Rus poeziyasının sevgi duası - "Gözlə məni"

 

26 yaşı var. Hüznün və ümidin ən gözəl poetik örnəyini, rus poeziyasının sevgi duasını - "Gözlə məni" şeirini yazıb. Milyonların dillər əzbəridir. Xalqın və Stalinin təqdirini eyni vaxtda qazanıb. Bütün Sovet İttifaqı 26 yaşlı şairi tanıyır. Yazdığı şeir ateist Rusiyada və Sovetlər birliyində dini ayin mətnlərini əvəz edib. Müharibə dövrünün gənclərindən biri yazırdı ki, ateist tərbiyəsi almışdıq, Allaha inanmırdıq, dua bilmirdik, dua etməyi bacarmırdıq, amma köməyə kimisə çağırmaq lazım idi. "Gözlə məni" həmin kimsəni əvəz etdi. Cəbhədən arxaya, arxa cəbhədən müharibəyə sevgililər bu şeiri bir-birlərinə dua kimi göndərdilər. Hətta çox vaxt məktublar bu şeiri yansıdan poçt açıqcalarında yazılırdı. Əlli milyondan çox adamın öldüyü, özündən sonra geriyə saysız-hesabsız naməlum əsgər məzarlarını buraxan müharibədə duanı əvəz etmək dünyada hansısa şeirə nəsib olubmu? Məncə, olmayıb.

 

"Gözlə məni" qeybin sədası kimi səslənir...

 

Aleksandrovun İkinci Dünya müharibəsi günlərində bəstələdiyi "Müqəddəs müharibə" mahnısında da səslənən kədərin metafizikası idi. Bəstəkar, sanki bilərəkdən Vereşagin üslubunda bir müharibə apofeozu yaratmışdı.

 

Qısa zamanda bütün ölkənin dillər əzbəri olan və bu günə qədər də dünyanın bütün ölkələrində ən gözəl eşq və savaş şeiri kimi dəyərləndirilən "Gözlə məni"nin yaranma tarixi bəllidir, bu barədə çox yazılıb. Xatirələr, şeirin bioqrafiyası dünyada rus poeziyasının "Gözlə məni" mifini çoxdan yaradıb. Şeir 1941-ci ildə yazılıb. Mübahisələrin isə elə də önəmi yoxdur. Kimsə onun iyulda, kimsə bir az gec - avqust-oktyabr aylarında yazıldığını iddia edir. Hər halda, şeir ilk dəfə 14 yanvar 1942-ci ildə "Pravda" qəzetində dərc olunub. Şeirin çapının bir neçə ay yubanmasını da hərə bir cür yozub. Belə bir fikir də var ki, sovet dövründə, xüsusən, 1940-cı illərdə fərdi məhəbbət hisslərinin qabardılması ideoloji baxımdan münasib deyilmiş, elə bu səbəbdən də "Şturm" və "Krasnaya zvezda" qəzetləri onun çapına ehtiyatla yanaşıb. Amma xatırlatdığım kimi, şeir ilk dəfə 1942-ci ilin yanvarında "Pravda" qəzetində dərc olunubsa, demək, yubanmanın səbəbi ideoloji olmayıb. Simonov onu aktrisa Valentina Serovaya ünvanlayıb və əslində, bu, bir sevgi məktubudur.

 

 

 

"Gözlə məni" rus sovet ədəbiyyatının estetikasında fərqli hipotezlər yaradır.   

 

Faşizmə qarşı müharibənin əsas şüarı bütün SSRİ-də İrakli Toidzenin 1941-ci ildə çəkdiyi "Ana vətən çağırır" plakatında, Azərbaycanda, tutaq ki, Səməd Vurğunun  1941-ci ildə yazdığı "Ananın öyüdü" şeirində əks olunub. Simonov isə, çağdaş rus şairi və tənqidçisi Dmitri Bıkovun qeyd etdiyi kimi, "Gözlə məni"  şeirində ana obrazını qətiyyətli şəkildə arxa plana keçirir və ön sıraya sevgili qadın, həyat yoldaşı obrazını çıxarır. Azərbaycanda buna bənzər yanaşma Rəsul Rzanın Krım cəbhəsində yazdığı şeirlərində açıq-aydın müşahidə olunmaqdadır. Simonovun qəhrəmanı "Gözlə! Gələcəm!" deyə səslənir. Rəsul Rzanın qəhrəmanına isə yollar ayrıcından belə bir xəyalı ismarış gəlir: "gözləyirəm səni mən gəlsən də, gəlməsən də!..".

 

Bıkovun başqa bir müşahidəsi də var. Nə dərəcədə haqlıdı, ya haqlı deyil, bu, başqa söhbətin mövzusudur. 1930-cu illərin repressiya dalğası  ana vətən mifini dağıtdığından həmin dönəmdə Vətən adamlarda sevgi ilə deyil, qorxu ilə assosiasiya olunur. Müharibənin ilk illərində Simonovun  poeziyada yaratdığı ərini, sevgilisini gözləyən qadın mifi əsgərlərin ruh yüsəkliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Hər halda, sevgi ideologiya deyil. "Gözlə məni" şeirini sovet əsgərləri kimi, faşist ordusunun əsgərləri də alman dilinə tərcümə etdirib sevgililərinə göndərirmişlər. Elə həmin illərdə bu şeiri alman dilinə Klara Blyum çevirib. Kim bilir, bəlkə Bertold Brext də 1943-cü ildə qələmə aldığı "Qafqaz təbaşir dairəsi" pyesində Qruşe Vaxnadzenin əsgər Semon Xaxava üçün oxuduğu "Gözləyəcəm səni" mahnısının mətnini  Simonovun "Gözlə məni" şeirinin doğurduğu intibalarla yazıb.

 

Simonov özü isə müharibədən sonra görüşlərində bu şeiri oxumamağa çalışıb. Çünki sevdikləri müharibədən qayıtmayan qadınlar "Gözlə məni" şeirinə görə Simonovu qınayıblar: "Şeirinizə inanıb çox gözlədik. Amma onlar gəlmədi".

 

Ona həsr olunmuş şeirin bəxti gətirsə də, Konstantin Simonova ümumdünya şöhrəti qazandırsa da, şeirin yazılışına səbəb olan Valentina Serova sovet tarixinin bəlkə də, ən talesiz və bədbəxt qadınlarından biri oldu. 1943-cü ildə şeirin motivləri əsasında çəkilmiş "Gözlə məni" filmində əsas qadın rolunu oynasa da, Serova həyatdakı rolunu sona qədər oynaya bilmədi. Ərini itirəndən sonra Simonovla evlənsə də, marşal Rokassovski ilə yaşadığı eşq Kremlə qədər əks-səda verdi.

 

Və bütün sevgilərinin sonu ölümlə, ayrılıqla bitdi. Birinci əri öldü. İlk övladı öldü. Teatrdan uzaqlaşdırıldı. Simonovdan boşandı. İçkiyə qurşandı. Məhkəmənin qərarı ilə qızından ayrı yaşamağa məcbur edildi. Unuduldu.  Kimsəsiz qaldı. 1975-ci ilin dekabrında isə evində meyiti tapıldı. Öləndə 56 yaşı vardı... Və "Gözlə məni" şeirinin müəllifi Simonov dünyalarca məşhur şeirini ithaf etdiyi o gözəl qadının dəfnində iştirak etmədi.

 

Tez-tez cəbhəni qoyub Serova ilə görüşə gələn Rokassovski ilə bağlı general Mexlesin sualına Stalinin cavabı məşhurdur: "Çto budem delat, tovariş Stalin? - Zavidovat budem!".

 

1946-cı ildə İvan Bunin Ümmülbanuya yazdığı məktubda Banini moskvalı gənc bir qadının onunla, yəni Buninlə açıq-saçıq söhbətlər etməsi ilə qısqandırır. Ümmülbanuya görə, bu qadın o günlərdə Parisə mühacir rus ziyalıları ilə, xüsusən, Buninlə danışıqlar aparmaq üçün gəlmiş (göndərilmiş) Simonovun xanımı, Moskva Teatrının aktrisası Serovadır.

 

Belə bir qadın, "Gözlə məni" şeirinin və təkcə "Gözlə məni"nin deyil, Simonovun ellikcə sevgi şeirlərindən ibarət "S toboy i bez tebya" adlı ilk kitabındakı bütün şeirlərin ilham qaynağı, 1943-cü ildə Simonovun ssenarisi əsasında çəkilmiş "Gözlə məni" filmindəki misilsiz Liza - Serova, gəncliyində, SSRİ-də gözəllik və sevginin simvoluna çevrilmiş Valentina belə sona çatır...

 

Yazıçının Valentinadan sonrakı arvadı Jadovanın hazırladığı "Konstantin Simonov müasirlərinin xatirələrində" (1984) adlı hədsiz maraqlı kitabın heç bir səhifəsindən Serovanın adı keçmir.

 

Hər şeyə rəğmən, Valentina Serova sovet dövrünün əfsanələşmiş qadınıdır. Adı da hər dəfə sovet dövründə adları əfsanəyə çevrilmiş kişilərlə - əfsanəvi təyyarəçi Anatoli Serovla, əfsanəvi yazıçı Simonovla, əfsanəvi marşal Rokassovski ilə bərabər gündəmə gəlir...

 

Simonov Azərbaycanın ən səmimi dostlarından biri olub. Nəsiminin, Vidadinin, Vaqifin, Səməd Vurğunun şeirlərini rus dilinə tərcümə edib. Özü Səməd Vurğuna şeir həsr edib. İndi mən bu tarixi və mərdanə dostluğun təfərrüatına varmadan SSRİ Yazıçılarının 1954-cü ildə keçirilən ikinci qurultayında yaşanmış ibrətli bir məqama toxunmaq istəyirəm. Qurultayda, təbii ki, Xruşşovun diktəsi ilə Simonovu sərt tənqid edən Şoloxova rəğmən, Səməd Vurğun Sovet poeziyası barədə məruzəsində "Gözlə məni" şeirini xatırladır və: "Konstantin Simonovun "Gözlə məni" şeiri milyonlarla adamı dərindən həyəcanlandırdı. Çox saf və dərin bir səmimiyyətlə aşılanmış olan bu şeir Böyük Vətən müharibəsi iştirakçılarının bir çoxunu düşündürən fikirlərə, sanki bir cavab idi" - deyir. "Gözlə məni" ilə bağlı əksəriyyət, bəlkə də, hamı - şeirin latış dilinə tərcüməçisi Mejelaytis də, onu fransız oxucusuna qazandıran Jan Marsenak da belə düşünür... Hamının ürəyinin dərinliyində gəzdirdiyi duyğunu Simonov ilk dəfə şeirə çevirmişdi. Müharibə dövründə Rusiyada çalışan amerikan hərbi jurnalisti, sonralar görkəmli yazıçı kimi tanınan Harrison Solsberi Simonov barədə yazısında faşizm üzərində qələbəni təmin edən həlledici amillərdən biri kimi "Gözlə məni" şeirini xatırladır. Harrison şeiri Amerikadakı dostlarının xahişi ilə elə 1944-cü ildə ingilis dilinə tərcümə etmişdi.

 

Önəmli olan həm də odur ki, Stalin epoxasında yazılmış bu şeirdə patetika yoxdur, dövrün ənənəvi Stalin çağırışı yoxdur, plakatçılıq yoxdur, hüzn var, nisgil var, həsrət var, həyəcan var, sənət var. Ən başlıcası, müharibə dövrünün ədəbiyyatda yaşanan estetikası var. (Bura həm də Blanterin müharibə illərində bəstələdiyi eyni ruhlu "Gözlə məni" mahnısından saçılan hüznü də əlavə edə bilərik). Amma Cəfər Xəndanın 1943-cü ilin 18 aprel tarixli "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş və ""Gözlə məni" şeirinin avtoru Simonova. Əsgər arvadının dilindən" yazdığı "Gözləyirəm, sevgilim" adlı şeiri, təbii ki, bu gün poetik örnək olaraq deyil, "Gözlə məni"nin Azərbaycan ədəbiyyatında ilk əks-sədası kimi maraq doğurur. Şeir baxımından isə, təbii ki, bunun "Gözlə məni"dəki estet ruha, hədsiz şairanə hüznə uzaqdan-yaxından heç bir dəxli yoxdur: "Yazırsan ki, dəfələrlə girişmişik hücuma, / Günəş doğub, əriyəcək bu qaranlıq, bu çuma, / Gələcəyəm, yenə balam gələcəkdir qucuma. / Zəfər qazan gəl, balanla gözləyirəm, sevgilim, / Gah ananla, gah bacınla gözləyirəm, sevgilim...".

 

***

 

SSRİ-nin süqutundan sonra postsovet məkanının hər yerində bütün dəyərlərə qarşı dağıdıcı bir münasibət meydana gəldi və haqsızlığa uğrayan dəyərlərdən biri də Simonovun "Gözlə məni" şeiri və Aleksandrovun yuxarıda xatırlatdığım "Müqəddəs müharibə" mahnısı oldu... Şeirlə bağlı Nikolay Qumilyov xatırlandı. Qumilyovun guya 1920-ci illərdə yazdığı "Gözlə. Gəlməyəcəm" şeiri gündəmə gətirildi. Amma gün işığı kimi aydındır ki, misradakı paradoksal antitezis iyirminci illərin deyil, 2000-ci illərin üslubunu yansıdır. Və nə yaxşı ki, "Gözlə məni" ona nihilist münasibətləri önəmsəmədən öz poetik istisnalığını qoruya bilir.

 

Savaş şeiridirsə, ən gözəl savaş şeiridir.

 

Sevgi şeiridirsə, yenə də ən gözəl sevgi şeiridir.

 

***

 

"Ədəbiyyat qəzeti"nin 7 iyul 1943-cü il tarixli sayında Cəfər Cəfərov "Müharibə və ədəbiyyat" məqaləsində yazırdı: "Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz... Ədəbiyyatımıza bir çox yeni tiplər və obrazlar gəlmişdir. Bunlar isə özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirmişlərdir. Bu obrazlardan birincisi əsgər obrazıdır. Klassik ədəbiyyatımızda belə bir obraza rast gəlmirik".

 

Cəfər Cəfərovun məqaləsindəki bu sərrast fraza, yəni müharibə dövrünün ədəbi estetikası ilə bağlı hələ 1943-cü ildə bir Azərbaycan tənqidçisinin irəli sürdüyü fikir məni çox düşündürdü. Əslində, "Gözlə məni" müharibənin doğurduğu adekvat mədəniyyətin yaratdığı poeziya nümunəsidir...

 

Azər TURAN

Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 6.