Göz yaşlarından tonqal ...

 

 

Ara-sıra istedadlı gənc yazarların yazılarını ədəbi ictimayyətdə çəkisi olan mətbuat orqanlarına təqdim etməyim, həm özümün daxili ehtiyacımı ödəmək istəyindən irəli gəlir, həm də elə Ülkər Nicatlı kimi istedadlıların OXUCULARI HƏMİŞƏ VAR, - demək zəruriyyətindən...

 

Qəribədir, bəzən bir istedadlı insanın bir misrasına, bir cümləsinə tutulub, oxucu olaraq, onu sevməyə başayıram. Və aradan bir az keçəndən sonra zövqümdə yanılmadığımı hiss edirəm. Müxtəlif illərdə Müzadil Aqil, Sərxan Xəzər, Elməddin Mətləb, Əfsanə Rəvan kimi yazarların mətbuatda bərkiməsinə bir az dəstək olmağım içimdə rahatlıq ab-havası yaradıb.

 

Ülkər Nicatlının bəlkə də mənim təqdimatıma heç bir ehtiyacı yoxdur. Amma mənim, bir oxucu olaraq, bu şeirlərin müəllifini,- çox sevdim deməyə ehtiyacım var. Elə bilirəm ki, belə olan halda, mənim missiyam Ülkər Nicatlı ilə oxucuları arasında ünsiyyət yaratmağa vasitəçi olmaqdan başqa bir şey deyil. Onu da daxilimdə hiss etdiyim mənəvi borcum bilirəm.

 

Ülkər Nicatlının:

 

Burax bu misranı, qoy uçub getsin,

 

Dincəlmək vaxtıdır, daha gecədir.

 

Mənə inanmırsan, özün bilərsən,

 

Soruş ağaclardan saat neçədir-

 

misralarını oxuyandan sonra o, içimə bir şair olaraq hopdu. Sonra da başqa şeirləri...

 

Sosial şəbəkədə şeirlərini sevəndən sonra öyrəndim ki, “Yaralı arzular” deyib bir kitab da bağlayıb və sayğılı Əbülbət Mədətoğlu o kitab haqqında çox gözəl içdən gələn bir yazı da yazıb. Daha sonra öyrəndim ki, hələ biz bir idarənin ayrı-ayrı təşkilatlarında çalışırıq və mənim bu düşüncələrimin  buna heç bir aidiyyatı yoxdur.

 

Ülkər Nicatlının özünün dediyi kimi, məhəbbət ətirli misraları var:

 

Məhəbbət ətirli misralarım var,

 

Mən bir oxunmamış kitab kimiyəm.

 

Ürəklər öyrənsin vəfa dərsini,

 

Sevgi dünyasına xitab kimiyəm.

 

Onun şeirlərində məhəbbət ətirli misralar təkcə sevgi şeirlərində deyil ki…

 

Bəxtimin sarayı dərd daşlarından,

 

Keçirəm alnımın qırışlarından.

 

Tonqal qalamışam göz yaşlarımdan,

 

Burda ocaq-caq üşüyür Vətən.

 

Gör, bu nə ilahi məhəbbətdir... Bu misralarda Vətənin ağrılarına, qəriblikdə soyuq nəzərlərin tapdağı altında qalan torpağın ağrılarına olan məhəbbət ətrini duyursunuzmu... Duyursunuzmu balaca Zəhranın nənəsinə sığınıb torpaqla nəfəs-nəfəsə dayanmağını... Vətənin dərdləri azalsın deyə, heç olmasa aprel hadisələrinin böyük şəhidi balaca Zəhranın YARASININ AL YERİNDƏN, BİR MİSRA ÇƏK. Yanından sükutla belə keçiləsi deyil. Daynmalısan və ciyərlərinə çəkməlisən bu ağrını, elegiyanı:

 

Bir layla sərin üstünə,

 

Bir körpə qəbrin üstünə.

 

Allah, öz səbrin üstünə,

 

Bir Zəhra çək, bir Zəhra çək.

 

... Ülkər Nicatlının şeirlərində bir toplum ağrının nisgili poetik ömür qazanıb. Ürkək bir ürəyin, ürkək olduğu qədər də qürurlu sevgisinin daşıyıcısı olan misralar Ülkər Nicatlının şeirlərinin oxucu ürəyində əbədiyaşarlıq qazandığının nişanəsidir.

 

 

Vasif SÜLEYMAN

Ədəbiyyat qəzeti.- 2020.- 2 may. S. 31.