Ehsan
kababı
(Bunuelvari hekayə)
Fransız aktyoru
Pol Frankönün xatirəsinə
Bir vaxtlar eyni sinifdə oxuyan Şamil, Vasif və mən
otuz ildən sonra feysbukda tapışıb, təzədən
dostlaşıb arada çayxanalarda, pitsa və pitixanalarda
oturub saatlarla söhbət edirdik. Aşağı-yuxarı hər
üçümüz qırx beş
yaşımıza qədər eyni şeylərdən
keçmişdik, - əsgərlik, ali təhsil, iş, evlənmək,
bu gün-sabah məktəbi bitirəcək
oğul-qızlarımız.
Bir
gün razılaşdıq ki, aradabir ailəlikcə
görüşək, qoy arvadlarımız da tanış
olsun bir-biriləriylə. Novruz bayramı Şamilgildə, yeni
il qabağı bizdə
yığışdıq. Üç ay sonra
martın iyirmisi, növbəti Novruzu qeyd etməkçün
mən, Şamil, arvadlarımızla bir yerdə, - bu
görüşlərdə uşaqları evdə qoyurduq, -
maşınlarımıza oturub yollandıq bizə nisbətən
daha çox pulu olan Vasifin Mərdəkandakı bağ evinə.
Saat birdə maşınlarımızla Vasifin
villasının naxışlı dəmir darvazasının
qabağındaydıq.
Hamı bir-biriylə görüşəndən sonra mən
zəngi basdım. Üç dəqiqə keçdi, həyətdən
səs, hənirti-filan eşidilmədi. Yenə
zəngi basdım.
- Bunnar deyəsən, qonaq qəbul eləmək
istəmir, - Şamil zarafatyana deyib cibindən mobil telefonunu
çıxardanda, içəridən Vasifin arvadı Dilrubənin
səsi gəldi: “Gəlirəm! Gəlirəm!”
- Bıy, nə yaxşı gəlmisiz?
- Dilrubə qapını açan kimi təəccüblə
dedi.
- Gözləmirdiz ki? - arvadım zarafatla soruşdu.
- Düzü, Vasif mənə
heç nə demiyib. Amma xoş gəlmisiz, -
iki addım geri çəkilib bizi içəri buraxdı.
Artıq aynabənddə
oturmuşduq.
- Vasif hardadı, ay Dilrubə
bacı? - Şamil dilləndi.
- Nəysə işi varıydı,
sizdən yarım saat qabaq çıxdı.
- Bəs biz hardasa bir həftə əvvəl
danışmışdıq ki, sizə gələcəyik? Nə əcəb sizə deməyib?
- Bu
günlər işinə görə başı yaman
qarışıqdı, yəqin mənə demək
yadından çıxıb. Qoy gedim əvvəlcə
sizə bir çay dəmliyim.
- Dilrubə
bacı, çay yox, elə birbaşa yeməkdən
başlıyaq, - mən dilləndim, düzü, çox
acıydım. - Çayı yeməkdən sonraya saxlayaq,
inşallah ona qədər Vasif də gələr.
- Yemək?...
Vallah... Qabaqcadan bilsəydim.... Xaladennikdə
kalpasa var.
- Hansınnandı? - soruşdum.
- Kapçonnıy, bir də doktorski.
- Əla, - əlimi əlimə
vurdum, - doktorskini elə yumurtaynan qızardıb qayğanaq
eliyəsən bəlkə?
- Düzü, yumurta var, amma broyler
toyuğunun...
- Eybi
yoxdu, birincisi, elə şey vecimə deyil. İkincisi,
indi kənd yumurtası adıyla broyler soxuşdururlar camaata.
Ona görə broylerin yumurtasıynan da
qayğanaq gedər.
Bu vaxt Dilrubənin mobil telefonuna zəng gəldi. Yaşıl düyməni
basıb, əsəbi-əsəbi soruşdu:
- Vasif,
hardasan?... Hə, burdadılar.... Bəs mənə
niyə deməmisən ki?... Aha... Oldu, -
telefonu qapadıb bizə dedi. - Çıxırıq, Vasif
yoldadı, çatır, restorana aparacaq bizi.
Yarım saatdan sonra hamımız “Döymə kabab”
restoranındaydıq. Diskdə Teymur Əmrah həzin-həzin
“Gecələr bulaq başı” mahnısını oxuyurdu.
-
Restoranda bizdən başqa heç kim
yoxdu, - Vasifin arvadı ətrafa boylanıb dilləndi.
- Sənə
lazımdı kiminsə burda olmağı? - əri
qaşqabaqla reaksiya verdi. Sonra ayağa durub məclis sahibi kimi
üzünü hamıya tutdu: - Hə, əzizlərim,
bunların əla döymə kababları olur, elə ona
görə restoranın adını o cür qoyublar. Təklif eliyirəm döymə kababdan başlayaq.
Ofisiant masamıza
yaxınlaşdı.
- Sabir məllim burdadı? - Vasif
ofisiantdan soruşdu.
- Hə, otağındadı.
- Ona deyərsən,
Vasif burdadı, salam de mənim adımdan. Sən belə elə, əvvəlcə
burdakılardan bir-bir zakazları götür.
İkinicisi, kim nə istiyir, onu yazarsan,
amma kababçıya deyərsən, burda oturanların
sayına uyğun hərəyə bir şiş döymə
kabab bişirsin.
Döymə kabab öz yerində, menyuya baxıb,
cürbəcür salatlar, quzu, tikə, lülə, osetrin,
şərablar, limonadlar sifariş verdik, mən özümə
ayrıca piti gətirməyi xahiş etdim.
- Vasif, mən belə başa
düşdüm ki, sən bu restoranda çox olmusan? - soruşdum.
- Hə,
buranın müdiri mənim dostumdu. Azərbaycanın
başqa yerlərini deyə bilmərəm, amma Bakınınn
heç bir restoranı, kafesində burdakı kimi döymə
kabab vermirlər.
- Doğrudan?
- Öz canımçün hə. Özün yeyəndə görəssən də.
Bu vaxt zalın o başından bir qadının
ağlamaq səsi gəldi qulağımıza. O səs tez kəsildi deyə,
hamımız eşitməməzliyə vurduq
özümüzü, deyəsən, hamıya elə gəldi
ki, o səsi bir də eşitməyəcəyik. Üstündən iki dəqiqə keçməmiş,
həmin qadın yenə ağlamağa başlayanda,
hamımız bir anda ayağa qalxdıq.
Vasif arvadlara “Sizlik deyil, oturun, indi gəlirik” desə də,
düşdülər dalımıza. Vasif episentrə birinci
çatdı, otağa girməyilə “Vaay” deməyi bir oldu.
Ürəyim düşdü, kiminsə ölməyindən
başqa ağlıma heç nə gəlmədi.
Müdirin
otağında yekə masanın üstünə bir meyit
uzatmışdılar, üstünə ağ
mələfə çəkilmişdi. Masanın
yanında gözlüklü, ortayaşlı bir qadın oturub
xısın-xısın ağlayırdı. Bizə qulluq edən ofisiant da orda idi. Vasif
soruşdu ki, ölən Sabir müəllimdi, ofisiant “Hə” mənasında
başını tərpədib yavaşca dedi:
- Vallah,
adamın heç inanmağı gəlmir. Beş
dəyqə qabaq sağıydı. Amma
sizin salamınızı çatdıra bildim, - son sözləri
deyəndə müticəsinə gülümsədi.
- Bir dəyqə
olar səni? - Şamil ofisiantı qırağa çəkib
pıçıltıyla soruşdu: - Bəs bu adam
rəhmətə gedib, sən də gəlib bizdən zakaz
götürürsən. Yəni bu qədər...
- Mən
sizdən zakazı götürəndə sağıydı,
ay məllim. Rəhmətə getməmişdən
qabaq özü tapşırdı ki, sizə xüsusi qulluq
eliyim. Birdən elə bilərsiz, sizdən
çayovoy-zad umuram.
- Guya ummursan, hə? - Vasif bic-bic
gülümsədi. - Lap əcəb edirsən umursan, burda nə
var ki? Hər şey bir yana, ən
azından biz yeyib burdan çıxana qədər dözməliydi
Sabir. Ölməməliydi, - son sözləri
deyəndə Vasif ciddi sifət aldı.
- Axı...- eşitdiklərindən
heyrətə gələn ofisiantın gözləri kəlləsinə
çıxdı.
- Nəysə. Bildim nə deyəssən,
lazım deyil, - pıçıltıyla soruşdu: -
Ağlayan qadın kimdi?
- Bacısıdı.
- Bacısı? - Vasif təəccüblə
soruşdu.
- Hə, bacısıdı, -
pıçıltıyla “Siz niyə elə təəccüblə
soruşduz ki?” tonunda cavab verdi.
Biz gah pıçıltıyla, gah da adi səslə
öz aramızda mübahisə etsək də,
xısın-xısın ağlayan qadın öz işindəydi,
bizə fikir vermirdi. Bu vaxt Şamilin arvadı havaya sual atdı:
-
Yaxşı, biz indi neyniyək?
-
Neyniyəciyik? Təcili burdan getmək
lazımdı, - arvadım pıçıldadı.
- Yox, nə danışırsız,
Yaqut xanım? - Vasif dilləndi. - Mən heç sizi buraxaram.
-
Xanım, siz qətiyyən narahat olmayın, - ofisiant
arvadıma dedi. - Bizim ayrıca kabinetlərimiz var, on dəyqəyə
kabablar hazır olacaq. Sizi inandırım, burda
lap on arvad səslə ağlasa belə, ora heç bir səs
gedib çatmayacaq. Yəni ora tam rahat bir
yerdi.
- Ay
qardaş, nə danışırsan? - Şamilin arvadı
pıçıltıyla dedi. - Nə məcburdu axı,
burda...
- Zakaz verilib axı, ay Nisə
xanım, - Vasif, Şamilin arvadının sözünü kəsdi.
- Üstəlik,
kabablar manqalda bişir, - ofisiant sanki bizdə iştah
yaratmaqçün əlini əlinə sürtdü. - Yenə
deyirəm, birdən elə bilərsiz, sizdən
çayavoy-zad umuram deyə, kabinet məsələsini bayaq
dedim. Bax, Sabir müəllimin, - əliylə
meyiti göstərdi, - ruhuna and olsun, bir manat belə sizdən
ummuram.
- Amma iki manat umursan, hə? Düzünü de, - Vasif şit-şit irişdi.
Ofisiant
çaşan kimi oldu, bilmədi nə desin. Bu vaxt Vasifin
arvadı söhbətə qoşulmaq istəyəndə, elə
bildim, o da dirənəcək ki, gedək burdan, imkan vermədim
ağzını açsın:
- Vallah, acından ölürəm,
istiyir, burda bir yox e, iki meyit ağlasınlar, mən döymə
kabab yeməmiş, burdan gedən deyiləm. Afisant
qardaş düz deyir, biz keçərik kabinetlərdən
birinə. Orda rahatca...
- Ay kişi, səni heç evdə belə
qarınqulu görməmişdim, - arvadım üzümə
bozardı. - Nə məcburdu axı, adam
ölən yerdə yemək yeyək.
- Bir şey soruşum, - Vasif ofisianta
dedi. - Siz dəqiq bilirsiz ki, Sabir məllim ölüb?
- Həə, - ofisiant təəccübləndi.
- Görmürsüz? - meyitə tərəf
çöndü.
-
Görürəm, kor deyiləm. Mənim dediyim
odu ki, ölümü yalnız həkim təsdiq edə bilər.
Skorı[i] çağırmısız?
- Çağırmağına
çağırmışıq. Amma bacısı həkimdi,
o, pulsunu[ii] yoxluyub dedi ki...
Bu vaxt gözlüklü qadın qəfil ayağa
qalxıb bizə yaxınlaşdı, hikkəsini
boğmağa çalışsa da, əsəbi olduğu hiss
olunurdu.
- Nə baş verib burda? - dilləndi, ofisianta baxaraq, - Nəyin mübahisəsini
eliyirsiz?
- Heeç, Əntiqə xanım. Boş şeydi, - ofisiant azca qızardı.
- Boş şey nədi?...
Cavab ver də, nədi boş şey?
Ofisiant nədənsə Vasifə yox mənə, mənsə
Vasifə baxdım, yəni, sən bizi qonaq
çağırmısan, zəhmət çək,
özün cavab ver.
- Sizin adınız nədi? - Vasif
dilləndi.
“Uff, heç hənanın yeridi?” - fikirləşdim.
Arvadı tərs-tərs Vasifə baxdı, elə
bildim, bu dəqiqə Dilrubə ərinə nəsə deyəcək,
aləm qarışacaq bir-birinə.
- Bu sualı niyə verirsiz ki? - qadın dilləndi. - Adım Əntiqədi, əgər
bunu bilmək sizə maraqlıdısa.
- Niyə soruşdum? Mən
axı heç vaxt sizi rəhmətlik Sabirgildə görməmişəm.
- Birinci dəfə nə vaxt bizdə
olmusuz?
- On il qabaq.
- Bəs axırıncı dəfə?
- Beş il qabaq.
- Mən
iyirmi il qabaq ərə getmişəm və
siz bizə gələndə evdə olmamışam, aydın
oldu?
- Bildim. Yaxşı,
onda ikinci sualı verim. Siz həkimsiz?
- Hə, həkiməm, - əsəbi-əsəbi
cavab verdi. - Siz axı burda nəyi bölə
bilmirsiz?
- Əntiqə xanım,
biz bura nahar etməyə gəlmişik.
- Yaxşı eləmisiz. Nuş olsun.
- Bildik
ki, belə bir faciə baş verib. Yeri gəlmişkən,
Allah Sabirə qəni-qəni rəhmət eləsin.
- Amin. Allah ölənnərinizə
rəhmət eləsin.
- Sabir mənim
dostum olub, tonnarnan çörək kəsmişik, İndi
bilmirik nətəər eliyək, Əntiqə xanım.
- Nə zakaz eləmisiz?
- Kabablar.
- Lap
yaxşı. Siz heç narahat olmuyun, gedin rahat
kababınızı yeyin. Hesab eliyin ki, rəhmətlik
Sabirin ehsanını yeyirsiz.
Bizim arvadlardan kollektiv
bir ah çıxdı. Vasif çönüb onlara tərs-tərs
baxıb, Əntiqəyə üzünü tutdu:
- Ehsan deyəndə... Hmm,
yəni pulunu axırda verəcəyik.
-
Aydındı. Nə olur olsun, siz yeməyinizdən
qalmayın, - Əntiqə xanım ərklə dedi. - Sabirin
ruhu inciyər sizdən.
Bizim arvadlardan ikinci dəfə kollektiv bir ah
çıxdı.
- Siz doğrudan narahat olmayın, -
Əntiqə onlara üzünü tutdu: - İndilərdə
həkim gələcək, ölüm kağızını
yazıb bizə verəndən sonra, meyiti maşına qoyub
burdan gedəcəyik.
- Əntiqə xanım, - ofisiant az qala, əzilə-əzilə dedi. - Bayaqdan mən
də elə siz deyəni deyirəm. Ayrıca kabinetlərimiz
var, indi gedib ən böyüyünü hazır eliyərəm...
Bu vaxt ağ xalatda arıq,
bığlı bir kişi içəri girib ofisianta
”Nazim, kabablar hazırdı. Gəl
götür” deməyilə otaqdan çıxmağı bir
oldu.
- Hə,
xanımlar, - Vasif əlini əlinə vurdu. -
Etirazsız-filansız yavaş-yavaş...
- Yox, biz
ora getmiyəcəyik, -
arvadım o biri arvadları nəzərdə tutaraq
dilləndi.
-
Özbaşınasan? - gözümü
ağartdım. - ofisianta, - Get
kababçıdan soruş gör, piti məsələsi nə
oldu.
-
Başüstə, məllim, - deyib ofisiant tez kabinetdən
çıxdı.
- Yaqut
xanım, - Vasif yoldaşıma üzünü tutdu. - Vallah,
qonağımız olmasanız, ömrüboyu əzab çəkəcəm
ki, mənim qonaqlığım qanqaraçılıqla
qutardı.
- Vasif
qardaş, - arvadım qorxa-qorxa əlini meyitə tərəf
uzatdı. - Sizcə, bu qanqaraçılıq deyil?
-
Ölü yiyələriçün hə, bizimçün
yox.
- Ay
xanım, - Əntiqə dilləndi. - Bir gün bu həyata gələn,
bir gün də getməlidi, həyatın qanunudu bu.
- Belə
götürəndə, - Vasif dedi, - Sabir mənim dostum olub, əslində,
mən həyəcan keçirməliyəm. Amma
rəhmətliyin xasiyyətini yaxşı bilirəm axı,
inanın mənə, biz burdan ac getsək, ruhu qiyamət
gününə qədər bizi bağışlamayacaq.
İkincisi, biz kabinetə girib qapını
bağlayanda, qanqaraçılıq avtomatik yox olacaq.
Arvadlarımızdan növbəti
ah çıxdı və bu vaxt ofisiant içəri girib mənə
dedi:
- Məllim, sizin piti də, kabablar da
kabinetdədi.
- Davay-davay, - Vasif bizi tələsdirdi.
- Kabablar, piti soyumamış çıxaq burdan.
Elə bu vaxt içəri ağ xalatda kök kişi və əlində
balaca tibb çemodanı olan kök qadın (ikisinin də
kök, balacaboy olmaları istər-istəməz çoxumuzun
üzündə təbəssüm yaratdı.) içəri
girdi. Bildik ki, təcili tibbi yardımdan gələn
həkimlə tibb bacısıdır.
- Ölən
kimdi? - həkim birbaşa mətləbə
keçdi, Əntiqəni görəndə, - Bıy,
Əntiş sənsən?
- Toofiq?
Bayaqdan baxıram, deyirəm, nəsə mənə tanış gəlirsən.
Qucaqlaşıb doğma adamlar kimi öpüşdülər. Biləndə
ki, ölən keçmiş qrup yoldaşının
qardaşıdı, Tofiq həkimin gözləri doldu, bir yerdə
doluxsundular.
- Bəs necə oldu rəhmətə
getdi Sabir?
- Pul sayanda ürəyi tutdu, -
Əntiqə jaketinin cibindən çıxartdığı
dəsmalla göz yaşlarını sildi.
- Yəqin əysih gəlib
pulları, ona görə infarkt keçirib.
- Bunlar kimdi? - Tofiq əliylə bizi
göstərib Əntiqədən soruşdu.
- Sabirin
tanışlarıdı. Nahar eləməyə
gəliblər. Bildilər ki, Sabir rəhmətə
gedib, gəldilər başsağlığı verməyə.
Bu vaxt
içəri girən kababçı məzəmmətlə
bizə dedi:.
- Kabablar soyuyur, niyə gəlmirsiz?
- Nə kababıdı? - Tofiq ondan soruşdu.
- Döymə, tikə, antrikot,
balıq, - kababçı cavab verdi.
- Balıq hansınnandı?
- Osetrin, - kababçı elə tonda
cavab verdi ki, “Başqa hansı
olmalıydı ki?” kimi səsləndi.
- Akt, ay
Tofiq, - Əntiqə söhbətə müdaxilə edəsi
oldu.
- Nə akt? - həkim
soruşdu.
- Ölüm aktı yazmaq
lazımdı. Səni bura niyə
çağırıblar?
- Bıy,
Əntiş, bağışla, sən Allah. Gəl
belə eliyək, mən dəhşət acam. Səhər saat altıda bir evə, xəstə
yanına göndərmişdilər. İnan
mənə, Allahın acı çayını içməyə
vaxtım olmuyub. Etiraz eləmirsənsə,
bir-iki şey atışdırardım. Uzağı,
on dəyqəyə burdayam.
Bizim qadınlardan dördüncü dəfə kollektiv
ah çıxdı. Tofiq həkim onlara qəribə-qəribə baxıb
sözünə davam etdi:
- Bir də, Əntiş, səhv yaza
bilərəm ölüm sənədini, yaxşı olmaz.
- Üzr
istiyirəm, səhv necə yaza bilərsiz? -
Şamilin arvadı gizlətməyə
çalışdığı hikkəylə soruşdu.
- Necə
səhv yaza bilərəm, yaxşı sualdı, - həkim ona
qəribə-qəribə baxdı. - Məsələn,
adını Sabir yox, Sahib yazaram. Əntiş, sizin familiyanız necə gedir?
- Əhmədov.
- Əhmədov əvəzinə
Əhədov yazaram, - Tofiq Şamilin arvadına dedi.
- Tofiq gəl
onda elə, - Əntiqə dilləndi. - Get bunlarnan bir az nahar elə, sonra...
- Vallah,
Əntiş, mənnən olsa, elə manqalın yanında
ikicə şiş döymə, bircə şiş osetrin, bir
də, ikicə şiş...
-
Manqalın yanında niyə yeyirsən, ay Tofiq? Get rahat
kabinetdə nahar elə. Meyit qaçmır, burdadı, -
Əntiqə bunu deyib Vasifə baxdı.
Gördüm,
Vasif burnunu salladı, yavaşca qulağına
pıçıldadım:
- Krısa olma, uzağı, on
beş-iyirmi manat artıq xərcin çıxacaq.
- Tofiq həkim, bəs mən neyniyim?
- tibb bacısı onun qulağına
pıçıldadı.
- Neyniyəssən? Mənnən
oturub bir qismət çörək yeyəssən.
- Hə,
siz də qonağımız olun, - Vasif həkimlə tibb
bacısına baxıb zorla dilləndi. - Sonra kababçıya
könülsüz dedi: - Həkim deyən kababları da
bişir gətir, - qəfil səxavətli damarı tutdu, nədisə,
Əntiqə xanıma üzünü tutdu: - Əntiqə
bacı, bəlkə, siz də elə bizə qoşulasız?
Özünüz demişkən, elə bilin, rəhmətlik
Sabirin ehsanını yeyirsiz.
Əntiqə
xanım əvvəlcə çaşdı, tərəddüd
elədi, bir az fikirləşdi, ah çəkib
“Yaxşı, elə qardaşımın ruhu da şad olar,” -
deyib ayağa durdu və beşinci dəfə “ah” çəkən
bizim arvadlar ehsan kababına qoşulmağa məcbur oldular.
23 fevral, - 7 aprel, 2020
Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2020.- 2 may. S. 30-31.