Despotun portreti
Xalq yazıçısı Elçin müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının, heç
şübhəsiz, ən dəyərli əsərlərindən
birini - "Stalin" pyesini nəşr etdirdi ("Azərbaycan"
jurnalı, 2020, № 1).
Görünür,
"xalqlar atası" İosif Stalinin (və təbii ki, onun
həm "müəllifi", həm də rəmzi-timsalı
olduğu siyasi-ideoloji, sosial-mənəvi, əxlaqi... sistemin)
az-çox mükəmməl portretini yaratmaq hər hansı
qüdrətli postsovet yazıçısının maraq dairəsindən
ilk növbədə ona görə kənarda
qalmamalıdır ki, böyük bir coğrafiyada - Sovetlər
Birliyində cəmiyyətin normal (təbii!)
inkişafını bütün əzalarına qədər təhdid
etmiş həmin sistem məhz spekulyativ-ideoloji səbəblər
üzündən uzun müddət ədəbi müdaxilə
üçün tamamilə yasaq olunduğundan ictimai təsəvvürdə
tarixin tezliklə unudacağı "nəhs bir yuxu" kimi
qalmışdı. Əlbəttə, güman
edilə bilərdi ki, "dahi rəhbər"indən məhrum
olmuş kommunist diktaturası Stalinin ölümündən dərhal
sonra hakimiyyətdən imtina edib, aparılmış fundamental
ideoloji eksperimentin uğursuz nəticələrinə görə
cəmiyyətdən (və tarixdən!) üzr istəyəcəkdir.
Lakin məlumdur ki, belə olmadı, poststalin
dövrü, əslində, postsovet dövrünə qədər
uzandı.
"Mikayıl
Müşfiqin və onun timsalında bütün repressiya
qurbanlarının xatirəsi"nə həsr olunmuş
pyesin əvvəlində müəllif yazır:
"İllər
amansız bir sürətlə bir-birini əvəz edir və
bu nəhəng imperiyanın - Sovet İttifaqının
süqutu uzaqlaşdıqca, elə bil, həmin sürətlə
də suallar bir-birini əvəz edir: mən necə bir ölkədə
yaşamışam, bu ölkəyə kimlər rəhbərlik
edib, rəsmi portretlərinin arxasında o rəhbərlər
kim idi, onlar üçün ölkə, xalq, kommunizm
idealları, hakimiyyət nə demək idi, əqidə onlar
üçün həqiqət idi, yoxsa maska, söz ilə əməl
arasındakı uçurumun səbəbi nə idi? Və s.,
və i.a.".
"Bu suallara cavab axtarışlarının nəticəsi,
bu düşüncələrin ifadəsi" olaraq qələmə
alınmış "Stalin" pyesi, hər şeydən əvvəl
(və yəqin ki, janrın poetexnoloji tələblərindən
irəli gələrək), epoxanın "rəsmi"
portretlərini canlandırır ki, onların hamısı
yekunda məhz Stalinin (və ümumən Epoxanın!) Portretini təsəvvür
etməyə xidmət göstərir. Heç
şübhəsiz, Stalinin "əzəmət"ini əks
etdirən əsas plan Siyasi Büro üzvlərilə Kremldəki
gecə görüşüdür ki, həmin görüşdə
Partiya, Nazirlər, Təhlükəsizlik və Ticarət
kuratorlarına münasibətdə dövlət rəhbərinin
artıq hər cəhətdən süxurlaşmış,
heç bir tərəddüdə imkan verməyən xarakteri
ortaya çıxır. Və məlum olur ki, missiyaları
"ayrıca bir ölkədə kommunizmin qələbəsinin
mümkünlüyü" barədəki ideyanı cəmiyyətə
sırımaqdan ibarət olan kuratorlar bir yana,
heç onların "dahi rəhbər"i də Leninin
artıq milyonlarla günahsız insanın axırına
çıxmış bu sərsəm fantaziyasına
inanmır. Lakin məsələ həmin
inamsızlığın ən yüksək səviyyədə
dərki ilə bitmir, mahiyyət ondan ibarətdir ki, nə irəliyə
yol var, nə də geriyə... Nə qədər
tragikomik (şərti!) səciyyə daşısa da,
kuratorların qiyamı (və Stalini "qətlə yetirmələri")
hər cəhətdən dövrün siyasi maraqlarına cavab
verir. Təhlükəsizlik kuratorunun "ən
böyük günahımız ölkəni bu qoca paranoikin
öhdəsinə buraxmaqdır. Özümüz
heç, bəs bu ölkə nə olacaq? Gələcək nəsillər şəkillərimizə
tüpürməyəcəklər ki, əlinizdə bu qədər
ixtiyar vardı, siz hara baxırdız?" sual-etirafları
tamamilə məntiqli səslənir. Və
bu məntiqin hökmü ilə iki "Stalin"i qətlə
yetirən kuratorlar "üçüncü"sü tərəfindən
həbs olunaraq güllələnirlər.
Zahirən belə görünə bilər (və əslində
də müəyyən dərəcədə belədir) ki,
"Stalin" müəllifi bədii şərtiliyə həddindən
artıq meydan verir. Lakin nəzərə alsaq ki, sovet dövlət
başçılarına qarşı qəsd cəhdlərinin
həqiqətən olub-olmaması hələ bir yana, sovet
ideologiyasının özündə bu cür cəhdlərin
tamamilə mümkünlüyü (və reallığı)
barədə mülahizələr həmişə mövcud
olmuş, "xalq düşmənləri"nə
qarşı mübarizədə həmin spekulyatıv ideyadan
vaxtaşırı gen-bol istifadə edilmişdir, onda həmin
şərtiliyin meydan genişliyinə haqq qazandırmaq
lazım gəlir.
Pyesdə kuratorların hamısı bu və ya digər
dərəcədə parodik məzmun daşıyır və
onları bu vəziyyətə salan, əlbəttə, ilk
növbədə, öz üzərlərinə
götürdükləri funksiyadır. Lakin Ticarət
kuratorunun parodikliyi eyni zamanda etnik təbiətilə şərtlənən
şəxsi xarakterindən irəli gəlir. Stalinə
"qəsd"in iştirakçısı kimi güllələnməyə
məhkum olunduqda aradan çıxmaq üçün hər
cür alçaqlığa getməkdən çəkinmir:
"Mən yoldaş Stalin yolunda günahlarımı yumaq istəyirəm.
Mən o biri dünyaya belə bir günahla gedə bilmərəm!
Axı mən boynuma aldım ki, Türkiyənin də,
İngiltərənin, Amerikanın, Yaponiyanın, İsrailin də
casusuyam!.. Daha nəyi deyirsiz, təsdiq edim!.. Kimi deyirsiz, üzünə durum ki,
yoldaş Stalini zəhərləmək istəyirdi... Partiya
naminə mən hər şeyə hazıram!..".
Kuratorlardan tamamilə fərqli olaraq Stalin parodiya qəhrəmanı
deyil. Və bütün despotluğu, Şərin
timsalı olması ilə birlikdə son dərəcədə
ciddi, təmkinli, hətta müdrikdir. Kuratorlar
kimi, o da vəziyyətdən çıxış
yollarını axtarır. Lakin müqayisəyə gəlməyəcək
qədər dərin qatlarda:
"İmperializm
inkişaf edir, fəhlələrin maaşı artır, kəndlə
şəhərin fərqi aradan qalxır, tikirlər, qururlar,
ancaq biz?.. Biz bütün sahələrdə
onlardan geri qalırıq. Nə üçün?..
...Yenə
məsələ gəlib insan amilinə çıxır? Bəlkə bizim rəhbərlikdə də
düşmənlər var, hə? Bəlkə onlar daxili
siyasətdə də, xarici siyasətdə də
ziyankarlıqla məşğuldurlar və biz də buna
görə lazımi sürətlə irəli gedə
bilmirik, beynəlxalq nüfuz qazana bilmirik?".
Məsələ
isə burasındadır ki, bu sual-axtarışlar dərinə
getdikcə daha aydın görünür ki,
çıxış yolu yoxdur... Cəmiyyət
yuxarıdan aşağıyacan qurub yaratmaq instinktini
itirmiş, fərdi (insani!) hisslərin, düşüncələrin,
təşəbbüslərin yerini heç bir həyat
gücü olmayan "kütləvi" şüarlar zəbt
etmişdir.
Kuratorların fərarilik eləmək, məsuliyyətdən
boyun qaçırmaq, günahı rəhbərin üzərinə
atmaq, ona qəsd etmək imkanları var, Stalin isə bundan da məhrumdur. O, yalnız
gördüyü işin heç də tamamilə
yanlış olmadığına inanmaqda davam edə bilər
ki, əsərin məntiqinə görə, birinci səbəb
liderin şəxsiyyətindəki metafizik
"böyüklük"dür. Lakin az əhəmiyyətli
olmayan başqa bir səbəb də var: o da rus-sovet cəmiyyətinin
xarakterindəki zatıqırıqlıq, yaxud antigenetizmdir ki,
İosif Cuqaşvili kimi degenerat avantüristə Stalinə
çevrilmək, möhtəşəm bir dövlət qurmaq,
onun başında şəstlə oturmaq, hətta öz
"təcrübə"sini bütün dünyaya yaymaq barədə
xəyallara düşmək imkanı vermişdir.
Olqa Aleksandrovskaya gəlişi ilə pyesin sözün
geniş mənasında mətninə (ideya-estetik diskursa!)
kifayət qədər zəngin səmimi-insani hissiyyatlar gətirir. Və məsələ
yalnız onda deyil ki, artıq keçmiş illərdə
qalmış intim xatirələr çözələnməklə
Stalinin gizlinləri aşkarlanır, həm də (və daha
çox) ondadır ki, Olqa ilə söhbətdə o,
özü özünü bu və ya digər səviyyədə
doğal mövqedən təhlil etməyə təşəbbüs
göstərir:
"Mən
qocaldıqca, deyəsən, bir az səfehləyirəm, Olqa...
Axır vaxtlar cürbəcür fikirlər girir beynimə... Hər halda... yox? İnanmıram!..
Qabaqlar heç kimə inanmırdım, indi heç nəyə
inanmıram!".
Olqanın
"sən bütün ömründə kimisə sevmisən"
sualına "Stalin pəncərənin qarşısında
ayaq saxlayıb, tünd rəngli, qalın və ağır pərdəni
aralayaraq" belə "cavab" verir: "Qar
yağır...".
Hər şeyə qadir olduğu şübhə
doğurmayan Stalinin də hökmü yeriməyən, kənardan
baxıb özünü "kimsəsiz bir küçə
küçüyü kimi hiss etdiyi" məqamları
varmış.
Və Olqa-Tamara qarşısındakı bu cür
özünütəhlil o yerə çatır ki, "ellər
atası" içindəki İblisi etiraf edir... Günahı isə bilavasitə özündə
deyil, onu İblisə çevirmiş insanda (və
"insanın uydurduğu Allah"da!) görür.
Həyat
yoldaşlarını yada salan Stalin onların öz
ölümlərilə ona xəyanət etdiklərini deyəndə
Olqa əsəbləşir:
"Axı,
hamı satqın, hamı xəyanətkar, hamı xalq
düşməni, ingilis casusu, imperializmin nökəri,
trotskiçi, buxarinçi, nə bilim, kim, kim, kim ola bilməz!..".
Stalin isə
cavabında "hamı ancaq mələk ola
bilər, hə?" sualını verməklə bir daha təsdiq
edir ki, o bu dünyaya nəyi isə təhlil etmək,
haqqı nahaqdan ayırmaq üçün gəlməyib.
Aclığın, səfilliyin, təqiblərin,
sürgünlərin, siyasi ixtilafların
"yetişdirdiyi" bu adam onun surətini
yaratmış ən qüdrətli sənətkarlara belə
istehza etməkdə kifayət qədər haqlı
görünür, çünki özü də öz
xarakterindən baş açmır.
Qocalığın
doğurduğu az-çox səmimi hisslərin təsiri
altında birbaşa Kremlə, söhbətə dəvət
etdiyi keçmiş məşuqəsinə qəzəblənərək
kabinetindən qovmasına gəldikdə isə bu, yalnız
onun xarakterindəki impulsivliyin deyil, nəticə etibarilə
varlığına hökm edən İblis tənhalığının
göstəricisidir:
"Mən bütün bunları nə
üçün danışıram? Bütün bunların heç kimə
dəxli yoxdur!.. Sənə də dəxli
yoxdur!.. Dur!.. Dur, get,
knyaz qızı Olqa Aleksandrovskaya! Uydurulmuş Tamara!
Əlvida!..".
Və beləliklə, İblis tənhalığı
imkan vermir ki, Stalin əslində kim olduğunu Olqaya (Tamaraya!)
sonacan etiraf etsin. Lakin yazıçı-dramaturqun sənətkarlığının
faktıdır ki, həmin etiraf İblisin (Stalinin!) monoloqunda
daha təsirli səslənir.
Pyesin quruluşca mükəmməlliyini
ilk növbədə bədii simmetriya təmin edir. Əsərin
həm əvvəlində, həm də sonunda Bakıda, Xəzər
dənizinin sahilində, bir-birini sevən Oğlanla
Qızın mükalimələri, "xalq düşməni"
Müşfiqin Stalinə həsr etdiyi "riyakar", Səməd Vurğunun isə "səmimi" sevgi şeirlərini
demələri və Stalin dövrünün sadəlövh
olduğu qədər də vulqar romantik şüarları ilə
"gələcəyə doğru" getmələri həmin
simmetriyanın elə bir "milli" fonudur ki, Stalin bu
cür "ümumxalq məhəbbəti"ni, yəqin
ki, öz "Bakı yuxuları"nda da görə bilməzdi.
Və görsə də inanmazdı...
"Stalin"də Elçin
yalnız o mənada tarix filosofu deyil ki, bütöv bir
epoxanın mənzərəsini ən ümumi konturları ilə
həqiqətə ən yaxın məsafədən təqdim
edir, həm də o mənada ki, tez-tez bədii-estetik
miqyası aşaraq Zamanı fəlsəfi kateqoriyalarla dərk
eləməyin maraqlı nümunələrini verir. Və
despotun portretində də bədii-estetik rənglərlə fəlsəfi-koqnetiv
çalarlar həmahəng səslənir..
Nizami Cəfərov
Ədəbiyyat.-
2020.- 7 mart.- S. 24.