyə qoymayan artıq qocalmış
valideynləri oldu.
Allah yoxdur deyən Urfan indi Allahdan dözüm istəyirdi.
Eklessiast düz deyirdi ki, hər bir insan ömrü boyu ya
mənən, ya cismən çarmıxa çəkilir. Urfan
da dara çəkildi.
Artıq yaşamağın mənası itmişdi. Düşünürdü
ki, Xocalıda diri-diri yandırılan uşaqlar, Qarabağda
kösövə dönən onun uşaqları Leninqrad
blokadasında, Osvensimdə, Xirosimada, Liviyada, İraqda,
Əfqanıstanda, Fələstində bombalar altında ölən
körpələrin ölüm estafetini
daşıyırdılar.
Nilufərin "uşağımız olacaq"
sözləri onu şoka saldı. Dərhal
kösövə dönən balaları gəldi
gözlərinin qənşərinə.
- Yox, o istəmirdi onun yeni balası olsun. Olub
itirməkdənsə, biryolluq olmasın.
Yenə badəsini araqla doldurdu. Bu ölüm qoxusu
verən dünyayamı göz açacaq körpə?
Ancaq... ancaq haqqı varmı Nilufəri analıq
hissindən məhrum etməyə?
Yenə araq içdi. Səndələyə-səndələyə
divana sarı getdi, paltarını soyunmadan divana
çökdü.
Sevinc bilməz bir məxluqam
Ahu-zardır sirdaşım.
Premyeraya bir həftə qaldı. Urfan ictimai
baxış vaxtı qürur keçirdi. - Tam qaranlıq
səhnədə projektorun işığı ancaq Cavidin
portretinin üzərinə düşürdü.
Zal da, səhnə də qaranlıq içində idi. Ancaq
Cavidin üzünə düşən işıq ölən
ulduzların işığıtək Nilufərin
üzünə düşürdü. Sənətin -
Cavidin işığı əbədi idi.
Nə vaxtacan çiynimizdə
gəzəcəklər yağılar?
Nə qədər ki, hakimlik var,
məhkumluq var,
mən varam
Zülmə qarşı üsyankaram,
əzilsəm də
susmaram.
Zal ayağa qalxdı. Alqışlar səngimək
bilmirdi. Nə gözəl gecə idi...
Axşam evdə Nilufərin "uşağımız
olacaq" sözləri içini ələk-vələk
elədi. Dərhal qəlbində xaos yarandı. Artıq
adət etdiyi həyat tərzi bir qatar kimi relsdən
çıxdı.
O, yuxuya getdi. Oyananda başı
ağrıyırdı. İşə getmədi. Heç
kimi görmək, eşitmək istəmədi. Mobil
telefonunu söndürdü.
Düşündü ki, yəqin, qəlbinə iblis hakim
kəsilib. Acı-acı güldü. Əgər iblis
olmasaydı təkamül olmazdı. İnsanlar elə
ibtidai icma quruluşunda qalardı, apaydın çayların
kənarı ilə gəzib, ağaclardan xurma dərib
yeyərdilər. Allah iblisi yer üzünə -
yaratdığı insanların içinə göndərdi
ki, insanlar mübarizə etməyi bacarsınlar - xeyirin
təntənəsi naminə, insanlıq naminə. İblis
olmasaydı heç bir elmi kəşflər olmazdı.
- Nə Qalileo Qaliley, nə Nəsimi, nə Vətən,
nə Vətən uğrunda mücadilə olmazdı.
Bu fikirlərlə o, kösövə dönmüş
balalarını, konservatoriyanı yenicə bitirmiş
həyat yoldaşını gözlərinin
qarşısına gətirdi. Həyatı iki
dövrə bölündü - əvvəl və onlardan
sonra.
Sonra ömrünə Nilufər daxil oldu. Həyatında
sanki şimşək çaxdı, leysan
yağışı onun qəlbinin ağrısını
ovutdu. Elə bil həyatını göy
qurşağı işıqlandırdı.
Nilufərin səsini eşitdikcə, ürəyi daha
tez-tez vurmağa başlayırdı. Ağlasığmaz
metamorfoz baş verirdi. Allah onun əlindən hər
şeyi aldı. Bu bir sınaq idimi? Sonra
əvəzində Nilufəri verdi?
Nilufər "uşağımız olacaq"
deməsiylə Urfanın qəlbində bir iğtişaş
yaratdı. Urfan özünə yer tapa bilmirdi. "Spazmalqondan"
sonra başının ağrısı səngimişdi. Otaqda
çiçəklərin rayihəsi araq iyinə
qarışmışdı.
Premyeraya hələ bir həftə vardı.
İndiki halında Urfan nə premyeranı, nə
teatrı, nə də Nilufəri düşünmək
istəmirdi.
...Günlər keçdi. Nilufər başqa
tamaşalarda iştirak etmədiyi üçün teatra
getmirdi. Sadəcə, Nilufər işdən qayıdan
atasının üzünə baxmaqdan qorxurdu. Atası
susurdu, demək Urfan teatra gəlmir.
Premyera günü Nilufər keçən dəfə
olduğu kimi uzun qara paltarını geyindi. Səhnəyə
çıxmazdan əvvəl pərdə arxasından zala
baxdı... sonra lojaya.
Zalda adamlar yavaş-yavaş yerlərinə
keçirdilər. Loja boş idi.
Uzaqdan atasının səsini eşitdi. O,
kimləsə danışırdı.
Yenə lojaya baxdı - bəlkə Urfan lojada
əyləşər? Ancaq loja hələlik boş idi.
Nilufərin ürəyinə, sanki buz doldurdular - qəlbi
üşüyürdü.
- Şaşqın bir yolçuyam, yolum qaranlıq.
Yanğın oldu şəfəq sandığım
işıq
Of yetər, vurulmaz bir daha artıq
Hər süzgün yıldıza pərvanə
könlüm.
Nilufərin ruhu inləyirdi. Qərib bir quş kimi ağlar
mənliyim.
Artıq birinci zəng vuruldu.
Səhnəyə çıxmasına dəqiqələr
qalırdı. İndi ikinci zəng çalınacaq, sonra da
üçüncü...
Bəlkə Urfan pərdənin
açılmasına gələcək?
Nilufər fikirləşdi ki,
əgər Urfan bu axşam gəlsə, onda Nilufərin
ömrü göy qurşağına bələnəcək
və o, özünü dünyanın ən xoşbəxt
qadını sanacaq. Ancaq... əgər Urfan gəlməsə,
Nilufərin həyatının əlvanlığı
itəcək. O da nənələr demiş,
saçının bir ucunu qara, bir ucunu ağ hörüb
balasını böyüdəcək.
Nüşabə Əsəd
Məmmədli
Ədəbiyyat qəzeti.- 2020.- 7 mart.- S.10-11.