İflicin nağılı
hekayə
O gün hamı gəlmişdi.
Məni palataya atam yerləşdirdi. Alnımdan, üzümdən
öpdü, bir-iki vida sözü dedi və onu gözləyən
çoxluğa qoşulub getdi!!!
***
Sanki hər
anım caduya bələnib!
***
Görməsəm
də eşidir, səslərin kimə, nəyə aid
olduğunu yaxşı bilirəm!
Başlanğıcda
hər şey düşündüyümdən fərqli və
asan idi. Burda saysız-hesabsız, dardütdək palatalar var və
əminəm ki, həmin darısqallıqda yatan
qonşularım da bu yerin qısa təsviri ilə
bağlı eyni fikirdədirlər. Çünki onlar da nə
vaxtsa mənim kimi bu palatalardan xəbərdar olublar!!!
Bizə nə olub?
Əzizlərim, bura çox böyük xəstəxanadır
və onun pəncərəsiz, işığa həsrət
palataları iflic adamlarla dolub. Bu cavab sizi hələlik qane
edir?! Biz zərrə qədər də cismani ağrı hiss
etmirik. Bədənimizə nəyinsə toxunduğunu bilir,
amma nə ağrı-acı, nə də
xoşhallandırıcı bir şey hiss edirik. Söhbət,
əlbəttə ki, ancaq və ancaq bədəndən gedir.
Bizə yalnız bədənimizə nəyin toxunduğunu ilk
saniyədəcə hissetmə vergisi verilib. Qəribə
hissdir, deyilmi? Heç siz bu cür insan bədəni, yaxud
iflic birisini görmüsünüzmü?! Çətin!!!
Düz yüz
qırx gündür ki, bu palatadayam. Kaş sağ
ayağımın baş barmağını didişdirən
sərsəm ağcaqanadı görə biləydiz!
Düzünə qalsa, bayaqdan onun ağcaqanad, yoxsa milçək
olduğunu dəqiqləşdirə bilməmişəm.
Əşşi, hər nə zibil olur-olsun, deyək
tarakandı, bitdi-birədi, lap elə, əqrəbdi, ha, ha, ha, axı, nə
fərqi hansı həşəratdır?! Axmağın yerində
olsaydım, nəinki baş barmaq, bütün ayaq
barmaqlarını bircə günə sümük
qarışıq yeyib qurtarardım. Əgər, acsanız və
qabağınıza bəsdi deyincə yemək qoyublarsa, yeyin,
lap gözünüzə təpin... Dedim, axı, mənim bədənim
nə ağrı, nə də ləzzət bilmir, bircə
toxunuşun ilk saniyəsini hiss edir.
Yadımdadır
ki, hələ iflic olmamışdım, amma həkimlər lap
yaxın vaxtlarda iflic olacağımı ailəmə, bəzi
yaxınlarıma deyəndə onlar hərəsi
ayrı-ayrılıqda zırzır ağlayıb zəhləmi
tökmüşdülər. Bura yeni gəldiyim vaxtlarda "Mənim
gicbəsər doğmalarım, kaş, bu xəstəlik, xəstəxana,
onun palataları barəsində deyilənlərin nə qədər
uydurma olduğunu sizlərə başa sala biləydim!" -
deyə düşünürdüm. Kaş, düşünməzdim!
Onların istənilən
vaxt xəstəxanaya girmələrinə icazə var, amma
palatalara daxil olmaları qadağandır. Çünki bu, səhiyyə
qanunlarına ziddir. Məncə, icazə olsaydı da, onlar belə
eləməzdilər. Əllərindən gələn odur ki,
palatanın qabağında dayanıb hönkürtü ilə
ağlasın, öskürüb suspus dayansın, ya da mənə
heç bir köməyi dəyməyəcək söhbətlər
eləsinlər. Qabaqlar, - "Axmaqlar, əl çəkin məndən,
səssizlik əla işdir!", - deyib var gücümlə
bağırmaq istəsəm də, iflic olduğumdan bunu edə
bilmirdim. Heç indi də bu məndə alınmır!!! Lap
alınsa da, mümkünsüzdür, çünki
çoxdandır gəlib-gedənim yoxdur.
Məncə,
"iflic" sözü hərəkətsizliyin ən
gözəl simvoludur. Yadımdan çıxmamış onu da
deyim ki, bu cür böyük birmərtəbəli xəstəxanalarda
qədimdənqalma bir adət var. Bu adəti indi də
yaşadan ifliclərin ailə üzvləri və
tanışlarıdır. Adət belədir ki, onlar öz
adamları hansı palataya köçürsə, bir neçə
müddət sonra oranın damını təmir etdirirlər.
Qabaqlar bu jestin nə demək olduğunu heç cür
anlamırdım. Amma indi artıq başa düşürəm.
Bir də ki, nə jestbazlıqdır e?! Onlar bu əziyyətə
öz adlarına ləkə gəlməsin deyə
qatlaşırlar, yoxsa darısqal palatanın damından ifliclərə
nə?!
Sağlam
vaxtlarımda bu cür xəstəxanalarda yatan bəzi
tanışlarıma öz doğmaları tərəfindən
belə jestlər edildiyinin şahidi olmuşdum. Amma nə gizlədim,
doğmalarım öz adları üçün mənə
göstərdikləri jestin ustalar tərəfindən necə
iyrənc bir şeyə çevirildiyini görsəydi, yəqin
ki, dəli olardılar və bu, ustalar üçün
heç də yaxşı qurtarmazdı. Ustaların öz
yerində sakitcə uzanan ifliclərə məhəl qoymadan
elədiyi ucuz zarafat və boş-boş didişmələr hər
palatanın damı təmir olunub bitənə qədər, adətən,
eynilə təkrar olunur.
Yaxşı
yadımdadır, palatamın damını suvayıb düzəltməyə
gəlmişdilər. Danışıqlarından iki nəfər
olduqları hiss olunan axmaqların səsi və küləyin
vıyıltısı palatanı başına
götürmüşdü. Mənim üçün elə
vacib olmasa da, bekarçılıqdan
düşünürdüm ki, görəsən, bu axmaqlar
damı yaxşı suvayacaqlarmı? Palatam bayırdan necə
görünəcək?
Elə bu vaxt
üzünü görə bilmədiyim ustalardan biri digərinə,
- "Gic köpəkoğlu gic, niyə heç vaxt dediyin
sözün üstündə durmursan?, -
deyə lağlağı bir sual verdi.
- Hansı
sözün?
- Hansı
sözün, hansı sözün! Canına azzar, gözünə
də belə lap vərəm sözün! Necə yəni
hansı sözün? Bilmirsən, bəyəm hansı
sözün?
- Boş-boş
mırtdıyıb ürəyimi üzmə,
sözünün canını de.
- Ay əclaf, on
gündür ki, pivə qonaqlığımı
fırladırsan. İndi bildin, hansı söz?! Sement tök
bura!
-
Tüpürüm sənə də, sənin
yoldaşlığına da! On gündür sənə demirəm
ki, bəs, böyrəklərim xəstə düşüb?!
Axşamlar sidiyə gedəndə gözümdən yaş gəlir.
- Mənə nə?
Gedək, mən içərəm, sən də ac it kimi
ağzının suyunu axıdarsan. Təkcə pivə
içəndə yox e, ha, ha, ha, ha, mən tualetə gedib,
iyirmi saniyə sonra geri qayıdanda da.
- Nə murdar
adamsan əəə sən!!!
- Murdar sənsən
ki, için çürüyür ha, ha, ha!
- Gəl, sənə
bir tapşırıq verim, istəsən, lap mərc eləyək.
Əgər dediyimi eləyə bilsən, yalan deyirəmsə,
nəslimə-kökümə nəhlət, işi qurtaran
kimi gedirik pivəxanaya.
- Bəs, eliyə
bilməsəm, nolacaq?
- Heç nə.
Kefim nə vaxt istəsə, qonaqlığını onda verəcəm.
Yox, əgər mərci sən udsan, ağrıdan ölsəm
də, atasına nəhlət yalan deyənin, axşam sənnən
bərabər içəcəm.
- Əvvəla,
bacarsam da, bacarmasam da, sənin atana nəhlət! İkincisi,
de görüm, mərcin nədir?
- Ay iyirmi saniyəyə
geri qayıdan oğlan, nə qədər ki, üstünü
bərkitməmişik, elə bil tualetdi, işə bura.
- Nə?! Bura?!!
- Hə... ha, ha,
ha!
- Başın
xarabdır?! Axı, süzülüb
aşağıdakının başına töküləcək.
- Əşşi,
dili yox, ağzı yox, sən başla!
Bu adam həmin
gün pivə içməyi necə başına
doldurmuşdusa, söhbəti uzatmadı. Qabaqca nəsə
şırhaşır səs gəldi, az sonra damdan
üstümə damcı-damcı sidik süzülməyə
başladı. Damcıların bədənimə necə
toxunduğunu hiss edib, bərk qəzəbləndim! Amma nə
illah eləyirdimsə, səsimi qaldıra bilmirdim!
İfliciydim, axı!..
Çox keçməmiş
mərci uduzanın, - "Söz! Sənə araq alacam, halal
olsun, ha, ha, ha!", - deyib, qəhqəhəsini eşitdim.
Onların səslərini eşitmək get-gedə çətinləşirdi.
Sidiyin son damcısı üstümə çox nazla
düşdü. Yır-yığış edib getdilər. -
Bu nə biabırçılıqdır?! Heç
başıma belə iş gəlməmişdi!,
- deyə düşünürdüm.
Ertəsi gün
yenə gəlib, çox uzun-uzadı
çalışdılar. Ta ki, onlar işlərini qurtarıb
gedənəcən, heç nəyə məhəl vermirdim.
Bir şeyi qaçırmışdım - "Axı, dünən
işin axırında, bu gün də vaxtaşırı
onların səsi nəyə görə get-gedə uzaqdan
eşidilməyə başlayırdı?".
Qəfil, səssizliyin
baş qaldırdığını hiss etdim. Onlar
çıxıb getmişdi, bəs, küləyin
vıyıltısı, xəstəxananın yanından ötüb-keçən
maşınların siqnal və təkər səsləri hara
yoxa çıxıb?, - deyə bura gəldiyim
gündən bəri ilk dəfə xoflu halda
düşündüm. Yanımda iki şey hiss edirdim -
qaranlıq və səssizlik ... O gecə
üçümüz də əzəmətli şəkildə
bir-birimizə təslim olduq. Lənət olsun! Ən çox
qorxduğum şey başıma gəlmişdi -
yavaş-yavaş həyata xiffət hissi duymağa
başlayırdım. Çünki onun səsini kəsmişdilər!!!
Keçmiş həyatıma aid bütün anıları
yada salmağa başladım. İlk yadıma düşən
sağlam vaxtlarımdakı bir gecə idi...
Qışıydı...
Həmişə olduğu kimi çoxlu siqaret çəkib,
otağımı tüstüylə doldurmuşdum. Pəncərəni
açıb, dişlərimi fırçalamaq
üçün hamama getdim. Geri qayıdanda qoxu da,
tüstü də hələ otaqdaydı. Pəncərəyə
dəstək üçün eyvanın da qapısını
açdım və çəkələyimin bir
tayını qapıyla döşəmə arasına
dürtüb yerimə uzandım. Ətrafdan maşın, adam,
it, pişik nədir, heç külək səsi gəlmirdi.
Amma o vaxtacan mənə tanış olmayan bir səs
varıydı ki, ona biganə qalmaq olmurdu. Guya, ya dünya nəfəs
alır, ya da təngnəfəs olurdu. Dayan, dayan, guyası-filanı
yoxuydu, elə fikirləşdiyim kimiydi ki, durmuşdu! Vahimə
içində cəld ayağa qalxıb qapını, pəncərəni
bağladım və yerimə uzandım. Sonrakı günlərdə
nə qədər çalışsam da, o səsi bir də
eşitmədim, ta ki, palatanın damının təmiri
qurtaranacan...
Bu xatırlama
sonrakı peşmançılıqlarıma toxum səpmişdi
və onlar hər saniyə, hər dəqiqə, hər saat, hər
gün cücərir, amma pöhrə vermirdi. Onda bu səsdən,
axı, niyə qorxmuş, həyatın gözəl, təravətli,
həzin, cilvəli nəfəsinə dərindən qulaq
verib, onu var gücümlə ciyərlərimə çəkməmişdim?!
Nəyə görə bütün bu
lütfkarlığına baxmayaraq, bircə dəfə
pıçıltı ilə olsa da, ona ürəkdən minnətdar
olmamışdım?!
Bunun ardınca
sağlam vaxtlarımdakı bütün yaşadıqlarım
saniyə-saniyə üstümə aşmağa
başladı. Məktəbli vaxtlarımda bir dəfə məndən
çörəyin pulunu almağı unudan satıcı
qadını, kağız pulu ovcumda gizlədərək
ehtiyatla univermaqdan çıxmağımı,
univermağın çıxışındakı balıq və
heyvan yemi satılan bölməni, bu bölməyə gələn
alıcılara anlaşılmaz nifrətlə baxan
satıcı kişini, göy rəngli akvariumdakı növbənöv
balıqları, mənim üçün
yaradıldığını düşündüyüm və
barmağımı şüşədən düz
dodaqlarına söykədiyim balığı, tərləmiş
ovcumda əzilən pulu satıcıya uzadıb qətiyyətlə
- "Alıram! Verin!", - deməyimi, satıcının
balığı suyla doldurduğu plastik paketə qoyub, incə
bir gülüşlə mənə uzatmasını, evə
qaçıb balığı su dolu şüşə balona
buraxmağımı, sonra saatlarla onun hərəkətlərini
izləməyimi, qəfildən balondakı suyun
mağazadakı akvarium kimi göy olmamasının fərqinə
varmağımı, bu kəşfimdən doğan təəccübümü,
az sonra məsələdən çıxış yolu
tapıb qürurlanmağımı, qələmi
qayçıyla ortadan kəsib göy rəngli məhlulu suya
damcılatmağımı, istədiyim nəticəni ala bilməyimin
nəşəsini, o gecə böyük bir rahatlıq
içində dərindən dərin bir yuxuya getməyimi və
ertəsi gün balığın cansız bədənini
görməyimi... xatırladım. İlahi, bu anlar
ömrümün hansı küncündə tozlanıb
görünməz olmuşdu?! Onlar nağıllardakı mərdimazar
divlərə bənzər qayğılarımın dabanı
altındamı əzilmiş, yoxsa üfüqün
gözü kor edən parlaq işığındamı
seçilmirdilər?! Necə də məftunluqla, kədərlə
dolu anlar idi? - deyə o gündən bu günə
düşünürəm.
Günlərdir
unutduğum qorxu deyilən bir duyğu geri
qayıtmışdı. İflic olduğum üçün
qabaqlar mənə üzülən doğmalarımı daha
qınamırdım. Sən demə, mənim mərhəmətə
ehtiyacım var imiş!!! Elə hey nələrisə
xatırlayırdım. İnanın, bu nağılımı
sağlam vaxtlarımı xatırlamamaq, qorxmamaq
üçün uzadıram. Həm də, əslində,
"siz" deyə bir şey və mənim sizləri
uydurmaqdan savayı çıxış yolum yoxdur.
Kaş, bu neçə
gündə yaddaşımda nələrin
xortladığını biləydiniz! Məsələn,
avtobusla və piyada gedəndə adamlara duyduğum sərhədsiz
nifrət hissini... Ən kobudu və mədəniyyətsizinin
yaşamağa haqqının olmadığını, ən
"düzgün"ün isə hansısa fayda
üçün özünü belə göstərdiyini
düşünürdüm. Yox, yox,
düşünmürdüm, buna tam şəkildə əminiydim.
Adamlar iki cür idilər: kobud və mədəniyyətsizlərlə
yola getməyin asan, özünü aktyorluğa vuranlarla isə
mümkünsüz olduğuna inanırdım. Çünki
bu ikincilər gülür, qaynayıb-qarışır, daim
xeyirlərə vəsilə olur, amma mən onların gözündə
hansısa mübhəm bir arzuya çatmaq həvəsi
görürdüm. Axı, niyə, nəyə görə bu
cür düşünürdüm?! Bəs, mən
özüm necəydim? Kim idim?! İlahi!!! Onların şəhərin
küçələrini, metrostansiyalarını, məhəllələrini,
xəstəxanalarını, bir sözlə, bütün
künc-bucaqlarını dolduran səs-küyləri, pis və
yaxşı sözləri, gah sualedici, gah da sonsuz məna ifadə
edən baxışları necə də dəyərli
imiş! İlahi, indi şəhərlərə, küçələrə
sonsuz addımlar iz salır, dodaqlardan sözlər
yayılır və onların sahibləri mənim yoxluğumu
hiss etmirlər. Amma mən bu bəşəri itkimi hiss edir, tənhalığın
kabusanə rəngini qəbullana bilmirəm. Eynən
kiçik dünyasını göy rənglə zəhərlədiyim
o balıq kimi!!!
Palatamın
damını suvayanlara min lənət olsun! Darısqal
komamı bütün bəşəri səs-küydən məhrum
elədilər. Hələ qapalı gözlərimin
arxasındakı qaranlıqdan danışmıram! Onu
aydınlığa qovuşdurmaq heç cür mümkün
deyil. Sağlamlıqda sayca neçə dəfə evimin
işığını yandırmışdım! Ən
acısı bilirsinizmi nədir? Adi saydığım bu
şeylərdən məhrum qalacağımı bircə dəfə
də olsun düşünməməyim!
Nələri
xatırlayıb, nələrin həsrətilə
qovrulduğumu bilən olsaydı! Diş
ağrısını, baş ağrısını
xatırlayıb, insan kimi ağrımaq üçün nələri
qurban verməzdim!!! Kaş, öz evimdə olaydım! O
hündürmərtəbəli binadakı bütün mənzillərin
qapısını döyüb, - "Mənim danışan,
addımlayan, gülən, ağlayan, mədəni, kobud
qonşularım necəsiniz? Bəlkə, bu axşam bizə
toplaşaq? Uzun-uzun dərdləşməyə nə deyirsiz,
hə? Bəlkə, birlikdə futbola baxaq?", - deyə təklif
edərdim. Axı, burdakı qonşularımın
qapısını döyə bilmirəm. Onlar gördüyüm
ən qapalı, ən sakit, ən maraqsız adamlardır. Lənət
olsun iflic olmağa! Bu ada min lənət!!!
Dayan, deyəsən,
kimsə gəldi!!! Zibilə qalsın, heç cür
eşitmək olmur! Yox, yox, bunu əldən qaçırmaq
olmaz! Bəlkə də, son yüz gündür ziyarətimə
heç kim gəlmir. Bayaqdan, - "Ailəm, sevdiklərim
ağlayırlar, suspus dayanıb öskürürlər",
- deməyimə baxmayın. Bu yalnız beş, ya da altı dəfə
baş verib. Nəsə, azca səbrli olun, bu dəqiqə onun
kim olduğunu biləcəm. Deyəsən, hava da sakitdir. Bəh-bəh,
bəlkə də, günəş çıxıb. Bu kimdisə,
hələ danışmır. Yaşasın! Necə sevinirəm!!!
- Salam, oğlum.
Bu, atamdır. Bu
onun səsidir. Oh!!! Nə yaxşı ki, gəlib
çıxdı:
- Salam, ata, necəsən?
- Oğlum, bilirəm
ki, məni eşitmirsən!
- Sən nə
danışırsan, ata?! Mən səni eşidirəm. Lap dərinə
getsək, hələ səndən küsmüşəm də!
- Bilirəm,
oğlum, gəlib-gedənin yoxdur. Belə baxanda camaatı
heç qınamıram! Axı, nəyə görə gəlsinlər?!
- Cəhənnəmə
gəlsinlər, mənə sən bəs edərsən!
- İndi tərpənib,
danışa bilsəydin, məni bu sözümə görə
borclu çıxardacaqdın!!!
- A kişi, xəbərin
var ki, səni eşidirəm?! Nədir məni borclu
çıxarmağa gəlmisən?!
- Etdiyini etdin,
dağıtdığını dağıtdın!!!
Yaxşıları yaxşılıqdan çıxardın.
Hamını özünə düşmən bildin! Ailəni
dağıtdın, uşaqlarına bircə gün də olsun
yiyə durmadın! Bütün ömrüm boyu
yığdığım var-dövləti bir ayda havaya
sovurdun. Yolda yeriyən itə mız, pişiyə paz qoyurdun!
Amma kaş biləydin ki, əzab verdiyin doğmaların nə
qədər ağladılar sənin üçün.
- Hə, bilirəm.
İndi onlar hardadılar, bəs? Yaxşı görək, bəsdir,
ata! Hamısı artistlik eləyirdi. İndi bunları
danışmağın, axı, nə mənası var?!
- Bir dəfə səndən
xoş üz görmədim! İndi üzün də susub,
dilin də! Gəldim ki, sağollaşam.
- Bu nə
danışır?! Nə sağollaşmaq, a kişi?! Atamsan,
sən gərək mənə kin saxlamayasan.
- Gedirəm
Finlandiyaya, bəyənmədiyin qardaşım
uşaqlarının yanına. Daha məni bura bağlayacaq
heç nə qalmadı. Qayıtmayacam. Allah qismət eləsə,
elə orda da öləcəm! Qardaşım uşaqları
yaxşı adamlardır, mənə yiyə çıxarlar!
Dilim gəlməsə də, deyəcəm. Sən indiyəcən
eləmədiyini elə... Öz başının çarəsini
qıl! Sənə su gətirmişəm. İç, bir az
yüngülləş.
- Ey tökmə o
suyu, tökmə!!! İlahi, o neynir?!!!
- Sağ ol,
oğlum! Biləsən, həmişə ürəyimdə
olassan!
- Ey ata, ata, ata,
getmə ata, yalvarıram sənə!!! Bilmədiyin şeylər
var! Mən bütün səhvlərimi anlamışam,
üstəgəl çox qorxuram, ata! Bütün
danışıqlarını eşitdim, kaş, sən də
mənim dediklərimi eşidəydin!!! Ata, nə olar getmə!!!
Ata!!! Ata!!! Hələ bir de görüm, hava günəşlidirmi?!
Ax, ax, ax, o maşının qapısını necə bərk
çırpdı! Mən o maşının
qapısını nə qədər
açıb-örtmüşdüm! Ata! Getdi, getdi, getdi!!!
Hamınızı zibilə qalasınız axmaqlar!!! Heç
kimin mənim buranı qəbiristanlıq yox, xəstəxana,
qəbir yox, palata olduğunu düşünüb, günlərdir
özümə toxtaqlıq verdiyimdən xəbəri yoxdur. O
murdar ustaların başdaşımı, sinədaşımı
düzəltdiyini bilirdim, amma bunu qəbul edə bilmədiyim
üçün uydurmalara baş vururdum. Mən
hamınızı, hər şeyi, eşidirəm!!! Axmaqlar,
biz cismən ölmüşük, amma bütün
günahlarımıza, savablarımıza baxmayaraq, yolunuzu
gözləyirik! Siz də öləcəksiz! Sən də
öləssən, ata!!! Aldanma ki, ruhun bədənindən
çıxıb göyə qalxacaq! Yox, o, bax elə burda, o
suyu əndərdiyin yerdə islanıb quruyacaq!!! Səni də
isladacaqlar!
Ey,
qəbir qonşularım! Biz iflic olmamışıq,
ölmüşük! Bura qəbiristanlıqdır!
Qaranlıqdır! Eşidirsiz?! Yoxsa siz bunları bilirdiniz?! Siz
bunu necə qəbul etmisiniz? Ax, ölmək necə də dəhşətlidir...
Bahəddin Salman
Ədəbiyyat qəzeti.-2020.-14
mart.-S.12-13.