Qoca və payız...
Nazim
kişi hər səhər qırışmış
üzünü qırxıb çimirdi. İşə gedirmiş kimi hazırlaşıb küçə
qapısına qədər
getmək üçün
əsasını götürür,
evdən çıxırdı. Küçə qapısında dayanıb gələn-gedən hər
kəsi söhbətə
tuturdu. Balaca uşaqlara cibində gəzdirdiyi bir ovuc konfetdən pay verir, onların gülməyinə sevinirdi.
Böyüklərə isə ağaclarında
yetişən meyvələrdən
dərib verirdi. Məhəllədə hamı ağsaqqala
hörmət edir, ona uzun ömür
arzulayırdılar. Amma arzular
hər zaman gerçəkləşmir. Nazim cırhacır istisi ilə insanları tərlədən yay günlərinin
birində yatağa düşdü. Dava-dərman, türkəçarə edəndən
sonra ayağa dura bilsə də, zəifliyini hiss etdiyi üçün həkimə yollandı.
Nazimi çoxdan tanıyan həkim onu müayinə etdi. Həkim nəticələrə baxanda
qaşlarını salladı.
Ağır addımlarla qocaya
yaxınlaşdı. Əlini
çiyninə qoyub dedi:
- Nazim əmi, birinci demək istəmirdim. Amma düşündüm ki, sən bilməlisən.
Son günlərini gözəl yaşamalısan.
Kənddə hamı sənin
xətrini çox istəyir.
Nazimin rəngi
dəyişsə də
üzünü ovuclarında
gizlətdi. Göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağladı.
İnsan
yaşlandıqca bədən
temperaturu aşağı
düşür. Nazimin içindən
üşütmə keçdi.
Lakin bu üşütmə qocalıqdan
deyil, ölümün
yaxınlaşmasını hiss etdiyindən idi...
Səhəri gün Nazim kişi heç
nə olmamış kimi üzünü qırxdı. Yenə əsasını götürüb qapıya
tərəf getdi.
Amma bu dəfə özü ilə kisə də götürdü. Yolda kisə
ilə hara getdiyini soruşsalar belə demədi. Hər kəslə mehribanlıqla
sağollaşaraq yaxınlıqdakı
meşəyə yollandı.
Hər gün kisəsini doldurub evə gətirirdi. Kömək təklif
edənlərə kisəni
vermədi. Ki birdən kisəni açıb baxarlar.
Həkim Nazimə 15 gün vaxt qoymuşdu. Bu gün hesabla sonuncu gün olmalı idi. Nazim səhər yenə üzünü qırxdı.
Sonuncu günə hazırlaşırdı,
sanki. Tək yaşayan Nazimin
uşaqları çoxdan
onu tərk edib xarici ölkələrə
səpələnmişdilər. Arabir onu görməyə gəlirdilər.
Bu gün, sanki göy üzü matəm saxlayırdı. Yağış
durmadan beş
saat yağdı. Buludları sıxıb mərəzə
sərmişdilər. Yağışdan sonra hava dəyişdi. Təmizlənmiş buludlar çəkilib getdi. Günəş
yenidən qızılı
şüalarını torpağa
pay göndərməklə məşğul oldu. İki gün idi Nazimi
qapıda görən
yox idi. Qonşular narahat olub qapını
döydülər. Açan olmadı.
Qonşusu quşbaz Fariz
hasardan tullanaraq içəridən qapını
açdı. Qonşular içəri
doluşub dar dəhlizlə həyətə
keçdi. Mənzərəni görən kimi quruyub qaldılar. Hər yer dizəcən xəzəl idi. Saralmış yarpaqlar elə
bil qızıl suyuna salınmışdı.
Nazim kişinin 6 sot torpağı
xəzəl içində
üzürdü. Özü isə
yox idi. Qonşular asta-asta qabağa getdilər. Quşbaz
Fariz səsləndi:
- Nazim əmi?!
Səs gəlmədi. Ölü sakitlik
hökm sürürdü.
Həyətin ortasına çatanda
qonşulardan biri qışqırdı. Qorxudan hamının
ürəyi ağzına
gəldi. Cəld tərpənərək
Nazim kişinin üstünə şığıdı
Fariz. Dizlərini yerə atdı.
Nazimin başını qaldırıb
nəbzini yoxladı.
Mehriban qonşusu gözlərini əbədi yummuşdu.
Yas mərasimində adam
əlindən yer yox idi. Hər gün
müftə yemək axtaranlardan tutmuş, qoca ilə bircə
dəfə söhbət
edib dostlaşan adamlara kimi. Məclisdə asılan şəkildə də təbəssüm üzündən
əskik olmadı Nazimin...
Yas mərasimindən sonra quşbaz Fariz qonşuları yığıb
dedi:
- Nazim əmini hamımız çox istəyirdik. Allah ona qəni-qəni rəhmət eləsün.
- Amin.
- Allah rəhmət eləsün.
- Yeri cənnət olsun.
- Yaxşı kişi
idi.
Quşbaz Fariz əlini cibinə atdı. Ağ zərfdən məktubu çıxarıb oxumağa
başlamamışdan öncə
dedi:
- Nazim əmi ölümündən öncə
bizə məktub yazıb.
"Salam, əziz qonşular. Övladlarıma məktub göndərmişəm.
Sizə də aydınlıq gətirməyi özümə
borc bildim. 86 yaşında həyatla
vidalaşmalı oluram.
Həkim
mənə 15 gün vaxt qoymuşdu. Özüm də hiss edirdim. Sual edə bilərsiniz
ki, həyətdə nə üçün dizəcən qurumuş yarpaq var. Uşaqlıqda payızı çox sevirdim. Məhz xəzəl üzərində
addımlamaq və qurumuş yarpaqların xışıltısını eşitmək mənə zövq verir. Son günlərim yay fəslinə təsadüf
etdiyindən bunu son dəfə təkrarlamaq istədim. Hər gün kisə
ilə meşəyə
gedib yarpaq yığırdım. Yarpaqları sobanın
üstündə, Günəşin
şəfəqlərində qurudub həyətə səpdim. Heç kimə bir kəlmə də demədim. Üzrlü
hesab edin...
Sizə son məsləhətimi vermək
istəyirəm. Çalışın insanların üzündə
gülüşə səbəb
olasınız. Bir nəfəri
kədərləndirmək çox asandır. Sevindirmək
isə həmin adama ürək rahatlığı gətirir.
Ona dünyaları vermiş olursunuz. İnsanlar yaxşılıqları unutsalar da eybi yoxdur. Əsas odur ki, yaşamağa gücləri
olsun. Həyatı sevin. Salamat qalın".
Sərin meh özü ilə gətirdiyi yarpaq qoxusunu qonşuların yığışdığı otağın pəncərəsindən
içəri doldurdu. Sanki
Nazim əmi son dəfə onlara təşəkkürünü
bildirirdi..
Nemət Mətin
Ədəbiyyat.-
2020.- 7 mart.- S. 21.