Nəriman Nərimanov bu gün bizimlədir...
2020-ci il yanvarın ilk günləri havalar soyuq
keçsə də, seyrək buludlar arxasından boylanan
günəşin parlaq şəfəqləri Bakının səmaya
boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq
edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli,
sanki arzuların gerçəkliyinə heyrətlə
baxır...
Xalqın böyük oğlu ömrü boyu bu həqiqət
uğrunda oddan-alovdan keçmiş, mübarizə
aparmış, şəhid olmuşdur.
Nəriman
Nərimanov 1870-ci il aprelin 14-də Cənubi
Qafqazın qədim mədəniyyət mərkəzi Tiflis
şəhərində anadan olmuşdur.
Ömrünü müsəlman Şərqinin
azadlığı uğrunda mübarizəyə həsr
etmişdir.
O, XX əsrin
birinci yarısında, bütün məzlum Şərq
ölkələrinə nümunə ola
biləcək Müstəqil Sovet Azərbaycanı qurmaq niyyətində
idi. Proletariatın dahi rəhbəri V.İ.Lenin
dünya inqilabının təşnəsi idi. Onun xəstələnməsi İ.V.Stalinin hakimiyyətə
gəlməsi dövlətin siyasi kursunda dəyişikliyə
ciddi təsir göstərdi. Xalqların birliyi, həmrəyliyi,
hüquq bəyannaməsi və s. haqqında qəbul
olunmuş qərarlar kağız üzərində qaldı.
N.Nərimanov oğlu Nəcəfə məktubunda
ölkədə baş verən hərc-mərclik,
özbaşınalıq yarandığından şikayətlənirdi.
N.Nərimanovun nəzərdə tutduğu böyük
missiyanı həyata keçirməyə imkan vermədilər. Ölümündən sonra
Sovetlər Birliyində 70 il N.Nərimanovu
doğma xalqına unutdurmağa çalışdılar.
***
Azərbaycan
KP MK-nın Birinci katibi Heydər Əliyevin öz
çıxışlarında söylədiyi fikirləri
xatırlatmaq istərdim:
"1970-ci ildə Nərimanovun anadan olmasının 100
illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi
ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun
bir millətçi olduğunu, bir çox xətalar elədiyini
və 100 illik yubileyinin keçirilməsinin gərəksiz
olduğunu söyləyirdilər. Nərimanovun
heykəlini ucaldarkən nə əziyyətlər çəkdik".
1970-1972-ci illərdə Moskvaya göndərilən
şikayət məktubları əsasında Moskvadan Bakıya
yüzlərlə sorğu məktubları göndərilirdi. Akademik Cəmil
Quliyev gecə-gündüz arxivlərdən sənədləri
axtarıb tapır, dərhal Heydər Əliyevə təqdim
edirdi. Hər gün Moskvaya, Kremlə cavab
məktubları göndərilirdi.
Heydər
Əliyev yazırdı: "Brejnev və Suslovla bu barədə
söhbət etdik, amma onlara Nərimanovla əlaqədar
yanlış məlumat çatdırılmışdı. O
zaman Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev, həm
də Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə
namizəd seçilmişdi. Ona görə də Sov.İKP Mərkəzi
Komitənin ən məxfi sənədləri arasında
Sov.İKP(b) MK Siyasi Bürosunun 1923-cü il 15 noyabr tarixli
iclasının "ən məxfi" qrifli qərarını
tapıb üzə çıxarmışdı. Yaroslavskinin
rəhbərliyilə Bakıya göndərilmiş yoxlama
komissiyasının nəticələri və Nərimanovun ərizəsi
əsasında Siyasi Büro qərar
çıxarmışdı: 1) Münaqişə bitmiş
hesab olunsun; 2) Nərimanov yoldaş Mərkəzi Komitənin
etibarını bütünlüklə qazanmışdır və
Nərimanov yoldaşdan xahiş olunsun ki, istefa ərizəsini
geri götürsün".
Bu mənəvi
əzab-əziyyət, sarsıntı iki il
çəkdi. Heydər Əliyev xalqın mənəvi
köməyi ilə dirəniş göstərdi.
Çox mübarizə apardı, iki il
çarpışa-çarpışa istədiyinə nail oldu,
Mərkəzi Komitənin Siyasi Bürosunda Nərimanovun anadan
olmasının 100 illiyi yubileyinin 1972-ci ildə keçirilməsi
qərara alındı.
1972-ci ildə
Heydər Əliyev Nərimanovun heykəlinin
açılışındakı
çıxışında demişdir: "Nəriman Nərimanov
bu gün də bizimlədir. O, özünün nəhəng
qaməti ilə burada, qocaman Xəzərin dalğaları
üzərində ucalır, vuruşlarda və yaradıcı
əməyi şöhrətini qazanmış Bakıda
ucalır və tanınmaz dərəcədə dəyişilmiş
respublikamızın düzlərinə elə bil iftixarla nəzər
salır, xalqın səadəti uğrunda çarpışmış
mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin
çoxmillətli dəstələrini diqqətlə gözdən
keçirir".
Heydər Əliyev Rusiyada Nərimanovun adının əbədiləşdirilməsinə
xüsusi diqqət yetirmişdir. Həştərxan
vilayətinin Nərimanov şəhərində Nərimanovun
heykəli ucaldılmışdır. Ulyanovsk
şəhərində Nərimanov prospektində (1977-ci ilin
dekabrında) Nərimanov abidəsinin
açılışında izdihamlı mitinqdə Heydər
Əliyev çıxış etmişdir. Həmin il Bakıda Nərimanovun xatirə muzeyi
açılmışdır.
Heydər
Əliyevin misilsiz xidmətlərindən biri də Sovet
Hakimiyyəti dövründə, millətçi-təmayülçü
kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən,
unudulmağa məhkum edilən Nəriman Nərimanova əbədiyaşar,
mənəvi ölməzlik verdi, xalqa
qaytardı, tariximizdə boşluğu bərqərar etdi.
Beləliklə, vətənini, xalqını, tarixini sevən
millətin qeyrətli vətəndaşları Heydər
Əliyevin dahiyanə xidmətini minnətdarlıqla yad edir.
***
Mütəfəkkir
yazıçı Cəlil Məmmədquluzadə nurani,
ağsaqqal Molla Nəsrəddin əbasında, əlində əsa
xalq arasında "Sizi deyib gəlmişəm", - deyə
öz həmvətənlərinə pənah gətirmişdi
ki, Vətəni zülmətdən işıqlığa
çıxarsın. XX yüzilliyin
astanasında ictimai-siyasi aləmin yeni oyanış
dövrü başlanmışdı. Bu
inqilabi hərəkatın qüdrətli dalğaları
gücləndiyi bir vaxtda "Molla Nəsrəddin" ədəbi-siyasi
məcmuəsini, Cəlil Məmmədquluzadənin təbirincə
desək, həyat özü, zamanın özü
yaratmışdı. Və onun idealı da
bu olmuşdu ki, Azərbaycan məmləkətində millət
oyansın, inqilab ab-havasında öz torpağına sahib
olsun, əkib-becərdiyindən özü bəhrələnsin.
Həsən bəy Zərdabi, Nəriman Nərimanov, M.Ə.Rəsulzadə,
Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə kimi
onlarca hünərvər demokratik ziyalıların da idealı
Azərbaycanı müstəqil, buxovlardan azad, məsud və
xoşbəxt görmək idi. Bu gün anadan olmasının
150 illiyində xatirəsi əziz tutulan Nəriman Nərimanovun
yaşadığı qısa ömründə (əlli beş ildə) vətən üçün,
xalq üçün necə qəhrəmanlıqla
çalışmasını minnətdarlıqla yad edirik.
Nəriman Nərimanov keçən əsrin 90-cı illərində
taleyini Azərbaycanın mədəni mərkəzi Bakıya
bağladığı ilk günlərdən çoxcəhətli
ictimai fəaliyyətə başlamışdı. O, bütün şüurlu
həyatını Azərbaycanın səadəti yolunda
mübarizəyə həsr etməyə and içmişdi. Nərimanov son nəfəsinə qədər müqəddəs
andına sadiq qaldı.
Nəriman Nərimanov müasirimizdir. O, öz söz-söhbəti,
əməlləri ilə bu gün də yaşayır və
ümumxalq işimizə kömək edir. Nərimanovun
sözü ilə əməli bir olduğuna görə
başı çox bəlalar çəkdi, lakin əyilmədi.
Qəlbində xalqına olan böyük məhəbbəti
qeyri-bərabər mübarizələrdə ona dayaq oldu.
Büllur saflığın təcəssümü
Nəriman Nərimanov təkcə Zaqafqaziyada deyil,
bütün Şərq ölkələrində əməkçi
müsəlman xalqlarına azadlıq və istiqlaliyyət
yolunu göstərdi. "Bəşəriyyətin geri
qalmış hissəsinə" - bacardığı qədər
kömək etməyi özünə həyat məqsədi
seçən Nərimanov realist və inqilabi demokratik ədəbiyyatın
yaradıcılarından biri, tarixi, faciə janrının
banisi, gözəl nasir, qüdrətli publisist, teatr xadimi,
qayğıkeş müəllim, həkim, mətin
inqilabçı, dövlət xadimi olmuşdur. Bu çoxcəhətli fəaliyyəti əsrimizin
keşməkeşli ictimai-siyasi hadisələri
qaynağında vüsət tapmışdı. Azərbaycan ictimai fikrinin bahadırı Nərimanovun
odlu məşəl kimi yanan qəlbinin döyüntüləri
bu gün həmişəkindən daha aydın eşidilməkdədir.
Xalqın birliyi və suverenliyi, müstəqil
Azərbaycanın bütün Şərqə nümunə
olması onun ideallarının tacı idi. O, həqiqi
beynəlmiləlçi kimi tarixən ayrılmaz tellərlə
bağlı xalqların əlaqəsini
qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıqda
görürdü. Ona görə də birinci
növbədə millətin özünü
tanımasını, öz hüququnu dərk etməsini
başlıca amil hesab edirdi. Nərimanova
görə, dilin, məktəbin, mətbuatın və ədəbiyyatın
milli məzmunu hürriyyətə bağlıdır. Onsuz heç bir millət özünü
tanıyıb hüququnu qoruya bilməz.
Nərimanov məmləkət üçün işləyən
hər kəsdən birinci növbədə vətənpərvərlik
tələb edirdi. Onun fikrincə, "vətənin qədrini
o kimsə bilər ki, vətən ilə ruhani rabitəsi
olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə
gülsün". Bu baxımdan çox
zaman bəxtimiz gətirmir, ona görə də
başımıza olmazın müsibətlər gəlir, bəlalara
düçar oluruq. Lakin təsəllimiz
xalqımızın ictimai-siyasi hadisələrə fəal
münasibəti, yeni təfəkkür tərzi və
dirçəlişidir. İnanırıq
ki, Nərimanovun vəsiyyətləri bütün keçilməz
maneələrə, çətinliklərə qarşı
mübarizədə, birlik və suverenliyin tam bərqərar
olmasında xalqımızın yoluna nur çiləyən
sönməz məşələ çevriləcəkdir.
"Əziz
oğlum, əgər mənim həyatımı öyrənsən
yəqin edərsən ki, hər halda 1925-ci ilədək
başqaları üçün yaşamışam...".
"Mənim əziz Nəcəfim! Hökmranlıq
dalınca qaçma, o, adamı korlayır. Bir adama yaxşı bələd olmaq istəyirsənsə,
onun bütün daxili aləmini, yaxşı, pis cəhətlərini
bilmək istəyirsənsə, həmin adamı bir müddət
hakimiyyət başına qoy; o, bütün ləyaqət və
nöqsanlarını özü aşkar edəcəkdir.
Əgər sən buna, yəni kütləni yalansız və
riyasız öz ardınca aparmağa hazır deyilsənsə,
ondan imtina etməyin daha yaxşıdır...
Amma kütlə səni qiymətləndirirsə, sənin
rəhbərlikdə iştirakını zəruri sayaraq sənə
etibar edirsə və sən də bu etimadın müqabilində
ümumi işə həqiqətən fayda gətirə biləcəyinə
əminsənsə, imtina etmə. Ancaq bir şərtlə: kütlənin
istəyinin məcburiyyət nəticəsi deyil,
könüllü olduğunu dərk edirsənsə. Əgər
xəyalında zərrə qədər şübhə olsa
ki, səni kim tərəfindən
olursa-olsun, zorla seçirlər, yaxşısı budur ki,
imtina et. Əks-təqdirdə sən nəinki
kütlə arasında, həm də vicdanın
qarşısında ləyaqətini itirərsən. Ləyaqətinə
görə deyil, məcburiyyət nəticəsində hakimiyyət
başında olduğunu hər dəfə dərk edəndə
sən məlum bir vicdan əzabı çəkəcəksən,
getdikcə hörmətin nəinki kütlənin, hətta
öz gözündən də düşəcək...".
Nərimanov Azərbaycanın gələcək xoşbəxtliyi
üçün gənc nəslin düzgün, zamanın tələbinə
uyğun təlim-tədrisinə diqqət yetirməyi müəllimlərin
qarşısında təxirəsalınmaz vəzifə kimi
irəli sürürdü. O, müəllim kimi yeni cəmiyyətə
qədəm qoyan pedaqoji məktəbin ilk məzunlarına
tövsiyələrlə müraciət edir. Onlara
bütün çətinliklərə dözərək gənc
nəsli zəhmətə alışdırmağa, cəsur,
dəyanətli, doğruçul, sədaqətli vətəndaş
kimi tərbiyə etməyə çağırırdı.
Nəriman Nərimanov Azərbaycanı Şərq
üçün bir məktəb səviyyəsində
görmək arzusunda idi. O, deyirdi: "Əziz
yoldaşlar! Təzə həyata qədəminizi
təbrik edirəm. Vəzifəniz hər nə qədər
qayət çətin, ağır, məsuliyyətli bir vəzifədirsə,
bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan bir
çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən
istərdim, siz gələcək həyatınızda
üç məsələyə diqqət edəsiniz:
Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək
zəhmətsevən olsunlar, yəni başqasının yox,
öz zəhmətinin qüvvəti ilə ehtiyaclarını
rəfedici olsunlar. Bunun üçün balalara təbiəti
sevdirmək, onları təbiətin əlamətləri ilə
maraqlandırmaq lazım gəlir.
Sizin tərbiyənizdən çıxan
cavanlarımız gərək cəsur, cürətli və dəyanətli
olsunlar. Yəni bir parça çörəkdən
ötrü ikiüzlülük etməsinlər, filankəsin
xoşuna gəlmək üçün "qatığa
qara" deməsinlər.
Amandır,
yoldaşlar! Buna yaxşı fikir veriniz. Mənsəbdən
ötrü yalan söyləyən, gündə
vicdanını satan ikiüzlü adamlar -
bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima əlaqədar olaraq hərəkətinizdə,
sözünüzdə artıq dərəcədə
ehtiyatlı olmalısınız. Çünki
uşaq gördüyünü tez götürər.
Biz
iddiamızdan əl çəkmirik: Azərbaycan Şərq
üçün bir məktəbdir, yəni Şərq
hazırkı halında qalarsa, biz ona hər cəhətdən
müəllim olacağıq...
Ona binaən dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri
altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə
görə dilimizi müstəqil bir şəklə salmaq
üçün ən çox siz müəllimlərə
ümid bağlayıb məktəbi bitirməyinizi yenə də
səmimi-qəlbdən təbrik edirəm".
XX əsr Azərbaycanın ictimai-siyasi fikir tarixində Nəriman
Nərimanovun xidmətləri danılmazdır. Onun doğma xalqı, vətəni
uğrunda mübarizəsini, ədəbi fəaliyyətini əks
etdirən monoqrafik əsərlər az
yazılmamışdır. Lakin yüz ildən
çox keçməsinə baxmayaraq, N.Nərimanovun
ictimai-siyasi fəaliyyəti barədə subyektiv mülahizə
söyləyənlər tapılır. Bunun
başlıca səbəbi real tarixi hadisələr, hər
hansı ictimai-siyasi xadimin fəaliyyəti tarixilik
baxımından, yəni dövrü, şəraiti dərindən
öyrədilmədiyinə görə baş verir. Əgər araşdırmaçı-alim xüsusi tədqiqat
aparmadan bir problem barədə fikir söyləmək istəyirsə,
mövcud ədəbiyyata, mötəbər sayılan
elmi-monoqrafik əsərlərə müraciət edə bilər.
Əks halda, tarixi hadisələrə müxalif
təfəkkürlə birtərəfli, subyektiv yanaşmaqla
yanlış yola düşə bilər. Türkiyə
filoloqu Yavuz Bülənt Bakilərin 2009-cu ildə
İstanbulda "Türk edebiyyatı vakfı" nəşriyyatında
çap etdirdiyi "Azərbaycan ürəyimdə bir şah
damardır" kitabında Nəriman Nərimanovun ictimai-siyasi
fəaliyyəti barədə söylədiyi yanlış fikirlər
bu cəhətdən səciyyəvidir. Əslən
qarabağlı olan Yavuz Bülənt Bakilər Azərbaycanın
klassik və müasir ədəbiyyatının təbliğ
edilməsində müəyyən xidmətləri olan ədəbiyyatşünas
alim kimi tanınır. Lakin çox təəssüf
ki, o, bəzən Azərbaycanda dərc olunmuş müxtəlif
məsləkli əsərləri saf-çürük etmədən
mötəbər mənbə kimi qəbul edir, onların təsiri
altında yanlış mülahizələr də söyləyir.
Azərbaycanın tarixi müsibətindən xəbərsiz
olan, 1920-ci illərdə baş verən hadisələrin
mahiyyətini bilməyən Yavuz bəy o dövrün tarixi
hadisələrini şərh edərkən ölkəmizə
qarşı düşmənçilik siyasəti yeridən
dönüklərin mülahizələrinə əsaslanır. XI Qızıl Ordunun Azərbaycanı
işğal etməsinə, Azərbaycan neftinin Rusiyaya
daşınmasına, rus ordusunun Azərbaycanda yerləşdirilməsinə,
məscidlərin bağlanmasına, repressiya dövründə
sürgünlərə, "fikir, sənət
adamlarının sürgün və qətliamlarına",
sovet rejimi dövründə baş verən bütün
neqativ hadisələrə görə Nəriman Nərimanovu
ittiham edir, onu suçlayır.
Azərbaycan müxalifətinin və doğma xalqına
qarşı cinayət törədib xaricdə
ömrünü çürüdən dönüklərin sərsəmləmələrini
Yavuz əfəndinin təkrar etməsi təəssüf
doğurur. Zatən qarabağlı olan, "Azərbaycan ürəyimdə
bir şah damardır" - deyən Yavuz Bülənt Bakilərin
Azərbaycan sevgisinə şübhə etmirik. Amma yaxşı olardı ki, o, tədqiqatlarında əsaslı
mənbələrə istinad edib 1920-ci illərin hadisələrinə
tarixilik baxımından yanaşaydı.
Populist cızma-qara yazılarla müxalif cəbhənin
fikirlərini təbliğ edərək tarixi həqiqəti
unutdurmaq olmaz.
Azərbaycanda və xarici ölkələrdə nəşr
olunan böhtan dolu mənbələrdən bəhrələnən
cənab Yavuz Bülənt Bakilər heç olmasa Nəriman Nərimanovun
"Ucqarlarda inqilabımızın tarixinə dair",
"V.İ.Leninə məktub", "Oğlum Nəcəfə
məktub", "Qarabağ məsələsinə dair sənədlər"
tarixi materialları ilə tanış olsaydı, iftira və
böhtan danışmazdı. Bu tarixi sənədlər
müəllim, yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman
Nərimanovu Azərbaycan xalqının qeyrətli, təəssübkeş
fədakar oğlu kimi səciyyələndirir. Onun vətən, xalq taleyi uğrunda təkbaşına
ölüm-dirim mübarizəsi aparmasını, pərvanə
kimi özünü atəşə atdığını
sübut edir.
Burada,
"Qarabağın taleyi" ilə əlaqədar bir hadisəni
xatırlatmaq istəyirəm: 1921-ci il iyulun 4-də RKP MK Qafqaz
bürosu plenumunda Stalin, Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov,
Kirov, Nazarapetyan, Oraxelaşvili və Fiqatner Qarabağ məsələsini
müzakirə edirlər. Dağlıq Qarabağı Ermənistan
SSR-in tərkibinə daxil etmək qərara alınır. Nəriman Nərimanov bu qərara etiraz edir, "Azərbaycan
üçün Qarabağ məsələsinin zəruriliyini
nəzərə alaraq onu RKP MK-nın qəti qərarına
keçirilməsini" təkid edir. Bununla
da kifayətlənməyib Leninə zəng vuraraq qəti
etirazını bildirir.
Ertəsi gün, 5 iyul 1921-ci ildə Qafqaz bürosu
plenumu həmin tərkibdə toplaşaraq Qarabağ
haqqında qərara yenidən baxmalı olur. Nəticədə
Dağlıq Qarabağın Azərbaycan SSR-in
hüdudlarında saxlanması qərara alınır (bax: Nəriman
Nərimanov. "Məktublar və Qarabağ məsələsinə
dair sənədlər". B., 2002, səh.
88-92).
Nəriman Nərimanov Mərkəzi Komitəyə
göndərdiyi "Ucqarlarda inqilabımızın tarixinə
dair" məxfi məktubunda ermənilərin Dağlıq
Qarabağdan əl çəkmədiklərini ciddi tənqid
edir. O,
İ.V.Stalinə açıq-aşkar yazır: "Azərbaycanda
daşnak siyasəti tam gücü ilə həyata
keçirilir". "Dağlıq Qarabağ
Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət
elan edilmişdir. Mənim vaxtımda bu mümkün
olmamışdı...". "Mirzoyan erməni
daşnak müəllimlərinin köməyi ilə zəmin
hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində
keçirdi... Mənim zərrə qədər
də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında
AKP MK biz türklərə etibar etmir və Azərbaycanın
taleyini erməni daşnaklarına tapşırır"
(orada, səh. 75). Nəriman Nərimanov
Dağlıq Qarabağın ermənilik və xristian təəssübkeşlər
qaragüruhu tərəfindən Ermənistana birləşdirilməsinə
imkan vermədi. O vaxt belə bir cəsarəti ancaq xalq,
vətən yolunda ölümdən qorxmayan böyük bir
şəxsiyyət edə bilərdi.
Xatırlatdığım bu məsələ Nəriman
Nərimanovun mübarizəsi və mövqeyi barədə
aydın təsəvvür yaradır. Tarixi həqiqət hər
cür yalan və iftiranı rədd edir.
Azərbaycan xalqının böyük oğlu, XX əsrin
görkəmli ictimai-siyasi və dövlət xadimi, ədib və
həkim Nəriman Nərimanovun büllur, saf şəxsiyyətinə
heç kəs kölgə sala bilməz. O, əbədiyaşardır.
Milli dəyərlərimizin
hamisi Heydər Əliyev öz
çıxışlarının birində demişdir:
"Şəxsiyyətləri itirmək olmaz. Bizdən
ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy
Ağayev də, Məhəmməd Əmin Rəsulzadə də
böyük şəxsiyyətlərdir. Nəriman
Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan
başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana
düşmən olmaları barədə deyilən fikirlərlə
heç cür razılaşmaq olmaz.
...Nəriman Nərimanov öz dövrünün,
yaşadığı mühitin çərçivəsində
böyümüş görkəmli simadır, böyük
siyasi xadimdir.
Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik
dövlətin xadimlərinin hamısını qoruyub saxlayan
adamlardan olmuşdur... Tarixi təhrif etmək
olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət
edir. Onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə
buna yol vermək olmaz...
Nəriman
Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan
tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir".
***
Nəriman Nərimanov şərəfli, ibrətamiz
ömür yolu keçmişdir. O, bütün həyatı boyu
ürəyini məşələ çevirib bəşər
övladının məsud, əmin-aman, müstəqil
yaşaması uğrunda mübarizəyə
aparmışdır.
Nəriman
Nərimanov Kərbəlayi Nəcəf oğlu 1870-ci il aprelin 14-də Gürcüstanda Tiflis şəhərində
anadan olmuşdur. Tiflis ruhani məktəbində
ibtidai təhsil almışdır (1879-1885). Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini
davam etdirmişdir (1885-1890). Tiflis
quberniyası Borçalı qəzasının
Qızılhacılı kəndində pedaqoji fəaliyyətə
başlamışdır (1890-1891). Bakıda Pobedonostsevin
şəxsi progimnaziyasında (sonra imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında) müəllim,
müfəttiş işləmişdir. İlk
xalq qiraətxanası açmışdır (1894). "Nadanlıq" (1894), "Şamdan bəy"
(1895), "Nadir şah" (1899) pyeslərini, "Bahadır və
Sona" (1896-1908) romanını nəşr etdirmişdir.
Eyni zamanda "Tərcüman",
"Kaspi" qəzetlərində ilk məqalələrini dərc
etdirir. Bu dövrdə N.V.Qoqolun "Müfəttiş"
komediyasını doğma dilə çevirir (1892), məktəblilər
üçün dərsliklər tərtib edir: "Türk-Azərbaycan
dilinin müxtəsər sərf nəhvi", "Müsəlmanlar
üçün müəllimsiz rus dilini öyrənməkdən
ötrü asan kitabça", Müəllimsiz türk dilini
öyrətməkdən ötrü ruslar üçün
asan kitabça" (1891-1900), Müəllim və aktyor kimi
tanınır (1891- 1902), Odessa şəhərində
Novorossiya İmperator Universitetinin tibb fakültəsində təhsil
alır (1902-1908). Burjua demokratik inqilabi hadisələri
ilə əlaqədar universitet müvəqqəti
bağlandığı vaxtlar (1905-ci ilin payızından
1906-cı ilin sonlarınadək) Bakıda "Hümmət"
təşkilatına daxil olur. "Nicat"
maarif cəmiyyətində teatr və konsert tamaşaları, ədəbi
dərnəklər təşkil edir. İran
sosial-demokrat təşkilatının
yaradıcılarından biri kimi, ictimai-siyasi və publisistik fəaliyyəti
ilə İran inqilabına kömək edir.
RSDFİ məramnaməsini Azərbaycan dilində tərcümə
edir. Qafqaz
müsəlman müəllimlərinin I qurultayının təşkili
və keçirilməsində ciddi çalışır
(1906, 15 avqust) "Həyat", "İrşad" qəzetlərində
"Nər", "Arı bəy" imzaları ilə
felyeton, siyasi-publisist və ədəbi tənqidi məqalələrini
çap etdirir. Novorossiysk İmperator
Universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakı səhərində
müalicəxana açmaq istəsə də icazə verilmir
(1908). İran inqilabçılarına
yaxından kömək məqsədi ilə Tiflisə gedib
orada işə düzəlmək istəyir (1909). Təqib olunduğundan həmin ilin mart ayının
1-də həbs olunur (1909, sentyabr). İlk gündən
burada həkimlik etınəyə "Xolera-vəba",
"Çixotka-vərəm", "Aləmi-nisvan",
"Tibb və İslam", "Əyyaşlıq"
mövzularında mülahizələr oxuması onu xalq həkimi
kimi tanıdır. "Bührani-tərəqqi",
"İdel", "Prikaspiyski kray" qəzeti
redaksiyaları ilə sıx əlaqə saxlayır,
elmi-publisistik məqalələrlə çıxış
edir. "Ümumrusiya vərəmə
qarşı mübarizə cəmiyyəti" Həştərxan
şöbəsinin üzvü kimi "Ağ çiçək"
həmrəylik mərasiminin təşkili və keçirilməsində
fəal çalışır.
İnqilabçı-demokrat tatar şairi Abdulla Tukayla şəxsən
tanış olur (1911). Professor
İ.İ.Meçnikovu "Şurayi-islam" cəmiyyətinin
ziyalıları adından təbrik edir, onun vərəmə
qarşı mübarizəsində köməkliyini əsirgəmir.
Həştərxan Xalq Universitetinin sədri
seçilir (1912-1913). Sürgündən
sonra Bakıya qayıdıb "Qara şəhər"də
xəstəxana müdiri vəzifəsinə işə
düzəlir. İctimai və ədəbi
fəaliyyətini gücləndirir. Bədii
əsərlərini yenidən nəşr etdirir. Dövri mətbuatda ədəbi-publisistik məzmunlu
məqalələrlə çıxış edir. "Xalq evi" cəmiyyəti idarə heyətinin
üzvü, "Qənaət" kooperativi idarə heyətinin
sədri seçilir. Gizli inqilabi fəaliyyətini
leqal ictimai fəaliyyətlə əlaqələndirir. Fəhlələrin Rusiya imperiyası hakimiyyətinə
qarşı mübarizəyə hazırlanmasında ciddi
işlər görür. "İqbal", "Bəsirət",
"Açıq söz" və s. qəzetlərdə
"Arı bəy", "Nər", "Doktor N.Nərimanov"
imzaları ilə tibbə dair elmi-kütləvi məqalələr
ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini
çap etdirir (1913-1916). "Tənqid gecələri"
ədəbi dərnəyi təsis edir. Bu
məclisdə yeni çıxan əsərlər müzakirə
olunur (1914). Bolşevik "Hümmət"
təşkilatı komitəsinin sədri və RSDF (b) II
Bakı komitəsinin üzvi seçilir. "Hümmət"
bolşevik qəzetinin "El həyatı"
jurnalının baş redaktoru olur (1917-1918). Şəhər dumasına və Müəssislər
məclisinə namizəd göstərilir (1917). Bakı Xalq Komissarları Sovetinin tərkibində
şəhər təsərrüfatı komissarı kimi
çalışır (1918). Bakı qəza
kəndli deputatları Sovetinin I qurultayının təşkilatçılarından
biri kimi tanınır. Ağır xəstələndiyinə
görə 1918-ci ilin iyun ayında Həştərxanda Tinaki
palçıq müalicəxanasında müalicə olunur.
Çox çəkmir ki, Həştərxanda
ictimai-siyasi fəaliyyətini davam etdirir. Burada
Həştərxan vilayətinin müsəlman işləri
üzrə hərbi-siyasi komissarlığın səhiyyə
şöbəsinə rəhbər, Həştərxan
quberniya maarif şöbəsinin müdiri, Zaqafqaziya müsəlmanlarının
işləri üzrə komissar vəzifələrində
çalışır. Moskvaya
çağırılır. RSFSR Xalq
Xarici İşlər Komissarlığı Yaxın Şərq
şöbəsinin müdiri, həm də Xalq Milli İşlər
Komissarının müavini təyin olunur. Xalq Milli İşlər Komissarlığı
Kollegiyasının üzvü kimi ona Zaqafqaziya müsəlmanlarının
işləri üzrə komissar vəzifəsi həvalə
edilir. Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsi
ərəfəsində Azərbaycan İnqilab Komitəsinin,
sonra isə Azərbaycan SSR XKS-in sədri seçilir (1920, 7
aprel). Şərq xalqlarının birinci
qurultayının hazırlanması və keçirilməsində
fəal iştirak edir (1920, sentyabr). "Şərq
xalqlarının təbliğat və fəaliyyət
Şurası" tərkibinə seçilir. Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən
biri olur. RK (b) XII-XIII qurultaylarında MK
üzvlüyünə namizəd seçilir. İtaliyada, Beynəlxalq Genuya konfransında sovet
nümayəndə heyətinin tərkibində olur (1922).
SSRİ MİK sədri seçilir (1922, dekabr).
Ölkə daxilində ən mühüm dekret,
qərar və müraciətnamələrin, eləcə də
xarici siyasət tədbirlərinin hazırlanmasında və həyata
keçirilməsində fəal çalışır.
Şərqşünaslıq Elmi Cəmiyyətində
və onun "Novıy Vostok" jurnalında əməkdaşlıq
edir.
1925-ci il martın 19-da Moskvada qəflətən
ürək partlamasından vəfat edir, martın 23-də
orada Kreml divarları qarşısında dəfn olunur. Onun vəfatı
ilə ölkənin bütün dövlət idarələrində
iş dayandırıldı. 23 mart matəm günü elan
edildi. Hər yerdə dövlət bayraqları 5 dəqiqəliyə
endirildi, toplardan yaylım atəşi açıldı.
Moskvada Şərqşünaslıq
İnstitutu uzun müddət onun adını
daşıyıb. Moskvada, Bakıda, Həştərxanda,
Ulyanovskda, Marneulidə keçmiş SSRİ-nin digər şəhər
və rayonlarında adına küçə, meydan, məktəb
və s. qoyulub, Bakıda və bir sıra yerlərdə abidəsi
ucaldılıb. Moskvada yaşadığı binada qranitdən
barelyef portreti təsvir olunan xatirə lövhəsi, Tbilisidə
və Bakıda xatirə muzeyi açılıb. Onun
haqqında bədii və sənədli filmlər çəkilib,
ədəbi musiqi, rəssamlıq əsərləri
yaradılıb.
Nəriman Nərimanovun həyat salnaməsi -
onun ictimai-siyasi və dövlət xadimi, ədib, müəllim,
həkim kimi çoxcəhətli fəaliyyəti haqqında
təsəvvür yaradır. Onun titanik zəhmətinin istiqaməti
ömrünü sərf etdiyi idealı, bəşərin əzəli
Şərq xalqlarını əsarətdən xilas etmək,
istiqlal yoluna, xoşbəxtliyə qovuşdurmaq olub.
Teymur ƏHMƏDOV
Ədəbiyyat qəzeti
$g 2020.- 7 mart.- S12;13.