Mişel BÜTOR - Roman
haqqında esse
Dünya
bizə yalnız onun haqqında deyilənlərin vasitəsilə
gəlib çatır: söhbətlər, dərslər,
kitablar, qəzetlər və s. nümunələrlə. Tez bir zamanda gözlə görüb qulaqla
eşitdiklərimiz ancaq bu konseptin daxilində mənalanır.
Həmişə,
arasıkəsilmədən bizim başımıza leysan kimi
yağan bu əhvalatların elementar vahidini biz "hekayət",
yaxud indi deyildiyi kimi, sadəcə, "informasiya"
adlandıra bilərik. "Nouvelle"
bilirsinizmi nədir, - kimsə qışqırır, - indiyəcən
deyilənləri bir kənara qoyun, o şeylər indi tamam
başqa cür deyiləcək". Gözlənilməz
bir şey görən adam o şeyin, o
"xəbər"in (nouvelle) daşıyıcısına
çevrilir, onu özündə daşıdıqca qəribə
diffuz münasibətlər şəbəkəsi
formalaşır. Nəhayətdə sosial səciyyəli
hekayət, bu kiçik dünya bilgisi mütləq deformasiyaya
uğramalıdır.
Bəzi
hallarda, adına xəbər (nouvelle)
dediyimiz şey öz yerini heç bir çətinliyə
rast gəlmədən əvvəllər deyilənlərin
içində tapır, o, özündə yalnız bir
detalı hifz edir, yerdə qalanını bütöv,
"bakirə" formada saxlayır. Ancaq bu xəbərlərin
(nouvelles) əhəmiyyət və sayı çoxaldıqca,
artıq onları hara qoyacağımızı, onlarla nə
edəcəyimizi bilməyəcəyik.
O vaxtdan
etibarən bizim bilməyə borclu olduğumuz şeylərdən
baş açmaq mümkünsüz olacaq. Gözlərimiz
nə qədər çox görsə, qulaqlarımız səsdən,
xəbərdən kar olsa da... bunun heç bir əhəmiyyəti
olmayacaq. Bu boyda var-dövlətin içində
biz səfil həyat keçirəcəyik, onu tutmaq məqamında
uzaqlaşıb qaçacaq, biz bütün bu
informasiyaların daxilində müəyyən bir qayda qura
bildiyimiz gün, onları stabil formada
qruplaşdırdığımız anda yeni Tantallar boy atacaq.
Hekayə dünyanı bizə verir, ancaq o bizə fatal
şəkildə yalan bir dünya təqdim edir. Əgər biz Piyera Polun kim olduğunu izah etmək istəyiriksə, biz
ona öz tarixçəsini nəql edirik:
yaddaşımızı, xatirələrimizi eşələyib
müəyyən sayda materialı seçib üzə
çıxarırıq ki, onun obrazını yaradaq və biz
gözəl bilirik ki, vaxtın çoxunu boş yerə məsrəf
edirik, bizim yapdığımız portret müəyyən mənada
qeyri-dəqiqdir: şəxsiyyətdən elə cizgilər
mövcuddur ki, yaratdığımız obraza sadəcə
yapışmır, onunla tən gəlmir.
Və yalnız o halda yox ki, biz bunu bir başqasına
danışırıq. Öz-özümüzə nəql edəndə
də bir damcı belə irəliləyiş olmayacaq.
Gözlənilmədən biz Pol haqqında təəccüblü
bir xəbər alırıq: "Axı bu necə ola bilərdi?". Sonra huşumuz başımıza gəlir,
yox, onun heç də həyatının bir hissəsini bizdən
gizlətmək niyyəti yox idi, hətta bu barədə bizə
çox söhbətlər edib, ancaq bütün bunları
biz unutmuşuq, onu özümüzün yekun "qənaətimizdən"
sadəcə uzaqlaşdırmışıq, indi də əsas
problemimiz bu "unudulan" nəsnəni yerdə
qalanının içinə qatmaqdır.
Dünya ilə bizim aramızda, bizimlə qeyriləri
arasında, bizimlə bizim özümüz arasında nə qədər
belə qarabasmalar (fantomlar) mövcuddur. Biz gözəl bilirik ki, bizə
nəql edilənlərin içində elə çoxlu
şeylər var ki, həqiqət deyil, səhvdən başqa
həm də fiksiyadır, yaxşı bilirik ki, fransız
sözü olan histoire eyni zamanda həm yalanı, həm də
həqiqəti ifadə edir, daim hərəkətdə olan
dünyanı içinə alıb əridən
qafamızın doğurduğu "ümumdünya tarixi"
də bizim ayıq-sayıqlığımızdan özgə
bir şey deyildir, bizim uşaqları yuxuya vermək
üçün uydurduğumuz nağıllar da bu
sıradandır - bəzən elə olur ki, o uşaq bizi
yatırdır, gözəl bilirik ki, Qorio Ata da, Napoleon Bonapart
da mövcud olduqları şəkildə bizə gəlib
çatmayıblar.
Biz hər
an hekayənin daxilində realla xəyali olan şeyin
arasında fərq qoymağa məcburuq, bu, son dərəcə
kövrək, az qala "deşik-deşik" olan bir sərhəddir,
həmişə dayanmadan "arxaya çəkilən"
bir sərhəddir, çünki dünən həqiqət
adına qəbul etdiklərimiz, əcdadlarımızdan bizə
ötürülən "elm", bir sözlə, dünən
həqiqi görünənlər bu gün xəyali gerçəkliyə
çevrilir. Bu fərqin, bu "mərz"in
aradan götürülməsinə yol vermək mümkün
deyildir. Təxəyyülə
"qamçı" vurun, o dördnala çapacaq, həqiqəti
deməyin yeganə üsulu elə həqiqət
axtarışına çıxmaqdır, bu, metodik şəkildə
gördüyümüz, rastlaşdığımız
adamlarla, danışdığımız informasiyalarla üzləşib
toqquşmağımızdır. Qısası,
bu elə hekayə üzərində bir növ işləməkdir.
Həqiqəti yamsılayan uydurma olan roman da ən
yüksək dərəcədə belə işə qol-qanad
verən bir məkandır. Ancaq bu uydurma, bu yalan
özünü kifayət qədər bildirəndə, yəni
o, qənaətbəxş halda yetişəndə, nəhayət,
adına roman dediyimiz şey özünü yeni dil kimi
göstərəcək, yeni dilə, yeni, bambaşqa
qrammatikaya, nümunə kimi seçilmiş informasiyaları əlaqələndirmək
üçün yeni üsula yiyələnəcək, bu an, nəhayət,
özünü "tapan" roman bizə aid olan şeyləri
necə xilas etməyin yollarını göstərəcək,
o özüylə bizim hər gün qulaq kəsildiyimiz nəsnələr
arasındakı fərqi qabartmaqla xalis poeziya kimi zühur edəcəkdir.
Şübhəsiz
ki, həm sadəlövh roman mövcuddur, həm də
romanın sadəlövh tərzdə "istehlakı";
doğrudan da, sadəcə vaxt öldürməyə yarayan əsərlər
cərgəsi məhz belə bir ovqat doğurur: onlar əyləncə,
istirahət naminə yazılıb!
Ancaq bütün dahiyanə əsərlər, müdrik,
iddialı, kəskin romanlar bir nəhəng xülyanın
mahiyyəti ilə elə bağlanır, hər şeyə
sirayət edən miflə elə qol-boyun olur ki, burada əyləncə
aramaq əbəsdir, onlar nə isə tamam özgə məqsədlərə
xidmət edir.
Onlar bizim dünyanı görmək və bu barədə
danışmaq üsulumuzu dəyişir, dolayısıyla bu,
elə dünyanın özünün köklü dəyişikliyə
uğramasıdır. Belə bir gözəl, gözəl
olduğu qədər də işgəncəli işin
altına girmək dünyada hər şeyə dəyər!
Bir qanadlı ifadədə deyildiyi kimi, auditoriyanı
"dişlərində tutub saxlayan" orijinal təhkiyəçi
onu öz qəhrəmanlarına daha yaxından məhrəmləşdirmək
üçün hadisələri elə bir qaydada təqdim etməlidir
ki, qulaq kəsilənlər onun içində yaşamağa
məcbur olsunlar. Danışılan hekayətin zamanı
mövcud əhvalatın zamanının bir növ
sıxılmasıdır.
Mən "hadisələr" kəlməsini əbəs
yerə işlətmədim, çünki aydın məsələdir
ki, burada söhbət heç də söz, hətta cümlə
sırasından getmir, məsələ bütövlükdə
epizodların ardıcıllıq sırasındadır. Bununla belə, bu
üfüqi xətt boyunca yaranan düzülüş nə qədər
şişsə də, addımbaşı çətinliklərlə
üzləşir; bir də görürsən ki, süjet xətti
qırılır, geri dönür və s. Buyurun, təzədən
"Odisseyi" oxuyun.
İki personaj meydana çıxıb yolları
ayrılan kimi biz müəyyən müddətə onlardan
birinin macərasından aralanacağıq ki, həmin zaman ərzində
ikincisinin nə etdiyini yəqinləşdirək.
Ora daha
diqqətlə və yaxından baxan hər bir yeni personaj
öz keçmişi üçün izahlar əldə edir,
fırlanıb geriyə nəzər salır və tezliklə
hekayəti başa düşməkdə əsas rol oynayacaq
şəxs bu və ya digərinin keçmişi yox, həm də
o olacaq ki, artıq başqaları da bu zaman anında bundan xəbərdar,
yaxud bixəbərdir: irəli üçün sürpriz və
gözlənilməzlikləri hifz eləyib qorumaq gərəkdir.
Roman boyu Balzak personajların sayını artırır,
heç nədən usanmayaraq vaxtaşırı onların
üzərinə qayıdır və təbii şəkildə
bu problemlə üzbəüz dayanırdı. "Həvvanın
qızı"na yazdığı epiloq
bu ovqatdan yoğrulmuşdur: "Salonun ortasında 10 il
görmədiyiniz bir kişiylə
rastlaşırsınız: o, ya baş nazirdir, ya da kapitalist.
Siz onu tanıyanda əynində manto yox idi, o, heç də rəsmi
adam təsiri bağışlamırdı; indi, şübhəsiz
ki, şöhrətinin ən uca zirvəsində qərar
tutarkən siz onun bəxtinin bir belə gətirməyinə,
istedadının parlaqlığına təəccüb
edirsiniz və burada cəmiyyətin bir neçə incəruhlu,
söhbətcil adamı yarım saat ərzində son 15-20 ilin
əhvalatlarını nəql edir. Sizin ilk dəfə
eşitdiyiniz cəncəlli, gözəl, çirkin... əhvalatları
siz bir də ya ertəsi gün, ya da sonrakı günlər
digər məclislərdə eşidəcəksiniz".
Siz ötən əyyamların əhvalatlarını
yalnız xronoloji şəkildə nəql edə bilərsiniz,
bu sistem hal-hazırda axıb-getməkdə olan zamana tətbiq
edilməzdir.
Bu məqsədə
ümumi şəkildə hekayətimizi bir xronoloji xətt
boyunca (bir az da kobud) qurmaqla nail oluruq,
sonralar edilən bu "formanı" təhlükəyə
məruz qoyan hər bir tarix, yaxud fakt dəqiqləşdirməsinə
bir də xırda-para qeydlər, xatirələr və şərhlər
əlavə edilir. Biz bu problemə diqqətimizi yönəldən
kimi, bəsirət gözüylə sezirik ki, həqiqətdə
heç bir klassik roman hadisələrin
ardıcıllığını sadə bir şəkildə
izləməyə qadir deyildir (bununla belə, humanist poetika təhkiyəni
tamamını in medias res ilə
başlamağı məsləhət görmürmü?), demək
ardıcıllıq strukturlarını öyrənmək
vacibdir.
Geriyə dönüş qadağası qoymaq şərti
ilə hadisələrin sərt xronoloji
ardıcıllığını izləmək naminə edilən
cəhd təəccüblü nəticələrə gətirib
çıxarır, ümumdünya tarixinə, o cümlədən
artıq üzləşdiyimiz personajların keçmişinə,
yaddaşa və nəticə etibarilə hər cür
ölüb getmiş hadisəyə dönüş, istinad
mümkünsüz olur. Beləliklə, personajlar birdəfəlik
və mütləq şəkildə əşyalara
çevrilirlər. Onları yalnız
zahirdən görmək olur, hətta onları dindirmək, dilə
gətirmək belə mümkün olmur. Əksinə,
əsərə daha mürəkkəb xronoloji bir struktur daxil
edilən kimi yaddaş da onun məxsusi halı kimi peyda olacaq.
Belə
bir fikri dilə gətirməyə tələsirəm: hadisənin
xronoloji strukturları elə başgicəlləndirici bir
kompleksdən irəli gəlir ki, əsərin həm tərtibi
və həm də tədqiqində istifadə edilən ən
uğurlu və incə sxemlər həmişə kobud
yanaşmalardan özgə bir şey olmayacaq. Bu
sxemlər canlarından, necə deyim, bir qırıq
işıq da şüalandırmayacaq, elə isə ilkin səviyyədən
başlamaq gərəkdir.
"Geriyə bir dönüşlə" nəql edilən
epizodlar özləri də xronoloji qayda üzrə
düzüləndə, bu, iki ardıcıl, üst-üstə
düşən zaman sırasını (necə ki, musiqidə
iki səs üst-üstə "qalaqlanır") doğurur. "İki
zaman arasındakı dialoqun" ən ideal nümunəsinə
Kyerkeqorun "Həyat yolunun dayanacaqları" əsərində
daxil olan "Əzabın nağılı"nda rast gəlirik.
Təhkiyəçi ora, o məkana keçən ilki bir qəzeti
"uzadır", bu da indiki zaman "şriftləri" ilə
"naxışlanmışdır".
Səhər yazdığım sətirlər
keçmişə qoşulur və artıq keçən ilə
mənsubdur; indi yazdıqlarım bu "Gecə
düşüncələri" isə cari ilin qəzet səhifəsində
yazılır.
Məhz
bu iki "səs" arasında adına
psixoloji "dərinlik", "sıxlıq" dediyimiz
şey cilvələnir.
Burada paralelizm, şübhəsiz ki, çox
böyük bir ciddi-cəhdlə axtarılmışdır. Tərəddüd
etmədən biz səslərin sayını artıra bilərik.
Təsəvvür eləyək ki, təhkiyəçi
bu dəfə ikiqat yox, dördqat jurnal təklif edir; əsərin
daxilindəki xronoloji inversiya qarşısıalınmaz şəkildə
artıb çoxalacaq. Biz təzədən zamanın
axınını "irəli baxıb" bərpa edəcəyik,
keçmişə getdikcə daha dərindən, dənizə
cumantək cumacağıq, bu ona bənzəyir ki, arxeoloq,
geoloq qazdığı xəndəkdə əvvəlcə
cavan torpaq qatını qaldırır, qazdıqca sonra əsrlərdən-əsrlərə
keçir və nəhayət, nişan aldığı qədimliyə
yetişir.
Zaman keçdikcə yeni-yeni əhvalat və hekayələrin
peyda olması bəzən bildiyimiz tarixi o dərəcədə
dəyişdirir ki, onu iki dəfə, bəlkə daha
çox demək, təkrarlamaq lüzumu yaranır.
Paralelizm, inversiya, musiqi sənətinin öyrədilməsi
göstərir ki, burada söhbət bizim təfəkkürümüzün
zamanı qavramasının elementar faktlarından gedir. Hər bir
hadisə iki təhkiyə sırasının üst-üstə
düşməsi və başlanğıc nöqtə kimi
meydana gəlir, elə bir mərkəz - ocaq kimi meydana gəlir
ki, gücü onun ətrafındakılardan daha çox, yaxud
daha zəif olur. Artıq təhkiyə də
bir düz xətt deyildir, elə bir müstəvi, elə bir səthdir
ki, biz onun içindəki müəyyən sayda xətləri
bir-birindən ayırırıq.
Hər dəfə
bir əhvalat məkanı digərilə əvəzlənəndə
təhkiyə xətti qırılır, hər bir təhkiyə
aktı bizə həm dolu və həm də boş bir ritm
kimi təqdim edilir, təkcə ona görə yox ki,
bütün hadisələri bir xətti ardıcıllıq əsasında
nəql etmək mümkün deyildir, həm də ona görə
ki, bunu mövcud faktların bütün sırasında vermək
mümkünsüzdür. Vaxtaşırı
olaraq, hekayət müəyyən bir axınla başlayır,
ancaq bu axının mənbələri arasında biz heç
özümüz də bilmədən nəhəng
sıçrayışlar edirik.
Beyinlərdə
kök salmış adət bizə ən hamar, oxucuya ən
asan gələn əsərləri nişan verən bu
formullara diqqət yetirməyə mane olur: "ertəsi
gün...", "bir neçə gün sonra...", "mən
gördükdən sonra...".
Müasir
həyat belə bir zaman fasiləsini kəskin şəkildə
vurğulayıb artırdığı üçün
getdikcə müəlliflər də bir-birinin yanına
düzülən blokların işlədilməsinə meyil
edirlər, bu bloklar zamanın bir düz xətt boyunca
"sınıq" yerlərini hiss etməkdə bizə
kömək edir: bu məqamda müəyyən proqres halı
nəzərə çarpır, ancaq belə bir formul
özünü bütün mətn boyu hiss etdirir ki, geriyə
dönüş nadir hallarda əyaniləşə bilir - bu
proses heç bir qanunauyğunluğa tabe olmur, geriyə
dönüş o məqamda olur ki, qələmin "isti
ucu" da bunu hiss edir, bu məqam nədirsə, həmişə
nəzarətdən kənarda qalır.
Demək,
burada söhbət roman mətnində baş verən fasilə
və sıçrayışların texnikasını dəqiqləşdirməkdən
gedir, texnikanın bu incə tərəfinin
araşdırılması təbii olaraq elə bir ritm
mexanizminin kəşfinə dirənir ki, bizim zaman
anlayışımızın təkamülünü
özündə ehtiva edir, nəticə etibarilə biz bu
elementin "bətnində" artıb çoxalan
rezonansları da öyrənmiş oluruq. Burada
yenə də belə bir həqiqət təsdiqlənir ki, adi
şey kimi qəbul etdiklərimizdə heç zaman tükənməyən
zənginlik və gözlənilməzlik hifz olunur.
Mən
müəyyən bir cümlənin əvvəlində "ertəsi
gün..." kimi bir ifadə işlədəndə əsl həqiqətdə
bizim mövcudluğumuzun əsas, əhəmiyyətli bir
ritminə işarə etmiş oluram - elə bir ritminə ki,
hər gün günəş fasiləsindən sonra
başlanır və öz nəfəsi ilə mənim
bütün günümü doldurur. Demək,
zaman da məhz özünün dönüş pilləsində
- fasilə etdiyi məqamda tutulur, dərk prosesində isə əsas
zaman dayanacaqları xüsusi nişangahlara və pillələrə
çevrilir. Burada təkcə hər hansı bir hadisənin
ondan əvvəl nəyin mövcud olması üstündə
açılan sorğunun kökünə çevrilməsi prosesi
göz önünə alınmır, bir hadisə bu "ana
nöqtədən" əvvəl də, sonra da gələ
bilər, əsas olan onun əks-səda, rezonans yaratmaq qabiliyyətidir,
bütün bu əsas "zaman regionunda"
qığılcımlar yaratmasıdır.
Beləcə hər bir tarix bədii mətnə
sadəcə tarix olmaqdan çıxaraq, bütün harmonik
tarix (zaman) spektrini təqdim edir.
Zaman etibarilə bir-birindən uzaqda yerləşən
iki hadisənin təsvirini verən iki paraqrafın
yanaşı gəlməsi hekayətin maksimum becid forması
kimi hər şeyi qovub "süpürən" sürət
kimi meydana çıxır. Yuxarıda
haqqında söz açdığımız zaman
dayanacağının daxilində müəllif əyləci
qəfildən elə basa bilər ki, bu, nəticə etibarilə
oxucunu nəfəs dərməyə məcbur edər, yəni
o, bir dayanacaqdan o birinə "tullanmaqla" oxu zamanıyla əhvalat
zamanı arasında müəyyən körpü
yaradar.
Ən sadə bir vəziyyətdə biz iki
zaman seqmentinin üst-üstə "qalanmasının"
şahidi ola bilərik. Təbii ki, iki seqment üst-üstə
düşəndə biri o birinin
"sıxılmasından" törəyir. Ancaq
söhbət ədəbi hadisədən (yaxud əsərdən)
gedən kimi, ələlxüsus biz roman məkanına
adlayırıqsa, bu halda artıq üst-üstə
qalanmış üç zaman seqmentindən
danışacağıq: əhvalat zamanı, yazı
zamanı və oxu zamanı. Adını çəkdiyimiz
yazı zamanı təhkiyəçinin vasitəçiliyi ilə
danışılan əhvalat da əks oluna bilər. Adətən, zamanın bu fərqli axınları
arasında sürətin artma ehtimalı böyük olur: belə
ki, müəllifin bizə təqdim etdiyi xülasə (bunu biz
iki dəqiqəliyə oxuyub başa vururuq, olsun ki, müəllif
onu iki saata yazmışdır) əsər qəhrəmanı
tərəfindən iki günə görülə
bilirdi, o xülasəni daxilini dolduran hadisələr zənciri
boyunca açmalı olsaq, bəlkə iki illik bir dövrü
əhatə edə bilərdi. Demək, hekayədə, əhvalatda
olduğundan tam fərqli olaraq, bizim özümüzün
"sürət duyğumuz" var və biz bu sürəti
tam fərqli şəkildə reallaşdırırıq.
Fransız dilindən
çevirəni: Cavanşir Yusifli
Ədəbiyyat.-
2020.- 7 mart.- S.7.