Çətin - geniş mövzu və uğurlu nəticə

 

İstedadlı, yaradıcı tədqiqatçı olmağın kökündə qüdrətli əmək, fədakar zəhmət, zəkalı elm-təhsil, prinsipiallıq kimi davamlı, səmərəli yaradıcılıq anlayışları dayansa da, o, həm də böyük Allah vergisidir. Bəxtiyar Əsgərovu mən dərs dediyim illərdən tanıdığım üçün "istedad-yaradıcılıq" anlayışının, adlarını çəkdiyim fədakarlıq, əmək-zəhmət-prinsipiallıq və məsuliyyət hissindən savayı, onun Tanrı vergisi olduğuna bir daha inandım, şəkkim-şübhəm qalmadı. Zəhmət-əmək-məsuliyyət hissi o zaman daha qüvvətli, cəlbedici, daha səviyyəli sayılır ki, o, müasir tələb və prinsiplərə uyğun yaradıcı xarakteri ilə fərqlənir. Mən bunu, hələ on beş il əvvəl gənc tədqiqatçı alim Bəxtiyar Əsgərovun yaradıcılıq fəaliyyətində yarım əsrdən artıq elmi sahədə çalışan insan kimi daha dəqiq, aydın hiss etdim. Həm də dərs dediyim illərdən yaxşı tanıdığım üçün deyə bilərəm ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsini həm bakalavr, həm magistratura, həm də aspirantura pillələrini əyani şöbədə uğurla başa vurdu. İş elə gətirdi ki, onun filologiya üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri mən oldum. O, XX əsrin böyük nasiri, şairi, dramaturqu, ictimai-siyasi xadimi M.S.Ordubadinin yaradıcılığından mövzu götürmüşdü, onun dramaturgiyasından yazırdı. Bu da faktdır ki, böyük ustad M.S.Ordubadidən çox yazılıb. Onun böyük yazıçı portretini elmi cəhətdən əsaslandıran səviyyəli tədqiqat işləri görülüb. Bu sahədə böyük alim Yavuz Axundovun xidmətləri əvəzolunmazdır. Bəxtiyar Əsgərovun yenidən M.S.Ordubadi mövzusuna qayıtması, onun dram yaradıcılığını mövzu kimi götürməsi böyük cəsarət və müasir ədəbiyyatşünaslıq elmi üçün, doğrudan da, yenilik idi. Belə ki, M.S.Ordubadinin səkkizcildlik "Əsərləri"ndə onun cəmi 6 dram əsəri olduğu göstərilir. Bəxtiyar Əsgərov isə müntəzəm olaraq M.S.Ordubadi arxivini onun əlyazmalarından izləyərək, əksəriyyəti hələ də çap üzü görməyən otuza qədər irili-xırdalı pyesini - dramatik libretto mətnlərini də üzə çıxardı, hər biri haqda elmi-nəzəri səviyyəli mülahizələr söylədi; bir növ M.S.Ordubadi irsinin tamamlanması üçün elmi fəaliyyətini əsirgəmədi. Bununla yanaşı, haqsız süründürməçiliyə, təxribatlara məruz qaldı, get-gələ salındı, yerli-yersiz, lüzumsuz iradlarla üzləşdi. Yolundan, səmərəli tədqiqatçılıq fəaliyyətindən dönmədi, sınmadı, yeni dəlil, əldə etdiyi elmi nəticə və faktlarla haqlı olduğunu sübut edə bildi. Bu, əsl elm, yaradıcılıq prinsipiallığı, böyük məsuliyyət hissi idi. Maraqlısı odur ki, Bəxtiyar Əsgərov bundan sonra da "dinc" durmadı. Səmərəli və yorulmaz tədqiqatçılıq fəaliyyətini uğurla davam etdirərək elmi-nəzəri tələblərə cavab verən yeni tədqiqat əsəri ilə müasir ədəbiyyatşünaslığa töhfə verdi. "Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül" adlanan ikinci tədqiqat əsəri - filologiya elmləri doktorluğu dissertasiya işində öz obyekti - mövzu dairəsi ilə olduqca geniş, əhatəli və təxminən iki əsrin tarixi roman janrının inkişaf xətləri və meyilləri ilə bağlı olan araşdırmasını ortaya qoydu. Təxminən üç yüz səhifəlik bu elmi əsər dörd fəsildə işlənmişdir. Mövzunun aktuallığı, əhatəliliyi və genişliyi, həmçinin internet materiallarını nəzərə almasaq, iki yüz qırx altı adda elmi ədəbiyyat siyahısı belə bir fikir deməyə imkan verir ki, tədqiqatçı son dərəcə vacib, zəruri, eyni zamanda çətin bir mövzuya girişmiş və onu əsasən müasir elmi tələblərə cavab verə biləcək bir səviyyədə həll edə bilmişdir. Təxminən iki əsrdə (XIX-XX əsrlər) yaranan, say etibarilə o qədər də az olmayan, çoxsaylı yazıçılar və tarixi romanların bağlı olduğu, ərsəyə gəldiyi zamanın, dövrün ictimai münasibətlərinin psixologiyasını qarışıq salmadan ümumiləşdirib elmi həqiqət şəklində təqdim etmək, heç şübhəsiz, böyük əməyin, böyük məsuliyyət hissinin, müasir ədəbiyyatşünaslıq elminin tələb və prinsiplərinə ciddi riayət etməyin nəticəsində mümkün olmuşdur. Bunları qeyd etməkdə məqsədimiz sözügedən elmi tədqiqat əsərini tam genişliyi ilə təhlil etmək deyil. Bununla yanaşı, belə bir ciddi elmi tədqiqatın bəzi ümumi məziyyətlərindən danışmağı məsləhət bildik. İndiyədək həm ayrı-ayrı tarixi roman müəllifləri, məsələn, M.S.Ordubadi, Y.V.Çəmənzəminli, Mir Cəlal, M.Hüseyn, M.İbrahimov, İ.Şıxlı, İ.Muğanna, F.Kərimzadə, Ə.Cəfərzadə və b. haqda geniş tədqiqat işləri aparılıb, həm də "yazıçı və tarix" mövzusunda elmi əsərlər yazılıb, Azərbaycan ədəbiyyatı tarixində geniş yer tutan "Dumanlı Təbriz", "Qılınc və qələm", "Yolumuz hayanadı", "Pərvanə", "Məşhər", "Dəli Kür", "Qan içində" və s. əsərlər haqda səviyyəli mülahizələr deyilmişdir. Əvvələn, adını çəkdiyimiz tədqiqat əsəri əhatə dairəsinə və çoxsaylı tarixi romanlar və yazıçılarla bağlı olduğu üçün dörd fəslin hər biri ayrıca tədqiqat mövzusu kimi götürülə və işlənə bilərdi... Digər tərəfdən, Azərbaycan ədəbiyyatşünaslığında tarix və tarixi bədii nəsr - xüsusilə tarixi romanlar haqda çox yazılıb, özü də geniş tədqiqat işləri görülüb. Bu da faktdır ki, ədəbiyyatşünaslıqda "yazıçı və tarix" mövzusunda yazılan əksər əsərlər düzgün olaraq "tarixdə insan və insanda tarix" faktı kontekstində tədqiqata cəlb olunub. Bununla yanaşı, tədqiqatçılığın başqa yaradıcılıq sahələrinə nisbətən tarixi mövzulara münasibətin nisbətən ləng inkişaf etdiyi, hətta tarixi mövzuda əsər yazmağın son dərəcə çətin, böyük zəhmət tələb etdiyi göstərilməklə, tarixi romanlardan yazmağın daha çətin olduğu qeyd edilib. Onda bəs nə üçün Bəxtiyar Əsgərovun bu sahəyə yenidən müraciət etməsi elmi ictimaiyyətin diqqətini bu qədər cəlb edir? Əvvəla, Bəxtiyar Əsgərovun qeyd etdiyimiz belə bir mövzuya girişməsi böyük bir cəsarət idi. Əsəri oxuduqca ona çəkilən zəhmət insanı, həqiqətən, valeh edir. Böyük ustad, alim-yazıçıların "yazıçı və tarix" kəlamları yada düşür. "Tarixdə insan, insanda tarix" faktı haqda yenidən düşünməyə məcbur olursan. İlk yada düşən tarixi romanlarda bəhs olunan zamanı, həmin şəraitdə formalaşan insanların psixologiyasını axtarmaq, görmək istəyirsən. Bəxtiyar Əsgərov bəhs etdiyi tarixi romanlarda bu fakta xüsusi diqqət yetirmiş, tarixçi kimi yalnız qabarıq hadisə, əhvalat və vəziyyətləri yox, yazıçı kimi zamanın psixologiyasının necə araşdırılmasını, bununla da "yazıçı və tarix" faktına aydınlıq gətirməyi elmi cəhətdən əsaslandırmağa çalışmışdır.

 

"Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül" yəni gerçəkliklə təxəyyülün sərhədləri ilk dəfə ədəbiyyatda - müəllifin monoqrafiyasında XX əsrdə yaranan bir sıra görkəmli tarixi romanlar üzərində yüksək elmi səviyyədə təhlil olunur. Onların bədii xüsusiyyətləri, insanları, qabarıq tarixi hadisələri barədə yüksək elmi-nəzəri təhlillər aparılır. Xüsusilə, bir sıra əsərlərdə tarixi müraciətin səviyyəsizliyi, tarixi şəxsiyyətlərin imkan və bacarıqlarından qeyri-səmimi istifadə etmələri, hətta tarixi faktların təhrif olunduğu da tədqiqatçı tərəfindən elmi dəlillərlə sübut edilir. Bəxtiyar Əsgərovun tədqiqatçılıq bacarığı "Romanlarda tarixin təhrifi, yaxud bədii təxəyyülün sərhədsizliyi", "Ədəbi şəxsiyyətlər və hadisələr tarixi və bədii təxəyyül kontekstində", "Cənubi Azərbaycanda milli azadlıq hərəkatının bədii inikasında tarixilik və bədiilik", "Yazıçı təhkiyəsində milli yaddaş, tarixilik və bədii şərtilik" yarımbaşlıqlarında özünü daha qabarıq göstərir.

 

Bəxtiyar Əsgərovun elmi-nəzəri üslubu, hadisələrə, obrazlara, tarixi şəxsiyyətlərə yanaşma faktı bir neçə tarixi romanın təhlilində özünü daha aydın və qabarıq şəkildə göstərir. O, yalnız tarixi romanların uğurlarını deyil, nöqsanlarını da göstərməkdən, elmi dəlillər və tarixi faktlarla sübut etməkdən çəkinmir. Monoqrafiyanın məziyyətlərindən biri də budur ki, Bəxtiyar Əsgərov bəhs etdiyi hər bir tarixi romana son dərəcə obyektiv elmi tələb və prinsiplərlə yanaşır, polemik nəzarəti bütün fəsillərdə yüksək səviyyədə gözləyir, hər bir romanın təhlilində elmi obyektivliyinə nəzarət edir, onu azalmağa qoymur. Monoqrafiyada elmi-nəzəri ədəbiyyata bələdçilik yüksək səviyyədədir. Bəxtiyar Əsgərov tarixi roman məsələsinə nəinki əsər müəlliflərinin ehtiyacları səviyyəsində, əksinə, ona ustad, professional alim tənqidçilərin; Məmməd Arifin, Mir Cəlalın, Mehdi Hüseynin, M.C.Cəfərovun və digər nəzəriyyəçilərin orijinal tələb və prinsipləri əsasında yanaşır. Monoqrafiyada bu haqda olduqca zəngin məlumatlar yer almışdır.

 

 

 

"Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül" monoqrafiyasının mövzu-obyekt dairəsi əhatəli və geniş olduğu kimi, ideya-məzmun-göstəricisi də son dərəcə geniş və əhatəlidir. Bəxtiyar Əsgərov təxminən iki əsrlik tarixi roman mühitini diqqətlə izlədiyi, araşdırdığı üçün, tarixi roman müəlliflərini də ardıcıllıqla "tarixdə insan və insanda tarix" faktı kontekstində araşdırmağı əsas elmi meyar kimi gözləmişdir. Bu barədə monoqrafiyadan çoxlu nümunələr, misallar gətirmək də olar ki, buna lüzum görmədik. Əsərin sonunda verilən ədəbiyyat siyahısı monoqrafiyanın sanbalı haqda aydın təsəvvür yaradır.

 

Monoqrafiya zəngin, bədii və elmi-nəzəri material bolluğu ilə diqqəti cəlb edir. Bunun bariz nümunəsi olaraq əsərdə "Yazıçı və tarix", "Sənətkar və ulu keçmiş", "Yaradıcı insan və prinsipiallıq, məsuliyyət hissi" kimi sənətkarlıq-yaradıcılıq məsələlərinə aydınlıq gətirilir. Xüsusi başlıqlar və yarımbaşlıqlarla verilməsə də, monoqrafiyada bədii nəsrin-tarixi roman anlayışının hüdud və imkanları elmi-nəzəri aspektdə təhlilə cəlb olunur. Bu baxımdan böyük nasir, alim, dramaturq, ictimai xadim Mehdi Hüseynin "Yazıçı və tarix" elmi əsərinin səviyyəli şəkildə təhlilə cəlb olunması yüksək maraq doğurur. Bəxtiyar Əsgərovun üslubunda, təhlil üsulunda yeknəsəqlik hiss olunmur. O, hər bir tarixi roman müəllifinə, hər bir tarixi əsərə həm fərdi, həm də ictimai-müasir ədəbiyyatşünaslığın tələb və prinsipləri əsasında yanaşır. Ona görə də monoqrafiyada məqsəd, fikir aydınlığı açıq hiss edilir. Bəxtiyar Əsgərovun monoqrafiyasında tezislər şəklində verilən, şərhi-həlli açılması zəruri olan bir çox yaradıcılıq-sənətkarlıq məsələlərinə, xüsusilə də "tarixi roman-yazıçı və tarix" faktına "tarixdə insan, insanda tarix" prisipləri ilə yanaşma, elmi nəzəri təhlillərin həmin istiqamətdə aparılması açıq hiss edilir.

 

Monoqrafiya tarixi roman anlayışı ilə bağlı istiqamətverici xarakterə də malikdir. Monoqrafiyanın müasirlik və tarixilik funksiyasını da qeyd etmək tamamilə mümkündür. İstəyirik ki, müstəqil ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edən gənc alim Bəxtiyar Əsgərov başladığı bu elmi-yaradıcılıq yolunu sonadək davam etdirsin və bu yolda ona tükənməz uğurlar arzu edirik!

 

Abdulla Abasov

 

Ədəbiyyat qəzeti.-2020.-14 mart.-S.19.