Aspiranturanı qovğa və
gülüşlə bitirməyim
“Mən”
olmağın tarixçəsindən
Moskvada dissertasiya ilə bağlı mənim ciddi
problemim vardı. Xəttim elə pis idi ki, özümdən başqa
heç kim oxuya bilməzdi.
Gözümün qabağında dağ kimi sorular dururdu: necə
yazacam, qabaqca dilimizdə, sonra ruscaya tərcümə edəcəm?
Pis xətli yazımı makinaçı oxuya
biləcəkmi? Bax, bu dəhşətli vəziyyətdə
makina alıb birbaşa rusca yazmaq ağlıma gəldi.
Bunu heç kim mənə deməmişdi,
özüm tapdım. Bunu, tutalım, bəzi
dostlar tapmamışdı, indiyənəcən əllə
yazırlar. Deməli, asan ağıla gəlsəydi,
onların da ağlına gələrdi.
Mənim elmi rəhbərim Vladimir Semyonoviç Sokolov və
kafedradakı Novikova adlı professor qadın təklənmişdilər
- ikisi də orada ən istedadlı alim idi. (Yaxınlarda
Sokolovu "Google"da yazdım, urvatlı heç nə
çıxmadı. Yalnız Kinematoqrafiya İnstitutunun
bir tələbəsinin qeydini oxudum ki, çox
ağıllı və gəncləri sevən adam
idi, kino və montaj konusunda əla dərslər deyirdi. 1999-cu ildə dünyasını dəyişmişdi).
Kafedranın müdiri Ovsyannikov Aslan müəllimlə
yaxın olduğundan mənə də normal baxırdı. Elmi rəhbərim
qovğadan sonra çıxdı getdi, "yetim"
qaldım. Mən öz dünyamda
olduğum üçün anlaqlı deyildim, bilmirdim ki, yeni
elmi rəhbər tapmalıyam və s. Kafedranın yubileyini
restoranda keçirəndə məni də
çağırmışdılar. Ora getməmişdən
qabaq Zeynal mənə əla bir tost verdi (hayıf
ki, yadımdan çıxıb). Məclisdə
bu tostu bəzəyib deyəndə mətn qafqazlı imici ilə
birləşib güclü effekt yaratdı. Kafedranın bir dosenti vardı, Arnold Aramoviç
Oqanov, Bakı ermənisi idi. Bu tostdan sonra dedi ki, sənə
elmi rəhbər olaram.
Oqanov indi də mənim üçün əziz
adamdır. O
bizimlə aspiranturada oxuyan Krımdan gəlmiş Xangəldiyeva
adında erməni qızla evləndi. Yaxşı
ki, o qızla flört yapmamışdım. Deyəsən, o da mənim xətrimi istəyirdi.
Dağlıq Qarabağda olaylar başlayanda
qulağıma çatdı ki, Oqanov Moskvadakı erməni
icmasının tədbirlərində iştirak edir. Ürəyim ondan sındı. Sonra
Litvada bir konfransda görüşəndə soyuqluğumu gizlətsəm
də ürək söhbətimiz alınmadı. Zaman keçib indi ona hirsim soyuyub. Çox güman ki, o da bəzi Moskva erməniləri
kimi (Şahnəzərov, Kurginyan kimi) Qarabağ ermənilərini
primitiv dəstəkləməkdən uzaqlaşıb,
çünki heç yerdə adını görmədim.
Deməli, artıq elmi rəhbərim vardı. İndi
dissertasiya yazmalıydım. Dissertasiyanı
yazmalı olmağıma bir olay məni zorunlamışdı.
Onu da danışım. Bakı
Universitetinin rektoru Faiq Bağırzadə universitetdən
Moskvaya göndərilmiş aspirantlarla Azərbaycan
Elçiliyində görüşə gəlmişdi. Zalda olanları qaldırıb nəsə
soruşurdu. Görünür, mənim
saqqallı üzüm onu qıcıqlandırıb diqqətini
çəkmişdi. Qaldırıb
aspiranturanı necə oxumağımı soruşdu. Sonra illik hesabatımdan danışmağımı
istədi. Mən isə aspirant üçün illik
hesabatın nə olmasını hələ bilmirdim, gop eləməyə isə istedadım
çatmadığından Faiq Bağırzadə narazı
qaldı. Bakıya qayıdanda Aslan müəllimi
çağırıb hirsini onun üstünə
tökdü: bu nə oğlandır Moskvaya yollamısan,
biabırçılıqdır və s. Deyəsən,
yanında olan aspirantura şöbəsinin müdiri də onu
fitilləmişdi. Bu adamın adı yadımda
deyil, bəlkə də Vaqif idi. Deyirdilər
ki, şöbəsinə işi düşənlərdən
pul qırpmaqdan utanmırdı. Moskvada
görüşdən sonra mənim otağıma gəlib dəm
vəziyyətdə ağzı tüpürcəklənə-tüpürcəklənə
rus qızları ilə macəralarından danışıb
sonra soruşmuşdu, bəlkə bura qız gətirəsiniz?
İndi Faiq Bağırzadə də, o da haqq
dünyasındadırlar. Faiq müəllimdən
məzəli əhvalatlar qalıb, heç biri də qəzəb
doğurmur. Bəs o birisindən nə
qalıb? Bu sualı tarixdə min dəfə
veriblər, çoxları veclərinə almayıb
yaramazlıqlarını ediblər. Unudublar
ki, Süleymana qalmayan dünya sənə də qalmaz.
Rektorun qəzəbli sözlərindən sonra Aslan
müəllim məni təcili Bakıya
çağırdı. Saqqalımı qırxıb getdim. Universitetdə özümü göstərməyim
üçün seminar düzənlədilər. Aslan
müəllim məni rektorun yanına aparıb dedi ki, seminar
keçiririk, orada Niyazi sənətdə invariantlar, variantlar
mövzusunda çıxış edəcək. İngilis dilini də bilir. Rektor məzələnərək
ingiliscə bildiyi "necəsən?" sualını verdi, seminarasa gəlmədi. Deyəsən,
qəzəbi soyumuşdu. Seminarda mən
çıxış etdim, ancaq heç kim
başa düşməsə də gördüm ki,
çıxışımı qondarma çətinlik
saymayıblar, sayıblar ki, nəsə dərin məsələlərdən
danışıram. Başa düşməmələrində,
sözsüz, mənim də suçum vardı,
düşüncələrimi populyar formada deyə bilmirdim.
Moskvaya qayıdanda, yadımdadır ki, məni
saqqalsız görəndə İnqanı gülmək tutdu. Saqqalsız
Niyaziyə heç cürə öyrəşə bilmirdi.
Bakıya hesabat vermək üçün
çağırılandan sonra elə bil ayıldım,
qandım ki, dissertasiyanı yazmalıyam. Aspiranturada il
ərzində fəlsəfədən, kinodan, semiotikadan
hansı kitabları isə alırdım, hansıları isə
oxuyurdum. Ancaq yazmaq məsələsi ciddiləşəndə
kitabxanaya getmək qərarına gəldim. Dostum Sokoloviç də mənimlə getmək istədi.
Beləcə, bir ay ora gedib dissertasiyam
üçün bütün əsas ədəbiyyatı
oxudum. Bundan sonra özümə reqlament qoydum: gündə
makinada 3 səhifə yazacam. Bu, 20 gündə
60 səhifə edir. Dissertasiya 150 səhifə
olmalıdır. Fasilələrlə yazsam
2-3 aya işi bitirə bilərəm.
O
çağlar kinonun semiotikasından Sovetlərdə bir kitab
yazılmışdı, o da ünlü alim Lotmanınkı
idi və onun başqa kitablarına baxanda ən zəifi bu idi.
Dünyada da kinonun semiotikasından az
yazılmışdı, 5-6 məqalə.
Mən bir ay fasilələrlə yazandan sonra
yazdıqlarımı Oqanova apardım, o yazıq isə oxuyub
orfoqrafiyasını, qrammatikasını düzəltməklə
məşğul oldu. Qaranlıq yerləri soruşurdu, nə
demək istədiyimi anladırdım, uyğun düzəliş
edirdi. Beləcə, yazdıqlarımı
anlayıb ciddi araşdırma kimi bəyənirdi. Mən
ilk dəfə dissertasiyanı yazanda özümü
düşüncələrdən hörümçək toru
salan intellektual kimi duydum, qızları "bişirəndə"
sözdən sözlərə çıxıb səyahət
etdiyim kimi, burada da düşüncədən düşüncələrə
çıxaraq bütün kino müstəvisi üzrə gəzinti
yapırdım,
Dissertasiyanın müzakirəsi gələndə bir gənc
və intellektual müəllim orasından-burasından oxuyub,
yaxşı dəyərləndirdi. Axırda Ovsyannikovun hiddətli
çıxışı oldu: burada hər şey var, fəlsəfə
də var, məntiq də var, bircə estetika yoxdur.
Ürəyim düşdü ki, dissertasiyanı qəbul
etməyəcək. Ancaq görünür, Ovsyannikovun Aslan
müəllimlə dostluğu dadıma çatdı. Söylədi ki, tənqidimə baxmayaraq hesab edirəm
ki, işi qəbul edə bilərik.
Müzakirədə bütün aspirantlar iştirak
edirdi. Sonralar eşitdim ki, onların bəziləri arasında
söz gəzir ki, dissertasiyanı mənim üçün
yazıblar. Xoş oldu. Deməli, işimin ciddiliyini anlayıblar.
Qızlarla,
dostlarla bağlı əhli-kef yaşamımı
görünür, qıraqdan görüb
düşünürmüşlər ki, bu saqqallı qafqazlı gədəsi
dissertasiya yaza bilməz.
Gördüyünüz kimi, bütün Moskva xatirəli
boyu mən elmlə bağlı vecsiz keçən
yaşamımı gizlətmirəm. Niyə
açığını yazıram, blef yapıb
özümü gəncliyindən səhər-axşam oxuyan,
araşdıran gənc görüntüsündə göstərmirəm?
Birincisi, ona görə ki, insan taleyinin qəribə
naxışlarını, səbəb-nəticə sxeminə
sığmayan qəribəliklərini göstərmək
üçün. Tələbə olanda da, aspirant olanda da məndən
çox çalışan o qədər gənc filoloq
vardı ki. Bəs nədən onların
heç birində semiotikaya, struktur metoda maraq
oyanmamışdı?! Haradan məndə
marjinallıq "ibnəsi" yaranaraq Sovetlərdə ən
çox söyülən metodun tərəfinə keçməyə
itələmişdi məni?! Bilmirəm.
Bu, güman psixikanın dərinlərində
bulunan gizlinlərdən gəlirdi.
İkincisi, istədim "çox oxusan, yaxşı
alim olarsan" determinizmini dağıdım. Burada da insan
taleyi qəribə naxışlar cızır. Mənim öz üzərimdə ciddi işləməm
xeyli sonralar, aspiranturanı bitirib Bakıya qayıdandan sonra
başladı (bu haqda 80-ci illər xatirəsində yazacam).
Bəs nədən tələbəlikdə və aspiranturada
keçirdiyim 8 il məni korlamadı,
itirilmiş illər olmadı? Bilmirəm. Nədən elə həmin və sonrakı illərdə
də içki düşkünü olmağım
alkaşlıqla bitmədi?! Bunu da bilmirəm.
Bilmədiyim üçün də bu
sualların cavabını qəribəliklər
sırasına salıram.
***
Beləcə, mən aspiranturanı bitirib Bakıya
qayıtdım. Ömrüm boyu unutmayacağım bir parlaq olay qayıdanda
oldu. Mən, Kamal, Zeynal bir kupedə qatarla yola
düşdük. İki gün yarım
taqqa-tuqla yol getməliydik. Yol boyu biz o qədər
bir-birimizi şaqqa çəkib güldürən, bir-birimizdən,
dostlardan, özəlliklə, aspiranturada oxuyan Kamalın uzaq
qohumu Arifdən zarafatlar etdik ki, vaxtın necə keçdiyini
bilmədik. Qonşu kupedə Niyazi
adında bir adaşım vardı, sonralar onu Mədəniyyət
Nazirliyində işləyən gördüm. Bizim zarafatlarımızın ağıl əmsalı,
kulturoloji allüzaları onu elə tutmuşdu ki, bu
üç Moskva təhsili almış
"ağıllı-məzəli" uşaqlara ləzzətlə
baxırdı. Bir də mən daha
heç vaxt iki gün yarım çəkən
gülüş dünyasında olmadım.
Niyazi
MEHDİ
Ədəbiyyat
qəzeti.- 2020.- 14 mart. S. 5.