Gecə öyküsü
Qızının "ay bava"
deyib gözünün suyu ilə üzünü
islatmasından əmim başa düşdü ki,
ilin-günün bu vaxtında, iki uşaq da yanında onun kəndə
gəlişi xeyirliyə deyil. Axşama kimi dözdü,
heç nə soruşmadı. Arvad əmimi ot tayasının
yanına çəkib dedi ki, bəs bilməzsənmi, qız
əri ilə dalaşıb...
Əmim
bu xəbərə tavrını qudasının
ünvanına söyüşlə bildirdi. Qudası öz
qaynı idi, Sumqayıtda yaşayırdılar. Qərara alındı ki, məsələyə
aydınlıq gətirmək üçün elə
günü sabahdan Sumqayıta yola düşsün.
Arvad axşamdan yoluna kotlet
qızartdı. Köynəyini ütüləyib stulun
başından asdı.
Onsuz da yuxusu
qaçmışdı. Kürəkənini və
qudalarını sorğu-suala tuturdu. Və hər dəfə
də mütləq haqlı çıxırdı. "Ayə,
nətər olur, 30 ildir sənin bu qara bacının
zıppıltısına dözürəm, sən balamı
yola aparmırsan?".
Şaqqıltıya arvad qalxdı,
əsnəyə-əsnəyə: "A kişi, tulaçezməzdən
hara gedirsən? Qoysan səhərin gözü açıla?
- dedi və bir də onu dedi ki, heç xoruzlar da
banlamayıb" . Əmim dedi: "Xoruza nə veribsən, nə
banlaya, a bitini yeyənin qızı?". Arvad səhər-səhər
mübahisənin mənasız olduğunu anladı, həm də
səsə uşaqlar qalxmasın deyə susdu.
Sumkasını götürüb
qapıdan çıxanda doqqazın fanarını
yandırdı, işığın qəfil zühurunu
gözləməyən qaranlıq qara çəpərin
dalına çəkildi. Arvad dalınca səsləndi:
"Dava eləmə, xoşluqla başa sal. Qardaşıma da
de ki, a qurumsaq, bə bacını haraya qoydun?
Əmim nə qədər
yeyin-yeyin getsə də, Dəyirman dərəsindən əsən
meh onu gəlib ötdü və köhnə məktəbin
uçuq divarları arasında gözdən itdi.
Yol bomboş idi. Birinci
Şıxlı tərəfdən bircə dənə maşın
göründü, o da mürgülü faralarının
işığı ilə əmimin üst-başını
yalayıb keçdi və gecənin qaramatında əridi.
Meşənin yazağzı soyuğu, yolun altındakı
üzüm bağında çaqqalların, tülkülərin
vaqqıltısı, qəbiristanlığın vahiməli
yaxınlığı içinə anlaşılmaz
üşütmə salmışdı. Səbrsizlik etdiyinə
görə özünü danladı.
Birdən hiss etdi ki, ayağına
nəsə yumşaq bir şey sürtünür. Bu qorxulu təmasdan
əti ürpəndi. İlan-koramal olduğunu
düşünüb cəld kənara sıçradı.
Yolun o üzünə keçdi və dönüb geri
baxdı. Bu, pişik idi. İki həftə öncə
üç balası ilə torbaya salıb
azdırdığı pişik.
Onda arvad demişdi ki, "a
kişi, qan-qarğışdılar. Güllər cijin yun əyirəndə
pişik ətəyinin üstündə yatırdı.
Pişik özü qalxıb gedənə kimi rəhmətlik
onu narahat etmirdi. Allahın heyvanı sənə neyləyib? Nolsun
ki, doğub törəyir...". Arvad bu əməlin suç
olduğunu desə də, içkili vaxtında pişikləri
torbaya salıb "QAZ-53"ün kuzovuna atmışdı.
Xalası oğlu şofer Astandan xahiş etmişdi ki,
Ceyrançölə qoyun fermalarına gedəndə
bunları da yol qırağındakı kafelərin, restoranların
birində açıb buraxsın: "Yenə oralarda yeməyə
bir şey taparlar...".
Otların arasından yenə zəif
pişik miyoltusu gəldi. Əmim "piş-piş" deyib
çağırdı. Pişiyin balası idi. "Bıy,
başınız batsın, ödümü
partlatmışdınız. Bə o biri balaların
hanı?" - dedi. Əmim neçə ilin həsrətlisi
kimi sevinirdi, sanki biraz da ürəklənmişdi.
Yolun ortasında çömbəldi,
sumkasını açdı və kotletlərin ikisini
pişiklərin qabağına qoydu. Pişikləri
sığallaya-sığallaya dedi ki, "yəqin
acsınız?".
Əmim pişiyin balasını
qucağına aldı və dedi: "Gəl gedək evimizə,
qorxma, anan da dalımızca gəlir...".
Rüstəm
Kamal
Ədəbiyyat
qəzeti.- 2020.- 2 may. S. 21.