“SİRLƏRİN
SƏRGÜZƏŞTİ” ROMANI: - POSTMODERN
LABİRİNTDƏ OBRAZ, ZAMAN VƏ MÖVZU PROBLEMİ
Kamal Abdullanın “Sirlərin sərgüzəşti”
əsərində süjet iki paralel xətt üzərində
inkişaf edir. Əsəri oxuyarkən bu gün və
keçmişin fonunda gələcək dumanlı
görünür. Konkret olaraq əsərin sonunu təxmin etmək
mümkün olmur. Bu isə müəllifin uğuru hesab oluna
bilər. Roman postmodernizmin xüsusiyyətlərini
özündə əks etdirib. Roman postmodern nəsr
texnikasına xas olan iç-içə süjetlər,
mövzular, metatəhkiyə, qurğu (fantastika) zənginliyi
ilə fərqlənir.
Əsərin girişi ilə
gedişatı oxucunu tanıyıb bilmədiyi, eyni zamanda həm
də çox yaxşı tandığı zamana çəkir.
Fəsillər texnikasıyla bölünən romanın hissələri
oxucunu məcbur edir ki, mistik təkrarlanmaları
reallığın bədii sirkulyasiyasından fərqləndirib
ayırsın. Bu isə insanı birbaşa düşünməyə
sövq edir. Mətnlərarası əlaqə və fantastika
rəngarəngliyi, intelektuallıq, informativlik nümunəvi
oxucunun qavrayış rakursunu müəyyənləşdirir.
Bilindiyi kimi, “mətnlərarası
əlaqə və üstqurğu texnikalarının tez-tez
istifadə edildiyi, müasir romanların əksinə, mübtədaya
deyil, ifadənin özünə fokuslanan, tarixi gerçəklərlə
fantastikanı iç-içə verərək tarixdən
faydalanan postmodern roman qeyri-adi xarici fantastikasıyla diqqətləri
üzərinə çəkməyi bacarır. Postmodern
romanda izahedici, məkan və zaman strukturları müasir
romana görə maraqlı fərqliliklər göstərər.
Postmodern romanın yazarı; cəm nəqletmə
texnikasıyla oxucunu çaşdırarkən, “hiper məkan”
quruluşunun dəyişkənliyi və bir yerdə
verilmiş fərqli zaman dilimlərinin quruluşuyla oxucunu vərdiş
etmədiyi bir aləmin içində tək buraxar”.
“Zaman və məkanın kəsişdiyi
belə bir guşədə könül xoşluğu ilə
ömür sürən Həsən müəllim həyatından
xeyli razı idi. Burada hər şey onun ürəyincə idi.
Arzusunda olduğu təkliyə və qəlbində
yaşatdığı tənhalığa o, nəhayət ki,
məhz bu kəsişmə nöqtəsində qovuşa
bilmişdi. Bir məsələdən isə onun
özünün də xəbəri yox idi. O bilmirdi ki, bu kəsişmə
nöqtəsində onun adı Hacı Mir Həsən ağa
Səyyahdır. Adı uzun olduğundan və real həyatdakı
Həsən müəllim ifadəsi o qədim guşədə
ətrafdakılar üçün anlaşılmaz səsləndiyindən
hamı onu Səyyah çağırırdı. Sadəcə
Səyyah. Müəllifi olduğu və bütün Şərqdə
ona böyük ehtiram qazandırmış risalələrində
isə o, adətən, tam adını işlədirdi Hacı
Mir Həsən ağa Səyyah”..
Romanda intellektuallıqla sadə məişət
həyatı tetatet dayanır. Qəribə bir paralelliklə
biri digərini zədələmədən inkişaf edir.
Çoxalır, böyüdükcə böyüyür. Və
nəhayət, vəhdət təşkil edir.
İki fərqli zaman eyni məkanda
reallaşır. Postmodern labirintdə obraz, zaman və mövzu
problemi bir-birini izləyir, qovur, itirir və nəhayət,
tamamlayır.
Üstqurğu, “altmışlardan
sonra postmodern tərifiylə bir çətir altında
toplanmağa çalışılan ədəbiyyatın ana
fantastika meylidir. Ədəbiyyatı oyun olaraq görən bir
anlayışın məhsuludur; mübtəda-obyekt, daxili
dünya-real həyat, qurğu (uydurma)-gerçəklik ziddliklərinin
bir-birinə qarışdığı, ya da eyni anda
yaşandığı pluralist və eynivaxtlı (simultaneous)
bir həqiqət anlayışını əks etdirir” .
Əsərdə (uydurma)-gerçəklik
anlayışı vəhdət təşkil edir. Bir-birinə
qarışır. Nadirən ayrılıb özünü
göstərir. Oxucunu mətnə çəkir və oxucumərkəzli
davam edir. Beləliklə, postmodernizmin prinsipləri
ustalıqla mətnə tətbiq olunur.
Qeyd edək ki, “zaman, xüsusilə
fantastik quruluşlu ədəbi mətnlərdə saat, ay, il,
gün kimi təqvim zamanının parçaları olaraq
konkret və mücərrəd qəbulun bir parçası
ola bilər. Mövsümlər də fantastik quruluşun
obyektivliyini göstərən bir həqiqətin
parçası ola biləcəyi kimi, alt mətndə verilmək
istənilən romantik atmosferin tamamlayıcı
ünsürü ola bilər. Bu səbəblə
mövsümlər, bəzən fantastikanın zaman detallarını
göstərən, yaxud həqiqi atmosferi tamamlayan, kosmik mənada
zamanın keçmişini, romandakı həyatın dəyişməsini
bildirən bir
göstərici ola bilər. Bəzən
də romanın romantik atmosferini, xarakterlərin psixoloji
hallarını tamamlayan bir dekorasiya olaraq görünə bilər”.
Mehman Qaraxanoğlu yazır: “Kamal
Abdullada fəsillərin ardıcıllığı
ustacasına pozulur. “Payız”ın davamı “Yay”,
“Qış”ın davamı “Payız” ola bilir. Və ya əksinə.
Özü də bu “davam”lar bir dəfə yox, sonsuzluğa qədər
davam edə bilər. Bu, müəllifdə roman təfəkkürünün
hüdudsuz və sonsuz olmasını göstərən amillərdəndir”.
Fikrimizcə, bioqrafik məlumatların
ustalıqla səpildiyi postmodern roman daxili (ruhsal, mənəvi)
dünya və real həyatın ustalıqla vəhdətindən
toxunub.
“Həsən müəllimin
kabineti böyük və işıqlı otaqdan ibarət idi.
Dörd tərəfdən kitab, jurnal-dəftərlə dolu
şüşəli və şüşəsiz kitab
şkafları, divarlardan asılmış kitab dolabları var
idi. Bir divara (bu divara Həsən müəllimin yazı
masası dirənmişdi) Orta əsrlərə aid Avropa və
Asiya ölkələrinin xəritəsi vurulmuşdu”.
Həsən müəllimin
kabinetinin təsvirində adama elə gəlir ki, Orta əsrlərə
aid Avropa və Asiya ölkələrinin xəritəsi modern
dünya ilə Orta əsrləri eyni anda özündə
ehtiva edir.
Təsvirlərin dolğunluğu
bu hissi yaradır ki, sanki əsərdəki
kabinet yazıçının çox tanıdığı
və hər gün nəfəs aldığı mühitdir.
Romanı oxuyan hər kəs əsərdə Kamal Abdullanı
axtarır.
Bioqrafik məlumatlarla seçilən
roman haqqında akademik İsa Həbibbəyli yazır: “Kamal
Abdulla “Sirlərin sərgüzəşti” romanında Hacı
Mir Həsən ağa Səyyahın onun özü
olduğunu bildirməklə bu vaxta qədərki əsərlərində,
xüsusən “Sehrbazlar dərəsi” romanında təsvir
etdiyi Səyyahın üzündən “bədii obraz”
niqabını götürmüşdür. Fikrimcə, Kamal
Abdullanın tədqiqatçıları onun
yaradıcılığını tədqiq edərkən məsələnin
bu cəhətinə diqqət yetirməklə məsələlərə
yenidən qiymət verməli olacaqlar”.
Yazıçı bir müsahibəsində
vurğulayır: “Bütün yazılar da əslində,
müxtəlif personajlar, prototiplərdir. Basat da mənəm,
Təpəgöz də… Dədə Qorqud da mənəm,
Şir Şəmsəddin də… Bəzən məni tənqid
edirdilər ki, Kamal Abdullanın çoban obrazı alim kimi
danışır. “Unutmağa kimsə yox” romanında Bəhram
kişi uzaq qalaktikalardan, paralel dünyalardan söhbət
açır. Bəli, belədir. Çünki o da mənəm”.
Ədəbiyyatşünaslığa
son illərdə daxil olan, yeni termin kimi səsləndirilən
postmodern romanın əsas meyarlarından biri də
keçmişə edilən istinadlar, göndərişlər,
işarələrdir.
Mənbələrdən
aydındır ki, mətnlərarasılıq və ya
intertekstuallıq anlayışını Mixail Baxtin elmə gətirib.
Mətnlərarası əlaqələr, ən ümumi tərifiylə
bir mətnin özündən əvvəl yazılmış
mətnlərlə olan əlaqəsi qanununa söykənir. Mətnlərarasılıq
postmodernizmin mətni təhliletmə üsullarından biri
kimi son dərəcə vacibdir.
Bu kontekstdə əsərdə ənənə
və postmodern kosmoplitanlıq parelel inkişaf trayektoriyası
cızır. Odunçu Əhmədin, Təpəgözün,
Banuçiçəklə Beyrəyin sirri oxucunu ənənənin
dərin qatlarını dərk etməyə
çağırır. Postmodern romanda xalqın mənimsədiyi
folklor nümunələrinə yer verilir, yaxud dekonstruksiya
olunaraq mətnə yerləşdirilir.
“Mətnlərarasılıq
anlayışına görə, hər mətn mənaların
mozaikası olaraq qurulur və hər mətn digər mətnin
transformasiyasıdır.
Kamal Abdullanın “Sirlərin sərgüzəşti”
romanında “Kitabi-Dədə Qorqud” motivləri əsasında
yazılan hissələrdə dastana postmodern baxış
bucağı sərgilənir.
Akademik İsa Həbibbəyli qeyd
edir: “Sirlərin sərgüzəşti” romanındakı
“Kitabi-Dədə Qorqud” motivləri “Gizli Dədə Qorqud” və
ya “Kitabi-Dədə Qorqud”un poetikasına giriş”
monoqrafiyalarında haqqında bəhs olunan elmi ideyaların
yaradıcı şəkildə inkişaf etdirilmiş roman
variantıdır. Beyrəklə Banuçiçəyin
“savaşında” dastanda olduğu kimi, Basatın deyil,
Banuçiçək xanımın qalib gəlməsi
ideyası, yaxud dastandan fərqli olaraq Təpəgözün
“yunan adalarından gəlmə” və müəyyən insani
keyfiyyətlərə malik varlıq olması mətləbləri
Kamal Abdullanı uzun illər ərzində məşğul edən
məsələlər sırasındadır. “Sirlərin sərgüzəşti”
romanında həmin məsələlərdən söz
açmaqla o, öz versiyasının müəyyən həyati
əsaslara malik olduğunu göstərmiş, irəli
sürdüyü mətləbi və ya ideyanı daha da
kütləviləşdirməyə
çalışmışdır”.
“Təpəgözlər oğuz
diyarına uzaq-uzaq ellərdən gəlmə idilər. Şəcərəsi
uzaq yunan adalarına gedib çıxırdı”.
Gerçəkdən də, bu kimi
motivlər ədəbiyyatşünasların diqqətində
olmuşdur.
Antik mənbələrdə Şərqin
Qərbə mədəni təsiri ilə bağlı kifayət
qədər məlumatlar mövcuddur: “Qədim yunan
mifologiyasında bəzi yunan tayfalarının və məşhur
nəsillərinin mənşəyi qədim Şərqlə
bağlanılır. Yunan ədəbiyyatında bir sıra
epik motivlər də Şərqlə bağlıdır. Bu
baxımdan “Odisseya”da Siklop-Polifem haqqında hekayət maraq
doğurur. Təkgözlü (Təpəgöz) nəhəng
varlıqlar haqqında rəvayətlər dünya
xalqlarının, xüsusilə qədim türklərin
şifahi ədəbiyyatında olan süjetlərdir”.
Bu cür süjetlərə
bağlı mülahizələrə biz filologiya üzrə
fəlsəfə doktoru, dosent Rafiq Babayevin “Azərbaycan
folklorunun regional xüsusiyyətlər”i (Naxçıvan
folkloru materialları əsasında) adlı dissertasiyasında
da rast gəlirik: “Qırğızlar “təkgözlü divi”
Malgün, yəni Məlun, qaqauzlar isə Denegoz
adlandırırlar. Yunan, hind və digər mənbələrdə
onunla bağlı maraqlı məlumatlar var. Azərbaycan
folklorunda Təpəgözə münasibət daha
maraqlıdır”.
“Kökləri ilkin mifoloji
dünyagörüşünə gedib çıxan
"Kitabi-Dədə Qorqud"-u ilk dəfə tədqiqata cəlb
etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə
görə, buradakı bəzi mifoloji süjetlər, məsələn,
Təpəgöz süjeti qədim Yunanstan bir çox analoji
süjetlərin yaranmasına (Siklop) təkan vermişdir”.
Doğrudan da, dastan, mif və ənənədən,
folklordan gələn mətnlər Kamal Abdullanın qələmində
transformasiyaya uğrayır. Ortaya çıxan mətnlər
bizi var olan, orijinal mətnə təkrar baxmağa, müraciət
etməyə sövq edir. Bir növ var olan tendensiyalarla
hesablaşmaz. Öz nəzəri-estetik, bədii, məntiqi
prinsiplərini yaradar.
Necə ki, Rosenauya görə,
postmodernizm istər siyasi, istər dini, istər ictimai
xüsusiyyətli olsun, bütün qlobal, hər şeyi əhatəedici
dünya görüşlərinə meydan oxuyar.
Marksizmi, Xristianlığı,
Faşizmi, Stalinizmi, liberal demokratiyanı, dünyəvi
humanizmi, feminizmi, İslamı və müasir elmi eyniləşdirər
və bunların bütün suallarını əvvəldən
təxmin edib təyin olunmuş cavablar verən söz mərkəzçi,
aşırı və totalitar izahlar olduqlarını söyləyərək
hamısını əlinin tərsiylə itələyər
və həyatı tamamilə şərh və istiqamətləndirmə
iddiasındakı azadlıq, bərabərlik, ədalət, təkamül,
rasionalizm kimi Aydınlanan və ya
Aydınlanma əvvəli idealların
hamısının metaizah olduğu və bütününün
etibarlılığını itirdiyini irəli sürər.
Bu mənada Lyotard, “gəlin bütünlüyə
qarşı bir döyüş başladaq, gəlin təqdim
edilə bilməyənə şahidlik edək, fərqlilikləri
təsirli edək (Lyotard, 1997:159) deməkdədir.
Tarixdən, ənənədən
yararlanan postmodern roman var olan gerçəkliyə həqiqət
qatmaz yeni bir qurğu, fantastik
dünya yaradar, baxış bucağı
formalaşdırar, medalın görünməyən
üzünü gün işığına tutar və
oxucunun beynini qarışdırar. İki yolayrıcında
buraxar. Və yazar arxasını dönüb gülərək
oxucudan uzaqlaşar. Oxucu postmodern labirintdə mətnlə təkbətək
qalar.
Kamal Abdulla
yaradıcılığı bu kontekstdə uğurlu
eksperiment və nailiyyətdir.
Qeyd edək ki, doğrudan da, “hər
mətn, əslində, özbaşına mövcud deyil, əksinə,
başqa kodlar və mətnlərin içindədir”.
Daha sadə şəkildə ifadə
etsək, intertekstuallıq, mətn, mətni oxumaq müstəqil
və hər şeyin mətnin öz içində
olduğuna inanan bir sistem deyil, başqa mətnlər və
başqa oxunuşlar da var deməkdir. Və əslində, hər
bir mətn digər mətnlərlə əlaqəsində
mövcuddur.
Bu baxımdan müəllif vahid xətdə
multisüjet qurub. Bu süjet bölündükcə-bölünür.
Durmadan davam edir. Və sanki bu süjetin əvvəli, sonu
yoxdur. Bu süjet labirintin özüdür. Bu labirint dairəvidir.
Çıxmaz sokaqdır.
Hətta fəsillərin
döngüsü belə dairəvidir.
Umberto Eko kimi intellektual mətnlər
yaradan və tarixi, folkloru, dili yaxşı bilən Kamal Abdulla
irsi heyrətamiz bir elmi eksperimentləri və elmi-bədii
intellektuallığı özündə ehtiva edir.
Bilindiyi kimi, “intellektual
anlayışı ilk olaraq XIX əsrin sonlarında Fransada Emil Zolyanın Dreyfus hadisəsi
sonrası yazdığı “Günahlandırıram” məqaləsi
ilə siyasi ədəbiyyata daxil oldu. O dövrdə Zolya yəhudi
mənşəli fransız zabit Alfred Dreyfusun casusluqla
günahlandırılmasına ilk üsyan edən yazar
olmuşdu.
Ardından bir çox yazar və
elm adamı da Dreyfusu dəstəkləyən məlumat
imzaladı. Sağçı mətbuat isə bu məlumatı
“intellektuallar məlumatı” adlandıraraq tənqid etdi”..
Başlanğıcda mənfi çalarda təqdim olunan bu
qavram sonralar hörmət duyulan çərçivəyə
əsaslandırıldı. Və daha sonra postmodernizmdə
intellektuallığın forması dəyişdi. Və
postmodern intellektuallar ortaya çıxdı. Modernizmin
intellektuallığı ilə postmodernizmdə
intellektuallıq fərqlidir. Aydınlanma və modernizm əleyhdarı
postmodern intellektual hücumlar XX əsrin ortalarından etibarən
yüksəlişə keçmiş və
intellektuallığa yeni ölçü
qazandırmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi,
postmodernizmin ən əhəmiyyətli nümunələrini
dünya ədəbiyyatına bəxş edən Ekonun
yaratdığı mətnlər intertekstuallıq
baxımından maraqlıdır.
“İntertekstuallıq
(intertextuality) tərif və məna çətinliyini ən
çox hiss etdirən terminlərdən biri olaraq diqqət
çəkir. Bütöv bir quruluşa salınması məqsədilə
bir ədəbi mətnə həm ədəbiyyat sahəsindən,
həm də başqa sahələrdən mətn
parçalarının daxil edilməsi şəklində
ümumi mənada izah edilən intertekstuallıq, çərçivəsi,
sərhədi tam mənası ilə ortaya qoyulmamış bir
metod olaraq qarşımıza çıxır.
“Anlayış, ilk olaraq 1965-ci ildə
fransız yazıçı Culiya Kristeva tərəfindən
ortaya atılmışdır”. Julia Kristeva (1972).
Fransız yazı elmi və
izahının qabaqcıl nümayəndələrindən
Gerard Genette, Palimpsests (Palimpsestuslar) adlı əsərində
“mətnlərarasılıq” mövzusunu “ötəmətnsəllik”
(transtex-tuality) başlığı altında
araşdırır və bu tədqiqatın mərkəzinə
“irəlimətnsəllik”(hypertextuality)
anlayışını yerləşdirir.
Beləliklə, intertekstuallıq
postmodern əsərlərin əsas komponenti kimi ortaya
çıxır.
Postmodern mətnlərin bir
çoxunda görülən axtarış məfhumu, hadisələrin
bir axtarış xətti ətrafında baş verməsi,
oxucunun da bunun bir parçası halına gətirilməyə
çalışılması populyardır. Kamal Abdullanın
“Yarımçıq əlyazma” əsərində də biz
eyni motivlərin parçasına çevrilirik.
“Yarımçıq əlyazma” romanında da Bayandır
xanın qurduğu istintaq fonunda hadisələr cərəyan
edir. Bu istintaqda da sorğu keçirilir. Günahkar
axtarılır. Hər iki əsərdə istintaqı quran, əslində,
məsələni anlayır, məğzini lap yaxşı
bilir, ancaq bu axtarışda məqsəd dərinliklərə
getməkdir, bəzən bu sübut axtarışına
çıxmaq onun beynini qarışdırır. Hər iki əsərdə gerçək günahkar mükəmməl
şəkildə oxucudan gizlədilir. Oxucu da yazara qoşulub
günahkarı axtarır. Hər iki əsərdə yazar
yenidən mətnləşdirdiyi tarixin əsl mahiyyətinin tədqiqatçısıdır.
Eko da Kamal Abdulla da mətnin əslini yaxşı bilir.
Hər iki əsərdə dönə-dönə
oxucuya əsərin hansısa əlyazmasından olduğu
xatırladılır.
Xüsusilə, keçmiş
mövzuya yenidən diqqət çəkmə, metafiction,
ikili kodlama, pastiş, labirint effekti, açıq mətn
(oxucunun israrla mətnə daxil edilməsi kimi -N.İ.) məsələlər
K.Abdullanın yaradıcılığında geniş yer
tutur.
“Sirlərin sərgüzəşti”ndə
pastişdən və parodiyadan istifadə olunub. Bəzən əsəri
oxuyarkən elə zənn edirsən ki “Sehrbazlar dərəsi”ndəsən.
Məsələn: “Görükməz təpənin
qarşı tərəfindən (yolun o biri tərəfindən)
bir dərə açılırdı. Dərə vadi kimi
uzanırdı. Dərənin sehri var idi. Dərədə
yaşayanlar var idi. Bunlar sehrbaz idilər. Onlar dərə boyu
ora-bura səpələnmiş mağaralarda (hücrələrdə)
yaşayırdılar. Dərənin adı ətrafa elə
belə də yayılmışdı. Sehrbazlar dərəsi”.
Postmodernist izahatda iki növ
yanaşma vardır:
Birincisi, “seçmə/elitist”
meyildir ki, seçmə oxucu üçün yazılan mətnləri
əhatə edər.
İkincisi, “sıravi” oxucuya xitab
edən “populist” meyildir. İntellektual mətnlər müəllifi
kimi Kamal Abdulla üslubunu qavramaq, mətnin dərinliyinə
nüfuz etmək üçün mütaliəli olmaq vacib
şərtdir.
Sərraf Balaxan qeyd edir ki, Kamal
Abdullanın zaman baxımından əvvəlki romanlarında
olduğu kimi, bu romanda da hər kəs öz sirrinin qurbanı
olur:
- Odunçunu
açdığı sirr çəkib öz içində əridir,
odunçunun arvadının sirrinin faş olması onun ruhunun
insan cismində yaşamına son verir.
- Ürəyində
yaşatdığı, kimsəyə etiraf etmədiyi, hər
gün əzablar içində qıvrıldığı qəriblik
əzabı, vətən intizarı və bir də atası
Poseydonun ona bəxş etdiyi tək gözünün ətdən
olması sirrini qulluqçuların bilməsi Təpəgözü
qurbana çevirir və s.
“Bir çox bədii əsərlərdə
diqqət nə olur-olsun, gəlib hansısa sirrin üzərinə
yönəlir, bu sirr - düyün, sanki qəhrəmanın,
personajın mübhəm bir cəhətini, onun
üçün ən dəyərli olan bir nəsnəni gizlədib
saxlayır. Bu sirr bəzən personaj üzərinə yox,
hansısa əşya - detal üzərinə də yüklənir,
dövr və narrativin tipindən asılı olaraq müəllif
bunun açımına ya diqqət yetirir, ya da bunu oxucunun
ixtiyarına tapşırır, ikinci halda həmin sirr
bütün əsər məkanında karusel kimi
fırlanır (yaxud belə bir effekt yaradır), bədii mətnin
bir sıra detal və motivlərinə toxunur, bəzi nəsnələrin
altında yaraların qaysaq bağlaması bilinir, yəni
üzə çıxır. Birinci halda isə bədii mətnin
funksionallığı sayəsində adıkeçən
sirr narrativin özəyinə çevrilir”.
Çoxluqçuluq
anlayışı, bir ədəbi mətnin digərindən
müstəqil olmadığı fikri, özündən əvvəlki
dövrlərin estetik dəyərlərini lağ edərək
(parodi) yıxma arzusu, romanı üstqurğu bir oyun olaraq
görmək yanaşması, postmodernist yazarı montaj və
kollaj üsullarına sövq edən səbəblər olaraq
sıralana bilər.
İntellektual postmodern romanların
əksəriyyətində gözləmədiyimiz əlyazma,
risalə, sirli mətn mövzusu burada da var:
“Hacı Mir Həsən ağa Səyyah
yenicə yazmağa başladığı risalənin
başlanğıcını bu cür yazdı və qələmi
qarşısındakı mizin üstündə qələmdana
qoydu. Bir xeyli bu yazdığını kənardan seyr eləməklə
məşğul oldu. Bir az sağa başını əyib
baxdı, bir az sola əyib baxdı”.
Yaxud: “Uca olan Allah mənim
könlümə ilham verdi və mən bu risaləni
yazmağa həvəsləndim. İndiyənə qədər
sirlərin sərgüzəşti deyərkən bir şəxsə
məxsus sirrin nə cür başlandığını, nə
cür var olduğunu düşünüblər.
Çünki sirr də adam kimi doğulur, yaşayır və
yox olur. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da onun
cismilə əlaqəsini ölümdən sonra birdəfəlik
kəsməlidir. Halbuki, sirrin ruhu ölümdən sonra da
öz yaşamağına davam edir. Bəs əgər belə
isə sirrin ruhunun sərgüzəşti sirrin
ölümündən sonra nə cür baş verir?!”.
Qeyd edim ki, “Uca olan Allah mənim
könlümə ilham verdi” ifadəsi dahi təsəvvüf
ustadlarına xas olan bir ifadə kimi dini mətnlərdə də
yer alır.
Nemətullah Naxçıvaninin digər
təfsirlərə müraciət etmədən
yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi
olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə”
(““Quran”ın kəlmə və hikmətlərini
açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərində
belə bir hissə mövcuddur:
“Allah-taalaya and içirəm ki, bu
fəqir və vacib olmayan qardaşınız, bu əsəri
qələmə alarkən bir sıra xülasə və sənədlərə
müraciət edərək yazan, Yaradan və yaradılanlardan
bəhs edərkən səhvə yol verən saxta sofilərdən
deyildir. Əsərdə nə varsa, hamısı
Allah-taalanın bəxş edib ortaya
çıxardığı dəyərli izahlarıdır.
Bu əsər “Quran”ın kəlmələrini izah edir”.
“Sirlərin sərgüzəşti”ndə
mif və reallıq çulğalaşır, hansının
mif, hansının gerçək olduğunu müəyyən
edə bilmirsən, hətta bir məqamda oxucu özü də
yaddaşını itirmiş kimi olur. Bu yaddaşın itməsi
həm də yaddaşın qayıtmasıdır,
çünki yazıçının dediyi kimi, “düzənsizliyin
özündə də bir düzən var”.
Filologiya elmləri doktoru Salidə
Şərifova yazır: “Mifologema – postmodernistlərin əsərlərində
postmodernizmin poetik əsası kimi bir sıra səciyyəvi əlamətlərə
istinad edən əsas detal kimi götürülsə də,
yalnız detal mifoloji təfəkkürün
transformasiyasını stimullaşdıran mif-simulyakr əmələ
gətirən istiqamət elementlərinin məcmusu kimi
reallığın itməsinə işarə edən
postmodern estetik sisteminin bir halqasıdır. Mifoloji təfəkkürün
transformasiyasını stimullaşdıran mif-simulyakr köhnə
mifləri solğunlaşdırır. Köhnə miflərin
yerini isə müasir versiyalar tutur”. “Kitab dolablarının
arasında isə bir tutuquşu müqəvvası, sanki bilərəkdən
gizlədilmişdi. Hər adam onu görə bilməzdi.
Müqəvva o qədər öz orijinalına bənzəyirdi
ki, bəziləri (kabinetə yeni girənlər) əvvəl-əvvəl
onun həqiqətən canlı olduğuna inanırdılar. Hətta
belə bir şayiə gəzirdi ki, (yenə də kabinetə
təzə girənlər arasında) Həsən müəllim
öz qəribə xəstəliyindən əvvəl (bəlkə
də, xəstələnəndən sonra) bu ala-bəzək
müqəvva ilə canlı quşla danışan kimi
danışırmış. Guya Həsən müəllim
soruşurmuş, Tutuquşu da ona cavab verirmiş”.
Maya mifologiyasında tutuquşu,
Mussolinin tutuquşu, Floubertin tutuquşu, “Tutinamə”dəki
tutuquşu kimi məsələlərə diqqət etsək
görərik ki, yalnızca Şərqdə deyil, Qərbdə
də, yalnız adamların həyatında,
yaradıcılığında dərdləşdikləri,
sonradan mifləşmiş tutuquşu obrazı mövcuddur.
“Payız
yağışının ruh təmizləyən səsi
altında Hacı Mir Həsən
ağa Səyyahı yavaş-yavaş huş apardı və o, mürgü vurmağa
başladı. Nə zaman yuxuya getdiyindən xəbəri olmadı.Yuxusunda
ala-bəzək bir tutuquşu gördü”.
Vinnicottun qiymətləndirməsi
“insan nə üçün oynayar” sualının
cavabıdır. Oyun başqası ola bilmə imkanını,
başqa bir şüura bürünmə imkanını təmin
etdiyi üçün oynanır və əhəmiyyətlidir.
Forrester də oyunun dünyəvilikdən, ziddiliklərdən
sıyrılmanın avtonom bir sahədə zamanı təxirə
salmanın yolu olması səbəbiylə oyunu insanın
dünya qarışıqlığı qarşısında
nəfəslənə bildiyi bir dayanacaq olaraq görər.
Kamal Abdulla “Sirlərin sərgüzəşti”
romanında bir çox belə dayanacaqlar yaradır. Və əsərdə
yaradılan obrazlar fərqli sirlərə bürünür.
Real həyat, Orta əsrlər folklor, fantastika, magiya bir-biri ilə
vəhdət təşkil edir.
Postmodernlər artıq özlərindən
əvvəlki mənada gerçəyi itirib gerçəyi
oyun, ya da oyunu gerçək qəbul etdiklərindən
oyunlaşdırarlar.
Romanı oxuyarkən illüziyalar,
ilğımlar qovuşağında gerçək itir. Məkan
və zaman qarışır.
Folklor ilə magik realizm arasında
da möhkəm bir bağ vardır. Məsələn,
“Srikanth, magik realizm sahəsində qələmə
aldığı məqaləsində xalq ədəbiyyatı
ünsürləri və əfsanələri istifadə etmənin,
magik realizmin əhəmiyyətli xüsusiyyətlərindən
biri olduğunu vurğular”.
Magik realizmdə hadisələr adi
hal kimi təsvir olunur. Səbəbsiz hadisələr
sıralanır. Heç bir səbəb yoxkən qeyri-adi hadisələr
baş verir: Əsərdə Həsən müəllimin
otağında peyda olan hərflər buna misal ola bilər: “O,
kağız qalağının üstündən bir vərəq kağız götürdü, diqqətlə
nəzərdən keçirməyə başladı. Onun
gözləri qarşısında
ərəb hərflərilə yazılmış
yazılar üzə çıxıb görünməyə
başladı”.
Nəticə olaraq qeyd edək ki,
roman postmodernizmin əsas xüsusiyyətlərini özündə
ehtiva edir. Ənənə və postmodernizm paralellikləri ilə
şaxələnən mətn postmodern Azərbaycan
romanının inkişafı və püxtələşməsi
aspektindən son dərəcə əhəmiyyətlidir.
NARGİS
Ədəbiyyat
qəzeti.- 2020.- 2 may. S. 18-19.