Lalə KAZIMOVA:
“Atamın ən böyük arzusu öz teatrını yaratmaq
idi”
"Varislər"in növbəti qonağı ötən
əsrin 60-cı illərində öz dəst-xətti ilə
Azərbaycan teatrına yeni ruh gətirən, bir neçə
uğurlu aktyor nəslinin yetişməsində və yeni
dramaturq təfəkkürünün formalaşmasında
danılmaz xidmətləri olan Xalq artisti, unudulmaz teatr rejissoru
Tofiq Kazımovun varisi, "Yol" elmi populyar dərgisinin
baş direktoru, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, YUNESKO Beynəlxalq Musiqi Komitəsinin üzvü,
YUNESKO nəzdində Milli Musiqi Şurasının prezidenti Lalə
xanım Kazımovadır.
O, 1923-cü ildə Bakıda, ötən əsrin əvvəllərində
öz ictimai-siyasi ruhlu şeirləri ilə diqqət mərkəzində
olan, görkəmli ədəbiyyat və teatr xadimi Səməd
Mənsurun ailəsində dünyaya gəlmiş dörd
uşaqdan biri idi.
1943-cü ildə taleyinə Böyük Vətən
müharibəsində iştirak etmək düşür.
Döyüşlərin birində yaralanan Tofiq Kazımov
ordudan tərxis olunaraq Bakıya qayıdır və bir
müddət Gənc Tamaşaçılar Teatrında aktyor
kimi fəaliyyət göstərir.
Tofiq müəllim 1944-1951-ci illərdə Moskva
Ümumittifaq Teatr İnstitutunda rejissor təhsili alır, daha
sonra 1952-1953-cü illərdə yenidən Moskvada ali rejissorluq
kursunda təhsilini davam etdirir. 1951-ci ildə Dövlət
Akademik Milli Dram Teatrının səhnəsində quruluş
verdiyi Hüseyn Muxtarovun "Ailə namusu" adlı diplom
tamaşası ilə böyük teatra qədəm qoyur və
bunun ardınca Azərbaycan teatrının Tofiq Kazımov
dövrü başlayır.
O, novator sənətkar idi. Daima yenilik
axtarışında olurdu. Quruluş verdiyi həm klassik, həm
də müasir dramaturji nümunələr teatr ictimaiyyəti
tərəfindən birmənalı
qarşılanmırdı, amma Tofiq Kazımov sona qədər
öz tutduğu yoldan dönmədi və bütün
varlığı ilə sənətinə sadiq qaldı.
Unudulmaz Tofiq Kazımovun varisi Lalə xanım Kazımova
ilə rəhbəri olduğu dərginin ofisində
görüşdük.
- Tofiq müəllim
XX əsr Azərbaycan teatrının ən məşhur və
seçilən rejissorlarından biri olub. O, XX əsr
maarifçisi, ədəbiyyat və teatr xadimi Səməd Mənsurun
oğlu idi. Yaxşı, bəs Tofiq müəllimin teatra
marağı haradan qaynaqlanırdı?
Tağıyev Teatrında onun xüsusi lojası olub
- Anamdan və elə
atamın özündən eşitdiyimə görə o, lap
uşaqlıqdan teatra, sənətə maraq göstərib. Hələ
balaca olanda (ümumi həyətdə yaşayırdılar) məhəllə
uşaqları ilə bir yerdə evdən pal-paltar, mələfə,
palaz götürüb həyətdə dekorasiya
quraşdırır, müxtəlif səhnəciklər,
parçalar oynayırdılar. Həmin uşaqlardan biri də
rəhmətlik Mehdi Məmmədov olub. Yəni atamla Mehdi Məmmədov
lap uşaq yaşlarından bir-birini tanıyıblar. Mənə
elə gəlir ki, əksər insanlar uşaq vaxtı belə
oyunlardan çıxır, müxtəlif səhnəciklərdə
rol alırlar. Doğrudur, indi bu ənənələrin yerini
başqa maraqlar alıb, amma o vaxtlar belə idi. Məncə, hər
kəs bir az aktyordur və hər kəs nəsə bir rol
oynamaq, kiminsə obrazına girmək, kimisə yamsılamaq
istəyir. Yəni atamın teatra marağı
uşaqlıqdan formalaşıb. Üstəlik, nənəmin
də teatra böyük marağı varmış və hətta,
Tağıyev Teatrında nənəmin özünün
xüsusi lojası olub. Atam anası ilə vaxtaşırı
gedib tamaşalara baxıb. Bu, Səməd Mənsurun
nüfuzuna, hörmətinə olan qarşılıq idi.
Çünki babam bildiyiniz kimi, dövrünün
sayılıb-seçilən ziyalılarından idi.
Səməd Mənsur
dünyasını dəyişəndə nənəm gənc
olub və 4 uşaqla dul qalıb. Üstəlik, bu
uşaqların ikisi onun Səməd Mənsurdan, ikisi də Səməd
Mənsurun əvvəlki evliliyindən olub. Nənəm həmin
uşaqları doğma övladlarından ayırmadan
böyüdüb. Lakin teatra olan marağı babamdan sonra da
tükənməyib.
Hər kəs bir az aktyordur
Həmişə
bir şeyə heyrət etmişəm: nənəm dindar
qadın idi, namaz qılırdı, qapalı gəzirdi, yəni
ilk baxışdan geridə qalmış insan təsəvvürü
yaradırdı, amma teatra gedir, bütün tamaşalara
baxırdı. Məncə, atamın teatra olan marağı
genetik şəkildə valideynlərindən keçib.
Doğrudur, Tofiq Kazımov atasını çox erkən
itirmişdi, amma hər zaman atasının obrazı ilə
yaşayırdı.
Sovet dövründə
Səməd Mənsurun şeirləri qadağan olunmuşdu.
Əmim dövlət işində çalışrdı və
ümumiyyətlə, ailə bu şeirləri üzə
çıxarmağa ehtiyat edirdi. Gizlədirdilər babamın
əlyazmalarını. Yalnız 70-ci illərdə bu şeirləri
üzə çıxarmaq mümkün oldu. Atam demək olar,
Səməd Mənsurun əksər şeirini əzbər
bilirdi. Üstəlik, bu şeirlər klassik formada
yazılmışdı, ərəb-fars sözləri ilə
dolu idi, amma atam bu şeirləri əzbər bilməyi ilə
yanaşı, həm də onların mənasını
bilirdi.
Məsələn,
mən Səməd Mənsurun məşhur "Rəngidür"
şeirini oxuyanda artıq bir neçə il fars dili ilə,
Füzuli yaradıcılığı ilə məşğul
olmuşdum və müəyyən qədər o sözlərin
mənasını anlayırdım, amma buna baxmayaraq tez-tez
lüğətdən istifadə edirdim. Çünki bu
şeirlərin hamısının alt qatı var, bir neçə
məna kəsb edir. Ona görə anlamaq üçün
onların fəlsəfəsini başa düşməlisən.
Təəssüf ki, atam da dünyadan vaxtsız
köçdü və mən onun bildiklərini tam öyrənməyə
macal tapmadım.
- Atanız
dünyasını dəyişəndə neçə
yaşınız vardı?
- İyirmi
yaşım vardı. Tələbə idim. Konservatoriyanın
ikinci kursunda oxuyurdum.
- Atanız ali təhsilini
Moskvada, ən nüfuzlu teatr institutlarının birində
almışdı. Bakıda doğulub böyüyən bir
adam üçün birdən-birə Moskva mühitinə
düşmək çətin olmayıb?
- Bilirsiz necədir...
atam Moskvada ali məktəbə qəbul olanda rus dilində bir
kəlmə belə bilmirmiş. İmtahanda azərbaycanca C.Cabbarlının bir şeirini deyib və
komissiya emosiyasını, mimikasını qiymətləndirərək
onu ali məktəbə qəbul edib. Yəni onun aktyorluq
istedadını o dəqiqə görüblər. Beləliklə,
Moskvada təhsil alıb, Azdramada diplom işi verib, sonra təzədən
ikiillik rejissorluq kursunda oxuyub. Bax belə... Üstəlik, atam
həm də müharibə iştirakçısı idi. 19
yaşında cəbhəyə gedib yaralanmışdı.
Ayağından və əlindən yaralanan atamı ordudan tərxis
etmişdilər. Sol əlinin baş barmağı işləmirdi,
yaxşı piano çalırdı, amma baş
barmağından istifadə etmədən.
Nənəm onun yanına müharibəyə getmişdi
Onun yaralanması xəbərini
alan nənəm, hətta gedib müharibədə atamı
tapıb görüşmüşdü. Çox dəyanətli
qadın idi nənəm, hər adamın işi deyildi gedib
övladını odun, alovun içindən tapa bilsin. Nənəm
atamı çox istəyirdi, çox bağlıydı ona.
İnstitutu bitirəndən
sonra ona Moskvada qalıb işləməyi təklif etsələr
də razılaşmır. Ən böyük arzusu öz
teatrını yaratmaq idi və Azdramada bunu müəyyən qədər
gerçəkləşdirə bildi.
- Tofiq Kazımov
İlyas Əfəndiyev kimi bir dramaturqu yetişdirdi.
- Yox, gəlin məsələni
elə qoymayaq. İlyas Əfəndiyev dramaturq idi və atam
onun pyeslərinin səhnə həllini həyata
keçirirdi.
- Mən sualı
bilərəkdən belə qoymaq istəyirəm,
çünki fikrimin davamı var. Yəni müştərək
rejissor-dramaturq birliyinin nəticəsi olaraq 60-70-ci illərdə
Tofiq Kazımov artıq Azərbaycanda yeni teatr təfəkkürü
formalaşdıra bilmişdi. Teatr sintetik sənət
olduğu üçün burada incəsənətin müxtəlif
növləri öz əksini tapır, lakin əsas məsələ
rejissorun dramaturji materiala münasibətidir. Tamaşanı
rejissor təqdim edir. Yaradıcılığı, üslubu
dramaturgiyaya yaxın olan yazıçı çox ola bilər,
lakin məhz Tofiq Kazımov kimi rejissor və İlyas Əfəndiyev
kimi yazıçı lazımdır ki, bu bacarığı
üzə çıxarıb təqdim edə bilsin. Ədəbiyyat
tarixindən və müəyyən xatirələrdən
bilirik ki, İlyas Əfəndiyev məhz Tofiq Kazımovla
iş birliyindən zövq alaraq növbəti pyeslərini qələmə
alıb və beləliklə, Azərbaycan teatrında həm
də yeni ruhlu dramaturgiya məktəbinin əsası qoyulub.
- Əlbəttə,
dramaturq çox istedadlı ola bilər. Tutaq ki, bütün
dünyanın qəbul etdiyi Şekspiri götürək. Hər
rejissor ona fərqli prizmadan yanaşaraq fərqli quruluş verə
bilər. Biz bu yaxınlarda Londonda "Hamlet"
tamaşasına baxdıq. Çox məşhur aktyorlar ifa
edirdi, amma quruluşu bəyənmədik, tamaşa
darıxdırıcı gedirdi və birinci hissədən
sonra zalı tərk etdik.
Dediyiniz kimi,
tamaşanı rejissor təqdim edir və təqdimatdan
çox şey asılıdır. İstənilən
yaxşı pyesi korlamaq olar, bəzən də rejissor zəif
pyesi çox yaxşı təqdim edə bilir. Bu, istedad məsələsidir
və görünür, İlyas Əfəndiyevin də,
atamın da bəxti gətirib ki, onlara bir yerdə işləmək
nəsib olub. Bundan başqa, rejissor həm də
tamaşanın rol bölgüsündə diqqətli
olmalıdır. Baxın, atamın bu cəhəti də
çox uğurlu alınıb və dövrün bir neçə
nəsil aktyor məktəbinin formalaşmasında onun
böyük xidmətləri olub. Həsənağa Turabov,
Şəfiqə Məmmədova, Amaliya Pənahova, Yaşar
Nuri, Hamlet Xanızadə, Səməndər Rzayev, Vəfa Fətullayeva,
Fuad Poladov və adlarını çəkmədiyim
bütöv bir aktyor nəsli onun quruluş verdiyi
tamaşalarda kəşf olunub.
Daha çox gənclərlə işləmək istəyirdi
Atam daha çox gənclərin
teatra cəlb olunmasına həvəs göstərirdi, gənclərlə
işləməyə üstünlük verirdi. Üstəlik,
müəyyən klişeləri dağıtmaqla da maraqlı
təqdimatlar edirdi. Məsələn, İlham Namiq Kamal həmişə
komik obrazlarda çıxış etmişdi, amma atam ona
dramatik rollar verirdi. Hətta ilk dəfə evdə buna təəccüb
etdik, axı o, komediya aktyorudur dedik, atam isə öz fikrindən
daşınmadı və biz İlham Namiq Kamalı tamamilə
fərqli ampluada gördük. Amma bütün bunlarla
yanaşı, atamın bir şeydə bəxti çox gətirmişdi
- İlyas Əfəndiyev kimi istedadlı dramaturqla işləyirdi.
Çünki teatr müasir dramaturqlarla işləməlidir,
həmişə klassikaya müraciət etmək olmaz.
Müasirlik olmasa teatr yaşaya bilməz.
Teatr müasir dramaturqlarla işləməlidir
Klassikanın
öz yeri, müasir əsərlərin öz yeri var. Əlbəttə,
onlar bu əsərlər üzərində bərabər
işləyidilər və əsas məsələ o idi ki, bu
dramaturqlar atama etibar edirdilər. Məsələn, Anar indi də
deyir bunu, "Şəhərin yay günləri" pyesini gətirib
verib və deyib ki, necə istəyirsən elə də
quruluş ver. Arxayın olublar: Tofiq Kazımov pis quruluş verə
bilməz. Atam da əsərlər üzərində ciddi
işləyirdi və nəticədə orijinal bir şey
çıxırdı ortalığa.
Atamın bir
uğuru da musiqi seçimində idi, dövrünün
möhtəşəm bəstəkarları - Qara Qarayev,
Cahangir Cahangirov, Emin Sabitoğlu, Vasif Adıgözəlov - ilə
işləyirdi. Bu, mənim xatırladıqlarımdır.
- Çox doğru
qeyd elədiniz, Lalə xanım. "Unuda bilmirəm"
tamaşasının musiqisini mən hələ də unuda
bilmirəm. Emin Sabitoğlunun musiqisi, Amaliya Pənahova ilə
Həsənağa Turabovun ifası və təbii ki, Tofiq
müəllimin quruluşu...
- "Ölülər"
tamaşası, ümumiyyətlə, qeyri-adi quruluşda idi və
müsiqisini Qara Qarayev yazmışdı. Rəssamı
Elçin idi. Həsənağa Turabovun unudulmaz İsgəndəri.
Çox İsgəndərlər olub, amma, məncə,
heç kəs Turabovun yaratdığı İsgəndər
və Məlik Dadaşovun Şeyx Nəsrullahı ilə
müqayisə oluna bilməz. Tofiq Kazımov "Ölülər"ə
fərqli quruluş vermişdi. Şeyx bizim bildiyimiz ənənəvi
şeyx deyildi, atam onu kostyumda çıxartmışdı səhnəyə
və bununla demək istəyirdi ki, bu "şeyxlər"
hələ də var. Onlar bizim müasirlərimizdir.
- Lalə xanım,
bir neçə il əvvəl İstanbulda "Teatr
Pero"da Şekspirin "Benedik taciri"nə baxdım.
Bizim bildiyimiz ənənəvi quruluş deyildi. Şekspir qəhrəmanları
səhnəyə planşetlə, mobil telefonla
çıxmışdı, dekorasiyasız, kostyumda, müasir
geyimlərdə və s. Amma Tofiq Kazımov klassikaya hələ
əlli il əvvəl belə müasir təqdimatda quruluş
verirdi.
Amerika kinosu onu 50 ildən sonra təkrarladı
Tofiq müəllim
60-cı illərin sonunda "Hamlet"ə quruluş verib və
tamaşanın musiqisini Q.Qarayev yazıb, rəssamı
Tahir Salahov olub. Bütün aktyorlar səhnəyə dəri
gödəkcədə çıxıb və bütün
tamaşa "Hamlet"dəki "Siçan tələsi"
üzərində qurulub, yəni tamaşa içində
tamaşa oynanılıb. Personajlar amfiteatrda oturub tamaşaya
baxa-baxa tamaşa oynayıblar. Təsəvvür edirsizmi, bu
quruluşun üstündən illər keçəndən
sonra Amerika kinematoqrafı "Hamlet"ə müraciət
edir və oradakı personajlar da dəri gödəkcələrdə
olur.
Övladımdan imtina edə bilmərəm
Əlbəttə,
böyük sənətkarlarla - Q.Qarayev,
T.Salahov, Niyazi və başqaları - birgə işdən atam
da bəhrələnirdi və bu insanlar həm də bir-birlərini
müdafiə edirdilər. "Ölülər"
tamaşasına daxili baxışda atamı tənqid ediblər.
Onu klassikanı təhqir etməkdə
günahlandırıblar. Yəni görünür, onun təqdimatını
başa düşməyiblər. Atamın da bir xasiyyəti
vardı, heç vaxt öz tamaşasını müdafiə
etməyə qalxmazdı, yəni demək istəyirdi ki, sizin
nə söyləməyinizdən asılı olmayaraq, mən
öz fikrimdən daşınan deyiləm. Bu tamaşanı
belə görürəm və belə də təqdim edirəm.
Bir dəfə anam ondan soruşdu: "Niyə bir söz demirsən?",
atam cavabında: "Hər təzə tamaşa yeni
doğulmuş uşaqdır. Bu uşaq dünyaya qüsurlu gələ
bilər, amma mən övladımdan imtina edə bilmərəm".
Bir sözlə, "Ölülər"in müdafiəsinə
Q.Qarayev qalxıb. O, kifayət qədər
nüfuzlu adam, dünya şöhrətli bəstəkar,
Sosialist Əməyi Qəhrəmanı idi. Qarayev atamı tənqid
edənlərə deyib ki, "Siz bu tamaşanı başa
düşməmisiz, gedin onu bir də təkrar oxuyun!" və
bununla da məsələ bitib. Tofiq Kazımovun bir şeydə
də bəxti gətirmişdi, tamaşalarda canlı musiqi ifa
olunurdu. Orkestr ifa edirdi. Bunun da böyük təsiri var idi.
- Teatr - gərgin
iş deməkdir. Üstəlik, ən böyük teatrın
baş rejissoru olmaq, yeni tamaşalara quruluş vermək,
repertuar seçmək, qastrollar, aktyorlarla fərdi işləmək
və s. Tofiq müəllim bütün bunların arasında
evə, ailəyə vaxt ayıra bilirdimi? Səhv etmirəmsə,
siz ailədə iki bacı olmusuz...
- Bəli, iki
bacıyıq. Evimiz Akademik Teatrın
yaxınlığında idi. Eyvandan baxanda teatr
görünürdü. Eyvandan baxırdıq, axşam saat 8-də
tamaşalar başlayırdı və artıq 8-ə on
beş dəqiqə qalanda adamlar toplaşıb teatra gedirdilər.
Təsəvvür edə bilməzsiz nə qədər
tamaşaçı yığılırdı və bu, təkcə
premyera günləri belə deyildi, demək olar hər gün
teatrın qarşısında izdiham olurdu. Premyeralara isə,
ümumiyyətlə, düşmək mümkün deyildi.
Atam hər səhər saat 11-də işə gedirdi, sonra
axşamüstü 4-də evə gəlirdi, birlikdə
süfrə arxasına toplaşıb nahar edirdik. Sonra
yatırdı və deyirdi: "Lalə, axşam 8-ə 20 dəqiqə
qalanda tünd, məxməri çay dəmləyib, məni
yuxudan oyadarsan". Bacım Aytən Moskvaya oxumağa
getmişdi və bu vəzifə birbaşa mənim payıma
düşmüşdü. Əslində, mən də Moskvaya
oxumağa getmək istəyirdim, amma atam buna razı olmadı.
Yuxudan durub çayını içir, sonra işə gedirdi.
Axşam 11-in yarısı tamaşa bitirdi və o, dərhal evə
qayıdırdı. Kənarda oturub-durmağı sevməzdi,
ailəyə bağlı adam idi. Axşam işdən
qayıdandan sonra ailəliklə bir saat, saat yarım söhbət
edir, necə deyərlər, dərdləşirdik. Sonra
otağına çəkilib işləyirdi. Yaxşı kitabxanası,
öz iş otağı vardı və heç kəsi ora
buraxmırdı. Müştüyə keçirib
"Avrora" siqareti çəkirdi. Doğrudur, ona bahalı
siqaretlər hədiyyə edirdilər, amma o, nədənsə,
filtersiz siqaretə üstünlük verirdi.
Onun dostu az idi
- Köhnə
kişiləri xatırlayıram, rəhmətlik Tofiq Quliyev də
filtersiz siqaretlər çəkirdi.
- Hə, onlar
yaxın dost idilər həm də. Üstəlik, əvvəllər
Sovetskidə yaşayanda Tofiq müəllimlə qonşu idik.
O, tez-tez bizə gəlirdi. Atamın dostu çox deyildi, bir
neçə nəfərlə oturub-dururdu. Qara Qarayev, Əli
Zeynalov, Emin Sabitoğlu gəlib-gedirdi evə. Atam Emin müəllimi
oğlu kimi sevirdi. Emin bizə gəlirdi, evdə pianomuz
vardı və o, təzə bəstələrini ifa edirdi
bizimçün. Ədəbiyyatşünas, şərqşünas
Rüstəm Əliyevlə dostluq edirdi. Firdovsidən, Nizamidən,
Füzulidən danışırdılar. Bizim klassik ədəbiyyata
marağımız bu söhbətlərdən
qaynaqlanırdı. Dayımla, bacanağı ilə, bir
yaxın cərrah qohumumuz vardı, onunla dostluq edirdi. Bəxtiyar
Vahabzadə tez-tez zəng vururdu bizə. Hələ də onun
telefondakı səsini xatırlayıram.
- Bildiyim qədərilə
ailədə belə demək olarsa, bircə siz Tofiq müəllimin
yolu ilə getdiniz...
- Yox, onun yoluyla
getdim deməzdim. Mən musiqişünasam. Müəyyən
layihələr işləyirəm, musiqili filmlər çəkirəm,
video, foto layihələr hazırlayıram və s. amma teatr mənim
sahəm deyil. Əslində, həvəsim vardı, atam icazə
vermədi onun sənəti ilə gedim.
O qəzada mən də ölə bilərdim
- Lalə xanım,
Tofiq müəllim 57 yaşında avtomobil qəzasında
dünyasını dəyişmişdi. Bu nə qəza idi
belə? Hara gedirdi, kiminlə idi?
- Adi avtomobil qəzası
idi, amma həmin gün qəribə mistikası ilə xatirimdə
qalıb. Ailəliklə Göygölə istirahətə
gedirdik. Sükan arxasında sürücü idi, amma
sürücümüz qəfildən xəstələndiyi
üçün, qardaşı bizi öz maşını ilə
aparmağa gəlmişdi. Atam da sadəcə, bizi yola
salmağa gəlirdi. Yəni bizi yerbəyer etdikdən sonra Bakıya
qayıdacaqdı. Qəzadan təxminən 15 dəqiqə əvvəl
ürəyim bulandı və məni rəfiqəmlə bir
yerdə arxadan gələn dayımın maşınına
keçirdilər. Onda "QAZ-24" idi, salonu geniş idi bir
az. Dayım isə öz həyat yoldaşı ilə bir yerdə
bizim maşına keçdi və sonra qəza oldu. Həmişə
fikirləşirəm: burada nəsə mistik bir şey
vardı, bizi qəzadan yayındırdı, amma onlar qəzaya
düşdülər. Orada mən də ola bilərdim.
Əslində, heç vaxt yol gedəndə ürəyim
bulanmazdı, o gün nəsə başqa şey idi.
Maşınları dəyişdik və 15 dəqiqə sonra
hadisə baş verdi. Bu çox dəhşətli bir şey
idi, mən o hadisəni xatırlamaq istəmirəm...
- Rejissor teatrın
əsas sütunlarından biri olsa da, tamaşaçı onu
görmür. Çox vaxt rejissorun işini yalnız tənqidçilər,
teatr, sənət adamları görüb dəyərləndirirlər.
Teatr daha çox aktyorlarla yadda qalır. Heç "kaş lent yazıları
qalardı" düşüncəsi ilə atanızın
rejissor yox, aktyor olmasını arzulamısız?
- Əslində,
atam tələbə vaxtı aktyor kimi müxətlif
tamaşalarda oynayıb. Hətta babam Səməd Mənsur da
tamaşalarda aktyor kimi çıxış edib. O ki qaldı
sizin sualınıza, bir şey deyim. Bilirsiz ki, ən məşhur
aktyorlar belə, nə vaxtsa rejissor olmaq fikrinə
düşürlər. Çünki aktyorun ürəyində
rejissor olmaq istəyi var, rejissor tamaşada əsas söz
sahibidir. Dünyanın hər yerində belədir. Mel Gibson
kimi, Ancelina Coli kimi aktyorlar da rejissor olmaq eşqinə
düşürlər. Yox, mən təsəvvürümdə
atamı elə rejissor kimi qəbul edirəm.
Müştük və silah hobbisi
- Bildiyimə
görə, Tofiq müəllimin maraqlı hobbisi olub. Silah
yığırmış...
- Silah deyəndə
ki, müxtəlif xəncərlər toplayırdı, bir də
müştük. Evdə müştüklərdən ibarət
bütöv kolleksiya var. Müştükləri də
saxlayırıq, amma xəncər kolleksiyasını atamdan
sonra da davam edirəm. İndi həyat yoldaşım səfərlərdən
gələndə əntiq xəncərlər alıb gətirir.
Sonra bir də qramofon valları toplayırdı. Ən
maraqlı hobbisi isə müxtəlif şorabalar
hazırlamağı idi. Onun hazırladığı
şorabalar qeyri-adi olurdu. Haradansa balaca qarpızlar
tapırdı, içini göyərti və müxtəlif
qarışıq tərəvəzlərlə doldurub duza
qoyurdu. Yəni yaradıcı adam idi, hər şeydə
yenilik axtarırdı.
- Eyni dövrdə
böyük sənətkarlar vardı: Ədil İsgəndərov,
Mehdi Məmmədov və Tofiq Kazımov. Teatr mətbəxində
belə söhbətlər gəzir ki, bu sənətkarlar, nədənsə,
bir-birilə yola getməyiblər.
- Məncə, bu
çox təbii şeydir. Ədil İsgəndərov onlardan
yaşda böyük idi, amma Mehdi Məmmədov ilə atam
uşaqlıqdan tanıyırdılar bir-birlərini.
Aralarında çox normal insani münasibətlər
vardı, bir-birinin xasiyyətinə bələd idilər və
s. Amm yaradıcılığa gələndə ola bilər
haradasa bir-birini qəbul etməsinlər, çünki
üslubları fərqli idi və hər biri öz yolunu
müdafiə edir, onu inkişaf etdirmək istəyirdi. Bu isə
ümumilikdə Azərbaycan teatr sənətinin
inkişafına xidmət edirdi. Mən onların
hansının yaxşı, hansının pis olduğunu demək,
onları müqayisə etmək fikrində deyiləm, hərəsinin
öz dəst-xətti vardı. Həmin dövrə nəzər
salanda möhtəşəm bir mənzərə ilə
qarşılaşmaq olur. O dövr bütünlüklə
dünyada mədəniyyətin, incəsənətin intibah
dövrü idi, sanki. Təkcə musiqini götürək:
Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Bu üç ad artıq
dövr haqqında tam təsəvvür yaradır. Rəssamlıqda
Tahir Salahov və Toğrul Nərimanbəyovun adını
çəkmək bəs edir.
Kosmosun təsiri ilə
- Lalə xanım,
sizcə, bu nədən irəli gəlirdi? Niyə indi elə
mühit yaranmır? Məncə, sərhəd qadağası
simvolik bir şeydir. Əgər istedad bumu sərhəd bilmədən
dünyanın hər yerinə yayılırsa, bu, insanın
ortaq genetik bağlılığının göstəricisidir.
- Mənə də
elə gəlir... Məncə, bu kosmosdan gələn, nəsə
ilahi bir şeydir. Və bu kosmos istəsə dünyanın hər
yerində özünü büruzə verə bilər. Amma
bu gün sizin dediyiniz o bum texnologiyanı hədəf
götürüb.
İstedadlı adam tənha olmağa məhkumdur
- Övladın
yaddaşında hər valideynin dediyi leytmotiv fikir, söz
yaşayır və insan bu sözü heç vaxt unutmur. Hətta
eyni sözü, fikri kimdənsə, haradasa eşidəndə
müəyyən xatirələr oyanır... Varmı Tofiq
müəllimin yaddaşınızda qalan elə bir
sözü, fikri?
- Var... Bir dəfə
söhbət əsnasında mənə dedi ki, "adam
naşükür olmaz". Onun bu fikri həyatım boyu
yaddaşıma yazıldı. O, naşükürlüyü
günah sayırdı.
- Hansı özəllikləri
vardı Tofiq Kazımovun?
- Əvvəla, tənha
adam idi, tənhalığı sevirdi. Öz dünyasında
yaşamaqda, öz dünyası ilə əlləşməkdə
rahatlıq tapırdı. Sovet hökumətinə nifrət
edirdi. Üstəlik, sonradan mən onun qeyd dəftərçələri
ilə tanış oldum və gördüm ki, atam
bütün həyatını planlı şəkildə
yaşayıb. Bu saatda məşq, bu saatda filankəslə
görüşmək və s. Və heç vaxt öz
planından kənara çıxmayıb. Qeyd dəftərçələrinin
birində qəribə fikir oxumuşdum: "İstedadlı
adam tənha olmağa məhkumdur".
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-2020.-14
mart.-S.8-9.