"Ölülər"in
poetikası və İslam: birləşən mövqelər
"Ölülər" o "Ölülər"
deyil!
C.Məmmədquluzadənin
"Ölülər" əsərinin təhlilində onun
"din əleyhinə yazılması" elmi təhlillərin
əsasında dayanır. Müstəqillik dövründə
bu tendensiya birmənalı qəbul edilməsə də, C.Məmmədquluzadənin dini yox, din
adından alver edənləri tənqid etdiyi önə çəkilsə
də, yenə də nəticə etibarilə böyük sənətkarın
əsərdə məhz İslam dünyagörüşü
mövqeyindən çıxış etməsinin mahiyyəti
açılmır. Ədəbiyyatşünaslığın
"möminlər" kimi qələmə verdiyi obrazlara
Mirzə Cəlilin tənqidi münasibətinin kökləri
izah olunmur. Mirzə Cəlilin "Ölülər"dəki
tənqid fəlsəfəsinin əsasında Şeyx Nəsrullahın
toruna düşənlərin mömin olduqları
üçün yox, özlərini mömin kimi
apardıqları, məhz mömin olmadıqları
üçün tənqid edilməsinin mahiyyətindən
çıxış edilmir. Əsərdə təsvir edilən
bütün məşədi, kərbəlayı və
hacıların İslamdan, "Qurani-Kərim" hökmlərindən,"ölülərin
dirilməsi"nin "Qurani-Kərim"dəki əksindən
xəbərsizliklərinin onların Şeyx Nəsrullahın
toruna düşmələrini şərtləndirdiyini, bunun
müəllif mövqeyi kimi ifadəsi büsbütün kənarda
qalır. Müəllifin həm də İslam maarifçiliyi
mövqeyindən çıxışına göz yumulur.
Ədəbiyyatşünaslıq
komediya qəhrəmanlarının hər birinin tərcümeyi-halında
qara səhifə kimi yazılan sosial əxlaqsızlıqları,
onları "ölülər" kimi damğalamağa əsas
verən eybəcərlikləri möminliyin nəticəsi
hesab edir. Hər bir personajın - məşədinin,
hacının, kərbəlayının möminliyi onun
üçün baş töhmətinə çevrilir.
Onların imza atdığı sosial eybəcərliklərin
hamısının kökündə möminliyin dayanması,
dolayısı ilə olsa da, təhlillərdən
qırmızı xətt kimi keçir. Halbuki, bir daha təkrar
edirik ki, C.Məmmədquluzadə öz qəhrəmanlarını
mömin olduqları üçün yox, mömin
olmadıqları üçün, başqa sözlə,
müsəlman olub müsəlmanlığı şərtləndirən
hökmlərdən xəbərsiz olduqları
üçün kəskin tənqidə məruz qoyur. Ədəbiyyatşünaslıqdan
fərqli olaraq, Mirzə Cəlil cəhalətin
kökünü möminlikdə yox, mömin ola bilməməkdə
axtarır. Çünki həqiqi möminin Şeyx Nəsrullahın
toruna düşməsi mümkünsüzdür. Həqiqi
mömin "Qurani-Kərim" ehkamlarına bələddir və
bilir ki, ölülərin dirilməsi ancaq Qiyamət
günündə olacaq: o da Allah qarşısında imtahan
vermək üçündür. Həqiqi mömin
ölülərin dirilməsinin bu dünyaya qayıdıb gəlmək
üçün olmadığından, "Qurani-Kərim"də
dəfələrlə səslənən hökmlər kimi xəbərdardır.
Buna görə də Şeyx Nəsrullahın ölü
diriltmək əhvalatına həqiqi mömin nəinki
inanmazdı, hətta onun müqəddəs ehkamlara zidd
olduğunu o dəqiqə başa düşər və buna
görə də onun Şeyx Nəsrullahı qəbul etməsi,
onun qabağında tir-tir əsməsi mümkünsüz
olardı.
Əsərdə
"ölülərin dirilməsi" əhvalatının həqiqi
mahiyyətini dərk edənlərin obrazı varmı?
Heç şübhəsiz ki, ənənəvi baxışda
bu suala birmənalı cavab İsgəndərin adını
çəkməklə nəticələnəcək. Ancaq
qeyd edək ki, İsgəndərdən başqa, əsərdə
"ölülərin dirilməsi" əhvalatına həqiqi
mömin mövqeyindən münasibət göstərən obraz
da yer almışdır. Məşədi Orucun teleqramına
Xorasanda yaşayan qohumu Hacı Məmmədəlinin verdiyi
cavabı xatırlayaq: "Siz dəli-divanə olmusunuz. Adam da
məgər öləndən sonra dirilər?". Bu,
artıq həqiqi möminin səsidir; "Qurani-Kərim"
hökmlərindən xəbərdar, öləndən sonra
dirilməyin (mətn kontekstində dirilib bu dünyaya
qayıtmağın) Allah hökmlərinə zidd olduğunu
başa düşən və deməli, Şeyx Nəsrullahın
toruna düşməsi mümkünsüz olan həqiqi
möminin səsi, mövqeyidir. Mirzə Cəlil
düşüncəsində və qələmində
artıq Hacı Məmmədəli (Hacı titulu
daşımağına rəğmən) cahil deyildir. Cahil
olmadığı üçün də "ölü"
deyildir. Deməli, Mirzə Cəlil qələmində
hacılıq və möminlik heç də mütləq
şəkildə cahilliyin və ya ölülüyün
adekvatı deyildir. Məsələ möminlik göstəricisinin
mahiyyətindədir. Burada həqiqi möminliklə
möminliyin zahiri atributlarını daşımaq
qarşı-qarşıya gəlir. Həqiqi möminlik
Şeyx Nəsrullahın əməllərinin mahiyyətini dərk
etməyin açarı, yalançı möminlik isə
Şeyx Nəsrullahın toruna düşməyin səbəbi
kimi təqdim və başa düşülür.
Möminliyin, yoxsa cəhalətin tənqidi, yaxud "din
tiryəkdir"mi?
Əlbəttə,
"Ölülər" əsərində möminliyin,
nadanlığın və cəhalətin mahiyyətinə
nüfuz tendensiyası var. Ancaq ədəbiyyatşünaslığın
belə bir mövqeyinə ümumən haqq qazandırmaq
lazım gəlir ki, Mirzə Cəlil daha çox cəhalətin
və nadanlığın doğurduğu sosial eybəcərliklərə
qarşı qələm işlədir. Biz bu tezisdə ifadə
olunan həqiqəti qəbul edirik. Ancaq tənqidi yanaşma ilə
qəbul edirik. Həmin həqiqətin ədəbiyyatşünaslığımızdakı
ən məşhur ifadəsi belədir: "Əsərdə
din daha vacib, daha ciddi sosial məsələlərin həllinə
maneə və əngəl kimi təsvir edilən bir tənqid
obyekti idi.
Məqsəd
öz arvadlarını yumruqla öldürən və ölən
qardaşlarının arvadlarını alan, ölən
dostlarının yetimlərinin malına yiyələnən,
mömin və müqəddəs "müsəlman bəndələrin"
əsl simasını açıb göstərməkdir"
(Y.Qarayev. Realizm: sənət və həqiqət.
Bakı. Elm, 1980, s. 202).
Olsun ki, "öz
arvadlarını yumruqla öldürmək", "ölən
qardaşlarının arvadlarıını almaq",
"ölən dostlarının yetimlərinin malını
yemək" Mirzə Cəlilin təsvir etdiyi cəmiyyət
üçün xarakterik hal olmuşdur. Bu hal məhz zaman
üçün səciyyəvilik baxımından sənətkarın
düşüncəsini büsbütün məşğul
edir və vəziyyətdən çıxış yolu
axtarmağa sövq edirdi. Mirzə Cəlil bu sosial bəlaya
qarşı mübarizəni onu bütün kəskinliyi ilə
səhnədə canlandırmaqda görürdü və ona
qarşı yönələn kəskin tənqidin islah
gücünə inanırdı. Ancaq məsələ
burasındadır ki, bu sosial bəlanın
daşıyıcılarının həqiqi mömin və
müqəddəslərin olması ideyası nə Mirzə Cəlilin
düşüncəsində, nə də bu düşüncənin
estetik ifadəsi olan "Ölülər"də yox idi.
Ədəbiyyatşünaslığın mövqeyinə
görə, həmin sosial eybəcərliklərin törədiciləri
mömin və müqəddəslər idi. Bu "mömin və
müqəddəslər" də dini ideyaların
daşıyıcıları olduqları üçün, ədəbiyyatşünaslığın
məntiqinə görə, "əsərdə din daha vacib,
daha ciddi sosial məsələlərin həllinə maneə
və əngəl kimi təsvir edilən bir tənqid obyekti
idi". Bu məntiqin mənbəyi, əlbəttə,
"Ölülər"in bədii mətn həqiqəti
deyil; "din - tiryəkdir" - deyən siyasi rejimin ədəbiyyatşünaslıq
qarşısında qoyduğu vəzifələrdən
doğan missiyanın yerinə yetirilməsi təşəbbüsüdür.
Məlumdur ki,
müstəqillik dövrünün siyasi düşüncəsi
"din - tiryəkdir" tezisini birmənalı şəkildə
rədd edir. Mənsub olduğumuz dinə münasibətin
siyasi-ideoloji konturlarını ümummilli liderimiz riyazi dəqiqliklə
cızır: "Din mənəvi mənbələrimizdən
biridir. İslam dininin, "Qurani-Kərim"in Azərbaycan
xalqı üçün açdığı yol davam edəcək
və biz get-gedə dinimizin hər yerdə özünə
layiq yer tutmasına imkan yaradacağıq". (Cəlil Məmmədquluzadə:
150 il (məqalələr, esselər, müsahibələr,
şeirlər). Bakı. Ecoprint, 2019, s.17).
"Ölülər"
və İslam dini" məsələsinə siyasi və
elmi yanaşmanın da ən düzgün istiqamətini
ümummilli lider hələ müstəqilliyimizin ilk illərində
müəyyənləşdirmişdir. H.Əliyev
deyirdi: "Ölülər" əsərindən uzun
müddət din əleyhinə təbliğatda istifadə
edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər
kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə, bəlkə,
bu belə idi. Çünki bizim həyatımızda ateist tərbiyəsi
hökm sürürdü, din inkar olunurdu və bu əsər
bəlkə də, bu baxımdan həmin istiqamətdə xidmət
göstərirdi. Ancaq Mirzə Cəlil bu əsəri yazarkən
heç də dinə müxalif çıxmayıbdır, əksinə,
bu əsərlə, İslam dininin xalqımız
üçün nə qədər böyük mənəvi
dəyər olduğunu sübut etməyə
çalışıbdır". (Göstərilən mənbə.
s.16-17). Bu sitatda ifadə olunan fikirlər bizə imkan verir ki,
"Ölülər"in bütün mətninə istinadla
onun "din əleyhinə", "din-mövhumat" virusuna
qarşı yazılmış əsər olması
tendensiyasını rədd edək.
Məhz indi ədəbiyyatşünaslığın
qarşısında "Ölülər"in bədii mətn
materialında İslam dininin xalqımız üçün
"böyük mənəvi dəyər" mənbəyi
kimi təsvirinin mahiyyətini açmaq vəzifəsi durur.
"Ölülük"ün ədəbiyyatşünaslıq,
sənətkar və "Quran" təfsirləri
"Ölülər"də
müəllif mövqeyinin ifadəsi müəyyənləşərkən
bəzən dinə qarşı mübarizə, bəzən
dinə yox, cəhalətə qarşı mübarizə, bəzən
isə, nə qədər qəribə olsa da, "dinin
törətdiyi cəhalətə" (Anar) qarşı
mübarizə ideyaları üzərində çox
dayanılır. Əslində, tədqiqatlarda, açıq
şəkildə deyilsə də, deyilməsə də, C.Məmmədquluzadənin cəhalətə
qarşı mübarizəsi elə mahiyyətcə "dinin
törətdiyi cəhalətə" qarşı mübarizə
kimi başa düşülür. Ona görə də
"Ölülər"də "cəhalət"
probleminin hansı müstəvidə qoyulmasına
aydınlıq gətirmədən onun fəlsəfəsini
açmaq mümkün deyildir. Bu mənada sualı bir qədər
açıq qoymaq məcburiyyətindəyik: Ümumiyyətlə,
cəhalət "dinin törətdiyi cəhalət"dirmi?
İkinci sual: "Ölülər" müəllifi cəhaləti,
doğrudanmı, "dinin törətdiyi cəhalət"
kimi başa düşür? Bu suallara məntiqli bir cavab vermək
üçün "cəhalət" probleminin qoyuluş
tarixinə nəzər salmaq zərurəti yaranır. Məsələyə
tarixdən gəlmək istəyi bizi "Qurani-Kərim"ə
aparır. "Əz-Zariyat" surəsində (11-ci ayə)
deyilir: "O kəslər ki, cəhalət girdabına
düşüb (haqdan) qafil olmuşlar!". "Qurani-Kərim"də
məsələ belə qoyulur: Haqqı tanımayanlar cəhalət
girdabına düşənlər, qəflətdə
qalanlardır. Müqəddəs kitabda insanlar haqqı
tanımağa çağırılır və cəhalət
rədd olunur. Deməli, cahilliyə qarşı mübarizə
"Qurani-Kərim"də bütün kəskinliyi ilə
ifadəsini tapır. "Qurani-Kərim"də alim haqqı
dərk və qəbul edən, bildiklərini əməli
işlərində tətbiq edən adamdır. Və bu adam
mömindir. Cahil isə haqqı dərk etməyən və
buna görə də qəbul etməyən, qəbul etsə
belə, əməli işində qəbul etdiyinə xilaf
çıxan adamdır.
Ədəbiyyatşünaslıqda
səslənən bir fikir "Ölülər"in fəlsəfəsini
ifadə edən bir qənaət səviyyəsində qəbul
edilir: "Ölülər" - cəmiyyətdə, ictimai
həyatda ölülük əleyhinə
yazılmışdır" (Y.Qarayev.
Göstərilən əsəri. s.201). Ümumən doğru
fikirdir və əsərin sosial məzmununu açmağa
istiqamətlənmişdir. Mirzə Cəlilin
yaşayıb-yaratdığı zamanda milli sosial
şüurun formalaşdırılması, vətəndaş
düşüncəsinin tərbiyə edilməsinin vətəndaş
ziyalı və sənətkar düşüncəsini ən
çox məşğul edən məsələrdən biri,
ya bəlkə də, elə birincisi olduğunu nəzərə
alsaq, tarixi şəraitin diktə etdiyi problemin əsərdəki
əksinin ədəbiyyatşünaslıqda düzgün
müəyyənləşdirildiyini söyləmək
lazım gəlir. Ancaq fikrimizcə, əsərdə sosial
aktivliyin "ölülük"lə əvəzlənməsinə
münasibətin, vətəndaşın vətəndaş səviyyəsində
və keyfiyyətində yox, "ölülər" səviyyəsində
təqdiminin sənətkar görümü ilə ədəbiyyatşünaslığın
təqdim etdiyi görüm arasında fərq var.
"Ölülük"ü bütün kəskinliyi ilə
rədd və tənqid edən Mirzə Cəlil onun səbəbini
nədə görürdü və məsələnin bədii
həlli hansı istiqamətə yönəlirdi? Eyni zamanda, ədəbiyyatşünaslıq
"ölülük"ün səbəbini hansı ictimai
amillərdə axtarırdı?
Fikrimizcə, ədəbiyyatşünaslığın
mövqelərində haçalanma nəzərə
çarpmır. Ədəbiyyatşünaslıq əksər
hallarda dindaşının dinə
bağlılığını "ölülük"ü
şərtləndirən əsas amil kimi görür və
onun sosial mahiyyətini üzə çıxaran əsas səbəb
kimi komediya qəhrəmanlarının bir-birlərinə
qarşı münasibətdə törətdiyi rəzalətləri
önə çıxarır. Bu rəzalətləri
insanlıqdan kənar, milli düşüncədən uzaq,
heç bir əxlaq çərçivəsinə
sığmayan hərəkətlər hesab edir. İsgəndərin
həm birinci, həm də ikinci monoluqunda "diri ölülər"ə
(Yaşar Qarayev) ünvanlanmış ittihamlar bu mənada, əlbəttə
ki, tez-tez elmi görüntüyə gətirilir. Doğrudan
da, İsgəndər soydaşlarının bu cür əməllərinə
nifrətlə baxır və fürsət düşən
kimi onları məhşər ayağına çəkir:
"Amma zəmani ki, ricət məsələsi
ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin
dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz,
dəriçədən məlakə axtaranlar, ölən
qardaşlarınızın, bacılarınızın və
övrət-uşaqlarınızın dirilməyinə
razı olmadınız. Niyə razı olmadınız? Ondan
ötrü ki, arvadlarınızın hamısını yumruq
altında öldürmüşsünüz, ölən
qardaşlarınızın arvadını
almısınız, ölən dostlarınızın yetimlərinin
malını yemisiniz".
Problemin bu şəkildə
qoyuluşunun kökü "Qurani-Kərim" hökmlərinə
bağlanır. Mirzə Cəlilin öz soydaşlarına
istiqamətləndirdiyi bu ittihamları ilk dəfə
Allah-taala "Qurani-Kərim" vasitəsilə öz ümmətinə
ünvanlayır. "Əl-Fəcr" surəsində
(17-20-ci ayələr) oxuyuruq: "Xeyr! (Belə deməyin).
Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz
(yetimin haqqını vermirsiniz). Bir-birinizi yoxsulu yedirtməyə
rəğbətləndirmirsiniz. Mirası (halal-haramına)
varmadan yeyirsiniz (qadınların, uşaqların
paylarını vermirsiniz). Mal-dövləti isə lap çox
sevirsiniz". Gəlin, etiraf edək ki, məsələnin
qoyuluşu-sənətkarın öz soydaşından,
Allah-taalanın öz bəndəsindən tələb etdiklərinin
mahiyyəti eynidir. Mirzə Cəlil də yetim malına
ehtiraslı münasibəti, dünya malına
vurğunluğu soydaşının cəhaləti ilə izah
edir, "Qurani-Kərim"də də eynən bu mövqedən
çıxış edilir. İsgəndərin dilindən
soydaşlarını "dəricədən məlakə
axtaranlar" adlandıranda onların nəfslərinə
qarşı dura bilməmələrini, həddi-büluğa
çatmamış qızlarını düşünmədən
qurban vermələrini sənətkar heç bir etik və
ictimai çərçivəyə sığmayan hərəkət
kimi pisləyirdi. Nəfsə qarşı bu mübarizə
ideyasının ən qabarıq ifadəsilə biz
"Qurani-Kərim" hökmlərində
qarşılaşırıq: "Nəfsini (günahlardan) təmizləyən
mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə,
əksinə, ziyana uğrayacaqdır" ("əş-Şəms"
surəsi, 9-10-cu ayələr). "Qurani-Kərim"
hökmündə "nəfsini günahlardan təmizləyən"
mömin, "onu (günaha) batıran" isə cahildir.
Allah- taalanın "nəfsini (günahlardan) təmizləyən
nicat tapacaqdır" çağırışı ilə
XX əsrin tənqidi realistinin qarşısına qoyduğu məqsəd,
əsərdə ifadə etdiyi müəllif mövqeyi tamamilə
üst-üstə düşmürmü? Bunu inkar etmək
mümkünsüzdür.
Təyyar
SALAMOĞLU
Ədəbiyyat qəzeti.-2020.-14
mart.-S.22-23.