Missiya...
Hekayə
Elə bil Sevil müəllimin
yatağına qor dolmuşdu. Gah bu, gah da o biri böyrü
üstə çevrilir, ona yük olan fikirlərdən
heç cür qurtula bilmirdi. Hava hələ
işıqlaşmamışdı. Saata baxdı. Dördə
qalırdı. Yuxuya gedə bilməyəcəyini anlayıb
yataqdan qalxdı. Sinif əlaçısı İlkinin birdən-birə
dərslərindən geriləməsi, söz eşitməməsi,
pis uşaqlara qoşulması onu rahat buraxmır, ürəyini
ağrıdırdı. Təkcə sinifdə deyil, hətta məktəbdə
də ən nümunəvi şagirdlərdən olan, şəkli
şərəf lövhəsindən düşməyən,
davranışından, oxumağından parlaq gələcəyi
indidən bəlli olan bu uşağa birdən-birə nə
olmuşdu, anlaya bilmirdi.
Pəncərədən alatorana
baxa-baxa qərar qəbul etdi ki, bu gün hökmən
İlkinlə təklikdə söhbət etməlidir, nə
baş verdiyini öyrənməli, ona öyüd-nəsihət
verməli, hansı dəstək lazımdırsa, göstərməlidir.
Səhər yeməyi yemədən
narahat halda evdən çıxdı. Məktəbə
çatan kimi sinif otağına girib jurnalda lazımi qeydlər
apardı. Sonra üzünü İlkinə tutub dedi:
- Keç lövhənin
qarşısına, dərsimizi danış. Keçən dəfə
hazırlıqsız gəlsən də, sənə
"iki" yazmamışam.
İlkin yavaşca ayağa
qalxdı, ancaq yerindən tərpənmədi. Sevil müəllim
təkrar səsləndi:
- Eşitmirsən, səninləyəm!
- Hazır deyiləm, - İlkin
astadan dilləndi.
- Niyə hazır deyilsən?!
Olmaya, səni dərs oxumağa qoymurlar?
İlkindən səs
çıxmadı. Başını aşağı salıb
susdu. Sevil müəllim dedi:
- İlkin, sənə bu dəfə
də qiymət yazmıram. Ancaq gələn dəfə də
hazırlıqsız gəlsən... - Bir az ara verib
sözünə davam etdi: - Məndən incimə, İlkin,
daha sən mənim sevimli şagirdim deyilsən. Belə getsə,
hətta səni sinifdə də saxlamalı olacam. Otur!
İlkin yavaşca oturub səsini
çıxarmadı. Sevil müəllim onun xəcalət
çəkdiyini hiss edirdi, ancaq dərslərə
hazırlıqsız gəlməyinin səbəbini başa
düşə bilmirdi. Axı İlkingilin ailəsi də
nümunəvi ailələrdən sayılırdı. Bir il əvvəl
Sevil müəllim onların evinə gedərək
övladları ilə fəxr edə biləcəklərini
İlkinin valideynlərinin diqqətinə
çatdırmışdı. Sevil müəlim İlkinin
valideynləri Vüqar bəy və Sevinc xanımla söhbət
zamanı onların yüksək intellektə sahib
olduqlarına heyran qalmışdı. Və istər-istəməz
etiraf etməli olmuşdu ki, İlkinin əlaçı
olmasının bir səbəbi təhsil aldığı məktəbdirsə,
başqa bir səbəbi valideynləridir.
Uşaqların səs-küyü
onu xəyaldan ayırdı. Özünü ələ
alıb tez soruşdu:
- Dərsimizi kim danışar?
Əllər yuxarı qalxdı.
- Sən danış, qızım,
- deyə üzünü bəstəboy, gülərüz Səbinəyə
tutdu.
Fikirlər beynini necə yükləmişdisə,
Səbinənin nə danışdığından xəbəri
yox idi. İlkinin birdən-birə məktəbdən üz
döndərməsinin, dərslərə
hazırlıqsız gəlməsinin səbəbi nə ola
bilərdi, görəsən?
Uşaqların yerindən
danışması onu fikirdən ayırdı:
- Nə olub, nə səs
salmısınız?
- Bir yerini düz demədi, müəllim,
- deyə şagirdlərdən kimsə səsləndi.
Bir neçə sual-cavabdan sonra
keçmiş dərsi başa vurub könülsüz halda
yeni mövzunu şagirdlərə izah etməyə
başladı. Zəng səsi eşidilən kimi
uşaqları bayıra buraxıb sinif otağında
İlkinlə tək qaldı. Parta arxasına keçib onunla
yanaşı oturdu. Əli ilə İlkinin başına
sığal çəkib onu şirin dillə dindirməyə
başladı:
- İlkin, məndən gizlətmə...
Düzünü de görüm, sənə nə olub? Dərslərini
niyə öyrənmirsən? Bilirsən ki, mən səni necə
çox istəyirəm. Məndən heç nəyi gizlətmə.
Nə baş verirsə, mənə danış. Mənim məsləhətlərimin
sənə ancaq xeyri ola bilər.
İlkin susaraq sakitcə
dayanmışdı. Cavab verənə oxşamırdı.
Müəllim nəticə əldə edə bilmədiyi
üçün bu dəfə başqa yola əl atmaq qərarına
gəldi:
- O gün azyaşlılardan ibarət
cinayətkar qrupun diktəsi ilə məktəbimizin iki
şagirdi mağazadan telefon oğurlamışdı. Həmin
qrup narkotik satışı ilə də məşğul
olurmuş. Yenə sağ olsun məktəbimizin direktoru
Yaşar müəllim, öz nüfuzundan,
ağsaqqallığından istifadə edib yüz cür
xahiş-minnətdən sonra şagirdlərimizi o quldur dəstəsindən
ayıra bildi. Əgər o olmasaydı, uşaqlar indi türmələrdə
çürüyürdü. Biz onların əlaçı,
tərbiyəli şagirdlər olduqlarını bildirməklə,
onlara zamin durmaqla zorla canlarını polisdən qurtara bildik.
Görürsən, yaxşı oxumaqları, nümunəvi
ailədən çıxmaları, dərin
peşmançılıq hisləri olmasaydı, heç
Yaşar müəllim də arxalarınca getməyəcəkdi.
İndi elə bir dövr gəlib çatıb ki, fərdləri
ümumi bəlalardan qorumaq çətinləşib.
İlkin, oğlum, mən çox qorxuram ki, birdən sən də
təsirə düşərsən, tərbiyəsiz
uşaqlara qoşularsan. Unutma ki, sən dərslərinə əvvəlki
kimi davam etsəydin, bu şübhələrin də yeri
olmazdı.
- ...
- Görürsən, mən sənin
bu son müəmmalı davranışın barədə
heç kimə - hətta ata-anana da bir söz deməmişəm.
Səninlə söhbət etməklə kifayətlənirəm...
Məndən gizlətmə, düzünü de görüm,
birdən-birə sənə nə oldu? Niyə dərslərinə
hazırlaşmırsan?
- ...
- Məndən incimə, İlkin.
Əgər səbəbini mənə açıqlamasan, sənin
haqqında pedaqoji şurada məsələ qaldırmalı
olacam. Bilirsən ki, ciddi tərbiyəyə ehtiyacı olan
uşaqları müvafiq islah müəssisələrinə
göndərirlər.
Sevimli müəllimini sakit tərzdə
dinləyən İlkin son cümlələri eşidəndən
sonra hönkürtü ilə ağlamağa başladı. Elə
ürəkdən ağlayırdı ki, onun bu halını
kim görsəydi, bağrı qana dönərdi. Sevil müəllim
dediyi sözlərə peşman oldu. İlkinin sel kimi axan
göz yaşları dayanmaq bilmirdi. Toxtaqlıq vermək əvəzinə,
özünü saxlaya bilmədi, şagirdinə qoşulub o
da ağlamağa başladı.
Tənəffüs vaxtı başa
çatırdı.
Sevil müəllim özünü
ələ alıb İlkinə yalvarırmış kimi dedi:
- Sən yaxşı oğlansan.
Əgər nəsə bir problemin varsa da, darıxma,
yavaş-yavaş hər şey qaydaya düşəcək.
İradəli olmaq lazımdır! Sən kişisən
axı! Çalış, gələn dərslərimizə
hazırlıqlı gələsən. Ürəyini sıxma,
mən sənə kömək edəcəm. Sən yenə əlaçı
olacaqsan. Mən sənə inanıram, İlkin!
***
İstirahət günlərində
vaxt heç keçmədi, uzandıqca uzandı. Bazar ertəsi
Sevil müəllim evdən çıxıb böyük
ümidlərlə məktəbə yollandı.
Düşünürdü ki, axırıncı söhbətdən
sonra İlkin özündə dönüş edib dərslərinə
hazırlıqlı gələr. Ürəyinə
dammışdı ki, bu gün bir yenilik olmalıdır.
Zəng çalınan kimi
inamlı addımlarla sinif otağına girdi. Uşaqlarla
salamlaşandan sonra ətrafa göz gəzdirdi. İlkinin əhval-ruhiyyəsinin
necə olduğunu bilmək istəyirdi. Arxa cərgəyə
nəzər salanda gördü ki, İlkinin yeri boşdur.
Sanki onu cərəyan vurdu .
- İlkin hanı, uşaqlar? - deyə
tez xəbər aldı.
- Dərsə gəlməyib,
müəllim, - uşaqlar xorla cavab verdilər.
Çox narahat oldu, hətta qorxuya
da düşdü. "Allah eləməsin, mənim tənbehimdən
sonra uşaq özünə bir şey etmiş olar..."
Üzünü İlkinlə bir binada yaşayan İlqara
tutub tez soruşdu:
- Sən bilmirsən, niyə gəlməyib?
Evlərində səs-küy yox idi?
- Bilmirəm, müəllim. Mən
səhər dərsə gələndə gördüm
balkondadır. Çağırıb salam verdim, amma səsini
çıxarmadı.
Sevil müəllim fikirli halda dərsi
birtəhər başa vurub tənəffüs olan kimi tez
İlkinin bacısı Arzunun oxuduğu sinfə yollandı.
Sinif rəhbəri Şəlalə müəllim onu qapıda
görən kimi dedi:
- Sevil, nə olub belə, rəngin-ruhun
qaçıb? Deyəsən, bəd xəbər gətirmisən.
- Şəlalə, İlkin bu
gün dərsə gəlməyib. Onu Arzudan xəbər almağa
gəlmişəm.
- Qəribədi...
- Nə qəribədi?!
- Bu gün Arzu da dərsə gəlməyib...
Sevil müəllim tutuldu. Ani
düşüncədən sonra dedi:
- Onda mən qaçım evlərinə.
Görüm, niyə gəlməyiblər. Deyəsən, nəsə
olub.
- Ay Sevil, sən də qəribə
adamsan ey. Burda nə var axı? Dünya dağılmayıb
ki?! Uşaq dərsdən qalar da, narahat olma. Yəqin, rayona
qonaq gediblər.
- Deyirəm, bəlkə...
- Nə bəlkə? Arzu
uşaqlara zəng edib deyib ki, müəllimə deyin, bu
gün mən dərsə gələ bilməyəcəm.
Bu söz Sevil müəllimə
bir az toxtaqlıq verdi. Buna baxmayaraq, qərara aldı ki, dərsdən
sonra İlkinə baş çəkmək üçün
mütləq evlərinə getsin, valideynləri ilə
görüşüb söhbət etsin. Fürsətdən
istifadə edib Şəlalə müəllimdən bəzi məlumatlar
almaq istədi:
- Şəlalə, son vaxtlar Arzuda
bir dəyişiklik-filan sezməmisən?
- Nə mənada? - Şəlalə
müəllim soruşdu.
- Bilirsən, İlkin sinfimin
gözü idi; həm oxumağı, həm də
davranışı, intizamı ilə. Amma son vaxtlar tamam dəyişib,
dərslərə hazırlıqsız gəlir. Bildiyim qədərilə,
pis uşaqların əhatəsinə düşüb. Dedim,
görüm, Arzu necədi, o da dəyişməyib ki?
- Sən Arzunu şəxsən
tanıyırsanmı?
- Əlbəttə,
tanıyıram.
- Ancaq indi görsən,
tanımazsan.
- Niyə ki? - Sevil müəllim təəccüblə
soruşdu.
Şəlalə müəllim
dedi:
- Qız çox arıqlayıb, həmişə
fikirlidir. Səbəbini soruşuram, heç nə demir.
Mehriban, gülərüz qız idi. Sinif yoldaşları həmişə
onun başına yığışar, deyib-gülərdilər.
Amma indi hamıdan qaçır, tək qalmağa
çalışır. Qaş-qabağı heç
açılmır. O gün bütün siniflə birlikdə
yığışıb tort aldıq, burda ad
gününü təbrik etdik. Amma
qırışığı yenə açılmadı.
Sevinmək əvəzinə çəkilib bir küncdə
xısın-xısın ağladı.
- Bəs dərslərini necə,
oxuyurmu?
- Oxuyur, Sevil. Ancaq dərslərinə
əvvəlki kimi həvəsli deyil. Onunla təklikdə
söhbət etsəm də, bir söz ala bilmədim, ruh
düşkünlüyünün səbəbini öyrənə
bilmədim.
Sevil müəllim, bivaxt olsa da, dərsdən
sonra öz evlərinə deyil, İlkingilə üz tutdu. Lift
təmirə dayandığı üçün beşinci mərtəbəyə
piyada qalxmalı oldu. Astma xəstəliyindən əziyyət
çəkdiyindən bərk təngnəfəs oldu.
Çantasında gəzdirdiyi dərmanı boğazına
püskürdüb xeyli dayandı. Özünə gəldikdən
sonra İlkingilin qapısındakı zəngin düyməsini
basdı. Cavab verən olmadı, düyməni yenidən
sıxdı. Zəngin səsi dəhlizdə də
eşidilirdi. Deməli, evdə kimsə yox idi. Sevil müəllim
qonşuya müraciət etmək qərarına gəldi. Elə
ilk zəngdən sonra qapı açıldı.
- Buyurun, qızım, eşidirəm,
- deyə qapını açan ağsaçlı kişi ədəblə
dilləndi.
- Siz Allah, bağışlayın,
dayı. Sizi də narahat edirəm. İlkingilə gəlmişdim,
evdə yoxdular. Dedim, bəlkə, siz bilərsiz, bunlar
hardadır? İlkin bu gün dərsə gəlməyib. Mən
onun müəllimiyəm.
- İlkində günah yoxdu,
qızım. Valideynləri başlarını itiriblər, yəqin,
ona görə gəlməyib.
Sevil müəllim heyrət
içində tez xəbər aldı:
- Nə olub ki, dayı? Zəhmət
olmasa, deyin. Mən çox narahatam.
- Qızım, son vaxtlar bu evdə
hər gün qırğındır. Dava-dalaşdan,
hay-küydən gecələr evimizdə yata bilmirik. Hörmətli,
sayılıb-seçilən adamlardı, söz də demək
olmur. İşləri məhkəmədədir.
Boşanırlar.
- Nə?! - Elə bil Sevil müəllimi
cərəyan vurdu. Gözləri qaraldı, başı gicəlləndi.
Özünü saxlaya bilməyib divara söykəndi. -
Boşanırlar? Belə gözəl bir ailə? Axı nədən,
nəyə görə? Bəs uşaqlar?! Onları fikirləşən
oldumu?
Arzu ilə İlkin
boynubükük, pərişan halda gəldi durdu gözləri
qarşısında. Kişini yenidən sorğu-suala
tutmağa başladı:
- Sənə qurban olum, ay dayı,
bəs niyə boşanırlar?! Birdən-birə nə oldu
axı? Belə də müsibət olar? Qohumlar, qonşular,
ağsaqqallar hara baxırdı bəs? Niyə imkan verdilər?
Bir yol göstərən, məsləhət verən, tədbir
tökən olmadımı?
- Oldu, qızım. Elə mən də,
bizim uşaqların anası da nə qədər cəhd elədik,
amma nəticəsiz qaldı. Aravuranlar, sözgəzdirənlər
dilini kəsmədi, qısqanclıq da öz işini
gördü. Daha barışıq üçün gecdir.
Sevil müəllim qulaqlarına
inanmaq istəmirdi. Günahsız uşaqların gələcək
taleyi onun qəlbini ağrıdırdı. "Sağ olun,
dayı" deyib oradan aralandı. Göz yaşları onu
ovundurub sakitləşdirə bilmirdi. "Bəs o bir cüt
balanın taleyi necə olacaq? Sənə yalvarıram, ey
böyük Yaradan! Onları heç vaxt yalqız və
çarəsiz buraxma!" - deyə Allaha dua etməyə başladı.
Özünə suallar verə-verə
evlərinə necə gəldi, hansı yolla gəldi,
özü də bilmədi. Bir də gördü ki, artıq
qapılarının ağzındadır. Fikri-zikri İlkinlə
Arzunun yanında qalmışdı. İçəri girməzdən
öncə özünə əl gəzdirib,
üz-gözünün yaşını sildi. İstəmirdi
ki, narahatlığı evdə hiss olunsun. Onu qapıda həyat
yoldaşı Qorxmaz qarşıladı:
- Bu vaxta qədər hardasan?!
- İlkingildən gəlirəm. Sənə
demişdim axı, dərslərini oxumur...
- Əşi, bəsdir də! Bezdim
daha! Sən bu xarabaya bir gün vaxtında gələcəksən,
ya yox?! Qabağıma qoyacağın bir tikə çörəyi
də zəhərə döndərirsən. O məktəbdə
səndən başqa müəllim yoxdu?! Bu uşaqların
qayğısını çəkmək təkcə sənəmi
qalıb? Bəsdir qapıları gəzdin, qurtar da bu oyunu!
Qurtar! Başa düşdün məni?!
- Baş üstə, bir də
yubanmaram, - deyə Sevil müəllim yazıq bir görkəm
alıb sakit tərzdə cavab verdi.
Evə sükut
çökmüşdü. Sevil müəllim ərinin
qırımını görüb səsini çıxarmadan
mətbəxə keçdi. Şam yeməyini hazırlayıb
süfrəyə düzdü. Sonra da tez çay
hazırlığına başladı. Həyat yoldaşı
yeməkdən dərhal sonra çay içməyə adət
etmişdi. Sevil müəllim əlavə söz-söhbət
olmasını istəmirdi.
Süfrəni
yığışdırıb bulaşıq qabları
yuyandan sonra evə əl gəzdirib səliqə-sahman yaratdı.
Sabahkı dərslərə nəzər salıb
yatağına girdi, gözlərini yumdu. Gecədən xeyli
keçməsinə baxmayaraq, yuxuya gedə bilmədi ki, bilmədi.
Fikri İlkinlə Arzunun yanında qalmışdı. Sabah dərsdən
sonra onlara gedib valideynlərini barışdırmaq istəyirdi.
Buna nail ola biləcəkdimi, bilmirdi. Həyat yoldaşına
da söz vermişdi ki, dərsdən çıxıb
birbaşa evə gələcək. Vədini heç cür
poza bilməzdi. Onda gərək direktordan icazə alıb dərs
saatında gedəydi.
İlkinin valideynlərini necə
barışdıracağını düşünməyə
başladı. Heç özü də bilmirdi ki, bu hadisə
onu niyə bu qədər narahat edir. Nə idi axı onu
başqasının ailə probleminə qarışmağa
vadar edən?!
Fikrindən daşınmaq istəsə
də, bacarmadı. İlkinlə Arzu yenə gəlib
dayandı gözlərinin qabağında. Onların kədər
çökmüş gözlərini görüb kövrəldi.
Övlad həsrətilə yanıb-qovrulduğu
ömrünün on yeddi ilini xatırladı. Çəkdiyi əzablar,
xəyal qırıqlıqları qəlbini yenidən göynətdi.
Tale onu analıq hissindən məhrum etmişdi. Ailədəki
bu ögeyliyin, əri ilə arasında əsən sərin
küləklərin səbəbi də bu idi. Ərinin
hövsələsizliyi, bəzi kobudluqları da elə bu
soyuqluqdan qaynaqlanırdı.
Bu düşüncələr
içində pəncərənin yavaş-yavaş
işıqlandığını gördü. Artıq səhər
açılırdı. Bəs bu açılan səhər
İlkinlə Arzunun üzünə güləcəkdimi? Hiss
etdi ki, bu günahsız uşaqların gələcəyini
qorumaq üçün canından keçməyə belə
hazırdır! O, İlkinlə Arzunun doğma valideynləri
ilə birlikdə xoşbəxt yaşamalarını istəyirdi.
Ağlına gəldi ki, elə öz həyatını,
çəkdiyi iztirabları, fikir və duyğularını,
düşüncələrini Vüqar bəylə, Sevinc
xanımla bölüşsə, onları barışdıra
bilər. Sahib olduqları xoşbəxtliyin
ölçüsünü dərk edəndən sonra valideynlər
səhv etdiklərini anlayar və gözəl bir ailəni
uçuruma sürükləməzlər.
...Bütün gecəni yuxusuz
qalan, əzab çəkən adam kimi yox, tamamilə
gümrah bir vəziyyətdə yerindən qalxıb
hazırlaşmağa başladı. O, bu gün
özünü cəmiyyət üçün hər gün
olduğundan daha məsuliyyətli, daha gərəkli bir insan
sayırdı. Sevil müəllim bir ailəni
dağılmaqdan, iki gül balanı da bu
dağıntıların altında qalmaqdan xilas edəcəyinə
əmin idi.
Aləm Kəngərli
Ədəbiyyat
qəzeti.- 2020. 2 may. S. 20-21.