Kəndimizdə bir Sədəf var...
Kəndimizdə bir gözəl var, adı Sədəfdir
onun. Allahın xoşbəxt anında
yaranmış bəndələrindən
biridir o. Allah öz xoşbəxt anında yaratmışdı onu, üzünə nur vermişdi. Sarı saçlı, daim gülümsər qonur gözlü Sədəfin
üz cizgiləri onu görən insanlara xoş duyğular vəd edirdi. Sədəfin görünüşü insanlara, sanki bir ismarış verirdi.
- Bulaqları quruyan, torpaqları sürüşən
bu kəndi təkcə mənə görə sevməyə dəyər.
Kəndimizin sakinləri kəndi təkcə Sədəfə
görə sevmək istəmirdilər. Traktorçu Vaqif isə
Sədəfə görə
nəinki kəndimizi,
bütün dünyanı
sevməyə hazır
idi. Bəlkə elə sevirdi
də. Aramız açıq olmadığından
Vaqiflə könül
məsələlərini müzakirə
eləməzdik. Həm də
şəhər yerinə
baxmayın, kənd-kəsəkdə,
el-oba içində belə söhbətlərə
yaxşı baxmırlar.
Əgər 20-30 il əvvəl bu kənddə bulaq başı görüş yeri idisə, indi bulaq qurumuşdu. Elə bil, kənd özü də anlamışdı ki, torpaqları sürüşdükcə,
bulaqları quruduqca, meşələri tükəndikcə
kəndə sevgi azalır. Elə bil ki, kənd adamlardan təmənnalı eşqin
qisasını alırdı.
İndi kənd adamları
şəhərə can atırdılar.
Və öz kənd saflıqlarını şəhər
hiyləgərliyinə uduzurdular.
Bir neçə il Bakıda
yaşamağına baxmayaraq
Vaqif öz kənd saflığını
şəhər hiyləgərliyinə
uduzmamışdı.
Əlbəttə ki, Sədəfin atasının illərdir apardığı qan davası haqqında danışsaydım və
Sədəf də atasının qan düşməninin oğlunu
sevsəydi hekayəmiz
daha maraqlı olardı. Təəssüf ki, Sədəf
müəllifin sözünə
baxıb qan düşməninin oğlunu
sevmir. Əslində, günahkar elə
müəllifin özüdür.
Axı, müəllif özü də dəqiq bilmir ki, Sədəfin
atasının qan düşməninin neçə
övladı var və ümumiyyətlə
oğlu varmı?
Sədəfin bahar çiçəkli taleyini şaxta vurub qurutmuşdu. Bir bəndi
Adəm onun dərin aləminə baş vurub ürəyini dəlib yaralayan dərdinə çarə axtarmırdı.
Sədəfin kədərinə təkcə Vaqif kədərli gözlərlə
baxırdı. Təkcə Vaqif
Sədəfin kədərinə
qəlbinin dərinliyində
şərik olurdu.
Vaqif həya etdiyindən Sədəfə yaxınlaşıb
bu kədərin səbəbini soruşa bilmirdi. Sədəfdən kədərinin səbəbini
soruşa bilməmək
Vaqifə əzab verirdi. Vaqifin əzabı mənə
dünyanın ən səmimi əzabı kimi görünürdü.
Kəndimizdəki qoca palıdın,
gənc çinarın,
quruyan bulaqların, susuzluqdan can verən torpağın əzabından
daha səmimi idi Vaqifin əzabı.
Vaqifin əzabında təbiətin
xəyanəti yox idi. Vaqif susmaqla özü-özünə
xəyanət edirdi.
Vaqif belə Vaqif idi.
Hərdən mənə elə gəlirdi ki, Sədəfin üzündə
zərlər var, həyəcandan tərləyəndə
simasında muncuqlar parıldayır. Mənə elə gəlirdi
ki, Sədəf həyatın hər nişanəsində min bir
zövq axtarmırdı.
Sədəf özü hər
nişanəsində min bir
zövq gizlənən
şahzadə idi.
Ancaq Sədəf "Min bir gecə" nağıllarından
çıxmamışdı. Mənə elə gəlirdi ki, Sədəf "Min bir gecə" nağıllarından əvvəl
də olub, sonra da olacaq. Sədəfin hər gülüşündə,
hər baxışında
min bir zövq gizləndiyini aşkar edən yeganə adamsa, deyəsən, elə Vaqif idi.
Bir zamanlar ipək donunu kol-kosdan qoruyan Sədəf indi özünü Tanrının,
taleyin yox, kənd adamlarının qəzəbindən qoruyurdu. Bir zamanlar
Sədəfin ayaqları
kənd cığırlarında
sürüşəndə yol qırağı ağacların yerə əyilən budaqlarından
tuturdu. İndisə
Sədəfin ürəyi
sürüşüb dərinliklərə
can atırdı və
kənd sakinləri yol qırağındakı
ağacların yerə
uzanan budaqlarına bənzəmək istəmirdilər.
İndi Sədəfin gözündə dünya
bütün əşyaları
boşaldılmış yalquzaq
evə bənzəyirdi.
İndi Sədəf dünyanın düz vaxtları üçün
darıxırdı. Əslindəsə, Sədəf dünyanın
düz vaxtlarını
görməmişdi. Çünki Sədəf doğulanda dünya artıq özü də özünün düz vaxtları üçün
darıxırdı.
Vaqif ürəyini
min bir çiçəkli,
min bir bəzəkli yaz gecəsində aça bilmədi Sədəfə. Əgər
Vaqif Sədəfin səsini eşidə bilsəydi bu səs onun üçün
dünyanın ən şirin səsi olardı. Dərd isə onda idi ki, Sədəf
danışmırdı. Sədəfin səssizliyi kəndimizdəki
qoca palıdın sükutundan daha dərin idi. Bu dərinlik Vaqifi
qorxutsa da, eşqi naminə bu dərinliyə enməyə,
özünü məhvə
sürükləməyə hazır idi Vaqif. Vaqifin taleyi dəfələrlə
oxunmuş, haldan düşmüş, əzilmiş
köhnə kitaba bənzəyirdi. Bu kitabın mündəricatı
yox idi. Vaqif həyatındakı hadisələrin
ardıcıllığını qura bilmirdi. Dərd onda idi ki, Vaqifin
taleyi dəfələrlə
oxunmuş, haldan düşmüş, əzilmiş,
mündəricatsız kitaba
bənzəsə də
Vaqifi kənddə heç kim
oxumaq istəmirdi. Elə Sədəfin özü də Vaqifi oxumağa həvəsli deyildi.
Vaqifin simasındakı
sevincə zamanla çaşqınlıq, təlaş
qalib gəlirdi.
Onda Sədəf
bilmirdi ki, savaş başlayacaq və onu da bilmirdi ki, Vaqif
kəndə tabutda qayıdacaq. Sədəf onu da bilmirdi
ki, min bir çiçəkli, min bir
budaqlı bu yaz gecəsində qoca palıd çox utanırdı.
Və Sədəf onu da bilmirdi ki, kəndimizin
ən yaraşıqlı
gənc çinarı
da bir daha sevinməyəcək. Elə Vaqifin
anası kimi. Sədəf onu da bilmirdi ki, ana üçün
vətən oğludur.
Həmçinin Sədəf onu
da bilmirdi ki, Vaqifin anası bu faydasız kəndi daim sevəcək. Çünki bu faydasız, insanlardan küsmüş
kəndin torpağında
Vaqif yatırdı.
Və Vaqifin uyuduğu torpaq Vaqifin anası üçün Vətən olacaq. Həm Vaqifin anası, həm də Sədəf bircə şeyi dəqiq bilirdilər ki, Vaqif bir daha
oyanmayacaq.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.-
2020.- 7 mart.- S.15.