Abayın
tarixi-bədii obrazı
Abay Kunanbayev-175
Muxtar Auezovun böyük sənətkarlıqla
XIX əsr qazax xalqının həyatından qələmə
aldığı "Abay" romanı hadisələrin
tarixi-realist üslubla təsviri, Çöl mədəniyyəti
fonunda yazıçının həssaslıqla işlədiyi
"sosial ensiklopediya (Ç.Aytmatov) olmaqla
dünya romançılıq mədəniyyətinə
layiqli töhfə oldu. Yazıçı Abayın şəxsində
qazax milli psixologiyasının, qazax sosial həyatında
etnik-milli şüurunun olduqca ziddiyyətli, mürəkkəb
şəraitdə, tayfa-qəbilə münasibətlərinin
bir an da olsa səngimək bilməyən
mühitində formalaşmasını, dinamik
inkişafını real boyalarla göstərə bilmişdi.
"Abay" romanını yazmaqla Muxtar
Auezov xalqı qarşısında ən müqəddəs vəzifəni
yerinə yetirdi. Məqsəd təkcə xalqın tarixini, adət-ənənələrini,
əski Çöl qanunları ilə yaşayan insanların
məişətini əks etdirmək deyil, başlıcası
yeni yaranmaqda olan ictimai münasibətlər burulğanında
xalqını irəli çıxarmaq, onu savadlı,
inkişaf etmiş xalqlar cərgəsinə qoşmaq idi.
O dövrdə yazıçı nicat
yolunu maarifçilikdə, yeni təhsil sisteminə yiyələnməkdə,
demokratik düşüncəli rus və Avropa
ziyalılarının istimai-siyasi görüşlərini əxz
etməkdə görürdü.
Müəllif ömrünün 13 ilini sərf
etdiyi roman üzərində necə işlədiyi barədə
danışarkən məlum olur ki, o, hələ kiçik
yaşlarında olarkən əsərləri ilə
tanış olduğu bəzi şeirlərdən
parçaları əzbər etmiş, 1924-cü ildə vəfat
etmiş birinci arvadı Dilda, 1918-ci ildə 60 yaşında vəfat
etmiş, sevimli arvadı Aykərimlə
görüşmüş, onu yaxından tanıyan, dostluq edən
xeyli insanla söhbət etmişdi.
Abay obrazı, əslində, müəllifin
idealı idi, bu obrazın arxasında onun özünün
şəxsi portretinin cizgilərini, düşüncələrini,
arzu və istəklərini görmək çətin deyildi.
O da Abay kimi xalqının ziyalanmasını, elm və maarifə
yiyələnməsini arzu edirdi. Abay Auez babasının qohumu
və dostu olmuşdu. Köçəri qazax ailəsi
olmasına baxmayaraq babası övladlarının
savadlanmasını istəyirdi, onun şeirlərini nəvələrinə
əzbərlədirdi. Bir çox hadisələrin,
köçərilik həyatının bütün əzablı
və sevincli günlərinin şahidi olan yazıçı
onları bədiiləşdirərək romanda unudulmaz parlaq
obrazlar yaratmışdır. Uşaqlıq və ilk gənclik
illərində şahidi olduğu hadisələri Abay
dövrü ilə bağlayıb canlı, real bədii
lövhələr yaratmışdı.
XIX əsr özünün ziddiyyətləri,
təzadları ilə kifayət qədər bəlli idi. Bir tərəfdən,
Orta Asiyanın Rusiyaya ilhaq edilməsi ilə bağlı
yaranan yeni ictimai münasibətlər, digər tərəfdən,
feodal-patriarxal münasibətlərin kifayət qədər
hökm sürdüyü bir şərait üz-üzə
dayanmışdı. Qəbilə-tayfa münasibətləri,
torpaq çəkişmələri səngirmirdi. Hər
tayfanın başçısı bir dövlət başçısı
qədər özünü əlçatmaz zirvədə
hiss edirdi.
Əsərin mənfi qəhrəmanı
Kunanbay Tobıktı tayfasının İrgizbay qəbiləsindən
olmaqla özünü hakimi-mütləq kimi aparırdı.
Onun düşməninə çevrilmiş Bojey Jigitek
tayfasından, Baysal Böyük Kotibak, Suyindik-Bokenşi
tayfasından idilər. Ehtiyatsız bir hərəkət və
ya laqeydlik uzun illər davam edən düşmənçiliyə,
müharibəyə çevrilə bilərdi. Onlardan birinin
sözü digərlərinin boğazından keçmirdi.
Bütövlükdə qazax xalqı tayfa-qəbilə məngənəsindən
qurtula bilmirdi. Millətə "örnək" olan din xadimlərinin
fəaliyyəti daha biabırçı idi. Zahirdə Allah,
peyğəmbər yoluna "xidmət" edən, batində
ən mənfur əməllərə rəvac verən nahiyə
axundu Kunanbaydan bir at rüşvət alaraq günahsız
Kodarın edam edilməsinə fitva verir...
Rus imperiyasının gəlişi, yeni
üsul-idarənin çətinliklə də olsa qurulması
ölkədə yeni ictimai münasibətlər sisteminin
yaranması və inkişafına ümid verir. Rus idarəçilik
üsul-idarəsinin bərqərar olunması köhnə
feodal-patriarxal münasibətlər sistemini kənara
sıxışdırır, insanı sıxan, əzən
boğucu mühitdə ümid işığı
yandırırdı.
Bütün Tobıktı qəbiləsinin
geniş, suyu bol və otlaqları çox olan yaylaqları
Çingiz sıra dağlarının o taylarında idi... Abay
xəstə olmasaydı Köç günləri onun
üçün böyük bir zövq, şadlıq və
cıdır günlərinə çevrilərdi.
Çingizin çətin aşırımlarından
keçmək çobanlar, ilxıçılar və
"qonşular" (aşağı, yoxsul təbəqədən
olan muzdurlar) üçün çətin idi. Uşaqlar və
yeniyetmələr üçün isə bu, maraqlı bir əyləncə
idi".
Muxtar Auezov tarixi-etnoqrafik cəhətdən
xeyli zəngin olan bu əsəri işləyərkən
keçmiş məişət həyatındakı ən
kiçik təfərrüatları, detalları nəzərdən
qaçırmamışdı. Yazıçı həmin təfərrüatlardan
istifadə edərək Abay obrazının daha dolğun
işlənməsi, onun xarakter və
davranışındakı səciyyəvi cəhətləri
üzə çıxarmaqla əsərini maraqlı
etmişdi.
Köçərilik həyatı, aul məişəti
yazıçının yaddaşında, hafizəsində zəngin
izlər salmış, onda təsərrüfat həyatı, məişət
mədəniyyəti haqqında tam təsəvvür
yaratmışdı.
Abayın bədii düşüncəsi,
təxəyyülündəki zənginlik, nənəsi Zəridən
qalmışdı. Nənə - müdrik qarı Zəri qulaq
asanların diqqətini cəlb edərək gözəl
nağıllar danışardı. Nağıla başlamazdan əvvəl
işə aşağıdakı misraları hökmən deməli
idi.
Əsrləri
örtmüşdür qalın duman, soyuq çən...
Orda nələr
gizlənib bildirən yox, bilən yox.
Bununla o, dinləyicilərinin diqqətini
nağılda qeyri-adi varlıqlardan, qorxunc hadisələrdən
danışılacağına eyham vururdu.
Zəri "Edil-Jaik",
"Jupar-Korıqa", "Kula-Mərgen" və xeyli əfsanələri
əzbərdən bilirdi".
Zəri həmin nağılları dəfələrlə
danışsa da, Abay onları təkrar-təkrar dinləməkdən
yorulmurdu. Qoca nənəsi Zəri yorulanda Abay anası
Uljanın yanına gedib ondan yeni nağıllar
danışmağı xahiş edərdi...
Atası Kunanbayın nadanlığı və
cahilliyi, məğrur və əyilməz Kodarın məhv
edilməsi üçün hər cür alçaq yola əl
atması gənc, həssas qəlbli və romantik arzularla
yaşayan yeniyetmənin mənəvi aləminə
ölümcül zərbə vurur. O, ağır xəstəliyə
düçar olur, böyük çətinliklə
ölümdən qurtarır. Xəstə olduğu zaman qoca Zərinin
nağılları ona ümid verir, yaşadırdı. Bu
zaman Zəri ona qəbilələr arasında gedən çəkişmələrdən
bir neçə gün danışmışdı. Otuz il
bundan əvvəl Nayman tayfası bu yerlərə basqın
edibmiş. Basqın zamanı Zərinin oğulluğu Bostanbay
həlak olmuş, Tobıktı mühafizəçiləri
Nayman tayfasının akını Kojamberdini əsir
götürüb bir il yarım onu qandalda
saxlamışdılar. Halbuki, bu, Çöl qanunlarına
zidd idi. Çöl insanının inancına görə,
akın və şairlər müqəddəs insanlar idilər.
Zəri əsirlikdə saxlanılan akının bütün
oxuduğu mahnıları əzbərdən bilirdi.
O, Abaya "Kalmakan və Mamor",
"Enlik və Kebekin" qəmli sərgüzəştlərini
danışmışdı. Bəzən də Abay şəhərdən
gətirdiyi "Yusif və Züleyxa" dastanını
qadınlar üçün oxuyardı.
Böyük Çöldə
başdan-başa nağıllar, əfsanələr, şeir və
mahnılar tüğyan edir, onlar gənc oğlanı
ağuşuna alıb romantik, əsrarəngiz bir aləmə
aparırdı.
Ən çox sevdiyi məşhur
akınlarla görüşmək, onların dərin mənalı
şeirlərini, mahnılarını dinləmək Abay
üçün hər şeydən artıq idi. Akın
Sabırbayla görüş Abayın yaddaşında böyük
iz buraxır. Sabırbayın Böyük Çöl fəlsəfəsindən
doğan həyat haqqındakı -
Gördüyün
çiçəkli, meyvəli bağlar
Payız gələn
kimi solacaq, əlbət
Səndə də
nə güc var, nə də ixtiyar
Gül kimi solacaq
bir gün bu surət
- şeiri gənc Abayı
düşüncələrə qərq edirdi. Sabırbayı
dinlədikdən sonra sinəsi sözlə, nəğmə
ilə dolu gənclər şeir müsabiqəsi keçirirlər.
"Sabırbayın akın qızı, bədahətən
gözəl şeirlər qoşan Kuandık aytısla
(deyişmə) Abayı yarışa dəvət edir. Sonra o,
Termeyə (deklamasiya ilə oxunan şeir) keçir, Abay da ona
cavablar verir, bəzən sevgi və sevgili sözlərini də
şeirə qatıb oxuyurdu". Kuandık isə təmkinlə
cavab verirdi: "Hörmətli qonaq, hörmətə layiq
igid, sənin gəlişini alqışlayıram, sənin nəslin
gözəldir, sənin özün də gözəlsən,
sevimli, istedadlısan, ancaq qarşılıqlı hörmət
hər ikimizə layiq bir hissdir".
Kuandık Sabırbay kimi müdrik bir
akının gözəl bir qızı idi. Mükəmməl
tərbiyə almış, nəcib, əxlaqlı
davranışı və məlahətli səsi ilə
hamını heyran edən bir gözəl idi. Onların
arasındakı səmimiyyət sevgiyə çevrilə
bilmir, Toqjanın surəti bir an da olsa
Abayın gözləri önündən çəkilmir...
Bu sözlərdə bir tərəfdən,
Əski Çöl mədəniyyətinin
qalıqlarını, digər tərəfdən, Çöl
aristokratiyasının ilkin işartılarını aydın
görmək olurdu.
Bütün bunlar Böyük Çöl
insanının zəngin mənəvi aləmindən,
ondakı dərin yaradıcılıq ehtirasının
genişliyindən xəbər verirdi.
Beləliklə, akınları dinləmək,
onlara maraqla qulaq asmaq bir neçə gün davam edirdi. Bu,
Çöl ədəbi mühitinin kiçik bir mənzərəsi
idi. Abayın yaddaşında silinməz izlər buraxan, onu hələ
gənc yaşlarından yazıb-yaratmağa sövq edən ədəbi-romantik
mühit. Tanınmış akınlar Baykokşe və
nağıllar, mahnılar xəzinəsi sayılan, eldə-obada
tanınan Dulat akın onların aulunın qonağı olur.
Akınlar "Kazı-Körpəş və Bayan Sulu",
"Kablandı-Batır" dastanlarını ifa edirlər.
Onların hafizələrinin gücü, ifaçılıq
məharətləri Abayı valeh edir.
O, yaxşı başa düşür ki,
Nizami, Nəsimi, Nəvai və Füzulini təkcə
kitablardan oxumaqla iş bitmir. Xalqın saysız-hesabsız
dastan və nağıllarını sinələrində gəzdirən
müdrik akınlardan daha çox şey öyrənmək olar.
Anası Uljan, nənəsi Zəri gənc oğlanın
akınların ifasına sonsuz maraq göstərdiyini
görüb onları bir neçə gün aulda qonaq
saxlayırlar. Bu vaxtlar qazax çöllərində məşhur
akınlardan, Dulat, Şortanbay, Şoje, Sabirbay, Sivanbay, Balta,
Altıs və başqalarının saysız-hesabsız
mahnıları dillər əzbəri olmuşdu.
Akınların gəlişindən onların
ifaçılığına vurğunluqdan Abayın xəstəliyi
"sağalır", anası Uljan hər akına bir at
bağışlayır.
Bu dövr akın
yaradıcılığında təksə əfsanəvi qəhrəmanlar
haqqında, sevgi və məhəbbətdən bəhs edən
mahnılar deyil, bay, rəislər, varlılar haqqında ilk
satirik şeir nümunələri də yaranırdı.
Atası Kunanbayın hökmü ilə hələ
uşaqlıqdan Abay başqa bir qəbilə
başçısı - Alşinbayın qızı Dilda ilə
nişanlanmışdı.Yenə
atasının göstərişi ilə adaxlı oğlan
qız evinə getməli, nişanlısı ilə "əl-ələ
verib" görüşməli, sonra toy olmalıdır.
Düzdür, Abay bu görüşə böyük ürək
ağrısı ilə, vicdan əzabı çəkə-çəkə
gedirdi, çünki o Toqjanı sevirdi. Lakin o, atanın əmrindən
çıxa bilməzdi. Adətə görə, yaşlı
elçilər Uljanla birlikdə otuz igidin və bir dəstə
qadının müşayiəti ilə nişanlı
oğlandan yarım gün əvvəl qız evinə getməli
idilər. Onlarla birlikdə ağsaqqallar, xanəndələr,
igidlər, atlara baxmaq üçün ilxıçılar
olmalı idi. Abayı İzrgizbay tayfasından on igid
müşayiət etməli idi.
Səhra adlı məkan özünün
ölməz məhəbbət əfsanəsi "Leyli və
Məcnun" dastanını yaradaraq onu hər "iki
cahana" həkk etdi. Böyük Çöl alp ərənlərin,
igid oğulların sevgi macəralarının beşiyi oldu.
M.Auezovun yaratdığı "Abay Toqjan" dastanı isə
Böyük Çölün əfsanəyə
çevrilmiş sevgi macərasına döndü. Sənətkar
böyük həssaslıqla Abay və Toqjanın uğursuz
sevgi macərasını lirik-psixoloji müstəvidə əks
etdirməklə sentimental lövhələr, təkrarolunmaz təsvirlər
vermişdir. İki gəncin ülvi məhəbbəti oxucunu
da özünə sonsuz maraqla cəlb edir.
Toqjana romanın bir neçə epizodunda
rast gəlsək də o, tez parlayıb tez sönən ulduz
kimi yoxa çıxır, oxucu böyük intizarla onu görəcəyinə
ümid etsə də bir daha görünməz olur. Hiss edirsən
ki, onun ruhu, xəyalı Abayın yanındadır, Abay onun
eşqilə yaşayır və nəfəs alır... təkcə
son salamı Abayın şüuruna, qəlbinə hakim kəsilir:
"O, bir Ay işığında parıldadı və
söndü. Mən zülmət içində qaldım.
Ancaq ona uğur olsun, qoy şad və xoşbəxt olsun, ona mənim
salamım budur". Bu "salam" təkcə kinayə
deyil, uğursuz eşqin, nakam məhəbbətin, hicranın,
yoxluğun fəryadın acı ifadəsi idi. Toqjan onlara
düşmən qəbilənin başcısı Suyundukun
qızı idi. Xeyli gözəl olan Toqjanın qəlbi
mahnılarla, şeirlə doludur; o da təmiz və həssas
qəlbi ilə Abayı sevir. Bu vaxt Abay Dildaya, Toqjan isə
başqa birisinə nişanlanmışdı. Buna baxmayaraq
onlar böyük çətinliklə görüşsələr
də Abay qətiyyətli addım atmağa cəsarət
etmir. Toqjanı götürüb toysuz aparmaq yenidən tayfalar
arasında düşmənçiliyi, qırğın və
qarətləri davam etdirmək demək idi. Odur ki, son
görüşdə Abay ilk dəfə sevdiyi Toqjanı
göz yaşları içərisində qoyub gedir, bir daha
bir-birlərini görə bilmirlər. Lakin bu uğursuz məhəbbəti
ömürlərinin sonuna kimi heç biri unuda bilmir.
Yazıçı böyük məharət və həssaslıqla
iki gəncin yaz gecəsi görüşlərini təkrarolunmaz
peyzajlarla vermiş, yaddaqalan təsvirlərlə bəzəmişdi:
Ay öz seyrində idi. O, yavaş-yavaş ən yüksək
pilləyə, ənginliklərə doğru
süzürdü, o, yüksəldikcə ürəkləri də
özü ilə bərabər aydın və buludsuz göylərə
çəkib aparırdı. Ayın bu işığı
düz ürəyə soxulur, insanın qəlbini sevinc və
kədərlə doldururdu... Ay işığında
gümüşü rəngdə qalan qart dağlar
mürgüləyirmiş kimi donub qalmışdı... Ağ
alaçıqlar parlaq Ay işığında mürgüləyirdi...
Yaz gecəsinin təravəti içərisində Abay
yalnız onun üçün açılmalı olan
qeyri-adi, gözəl bir sübhün
yaxınlaşdığını hiss edirdi. Toqjan
bütün gözəlliyi ilə, məlahətli
mahnıları ilə onun qəlbinə hakim kəsilmişdi.
Onun qəlbində, düşüncələrində bir
boşluq yaranmışdı".
Bu sevgidirmi? Odurmu? ...Əgər bu sevgidirsə,
onda həmin sevginin beşiyi də gecə sakitliyilə əhatə
olunmuş bu aləmdir... - deyə həyəcana gəlmiş
qəlb öz-özünə pıçıldayırdı.
Aylı gecə, sanki süd gölündə
üzürdü. Hisslərin qüdrətli axını
Abayın sinəsinə sığmırdı. Onun qəlbi
gah döyünür, gah da dayanırdı.
"Bu nə deməkdir? Bunu necə
başa düşməli? Mənə nə olmuşdur?
Toqjanın ağ əlləri, incə boynu Abayın
gözünün qarşısında canlanmışdı.
Onun sübhü Toqjan idi.
"Sən məhəbbət
sübhütək könlümə nur
saçırsan"...
Bunu onun ürəyi oxuyurdu. İlk sevginin
nəğməsi ona, Toqjana həsr edilirdi... Toqjana
vurulması onun şairlik istedadını daha da gücləndirirdi,
yeni sevgi mahnıları qoşulurdu... Abay
daşlaşmış feodal qanunları qarşısında
gücsüz idi. Toqjanın mahnılarını heç kim
onun kimi Abay üçün oxuya bilməzdi. Lakin bir gecə
Toqjanın səsini lap yaxınlığındakı auldan
eşidən Abay dostu Erbolu götürüb ora gedir. Ona elə
gəlir ki, o, sevgilisini tapmışdır, səs də onun
incə məlahətli səsi idi, başqa heç kim bu
mahnını onun kimi oxuya bilməz!.. Lakin
yaxınlaşdıqda Abay Toqjan qədər son dərəcə
gözəl bir qızın həmin mahnını ifa etdiyini
görür... Nə yaxşı ki, o, Aykərim adlı bu
qızı tapır, yalnız Aykərim onun qəlbindəki
boşluğu doldura bilər. Belə də olur. O, ikinci dəfə
Aykərimlə ailə qurur. Bu izdivac Abaya qüvvət verir.
O, gecə-gündüz Aykərimin mahnılarını dinləməkdən
doymur, bəzən özü də ona qoşulub oxuyur, bəzən
də onun üçün yeni şeirlər yazır, bəstələr
qoşurdu. Dildanın qısqanclığı, anası
Uljanın əmrlərinə baxmayaraq o, Aykərimə
oxumağı qadağan etmir, əksinə, onu
ruhlandırır.
Dilda ilə sevgisiz həyat Abayı
boğur, bezikdirirdi. Yalnız Aykərim, onun istedadı
Abayın əzablı həyatında bir ümid
işığı, təsəlli idi. O, Aykərimin
simasında Toqjanını tapmışdı... O, Aykərimi
təkcə mahnı oxumağına görə deyil, həm də
mahnının, musiqinin möcüzəsi ilə
yaşamağı bacaran qəlbinin olduğuna görə
sevir. Aykərim olmasa da Abay Dildanı sevməyəcək,
"çünki onun içi yoxdur, quru bir qadındır,
bir sözlə, "payızdır".
Mövzu ilə bağlı
yazıçı Kunanbayın ailəsindəki matəm mərasimini
təsvir edir. Onun nəvəsi Makulbayın yas mərasiminə
Abayla Aykərim də gedir. Adətə uyğun olaraq Aykərim
yas keçirilən alaçıqda ağı deyir və
heç kəs ağının müəllifinin Abay
olduğunu bilmir. "Aykərim alaçığa girib,
Karajandan aşağıda oturdu və qollarını dizinə
söykəyərək uca səslə ağı deməkdə
davam etdi. Kunanbaydan tutmuş böyüklərin hamısı
ona diqqətlə qulaq asmağa başladı.
Açılmadan solmuş, bu dünyanı tərk etmiş
bir uşağın ölümü haqqındakı acı
sözlər, Aykərimin tapmış olduğu kədərli
hava hamıya təsir etdi... Kişilər də göz
yaşlarını saxlaya bilmədilər və
dodaqlarının altında ağı deyib hamı ilə
birlikdə ağlamağa başladılar. Aykərimin səsi
Abayda yalnız Makulbay üçün yeni bir dərd deyil, həm
də onun keçirdiyi bütün əzab, əziyyət və
acılıqları, yalnız ona və cavan arvadına məlum
olan acılıqları xatırlatdı, Abay da
ağladı".
Aykərimin mahnısı, musiqisi və səsi
Kunanbay kimi daşqəlbli əzazil insana da təsir göstərir.
"Bununla da yazıçı bir neçə məqsədini
bədii formada, patetikaya yol vermədən ifadə etməyi
bacarmışdır. Birincisi, yazıçı Abayın, Aykərimin,
Dildanın, Kunanbayın mənəvi dünyası haqqında
koloritli və obyektiv təsəvvür yaratmasıdır.
İkincisi, musiqinin insanlığını tam itirməmiş
insanlarda belə emosional ovqat yaratdığını
inandırıcı şəkildə təsvir etməsi,
üçüncüsü isə ədibin qazax
xalqının tarixən mahnı və musiqini dərindən
duyduğunu və bunları yaratdığını, nəticə
etibarilə estetik zövqünün özünəməxsusluğunu
əyani şəkildə göstərməsidir" (T.Teymurov).
Sənətkarın gücü Abay
obrazını XIX əsr qazax həyatını bütün
reallıqları fonunda göstərməsində idi. Bəzən
onu ifrat etnoqrafizmə uymaqda təqsirləndirənlər də
olmuşdur. Lakin mahiyyət etibarilə bu əsər
köçəri sivilizasiyası haqqında
yazılmış dünyada yeganə romandır ki, Yer kürəsində
bu həyat tərzi min illər davam edib, sonunda möhtəşəm
romanda təcəssümünü tapıbdır. Bu əsərdə
Qazax mentallığının bir hissəsinə
çevrilmiş əski köçəri mədəniyyətini
tapa bilirik. Romanı türk xalqlarının ortaq sərvəti
"estetik və sosial ensiklopediyası" adlandıran Ç.Aytmatov onu XIX əsrin ortalarında
bütün insanların dünyagörüşünə,
düşüncə tərzinə və milli sosial
anlayışına möhtəşəm bir zənginlik gətirən
əsər kimi qiymətləndirirdi.
Sovet dövlətçilik üsul-idarəsi
zamanı, xüsusən 20-30-cu illər epoxasında əski
Çöl sivilizasiyası qorxulu bir uçurum
qarşısında qalmışdı, o, qazax etnosu kimi həmişəlik
məhv olub tarixin yaddaşından silinə bilərdi.
M.Auezovun milli təəssübkeşliyi
sayəsində o mədəniyyət yaşadı və
tarixin yaddaşına həkk olundu.
XIX əsrin ortalarında Böyük
Çölə yeni bir mədəniyyətin gəlişi,
onun sərhədlərinin gözümüz önündə
genişlənməsinin şahidi oluruq. Bu mədəniyyət
öz başlanğıcını tərəqqipərvər
Avropa mədəniyyətindən götürüb Rusiyadan
keçərək Orta Asiyaya irəliləyən
maarifçilik mədəniyyəti - cədidizm idi. Əsərin
müəllifi də həmin hərəkata qoşularaq az
müddət ərzində onun tanınmış nümayəndəsi
oldu. Artıq bu vaxtdan etibarən yeni üsullu məktəblərin
açılışı, rus və Avropa dillərində
kitabların tərcümə edilərək yayılması,
milli azadlıq düşüncəsinin yayılması, yeni qəzet
və jurnalların nəşri bütövlükdə bu mədəniyyətin
gəlişini təsdiqləyirdi. Onun "mədəni"
hücumu yerlərdə maraq və rəğbətlə
qarşılanır və qəbul edilirdi. İki
sivilizasiyanın qarşılaşmasında yeninin qələbəsinin
labüdlüyü heç kimdə şübhə
doğurmurdu:
Əsərin ikinci - "Abay yolu" hissəsində
romantik xəyallarla yaşayıb yaradan, gözəl şeirlər
yazıb nəğmələr bəstələyən
Abayın əvəzinə, artıq yetkinləşmiş,
xalqının qayğısına qalan, onun ağrılı,
məşəqqətli həyatının əzablarına
yanan, köməyini əsirgəməyən bir ictimai xadim
kimi görürük.
"İkinci" Abayın roman müstəvisinə
gətirilməsi yazıçının mütərəqqi
ideyalarını gerçəkləşdirmək
arzısı ilə bağlı idi. Uzun illər ərzində
tayfa-qəbilə çəkişmələrindən cana
doymuş Abay, artıq 28-30 yaşlarında atası Kunanbay və
tayfasının digər ağsaqqalları ilə hər
cür əlaqələrinə son qoyur. O, yaxşı
başa düşür ki, yüz illər boyu davam edən bu
qanlı çəkişmələr qazax xalqının faciəsidir
və onu məhvə aparır. Abay çıxış
yolunu xalqının maariflənməsində, qabaqcıl Avropa
və rus mədəniyyətinə qovuşmasında
görürdü.
Semipalatinskidə olarkən o, təsadüfən
XIX əsrin 70-80-ci illərində Rusiyada inqilabi hərəkatda
iştirak edən, bu ölkənin
maarifçi-demokratlarından olan E.N.Mixaylov
kimi tanınmış şəxsiyyətlə tanış
olur.
E.N.Mixaylov
Çernışevski, Dobrolyubov kimi
inqilabçı-demokratların qabaqcıl ideyalarını dərindən
mənimsəmiş, bir sıra siyasi tədbirlərdə,
inqilabi hərəkatda iştirak etdiyi üçün
sürgün edilmişdi. Onunla görüşlərindən
sonra Abayın həyatında dönüş başlayır,
o, A.S.Puşkin, M.Y.Lermontov,
Saltıkov-Şedrin, L.Tolstoy, Belinski və
başqalarının əsərlərini oxuyur. Rus dilini
böyük həvəslə öyrənməyə
başlayır. O, yaxşı başa düşür ki, qazax
xalqının nicat yolu maarifdə, Avropa və rus mədəniyyətini
mənimsəməkdədir. Abay böyük həvəslə
Krılov, A.S.Puşkin, M.Y.Lermontovdən tərcümələr
edir. A.S.Puşkinin "Yevgeni Onegin" mənzum
romanından Yevgeni Oneginin məktublarını, onların bu məktublarda
əks olunan ürək çırpıntılarını
orijinalından heç də geri qalmayan tərcümələrini
edir, onları bəstələyir; az keçmir ki, bu
mahnılar qazax akınlarının ifasında dillər əzbəri
olur, mahnılar qanadlanıb Böyük Çölü
başdan-başa gəzir. Abay özünün şeirləri,
bəstələri ilə böyük şöhrət
qazanır. O, həm də müdrik bir insan, mütəfəkkir
kimi tanınır. Hamı ondan məsləhət və
kömək alır. Abaya üz tutub kömək istəyənlər
Qazaxıstanın bütün vilayətlərindən, o
cümlədən Karkaralı, Pavlodar, Ustkamenoqorsk, Zaysan,
Lepsinski nahiyələrindən onun yanına gəlir, ondan məsləhət
alır, məhkəmələrdəki mübahisəli məsələlərinin
obyektiv həllinə nail olurlar. Bilavasitə Abayın təşəbbüsü
ilə xalq yığıncaqları, qurultaylar
çağırılır, ölkənin taleyüklü
problemləri müzakirəyə qoyulur və həll edilir.
Nahiyə rəislərinin rüşvətlə kresloda əyləşdirilməsi,
xalqın soyulub talanması, aşağı təbəqədən
olan insanların yerli-yersiz ağır cərimələrə
cəlb olunması bilavasitə Abayın iştirakı ilə
müzakirə olunur və qərarlar
çıxarılırdı. Rus və Qərb klassiklərinin
əsərlərini oxuyan Abay onların bütün
Qazaxıstanda şifahi yolla yayılmasına nail olur. Bir
sıra gənc, istedadlı şair və yazarlar onun ətrafına
toplaşır. Sibirə sürgün edilən azad fikirli
insanlar aylarla onun aulunda yaşayır, bütün bunlar isə
çar hakimiyyətinin yerlərdəki məmurlarını
narahat etməyə bilməzdi.
Abayın ictimai həyatı rus azadlıq
hərəkatından, bu hərəkatı çiyinlərində
aparan azadlıqsevər, mütərəqqi rus
ziyalılarının fikir və ideyalarından qaynaqlanırdı.
Abay başa düşür ki, işğalçı
çar Rusiyası ilə, bu imperiyanın sinəsində
yetişən mütərəqqi rus ziyalısı
başqa-başqa şeylərdir. Onun aydın,
işıqlı proqramı bu ideyalar üzərində
köklənmişdi.
Abayın yaradıcılığı bir
tərəfdən, qədim abidələrdə, daş kitabələrdə
yazılmış ümumtürk şeirindən, digər tərəfdən,
klassik Şərq şeirindən, xüsusən Azərbaycan və
fars-tacik ədəbiyyatından ilhamlanırdı.
Üçüncü mənbə isə qabaqcıl rus və
Avropa mədəniyyəti idi ki, ona qədər qazax
xalqının ümumbəşəri dəyərləri
özündə əks etdirən xəzinədən xəbəri
yox idi. Abay məhz bunların sayəsində qazax şeir
dilini, onun obrazlar sistemini yeni ideyalar və hisslərlə zənginləşdirdi,
xalqının çoxəsrlik milli dəyərlərini yeni
yüksəkliklərə qaldırdı. Abayın ictimai fəaliyyəti
və poetik yaradıcılığı qazax gəncləri
arasında xüsusi populyarlıq qazanmışdı.
Çoxsaylı xalq mərasimlərində, toylarda onun
mahnıları repertuarda olur, gənclər sevgi hisslərini
onun şeir misraları vasitəsilə dilə gətirirdilər.
Ərə gedən qızlar onun şeirlərinin
üzünü çıxartdırır, cehizlərinin
üstünə qoyub ər evinə aparırdılar. Yerlərdəki
çar məmurları onun nüfuzundan səksəkəyə
düşüb ona böhtan atdırır, üzünə
adamlar durdurur, onu gözdən salmaq istəsələr də
onun xalq içindəki nüfuzu günü-gündən
artırdı. Onun arxasında doğma xalqı
dayanırdı, o bununla iftixar edirdi, bu ümidlə də gələcək
mübarizəsinə başlayacaqdı: "Abay təpə
başından uzaq, qaralan üfüqlərə diqqətlə
baxırdı, sanki arzu etdiyi bir səfərə
çıxmış öz gəmisini xəyalən
müşayiət edirdi... O, ömründə ilk dəfə
olaraq, iftixar hissi duyurdu. İftixar etməyə isə onun
haqqı vardı".
..."Bu gün səhər yaylaqdan
Abayın yanına çoxlu gənc akın gəlmişdi.
Onlar deyirdilər:
- Bizim Çöllərdə yaxşı
bir adam zahir olmuşdur. Onun adı Abaydır... O,
müdrik bir adamdır, xalqın havadarı, bədbəxtlərin
dostu, təcavüzkarların düşmənidir. O,
Tobıktıda anadan olmuşdur, lakin təkcə
tobıktılılar üçün deyil, bütün
xalqın oğludur. Onun sözlərinə qulaq asaq, onun nəsihətlərini
yadda saxlayaq".
Bu sözlər tək-tək
insanların, insan qruplarının rəyi deyil,
bütövlükdə qazax xalqının öz müdrik
oğluna verdiyi qiymətin ifadəsi idi.
Bununla da ədib
Abayı qüdrətli sənətkar, nüfuzlu ictimai xadimi
kimi Əski Çöl mədəniyyəti müstəvisində
dünya sivilizasiyası tarixinə qovuşdura bildi.
Məmməd
Əliyev
Ədəbiyyat
qəzeti.-2020.-14 mart.-S.26-27.