O, kimdir, o, nədir?

yığcam esselər

O, kimdirsə, nədirsə, hamı üçündür. Deməzdim ata malı kimi. Çünki ata övladını, ailəsini saxlamaq, yaxud tamahı ucbatından bəzən harama əl atmalı olur. Ancaq O, kimdirsə, nədirsə, hamı, hamı üçün ana südütəkin halal olandır. O, heç hamının işlədib yaşamaq, var olmaq üçün içdiyi su, udduğu hava da deyil. Çünki bəzən su bulanıq, havasa çirkli olur. Fəqət, O, gün işığı, od-alov kimi tər-təmiz, göz yaşıtəkin dupdurudur. O, hamını Yaradan heç Allah da deyil, çünki özünü Allahsız sayanlar da var. O, kimdirsə, nədirsə yüz illər, min illərdir köhnəlir, ölür. Ondan hər kəs istədiyi bacardığı qədər əldə edib gen-bol istifadə edərək yararlanır. Tükənən, bitib-qurtaran deyil, əksinə, artıb-çoxalandı, həmişə təzə-tərdir O. Onun hər parçasını, hər bir qırığını eyni dəqiqə, eyni saat, eyni gündə bir-birinə qibtə, qısqanclıq, paxıllıq etmədən, şöhrət mənsəb yiyəsi varlı da istifadə edə bilər, kölə, dilənçi . Eyni məqamda bir-birindən min kilometr aralıda olan istənilən kənd, rayon, qəsəbə, şəhər sakini . O, elə bir tükənməz dəyərli xəzinədir, hər zaman qapısı hər kəsin üzünə açıq. Onunla bacarsan, səni ucaldıb göylərə qaldırar, bacarmasan, bir ləhzədə göylərdən endirib yaramazın birinə çevirər, hətta yox edər. Onda yerə-göyə sığmayan hüzn, qəm-qüssə olduğu kimi, aşıb-daşan sevinc, fərəh var. O, üzgörənlik etmədən hər kəs üçün eyni güc, enerji, eyni qüdrətdə olub paslanıb aşınmayan, hər zaman səninlə olan çəkisiz, yüpyüngül  bir silah. Gündüz , geçə yatmayan, şaxtadan, yanğından qorxandı, yalnız yalnız insanlığa məxsus nəfəs alan diri canlı  olan şirin, dadlı, qüdrətli, hər zaman səninlə birgə sirdaş, sənə sədaqətli arxadaş olan kimdir, nədir O?..

 

Qanadlı uçan söz!..

 

"Zahidin bir barmağın kəssən..."

 

Adamlar, dərvişlər, sufilər, hürufilər bir-birinə bənzəməz. Adam var həkimin iynəsindən qorxub əsər, adam var, hətta gicitkanın tikancığından qorxar. Adam da var uf demədən xəncəri öz qarnına sancıb xarakiri edər. Adam var özünü yandırar, kəndirlə asar, damdan, qayadan atıb canına qıyar. Dışarıdan bunların hamısı adam. Qaş-gözü, ağzı, qulağı, burnu, saçı, başı, qol-qıçı... yerində. Bəs içdən?..

 

Dərviş var təkliyə çəkilib üç gün, yaxud yeddi gün çilə çəkər. Dərviş var qırx gün... Ancaq Seyyid İmadəddin Nəsimi Adam-insan olsa da, bunların heç birinə bənzəmirdi. Şeirlərində canın söz, sözün can olduğunu dönə-dönə yazırdı. Ölümünə fərman verildiyini bilə-bilə bioloji-fiziki formasından qurtulub söz, əqidə, ideya, fikir halına (bu halda ağrı duyulmur) keçərək, kişi kimi, mərd-mərdanə ölümlə üzləşib lazertəkin iti baxışlarını fələyin buz bağlamış gözünün içinə sancdı. Zəmanəsində hakimiyyət uğrunda gedən savaşlarda çəyirtkə kimi qırılan yüz minlərlə insan dəyərinin bir qara qəpiyə dəymədiyi vaxtda, böyük Nəsimi gur səsiylə hayqıraraq "Haqq mənəm" - deyərək ikiüzlü, riyakar, saxtakar din xadimlərini hakimləri lərzəyə gətirərək, Tanrının yaratdığı bəndəsini ucaldıb dəyərləndirmək amacıyla Allah qatına yaxınlaşdırmaq istədi. Nəsimi qorxu ağrı bilməyən söz, əqidə, ideyatəkin gözünü qırpmadan ölümlə üzbəüz dayandı. Belə bir varlığın soyulduğu məqamda "Zahidin bir barmağını kəssən, dönüb haqdan qaçar,  Gör bu miskin aşiqi sərpa soyarlar, ağlamaz" -  beytini gicirtkandan qorxan adamların "deyə bilər, yaxud deyə bilməz" dartışması, ancaq ancaq gülüş doğura bilər. Bu məntiqə şübhə edənlərə dost məsləhəti olaraq deyilir, ustadlar ustadı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanını oxusun, haçansa oxuyubsa, bir yol da oxusun. Onda Nəsiminin kimliyini anlayar.

 

Dahi Füzulidən yüz iyirmi dörd il öncə dünyaya gəlmiş böyük Nəsimi doğma, dadlı türkcəmizdə ilkin olaraq divan bağlamaqla, daşlaşmış farsca yazmaq gələnəyini darmadağın etdi...

 

Azər Abdulla

Ədəbiyyat qəzeti.-2020.-14 mart.-S.23.