Azərbaycan -
çırpınan əlli milyon nidadır!
Azərbaycan
Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol
Paşinyanın "Qarabağ Ermənistanın bir hissəsidir
və nöqtə" sərsəm bəyanatına verdiyi
"Qarabağ Azərbaycandır və nida!" cavabı
özünün tutarlılığı, müdrikliyi, siyasi
ağırlığı ilə bir tarixi mahiyyət kəsb
etdi. Azərbaycan Prezidentinin bu bəyanını fərqləndirən,
siyasi informasiya məkanında son dərəcə təsirli
effekt yaradan həm də onun yüksək ümumiləşdirmə
gücünə malik obrazlı ifadəsidir. Bu "Nida"
Azərbaycan siyasi şüuru ilə ədəbi
şüurunun təmas nöqtələrindən
(nidalarından!) birinə çevrildi. Siyasi şüur bu
qoyduğu "Nida"nın mövcud tarixi geosiyasi gerçəklikdə
reallaşdırılması imkanlarına yönəlir, ədəbi
şüur isə bu "Nida"nın emosional içəriyinin,
tarixi məzmun və əhəmiyyətinin düşüncə
və hisslərə daşınması vəzifəsini həyata
keçirir.
Eşitdinmi,
duydunmu - püskürmədə o vulkan,
Bir an
qulaqlarından əskilməsin o səda.
Bu xalqın nifrətinə,
qəzəbinə sıxılan
Əsrlərin
bağrından qopub gəldi o "Nida!".
Siyasi şüur fəaliyyətin
məzmun və istiqamətini müəyyənləşdirmişdir,
özünün ölçü-biçiləri və qətiyyətilə
bu "Nida"nı qoymuşdur, ədəbi şüur isə
öz obrazlılığı, ümumiləşdirmə
gücü, hiss və düşüncənin qatlarına
sirayət edə bilmə imkanları ilə bir daha bu
"Nida"nın emosional - idraki təsdiqini verir. Ədəbi
şüur təsdiq edir ki, "taleyin
yazısını", "tarixin gedişini"
"çırpınan tükəniş",
"köpükdən fırtına" olan "əsrlərə
bulaşmış xain xislətindən kim olduğunu daha
bütün insanlığın bildiyi" paşinyankimilər
"nöqtələyə" bilməz. Xocalı kimi əsrin
faciəsi törədilən bu yaralı torpaqda yallı
oynayan "əsrin zavallısı"nın başı
üzərində bir azdan "uçuşan mərmilərin
və raketlərin yallısı" oynanılmalıdır və
oynanılacaq! Ədəbi şüur təsəvvür və
təxəyyül imkanlarını genişləndirərək
siyasi şüurun qətiyyət və cəsarətlə
qoyduğu "Nida"nı "püskürən
vulkan"a, "milyonların ayaqda hazır durması"na,
"bundan sonra bu xalqın hər bir nəfərinin ayaq
üstə doğulmasına və ölməsinə",
"şəhidlərin nida kimi ayaqda gömülməsi"nə,
"Qarabağın bağrına qoyulacaq ya məzar
daşına, ya da bayrağıma" çevirir. Ədəbi
şüur:
Azərbaycan -
çırpınan əlli milyon nidadır
Ali Baş
Komandanın bir "Hücum" kəlməsinə!
- deyərək bu
"Nida"nı öz ünvanlandığı yerə -
idrakın dərinliyinə və emosiyaların yüksəkliyinə
daşıyır.
Yaradıcılığında
ictimai-siyasi, hərbi vətənpərvərlik mövzularına
geniş yer ayıran, "Ver, ver bizə zəfəri",
"Lələtəpə dastanı", "Ölkəm əmin
əllərdədir" və s. kimi onlarca əsəri dərc
edilən, ədəbi tənqid tərəfindən yüksək
qiymətləndirilən Arzu Əsədin Azərbaycan
Respublikası Prezidentinin müdriklik, qətiyyət və cəsarət
rəmzinə çevrilən "Qarabağ Azərbaycandır
və nida!" ifadəsinin doğurduğu ruhun təsirilə
yazdığı və "Ədəbiyyat qəzeti"ndə
dərc etdirdiyi şeiri həm də 30 ilə yaxın Azərbaycanın
müstəqillik uğrunda və müstəqillik əldə
etdikdən sonra apardığı tarixi mübarizənin bədii
Nidası kimi səciyyələndirilə bilər.
Azərbaycan
Prezidentinin səsləndirdiyi bu ifadə bir xalqın iradəsini
əks etdirməklə ölkənin ictimai-siyasi həyatında
baş verən bir çox tarixi əhəmiyyətli proseslərin
məntiqinin, ruhunun ifadəsinə çevrilməkdədir. Məhz
buna görə Arzu Əsəd əsasən son bir neçə
ilin məhsulu olan əsərlərini bu ifadə altında bir
kitab şəklində dərc etdirmək qərarına gəlmişdir.
Şair öz ölkəsinin Ali Baş Komandanının
işğalçı ölkənin başçısına
cavab olaraq dediyi "...və nida!" ifadəsini deyildiyi
kontekstlə bərabər, həm də bu kitaba daxil etdiyi Azərbaycanın
mübarizəsi, sabitliyi, inkişafı, qələbə əzminin
poetik təcəssümü olan əsərlərinin məzmunu,
ruhu, intonasiyası ilə əlaqələndirmişdir. Bu Nida
həm də Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində
Azərbaycanın müstəqilliyinin geri dönməzliyinə,
Lələtəpədə əldə edilən zəfərin
bundan sonrakı daha böyük qələbələrin
başlanğıcı olacağına, "bundan sonra
zamanın, tarixin bizə çalışacağına",
"Azərbaycanın öz kökü üstündə
ruhdan, candan dəyişdiyinə" - ölkə rəhbərinin
apardığı islahatların davamlı səciyyə
daşıdığına, "ölkənin əmin əllərdə
olduğuna" və daha da inkişaf etdiriləcəyinə
sarsılmaz inamın ifadəsidir. Bu Nida
işğalçıya "Dayan!" deyən bir
"xalqın, bir sərkərdənin, bir ordunun, tarixin, təbiətin,
şəhid ruhlarının və şəhadətə
qoşan ruhların" sarsılmaz duruşunun, eləcə də
ölkənin qarşısında duran tarixi vəzifələrin
həllindəki prinsipial və qətiyyətli mövqeyin,
düşünülmüş, ardıcıl və məqsədyönlü
siyasətin xarakterindən doğan qətiyyətin ifadəsidir.
Real həyatda məntiqə, onillərin gərgin əməyinə,
addım-addım qazanılan nailiyyətlərə, tarixi ədalətə
və beynəlxalq hüquqa əsaslanan bu "Nida"
şairin poetik anlam və ifadəsində də bir sənətkarlıq
məharətilə müasir Azərbaycan gerçəkliyinin,
müstəqillik uğrunda mübarizənin müxtəlif
aspektlərini əks etdirən poetik inikasların bir-birilə
əlaqəli, sistemli bir şəkildə qurulduğu bir
kompozisiya bütövlüyünə, məna vəhdətinə
malik bir kitaba çevrilmişdir. Kitabın
açılışını, eləcə də
bütün ruhunu əks etdirən "Və Nida!"
şeirindən sonra gələn "Mən səni
sındırdım Lələtəpədə" şeiri və
"Lələtəpə dastanı" lirik-siyasi poeması "Qarabağın
bağrına o Nida qoyulacaq!" bədii sonluğunun
yalnız bir poetik istəyin ifadəsi deyil, artıq
silahların toqquşduğu müharibə meydanında da
qazanılmış zəfər və qəhrəmanlıq
nümunələrilə əsaslanmış məntiqi nəticə
olduğunu göstərir.
"Mən səni
sındırdım Lələtəpədə" şeirində
Hələ ilk olsa
da, təpə olsa da,
Zirvələr dəyişdi
bu qələbədə!
- deyən şair
"Lələtəpə dastanı"nda işğal
edilmiş torpaqlarımızın qurtuluş simvoluna
çevrilmiş Lələtəpəni, bu qələbə
nümunəsini 300 illik bir haqq savaşının nəticəsi,
300 illik zülmün, qəsbin sonu, "tariximin sınan,
dönən nöqtəsi", "qalibiyyət
eramızın başlanğıcı" adlandırır,
"lazım idi bu qələbə, lazım idi bu Vətənə,
həyat verən qan kimiydi qan itirmiş bir bədənə"
- deyərək onun torpaqlarımızın azadlığı
uğrunda nə dərəcədə həyati bir əhəmiyyət
daşıyan tarixi mərhələ olduğunu
vurğulayır.
"Lələtəpə
dastanı" neçə illərin "nəticə"
gözləntilərindən sonra heç bir "məsul"
və ya "həlledici" beynəlxalq qüvvəyə
ümid etmədən, öz gücümüzə, tükənmək
üzrə olan səbrimizə dayanıb bir həmlə ilə
qazandığımız qələbənin, bəlkə də,
daha çox bu qələbənin doğurduğu ovqatın
dastanıdır. Və ona görə şeir yox, dastandır
ki, təsvir (və tərənnüm) edilən ovqat fərdi
deyil. Elə bir ümummilli miqyasa malikdir ki, 300 illik tarixi, 300
illik gələcəyi var...
Arzu Əsədin,
demək olar ki, siyasi mövzulu şeirlərinin hamısı
üçün səciyyəvi olan əsas əlamətlərdən
biri güclü tarixilik, daha doğrusu, tarixə fəlsəfi
yanaşmaq ehtirası, onun ziddiyyətlərinin simmetriya və
ya harmoniyasını kəşf etmək marağıdır.
Həmin maraq nə qədər zəngin emosional spektrə
malik olsa da, mahiyyət etibarilə tamamilə rasionaldır...
"Lələtəpə
dastanı"nın müəllifi rasional olduğu qədər
də analitikdir. Və bu analitizm təkcə keçmişi
yox, gələcəyi də ehtiva (və izah) etdiyinə
görə ideoloji məzmun-mündəricəyə malikdir...
Mən Arzu Əsəd
haqqında "Ədəbiyyat qəzeti"ndə dərc
etdirdiyim bir məqalənin adını "Arzunun arzuları
və Azərbaycanımızın arzuları"
adlandırmışam. Onun Azərbaycan ədəbiyyatının
ən yaxşı ənənələrini davam etdirməklə
istedadı, fəlsəfi idrak və geniş bilik dairəsi,
yenilikçi ruhu ilə bir xalqın arzu və istəklərini,
hiss və düçüncələrini ifadə etmək
haqqına və səviyyəsinə nail olduğuna
inanıram."Və Nida!" kitabı çox maraqlı və
orijinal bir tərtibata malikdir. Müəllifin kitaba daxil etdiyi
seçilmiş mətn nümunələri, şəkillər
və şəkillərin altına qoyulan şeirlərdən
bir neçə misralıq çıxarışlar məna,
məzmun və ruh baxımından bir-birini üzvi şəkildə
tamamlayır, cəmiyyət və dövlətimizin müxtəlif
sahələrini və inkişaf mərhələlərini
göz önündə canlandırır, onların yeni, bədii-fəlsəfi
dərkini təqdim edir. Kitabda verilən bütün şeir və
poemalar görkəmli ədəbiyyatşünas və tənqidçilərimizin
müstəqillik dövrü ictimai-siyasi poeziyamızın ən
ciddi, gözəl nümunələri kimi təhlil etdikləri,
ədəbi fakta çevrilmiş əsərlər
olduğuna görə təcəssüm etdirdiyi mövzularla
bir uyum və ahəng içindədir. Ali Baş Komandanın
çıxışlarından gətirilən sitatlar
kitabdakı poeziya nümunələrinin metafora qatlarında bədii
əks-sədasını tapır, siyasi fikir və deyimlər
bədii mətnin içində özünün obrazlı
ifadəsində bir daha təsdiqlənir. "Azərbaycan
getdikcə güclənəcək. Biz inkişaf yolundayıq.
Bizim qarşımızda bütün yollar
açıqdır, üfüqlər aydındır.
Bundan sonra da Azərbaycan
yalnız və yalnız inkişaf yolu ilə gedəcək...
Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir,
hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir"
- Aprel və Naxçıvan qələbələrində təsdiq
olunmuş, Ali Baş Komandanın tarixi həqiqətin ifadəsi
olan bu sözləri Arzu Əsədin "Azərbaycan dəyişir",
"Ölkəm əmin əllərdədir" lirik siyasi
poemalarının da əsas ideya xəttini təşkil edir.
Xalqın ruhunu mübarizəyə, əzmə, qələbələrə
daşımaq istəyən şair ilhamı və idrakı
ona lazım olan həqiqi ruh yüksəkliyini tarixi təcrübənin
ifadəsi olan Ali Baş Komandanın sözlərində
tapır. Ona görə əminliklə "Azərbaycan dəyişir",
inamla "Ölkəm əmin əllərdədir", bir
xalqın adından etimadla "Ver, ver bizə zəfəri",
qürurla "Dalğalan bayrağım, dalğalan" -
deyir, "Yığılın, ey zərrələr, bir
işığa yığılın!" - deyə dünya
azərbaycanlılarına müraciət edir, "Gəl,
sonunda mən də bir köks dolusu bağırım" -
deyə Ulu Qələbəni çağırır və
bütün bunların sonunda Ali Baş Komandanın tarixi ədalətin
və beynəlxalq hüququn ifadəsi, bir xalqın, bir
dövlətin qətiyyətinin, inamının, siyasi, hərbi
və mənəvi gücünün rəmzi kimi bəyan
etdiyi "Və Nida!"nı qoyur. Şair öz Ali Baş
Komandanına, onun hərəkət və sözlərinə
bütün qəlbinin və idrakının gücü ilə
inanır, xalqını mübarizəyə, qələbə
əzminə səsləmək kimi öz yaradıcı
missiyasını yerinə yetirmək üçün
ilhamını, gücünü Xalq və Ali Baş Komandan
birliyindən alır. Eyni zamanda vətəndaşlıq və
ədəbi borcuna sadiq qalaraq Arzu Əsəd özünün
hərbi vətənpərvərlik mövzusunda
yazdığı dəyərli əsərləri ilə bu
birliyi, bu inamı təbliğ edir.
Arzu Əsədin
"Və Nida!" kitabı son bir neçə onillik Azəbaycan
ictimai-siyasi həyatının bədii idrak vasitəsilə dərkinin
parlaq bir nümunəsidir. Ölkənin müstəqillik
yollarında dinamik inkişafını, cəmiyyət və
ordu quruculuğunu, siyasi-iqtisadi islahatları "...dünənindən
dərs alıb addım-addım dəyişir, insan-insan dəyişir,
Azərbaycan dəyişir" kimi zəngin metaforik bir dil və
fəlsəfi ümumiləşdirmələrlə səciyyələndirən
şair oxucu ilə bölüşdüyü poetik
müşahidələrini "Nələr gördün
zaman-zaman... Azərbaycan, Yenə qalib çıxacaqsan tarixlərin
sınağından" - deyə nəticələndirir.
Ölkənin əmin əllərdə olması, onun "kim
yaşadıb, kim ucaldıbsa yenə həmin əllərdə"
daha da inkişaf edəcəyi, yeni dünya düzənində
layiqli yerini tutacağı, işğal olunmuş ərazilərin
geri qaytarılacağı barədə şairin poetik qənaətində
də sonuna Nida qoyulacaq böyük bir əminlik, inam və qətiyyət
var. Onun poetik dünyagörüşünün
orijinallığı, fərqliliyi ondan ibarətdir ki, o, ən
yüksək emosional vüsəti analitik təfəkkür
çərçivəsinə sala bilir. Onun poetik təfəkkürü,
əgər belə demək mümkündürsə, məsuliyyətlidir,
bütün emosional coşqunluğu ilə bərabər rasionaldır,
daim çıxış yolu axtarır, məqbul, həyati,
praktik seçimlərin üstündə durur. Bununla bərabər
poetik vüsətindən, obrazlılığından
heç nə əskiltmir, əksinə, siyasi şüurun məlum
və labüd çərçivələr həddində
ifadə etmədiklərini bədii dilin geniş imkanları
çərçivəsində məharətlə ifadə
edə bilir.
Onun hər əsəri
özünün ümumiləşdirmə və obraz
yükü ilə, assosiativ zənginliyi ilə müasir
dünyanın ictimai-siyasi mənzərəsini siyasi təfəkkür
terminologiyasına, dilinə sığmayan poetik deyimlə ifadə
edir, daha doğrusu, yaradır. Bu yaradılmış mənzərə
məhz müasir dünyanın siyasi həyatının
mürəkkəbliyini, dərinliyini göstərməklə
şairə "Bütün dünya od içində,
ölkəm əmin əllərdədir..,
Dalğa-dalğa, axın-axın tarix gəlib səndən
keçir, Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən
keçir" - demək haqqını verir. Şairin qan
yaddaşında Azərbaycanın "yenə qalib
çıxacağına" inamla bərabər, "səadəti
əlində bir götürüb, bir salıb" - deyə
müstəqilliyin keçən əsrdə bir dəfə
itirilməsindən doğan ehtiyat hissi də var. O, hər
şeydən əvvəl əldə olunan nailiyyətlərin,
böyük-kiçik tarixi qələbələrin, müstəqilliyin,
ümumiyyətlə, Azərbaycan varlığının nəyin
bahasına olur-olsun, qorunub saxlanmasına
çalışır. Buna görə onun düşüncəsi
yalnız pozitiv və nikbin köklənmişdir. O, idealizə
etmir, ideallaşdırmır, amma ideallarsız
yaşamağın, inkişaf etməyin
mümkünlüyünə də inanmır. Ona görə
də real olanla ideal olanın sintezini yaradır. Bunu bir
nümunəyə çevirir. İçində
yaşadığımız tənqidi və
dağıdıcı təfəkkürün hökm
sürdüyü dünyada Arzu Əsəd təsdiqedici və
qurucu bir düşüncə ilə, inam və israrla sabit,
inkişafda olan, qələbəyə can atan bir Azərbaycan
obrazı və bu qələbənin, inkişafın təminatçısı
olan tarixi şəxsiyyətlərin obrazını yaradır.
O, şüurlu şəkildə, bilərəkdən
yalnız bu istiqaməti əsas götürür, müstəqil
inkişaf edən, sabit, əzmkar, qələbə ruhlu Azərbaycanın
çatdığı bu nailiyyətlər səviyyəsini həm
də sözdə, sözün vasitəsi, sözün
qüdrəti ilə qoruyub saxlamağa cəhd edir.
Arzu
Əsədin
"Və Nida!" kitabı içində
yaşadığımız tarixin hiss-həyəcanının,
bu tarixi yaradan Xalq və onun Liderinin sarsılmaz birliyinin poetik
ifadəsi, torpaqlarımızın azadlığı və
müstəqil dövlətimizin inkişafı naminə
müasir Azərbaycan poeziyasının - Azərbaycan ruhunun Azərbaycan
varlığına səslənişidir!
Nizami
Cəfərov
Ədəbiyyat qəzeti.-2020.-14
mart.-S.2-3.