O, Qadındır... -
On illik kölə... İncəsənət
köləsi. Düşünürdüm
ki, bu qadın birdən-birə haradan yadıma
düşdü? Sonra xatırladım...
Türkiyədə elmiliyi, savadı ilə böyük
ajiotaj yaratmış 10 yaşlı Atakanın
çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində
250 fəlsəfə kitabının oxunması, balacanın
dolu-dolu danışması başımı
dumanlandırmışdı. Nitsşe belə dedi:
"Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm,
ən böyük istəyim təhsil sistemində dəyişiklik
etmək istəyidır, mənə mükəmməl təhsil
verin, rica edirəm" deməsi və s. sözlərin, fikirləri
möhtəşəm idi. Bu uşaq möcüzədir..
Qeyri-adi danışığından əlavə,
gözlərinin forması, böyüklüyü də diqqətimi
çəkmişdi. Bəli, məhz həmin an məşhur
xanım rəssam yadıma düşdü. Vaxtilə izlədiyim tablolar qarşısında yenidən
heyrətlənmək üçün Google-da axtarış
verdim. Bir daha böyük gözlər
kolleksiyasını izlədim. Görəsən,
bir rəsmdə istənilən canlı üzərində bu
böyüklükdə gözləri çəkmək
Marqaret Keanın - əsl adı Peqqi Doris Xokinsin nəyinə
lazım idi?
Yadımdadır,
səkkiz il, bəlkə də on il bundan
öncə psixologiya təhsili alan bir iş yoldaşım məni
psixoloji test etmək üçün, yer üzərində
mövcud olmayan bir canlı çək, söyləmişdi. Maraqlı gəldi mənə. Tez
əlimə qələm alıb kağız üzərində
olduqca böyük qulaqları və böyük gözləri
olan bir canlı çəkmişdim. Çəkdiyim
əcaib məxluqa diqqətlə baxan xanım, sən
informasiya almağı çox sevirsən. Çəkdiyin cizgilərin ən böyüyü
gözlər və qulaqlardır, demişdi. Demək, sənin mənəvi ehtiyacın
danışmaqla yox, bolluca görmək və eşitməklə
ödənilir. İçindəki
informasiya almaq aclığı belə qulaqların və
gözlərin çəkilməsinə səbəb olub,
söylədi.
Marqaret Keanın rəsmlərindəki hədəqəsindən
çıxmış böyük gözlər də, əslində,
çox şey deyir izləyicisinə. 1960-cı ildən
başlayaraq 10 il ərzində sərgilənən
rəsm əsərlərinin üzərində Marqaretin yox, həyat
yoldaşı Uolter Kinin imzası görünürdü. Qadın istedadsız əri üçün rəsm
əsərləri çəkirdi. Bütün
dünya Marqaretin yox, dırnaqarası istedad yiyəsi olan
Uolterin əlini öpürdü, ona heyranlığını
bildirirdi. O vaxta qədər ki, pərdəarxası həyatda
kölə olan Marqaret üsyan edərək həyat
yoldaşının deyil, bu rəsm əsərlərinin həqiqi
müəllifi özü olduğunu bəyan edir. Əri həyasızcasına deyilənləri təkzib
edəndə və qadının istedadsız birisi olduğunu
bağıranda və qadının onu şərləməsini
dedikdə, zavallı qadın məhkəməyə üz
tutur.
Məhkəmə mübarizəsi söz oyunu üzərində
- müttəhim və hakimlik üzərində qurulmur. Qadın və kişi salonunda üz-üzə əyləşdirilir
və izləyicilər ər və arvadın
qarşılarına qoyulmuş tablolarda kimin daha gözəl
rəsm əsəri çəkəcəyini gözləyirlər.
Vaxt tamam olur. Cənab Uolter
heç nə bacarmır. On illik tənbəllik
ona bildiklərini də unutdurmuşdu. Marqaret
isə eyni çevikliklə növbəti möhtəşəm
əsərini yaradır və bütün dünya bundan
öncə ərinin imzası ilə getsə belə rəsm əsərlərinin
müəllifinin Marqaret olduğu həqiqətini qəbul
edir. Bu vaxta qədər susqun və
böyük gözlərin müəllifinin nə demək istədiyi
aydın olur. O susurdu, sadəcə, eşidilməyini istəyirdi...
Yaradıcılıq sarsıntıdır. Ən
böyük sənət əsərləri, ən gözəl
romanlar, ən gözəl şeirlər sarsıntıdan
yaranır. Çünki səni duyacaq bir
insan olmadıqca bunun lal həllini tapmaq istəyirsən.
Ona görə yazdığın,
yaratdığın nümunələr sənin danışan
dilinə çevrilir. Əlinə tablosunu
alıb məcnuntək dolaşan Səttar Bəhlulzadə
kimi çox susursan, amma yaradırsan. Onun da böyük
və mənalı gözləri var idi...
Mən
indi bilirəm ki, niyə ərəb, fars
qadınlarının gözləri belə gözəl olur. Mən
indi bilirəm ki, niyə susan insanların
gözləri belə gözəl olur, ifadəli olur,
danışqan olur...
Cəmiyyətlər qadınları kilidlədikcə
itirir. Bu, birmənalı olaraq belədir. Kölə qadın heç vaxt azad ruhlu, azad təfəkkürlü
insan yetişdirə bilməz. Bu,
mümkün deyil.
Əhməd
bəy Ağaoğlu "İslamlığa görə və
islamlıqda qadın" tədqiqatında yazır:
"Müsəlmanların qurtuluşu, onların maddi və mənəvi,
hətta siyasi dirçəlişi sadəcə olaraq iki məsələnin:
qadın məsələsinin və əlifba islahatının
həll edilməsiylə bağlıdır. Bu
günün müsəlman qadını ancaq sərbəst və
şüurlu ana, həyat yoldaşı olmaq şərtilə
sosial vəzifələrini faydalı bir şəkildə
yerinə yetirə bilər. Ancaq bu şərtlər
altında o, uşaqlarına sosial yaşamda çox əhəmiyyətli
olan sağlam bir xarakter və iradə, yüksək
duyğular və sağlam düşüncələr
aşılaya bilər.
Ona gerçək inkişaf imkanı verməyən
boğucu hərəm havasının içində tamamilə
bir bitkiyə oxşar, həm də tənbəl bir
yaşayış sürən qadın irqin tənəzzülündə
də birinci dərəcəli rol oynayır. Əlifbanın
çətinliyi oxuma-yazma təhsilinə bərk əngəl
olduğundan müsəlmanların ağıl və ürəklərinin
aydınlanmasına aparan yolları qapayır. Qadın və
əlifba... Bax budur, müsəlman dünyasının onu
yavaş-yavaş ölümə sürükləyən iki
başlıca düşməni, iki əlacsız xəstəliyi...".
Bütün zamanlarda qadına münasibət bir ayrı
formada özünü büruzə verib. Elə Əhməd
bəy Ağaoğlunun eyni kitabında oxuyaraq İslamdan
öncə qadına edilən dəyərsiz münasibətin
tərəflərini görmüş oluruq. Əslində, Hz.Musa üçün ən
böyük sosial toplum fironun əlinin altında işləyən
qullar idisə, İsa təlimini də eşidən öncə
kasıb təbəqə idisə, elə Məhəmməd də
heç bir sosial statusu olmayan qadına güvənərək
bu yola çıxır. Bəlkə də
mübahisəli səslənə bilər. Amma söyləmək istədiklərim var. Nələrisə
gerçəkləşdirmək üçün kütləyə
ehtiyac duyulur. İstənilən zamanlarda,
istənilən konsepsiyanı həyata keçirmək
üçün. "Braxmanın
ayaqları" yazımda da eyni məsələyə ötəri
toxunmuşdum. Kasta qanunları kodeksindən
çıxış edəndə indusların ağız
büzməsi ilə ifadə etdikləri bütün (büt)
ayaqları olan kütlə möhtəşəm Braxmanın ən
lazımsız hissəsi kimi çirkin və iyrənc
xarakterizə olunur. Amma həmin bəyənilməyən
kütlə - ayaqlar həm də bədənin, orqanizmin, cəmiyyətlərin
hərəkətverici qüvvəsidir. Sadəcə,
onlar bəzən ayaq olduqlarını unudurlar. Elə firon məktəbini keçən Musa da
bütün bilgilərdən hali olunca, elmi, siyasəti, fəlsəfəni
və s.-yə yiyələndikcə həm də səltənət
istəyinə düşür. Amma fironun
qanı bir, canı bir övladı olmadığı
üçün hakimiyyətə keçmək nəsibinin
olmayacağını anlayır. O səbəbdən də
Musa alternativ variant olaraq kütləni seçir. Qulları seçir. Onları
inandırmağı bacarır və böyük bir qüvvəyə
daldalandığını hiss edir. Bəli, qızıl dana xəyanəti olsa belə, ara-sıra
aclıq imtahanı ilə onları üz-üzə qoyaraq istədiyi
məcraya gətirə bilir. İlahi, axı hər şey həm
də belədir! Eynilə İsa kimi, eynilə
Məhəmməd kimi.
O Məhəmməd ki, onun gətirdiyi islahat köhnə
beyinləri, köhnə düşüncəni narahat edirdi. Cəmiyyət,
daha doğrusu, köhnə hakim təbəqə reformaya
hazır deyildi. Məhəmməd isə
inadkarcasına hər şeyin onun istədiyi kimi
olacağına çox inanırdı. Nazik
səndəlləri ilə evindən çıxanda yolunun
üstünə səpilən qaratikanlar ayaqlarını qana
bulaşdırırdı onun. Bu
yaraları qadınlar sarıyırdı. O qadınlar
ki, Məhəmməd onlara, Cənnət sənin ayaqların
altındadır, - deyirdi. İlahi, hər
şey eynilə beləydi. O qadınlara Məhəmməd
tərəfindən təlqin olunan bu psixoloji güc onlarda
özünəgüvən yaradırdı. Qadın dərk
edirdi, mənim çağamı, qız balamı heç kim diri-diri torpağa gömə bilməz, -
deyirdi, üsyan edirdi artıq. Evlərin
qızları, qadınları, həyat yoldaşları
ayılmağa başlayırdı. Oyanış nə
gözəldir!
Türk qadınının həyat tərzində vəziyyət
başqa cür idi. İslam bizim torpaqlara qədəm qoyana qədər
türk qadını kişisi ilə birgə at
çapırdı, döyüşlərdə iştirak
edirdi, Amazon ruhuna sahib idi. Diplomat qadın
olaraq kişilərdən heç də geri
qalmadığını hər hərəkətilə
sübut edirdi. Dillərdə əzbər olmuş gender
bərabərliyi mərhələsini ulu nənələrimiz,
ulu babalarımız çox gözəl bilirdi. Kimsə kimsənin haqqına və azadlıq sərhədinə
daxil olmurdu. Qadının və kişinin
yolu və mövqeyi bəlli idi. Onun
bürünməyə, sarınmağa, gizlənməyə
ehtiyacı yox idi. O, gerçək idi, o, var idi, o, qəhrəman
idi. Elə bu bacarığı, bu
hökmranlığı, mərdliyi yadelliləri
qorxutduğundan ərəb dünyasından çox-çox
fərqli olan türk qadını gerçəkliyini mifə
çevirmək üçün, müti qadın cəmiyyətinin
müti insan yetişdirmə istəyinə arxalanaraq tamamilə
doğru olmayan müsəlman ideologiyası - qadını
kilidləmək metodikasını gerçəkləşdirmək
istəyirlər bizim üzərimizdə. Bu
çanaq bizim başımızda çatlayır. Bu, Məhəmmədin öyrətdiyi, təbliğ
etdiyi ideologiya, islahat platforması deyildi. Sadəcə,
tarixi məsələlər, hegemoniya - yerlərdə bərqərar
olmaq istəyi bu prosesi labüd etdi. Cəmiyyəti məhv
etmək istəyirsənsə, qadını məhv et.
Böyük
siyasi, tarixi gəlişmələrdən sonra Müsəlman
Şərqinin ilk Cümhuriyyəti parlaq zəka sahiblərinin
yardımı ilə türk qadını ruhunu üzə
çıxardı, ona kimliyini xatırlatdı, ona seçki
hüququ verdi. Məhəmməd Əmin Rəsulzadə
də Rəsul idi, elçi idi...
Əhməd
bəy Ağaoğlunun eyni məqaləsində yazılır:
"Müsəlman dünyasını oyandırmaq
üçün, onu mədəni millətlər cəmiyyətinə
qatmaq üçün şiddətli bir sarsıntıya
ehtiyac var. Müsəlmanların da, öz təkamül mərhələlərini
keçirmələri, aralarından iradəli, cəsur və
fədakar bir adamın çıxması gərəkdir. Belə bir islahatçı bilavasitə müsəlmanlıqda,
onun tarix və ənənələrində bərəkətli
bir torpaq tapacaqdır. Təkrar edək: nə
"Quran", nə şəriət şəxsən yeniliyə
əngəl deyildir. Ancaq bunların təbliğatçıları
- üləmalar və şeyxlər şəxsi mənafeləri
naminə müsəlmanlığa mədəniyyətlə
uzlaşmayan bir mahiyyət verməyə
çalışmışlar. Misir
islahatçısı Məhəmməd Əli, Misir şeyxlərini
və üləmasını üç cərgə əsgərlə
mühasirəyə aldığı sarayına toplayıb,
layihəsini hazırladığı İslahat fərmanına
ölüm qorxusu altında qol çəkdirərkən bunu
çox yaxşı anlamışdı".
Tarix səhifələrimizi vərəqlədikcə Azərbaycan
qadını stixiyası bir ildırım kimi bizi vura bilir. Hətta
görünməsi mümkün olmayan zamanlarda belə o
qadınlar adlarını qızıl hərflərlə tarix
səhifələrinə həkk etdirir. Varlığı,
kimliyi bilinməsə də o qadınların dilindən
qopmuş bayatılar, nəğmələr, laylalar indiyənə
qədər eyni qadın zərifliyi ilə dilimizdə səslənir.
"Oxuma!", "yazma!",
"danışma!" deyilsə də o qadınlar
xalça naxışları arasında danışıb,
yazıb, oxuyub.
Dünyanın çirkli qanunları nə etsə
də bu gerçəkliyi gizlədə bilməyəcək.
Yaranışı Adəmin mifik qabırğasından gəlsə
belə, əyri bumeranq kimi uzaqlara atılıb unudulmağa
çalışdırılsa da yenidən həqiqət kimi
cəmiyyətlərə qayıdacaq qadın. Hər dəfəsində
də doğuluşu, özünü xatırlaması
möhtəşəm olacaq. Külündən yaranan, dəfələrlə
ölən və dəfələrlə dirilən Simurq
quşu kimi alovlar içindən bərqərar olmağı
bacaracaq. Qadınlıq xarakterinin nə olmasını bildirərək
Sara Xatun kimi, Nüşabə, Tomris ana kimi, Tuti Bikə kimi,
Natəvan kimi, Həcər kimi, sadiq Burla xatun kimi,
Şükriyyələr, Hənifələr, Gültəkinlər,
çoxu kimi zühur edəcək. Hər dəfəsində
də bəli, mən qadınam, sözünü mərdi-mərdanə
deyə biləcək.
Günel EYVAZLI
Ədəbiyyat.-
2020.- 7 mart.- S. 27.