Sevgi boyda Gəncə - Gəncə boyda
sevgi
Mikayıl Yanarın
"Gəncənin dastanı"
kitabı barədə...
Çətinliklər gördün, yaşadın dözdün,
Əcnəbi adları daşıdın,
bezdin,
Dahi Nizmıylə dünyanı
gəzdin,
Göstərdin özünü cahana,
Gəncəm!
Doğmasan, əzizsən, ey
ana Gəncəm!
Mikayıl Yanarın çinarlar şəhəri, Nizami yurdu, İmamhüseyn ocağı - Gəncəyə
olan sevgisi Gəncənin yaşı
qədər ulu, Gəncənin boyu qədər ucadır. Bu sevgi zaman-zaman doğuldu - Nizami, Məhsəti, Cavad xan, Hadi, Qəmbər
Hüseynli, Fikrət Əmirov... zirvəsində
boy atdı, bütün
gəncəlilər kimi
Mikayıl Yanarın da köksünü qabartdı.
Mikayıl Yanar Gəncədə doğulmasa da (Tovuz rayonunun Qovlar qəsəbəsində
dünyaya gəlib), Vətən hərarəti,
Vətən sevgisinin məhz Gəncədən
rişələndiyinə inandı,
bu sevgiyə tapındı. Və onun Vətənə
olan sevgisi qafiyələndi, misra-misra
cilalandı, bənd-bənd
sıralandı, qoşmaya,
gərayılıya, dastana
çevrildi. Qarşımdakı
kitab - "Gəncənin
dastanı"...(Bakı, "Azərnəşr"
2018. İkinci kitab, 488 səh.)
sadaladıqlarımın
bariz örnəyidir. Kitabın redaktoru və önsöz müəllifi
filologiya elmləri doktoru, şair İslam Sadıqdır....""Gəncənin dastanı"
kimi irihəcmli əsəri Mikayıl Yanara Gəncə sevgisi yazdırmışdır.
İnsanı bu qədər ağır iş görməyə yalnız böyük sevgi ruhlandıra bilərdi. ... Bəli, Gəncə Mikayıl
Yanarı özünə
məftun eləyib, şair Gəncənin dəli-divanəsidir. ", deyərək, kitaba xeyir-dua da verdi İslam Sadıq.
Çox
nəfis tərtibatla işıq üzü görən kitab 16 bölümdən ibarətdir,
hər bir bölümdə Gəncənin
ulu tarixinin onurlu səhifələrindən
və Gəncədən
başlayaraq dünyaya
səs salan ziya yolçularından söhbət açılır.
"Nəhəng muzeyisən Azərbaycanın" - bu
bölümdə müəllif
tarix boyunca Gəncənin keçdiyi
çətin sınaqlardan,
yadellilərin qədim
şəhərin sinəsinə
çəkdiyi çalın-çarpaz
dağlardan söz açır:
Yelizavetpol oldun, ancaq yenə də,
Gəncə çağırdılar səni
hər yerdə.
Və yaxud:
Kirovabad dağı çəkildi
sənə,
Sinənə min ağrı töküldü
yenə.
Lakin Gəncənin bədii obrazı təkcə ağrılarla qələmə
alınmır, musiqi kimi notdan-nota düşərək səsli
peyzaj yaradır, şən nəğmələr
oxuyur,
Xan çınarlar tamaşadır,
tamaşa,
Çöl-çəməni bəzənib al-qumaşa.
Laləsi,
nərgizi çıxıb
yarışa,
Ana təbiətin yazıdır
Gəncə!
Yaxud:
Kəpəzə, Qoşqara tapılmaz
əvəz,
Xaşbulaq yaylağı heç
ələ düşməz...
- oxucu ruhuna sığal
çəkir, oxucunun
sinəsini onurla doldurur, çəngə çevrilib, cəngiyə
səsləyir....Bu fərəhdən
"Nizami məqbərəsi"
qüdrətiylə güclənən,
tarixin aynasında Şeyx Nizamini olduğu kimi - uca, məğrur, övliya -...göstərməyə
çalışan "Nizami
muzeyi"nin də sinəsi qabarır:
Keçmişimin payıdır,
Bizim Gəncə muzeyi
Burda daşlar dil açır,
Danışır hər qonaqla.
və bu boy, Nizaminin nəhəng misrası, Gəncə çayının boyu qədər uzundur:
Ulu torpağımın öz
misrasıdır,
Onunla bağlıdır
çox xatirələr.
Nizaminin
nəhəng bir misrasıdır,
Uzanıb
Kəpəzdən düz
Kürə qədər...
(Gəncə çayı)
Cavad xanın döyüşlərdən
macal tapanda sığındığı Xan
bağı, bu bağda hərəsi bir çiçək olan ("Hərəsi bir çiçəkdir, Gəncəmizin qızları"
Mikayıl Y.), "büzməli,
qat-qat tuman, Ləbbadə, başmaq, kəmər" donlu Gəncə qızları,
Gəncənin tarixi məhlələri (Bağmanlar,
Todanlı, Şərəfxanlı,
Qırıxlı...), yeniləşən
Gəncə (Yeni Gəncə, Gülüstan
qəsəbəsi), Gəncə
xalısında xınalı
əllərin izi, Gəncə ipəyində
tirməli tellərin nazı, Gəncənin çini qablarında qədim soy-kökümüzün
şirin ləhcəsi,
sözü işıqlanaraq
bədii portretlərin
albomuna - "Gəncənin
dastanı"na köçdü.
Yeri Gəlmişkən,
qeyd edim ki, bu bədii
portretlərin arasında
fotolar da yer alıb ki,
oxucu sözün sehrində nağıllaşan
Gəncəni gözlə
də görmək imkanı qazanır.
Bu kitab sevgiylə
yoğrulduğuna görə,
vətəni vətən
edənlərin heç
biri bu sevgidən
kənarda qalmadı, Mikayıl Yanar ürəyindən sətirlərə
hopdu. "İlahi sözün işığında"
bölümündə Gəncənin
söz adamları,
"Elmdir alimin dövləti-varı"nda, ziyasıyla
Gəncənin gözünə
nur olan elm adamları, "Sözün
qüdrətinə güvənənlər"də
qələmiylə dağı-dağ
üstünə qoyanlar,
"Mətbuat həyatın
güzgüsüdür"də tarix boyu gəncəlilərin
haq səsini yayan mətbu orqanlar, Gəncənin qəhrəmanları, xeyriyyəçiləri,
musiqiçilər, Gəncə
folkloru, səhnə adamları, İmamhüseyn
şəhərinin dindarları,
memarları, heykəltaraşları,
sənət sahibləri,
idmançıları o qədər
dəqiqliklə sıralanıb
ki, kitaba Gəncənin bədii ensiklopediyası desək, bəlkə də yanılmarıq.
Mikayıl Yanar tarixin səksən
ilini geridə qoyub, doxsana yol başlayıb. Bu illər
ərzində on bir irihəcmli şeir və poemalardan ibarət kitab ("Sabahımdan nigaranam",
"Dünyanın yalan
üzü", "Zəman
duelə çağırır
məni", "Nəğməli
ağaclar", "Dağ
Çayı", "Ağ
qartal", "Gəncənin
dastanı" (birinci
cild), "Qədim Gəncə, Yeni Gəncə", "Üzeyir
dünyası", "Gəncənin
dastanı" (ikinci cild)),.. saysız-hesabsız
publisistik məqalələr
müəllifi adını
qazanıb... Şairin
"Üzeyir dünyası"
adlı kitabına tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli belə
dəyər verib:
"Əlbəttə, müəllifin
məqsədi heç
də Üzeyir bəyin tərcümeyi-halını,
ömür yolunu şeir vasitəsiylə oxucuya çatdırmaqdan ibarət olmayıb. Əsas məqsəd Üzeyir dünyasının-millətsevərliyin-azərbaycançılığın
o dahi insanın həyat məramı kimi yaşantılarını,
bir xalqın musiqi dünyasının...
Böyük dünya ilə
qovuşmasını təsvir
etmək olub".
Onu da deyim ki, "Üzeyir dünyası"
gəncəlilər və
kitabsevərlər arasında
yaxşı mənada
səs-küyə səbəb
olmuşdu.
Mikayıl Yanar Azərbaycan
Yazıçılar və
Azərbaycan Jurnalistlər
Birliyinin, Azərbaycan
Respublikası, Müharibə,
Əmək, Silahlı
qüvvələr, Mühafizə
orqanları, Veteranlar Şurası və Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhər təşkilatının
plenum və idarə heyətinin üzvüdür.
Yaradıcılığından əlavə pedaqoji
fəaliyyəti ilə
də adı Gəncənin dastanına
yazılmağa layiq ziyalıdır. Uzun illər
Azərbaycan Ədəbiyyatı
və Azərbaycan dilindən dərs deyib, yetirmələrinin səsi yüksək mərtəbələrdən gəlir.
Gəncə ədəbi mühitində
Mikayıl Yanarı tanımayan, sevməyən,
ona hörmətlə
yanaşmayan yoxdur. Mən də
o gözəl ədəbi
mühitin, sözü
ucalarda tutan Gəncə yazarlarının
fonunda tanımışam
Mikayıl müəllimi.
Şair mədəniyyəti, ədab-ərkanı,
böyüklə böyük,
kiçiklə kiçik
olan mülayim xasiyyəti ilə mənə də sevdirib özünü.
Lirik, axıcı şeirləri,
səlist nitqi ilə Gəncənin ictimai tədbirlərində
görünən Mikayıl
Yanar bu gün də, bu ahıl çağında
da el mərasimlərindən
qalmır, ictimaiyyətdən
ayrılmır.
Mikayıl Yanar yeni kitablar
üzərində işləyir. Sevə-sevə
bu yeni kitabları
gözləyir...
Ay Gəncəm, gözümdə
bir dağsan, bir dağ,
İlhamımın sınmaz qanadı sənsən.
Sirrindən, sehrindən olarmı
doymaq,
Yazan qələmimin muradı sənsən!
qələmin daim
yazsın, deyirik...
İradə Aytel
Ədəbiyyat qəzeti.-
2020.- 2 may. S. 29.