"Qırx qəzəl -
Qırx şərh" kitabından
İmadəddin Nəsiminin
qəzəlinin qısa şərhi
Kim ki
bildi bu "siratil müstəqim"in rahini,
Əhli-ürfan olduvü bildi yəqin Allahini.
Göydəki
cümlə məlaik Adəmə qıldı sücud,
Həq-Təaladan gör anın bunca izzü cahini.
Həq
buyurmuş "ərzülillah aqibət lil-müttəqi",
Çün deyilsən müttəqi, mülk etmə ərzüllahini.
Çün
əmirəlmöminin "mən nöqteyi-bayəm" dedi,
Kim ki hərfin sirrini bilməz, nə bilsin şahini.
"Külli
şeyün halik" oldu qaldı "illa vəchəhü",
Hər yənadən baxdı arif gördü vəchullahini.
Ey Nəsimi,
hər kim öz nəfsindən oldu baxəbər,
Cümleyi-əşyada zahir gördü nitqullahini.
Qəzəlin
qısa şərhi
1) Kim ki
bildi bu "siratil müstəqim"in rahini,
Əhli-ürfan olduvü bildi yəqin Allahini.
Kim ki "siratil müstəqim" yolunu tapa bildi, o irfan
əhli oldu və Allahını tanıdı.
Şərh:
Quranda adı keçən "Siratil müstəqim" ifadəsi
"doğru yol","Allaha aparan yol" kimi təfsir
edilmişdir, bu isə Allahın əmrlərinə şərtsiz
əməl etmək, özünü Ona təslim etmək deməkdir.
Hər kim həyatını Allahın bəndədən
istədiyi kimi yaşayarsa, Quranda buyurulan "doğru
yol"u tapanlardan olar və Allahını bütün əzəməti
ilə tanıyar.
İrfan:
Yaradanı tanımaq istəyən bəndə ona tam müti
olmağı bacarmalı, Onun kitabını özünə
yol xəritəsi, peyğəmbərlərini bələdçi
bilməlidir.
Hikmət:
İnsan dünyanın həqiqətlərinə yetişmək
üçün əyri ilə doğrunu ayıra bilməlidir.
Yalnız bundan sonra ən dərin qatlar onun
üçün açıla bilər.
2)
Göydəki cümlə məlaik Adəmə qıldı
sücud,
Həq-Təaladan gör anın bunca izzü cahini.
Göydəki bütün mələklər Adəmə
səcdə etdi, Adəmə Allahın verdiyi izzəti və
məqamı gör.
Şərh:
Mələklər insandan çox əvvəl
yaradılmış varlıqlardır. Hələ
Adəm yox ikən min illərlə Allaha ibadət etmişdilər.
Mələklər nurdan yaradılmış və
nəfsdən azad məxluqlardır. Onların
günah etmək imkanı yoxdur, Allahın əmrlərini
şərtsiz yerinə yetirirlər. Adəmi
yaradan Allah bütün mələklərə ona səcdə
etməsini əmr etdi, halbuki varlığı etibarilə Adəm
günaha meyilli yaranışdır və mələkdən fərqli
olaraq təkcə əqldən yox, həm də heyvani nəfsdən
ibarətdir. Buradan Allahın Adəmə verdiyi dəyərin
nə qədər ali olduğu
anlaşılır. Yarandığı ilk
gündən Adəmə bütün xəlq olunmuşlardan
üstün məqam verildi, yer üzündə Allahın xəlifəsi
oldu.
İrfan:
Səcdəyə layiq yalnız Allahdır. Yaradan
qalan məxluqları Adəmə səcdə etdirirsə, bu
Adəmin layiq olduğu məqamın deyil, layiq olmalı
olduğu məqamın göstəricisidir.
Hikmət:
Allah Adəmi yaratdığı ilk gündə ucaltdı, onu
bütün yaradılmışların fövqünə
qoydu. İnsan üçün dünyada ən ali
hədəf həmin zirvəyə həyatı boyu yüksələ
bilməkdir.
3) Həq
buyurmuş ərzülillah aqibət lil-müttəqi,
Çün deyilsən müttəqi, mülk etmə ərzüllahini.
Allah
buyurub ki, cənnət ancaq pis əməllərdən çəkinənlərindir,
sən sonu yaxşı olanlardan deyilsənsə, Allaha aid yerdə
mülk etmə.
Şərh:
Allah buyurur "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük
etməyənlərə və fitnə-fəsad törətməyənlərə
qismət edərik. Ən gözəl aqibət
ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir"(Qəsəs,
ayə 83). Sən pis əməllərdən
çəkinən deyilsənsə, nəinki cənnəti
düşünmə, hətta Allaha ibadət və itaət
edilən yerlərə də ayaq basma.
İrfan:
Yaradan insanlara böyük mükafatlar vəd edib, lakin bunun
müqabilində adəm oğlu nəfsinə ram olmamalı,
pis əməllərdən həm özü çəkinməli,
həm də digərlərini çəkindirməlidir. Dünyada əməli düz olmayanlar axirətdə
yaxşı mükafat ala bilməz.
Hikmət:
Yalançı ibadət, riyakarlıq edənlərin sonu
yaxşı olmaz.
4)
Çün əmirəlmöminin "mən nöqteyi-bayəm"
dedi,
Kim ki hərfin sirrini bilməz, nə bilsin şahini.
Möminlərin
əmiri "mən ba hərfinin nöqtəsiyəm"
dedi, bir hərfin sirrini bilməyənlər şahı necə
tanıya bilər?
Şərh:
Əmirəlmöminin İmam Əlidir (Əli ibn
Əbutalib). Müxtəlif mənbələrdə
onun "ba" hərfi və nöqtəsi ilə
bağlı rəvayətlər vardır. Şeyx
Süleyman Qunduzi "əl-Dürrül-münəzzəm"
əsərinə istinadən yazır: "Bil ki bütün
səmavi kitabların sirri Qurandadır. Quranda
olanların hamısı Fatihədədir. Fatihədə olanların hamısı
"bismillah"dadır. "Bismillah"da
olanların hamısı onun "ba" hərfindədir.
"Bismillah"ın "ba"sındakı
hər şey isə onun altındakı nöqtədədir.
İmam Əli (ə) də buyurub: "Mən
"ba"nın altındakı nöqtəyəm"
(Şeyx Süleyman Qunduzi. Əl-Yənabiül-məvəddə,
1-ci cild, səh. 213).
Başqa
bir rəvayət: Bir gecə İmam Əli (ə) mahir Quran
bilicisi Abdullah ibn Abbası qəbristanlığa apardı və
Qurandan bir ayə oxumasını istədi. İbn
Abbas "Bismillahir Rəhmanir Rəhim" ayəsini oxudu.
Sonra İmam Əli (ə)
"Bismillah"ın əvvəlindəki "ba" hərfinin
mənasını sübh açılıncaya kimi təfsir
etdi (Ayətullah Reyşəhri. Movsuətül-İmam
Əli ibn Əbitalib, 10-cu cild, səh. 55).
Bir sözdən bir hərfi götürməklə
sözün, nəticə də isə cümlənin, son nəticədə
isə fikrin mənası dəyişə bilər. Xüsusən
də ərəb qrafikasında hərflər qədər
nöqtələrin də əhəmiyyəti var, belə ki
bir nöqtənin artması və azalması sözü tam dəyişə
bilər. Quran "ba" hərfi ilə
başlayır və bu hərf digər hərflərdən
nöqtəsi ilə fərqlənir. Əgər
bu nöqtə olmasa, "ba" hərfi tanınmaz və
heç bir məna daşımaz. Şərq
fəlsəfəsində, hürufilikdə də həmçinin
nöqtə dərin fəlsəfi mənaya malikdir. Çünki bütün formalar, yazılar nöqtədən
başlayır və nöqtələrdən təşkil
olunur. Nöqtə eyni zamanda təsəvvüfdə
elmin simvoludur. Həzrət Əlinin "
Elm bir nöqtə idi, cahillər onu çoxaltdı"
kəlamı sufizmdə yayılmış məşhur kəlamlardandır.
Bəzi alimlər bu hədisin İmam Əliyə
aid olmadığını və əsassız olduğunu
iddia edirlər. Dəlil gətirirlər
ki, Quranda "Biz onun elmini artırdıq" ayəsinə
ziddir. Hədisi anlaya bilmədiklərinə səbəb
" cahilllər onu çoxaltdı"
ibarəsini səhv izah etmələridir. Cahillər
elmi çoxalda bilməz, cahillərin elmlə işi olmaz.
Cəhalətə son vermək istəyən
alimlər elmi genişləndirərlər. Hər mətləb şərh edildikcə elm qat-qat
böyüyər və bu zaman onun içinə biruzə vermədən
bəşərə əks fikirlər də elm adı ilə
daxil edilər. Başqa cür desək,
elmin çoxalmasına cəhalət səbəb olar.
Şah obrazı burada o dövrün sufilərinin təbirincə
"şeyx" və ya "vəli"(mövla) kimi
işlənib və Allahın vəlisi, möminlərin
mövlası İmam Əli nəzərdə tutulub. Şahi-Mərdan,
Şahi-Nəcəf, Şahi-Vilayət adları da İmam
Əliyə aiddir. Qeyd edək ki, bir çox sufi mürşidləri də bu rütbəni
adlarında daşıyıblar: Şah Abdullah Dəhləvi,
Şah Məhəmməd Nəqşibənd və b.
Hürufiliyə görə vücudi-Mütləq olan
Allah özünü göstərmək istəsə söz
şəklin alar və hərflər vasitəsilə zahirə
çıxar.
Çünki yaranışın zühuru səslə
olmuşdur və səs qeyb aləmindən eyn aləminə gələn
hər varlıqda mövcuddur. Lakin səs
canlılarda hərəkət ilə, cansızlarda isə
qüvvə ilə ortaya çıxar. İki
cansız əşyadan səs almaq üçün onları
bir-birinə vurmaq lazımdır, bu zaman əşyanın
cövhəri olan səs eşidilmiş olar. Canlılarda isə səs iradə və ixtiyarla
zahir olar. Səsin ən kamil forması
sözdür ki, bu da ancaq insanlara bəxş edilib. Söz hərflərdən əmələ gəlir
və məlum olur ki, səsin də əsli hərfdir.
Bir hərfi dərk etməkdə aciz olanların
şahlıq kimi ən üstün vəzifəni icra edən
bir şəxsi tanıması mümkün deyil.
İrfan:
İnsan elmin nuru ilə yolunu işıqlandırmasa, bu yolda
öz rəhbərini(yol göstərən)
seçə bilməz. Rəhbəri
tanımadan hara getdiyini bilməyəcəksən.
Hikmət:
Böyük həqiqətlərin sirrinin açarı
kiçik zərrələrdə gizlənib, onları əhəmiyyətsiz
hesab edənlər sirrlərə vaqif ola
bilməz.
5)
"Külli şeyün halik" oldu, qaldı "illa vəchəhü",
Hər yənadən baxdı arif gördü vəchullahini.
Hər şey məhv olandan sonra bircə Allah qalacaq. Arif hansı
yandan baxdısa, Allahın zatını gördü.
Şərh:
Söhbət Quran ayəsindən gedir. "Allahdan
başqa hər şey məhvə məhkumdur. Hökm
Onundur. Siz qiyamət günü məhz Onun
hüzuruna qaytarılacaqsınız" (Qəsəs, ayə
88). Dünya və onda olanlar bir gün
Allahın əmri ilə məhv olacaq. Yalnız
Allah qalacaq. Yaradanını tanıyan, ona
vaqif olanlar isə varlığın hər zərrəsində
Onun zatını gördülər, çünki onlar fani
olana deyil, əbədi olana bağlanmışdılar,
yaranmışları Yaradana görə qəbul etmişdilər.
İrfan:
Ariflər dünyada olan hər şeyin zahiri ilə kifayətlənməzlər,
onun məğzini, mənasını idrak edərlər. Hər varlığın yaradılmasındakı səbəbi
axtarar və hər xəlq olunmuşda Yaradanı kəşf
edərlər.
Hikmət:
İnsan dünyada fani olanlardan əbədi olana yetişmək
üçün istifadə etməlidir.
6) Ey Nəsimi,
hər kim öz nəfsindən oldu baxəbər,
Cümleyi-əşyada zahir gördü nitqullahini.
Ey Nəsimi,
hər kim ki öz nəfsindən xəbərdar
oldu, o kəs hər şeydə Allahın nitqinin zahir
olduğunu gördü.
Şərh:
Dünya və onda olanlar fani, müvəqqəti olsalar da,
onların bir varolma səbəbi var. Bu səbəb
bütün kainatın hərəkətini və
dinamikasını təmin edir. İnsan əşyaların
mahiyyətini öyrəndikcə Allahın ona nə dediyini
anlamağa başlayır. İnsan
kainatın parçalarının mənasını dərk
etdikcə nəticədə bütün xəlq
olunmuşların məğzinə varmış olur və
Allahın insanlara mesajını bütöv mətn
halında oxuya bilir. Amma bunu bacarmaq
üçün insan ən yaxın olan
parçanı-özünü dərk etməli, öz
hüdudlarını kəşf etməlidir.
İrfan:
Özünü tanıya bilən insan Allahı tanıya bilər.
Hikmət: İnsan özünü biləndən,
tanıyandan sonra qalan varlıqları da tanımalıdır
ki, Allahla rabitə qura bilsin. Allahla danışmağın,
Onunla həmsöhbət olmağın tək yolu budur.
Arif BUZOVNALI
Ədəbiyyat qəzeti.-
2020.- 2 may. S. 28.