Heydər Əliyev barədə
bahar düşüncələri
Hava aydın və barışlıdır, günəşin
ilıq nəfəsi aram-aram təbiəti qış yuxusundan
oyatmağa başlayıb. Ağacların
çılpaq vücudu pucurlanmaq meylindədir. Biz
baharın barışlı havasında məğrur dayanaraq,
öz yaşıl otları ilə könül oxşayan bir təpənin
önündəyik. Bura əski
türk üslubunda bir məzardır. Bura
kurqandır, bura Tanrıdağın təcəllasıdır.
Qədim türklər xaqanların üstündə kurqan
yapardılar, çünki Yer həyatı bitəndə xaqanların ruhu
Tanrıdağa, "Ulular uçmağı"na gedir.
Tanrıdağı simvolizə edən kurqan isə onun cisminin
əbədi məskəni olur....
İndi mən,
öz yaşıl otları ilə könül oxşayan bir təpənin
önündə dayanıb ulu bir şəxsiyyətə
ehtiramımı bildirirəm. Ətrafımızda
gənclər var. Bura Heydər Məzarıdır, o,
uyuduğu kurqanın göylüyündən sevdiyi Azərbaycanına
baxır. Hava sakit və
barışlıdır. Biz kurqan
göylüyünün üzərində daşlaşıb
dayanmış böyük Heydərlə könül
görüşünə gəlmişik. O,
könüllər xaqanıydı, o, insanlara hökm edirdi, mən
sözə hökm edirəm. O, əbədi el qurdu, mən əbədi
söz səltənəti qurmağa
çalışıram. O, Azərbaycan
adlı bir abidə qurdu, mən də ona könüllərdə
abidə qurmaq istəyirəm. İnsan cəmiyyəti
həmişə hökmdarla şairin arasında olub. Hökmdarlar insan cəmiyyətinə yön verir,
şairlər insan duyğularına. O, şairləri
sevirdi, indi O, burda da şairlərin arasındadır, sevdiklərinin
arasında. Hələ Sovet dönəmində O, şairləri,
yazıçıları, fikir adamlarını heykəlləşdirirdi...
Nəsimi, Xətai, Vaqif, Sabir, Səməd Vurğun...
Dünyanın yarısına hökm edən bir imperiya
onun iradəsi ilə hesablaşırdı və biz də buna
görə onunla fəxr edirdik - böyük bir imperiyanın
hesablaşdığı Azərbaycan oğluyla. Onda Azərbaycanı
dünyada az adam tanıyırdı. O bunu
bilirdi və elini tanıtmaq üçün əlindən gələni
edirdi. O bilirdi ki, bütün dünyanın
qarşısında zağ-zağ əsdiyi bir məmləkəti
ancaq sözlə fəth etmək olar və imperiyanın
ürəyində, Moskvada Azərbaycan sözünün, Azərbaycan
sənətinin təntənəsini nümayiş etdirirdi.
Dünya Azərbaycanı Nəsimiylə, Səməd
Vurğunla, Üzeyir Hacıbəyovla, Qara Qarayevlə,
Müslüm Maqomayevlə tanımağa başlayırdı.
O öz respublikasını yavaş-yavaş müstəqil həyata
hazırlayırdı. Çünki cəmi iki il
müstəqillik havasından tamsınan bu ölkə
tanınmaq üçün öncə özünü
tanımalıydı, öz tarixini tanımalıydı. O,
şairlərin timsalında tarixi heykəlləşdirirdi.
Onun gördüyü işlər həmişə diqqət mərkəzindəydi....
...Mən
onun bir müsahibəsini xatırlayıram. Moskvada,
Heydər Əliyevin "Qoy ədalət zəfər
çalsın" başlıqlı müsahibəsi
çıxmışdı, həmin vaxt bütün Sovetlər
birliyi o müsahibəni müzakirə edirdi. Biz, gənc azərbaycanlı tələbələr
isə bundan qürur hissi keçirirdik. O dövrdə
çoxlarının tanımadığı kiçik Azərbaycanın
oğlu tarixin ən böyük imperiyasına örnək
idi. Ondan öyrənməyə
çalışırdılar, onu təqlid edirdilər, ona həsəd
aparırdılar. Axı o, on yeddi imperiya
qurmuş fatehlər nəslindən idi. Onun
rəhbərlik etdiyi ölkə imperiyanın bir hissəsi
olsa da, imperiya özü onun babalarının qurduğu səltənətin
davamı idi. Mən onda bir şeir də
yazmışdım:
Cəmiyyəti
tənzimləyən başçıdır,
Başı
böyük olan millət baş durur,
BMT-də
yerimiz var, boş durur,
Haqq carçısı belə deyib, bunu bil.
Allahın inayəti sayəsində həmin
arzularımız çin oldu. Böyük
başçımız da oldu, BMT-də yerimiz də. O,
böyük bir imperiyanın başında dura bilərdi, o,
dünyanın yarısına hökm edə bilərdi, o,
Stalinin yaratdığı möhtəşəm dövləti
çöküşdən xilas edə bilərdi. Amma öz Azərbaycanının xilaskarı oldu.
Çünki Allah onun tale kitabını belə
yazmışdı. O, Stalin kimi dırnaqarası
"xalqlar atası" yox, öz xalqının həqiqi
atası oldu. Dünya səhnəsində öz
yerini axtaran xalqının, millətləşmək istəyən
xalqının, dövlətləşmək istəyən
xalqının. Səma kitabında onun
missiyası belə müəyyən edilmişdi. O, Azərbaycana
gəldi və onun Azərbaycanı dünya səhnəsində
günəş kimi parladı. Heç kimin
tanımadığı, düşmənlər tərəfindən
didilib dağıdılan bir məmləkət çiçəklənən,
dünyada hamının tanıdığı bir ölkə
oldu. Yurdun
param-parça olduğu bir məqamda Tanrı xilaskar göndərdi.
Xilasçı
gözlərdi yurd,
göydən süzülən mavi baxışlarında Qurd,
bir ər
qopdu Orxunda daş yazılardan.
Yaddaşlarda
gəmi çatan
duyğular tərpəndi tuğ-tuğ,
gil
lövhələr uyqusunda tərpəndi uruq.
Kül
altından qalxdı Troya,
və
yenilməz Mantreyya görkəmində bir zat,
baxımsız və azad görmək üçün məmləkəti,
yəqin
və qəti
ortaya
qoydu tən -
Öncə
Vətən!
Çək,
çək Vətən oğlu şəlləndiyin
yükü,
qəzəbinin çaxmağıyla
yandırdığın yak tükü
öylə bir talismandır ki,
ispan
öküzündən çevik,
Xeopsun
ehramından sərt...
Sənə ölmək əmr olunub.
Get
düşmənini gəbərt.
Güllələr
düz xətt cızır havada,
qübbələr üstündə ellips.
Bilmək
olmur ölənlərin
hansı
yaxşıdır, hansı pis.
Damarlarında
axan əsil qanda mövcuddur
möhtac
olduğun qüdrət!
Əvət,
uduzduğun hər
uduzma son deyil.
Sən
yenməyə yaranmısan,
yen və
törənə əyil.
Amma
düşmənə əyilmə,
türk
oğlu boyun əyməz.
Adsız
məzarları uyudan kişilər hələ varsa,
el matəm
libası geyməz.
Çəlik
duyğular əridən körük ürəklərdə
cücərdi günəşli günlərin dəni.
Suç
sanayan mələklərin xronometrinə
yazdıq
dünəni.
Dünya
sahmansız deyil,
səmadan boylanır bir bək.
Qəfil gələn bir dahinin sırtında durur gələcək.
Savaşın
dumanlı beyinlərdə
paslandığı bir gün,
yaradıcı atomların nüvəsindən bütün,
işlək qılınclardan parlaq,
mübarək ayələr kimi yuvarlaq,
əsgər və zəki,
xilasımız boz qurd təki,
gəldi
cismi köydən, ruhu göydən,
peyğəmbərin künyəsində bir zat,
baxımsız və azad görmək üçün məmləkəti.
Yetimiydi.
Atalı oldu Azərbaycan milləti!
İndi mən onun uyuduğu kurqanın önündə
dayanaraq qədim xaqanlarımızın xalqa verdiyi örnəkləri
xatırlayıram. Qırx atlı ilə yüz minlik
Çin ordusunun qarşısına çıxan qəhrəman
Kürşadı, keçmiş əzəməti göz
önünə gətirirəm. Başımın
üstündə xatirə burulğanları dolaşır.
Mənim yadıma Heydər Əliyevin Gəncəyə,
qiyamçıların arasına tək yollandığı
zaman düşür. Orada hər şey ola bilərdi, hətta
onu öldürmək istəyirdilər, amma o, təkbaşına,
ağlının və iradəsinin gücü ilə silahlı
qiyamçıları məğlub edə bildi.
O, həmişə
qalib yaşadı. Qarşılaşdığı
bütün qarşıdurmalardan qalib çıxdı.
Onu dəfələrlə məhv etmək istədilər.
Bacarmadılar. Çünki canı verən
və alan Allahdır. Cənabi
Allah onun taleyinə hökmdarlıq yazmışdı və
onun qarşısında Azərbaycan adlı bir məmləkəti
ayaq üstünə qoymaq missiyası dururdu.
Tarixdə bütün millətlərin taleyində ata
qurucular olub. Rusların Pyotru var, amerikalıların Vaşinqtonu,
Türkiyənin Fatehi, Atatürkü var. Qurucu atalar dövlətin
istinad nöqtəsidir, üzərində durduğu
dayaqdır. Bu dayaq olmasa dövlət
dağılar. Azərbaycanda qurucu ata olmaq
missiyası Heydər Əliyevin taleyinə düşdü.
Çünki Şah İsmayıldan bəri Heydər
Əliyevə qədər heç kim Azərbaycan
ərazisində dayanıqlı dövlət qura bilməmişdi.
1918-ci ildə qurulan Cümhuriyyət cəmi iki il yaşaya bildi. O dövrün
başçıları Azərbaycanı dünya səhnəsində
yoxdan var etsələr də, onu zamanın burulğanından
çıxarmağı bacarmadılar. Amma o
bacardı. Çətin bir zamanda, regionda
böyük marağı olan dövlətlərin iradəsinin
ziddinə olaraq o, Azərbaycan adlı bir cümhuriyyəti
ayaq üstündə saxlaya bildi. Bir tərəfdən,
erməni işğalı, digər tərəfdən,
şimaldakı və cənubdakı separatçı hərəkat,
dayanıqsız hakimiyyət, Surət Hüseynov qiyamı Azərbaycan
dövlətçiliyinin mövcudluğunu sual altına
qoymuşdu. Amma onun dövlət
dühası bütün bunlara son qoya bildi. O, ermənilərlə
təcili atəşkəs bağlamaqla öz böyük sələfi
şeyx Heydər oğlu İsmayılın tarixini təkrar etdi. Bir zaman
Gülüstan qalasında ilişib qalmış
qızılbaş ordusunun "sonadək savaş"
çağırışlarına Şahi-mərdan belə
bir sualla müraciət etmişdi: "Sizə Gülüstan
qalası lazımdır, ya Azərbaycan?".
Dedilər: "Azərbaycan". Dedi: "Azərbaycan bizim
olandan sonra Gülüstan zamanın məsələsidir".
O, Azərbaycan
dövlətçiliyini yaşatdı, Azərbaycan
yaşayırsa itirilən torpaqlar da bir gün qayıdar. Azərbaycan olmasa hər şey itəcəkdi.
Azərbaycan varsa, həmişə itirilən
torpaqları qaytarmaq əzmi də olacaq.
İndi mən
burda, onun heykəli önündə dayanıb
düşünürəm ki, bu məzarda böyük bir ər
yatır, xilaskar Heydər yatır. Onun cismi
burda, sevdiyi məmləkətində uyusa da, ruhu ordadır,
Tanrıdağda, "Ulular uçmağı"nda, qırx
pirin arasındadır.
Orada Heydər
var, Şah İsmayıl var,
Peyğəmbərin
merac zamanı
gördüyü
qırx pir ordadır.
Mən onun dəfnini xatırlayıram. Həmin
gün Azərbaycan məmləkəti matəmə qərq
olmuşdu. Yüz minlərlə insan
göz yaşları içində yurdun xilaskarını son
mənzilə yola salırdı. Ümidsizlik
hisslərinə bürünmüş insan seli Fəxri
xiyabana doğru axırdı. Hər kəs
öz içində onun bir hissəsini aparırdı. Çünki bu məmləkətin böyük bir
dönəmi onunla bağlı idi. O, uzun illər bu
xalqın ümid yeri olub. İllər uzunu
insanlar ona pərəstiş ediblər. Pərəstiş
Allaha aid kateqoriya olsa da, şəxsiyyətə də müsbət
mənada pərəstiş qaçılmazdır. Şəxsiyyəti verən Allahdır. Əgər şəxsiyyət varsa, pərəstiş
də olacaq. İnsanlar şəxsiyyətləri
sevirlər, çünki cəmiyyətə həmişə
kılavuz lazımdır. Bu gün biz
şəxsiyyətsiz liderlərin yönəltdiyi
Avropanın, örnək hesab etdiyimiz Avropanın hansı hala
düşdüyünü əyani surətdə
görürük.
... O bu məmləkəti
sevirdi, o, sözü sevirdi. Böyük sələfi
İsmayıl Səfəvi kimi şair və
yazıçıları öz himayəsinə
almışdı. O, yaxşı bilirdi ki, uzun illər
dövlətçiliyi olmayan Azərbaycan xalqı öz
varlığı ilə şair və yazıçılara
borcludur. O, Azərbaycana rəhbər gələndən sonra sənət
adamları xüsusi bir qayğı ilə əhatə
olundular. O bilirdi ki, istənilən insanı məmur etmək
olar, amma min məmurdan bir şair yaratmaq olmaz. Heydər
Əliyev dönəmində Azərbaycan Sovetlər Birliyində
yeganə respublikaydı ki, burada heç bir söz adamı
dissident kimi həbs olunmadı. "Yaxşı
padşahın nağılı"nı
yazmış Anar həbs olunmaq əvəzinə Heydər
Əliyev tərəfindən irəli çəkildi. Bakıda şair və yazıçıların
heykəllərinin əksəriyyəti Heydər Əliyevin
hakimiyyəti illərində qoyuldu. O, hətta Azərbaycan
dövlətçiliyinin simvolu hesab edilən İsmayıl
şaha heykəl qoymaqdan da çəkinmədi, üstəlik,
Bakı rayonlarından birini onun adıyla adlandırdı. Həmin zamanda bu elə də asan məsələ
deyildi. Amma
Heydər Əliyev bəsirətdən gələn
bir duyğuyla ölkəsini müstəqilliyə
hazırlayırdı, O, müstəqilliyin təməlini
yaradırdı. Onun rəhbərliyinin ilk illərində
demək olar ki, rusdilli şəhər olan Bakı çox
keçmədi Azərbaycan türkcəsində
danışmağa başladı. 1977-ci
ildə, SSRİ-də yeni Konstitusiya qəbul ediləndə
türk pespublikaları arasında yalnız Azərbaycanda yerli
xalqın dili dövlət dili oldu. O bilirdi ki, dil yox olsa
millət də yox olacaq və şairlər bu dilin
qoruyucularıdır. O, sözün dəyərini bilirdi....
İndi mən, Onun cisminin uyuduğu kurqanın
önündə dayanıb Onun barəsində Söz demək
haqqında düşünürəm.
Mənim sözüm, mənim
ehtiramımdır. Ulularımız isə
insanlar üçün örnəkdir, dövlət
üçün dirəniş nöqtəsidir. Bizim tariximiz böyük şəxsiyyətlərlə
zəngindir. Heydər Əliyev də
onlardan biridi. Bütün böyük
şəxsiyyətlər kimi onu istəyənlər də
var, istəməyənlər də. Onun qurduğu ulusu
didib-dağıtmağa yerikləyən çox böyük
güclər var. Onun tarixi rolunu danmaq istəyənlər də
az deyil. Amma kimsə onun
böyük şəxsiyyət olduğunu inkar edə bilmir.
Çünki o, Azərbaycan
torpağının doğurduğu ululardandır. Bir əhvalatı xatırlayıram. Ötən
əsrin 90-cı illərində Azərbaycandan bir qrup adam Ankarada rəhmətlik Alparslan
Türkeşlə görüşür. Onlar
başbuğa tezliklə Heydər Əliyevi devirəcəklərini
bildirirlər. Türkeş onlara deyir.
"Balalarım, siz onu Atilla ilə,
Çingizxanla müqayisə edin. O, nəhəng bir
imperiyanın ən yuxarı mərtəbələrində
dayanmış böyük türk oğludur. Ona
bu prizmadan yanaşın, onun gücünü doğru bilin, bəlkə
onda nə isə edə bildiniz".
... Hava aydın və barışlıdır, günəşin
ilıq nəfəsi aram-aram təbiəti qış yuxusundan
oyatmağa başlayıb. Ağacların
çılpaq vücudu pucurlanmaq meylindədir. Biz
baharın barışlı havasında məğrur dayanaraq
öz yaşıl otları ilə könül oxşayan bir təpənin
önündəyik. Bura əski
türk üslubunda bir məzardır. Bura
kurqandır, bura Tanrıdağın təcəllasıdır.
Qədim türklər xaqanların üstündə
kurqan yapardılar, çünki Yer həyatı bitəndə
xaqanların ruhu Tanrıdağa, Ulular uçmağına
gedir. Tanrıdağı simvolizə edən
kurqan isə onun cisminin əbədi məskəni olur. Bu kurqanda bir ər yatır, xilaskar Heydər
yatır. O, burdan sevimli Azərbaycanına baxır. Ətrafda gənclər dayanıb, ətrafda dayanan gənclərədir
mənim xitabım, gələcəyin tarixini onlar yazacaq.
Dədə
Heydər türbəsinə el gəlir,
Yatan birdi, yatan birdi, yatan bir.
Od
ölkəsi göy altında dururkən,
Bu tən birdi, bu tən birdi, bu tən bir.
Saf
könüldə közərən söz ilahdı,
Tanrı
özü bizə verdi bu taxtı,
Pozulmayan
törəmiz var-ocaqdı,
Çatan birdi, çatan birdi, çatan bir.
Xaqan
getdi, türk budunu sayrudur,
Ayrılığın
namazına ayrı dur,
Uyquda da
demə Təbriz ayrıdır,
Vətən birdir, Vətən birdir, Vətən bir.
Ər
kişiyə qucaq açdı Tanrıdağ,
Haqq evinə bircə yol var - ərsayaq.
Bir kəz
qalxıb daha enməz bu bayraq,
Tutan birdi, tutan birdi, tutan bir.
Şükür
olsun, bu millət var, Vətən var,
Torpaq
altda saya gəlməz yatan var,
Nə qədər
ki, bayrağını tutan var,
Atan birdi, atan birdi, atan bir.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 2-3.