"Çalış,
dəli olma, ehtiyatlı ol"
Dörd tərəfdən
şeirlə mühasirəyə
alınıb əsl şeir üçün darıxdıqca mən özümü dənizin
ortasında susuzluqdan yanan biri kimi
təsəvvür edirəm.
Ona görə də bu günlərdə
Murad Köhnəqalanın
"Bu bir tələdi"
şeiri qəfil qarşıma çıxanda misraları
dənizin ortasında
şirin su tapmış kimi, necə deyərlər, gözümə
təpdim...
Gecənin bətnindən əsdi
bir külək
Bütün binalarda işıqlar
söndü
monitor
da öldü - sonuncu
işıq
bir qırıq şam tapdım qazın üstündən
yandırdım bəzəkli
bir nəlbəkidə
sonra nə etməli? - fikirləşirdim
almazla doğranan düşüncələrim
beynimin içinə səpələnirdi
birdən uşaq
səsi gəldi otaqdan
olmaya həzincə dəli oluram?
Ürpənib qorxaraq özüm
özümdən
durub nəlbəkini əlimə aldım
girdim yan otağa: "Kimdi ağlayan?"
rəqs edən kölgələr mənə
gülsə də
uşaq ağlayırdı
başqa otaqda
vahimə içində
əllərimdə şam
otaqdan-otağa keçib
gəzirdim
uşaq otağında ayı kuklası
sökülmüş pazllar mənə baxırdı
mən qapını örtüb geri çıxanda
stula atılmış
uşaq paltarı
bir an rəqs elədi öz kölgəsilə
güzgünün yanından
ötüb-keçəndə
qəfil bir səs məni özünə çəkdi
döndüm ki, güzgüdə biri dayanıb
əlində şam tutub nəlbəki yoxdu
baxdım, güzgüdəki
üzü qırışmış
qaməti əyilmiş
qoca kişidi.
"Burda nə gəzirsən?"
məndən soruşdu
"uşaq ağlayırdı"
- dedim mən ona
"burda uşaq
yoxdu, heç kim ağlamır
Çalış dəli olma, ehtiyatlı ol".
Kişinin səsindən vücudum
əsdi
Nəlbəki oynadı, şam
yerə düşdü
Aşağı əyilib şamı götürdüm
Bu zaman zəng gəldi telefonuma
Uşaq
ağlayırdı zəngin
yerində
Tələsik telefon tərəfə
cumdum
Güzgüdəki qoca qışqırdı
mənə:
"Götürmə, götürmə
bu bir tələdi!".
...Orqanik bir meyvə
geni dəyişdirilmiş
meyvəylə müqayisədə
nə qədər dadlıdırsa, əsl şeir də süni priyomlarla, intellektlə, plagiatla yüklənmiş qondarma
şeirlə, yəni
"geni dəyişdirilmiş
ədəbiyyat"la müqayisədə
o qədər oxunaqlıdır.
Şəxsən mən
dəqiq əminəm
ki,
külək əsib
işıqları söndürənə
qədər müəllif şeir yazmaq fikrində olmayıb. Bu şeirin bu qədər doyumlu olmasının səbəbi odur ki, müəllifin əhvalı, ruh halı, daxili mistikası qəfildən zahiri dünyanın mistikasında
inikas olunub, yəni keçici də olsa şairin içindəki hava ilə çölündəki
hava bərabərləşib.
Bu şeir həmin o nadir təsadüf olunan mistik bərabərliyin, harmoniyanın məhsuludur.
Burda hıqqanma yoxdu, əsl ədəbiyyatda hıqqanma
olmur, şair hıqqanırsa, yazmamalıdır.
...Hər şey var bu şeirdə;
musiqi, dekorasiya, süjet, obraz, monoloq, rəng, səs. Külək vıyıltısı, uşaq ağlaması, qaranlıq, işıq, kölgə. Olduqca mücərrəd ruh
halının nəinki
gözlə görüləcək,
az qala əllə
tutulacaq qədər konkret ifadəsi.
Monitorla
bərabər sönən
sonuncu işartı, qazın üstündən
tapılmış qırıq
şam, onun fonunda daha bəzəkli
görünən nəlbəki, rəqs edən uşaq paltarı, çırpılan
qapılar, oyuncaq ayı, yarımçıq
yığılmış pazl
və nəhayət, şam işığında
üzünün qırışları
daha aydın sezilən güzgüdəki qoca. Burda şair həm rəssamdı, həm rejissordu, həm də obraz. Güzgüdəki
qoca naməlum biridirmi, müəllifin
özüdürmü, indisi,
ya gələcəyidirmi,
aydın olmur. Amma o qoca hər
kimdirsə, çox müdrik biridir, "Burda uşaq yoxdu, heç kim ağlamır, çalış, dəli
olma, ehtiyatlı ol" deməyə gəlmiş,
"Götürmə, götürmə,
o bir tələdi"-
deyib qeyb olan biri.
Bu şeirdə sözlər
naxışın ilmələri
kimi, pazlın hissələri kimi o qədər yerindədir ki, o ruh halından
kənarda heç cür o qədər dəqiq atəş açmaq olmazdı. Telefon zənginin uşaq ağlaması olduğunu adi halda o qədər
yığcam ifadə
edib bir misraya sığdırmaq olmazdı: "Uşaq ağlayırdı zəngin
yerində...".
Hətta mən şeirin
təsiriylə bir az da mistikaya
uyub düşünürəm
ki, bəlkə gecənin bətnində qəfil külək ona görə başlamışdı ki,
işıqlar sönsün,
şair əlində qırıq şam otaqları gəzib güzgüdə özüylə
rastlaşsın. Bəlkə, daxilindəki vəziyyətlə
xaricindəki vəziyyət
uyğunlaşmasaydı, o enerji o gün müəllifi öldürə,
ya havalandıra bilərdi, bəlkə, şairə qırağı
ilə gəzdiyi, günəş, ya elektrik işığında
görmədiyi
uçurumun dərinliyini
fərq etmək üçün
məhz şam işığı lazım idi?! Bəlkə,
təbiət hadisəsi
də, həyat hadisəsi də bəzən ədəbiyyat
hadisəsi yaratmağa
bir bəhanədir?! Bəlkə, Yaradan bütün hoqqaları məhz ona görə
çıxarır ki,
kimlərəsə kiminləsə
mesaj ötürsün.
O mesaj ki, ədəbiyyatçılar adına ideya deyirlər. O ideya ki, mənim
kimi sözdən yorulub "doymuş məhlul"a çevrilmiş
birini belə qəfildən diksindirir:
"Çalış, dəli
olma, ehtiyatlı ol!
Əhməd Səhər
Ədəbiyyat.-
2020.- 7 mart.- S.19.