"Azərbaycan
nəsrinin ağır artilleriyası" Süleyman
Rəhimov-120
“Köhnə kişilər”
silsiləsindən
Bu il
martın 22-də Xalq yazıçısı, Sosialist Əməyi
Qəhrəmanı Süleyman Rəhimovun anadan
olmasının 120 ili tamam olur. Yoxsul bir ailədən
çıxıb Azərbaycanın ən görkəmli
ziyalılarından biri kimi tanınan, nəinki öz ölkəsində,
keçmiş SSRİ məkanında da adı hörmətlə
çəkilən, nəsr əsərləri ilə
milyonlarla oxucunun sevimlisinə çevrilən Süleyman Rəhimov
83 il ömür sürdü. Bu 83 il ömrün 53 ili ədəbi
yaradıcılığa həsr olundu, onun qələmindən
neçə roman, povest, hekayə ərsəyə gəldi və
şəksiz ki, bu əsərlər XX əsr Azərbaycan ədəbiyyatının
qiymətli inciləridir. "Şamo",
"Saçlı", "Aynalı", "Mehman",
"Ana abidəsi", "Qafqaz qartalı" romanları və
povestləri olmadan XX əsr Azərbaycan nəsrini təsəvvür
etmək mümkün deyil. Süleyman Rəhimov fəal ictimai
xadim idi, MK-da məsul vəzifələrdə
çalışmışdı, üç dəfə Azərbaycan
Yazıçılar İttifaqının sədri vəzifəsini
daşımışdı. Amma hansı vəzifədə
olur-olsun, yazıçılığın daşını
atmamışdı. Ulu öndər Heydər Əliyev
demişdi: "Bilirsiniz ki, insanlar arasında paxıllıq
da, rəqabət də var. Bəziləri dedilər ki, niyə
Süleyman Rəhimova belə yüksək ad - Sosialist Əməyi
Qəhrəmanı adı verdilər? Hələ o vaxt
düşünürdüm ki, Süleyman Rəhimov ədəbiyyatımızda
həqiqətən özünəməxsus yer tutub".
Böyük şairimiz Səməd Vurğun elə
sağlığında Süleyman Rəhimovun əsl qiymətini
vermişdi: "Süleyman nadir simalardandır. Məhz buna
görə də mən ona bağlıyam. Süleyman Rəhimov
Azərbaycan nəsrinin uzaqvuran, ağır
artilleriyasıdır. Süleyman Rəhimov sənətin
ağırlıqlarını öz bahadır çiyinlərində
qaldıran bir sənətkardır. Onun sinəsində
xalqın ürəyi döyünür. Bu romançı
böyük yazıçıdır, xalq
yazıçısıdır. Sözün əsl mənasında
müdrik ədibdir".
Süleyman
Rəhimovun tərcümeyi-halı, keçdiyi həyat yolu,
ağlı-qaralı günləri onun "Ömür
yolu" xatiratında əks olunub. 1920-ci ilədək
yalnız ikiillik rus məktəbində təhsil alan, öz
doğma kəndində mal-qara otaran Süleyman Rəhimov
sonralar Şuşada pedaqoji kursu bitirib Zəngəzur,
Qubadlı və Laçın rayonlarında müəllim,
Qubadlının Mamor kəndində məktəb müdiri
işləmişdi. ADU-nun tarix fakültəsində təhsil
almışdı. Süleyman Rəhimov 1930-cu ildə ədəbiyyata
gəldi, "Şamo"nun ilk variantını çap
etdirdi. Amma bir müddət ədəbiyyatdan uzaq
düşdü, Laçın, Samux, Noraşen, Şahbuz
rayonlarında rəhbər partiya işlərində
çalışdı. Amma görünür, ədəbiyyata
bağlılıq onun canındaydı. 1940-cı ildə o, əvvəl
sadəcə povest halında olan "Şamo"nu təkmilləşdirdi
və "Şamo" ömrünün axırına kimi onu
tərk etmədi. Amma oğlu Şamonun erkən
ölümü ata ürəyinə dağ çəkdi.
Süleyman
Rəhimovun ömür yolu yaradıcı bir şəxsiyyətin,
həm də partiya işçisinin, ictimai xadimin ömür
yoludur. Bir kommunist kimi o, mühüm vəzifələrdə
çalışır və təbii ki, Sistemin
yaratdığı qayda-qanunlara zidd hərəkət etmirdi (hərçənd
ki, otuzuncu illərdə o da təqiblərə məruz
qalmışdı). Düzlük, saflıq, həqiqətpərəstlik
və hər şeydən əvvəl xalqa
bağlılığı onun bir şəxsiyyət kimi
amalıydı. Süleyman Rəhimovun
yaradıcılığı bütünlüklə xalq
fenomenindən ayrılmazdır. Özünün bir
yazısında deyirdi ki: "Yazıçılarımız
öz qüdrət və ilhamını xalqdan alırlar,
ayrı-ayrı şəxsiyyətlər xalqa xidmət
üçündür. Biz həmişə bu mühüm məsələni
nəzərdə tutmalıyıq. Ayrı-ayrı xalq
artistinin, Əməkdar incəsənət xadiminin,
adlı-sanlı şairin, ədibin, dramaturqun fəaliyyəti
həmişə, hər zaman xalqa xidmətlə
ölçülməlidir".
Süleyman
Rəhimovun yaradıcılığından söz açan tədqiqatçılar
və onun qələm yoldaşları yazırlar ki, Üzeyir
Hacıbəyov musiqidə, Cəfər Cabbarlı dramaturgiyada,
Səməd Vurğun poeziyada nədirsə, Süleyman Rəhimov
da Azərbaycan nəsrində odur. Bəlkə də, bu fikir
indi bir çoxlarına mübaligə kimi görünsün.
Amma gəlin, həqiqətin gözünə düz baxaq.
Yaxın keçmişə qara eynəklə boylananlar deyə
bilərlər ki, onun bir sıra əsərləri Sistemin
yaratdığı sosializm realizminin tələblərini
dolğun şəkildə əks etdirir. Məsələn,
"Şamo" inqilabi hərəkatdan bəhs edir,
"Saçlı"da kollektivləşmədən
danışılır. Təbii ki, o dövrdə yaşayan hər
hansı bir yazıçını belə yanlış
mövqe ilə səciyyələndirmək doğru deyil.
Yazıçıları qələmə aldıqları
mövzulara görə yox, əsərlərindəki həyat
həqiqətinə görə qiymətləndirmək
lazımdır. Azərbaycan nəsrində həyat həqiqətini
(təbii ki, dövrün həqiqətini), insan xarakterlərini
bəlkə də Süleyman Rəhimov qədər real
canlandıran yazıçılar az idi.
Süleyman
Rəhimovun ədəbiyyat tariximizdə rolunu, mövqeyini qiymətləndirərkən,
ilk növbədə, onun Azərbaycan romanının
inkişafındakı aparıcı mövqeyindən söz
açmaq lazımdır. Niyə məhz romanları?
Çünki M.S.Ordubadiyə,Yusif Vəzir Çəmənzəminliyə,
Əbülhəsənə, Mehdi Hüseynə, Mir Cəlala,
Süleyman Rəhimova, Əli Vəliyevə qədər Azərbaycan
romanı əgər belə demək mümkünsə,
uşaqlıq dövrünü yaşamışdır.
Otuzuncu illərin romançıları isə nəsrimizə
gənclik havası gətirdilər. Və burada Süleyman Rəhimovun
da rolu az deyil. Dəxli yoxdur, bu yazıçılar öz
romanlarında nədən bəhs etmişlər, amma fakt dudur
ki, adına roman dediyimiz bir sənət formalaşırdı.
Bəs
Süleyman Rəhimovun romanları hansı fərqli
xüsusiyyətləri ilə seçilirdi?
Birincisi;
Süleyman Rəhimov ilk dəfə olaraq Azərbaycan
romanına xalqın bütün təbəqələrini əks
etdirən obrazlar gətirdi. Ancaq məsələ ondadır
ki, Süleyman Rəhimov bu obrazların əksəriyyətini
xarakter səviyyəsinə qaldırdı. Alo, Safo, Şamo, Fərzalı,
Gülsənəm ("Şamo"), Rüxsarə, Nənəqız,
Tahir Dəmirov, Dəyirman daşı yonan Qoca
("Saçlı") xalqı, onun mənəvi
dünyasını əks etdirən obrazlardır. Təbii ki,
xalq eyni tərkibli, eyni müsbət xarakterə malik olan
insanlardan ibarət deyil. Göyərçin, Maro, Pası,
Müqim bəy, Kosa, Sübhanverdizadə bu xalqın nümayəndələri
deyillərmi? "Azərbaycan ədəbiyyatında bu qədər
geniş siqlətli, masştablı təsir gücünə
malik obrazlar yaratmaq C.Cabbarlıdan sonra S.Rəhimova nəsib
olmuşdur. Qəribədir ki, ədib bu surətlərin
hamısının özünəməxsus danışıq
tərzi, jest, əda, hərəkət, davranış
qaydası tapır, onları çox ustalıqla fərdiləşdirir,
ümumiləşdirir, heç kim bu tiplərin
danışığını bir-birilə
qarışdırmaz, çünki onların hər birinin
öz ədası, danışıq tərzi, öz aləmi
vardır" (Qulu Xəlilov).
İkincisi;
hər hansı bir yazıçının sənətkarlıq
xüsusiyyətlərindən söz açılırsa, ilk
növbədə, onun dili, ifadə tərzi, nitq mədəniyyəti
haqqında danışmaq lazımdır. Bu mənada,
Süleyman Rəhimovun əsərlərindəki dil ədəbi
dillə xalq danışıq dilinin sintezini özündə əks
etdirir. Yenə onun sadiq tədqiqatçısı Qulu Xəlilova
müraciət edək: "Süleyman Rəhimov sözü
mum kimi əlində oynadır, hər tipin xarakterini, mənəviyyatını
açmaqda ondan məharətlə istifadə edir". Şəhdli-şirəli
bir dil - onun tədqiqatçıları S.Rəhimovun dilini məhz
belə səciyyələndirmişlər. Bir misal:
"Alagöz dayanıb düşünür, belə bir
halı göz qabağına gətirincə, istər-istəmiz
əli ürpəşir, onun gözləri Kür
qırağına doğru çevrilir, çovğun
içində o tərəf-bu tərəfə baxır, sanki
çoban Fərzəlini görür, gözlərindən
qanlı yaş tökürdü. İndi bu axşam
çağında, yox, yox, səpmə minlərlə
qarğa qırıldaşan vaxtda nə etmək, haraya getmək,
hansı uçuq çovustana girib yurdsuzlara qovuşmaq,
onlarla birlikdə öz məşəqqətli günlərini
keçirmək, ölmək, ya da ölümcül
yaşamaq olardı! Yox, yox, səpmə yatalağın dəhşətli
qorxusu Alagözün sümüklərini dilləndirir,
qaçqınların üzünə deyilən min söz onu
sarsıdırdı. Əzilmiş olsa belə, hələ də
öz vüqarını itirmirdi".
Üçüncüsü;
Süleyman Rəhimov xarakter ustası idi. Roman, əslində,
xarakterlər üstündə qurulur. Dünya ədəbiyyatında
elə əsərlər var ki, yazıçının təsvir
etdiyi xarakterlərin adını daşıyır: Hamlet,
Otello, Kral Lir, Maqbet, Madam Bovari, Don Kixot, Anna Karenina, Karamazov
qardaşları, Boris Qodunov, Oblomov və b. Azərbaycan ədəbiyyatında
da buna aid xeyli misallar gətirmək olar. Və Süleyman Rəhimovun
"Şamo"su, "Saçlı"sı, Mehmanı,
Mahtəban"ı... Amma təkcə əsas qəhrəmanlar
deyil, onun romanlarındakı əksər obrazlar da xarakter kimi
diqqəti cəlb edir. Kim deyə bilər ki,
"Şamo"da Qəmər, Göyərçin, Alo
kişi, Kəlbalı Hətəmxan, Leylək Ələmdar,
"Saçlı"da Dəmirov, Subhanverdizadə, Nənəqız
xala, Xudakərim Meşinov əsl xarakter deyil. Məsələ
bundadır ki, bu obrazlar müsbət, ya mənfi səciyyələrindən
asılı olmayaraq həyatda müəyyən tendensiyanı
əks etdirirlər. Süleyman Rəhimov yazırdı: "Fərdi
cizgilərə malik insan surətləri bədii nəsrin əsasıdır.
Xaraktersiz ədəbiyyat mümkün şey deyildir".
Süleyman Rəhimovun qəhrəmanları inkişaf prosesində
təqdim edilirlər, obrazı elə ilk gəlişində
tamamilə müsbət bir obraz kimi təqdim eləmək onun
prinsiplərinə yad idi. Bu xüsusda uzun-uzadı söz
açmaq olar. Amma "Şamo"dakı iki obrazı misal
göstərmək istəyirəm. Alo kişini və Gülsənəmi.
Əvvəllər öz kobudluğu və fiziki qüvvəsiylə
düşmənləri cəlb edən Alo gözlərinin
qarşısında Şamonun vurulduğunun, al qanına
boyandığının şahidi olur və beləliklə,
onda şüur dəyişikliyə səbəb olur. Gülsənəm
isə aciz və zəif iradəli adi kənd qadınından
tədricən inkişaf edərək partizan dəstəsinin
üzvü kimi fəaliyyət göstərir.
Dördüncüsü;
Görkəmli ədəbiyyatşünas M.Baxtin
yazırdı: "Roman nəsrin bütün janrları
içərisində yeganə janrdır ki, getdikcə
inkişaf edir, təkmilləşir, zənginləşir.
Zamanla, əsrlə ən çox ayaqlaşan janr da
romandır". Azərbaycan romanının yaşı
minillik poeziya ilə, hətta dramaturgiya ilə müqayisədə
o qədər də çox deyil. Amma roman janrı bizim ədəbiyyatın
əsas janrlarından birinə çevrilməmişmi? Və
burada Süleyman Rəhimovun romanları bu janra hansı yenilikləri
gətirib? Görkəmli tənqidçi Yaşar Qarayev
yazırdı: "Roman, hər şeydən əvvəl,
böyük epik lövhələr janrıdır,
dövrü, epoxanı təsvir etmək üçün ən
əhatəli və imkanlı formadır. Oçerk, hekayə,
yaxud povest həyatın nisbətən kiçik bir
parçasını təsvir edir, roman isə ən
böyük parçasıdır. O, həyatı və cəmiyyət
tarixini vəhdət və bütövlükdə mənalandıra
bilir. Hər şeyi və ən geniş səpkidə təsvir
etmək hüququ hamıdan çox romana məxsusdur".
Süleyman Rəhimovun romanlarında (ən çox
"Şamo"da, "Saçlı"da) XX əsrin bədii-tarixi
mənzərəsi əks olunub, bu əsərlərdə cəmiyyət
həyatının bütün hadisələri (ictimai-siysi, mənəvi-əxlaqi
və s.) öz əksini tapır. "Şamo"dakı
Şehli kəndində, sanki bütün Azərbaycan
görünür. Süleyman Rəhimovun romanlarında diqqəti
cəlb edən onlardakı epik vüsətdir. Və epik
vüsət Azərbaycan romanının sonrakı mərhələlərində
janrın müəyyənedici xüsusiyyətlərindən
birinə çevrildi. Bunun da əsasını daha çox
S.Rəhimovun romanlarında axtarırıq. Həqiqi epik
vüsət, monumentallıq isə dövrü, zamanı,
böyük həyat yolu keçmiş insanı geniş və
panoram lövhələrdə əks etdirmək, epoxanın
mühüm və qlobal hadisələrini canlandırmaq deməkdir.
Elə bircə "Şamo" romanına nəzər yetirmək
kifayətdir. Bəs "Qafqaz qartalı", Qaçaq Nəbi
hərəkatından bəhs edən bu romanda məkan
hüdudları genişdir, Qubadlıdan Tiflisə, oradan rus
imperiyasına doğru uzanır.
Beşincisi;
Süleyman Rəhimovun romanları və ümumiyyətlə,
bütün nəsri dastan yaradıcılığından,
folklordan bəhrələnir. Onun "Gülən
balıq", "Pəri çınqılı",
"Bülbül əfsanəsi", "Əfsanələr"
kitablarında folklor motivləri, nağıl və əfsanələrə
yaradıcı münasibət diqqəti cəlb edir.
"Uğundu" povesti isə Mirzə Cəlilə həsr
edilib. O, Mirzə Cəlilin vurğunu idi, məqalələrində,
çıxışlarında tez-tez onun ölməz irsinə
müraciət edirdi.
Süleyman
Rəhimovun "Yazıçı və həyat" adlı
bir kitabı da var ki, bu kitabda o, tənqidi, publisistik
yazılarını toplayıb. Təbii ki, bu kitabda
yaşadığı dövrün təqazasına uyğun
motivlər də diqqətdən yayınmır. Bu da təbiidir.
Süleyman Rəhimovun müasirləri də sosializm realizmini
yeganə ədəbi cərəyan hesab etmiş, ədəbiyyatda
partiyalılıq prinsipindən söz açmışlar.
Amma bu məlum xətti Süleyman Rəhimovun tənqidi,
publisistik yazılarından ixtisar etsək, kənarlaşdırsaq,
onun bədii ədəbiyyat haqqında çox qiymətli
fikirləri ilə rastlaşarıq. Məsələn, onun
"Müəllif qeydləri" ("Saçlı"
romanı münasibətilə") məqaləsi ədibin
öz romanı ilə bağlı etirafları kimi səslənir.
Yazır ki: "Mənim üçün, "Şamo"nu
yazmaq, "Saçlı"nı yazmaqdan asan gəlmişdir.
Əgər mən "Şamo"nu yazarkən romantik xəyal
aləminə qanadlanmışamsa,
"Saçlı"nı yazarkən, sanki daş-qaya
üstündə buruq qoyub yerin qatlarını
qazmışam. "Saçlı"da olan axtarış
çətinliyi, demək olar ki, mənim indiyə qədər
olan ömrümün yarısına bərabərdir...
Rüxsarə kimdir? Bizcə, Rüxsarə çox mürəkkəb
bir dövrə düşən, dözülməz müqavimətlərdən,
maneçiliklərdən addım-addım ötən, bəzən
də bürəyə-qalxa keçən, çətinliklə
inkişaf edən yeni adam, yeni insandır. Mən Rüxsarəni
asan yolla aparmaq istəmədim. Mən, təbii olaraq,
Rüxsarəni çox darısqal döngələrdən
keçirmək istədim. Rüxsarəni işdə, hərəkətdə,
eyni zamanda təbii-qanuni inkişaf, mübarizə gedişində
göstərməyə çalışdım".
Süleyman Rəhimovun ədəbiyyatda xəlqilik
haqqında fikirləri daha maraqlıdır. Bu fikirlər onun nəsrindəki
xəlqiliyi isbata yetirir: "Məncə, xəlqilik hər
hansı bədii əsərin yalnız zahiri formasından
asılı olmayaraq, onun məzmun və mündərəcəsində,
onun daxili varlığında, bütünlüklə onun ruhi-mənəvi
aləmində, onun iliyində, qanında olmalıdır. Xəlqilik bədii əsərə xalqın dəruni
aləmindən, xalq üçün çırpınan sənətkar
ürəyilə axıb gəlməlidir. Bizim klassik şeirimizdə M.Ə.Sabir daha artıq xəlqidir".
Süleyman Rəhimov öz müasirlərinin
yaradıcılığına qətiyyən biganə
qalmırdı. Səməd Vurğunu çox sevirdi.
Onun dəfni zamanı öz ağ
saçlarından bir çəngə qoparıb şairin nəşi
üzərinə atmışdı. "Ağbulaq
dağlarında" romanında Ərəstun surətində
Səməd Vurğunu təsvir etmişdi. O, Rəsul
Rzanı "axtaran şair" adlandırırdı. "Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir
çox sərvəti dürüst tapan, bəzən də
tapa bilməyən, ancaq tapa bilməyəndə həvəsdən
düşməyən, "yoruldum" deməyən bir kəşfiyyatçı
kimi təsəvvürümə gətirirəm. Rəsul Rza şeirində mənim
xoşladığım ümdə cəhət onun şeirinə
gətirdiyi həyatilik və konkretlikdir". Onun Mirzə
Ələkbər Sabir, Cəfər Cabbarlı, Mirzə
İbrahimov, İlyas Əfəndiyev, Sabit Rəhman, Qılman
İlkin, Məmməd Rahim, Osman Sarıvəlli, İsa
Hüseynov və o dövrün nəsri, poeziyası və
dramaturgiyası barədə məqalələri, məruzələri
maraqlı düşündürücü fikirlərlə zəngindir.
Bu yazıda Süleyman Rəhimovun "Mehman" povestini
xatırlamamaq olmaz. Doğrudan da, bu əsər o
dövrün ədəbiyyatında "müsbət qəhrəman
necə olmalıdır" sualına tam, dolğun bir cavab
idi. Yəni müsbət qəhrəman elə
təsvir edilməlidir ki, o, gənclərə nümunə
olsun, onun həyatı, mübarizəsi çətinliklərdən
keçsin. Həm də bu əsər Süleyman Rəhimovun
belə bir fikrini təsdiq edirdi ki, hüquqşünaslar
arasında ədaləti göz bəbəyi kimi qoruyan insanlar
az deyil. Süleyman Rəhimovun çox
sevdiyi, həmişə tənqidi mülahizələrilə
razılaşdığı Məmməd Arif
""Mehman" povesti və müsbət qəhrəman məsələsi"
məqaləsində yazmışdı: "Süleyman Rəhimov
nöqsanlarımızı cəsarətlə göstərən
yazıçılarımızdandır. Onun əsərləri
öz aktuallığı ilə oxucularda müsbət əks-sədalar
oyadır. "Mehman" povesti də belə
əsərlərdəndir".
Süleyman
Rəhimov 1983-cü il iyunun 10-da vəfat
etdi. Bu yazını onun dostu, adaşı, poeziyamızın
Süleymanının bir şeirindən bu misralarla bitirmək
istəyirəm:
Sıramızdan
necə gör yaxşı bir insan getdi,
Köçdü son mənzilə, getdi, Süleyman
getdi.
Yusifli Vaqif
Ədəbiyyat qəzeti.-
2020.- 14 mart.- S.10