Bir ömür sevgi...
Anamın əziz xatirəsinə
Anadan
soruşdular: - Övladlarından hansını daha çox
istəyirsən?
Ana cavab verdi: - Böyüyənə qədər ən
kiçiyini, sağalana qədər xəstəsini, evə
qayıdana qədər səfərdə olanını və
nə qədər
ki, nəfəs alıram hər birini.
Ailədə iki oğlan, bir qız idik. Yaşda
böyük olan bacım və kiçik qardaşımla iki
yaş fərqimiz var idi. Atam
ekskavatorçu ixtisası üzrə peşə məktəbini
bitirdiyindən onu işləmək üçün qonşu
rayonlara göndərirdilər. Günlərlə,
bəzən isə həftələrlə evə gələ
bilmirdi. Ailənin bütün yükü
anamın zərif çiyinlərində qərar tutmuşdu.
Üstəlik də, insanların məcburi cəlb
olunduqları sovxoz işləri bitib-tükənmək
bilmirdi. Gecələr yuxuya gedərkən
bədənindəki ağrılardan ufultusunu eşidənlərin
anamın bu dəqiqə ölümə təslim
olacağını düşünməkdən başqa
çarələri qalmazdı. Onun köməyi,
"arxa, dayağı" isə bacım idi. Yaşından tez böyüsə də səkkiz
yaşı hələ tamam olmayan bacım. "- Sən
daha böyük qızsan" - kəlmələrinin dağ
ağırlığını öz arıq, sısqa
çiyinlərində bütün günü daşıyan
bacım.
Həmin ili qış çox sərt keçirdi. Hər tərəf bəmbəyaz qarın
ağuşunda idi. Evlərin damlarından
buz sırğaları nərdivan kimi göydən
sallanırdı. Soyuq iliyə kimi işləyir,
insanın bütün için-içalatını dondururdu.
Nəql edəcəyim hadisə həmin soyuq qış
günlərinin birində baş verdi.
Səhər tezdən işə gedərkən anamın
"Uşaqların yerini isti edərsən", -
tapşırığını can-başla yerinə yetirən
bacım eyvandakı odun topasından qucaqlayıb gətirdiyi
odunları növbəti dəfə peçə doldurdu. Sönməkdə
olan közlərin üstünə yığılan odunlar
tüstüləyə-tüstüləyə
alışıb yanmağa başladı. Bacım yumurta
qaynadıb səbir və hövsələ ilə günorta
yeməyimizi verdi, çayımızı
içirtdi. Mən və qardaşım, hərəmiz
bir tərəfdə oyuncaqlarla oynayırdıq. İstinin təsirindən, bir tərəfdən də
götür-qoyumuzdan yorulub əldən düşən
bacım oturduğu yerdəcə yuxuya getmişdi. Hər
şey qəfil baş verdi. Qardaşımın
qışqırıq səsinə yerimizdən dik
atıldıq. Bacım çətinliklə
də olsa köz kimi qızarmış peçin
üstündə çabalayan uşağı birtəhər
yerə sala bildi. Qardaşımın
üz, qol və ayaq dərisi hələ də
cızhacızla yanırdı. Nə qədər
vaxt keçdiyini bilmədik, amma bu vaxtda
qışqırtımızı, ağlayıb şivən
qoparmağımızı eşidən-bilən, səsimizə
səs verən olmadı.
Evə dönüb qardaşımın faciəsindən
xəbər tutan anam havalanmadısa, Allahın bizə
yazığı gəldi. Səsi göyə
bülənd olan qardaşımı görən anamın
qışqırtısı bu anda da qulaqlarımda səslənir.
Uşağı qucağına götürmək istəyəndə
bihuş halda yerə yıxılması, mənim və
bacımın onun üstünə sərilməyimiz, bədənindəki
ağrılardan qovrulan qardaşımın da anasını
qucaqlayıb: "Ana! Ana!" - deyib
şivən qoparması indi də gözüm önündən
getmir və yəqin ki, son nəfəsimə kimi xatirimdən
çıxmayacaq. Qışqırıq səsimizdən
anamızın bihuş halı az çəkdi.
Yazıq arvad hövüllü çölə atıldı,
yarım metrdən artıq qarın içində o yan, bu yana qaçıb insanları köməyə
çağırdı. Yenidən evə
qayıdıb ağlamağa belə taqəti qalmayan
qardaşımı sinəsinə sıxıb yaralı bədənini
dönə-dönə öpdü. Qardaşım
anasını qucaqlayıb hıçqırtıyla
ağlayırdı. Mən və bacım
ağlamağı saxlayıb heyrət içində qol-boyun
olmuş ana-balaya baxırdıq. Dəqiqələr
sonra qonşuda yaşayan, anamın qohumlarından olan Səbiyyə
arvad bizə gəldi. Onun məsləhəti
ilə ilk əvvəl qardaşımın yarasına yumurta
ağı sürtüldü, sonrakı günlərdə isə
çinar ağacının qabığı sirkəylə
qaynadılıb alınmış maye ilə yanıqlara
kompres qoyuldu, yaralar bağayarpağının əzilmiş
yarpaqlarına büküldü. Qardaşımı
Bakıda və ya rayon mərkəzində xəstəxana
şəraitində müalicə etdirməyə maddi imkan
olmadığından türkəçarə müalicələrlə
kifayətlənməli olduq. Qardaşımın
yaraları çox gec sağaldı. Amma
yanıq yerləri, sanki qaynaq edilmiş kimi əcaib bir ət
örtüyü ilə bağlandı. Bir müddət
sonra isə yanıq yerindəki damarlar büzüşüb
yığılmağa başladı və hadisədən on
bir ay keçmiş...
Qardaşımın vəfatından sonrakı bir
neçə ildə ailəmizdə sevinməyə,
deyib-gülməyə, sanki yasaq qoyulmuşdu. Bu cür hisslərə
tamam yadırğamışdıq. "Zaman
bütün dərdlərin dərmanıdır" - nahaq
deyilməyib. Get-gedə hər şey
öz məcrasına düşdü, bircə anamdan
başqa. Arvadın üzü
gülmür, ürəyi heç açılmırdı.
Toy-düyündə də göz
yaşlarını saxlaya bilmirdi. Həmin vaxt əhvalımızın
pozulduğunu görəndə: "Ay bala, sevincimdən
ağlayıram" - deyə bizə ürək-dirək
verirdi. Hamımız bilirdik ki, anamız bizi sakitləşdirmək
üçün belə deyir...
Atam
üç il olardı ki, vəfat
etmişdi. Beyin insultundan komaya düşüb
sonrakı on gün ərzində bir kəlmə danışa
bilməyən atamın bu cür ölümü anamı
çox üzürdü. Yazıq arvad oturub-durub deyirdi
ki, "Allaha bir can borcumuz var, amma bircə istəyim odur ki, məni
dilsiz-ağızsız bu dünyadan aparmasın". Anamın dərdinin üstünə bir dərd də
gəlmişdi. Dəfələrlə
şahidi olmuşdum ki, anam təkliyinə salıb
xısın-xısın ağlayır. Eşidirdim
ki, getdiyi hüzr məclislərində nakam qardaşım
üçün, atam üçün oxşamalar deyir. Gecə-gündüz qulluğunda dursam da arvad get-gedə
geriləyirdi. İnsafən, həyat
yoldaşım və balalarım da onun bir sözünü iki
eləmirdilər. İşdən evə gəlib
anamın bu halını görəndə və ya evdəkilər
xəbər verəndə ki, o otağında saatlarla
ağlayıb, onu qucaqlayar, öpüb oxşayardım,
özünə bu zülmü rəva görməsinin səbəbini
soruşardum. Hər dəfə bir bəhanə
ilə sualımdan yayınardı.
- Qoca
arvadam da, indi mənim həyatım xatirələrə
bağlıdır. Olub-keçənləri yada
salıb yaşayıram. Mənə fikir
vermə, - deyirdi. Sonuncu dəfə, hardasa bir ay əvvəl
çox yalvar-yaxardan sonra anam nəhayət ki, dərdini
açdı:
- Sən
mənim ağıllı balamsan. El içində
başımı həmişə uca eləmisən. Səndən razıyam, zəhmətimi də sənə
çoxdan halal etmişəm. Oğlum,
ürəyimdəki sağalmaz yara qardaşınla
bağlıdır. Onun dərdi son nəfəsimə
kimi məni yandırıb-yaxacaq. Qəbir
evinəcən bu dərdi çəkəsi olacağam. Uşağı dünyaya gətirmək Allahın əmridir,
onu qorumaq isə mənim borcum idi. İşə gedən
yerdə kaş ayaqlarım qırılaydı... Balamı qoruya bilmədim. Gözəl-göyçək,
mələk üzlü balam əlimdən getdi. Mən bu dərdi necə çəkim, ay bala?
Mən kimi ananı...
Göz yaşı sözünü bitirməyinə
imkan vermədi. Anamın qırışla dolu məxmər
kimi üzünə axan göz yaşı ordan çənəsinə,
boynuna tökülürdü. Dəhşətli
bir yanğı ilə, hıçqırıqla
ağlaması ürəyimi parçaladı. Tez onu qucaqlayıb sinəmə sıxdım. Bir müddət belə qaldıq, sanki yerimizdə
donmuşduq. Aralanıb göz
yaşlarını sildim. Anam bir az
toxtaqlıq tapıb sözünə davam etdi:
-
Atanın ölümü də bir tərəfdən. Oğlum, sən də, ailən də mənim
üçün hər şey edirsiniz, hər cür qulluğumu
tutursuz. Bəyəm məsələ təkcə
yeyib-içməkdə, geyinib-kecinməkdə, gəzib-dolanmaqdadımı?
Yox, oğlum, sən mənə nə qədər
əziz olsan da, atan mənim ruh dostum, həmdərdim,
ömür-gün yoldaşım idi. Axı,
ona deyə biləcəklərimi sənə deyə bilmirəm.
Həm də gör neçə illər biz bir
yastığa baş qoymuşuq. Onun ruhu
indi mənim canımda, qanımdadır. Bağışla
məni oğlum, bağışla ki, bu sözləri sənə
deməyə məcbur oldum.
Uzun
yalvar-yaxardan sonra anam söz verdi ki, bir də
ağlamayacaq. Bilirdim ki, bu sözü də məni
sakitləşdirmək üçündü.
Çünki hər dəfə məni qucaqlayanda
yaşarmış gözləri ilə əlini bədənimdə
gəzdirib xəyalında tapdığı "yanıq yerləri"ni sığallayıb ah-uf etməsini anlamamaq
mümkün deyildi. Mən artıq çoxdan
bilirdim ki, anam üçün ən istəkli övlad illərdi
ki, mən deyildim.
...Anamın
halı tez-tez dəyişirdi. Müayinələr
göstərirdi ki, onun səhhətində çox ciddi
problemlər var, xüsusən də beyin-qan dövranında və
ürək sistemində. Müalicələr
də lazımi effekti vermirdi. Buna rəğmən
müayinə və müalicələrə ara
vermirdim.
Aprel ayının axırları olsa da, yazın gözəlliyi
insanı valeh edirdi. Hər tərəf yam-yaşıl,
gül çiçək içində idi. Ağac və kollardakı rəngbərəng
çiçəklər insanlara könül xoşluğu bəxş
edirdi. Təbiətin bu gözəlliyinə
rəğmən anamın əhvalı da pis deyildi. Hər halda özü belə deyirdi. Buna nə
qədər sevinsəm də iş yerindən xarici ölkələrin
birinə bir aylıq xidməti ezamiyyətə göndərilməyim
barədə qəfil xəbər əhvalımı
korladı. Anamın məsləhəti
olmasaydı bəlkə də bundan imtina edərdim.
-
Oğlum, get, bu da bir fürsətdir düşüb.
Həm dünyanı gəzib görərsən,
həm də işinin xeyrinə olacaq. Mən
da şükürlər olsun ki, yaxşıyam.
Evlə tez-tez əlaqə saxlayırdım. May
ayının 6-da, atamın ad günündə etdiyim zəngdən
sonra gözlərimə qaranlıq çökdü. Növbəti göz yaşlarından sonra anamın
halı pisləşmiş və komaya
düşmüşdü. Mən anamın səsini
eşidə bilmədim.
Evə gəlməyim mayın on birinə təsadüf
etdi. Anamı öz otağında yerdə,
yorğan-döşəkdə üzü qibləyə
uzatmışdılar. Artıq həkimlər
dava-dərmanını kəsmişdilər. Otaqda bacım, bir-iki yaxın qohumumuz və ən
yaxın rəfiqəsi var idi. Otağa girən
kimi anamın ağappaq, donmuş sifətini gördüm,
gözləri dərhal mənə zilləndi. Mən doluxsunsam da ona əziyyət verməmək
üçün ağlamağıma güc gəldim. Yaxınlaşıb yanında çöməldim, əyilib
gözlərindən öpdüm. Anamın
göz bəbəkləri hərəkətsiz idi. Dikələndə anamın gözlərindən
qulaqlarına tərəf axan göz yaşlarının bəmbəyaz
saçlarına qarışdığını
gördüm. Dəsmalımla gözlərini,
yanaqlarını sildim, saçını oxşamağa
başladım. Bu arada qapı
açıldı. Bacımın gəlini
iki ay əvvəl dünyaya gəlmiş uşağı ilə
otağa girdi. Bacım nəvəsinə
nakam qardaşımın adını qoymuşdu. Uşaq
anasının qucağında əl-qolunu oynatmaqla, sanki yerə
düşüb can üstündə olan
"anasını" qucaqlamaq istəyirdi. Hava
isti olduğundan uşağın əynində qolsuz köynək
və qısa tuman var idi. Bacım uşağı
qucağına alıb anamıza tərəf əyildi və
astadan qulağına:
- Ana, bax,
oğlun Bəxtiyar görüşünə gəlib - dedi.
Anamın baxışları toppuş əllərini irəli
uzadıb qırıq-qırıq, anlaşılmayan səslərlə
"danışan" uşağa tərəf dikildi. Uşağın
ilıq, ətirli nəfəsindən simasına bir məmnunluq
ifadəsi hakim kəsildi. Birdən yuxudan
ayılan kimi oldu, gözləri alacalandı. Çətinliklə də olsa sağ əlini
yuxarı qaldırdı. Bacım
uşağı yaxınlaşdıranda anam əlini onun bədənində
gəzdirdi. Arvadın üzü
anındaca nurlandı, simasını bir sevinc
işığı bürüdü. Gözlərinin
kənarı qırışlandı və ... qolu
üstünə düşdü. Hıçqırıq
səsləri otağı başına götürdü.
Anamın sevinc dolu gözləri naməlum bir nöqtədə
ilişib qalmışdı. Onun nura boyanmış
siması İlahi bir sevgiyə bürünmüşdü.
Mən anladım ki, son nəfəsində nakam
oğlunun bədənindəki "sağalmış"
yaraların sevincini yaşayan anamın mələk ruhu bu
dünyanı məmnun halda tərk etmişdir.
Qafar CƏFƏRLİ
Ədəbiyyat qəzeti
.-2020.- 7 mart.- S.29.