Anarın pəncərəsindən
görünən Azərbaycan
Xalq yazıçısı Anarın
"Yaşamaq haqqı" traktatı üzərinə qeydlər
Uşaqlığımda oyuncaqlarım olmayıb, olubsa
da, xatırlamıram. Amma gözümü dünyaya
açandan evimizdə kitabxana görmüşəm. Onu xatırlayıram ki, səkkiz yaşım olanda
anam əlimdən tutub məni kənd kitabxanasına
aparıb, Naxır bulağı deyilən yerdə
böyük kitab mağazası vardı, oranı
tanıtdırıb. Tay-tuşlarım
müxtəlif əyləncələrlə baş qatanda mən
kitablardakı sehrli aləmlərə səyahət etməkdən
inanılmaz bir zövq alırdım, bu xoşbəxtliyi
sözlə ifadə etmək mümkünsüzdür. Bu zövqün yerini heç nə əvəz edə
bilməzdi. Mən bu kitablar vasitəsilə
tanımadığım ölkələri gəzib-dolaşırdım,
müxtəlif cür insanlarla tanış
olurdum, xeyirlə şərin mübarizəsi qəlbimi həyəcana
gətirirdi...
Bir dəfə, təxminən on bir-on iki
yaşlarımda yolum yenə həmin o kitab mağazasına
düşdü. Vitrində bir kitab gördüm - Anar: "Dünya bir pəncərədir".
Və... O kitabı oxuduqdan sonra mənim taleyimdə nələrinsə
dəyişdiyini valideynlərim də hiss etdi. Ona qədər
şeir adına bir neçə
cızma-qara eləmişdim, nələrsə yazmağa cəhd
edirdim. Yadımdadır, "Dünya bir pəncərədir"
kitabını oxuyandan sonra uzun-uzadı təkidlərimdən
sonra atam mənə yazı makinası aldı. (!) Evimizə
gələn qonaqlar bu yazı makinasını görüb bir az təəccüb, bir az da heyrətlə
anamın üzünə baxırdılar, anam da
başımı sığallayıb gülümsəyirdi:
uşaq yazıçı olmaq istəyir. Qonaqlar
da gülüşürdülər, çox güman ki, bu məşğuliyyətin
ötəri bir həvəs olduğunu güman etmişdilər.
Xatırlayıram, anama demişdilər ki, bu
kitab onun yaşına uyğun deyil, qoy əvvəlcə macəra
romanlarını oxusun. Sözsüz,
yeniyetmələr üçün nəzərdə tutulan
başqa kitabları da oxuyurdum. Bu gün də
belə düşünürəm ki, sinifdənxaric
oxuduğum kitablar mənim bir insan olaraq
formalaşmağımda həlledici rol oynayıb. Amma nə sirdisə, "Dünya bir pəncərədir"
kitabından ayrıla bilmirdim, gecə-gündüz bu kitab əlimdən
düşmürdü. Xalq şairləri
Rəsul Rza və Nigar Rəfibəyli haqqında
yazılmış "Sizsiz" əsəri məni sehrləmişdi,
heç cür bu əsərin təsirindən çıxa
bilmirdim. Bəlkə, yeganə əsərdir
ki, bu gün də oxuyanda eyni hissləri yaşayıram və
düşünürəm ki, "Sizsiz" sevginin, sədaqətin
məğzini, mahiyyətini göstərən ən mükəmməl
bir əsərdir.
"Dünya bir pəncərədir" konseptual bir
kitabdır, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
zaman-zaman yaşanılmış mərhələləri bu
kitabda öz əksini tapır. Bu kitab "Kitabi-Dədə
Qorqud"dan Mirzə Cəlilə, Nazim Hikmətə qədər
uzanan bir ərazini qapsayır. Otuz beş
ilə yaxındır ki, bu kitab mənimlə yol
yoldaşlığı edir. Anar müəllimin
Azərbaycanda çıxan demək olar ki, bütün
kitabları kitabxanamda var. Amma mən bu gün də dünyaya
o "pəncərə"dən baxıram.
Bir də
onu xatırlayıram ki, on beş
yaşım olanda Anarın "Beşmərtəbəli evin
altıncı mərtəbəsi" romanı haqqında
qeydlərimi yazmışdım. Anam məsləhət
gördü ki, bu yazını ədəbiyyat müəllimimə
göstərim. Dərsdən sonra çəkinə-çəkinə
yazını bizə dil-ədəbiyyatdan dərs deyən Davud
müəllimə göstərdim. Eynəyini
taxıb yazını gözdən keçirdi, sonra
başını qaldırıb düşüncəli halda
üzümə baxdı və uzun müddət dinmədi.
Handan-hana dilləndi: - "Bala, sən dərslərini
yaxşı oxuyursan, buna söz yox, amma səndə həm də
talant var, səndən yaxşı ədəbiyyatçı
çıxar". Bir neçə gün sonra
məktəbin direktoru da mənimlə xüsusi maraqlanmağa
başladı. O vaxtdan məktəbi bitirənə qədər
tədbirlərdə nümunəvi şagird kimi həmişə
adımı çəkirdi.
Anar
müəllimin bu günlərdə "Qanun" nəşriyyatında
çapdan çıxmış "Yaşamaq haqqı"
traktatını oxuyanda həmin o on bir yaşlı
uşağın sevinci yenidən içimdə
puçurladı, eyni hiss, eyni həyəcanları
yaşadım. Hər dəfə Anarın
hansısa kitabını oxumağa başlayanda bu hisslər
qayıdır. Ötən il onun
"Unudulmaz görüşlər" kitabı haqqında
"İki sahil" qəzetinə bir yazı
yazmışdım, o yazıda da bunu xüsusi olaraq
vurğulamışdım. "Yaşamaq haqqı"nın baş qəhrəmanı Azərbaycandır.
Kitab azərbaycançılıq məfkurəsi
üzərində qələmə alınıb. Ömrünün 60 ildən çoxunu Azərbaycan
mədəniyyətinə, ədəbiyyatına sərf etmiş
böyük ziyalımız bu gün də eyni şövqlə,
entuziazmla çalışır. Kitabın əvvəlki
səhifələrində bir məqam diqqətimi çəkdi:
"Təmənnasız
və fədakar Zərdabi öz məsləkdaşlarından
da ümumi amal naminə eyni fədakarlığı tələb
edirdi və mübarizədən azca da olsa, geriyə çəkilməyi
heç kəsə bağışlamırdı, - hətta
yaşın yükünə görəmi,
yorğunluqdanmı kənara çəkilmək istəyən
yüksək hörmət bəslədiyi Mirzə Fətəliyə
də. Ona yazdığı hərarətli məktubda Zərdabinin
həyat kredosu ifadə olunur: "Möhtərəm Mirzə
Fətəli bəy! Sizin məktublarınızı
və göndərişlərinizi aldım. Yazırsınız ki, yaşınız bir yeni əsər
yazmağa Sizə imkan vermir. Çox heyif.
Etiraf etməliyəm ki, təəccüb edirəm,
nədən başqa adamlar yaşa dolduqca daha təcrübəli
və əsərləri daha ciddi olur. Siz
isə əksinə, boynunuza alırsınız ki, hətta qələm
çala bilmirsiniz. Əlbəttə, ixtiyar sahibisiniz,
dincəlmək istəyirsinizsə, Allah sizə rahatlıq
versin. Amma düşünməyin xalqın
maariflənməsi elə bir şeydir ki, bir məqalə, ya
pyeslə ona nail olmaq olar. Xeyr,
bununçün qat-qat artıq əzab-əziyyət çəkməlisən".
Anar və onun mənsub olduğu ədəbi nəsil Azərbaycanın
azadlıq idealları uğrunda döyüşürdü. Bu missiya öz bəhrəsini
verdi, Azərbaycan öz istiqlalına
qovuşdu. Qarşıda müstəqil
dövrün insanını azərbaycançılıq
ideologiyası ətrafında birləşdirmək vəzifəsi
dayanırdı. Anar bu vəzifənin də
öhdəsindən ləyaqətlə, vicdanla gəldi.
Onun müstəqillik dövrümüzün ən
gözəl əsərlərindən olan "Ağ qoç,
qara qoç" romanı bu ideologiyanın təməlini
qoyan bədii mətnlərdən oldu. Anarın
əsərləri insanı öz fərdi tənhalığından
qopub ictimai fiqur kimi gərəkli olmağa sövq edən əsərlərdir.
"Yaşamaq haqqı" traktatı da ictimai
şüurun formalaşmasına, fərdin bir vətəndaş
olaraq öz öhdəliklərini dərk etməsinə xidmət
edən fundamental bir kitabdır. Sağlam cəmiyyətin
yetişməsi üçün bu tipli təməl kitablara
olduqca böyük ehtiyac var. Yazıçının bu
kitabı xalqına, gələcək nəsillərə vəsiyyət
kimi yazdığnı vurğulaması da onu göstərir
ki, o, təkcə keçmişi, şərəfli tariximizi qələmə
almaqla yetinməyir, həm də gələcəklə
bağlı düşüncələr onu məşğul
edir. Keçmiş Anar qələmində
süzgəcdən keçirilir və gələcəyə,
gələcək nəslə təqdim olunur. Bu salnamə onun gələcək nəsillərə,
gələcəkdə yaşayacaq insanlara əmanətidir.
Yazıçı giriş yazısında kitabın necə
yazılmasından bəhs edir və tədqiqatçı alim
Azər Turanın "İrfan çobanı"
kitabının onda yaratdığı təəssüratları
xatırlayır:
"O,
bir neçə il öncə mənə "İrfan
çobanı" adlı yeni kitabının əlyazmasını
vermişdi. Vaxt qıtlığıma baxmayaraq
330 səhifəlik əlyazmanı birnəfəsə oxudum.
Əsər ilk səhifələrdən məni
öz cazibəsinə salıb axıradək buraxmadı.
Oxuyub sevindim, fərəh duydum, çox şey
öyrəndim, çox mətləbləri
düşündüm. Çox şeylərlə
razılaşdım. Elə fikirlər də
vardı ki, razı qalmadım, hətta qəti etirazıma da
səbəb oldu, mübahisəyə girişmək istəyi
də doğurdu. Ən ümdəsi - oxuduğum mətn
məni həmin problem üzərində düşünməyə
vadar etdi, eyni mövzular ətrafında öz fikirlərimi dəqiqləşdirməyə
təkan verdi" (səh.30-31).
Kitabın Cənubi Azərbaycanla bağlı "Tarixi
şans", "Azadlığın bədəli"
bölümlərini həyəcansız oxumaq mümkün
deyil. Ötən əsrdə, İkinci Dünya müharibəsi
illərində ikiyə bölünmüş Azərbaycanın
birləşmək şansı vardı. Biz
bu şansı necə əldən verdik? Kitaba ön
söz yazmış gənc yazıçı Pərvin
haqlı olaraq qeyd edir ki, "Anar romançı məharəti
ilə bütün bu hadisələri elə yazır ki,
insanın ümidi artır, bir vaxt üzümüzə
açılan qapı bir də açıla bilər və
onda şansı əldən buraxmarıq...".
Yazıçı saysız-hesabsız tarixi mənbələrə
müraciət edib, doğru-düzgün faktların üzə
çıxması üçün araşdırmalar
aparıb, özünün şahidi olduğu hadisələr
nöqteyi-nəzərindən yola çıxaraq tarixi həqiqətləri
üzə çıxarır. Bir çox mətləblər
var ki, biz ilk dəfə bu kitabın səhifələrindən
oxuyub agah oluruq. Demək olar ki, xalqın
taleyində bütün qaranlıq məqamlara bu kitabda
aydınlıq gətirilir.
"Qafqazda erməni məsələsinin
yaranması" bölümündə yazıçı təkzibolunmaz
faktlarla erməni yalanlarını ifşa edir, onların əsrlər
boyu apardığı məkrli oyunların və ermənilərə
daim qahmar çıxan rus imperiyasının
yürütdüyü işğalçılıq siyasətinin
tarixi köklərini araşdırıb üzə
çıxarır.
Tariximizin elə bir mühüm hadisəsi
yoxdur ki, bu kitabda öz əksini tapmasın. Kitabda Azərbaycanın
taleyində böyük rol oynamış bütün tarixi
şəxsiyyətlər haqqında geniş bilgilər var. Bəli,
biz bu tarixi faktlara bələdik, kitabı maraqlı edən isə
həmin hadisələrə Anarın analitik təfəkkürüdür,
fərqli yanaşmalarıdır, vətəndaş və
ziyalı mövqeyidir. Anar bədii publisistikanın ən
gözəl nümunələrini yaradıb və bu kitabda da
hadisələr bədii və publisistik dilin sintezində qələmə
alınıb, esseistik təhkiyə oxucunu yormur,
oxuduqlarımız yaddaşımıza həkk olunur. Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının, elminin
keçdiyi inkişaf yolları yazıçının qələmində
əsrarəngiz bir dünya kimi gözlərimiz önündə
canlanır. Biz, sanki bu mərhələlərə müəlliflə
birlikdə şahidlik edirik. Rəhmətlik Vaqif
İbrahimoğlu deyirdi ki, tarixdən də güclü bir
fenomen var ki, bəşəriyyət öz
varlığını həm də onun hökmü ilə
diktə edir, ibrət alır və tarixin özünü dəyərləndirir.
Bu fenomen ədəbiyyatdır. Bir damcı su
özündə nəhəng okean haqqında bütün
informasiyanı cəm etdiyi kimi, bir əsər də
dövrün, epoxanın, hətta əsrlərin demək olar
ki, bütün həqiqətlərini cəm halında, kitab
şəklində oxucuya təqdim edir. Tarixdən də
güclü fenomen olan ədəbiyyat belə möcüzələrə
qadirdir. "Yaşamaq haqqı" bizim bir millət olaraq yer
üzündə yaşamaq və var olmaq haqqımızı ədəbiyyatın
dililə təsdiqləyir. Bu kitab Azərbaycanın mənəvi
pasportudur. Bir millətin uşaqlığı, gəncliyi və
müdrikliyi bu kitabda cəmləşib.
"Yaşamaq haqqı" hər bir azərbaycanlının
stolüstü kitabı olmalıdır. Bu
kitabı oxuyan hər bir azərbaycanlının ürəyi
iftixar hissilə döyünəcək, o, tarixin və
zamanın bütün qovğalarından alnıaçıq,
üzüağ çıxmış bir millətin
övladı olduğu üçün qürur hissi
keçirəcək, zamanın və gələcəyin
üzünə dik baxa biləcək.
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2020.- 14 mart.- S.4.