Alim ömrünün bəhrələri
Görkəmli dilçi alim, AMEA-nın
müxbir üzvü, filologiya üzrə elmlər doktoru,
professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Əbülfəz Aman oğlu Quliyevi şəxsən
tanımağımın tarixi 1982-ci ilə aiddir. Həmin il
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
dili və ədəbiyyatı ixtisasına qəbul
olunmuşdum. İlk semestrdə Əbülfəz müəllim
bizə "Qədim türk yazılı abidələrinin
dili" fənnini tədris edirdi. Və elə onun ilk
mühazirəsindən sonra gözlərimiz önündə əsrarəngiz
bir dünya canlanmağa başladı - ulu babalarımız
türklərin yüz illərin o üzündən boy verən
tarix, dil, mənəviyyat dünyası. Əbülfəz
müəllim qədim türklərin Orxon-Yenisey kitabələrinin
dilini dəqiqliklə, aramla və təfərrüatları
ilə tələbələrə izah edir, Azərbaycan dili ilə
müvafiq müqayisələr aparır, bu kontekstdə
dilimizin ulu tarixini də fəxrlə vurğulayırdı...
İllər ötdükcə Əbülfəz
müəllimi daha yaxından tanıdım, onun barəsində
tələbəlik dövründən yaddaşımda
formalaşmış qənaətlərin doğruluğunu dəfələrlə
müşahidə etdim... O, elmə təsadüfi gəlməyib,
hələ tələbəlik illərindən daxilində
qaynayan bilik təşnəliyi, öyrənmək həvəsi,
axtarış yanğısı onu elm yolunun sadiq yolçusuna
çevirib. On illər boyu fasiləsiz şəkildə səbrlə,
həm də inadkarlıqla və böyük iradə ilə
aktual mövzularda qiymətli tədqiqatlar aparan, çoxsaylı kitablar və
məqalələr nəşr etdirən Əbülfəz
Quliyev elmdə məxsusi mövqeyi və xidmətləri olan
ustad alim məqamını qazanıb. İlk elmi məqaləsi
1973-cü ildə dərc olunan Əbülfəz müəllim
tədqiqatlarını davam etdirmiş və genişləndirmiş,
dilçiliyin, ümumən filologiyanın,
türkologiyanın müxtəlif sahə və problemlərinə
dair fundamental əsərləri ilə şöhrətlənmişdir.
Görkəmli alimin əksər araşdırmaları
türk dünyası miqyasında böyük əhəmiyyət
kəsb edir. Onun "Orxon-Yenisey abidələrində felin təsriflənməyən
formaları (Azərbaycan dili ilə müqayisədə)"
mövzusunda (1979) namizədlik (fəlsəfə
doktorluğu), "Qədim türk onomastikasının
leksik-semantik sistemi" mövzusunda (2003) elmlər
doktorluğu dissertasiyaları bu baxımdan böyük əhəmiyyətə
malikdir. Həmin sahələrlə əlaqədar alimin
müxtəlif vaxtlarda nəşr etdirdiyi, aşağıda
adlarını çəkəcəyimiz sanballı kitablar həm
elmi-nəzəri mükəmməlliyi və
aktuallığı, həm də ali məktəblərdə
müvafiq fənlərin tədrisi üçün qiymətli
mənbə olmaları ilə səciyyələnir: "Qədim
türk yazılı abidələri dilinin sintaksisi",
"Qədim türk yazılı abidələrinin
sözlüyü", "Əski türk yazılı abidələrinin
müntəxəbatı", "Qədim türk abidələrinə
aid materiallar", "Orxon-Yenisey abidələrində felin təsriflənməyən
formaları", "Əski türk onomastik
sözlüyü", "Qədim türk
onomastikasının leksik-semantik sistemi" (2 cilddə),
"OrxonYenisey abidələrində toponim və etnonimlər",
"Qədim türk onomastikası", "Qədim uyğur
türklərinin onomastikası" və s.
Heç təsadüfi deyil və
qanunauyğun haldır ki, Əbülfəz müəllimin tədqiqatlarının
mühüm bir qismi Azərbaycanın ulu diyarı
Naxçıvanla bağlıdır. Bölgənin dialekt və
şivələrini, adət-ənənələrini,
folklorunu, tarixini, görkəmli yetirmələrinin fəaliyyətini
müxtəlif aspektlərdə öyrənən alimin belə
tədqiqatları azərbaycanşünaslığın tərkib
hissəsi olan naxçıvanşünaslığa layiqli
töhfələrdir. Qardaş Türkiyə Cümhuriyyətində
müxtəlif vaxtlarda nəşr olunmuş kitabları bu
baxımdan mühüm dəyərə malikdir: onun geniş tədqiqatçı
erudisiyasından soraq verir. Bir mühüm məsələni də
qeyd etmək istərdim. Əbülfəz müəllim tədqiqat
mövzusu kimi seçdiyi problemləri ən incə məqamlarına,
ilk baxışda nəzərə çarpmayan dərin
qatlarına qədər araşdırmayınca, öyrənməyincə
işini bitmiş hesab etmir. Elə bu cür məsuliyyətli
yanaşmanın göstəricisidir ki, onun monoqrafiya və məqalələri
dolğun elmi siqləti, konseptuallığı, sistematikliyi ilə
diqqəti çəkir. Professorun tərcüməçilik
fəaliyyəti də onun elmi tədqiqatları ilə
bilavasitə əlaqədardır. Türkcədən
çevirdiyi Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"sinin
Azərbaycan dilində üç cilddə nəşrini,
General Veysəl Ünüvarın "Naxçıvan: təlatüm
və burulğanlar", "8 ay bolşeviklərlə
üz-üzə" kitablarını, həmçinin
ruscadan türkcəyə (Halil İbrahim Usta ilə birgə)
çevirdiyi A.V.Borovkovun "Orta Asyada
bulunmuş Kuran tefsirinin söz varlığı (XII-XIII
yy.)" adlı kitabın
Ankarada çapdan çıxmasını bu sırada
daha önəmli işlər kimi məxsusi vurğulamaq istərdim.
AMEA-nın müxbir üzvü, professor Əbülfəz
Quliyev Azərbaycan elmini dünya miqyasında layiqincə təmsil
edən məşhur və məhsuldar alimdir. O, Asiya və
Avropanın müxtəlif ölkələrində kitablar və
məqalələr dərc etdirmiş, çoxsaylı elmi
konfrans və simpoziumlardakı məruzələri ilə
geniş miqyasda beynəlxalq elmi ictimaiyyətin diqqətini
çəkmişdir. Bu baxımdan Türkiyə, İran,
İraq, Rusiya, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya,
Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və b. ölkələrin adını
çəkmək olar. Bu məqamda Əbülfəz Quliyevin
qardaş Türkiyədə bir müddət universitet müəllimi
kimi səmərəli fəaliyyətini, alim-pedaqoq olaraq
böyük nüfuz qazanmasını da xatırlatmaq yerinə
düşər. Professor Əbülfəz Quliyev hələ
1970-ci illərdən öz tədqiqatları ilə görkəmli
alimlərin diqqətini cəlb etmişdir. Dünya
türkologiyasının A.A.Kononov,
D.M.Nasilov, Ahmet Bican Ercilasun və digər məşhur simalarının
müxtəlif vaxtlarda Ə.A.Quliyevin tədqiqatlarına
böyük qiymət verməsi bütünlükdə
elmimizin nüfuzunu yüksəldən faktlar
sırasındadır. Azərbaycan filologiyasının Məmmədağa
Şirəliyev, Ağamusa Axundov, Əbdüləzəl Dəmirçizadə,
Afad Qurbanov, İsa Həbibbəyli, Nizami Cəfərov,
Əlövsət Abdullayev, Rəhilə Məhərrəmova,
Yusif Seyidov, Adil Babayev, Ramiz Əsgər, Fərman Xəlilov və
b. tanınmış nümayəndələri, həmçinin
bir çox digər alimlər də Əbülfəz Quliyevin
fundamental tədqiqatları barədə dəyərli fikirlər
söyləmiş, məqalələr dərc etdirmişlər.
Bütün bunlarla yanaşı, Əbülfəz müəllim
həm də bacarıqlı elm təşkilatçısıdır.
2003-cü ildən etibarən AMEA Naxçıvan bölməsi
İncəsənət, dil və ədəbiyyat
İnstitutunun direktoru kimi səmərəli fəaliyyəti
fikrimizə sübutdur. Azərbaycan elminə yarım əsrə
yaxın uğurla xidmət göstərmiş hörmətli
Əbülfəz müəllimi əlamətdar yubileyi
münasibətilə ürəkdən təbrik edir, ona uzun
ömür, cansağlığı, yeni nailiyyətlər
arzulayıram.
Hüseyn HƏŞİMLİ
Ədəbiyyat
qəzeti.-2020.-14 mart.-S.20.