Gözəlliklər içində
101 il...
Feyzavər
Alpsarın əziz xatirəsinə
Bu şəkil
100 il əvvəl çəkilib. Feyzavər Alpsarın ilk şəklidir.
"Nuri-Osmaniyyə
ilə paralel caddədə yaşayanda - 1919-cu ilin aralıq
ayının 31-də doğulmuşam...".
Demək,
bu şəkil Nuri-Osmaniyə səmtində çəkilib...
Hamı onu Feyzavər kimi tanıyır. Əslində
isə Fatma Feyzavərdir. Fatmanı və Feyzavəri bir
araya gətirib bir ada çevirməyi
yalnız Əli bəy Hüseynzadə bacarardı... Feyzavərin
tarixi-viladətinə - doğum cüzdanına baxıram:
"Hüseynzadə Əli bəy əfəndi kəriməsi
Fatimə Feyzavər xanımın tarixi-viladətidir. "İncali-Hüseyni haqq edər şad, / Həm
Fatiməyi Əlidən icad. Tarihi ki bində
bir düşər tam, Fatimə Feyzavər Əli bad 1338.
Ey türk qızı, dinini və ana vətənini buraxma, təhsili-elm
və kəmal eylə, dil be yar, dost be kar".
Bir dəfə ondan adının mənasını
soruşdum.
Qısa cavab verdi: "Füyuzat
sözü ilə eyni kökdəndir. Adımı
babam qoymuş. Feyzavər - "feyz verən"
deməkmiş".
Ötən həftə bu körpənin həyat hekayəti
Zincirlikuyu məzarlığında tamamlandı. Bəlkə də,
həyat hekayətinin özü torpağa
tapşırıldı. Bir azdan onu kim
anacaq? Övladı yoxdur... Əli bəy
Hüseynzadənin hər üç övladının nəsil
davamı yoxdur. Heç birinin
övladı olmayıb və Feyzavər xanımın
etirafına görə, bu heç də genetik bir hal deyil, sadəcə,
övladları olmayıb. O qədər. Beləliklə,
Hüseynzadə Əli bəyin nəsli bu üç insanla -
Səlim Turanla, Saida Santurla və Feyzavər Alpsarla
tamamlanmış olur...İki şeyxülislam, bir Əli bəy
Hüseynzadə, bir böyük rəssam Səlim Turan, Lion
Universitetinin yetirməsi riyaziyyatçı Saida Santurdan sonra
Zincirlikuyu məzarlığında sonsuz bir dairə
qapandı.
Orta təhsilini
Üsküdar sənət məktəbində, ali
rəssamlıq təhsilini isə 1937-1940-cı illərdə
Gözəl Sənətlər Akademiyasında
almışdı. Rəssamlığı Edip Haqqı
Köseoğluyla Cemal Toluludan, estetikanı Əhməd Həmdi
Tanpınardan öyrənmişdi.
Əli bəy
Hüseynzadənin vəfatından altı ay sonra - 1940-cı il sentyabrın 20-də Mehmet Ali Alpsarla evlənmişdi.
"Eşimlə evlənirkən düyün
yapılmadı. Hiç bir kardeşim
düyün yapmadı. Yalnız nikah mərasimi
oldu". Bu da dəvətnamə.
Adamlar toya deyil, nikah mərasiminə dəvət edilir:
"Kızımız Feyzaver Turan ile oğlumuz Mehmet Ali
Alpsarın 20 eylül 1940 Cuma günü saat 16 da Beyoğlu
Evlenme Dairesinde yapılacak olan nikah merasimine huzurunuzla şeref
vermenizi rica ederiz. Çorum Mebusu İsmail Kemal
Alpsar, doktor Ali Turan eşi Edhiye Turan".
Edhiye xanım xəstədir. İflic keçirib.
Bədəninin bir hissəsi hərəkətsizdir.
Nitqi tutulub. Və bu səbəbdən də
nikah mərasimində iştirak etmir...
"İstanbul doğumlu Məhməd Əli Alpsar əmniyyət
görəvlisi idi. Qaynatam İsmayıl Kamal Alpsar Atatürk
dönəmində Türkiyə Böyük Millət Məclisində
Çorum məbusu, daha öncələrdə Osmanlı Məclisi-Məbusanında
vəkil olmuşdu. İsmayıl Kamal
Alpsar Sivas valisiydi. İsmayıl Kamal bəyin
eşi nənəm Xədicə xanımın süd
qardaşıydı".
Ailə qurandan sonra öncə Ankaraya gedib Mehmet Ali bəyin
atasının evində qalırlar. Mehmet Ali Alpsar 1941-ci ildən 1951-ci
ilə qədər Batman ili Bəşiri
kaymakamı olub. Sonra yenə Ankaraya
qayıdıblar. Mehmet Ali Alpsar bir müddət
Türkiyə İç İşləri
Bakanlığında çalışır. Həyat yoldaşı Adana Əmniyyət müdiri vəzifəsinə
göndərildiyindən Feyzavər xanım bu dəfə Adanada
yaşamalı olur. Daha sonra Mehmet Ali Alpsar
İstanbulun Əmniyyət müdiri təyin olunur. İstanbulda məskunlaşırlar.
1983-cü ildə yağışlı bir havada
çalışdığı binanın
qarşısında Mehmet Ali Alpsar büdrəyir, yerə
yıxılır və beyninə qan sızır. Dünyasını dəyişir...
Feyzavər xanım bütün həyatını ərinə
həsr edib.
Bunun da qarşılığında bəxtiyar
yaşayıb... Amma... içindəki özü kimi çəkingən
yaradıcı ruhu da əmniyyət görəvlisi olan sevgili ərinə
- Mehmet Ali Alpsara təslim edib... Deyirdi ki, Mehmet Ali Alpsar hər
kəs tərəfindən sevilən kübar bir adam idi... Bir dəfə mənə
əri ilə çəkdirdiyi çoxlu şəkil göndərmişdi.
Bu sətirləri yazdıqca həmin şəkillərə
baxıram. İlk şəkillərində də, son
şəkillərində də xoşbəxt və
hüzurludurlar... Amma Alpsarla evli olduğu 43 il
müddətində Feyzavərin rəssamlığından
heç kəs xəbər tutmayıb. Yalnız
2006-ci ildə İstanbulda ilk fərdi sərgisi
açılıb. Və Əli bəy Hüseynzadənin
mini-mini Feyzavəri sənət dünyasının
qapısını 86 yaşında döyüb...
"Mini-mini" niyə deyirəm? Sevgi dolu bu
ifadə, sanki Feyzavərin boynuna biçilmişdi. Yuxarıda gördüyünüz bələkdəki
körpə ömrünün sonuna qədər Əli bəyin
mini-mini yavrusu olaraq qaldı. Yerişi,
gülüşü, heyrəti, təbəssümü, əsəbi...
hamısı mini-miniydi...
Hüseynzadənin
1923-cü ildə Ankaradan İstanbula evinə
yazdığı bir məktub var: "Dün Feyzavərə
yazdığım məktubu postanəyə verdikdən sonra
ondan mini-mini bir məktub aldım. Bana "Çabuk gəl"
diyor...". O zaman Feyzavərin dörd
yaşı vardı...
1926-cı
ildə Türkoloji Qurultayda iştirak etmək
üçün Bakıya gələn Əli bəy
Hüseynzadə burdan yeddi yaşlı Feyzavərə məktub
yazır: "Mini-mini qızım Feyzavər, sana buradan
Böyükxanımın çocuqları Həyat xanımla
Hacımurad selam ediyorlar. Annələriylə nənələri
də sənin, Saidənin və Məhməd Səlimin
gözlərindən öpüyorlar".
Bakıdan göndərilmiş o məktuba indi bu sətirləri
yazarkən təkrar-təkrar baxıram. Məktub
açıqca (kartpostal) üzərində yazılıb.
Bakının gözəl bir səmtini - Qız
qalasının çevrəsini əks etdirən bir təsvirdir.
İndi bəziləri deyir ki, Feyzavər Azərbaycanda
qohumlarından heç kəsi tanımırmış. Guya
tanışlıqlar sonradan başlanıb. Amma bu məktub yazılanda Feyzavərin yeddi
yaşı vardı. Əli bəy Hüseynzadə yeddi
yaşlı qızına heç vaxt üzünü görmədiyi
və heç vaxt da görməyəcəyi
Böyükxanımın, Həyatın, Hacımuradın
adından salam göndərirdi. 2008-ci ildə İstanbulda - evində olarkən
divarda Əli bəy Hüseynzadənin yağlı boya ilə
çəkdiyi "Qohumlarım" tablosunu görüb,
"Bu əsərin yüz yaşı var deyilmi?" - deyə soruşduğumda cavabı çox
korrekt olmuşdu: "Əslində, elədir. Ancaq
"Qohumlarım" tablosunu babam Salyanda başlayıb,
İstanbulda tamamlayıb". Bəs şəkildəkilər
kimdir? "Yaşlı qadın nənəm
Hüsniyyənin bacısı Nisa xanımdır.
Şeyxülislam Axund Məhəmmədəlinin qızı,
Şeyxülislam Əhməd Salyaninin baldızıdır... Yanındakı qız isə amcam İsmayıl bəyin
qızı Böyükxanımdır. Böyükxanımın
rəsmini işləyərkən, atam gedib uyğun libaslar
aldı. Anam həmin paltarları geyindi.
Anamın geyimi əsasında Əli bəy bu rəsmi
tamamladı...".
Feyzavərin bu sözlərini niyə xatırlatdım? Bax, bu xətt
onundur. İstanbulda doğulub, Salyanla yeganə əlaqə
bağını - atasını 1940-cı ildə itirib, ərköyün
bir qız olub, hətta özünün dediyinə görə,
bəzən rahat siqaret çəkmək üçün Bəyoğlu
səmtində gəzməyə üstünlük verib və
belə bir qız, əlbəttə, ona atasından
keçmiş yaddaş vəsiləsiylə nəslinin şəcərə
kağızını yazıb. O kağıza baxıb bilmək
olur ki, Əli bəydən mini-mini Feyzavərə salam
göndərən əmisi qızı
Böyükxanımın uşaqları - Həyat, əslində,
Aynülhəyatdır, Hacımurad sonralar Rusiya Təbiət
Elmləri Akademiyasının akademik-katibi olmuş məşhur
Hacımurad İbrahimbəylidir... Feyzavərin tərtib
etdiyi nəsil ağacında Əli bəy Hüseynzadənin
atası Molla Hüseynin bacısı Rusiya Dövlət
Dumasının deputatı Məmməd Tağı Əlizadənin
nənəsidir. Başqa bir
qardaşları da var. Bu, İsmayıl bəy Ağabəyovdur.
Burdan da Feyzavər xanım
çıxarış edir. "Hacı
Mehmet Ağanın annesi ilə babam Hüseynzade Alinin
babası ve İsmayıl bey Ağabekov kardeştir".
Demək, Sadıq bəy Ağabəyzadə ilə
Əli bəy Hüseynzadənin ataları qardaş olub.
Babaları doğma qardaş olsa da, Feyzavər xanım
Sadıq bəy Ağabəyzadəni Əli bəyin
dayısı oğlu kimi tanıyır və bunu şəcərə
kağızında elə bu şəkildə də qeyd
edir...
Bir dəfə təyyarə ilə Ankaradan İstanbula
qayıdırdıq. Təyyarənin pəncərəsindən
baxırdı. Sonra öz-özünə
danışırmış kimi:
-
Sadıq Paşanın kimləri yaşayır orada - dedi.
- Siz Sadıq Ağabəyzadəni deyirsiz?
- Əvət.
Evimizdə ona böyük ehtiram bəslənərdi...
-
Adlı-sanlı alimləri çoxdur...
Feyzavər xanım təyyarənin balaca pəncərəsindən
buludlar aləmini seyr edirmiş kimi, uzun və uzaq fikirlərə
daldı və sonunda mənə tərəf döndü. Hələ də ona
baxdığımı görüb:
- Biz
Sadıq Paşanı çox sevirdik, - dedi...
Mən isə
Sadıq bəy Ağabəyzadənin 1931-ci ilin 8 yanvarında
Lvovdan Əli bəy Hüseynzadəyə yazdığı məktubun
sonuncu cümləsini xatırlayıram: "Gözəl
yavrum Feyzavəri gözlərindən öpərim".
Feyzavərə
gözəl yavrum deyib onun gözlərindən öpən adam Cümhuriyyət dönəmində Azərbaycanda
polis sisteminin, Ukraynada şərqşünaslıq elminin
qurucusu olmuşdu. Doğrudan da, dünya bir pəncərəymiş...
***
Gəncliyində Feyzavər xanımın ən yaxın
rəfiqəsi Şahiqa Arutay olub. Səlim Turanın
xanımı. Bir yerdə Gözəl Sənətlər
Akademiyasında oxumuşdular. Feyzavər
xanım Şahiqadan başqa, bütün tələbə
yoldaşlarının adlarını unutduğunu deyirdi.
Şahiqanı necə unutsun? Evlərinin tək gəlini. Hələ
üstəlik, əsilzadə bir ailənin qızı. Onun da nəsli Feyzavərin nəsli kimi, şeyxlərə,
ovliyalara, əfəndilərə gedib çıxır.
Ədəbiyyata, özəlliklə poeziyaya həssasiyyəti
vardı. Poeziyada Nazim Hikmətin heyranı olsa da, könül
verdiyi şair Celal Sahir Erozan, hafizəsində diri
saxladığı şair isə Əbdülhaq Hamid idi.
Hamid Feyzavərin uşaqlıq
dövrünün əziz adamıydı. "Əbdülhaq
Hamid xatirinizdədirmi? Onunla bağlı
anılarınız varmı?" soruşmuşdum Feyzavərdən.
"Əbdülhaq Hamidin Süleymaniyyədəki
evimizə bir-iki gəldiyini indi xəyal-məyal
xatırlayıram. Hamid başına iri
silindir geyərdi. Saida abla, Səlim abi və
mən çocuqduq, öz aramızda onun silindir
şapkasına gülərdik" - demişdi.
Cəlal Sahir isə atasının əməl dostu idi. Sahirin bu şeiri Feyzavər
xanımın əzbərindəydi:
Başımla
gönlümü edemedim eş;
Biri
yüz yaşında, biri yirmi beş.
Feyzavərin 16 yaşı tamam olanda Əli bəy
Hüseynzadə ona "Baxçamın ağacları"
şeirini həsr etmişdi.
Bahar rənglərilə
donanmış gülşən!..
Qızım,
şu baxçaya gəl, bir az dinlən!
Hesabla həndəsə
zehnini yormuş,
Bir az da
şeir dinlə ağac dibində!..
"12
ağacın poetik vəsfinə və elmi şərhinə həsr
olunmuş bu nadir (və ensiklopedik) şeir uşaq ədəbiyyatı
və təbiətşünaslıq problemlərini ehtiva edən
ayrıca elmi konfransın mövzusu ola bilərdi"
(Elnarə Akimova). Əslində, ağacların
monoloqunu andıran bu poetik örnək Azərbaycan uşaq ədəbiyyatının
ən klassik örnəklərindən biridir. Şeirdə
tutaq ki, Narınc (Oranger) özünü belə təqdim
edir: "Qöncəmdə oxunur qadın isməti, / Şəfa
arar bəndə sinir illəti!..", yaxud
Söyüdün (Saule) gövhəri qızdırma xəstəliyinin
dərmanıdır, Nar (Qrenadier) çiçəyinin rəngi
eşqə nişanədir və s...
Lakin mən yenə də Üsküdar Sənət Məktəbinin
şagirdi Feyzavər Turana qayıdıram. O illərdən qalma bir
şagird dəftəri var. İlk səhifəsinə
qızılgül rəsmi çəkilib. Şəklin
çəkildiyi tarixdən, az qala, doxsan
il ötüb. Səhifənin sağ tərəfində
"Defterinizin güzelligini ve intizamını memnuniyyetle
gördüm. Sizi tebrik ederim"
yazılıb. Rəssam qızılgül
kolunun budağına bir bülbül qondurub. Yaralı
qızılgüllə susqun bülbül təsvirinin
altına isə belə bir şeir yazılıb:
Söyle bana yaralı gül, neden boynun
bükülmüş?
Neden böyle yalnızsın, kimsesiz yetim gibi.
Bülbülleri ötmez olmuş yaprakları
dökülmüş?
Issız kalmış bütün bahçe bumu
hüzün sebebi?
İlk
baharın hasretimi seni mahzun eyliyen...
Estet ruhun
əsəri olan bu yaralı qızılgül, bu susqun
bülbül və bu şeir Üsküdar Sənət Məktəbinin
şagirdi olan qızının dəftərində Əli bəy
Hüseynzadənin yadigarıdır...
Feyzavər xanım Atatürkçü idi. Onun
simasında yüz yaşlarında bir qadının necə
şövqlü bir Atatürkçü olduğunu görmək
adama misilsiz həzz verirdi. Onunla bir yerdə Atatürk
Muzeyini ziyarət etmişdik... Muzey İstanbulda, Şişli səmtində
Feyzavərin evinin lap yaxınlığındaydı...
"Atatürkün xəstəliyi uzun sürdü. Dolmabağça
sarayının çatısında bir bayraq
dalğalanırdı. Hər gün biz
böyük həyəcan və xiffətlə o bayrağa
baxırdıq. Bayrağın enməsini
istəmirdik. Çünki bu enişlə
Atatürkün artıq həyatda olmadığı bilinəcəkdi...
Babamın yaxın dostu və eniştəmin
qardaşı Akil Muxtar Özdən Atatürkün özəl
həkimləri sırasındaydı. Daha
çox o, hər gün babama Atatürkün səhhəti ilə
bağlı məlumatlar gətirirdi. Bir səhər
Akademidə dərsdəydim. Bir də
gördük ki, bayraq enir. Hamımız
sarsıldıq. Bayrağın enişi
bütün Türkiyəni matəmə
düşürdü. Hamıdan əvvəl
babamı düşündüm. Düşündüm,
görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. Səlim
abi məni tərk edib Dolmabağçaya getdi. Mən isə evə qaçdım.
Gördüm, babam qapıda durub bəkləyir... Babam məni
görən kimi ürkək səslə: "Atatürkdən
nə xəbər?" - deyə
soruşdu. Dedim ki, bayraq endi. Atatürkü
itirdik. Yasa batdı, sarsıldı. Evimizə matəm havası çökdü.
Ertəsi gün Atatürklə vida mərasiminə bir yerdə
getdik...".
***
Əhməd bəy Ağaoğlunun adı Feyzavər
xanım üçün atalı günlərinin ən
unudulmaz ismlərindən biriydi. Sürəyyanı, Tezəri,
Gültəkini, Səmədi, Abdurrahmanı hər
görüşümüzdə anırdı. Hər
görüşümüzdə deyirəm.
Çünki Feyzavər Alpsarla çox görüşlərimiz
olub - üç dəfə İstanbulda evində, Qaracaəhməddə
Əli bəy Hüseynzadənin məzarının ziyarətində...
Bir yerdə İstanbuldan Ankaraya səfər etmişik...
Son
söhbətimiz isə 2018-ci il martın
17-də oldu. Əli bəy Hüseynzadənin
dünyasını dəyişdiyi gün idi və Feyzavər
Turan Alpsar məhz həmin gün Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında mədəni əlaqələrin
möhkəmləndirilməsində xidmətlərinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə
təltif edilmişdi. Bu xəbərin sevincini
bölüşmək üçün ona zəng vurdum.
Təvazökarlıqla "mən nə etdim
ki? - dedi. - Sağ olsun sayın Aliyev, əlbəttə,
bunu türk kültürünün böyük mütəfəkkiri
babamın adına sevinclə
qarşılayıram" - dedi.
...İlham Əliyev Feyzavər xanımı təkcə
bu ordenlə sevindirmədi ki... Əli bəy Hüseynzadənin 150
illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam,
Əli bəy Hüseynzadənin əsərlərinin dövlət
varidatı elan edilməsi, kitabının latın qrafikası
ilə kütləvi tirajla nəşri, Cümhuriyyətin 100
illiyi və yubiley günlərində Əli bəy
Hüseynzadənin varisinə verilən Cümhuriyyət
medalı... Azərbaycanın Əli bəy
Hüseynzadəsiz qaldığı yüz ildən sonra
böyük mütəfəkkirin fikir həyatımıza belə
vüsətlə qayıtması Feyzavər xanımı
çox sevindirirdi.
***
76 yaşlı Əli bəy Hüseynzadə
dünyasını dəyişdiyi günə qədər mini-mini
yavrusu ilə bir otaqda yatıb. Gecələr mifoloji
barədə söhbətlər edib. Evləri
Üsküdarda Salacaqla Harem arasındaymış... "Babamın otağında yatırdım. Gecədən keçmişə qədər babamla
mifolojidən danışdıq. Əli bəyin
adət etdiyi yazı şakəri vardı. Səhərə qədər
çalışırdı. Yazı
masasından ayrılmırdı. Səhərlər
isə Peterburqdakı təhsil illərindən qalma başqa
bir alışqanlığı; mütləq
başını buz kimi soyuq su ilə yumalıydı. Sonra da bağçaya düşüb güllərə
qulluq edirdi. Bir dəfə qəlb krizi
keçirmişdi... Dünyasını dəyişəndə
bazar günü idi. Mən yataqdan qalxanda o
yatmışdı. Mən əl-üzümü
yumaq üçün çıxdım. Bu
zaman Səlim abi otağa girmiş. Babam
oyanmış. Söhbət etmişlər.
Sonra mən təkrar odaya girəndə babam
özündə deyildi. Səlim də
otaqdaydı. Babam çarpayıya
uzandı. Mən həkim dalısıyca
qaçdım. Ancaq gec idi. Öləndə
yanındaydım... Evdə hizmətçi bir
xanım vardı. Ona demişdi ki, Feyzavərdən
nigaranam...".
***
Bir dəfə
ondan Əli bəyin dəfn mərasimi barədə
soruşmuşdum:
- Cənazə
törəninə çoxmu adam
qatıldı?
- Babam, həftə
sonu vəfat etdi. Hər yerdə tətildi.
Tətilə rast gəldiyi üçün universitetin, tələbələrin,
müəllimlərin xəbəri olmadı - dedi.
Əli bəy Hüseynzadənin cənazə törəninə
əski dostlarından heç kəs qatılmayıb. Kim qatılacaqdı ki?.. Bir il öncə Əhməd
Ağaoğlu, Hamid Salahor haqqın rəhmətinə
qovuşmuşdular. Beş ildi Yusuf Akçura
yoxdu. "Nuri-didəm" adlandırdığı
Əli Mərdan bəy Topçubaşinin əziz
varlığı altı il qabaq Paris
torpağına qarışmışdı. Ona "rəsuli-həqq"
deyən Abdulla Cövdət səkkiz il idi
ki, dünyasını dəyişmişdi. Əli
bəyi Bakıdan İstanbula dəvət edən Bahəddin
Şakiri ermənilər Parisdə qətlə yetirmişdilər.
18 illik ömür-gün yoldaşı və özündən
24 yaş kiçik olan və əlli yaşında yüz il qocalmış Edhiye xanım yataq xəstəsiydi...
Qəribədir, indi də Feyzavər xanımın dəfni
yenə tətilə - bu dəfə karantin dövrünə
düşdü. Feyzavər Alpsarın dəfnində 4-5 adam
iştirak etdi...Zincirlikuyu məzarlığında ərinin -
Mehmet Ali Alpsarın yanında, bacısı Saida Santurun
qonşuluğunda dəfn edildi.
Əli bəy dünyasını dəyişəndə
Azərbaycan Cümhuriyyətinin əksər ideoloqları
İstanbuldaydı. Amma əfsus ki, o dövrün mətbuatında
krımlı Seyid Cəfər Krımərdən başqa,
heç kəs bir kəlmə də olsun vida sözü
yazmadı.
İndi də Əli bəyin son yadigarı
dünyasını dəyişdi. Amma bu dəfə bu kədərə
"Əli bəy Hüseynzadənin qızı Feyzavər
Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər
hissi ilə qarşıladım" - deyə Azərbaycan
Prezidenti İlham Əliyev şərik oldu.
***
Ərindən qalan mirasın hesabına Feyzavər
xanımın heç vaxt maddi problemi olmayıb. Hətta Feyzavər
xanım bəzı tələbələrə şəxsi vəsaitindən
təqaüd ayıraraq gənclərin təhsil almalarına
yardımçı olub.
Evində bir hizmətçisi vardı.
İndi
bu sətirləri yazdıqca Feyzavər xanımın səsi
yaddaşımda əks-səda verir: "Emine, kahve... Emine,
çay... Emine, Azer bey için kahve falına
bakarmısın?".
İki şəxsi həkimi vardı. Vəkili vardı...
Unudulmaz
görüşlərimizdən biri... 11 il əvvəl
Salyandan Əli bəy Hüseynzadənin doğulduğu "Bərə
ağzı" məhəlləsindən apardığım
torpağı Feyzavər xanımla birgə Qaracaəhməddə
atasının məzarına səpdiyimiz anlar...
- Feyzavər
xanım, Əli bəyin məzarına səpmək
üçün Salyandan torpaq gətirmişəm.
Feyzavər
xanım torpağı görüb kövrəldi, gözləri
yaşardı... Uzun və təəccüb dolu sükutdan
sonra:
- İyi etmişsiniz. Salyan mənim
çocuqluğumun xəyalıdır. Babam
oralar barədə çox danışardı mənə.
Orada bir çay olmalıdır.
- Kür
çayı...
- Əvət. Babam söyləyirdi ki, çocuq
yaşlarında olarkən bir dəfə həmin çay
donubmuş.
- Hə,
Salyanda Kür bir neçə dəfə donub.
- Nəsib
olmadı oraları görmək, - dedi və bir ovuc torpaq
aldı. Atasının məzarına səpərkən:
- İştə bu da olacaqmış, baba, - deyib
köksünü ötürdü.
Feyzavər xanım başdaşına "professor,
doktor Cəlal Muxtar (1865-1947)" yazılmış bir məzarın
önündə də dayanır.
-
Eniştəmin qardaşıdır... Cəlalın
qardaşı Kamal Muxtar Əli bəyin bacanağı olub.
Üç qardaşdılar. Üçü də məşhur doktordu. Qızıl Ayı quranlar bunlardı. Bir də
bacıları vardı: Semiha xanım. Kamal
Muxtar teyzəm Səadət xanımın kocası idi. 1923-cü ildə evlənmişdilər. Bir
oğulları vardı: Muxtar Muxtar. Parisdə
yaşayırdı. Sinema və film işləri
ilə uğraşırdı. Orada da vəfat
etdi. Onun da bir oğlu var: Fərrux. İndi
Amerika Birləşik Dövlətlərində yaşayır.
Cəlal Muxtarın isə Adviyə adlı bir
qızı var. Akil Muxtar babamla eyni vaxtda İstanbul
darülfünununda təhsil almışdı. Demək olar ki, eyni taleyi paylaşırdılar.
Atatürkün şəxsi həkimlərindən
biri idi.
***
Əli bəy Hüseynzadənin arxivinin bəlli bir
qismini Ege Universitetindən inandığı və güvəndiyi
professor Yavuz Akpınara, özü də arxivin bütün
araşdırıcılara açıq olacağı şərtilə
vermişdi.
-
Başqa hardasa, kimdəsə nəsə varmı,
qalırmı?
- Təbii
var, Abdulla Cövdətin qızı Gül xanımda Cövdətə
yazdığı məktubları var.
- Hilmi Ziya Ülkenin yazdıqlarından belə
anlaşılır ki, onda da Əli bəyə aid sənədlər
çox olub.
-
Doğrudur... Əlyazmaların bir qismi də rəhmətlik
Hilmi Ziya Ülkenin qızındadır. Onun
mənzilindəki salonda böyük bir sandıq var. Sənədlər
həmin sandıqdadır.
- Niyə
onları geri almırsınız?
Sualıma
özünə yaraşan kübar bir əda ilə cavab verdi:
- Məsələ
burasındadır ki, Hilmi Ziya bəyin qızının
oğlu qərib bir şəkildə dünyasını dəyişdi.
Belə bir vaxtda ondan sənəd istəmək
münasib deyil.
Bu sözləri Qaracaəhməd məzarlığının
"Çiçəkli" adlanan qapısından
çıxarkən demişdi. Professor İbrahim
Yıldırım da ordaydı.
Qaracaəhməddən çıxıb maşına əyləşdik. İbrahim bəyə
səsləndi. "Yaxınlarda restoran varmı?". İbrahim bəy isə
"Bizi evdə Fügen hanım bəkliyor" - deyib
maşını Ləvənd səmtinə sürdü.
Gecədən keçmişə qədər
İbrahim bəyin evində söhbət etdik. Feyzavər
xanım İbrahim Yıldırıma çox güvənirdi...
Birevli kimi olduqları münasibətlərinin hər
halından bəlliydi.
Real TV-də Feyzavər xanımın vəfatı ilə
əlaqədar xəbərə baxırdım. Nilufər
danışırdı. Nilufər xanımla məni
Ankarada tanış etmişdi. Professor Nilufər Alparslan Türkiyənin
ünlü oftalmoloqlarından biridir. Nilufəri övlad
mislində əzizlədiyini bir-birlərinə hədsiz məhrəmliklərindən
hiss edirdim. Ana-bala kimiydilər. Feyzavər
xanım dedi ki, Nilufərin anası Mehmet Ali Alpsarın
qardaşı qızıdır. Nilufər və
bacısı Lalə xanım Mehmet Ali Alpsara və Feyzavər
xanıma övlad əvəzi olublar. Mehmet
Ali bəydən sonra da onu tək qoymayıblar.
***
17 aprel 2014. İstanbul. TÜRKSOY
və Azərbaycan Mədəniyyət nazirliyi doğumunun
150-ci ildönümündə Əli bəy Hüseynzadəni
anma toplantısı keçirir. Əvvəl
Əli bəy Hüseynzadənin məzarını ziyarət
etdik. İstanbul Universitetinin giriş
qapısı, dəhlizləri Hüseynzadənin rəsmləri
ilə bəzədilib. Və bütün
bunları görmək adama qürur verir. TÜRKSOY-un
baş katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət
nazirinin müavini Vaqif Əliyev, İstanbul Universitetinin
prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu
çıxış etdilər. İstanbul Universitetinin
professorları - ədəbiyyat fakültəsinin dekanı
Mustafa Özkan, Hali Bal, İbrahim
Yıldırım və mən məruzələr etdik. Feyzavər xanım xəstəydi və bu səbəbdən
də tədbirə qatılmamışdı. 12 gündən sonra Azərbaycanda yubiley mərasimi
keçiriləcəkdi. Feyzavər
xanım Bakıya gələcəkdimi? Həm bunu
öyrənmək, həm Hüseynzadə haqqında nəşr
olunmuş yeni kitabları ona təqdim etmək, həm də
Əli bəylə ilgili onun fikrini bilməli olduğum
mühüm bir məsələ ilə bağlı 95
yaşlı Feyzavər xanımla görüşmək
üçün evinə getdim. Yenə də Halaskar Gazi caddəsindəki
ev. Yenə də bu evdə hər
tərəf "kosmik qasırğa"dan - Azərbaycan rəssamlığında
dəzgah boyakarlığının banisi Əli bəy
Hüseynzadənin və Türkiyə rəssamlığında
abstraksionizmin banisi Səlim Turanın çəkdikləri rəsmlərdən
ibarətdir. Ata və oğulun bir yerdə
yaratdıqları "Hz. Musa və çoban" tablosunun
önündə "Tövrat" və "Məsnəvi"dəki
çoban hekayətinə işarə edən Əli bəy
Hüseynzadənin "Kəlamullahi Musa, Musa kibi, çoban,
çoban kibi anlar" sözlərini, bir də Səlim
Turanın dediklərini xatırladım: "Sənət də
uzaqlarda parıldayan bir dəniz fənəri kimidir. Orada bütün insanlar bərabərdir. Kral və
dilənçi arasındakı bərabərsizlik silinmişdir...".
Feyzavər xanıma əvvəlcə Bakıda yeni
çapdan çıxmış "Əli bəy
Hüseynzadə. Həyatı, mübarizəsi,
yaradıcılığı, əsərləri"
kitabımı təqdim etdim. Kitabdakı
şəkilləri və əksər tarixi sənədləri
(bu sayımızda o sənədlərdən və şəkillərdən
bəzilərini təqdim edirəm) mənə o, özü
vermişdi. Nəfis şəkildə nəşr
olunmuş və Ön sözünü də
özünün yazdığı kitabı vərəqlədi.
Qəfil başını qaldırdı,
gözlərində həzin və kədərli bir məmnunluq
vardı. Pıçıltıyla
"Sağ ol!" - dedi. Sonra yenidən təkrar etdi:
"Sağ ol!"
Sonra yeni çapdan çıxmış başqa bir
kitabı - "Milli məfkurənin atası"
kitabını təqdim etdim.
-
Bunudamı siz yazdınız?
- Yox. Sağlığında Azərbaycanda və
Türkiyədə yazılanları bir yerə toplayıb nəşr
etdirmişəm.
Sevərək, sevinərək aldı. Kitabı
aramla vərəqlədi. Yazıların
başlığına və müəlliflərin şəkillərinə
baxdı... "Abdulla Cövdət... babamın yaxın
arkadaşıydı...Yusuf Akçura... bizə tez-tez gələrdi...
Babamın ən yaxın arkadaşıydı... Hilmi Ziya. Babamın sənədlərinin çoxu onda
qaldı. Şimdi qızındadır... Cəlil Məmmədquluzadə...
İsmini babamdan duydum. Hüseyn Cavid... Babama şeirmi həsr etmiş? Nə gözəl...
Məhəmməd Hadi... İlk kəz
görüyorum. Əlabbas Müznib... Tanımıyorum.
Abdulla Şaiq... Hatırlamıyorum. Ordubadi. Bilmiyorum... Dündar Akünal... Kimdir biliyormusunuz? Ahmed Kemalın
oğludur. Ahmed Kemal Baküde babamla
çalışmış..." Kitabı sona
qədər vərəqlədi və usulluca masanın
üstünə qoydu. "Gözəl
kitabdır. Əllərinizə
sağlıq".
... Xeyli
söhbətdən sonra cavabını öyrənmək istədiyim
mətləbin üstünə gəldim:
- İki ay öncə İstanbuldan bir nəfər məni
telefonla arayıb Qaracaəhməddə bir proje gerçəkləşdirməyi,
Əli bəy Hüseynzadənin məzarının yerini dəyişdirməyi
düşündüklərini söylədi.
Feyzavər xanım sarsıldı.
- Sizi
arayan kim idi?
Zəng
vuran adamın adını dedim.
-
Tanımıram, - dedi.
- Amma o adam Sizin də bu işə razı
olduğunuzu söyləmişdi.
- Yox. Elə bir şey yox. Anlamıram.
Əcəba, buna səbəb nə imiş?
- Guya məzarın
yeri iki-üç addım kənara çəkilərsə,
Əli bəyi ziyarət etmək daha rahat olacaqmış. Həm də üstündə anıt
yapacaqlarmış.
- Öylə
bir şey yox. Olmaz, olamaz. Mən
buna müsaidə etməm. Ora bizim ailə
məzarlığımız. Tək babam
deyil, annəm də, abim də orada. Eniştəmgil
də orada.
... Emine xanım qəhvə gətirdi, süfrəyə
şirniyyatlar düzdü.
- Ayın
25-də Azərbaycanda babanızın anma törəninə
qatılacaqsınız?
- Qəlbimdə
pil var. Çox yoruluram. O səbəbdən gələ bilməyəcəm.
- Amma
Əli bəyin qızını Bakıda həsrətlə
gözləyirlər.
- Azərbaycanda
atamın belə yüksək dəyərləndirilməsi məni
mutlu etmişdir. Kaş Bakıya gələ biləydim,
Salyanı bir dəfə görəydim. Əfsus
ki, bu dəfə də nəsib olmayacaq. Həkimlər
uçaqla səyahət etməmə izn vermir.
- Feyzavər
xanım, atanızın çəkdiyi rəsmləri də
İstanbul Universitetinə verəcəksiniz?
- Səlimin
rəsmlərini Universitetə mən deyil, xanımı
Şahiqa bağışladı. Babamın rəsmlərinə
gəlincə, bu barədə hələ bir qərara gəlməmişəm.
Ya Azərbaycanda, ya da Türkiyədə muzeylərdən
birinə bağışlamaq niyyətindəyəm.
Söhbətimiz üç saat çəkdi. Hər dəfə
ayrılmaq üçün ayağa qalxanda "Lütfən,
tələsməyin, bir az da əyləşin. Bir az da söhbət edək" - deyirdi.
... Qapıya qədər, hətta liftin qapısına qədər
gəldi. Feyzavər xanımı
bağrıma basdım. Ayrıldıq...
Üstündən
iki il keçəndən sonra mətbuatda
belə bir fikir açıqlandı: "Hüseynzadənin
yeganə varisi olan qızı, 95 yaşlı Feyzavər Alpsar
atasının əsərləri və şəxsi əşyalarından
ibarət arxivini Azərbaycana bağışlayıb".
Nəhayət, Feyzavər xanım seçimini etdi. Atasının
mirasını Azərbaycan dövlətinə
bağışladı və nə yaxşı ki, o miras, hələ
üstəlik, Əli bəy Hüseynzadənin bütün əsərləri,
biz az əvvəl yazdığım kimi, rəsmi qərarla Azərbaycan
dövlətinin varidatları sırasına daxil edildi...
2008-ci
ilin mayında prof. İbrahim Yıldırımdan Feyzavər
xanıma Prezidentin sərəncamı
ilə nəşr olunmuş Hüseynzadənin
"Seçilmiş əsərləri" kitabını (o
kitabın elmi redaktoru idim), elə həmin ilin martında
Moskvada rus və Azərbaycan dillərində nəşr
olunmuş "Əli bəy Hüseynzadə"
kitablarımı, Əli bəy Hüseynzadənin şeirlərindən
ibarət bir il əvvəl nəşr etdirdiyim "Əbədi
gözəlliklər" kitabını göndərdim.
İkinci sərgisindən öncə, 2008-ci il
noyabrın 1-də mənə məktub yazdı: "1
kasım 2008. Sayın Azer Turan bey! Bana
göndermiş olduğunuz "Ali bey Hüseyinzade"
kitabınıza teşekkür etmekte geciktim. Babamın çağdaş eserlerini ve
düşüncelerini bu günün genclerine tanıtmakta
gösterdiyiniz qayrete minnettarım. Görüyorum
ki, onun eserleri zaten sizin gibi genclere ulaşmış.
Ayrıca bana karşı göstermiş olduğunuz nezakete
teşekkür eder, her zaman
başarılarınızı diler, sevgilerimi sunarım.
Feyzaver Alpsar. İstanbul". Məktubla yanaşı, birinci sərgidə
nümayiş etdirilmiş əsərlərindən birini -
"Evrendə Şahməran" tablosunu da arxasına ürək
sözlərini yazaraq mənə hədiyyə göndərmişdi.
Hər gün evimin divarında onun "Evrendə
Şahməran" tablosunu görürəm. Bu günlər
isə gözümü Şahmərandan heç ayıra
bilmirəm. Bir dəfə ondan
"Yalnız Şahməran mövzusunda çəkirsiniz.
Şahməran sizin üçün nədir?
- deyə soruşdum. "Əbədi gənclikdir"
- dedi.
Əbədi
gəncliyin rəmzi Feyzavər xanım 101 il
yaşadı.
101 il gözəlliklər içində...
28 aprel 2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 2 may. S. 8-13.