Ana!
Getdim, salamat qal!..
Sovet ədəbiyyatının,
xüsusilə poeziyasının ən görkəmli
yaradıcılarından olan Azərbaycan xalq şairi Səməd
Vurğunun 1941- ci il iyun ayının 23- də, yəni Hitler
Almaniyasının SSRİ-yə qəfləti hücumundan bir
gün sonra qələmə alınıb, ertəsi gün
"Kommunist" qəzetində dərc etdirdiyi "Ananın
öyüdü" şeiri, heç şübhəsiz, həm
ideya- məzmununa, həm də poetika- formasına görə
dəyərli sənət hadisəsidir. Şairin müharibə
illərində (və müharibə mövzusunda)
yazdığı "Şəfqət bacısı",
"Həyat eşqi", "Həyat fəlsəfəsi",
"Göz aydınlığı", "Mənə belə
söylədilər...", "İstiqbal təranəsi",
"Qəhrəmanın ölümü", "Zəfər
bayramı" şeirlər silsiləsinin
başlanğıcı olmaqla "Ananın
öyüdü" azərbaycanlı bir gəncin ata-
babalarından miras aldlğı tükənməz eşqlə
Vətənin müdafiəsinə can atmasını tərənnüm
edir:
Geyib əsgər
paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! - deyib yaxın gəldi, öpdü onun
alnından
Yay gününün xoş səhəri, bir də
dağlar küləyi.
Oğlunun
şücaətini ürəkdən alqışlayan və qələbə
ilə qayıdacağına heç bir şübhə etməyən
Ana onu daha da ruhlandırır:
İgid
balam, hərçənd ki öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin.
Bizim ellər
Koroğlular, Xətailər yurdudur,
Hər nəfəri güllə batmaz, top dağıtmaz
ordudur.
İgid övladına ondan nəinki nigaran
qalmamasını deyir, həmçinin "payız vaxtı
bağçamızın heyvaları dəyəndə,
şaftalılar şirələnib budağını əyəndə"
ona sovqat göndərəcəyini də vəd edir.
Və
şeir həm qürur verici, həm də riqqətli misrlarla
bitir:
Ana
baxdı öz oğluna, su da səpdi dalınca...
Şair qəlbi
bu səhnədən ilhamını alınca:
-
Yaşa, - dedi, - ey qəhrəman!
-
Yaşa, - dedi, - ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən.
Göründüyü
kimi, burada söhbət "Ana"dan, yaxud "Vətən"dən
çox, "Ana Vətən"dən gedir ki, şeirin
baş qəhrəmanı da cəsur oğlunu düşmənlə
döyüşlərə (və düşmən üzərindəki
qələbələrə!) göndərən məhz həmin
Ana Vətəndir.
Əlbəttə,
dahi şairin istər bu, istərsə də bir sıra digər
şeirlərini "sovet vətənpərvərliyi"nin nümunəsi kimi Azərbaycan ədəbiyyatının
tarixindən "çıxarmaq" cəhdləri
mövcuddur. O da tamamilə anlşılandır ki, poststalin
dövrünün sovet mətnşünaslığı
"Ananın öyüdü"nün avtoqrafındakı
aşağıdakı misralardan "imtina etmişdir":
Sən
gedirsən, uğur olsun... Stalinlə görüşsən,
Mənim
ana ürəyimdən salam yetir ona sən!
Lakin istər Səməd Vurğunun, istər Nazim Hikmətin,
istərsə də Pablo Nerudanın kommunist məfkurəsi
onların yaradıcılığının mahiyyətindəki
milli təfəkkürü (və son dərəcədə
mükəmməl etnopsixoloji strukturu) inkar etmək
gücündə deyil. Heç də təsadüfi saymaq olmaz
ki, "Ananın öyüdü"ndə "Vətən"
deyəndə "Koroğlular, Xətailər yurdu" nəzərdə
tutulur. Və belə bir faktı xatırlatmaq yerinə
düşərdi ki, şeir 1943- cü ildə - II Dünya
müharibəsinin ən qızğın dövründə
BMT- nın Müharibə Əleyhinə Yazılmış
Ən Dəyərli Əsərlər müsabiqəsinin qalibi
olmuş, çap edilərək hərbçilər
arasında yayılmışdır.
Səməd
Vurğun əsərlərinin ən yaxşı mətnşünası
Aslan Salmansoyun araşdırmaları aydın nümayiş
etdirir ki, Zaman Şairin yaradıcılığını
ideya- estetik məzmunca həmişə yüksək qiymətləndirmiş,
yalnız müəyyən ideoloji redaktələrlə kifayətlənmişdir...
Erməni faşistlərinin Azərbaycan
torpaqlarına təcavüz etdikləri bir dövrdə
"Ananın öyüdü"nün olduqca müasir səsləndiyi
şübhəsizdir. Və o da heç bir şübhə
doğurmur ki, faşizm nə qədər güclü virus olsa
da, nə zaman, harada, hansı şəraitdə baş
qaldırsa başı gec- tez əziləcəkdir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 15.