Əfsanəvi Promedeya
Ananta Tur
İndoneziya ədəbiyyatı
Müasir İndoneziya ədəbiyyatının görkəmli
nümayəndələrindən biri Promedeya Ananta Tur
(1925-2006) yaşadığı dövrdə canlı əfsanə
hesab olunub. Əsərləri yeni süjet, mövzu, xarakterlərlə
çağdaş nəsri zənginləşdirib, bir
çox dünya dillərinə tərcümə edilib.
A.Tur 6 fevral 1925-ci ildə Mərkəzi
Yavanın Blora qəsəbəsində dünyaya gəlib.
Atası müəllim və siyasi fəal
olduğundan övladlarını ədalətli, vətən
uğrunda canından keçməyə hazır olan vətəndaşlar
kimi tərbiyə edib. Atasının zəngin kitabxanaya
malik olması uşaqlıqdan P.A.Turun kitablarla tanış
olmasını təmin etmiş,
dünyagörüşünün formalaşmasında
mühüm rol oynayıb. Məktəbi bitirdikdən
sonra kiçik qəsəbədə qalaraq heç nə əldə
edə bilməyəcəyini anlayan P.A.Tur Suraba şəhərinə
getmişdir. O, burada jurnalistika ilə maraqlanmış,
ancaq buraya gəlməyindən çox keçməmiş dəmiryolçuların
və metalistlərin üsyanı başlayıb. Bu üsyanlarda iştirak edən Tur daha sonra paytaxt
Cakartaya gedərək, müstəqillik uğrunda
vuruşmalarda yaxından iştirak edib. P.A.Turun
uşaqlıq, gənclik illəri ölkənin ən çətin
günlərinə təsadüf etmişdir.
1942-ci ildə yaponların işğalı zamanı gənc
nəsil əlində silah mübarizəyə qalxır. P.A.Tur da
yaponlara qarşı mübarizəyə qoşulan ilk könüllülərdən
olur. İlk əsərlərini bu dövrdə qələmə
alan gənc yazıçı
özünün və silahdaşlarının real
obrazlarını yaratmışdır. Hollandların
yaponlarla mübarizəsi acınacaqlı halda olan yerli
xalqın vəziyyətini daha da
ağırlaşdırırdı. Ölkə
aclıq və səfalət içində idi. Əsərlərinin
qəhrəmanları xalq içərisindən çıxan
sadə, zəhmətkeş insanlar olan P.A.Tur
böyüyüb başa çatdığı kiçik qəsəbənin
əsrarəngiz, zəngin təbiəti ilə səfalət
içində yaşayan xalqının təzadlı vəziyyətini
"Blora haqqında hekayələr" kitabında
bütün çılpaqlığı ilə təsvir edə
bilmişdir. Müəllif bu hekayələri gənc
yaşda yazmasına baxmayaraq, dövrünün problemlərini
bədii boyalarla əks etdirə bilmişdir. Təəssüflə qeyd etməliyik ki, ədibin
heç bir irihəcmli əsəri Azərbaycan dilinə tərcümə
edilməyib. 1971-ci ildə yeganə ana
dilinə tərcümə olunan "İnem" hekayəsi
"Blora haqqında hekayələr" kitabına daxildir.
Hekayədə kasıbçılıq,
nadanlıq, gerilik, kiçik yaşda qızların ərə
verilməsi müəllifin əsas tənqid hədəfləridir.
Əsərin baş qəhrəmanı İnem
səkkiz-doqquz yaşlarında bir qızdır, ailəsi maddi
ehtiyaclar ucbatından qızlarını kiçik yaşda ərə
verməyi qərara alırlar. Ali təhsilli
qonşunun dilindən verilən hekayədə bütün
problemlərin əsas qaynağı kimi təhsilsizlik,
savadsızlıq qeyd olunur. Hekayənin
sonunda isə ər evindəki iztirablara dözməyən
qızcığaz ailəsinin yanına qayıtsa da, ailəsi
onu qəbul etmək istəmir, onu fərqli əzablara məruz
qoyurlar. Hekayə "Bəzən
İnemin tükürpərdici iniltisi eşidilirdi. Belə vaxtlarda şəhadət barmaqlarımla
qulaqlarımı tıxayırdım" sözləri ilə
tamamlanır. Dünyanın hansı
ölkəsində yaşamasından asılı olmayaraq cəhalətə,
maarifsizliyə qarşı mübarizə
yazıçıların, mütəfəkkirlərin həmişə
ən böyük dərdi olmuşdur.
Ananta Turun gənclik illərində xalqın mədəni
vəziyyəti ürəkaçan deyildi. İşğal
altında olan ölkədə mədəniyyət və ədəbiyyat
inkişafdan qalmış, ənənələr üzərində
davam etdirilmiş, müasir standartlara cavab verməmişdir.
...Lakin
İndoneziyanın müstəqilliyini elan etməsinə
baxmayaraq, Hollandiya hökuməti ərazidən çıxmaq
istəmir, siyasi fəalların həbs olunması haqqında
yeni qərarlar qəbul edirdilər. Gənc
yaşda olmasına baxmayaraq, P.A.Tur əsərləri ilə
xalqın sevgisini qazanmış və məşhurlaşmışdı.
Onun siyasi çıxışları, müstəqilliyin
qorunub saxlanması üçün apardığı
mübarizələr 1947-1949-cu illər ərzində hollandlar
tərəfindən həbs olunması ilə nəticələndi.
Həbs illərində ədib ilk irihəcmli əsərlərini
qələmə alır. İlk romanı
"Qaçaq" ("Perburuan") da hadisələr
Yaponiyanın İkinci Dünya müharibəsindəki
müttəfiq qüvvələrə təslim olduğu
gündən əvvəlki gecə Şərqi Yavada yerləşən
Blora şəhərində cərəyan edir. P.A.Tur əsərin
ideyasını oxuculara bu sözlərlə
çatdırır: "Bir zülm rejimi üçün
çalışan hər kəs zalımdır. Hansı vəzifədə işləməsindən
asılı olmayaraq, hamısı eynidir". Ədib bu sözlərlə həm hollandlara xidmət
edən, həm də yaponlarla əlbir olan yerli məmurları,
satqınları tənqid edir, onların xalqa zülm etdiklərini,
gələcəyi, müstəqilliyin gətirəcəyi
xoş günləri məhv etdiklərini göstərməyə
çalışmışdır. Baş
qəhrəman Hardonun öz kəndinə, ailəsinə
yalnız İndoneziya müstəqil olduqdan sonra
qayıdacağını bildirməsi P.A.Turun gec və ya tez
İndoneziyanın müstəqil olacağına olan
inamının ifadəsidir. Müəllifin
özünün yaponlara qarşı vuruşması, həmin
hadisələrin birbaşa iştirakçısı
olması əsərin hər cümləsində öz bədii
əksini tapmışdır. Romanın
ikinci hissəsində müəllif təsadüf nəticəsində
qarşılaşan ata və oğul təsvir etmişdir.
Əvvəllər kənd valisi olan ata artıq
yaponlardan qaçan bir qumarbaza çevrilmişdir. Müəllif ata obrazının simasında həmin
dövr üçün səciyyəvi olan bir qisim insan tipini
ümumiləşdirmişdir. Bu insanlar
yaponlara xidmət etdikləri üçün peşman olan,
yaponların hər bir işğalçı kimi ancaq öz mənfəətlərini
düşündüklərini və öz mənfəətləri
uğrunda yerli xalqı istismar etdiklərinin fərqinə
varanlardır. Romandakı ən ziddiyyətli
və oxucu üçün tam açılmayan obraz zabit
Karmin surətidir. P.A.Turun humanist fikirlərinin
daşıyıcısı olan Hardo Karminin xəyanətinə
baxmayaraq, onun bu hərəkətini müxtəlif səbəblərlə
əsaslandırmağa çalışırdı. Ədib insanların həyatının dəyişməsinə
səbəb olan ən böyük qüvvələrdən
birinin eşq olduğunu vurğulayır. Karminin
də onlara xəyanət etməsinin başlıca səbəbi
kimi nişanlısının onu tərk edib başqası ilə
evləndiyi üçün depressiyaya düşməsində
görür. Düzdür, Karminin bu səbəblə
dostlarına, vətəninə xəyanət etməsi əsərin
təsir qüvvəsini azaldır, çünki heç bir
qadına olan sevgi vətənə, torpağa olan sevgidən
üstün ola bilməz. 1949-cu
ildə Buki Duri həbsxanasında yazılan bu əsər
müəllifin ilk qələm təcrübələrindən
olmasına baxmayaraq, İndoneziyanın həmin dövrdəki
tarixini, acı günlərini, əsrarəngiz təbiətini
(əsərdə çox gözəl peyzaj nümunələri
yaradılıb), sadiqliyi, xəyanəti peşəkarlıqla
oxucuya təlqin edə bilmişdir.
Müstəqillik uğrunda mübarizə illərində
hərbi müxbir işləyən P.A.Tur həbsdə olarkən
gərgin şəkildə yaradıcılıqla məşğul
olmuşdur. "Qaçaq" əsərindən başqa,
"Partizan ailəsi" ("Keluarga gerilya"), "Bekasi
çayının sahilində" ("Di tepi kali Bekasi")
romanları bu dövrün məhsuludur. Bu
əsərlərdə ədib müharibənin törətdiyi
fəlakətləri, azadlıq uğrunda canından keçməyə
hazır olan fədai obrazlarını böyük ustalıqla
yaratmışdır. "Bekasi
çayının sahilində" əsərində müəllif
iştirakçısı və şahidi olduğu mübarizə
illərindəki hadisələri qələmə alarkən
yazırdı ki, biz vuruşmağı elə müharibədə
öyrəndik, bu döyüşlər bizi köləlik
hissindən azadlıq hissinə qədər yüksəltdi.
Müəllif "Partizan ailəsi" əsərində
yadellilərə satılan ata obrazını yaratmaqla
yanaşı, Saaman kimi canından keçməyə hazır
olan gənc nəslin nümayəndələrini
canlandırdı, İndoneziyanın müstəqilliyini daim
qoruyacağını sadə xalq dilində peşəkarlıqla
ifadə etdi. Valideynlərini və
böyük qardaşlarını itirən kiçik
uşaqların simasında müəllif bədbinliyə
qapılmadı. Mərhəmət, sədaqət,
insanlıq, xoşbəxtlik məfhumlarının heç
vaxt ölmədiyi qənaətinə gələn ədib yeni
nəslin daha gözəl günlər yaşayacağı
ümidi ilə əsəri tamamladı.
Yeni qurulmuş İndoneziya Respublikası qısa müddət
sonra siyasi və iqtisadi böhranla qarşılaşdı. Uzun müddət
azadlıq uğrunda edilmiş müharibələr iqtisadi
baxımından zəif olan ölkəni daha da geri
salmışdı. Ölkədə
kasıblıq, aclıq tüğyan edirdi. Bu məsələlər 1950-ci illərdə
P.A.Turun yazdığı "Sübh",
"İnqilabın qığılcımları" adlı
hekayələr toplusunda öz əksini tapmışdır.
Ölkədəki vəziyyətdən təngə gələn
gənc zabitlər 1965-ci ildə hərbi çevrilişə
cəhd etdi. Onlardan çoxu ya həbsə alındı, ya da
öldürüldü. Ölkədəki
bu siyasi proseslər mədəniyyətə, ədəbiyyata
da təsirsiz ötüşmədi. Siyasi
görüşlərinə görə bir çox şair və
yazıçı ölkəni tərk etdi, həbs olundu və
ya sürgün edildi. Ananta Tur da kiçik
bir adaya sürgün edildi, əsərlərinin bəzilərinin
oxunması qadağan edildi. Yalnız 1980-ci
illərdə Cakartaya qayıtmasına icazə verildi. Görkəmli ədib bu tarixi hadisələri
üç hissədən ibarət trilogiyasında əks
etdirdi. 1980-ci ildə nəşr olunan
"Sülh adamı" romanı xalq arasında geniş
yayıldı. Trilogiyanın ikinci hissəsi
- "Xalqların oğlu" nəşr olunduqdan sonra P.A.Tura
qarşı qərəzli ittihamlar səslənməyə
başladı, onu yenidən sosializm ideyalarını təbliğ
etməkdə günahlandırdılar. Məhkəmədə
səsləndirilən ittihamları qəbul etməyən
müəllif 1985-ci ildə "Ayaq izləri" əsərini
yazıb bitirsə də, çapı qadağan edildi.
Ədib sonrakı dövrlərdə
daha çox kiçikhəcmli hekayələr və povestlər
qələmə aldı. "Şüşəli ev",
"Bir az sakit mahnılar" adlı avtobioqrafik əsərlərində
qarşılaşdığı çətinlikləri, məhrumiyyətləri,
gördüyü haqsızlıqları bədii dillə
oxucuların nəzərinə
çatdırmışdır. Əsərlərindəki
mübarizlik, azadlığın qorunub saxlanılması
üçün edilən fədakarlıq motivləri, ideya
xüsusiyyətləri özündən sonrakı İndoneziya
nəsrinə böyük təsir göstərərək
Ananta Tur ədəbi məktəbi yaranmışdır.
Leyla Ramazanova
Ədəbiyyat qəzeti
.-2020.- 31 mart.- S.29.