Çayxana dünyası, "filoloji gənclik",
başqalarının düşüncələri ilə
düşünmək
“Mən” olmağın tarixçəsindən
Mən elmdə əsas nə edib,
nə tapmışamsa, nə tələbəlikdə, nə
aspiranturada edib tapmışam. Hamısı olub Moskvadan sonra.
Oradan Bakıya gələndə bir-neçə ay Zeynalla zəngləşib
başlıca mırt dünyası olan çayxanalarda
görüşürdük. O çağlar "filoloji gənclik"
bir ara Malakan bağındakı, sonra Bulvardakı, daha sonra
Qoburnat bağındakı çayxanalara
yığışırdı ("filoloji gənclik" bəndənizin
terminidir, 90-cı illərdə bir məqaləmdə bu kəlmə
ilə Azadlıq hərəkatında sözlə, ədəbiyyatla
bağlı olan aydınları bildirdim). Bax, bu gənclik hara
yığışırdısa, yaraşığı Vidadi
Məmmədov, Kamil Vəli Nərimanoğlu, Aydın Məmmədov,
Qara İsmayıl və indi adlarını unutduğum
başqa tanınmışlar olurdu. Çayxana
dünyasındakı söhbət mühitini göstərmək
üçün gündəliyimdən bəzi fraqmentləri
verim.
1987-ci il. Kirov parkında
çayxanada Kamal Abdulla ilə oturmuşdum. Hamının
yanında məni indiki ictimai elmlərin bir nömrəli alimi
adlandırdı. Dedi sənin kitabın ("Orta əsrlər
Azərbaycan estetik mədəniyyəti") mənə
xalça təsiri bağışlayır. Burada bu
gülü vurursan, orada naxışı toxuyursan. Mən bu
üslubu mozaik prinsiplə yazmaq adlandırardım.
Dedi ki, xalçadan çox
yazmamısan, ancaq kitabdan sonra mən xalçanı
anladım.
Sonra Tahir gəldi (jurnalistdir, TV-də
kitab köşkünə baxır). Söhbətlərin
çoxu ağıllı idi. Dedi ki, televiziya studiyasında
Eldar Baxış deyibmiş ki, Qədir Rüstəmovu
soyundurublar, görüblər, onda səsdən başqa
heç nə yoxdur. Zeynəb Xanlarovanı soyundurub əl-ayağını
bağlayıblar. Deyiblər, oxu. Deyib əl-qolumu
açmasanız necə oxuyum?!
Tahir: bizim muğamlarda baş tərpənir,
yabançı musiqilərdə isə ayaqlarımız
taqqıldadır.
Kamil Vəlinin çayxana
düşüncələrindən: Nəsiminin şeiri ya
haradasa özündən qabaq başlayır, ya da özündən
sonra.
Axırıncı xoşuma gəlmədi.
Kamil yadıma onun ölüm ayağında dediyi şeiri
saldı.
Bunun üstünə mənim
artırdıqlarım Kamilə ləzzət verdi: Borxes
demişdi ki, dünya olmaqdadır ki, kitaba çevrilsin. Nəsimidə
tərsinədir (hərçənd Borxesdə bu tərsinə
olana aid də hekayə var). Nəsimi bəlkə də
soyulmayıb, öldürülməyib. Şeiri yazıb və
sonra rəvayət yaranıb, ya da tarix onun taleyini şeirdən
çıxan süjet əsasında çözüb.
1987-ci ilin yayında çayxanada
Vidadidən Moskvada yaşayan bir oğlan haqqında (ayaması
"Tas" idi) aforistik deyim eşitmişdim: O, evinə gecə
2-də, 3-də gəlir. Hamımızın ailəsi var, siz
də məni bağışlayın. Ancaq belə gec
arvadınla yatanda özünü başqa arvadla yatmış
kimi duyursan. Elə arvadın da səni öz əri kimi duymur,
- Vidadinin bu sözləri Azərbaycan çayxanasında əxlaq-şüurun
qiyamlarının hansı həddə çatmasına
gözəl örnəkdir.
Elə həmin ildə Aydın Məmmədovla
etdiyim bir çayxana söhbətini gündəliyimdən
oxuyuram. Aydın Bakıya gəlmiş türk qonaqları
haqqında əsəbiliklə demişdi: bizə onların
sevgisi varsa, xanın nökərə sevgisidir. Dalınca
türklərin adamı xərclətmək
bacarığından, xəsisliyindən danışmışdı.
Bir türk Aydına deyibmiş: yəqin,
azərilər həmişə bizim həsrətimizi çəkiblər?
Aydın qayıdıb ki, ə,
bizimkilər heç kənddə qoyduqları xəstə
qocalarının da həsrətin çəkmirlər.
Mən Aydına dedim: bizim türklərə
sevgimiz nikah üçün deyil ki, birtərəfli
olmağının sonucu pis olsun. Bu sevgi bizim özümüzə
gərəkdir.
Bir-iki ay keçdi, Zeynalla bu
çayxana görüşlərinə ən sevdiyim
mahnıya min dəfə qulaq asandan sonra etdiyim nifrəti etdim.
Məndə, hətta əzizm Zeynala da allergiya yarandı (o
yazıq sözümü yerə salmasa da, güman, eyni
duyğuları yaşamışdı). Axırda dedim, a Zeynal,
gəl bir-birimizi bezdirməyək, çayxana
görüşlərini azaldaq. Sevincək razı oldu.
Məni Moskvaya yollamış prof.
Aslan Aslanov (ona sağ olsun deməliyəm) təzəcə
İncəsənət
İnstitutuna rektor təyin edilmişdi. Bakı Dövlət
Universitetindəki kafedrasına müəllim götürməliydi,
dedi, gözlə, özümlə İncəsənətə
aparacam. Gah deyirdi sabah gəl, gah deyirdi üç gün sonra
gəl. Qəbulda oturub gözləyirdim. Yanına girəndə
deyirdi iki gün sonra gəl. Belə-belə bir ay keçdi,
bezdim, daha getmədim. Bax, bundan sonra mən ciddi rejimdə
oxuyub-düşünüb, oxuyub-düşündüklərimi
yazmağa başladım. Yalnız filfaka girmək
üçün 8 il öncə 3 ay mən belə intensiv
oxumuşdum. Ancaq o çağ universitetə girməkdən
ötrü oxumuşdum. Bu dəfə isə heç bir
amacsız, bilmək, bilgili olmaqdan ləzzət almaq
üçün oxumağa başladım, bunu amac saymaq
olmazsa. Hər gün səhər durub çay içəndən
sonra (o çağlar səhər yeməyi yeməzdim)
başlayırdım kitabları oxumağa. Yemək yeyəndə
də tez yeyirdim ki, oxumağı, yazıb-pozmağı tezcə
davam edim. Mənim ömürlük kitabxana ilə aram olmayıb.
Oxucunun yadındadırsa, yalnız Moskvada 3 ay, hər gün
4-5 saatlıq kitabxanada olardım.
Bütün ömrüm boyu, xəstəliyimə
görə indini çıxıram, sibarit olduğumdan
yalnız evdə ev paltarında elmlə bağlı işləyə
bilirdim. Bu baxımdan Kamala (Abdullaya) heyran olmaya bilmərəm.
O ya şöbə müdiri olub, ya başqa rəhbər
işlərdə işləyib və bütün
yazdığı elmi kitabları, məqalələri,
romanları əsasən yerində yazıb. Necə vaxt
tapıb, necə işdə ruhunu yaradıcılığa
kökləyib, başım çıxmır. Bir də
Əli Abbasov elmi məhsuldarlığına görə məni
həmişə təəccübəndirib. Hərçənd,
o da Vaqif İbrahimoğluna məni danışanda "tank
kimi" metaforasını işlədirdi, bu ya tank kimi işləmək
demək idi ki, bir mənası məhsuldarlıq ola bilərdi,
ya da düşüncə incəliyini saymayıb ideyanı
basa-basa demək ola bilərdi.
Mən artıq müzakirədən
çıxmış dissertasiyamı bir qırağa
atmışdım. Müdafiənin kağız-kuğuz
işi elə qorxudurdu ki, tezliklə müdafiə etmək
fikrində deyildim. Gecə-gündüz oxumaqla, yazı-pozu ilə
məşğul olmaqda əsas stimulum - təmtəraqlı səsləndiyindən
çəkinə-çəkinə yazıram, -Azərbaycan
mədəniyyətinə çoxluca ideyalar vermək idi, yəni
şəxsi qazanc yox, hətta qadınların xoşuna gəlmək
yox, millətçilik idi. Bu zaman addım-addım hansı
yönlərə düşüncəmi yönəltməyi
də tapmışdım. Öncə fəlsəfə və
estetikanı seçdim, sonra semiotikanı fəlsəfə və
estetika ilə qovuşdurdum. Bir-iki il sonra mifologiya üzrə
bilik və düşüncələrimi irəlilədib
öncəkilərə qatdım. Beləcə, 90-cı illərəcən
fəlsəfi elmlərdən tutmuş semiotikayacan, bu
axırıncıdan tutmuş dinşünaslığacan, onlardan
da dilçilik araşdırmalarınacan çox
yönümlü düşəncə yiyəsi oldum. Bu zaman
özümü kamerton kimi duyurdum, oxuduğum kitablardakı
ilginc düşüncələr məndə rezonans salıb
öz düşüncələrimi törətdirdi. Mən
özümdən başqa, Rəhman Bədəlovda, Vaqif
İbrahimoğluda kitablardan aldıqları ideyalara kamerton kimi
reaksiya verməyi görmüşdüm. O birilər, sanki səhradakı
qum idilər, üstlərinə tökülən
"suyu" biryolluq özlərinə hopdurub heç nə
qaytarmırdılar. Azərbaycanda çatışmayan nəsnə
Azərbaycan alimlərinin (əsl alimləri deyirəm)
söylədikləri ideyalara o birilərinin reaksiyasız
qalmasıdır. Mən sitat gətirməyi demirəm,
ideyanı alıb ondan öz ideyalarını
çıxarmağı deyirəm. Bizdə fikir məktəbinin
olmaması bundan gəlir. Söylədiyimi örnəklərdə
göstərim: Bir TV diskussiyasında dinçi gənclər
İslamın üstünlüyündən ağız dolusu
danışanda Rəhman Bədəlov qınaq etmişdi: mən
anlamıram nədən İslamı sevmək
üçün sizin gərəyiniz var ki, qabaqca
özünüzə, başqalarına sübut edəsəniz,
o, ən üstün, ən düzgün dindir, buna görə
onu sevirsiniz?! İslamı elə belə sevə bilmirsiniz?
Bu parlaq sorudan mən dərslərimdə
və uyğun məqalələrimdə belə sonuclar
çıxardım: bizim öz vətənimizi, millətimizi
sevməyimiz üçün onların ən düz, ən
yaxşı olmasını sübut etməyə gərək
olmamalıdır. Dinimizi sevmək də elə olmalıdır.
Dinlər bir-birindən doğru-əyri ölçüləri
ilə ayrılmırlar. Bu üzdən "İslam ən
pak, ən doğru dindir" deyimi ilə İslamı
seçməyini əsaslandırmağın düz deyil. Həqiqət
ölçüsü dinlərə relevant deyil, yəni dəxlisizdir.
Dinlər ruhu-kutu fərqli şəkildə duyğulara,
enerjilərə kökləyən fərqli musiqilər
kimidir.
İslam milli tariximizi, milli
psixologiyamızı özünə qatdığından bizim
üçün belə dəyərli, belə əzizdir. Biz
Allaha tapınanda, müsəlman kimi özümüzü
qavrayanda Ərəbistandan gələnləri öz milli
dünyamızın prizmasından keçirərək
qavrayırıq. Bu, İslamı sevməyimiz
üçün yetərlidir.
Son on-on beş ildə mən
kamerton kimi reaksiya verərək oxumağı çox
intellektuallarımızla bağlı
planlaşdırmışdım, örnəyin, Aydın
Talıbzadə, Ağalar Qutla bağlı, ancaq heyif ki, bu
planımı yerinə yetirə bilmədim. Kamal Abdulla ilə
bağlı isə onun əsərləri haqqındakı məqalələrimdə
yerinə yetirdim. Yox, amma Aydının bir dərin kitabına
yazdığım yazıda da kamerton ola bilmişdim.
Ağıllı düşünmək
başqalarının düşüncələri ilə
düşünməkdir - bu aforizmi 80-ci illərin birinci
yarısında Tiflis İncəsənət İnstitutunun
qadın rektorunun ağzından eşitmişdim və bu deyim
mənim özümü özümə anlatmışdı.
Mən oxuduqlarımı udub geridönməzliyə göndərmirdim.
Mən oxuduqlarımla düşünüb yeni ideyalara
çıxırdım. "Birini anlamaq üçün o
birisini anlamaq" - bu prinsipə görə Platonu anlamaq
üçün həndəsədən nələrisə
öyrənirdim, semiotikanı anlamaq üçün
informasiya nəzəriyyəsindən nələrisə
oxuyurdum, Fərabini anlamaq üçün Aristotelə
keçirdim və beləcə bilik səltənətində
min yerə gəzintiyə çıxırdım.
Mən 1977-də
özünüegitimə, özünütəhsilə
başlayanda çox ciddi problemim bilik və araşdırma
işində özüm üçün arxivləşdirmə
metodunu tapmağım oldu. Kompüter, internet olmayan dönəmdə
bu, ağır sual idi: necə edəsən ki,
yığdığın dəyərli faktları,
ideyaları, eləcə də öz ideyalarını əlüstü
tapa biləsən? Necə bu okeanı
yığıb-yığışdırasan?
Moskvada görmüşdüm ki, bəzi
aspirantlar kataloq prinsipindən istifadə edirlər.
Ayrı-ayrı düşüncələri kitabxana
kartlarına oxşar nazik kartonlara yazır və beləcə,
həmin kartları üst-üstə yığıb yekə
"sütunlar" yaradırdılar. Bu, mənlik deyildi. Onun
üçün öz metodumu tapmalıydım. Onu indi bu
yazıda anlatmaq çətindir, ancaq deyim ki,
tapdıqlarımı kompüter dönəmi gələndə
asanca elektron formata çevirdim. "Fəlsəfədən
diddiklərim" fəlsəfə üzrə arxiv
materiallarımın kitab variantıdır. Məndə fəlsəfədən
başqa, semiotika, İslam, Xristianlıq, Zərdüştlük,
Buddizm, türk mifolojisi və s. və i.a. bağlı
ayrıca fayllar var, onların hamısı 1977-ci ildən bəri
topladığım materialların məhsuludur. Bu faylları
bəzi tələbələrimə, bəzi gözəl
araşdırıcılara vermişəm ki, istifadə etsinlər.
Arxiv məsələsi üzərində ona görə bu qədər
dururam ki, bu məsələ hər ciddi
araşdırıcı üçün önəmlidir və
yazıqlar olsun ki, elm aləmində öz informasiya arxivini
qurub sistemləşdirməklə bağlı universal
instruksiyalar yoxdur. Ona görə də bu arxivi necə qurub
sistemləşdirməyi özüm tapmalı oldum.
Niyazi
MEHDİ
Ədəbiyyat
qəzeti.- 2020.- 9 may. S. 5.