Əhməd Cəmilin "dava
nağılı"
Böyük
Vətən müharibəsi dövründə (1941-45-ci illər)
yaranan poetik örnəklər Azərbaycan poeziya tarixinin
maraqlı və dəyərli səhifəsidir. Sirr deyil ki,
bir imperiya sınırları içində birləşdirilmiş
xalqlar düşmənə - alman faşizminə qarşı
həm də bir ədəbi cəbhədə vuruşurdu.
Ümumi ideoloji ritorika və
müharibə mövzusunun patetikası bu poeziyanın mündəricəsini
müəyyənləşdirsə də, hər bir xalqın
mental - poetik düşüncə tipini, arxetipik
resurslarının (arxaik motivləri, mövzuları, ifadə
və təsvir vasitələrini) fərqliliyini üzə
çıxartdı və yenidən bədii sözün
dövriyyəsinə buraxdı. Bu müharibə həm də
poeziyamız üçün mövzu - forma, ideya - məzmun
baxımından da bir sınaq dövrü idi.
Görkəmli şairimiz Əhməd
Cəmilin "Can nənə, bir nağıl de"
şeiri, şübhəsiz,
Böyük Vətən müharibəsinə həsr
olunmuş süjetli lirikamızın gözəl örnəklərindən
biridir.
Bu şeirin cövhəri "xəfif
bir kədərdən" (Mehdi Hüseyn) yoğrulması,
arxa cəbhənin məişət romantikasının təbiiliyi,
nənə-nəvə arasında dialoqun və məişətin
məhrəm etnoqrafik nostalji hissləri ilə təqdimatı
şeirin sadəliyini və ekspressivliyini inandırıcı
etmişdir.
- Ay nənə, bir nağıl da
de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm,
nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə
bax.
Evimizdə səndən savay,
gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir
gəlmir ocaqdan;
Taxt üstündə məstan
pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin
mənə, bax, eşikdə yel əsir...
Mətnin 15 hecalı
"ağır taxtalı" vəzni də şeirin "bətnindəki
qoşma"nın gizli ruhu və bölgünün
çevikliyi (4+4+4+3) hesabına təhkiyənin şirinliyi təmin
edilmişdir.
Bir gizilti duyur uşaq vücudunda
bu ara,
Həsrət qonan gözlərini
zilləyərək divara,
Çarpayının baş ucunda
öz əliylə asdığı
Şəklə baxır, fikrə
gedir, qucaqlayıb yastığı...
- Bəs ay nənə, atam indi
haradadır, görəsən?!
- Bıy başıma nələr,
oğul, yatmayıbsan hələ sən?!
Əslində, bu dialoqda iki monoloq -
uşağın sualları ilə nənənin xatirəsi
qovuşur. Və bu düşüncə - xəyal
qovuşağında əsgər oğlunun obrazı yenidən
canlanır. Elə burdaca kiçicik bir haşiyəyə
çıxmaq istərdim: 1941-45-ci illərin poeziyasında Azərbaycan
əsgəri həmişə uzaq məkanda təsvir olunur.
"Uzaqlıq" isə mifoloji düşüncədə məchulluğun
obrazıdır. Özü də bu məkanda həmişə
soyuq küləklər əsir, qar-yağış
yağır. Fikrimizin təsdiqi üçün bir-iki örnək
gətirmək istərdim:
Külək qarı səpələr,
Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq,
qardaşım!
Göylər bulud, çöl
düz ağ, qardaşım!
(R.Rza)
Ə.Cəmilin başqa şeirlərindən
də misralar seçə bilərik. Məsələn:
Ocaq sönür, yel əsir,
yağış döyür səngəri...
Yenə düşür yadıma
ömrün ötən günləri.
Göründüyü kimi, bizim
müharibə dövrü şeirimiz üçün
qış-bahar antinomiyası səciyyəvidir. Qış
ölümlə bağlıdır. Bahar isə əsgərlərin
qayıdacağı günün və ümidin adıdır.
Atan yazır: hələ xoşdur
bu tərəfdə havalar
Deyir: Oğlun darıxmasın,
görüşərik bu bahar.
Başqa bir diqqətçəkən
detal: rus müharibə poeziyasında əsgəri sevgilisi
gözləyir, əsgər sevgilisindən ayrılıb cəbhəyə
yollanır... Azərbaycan poeziyasında isə əsgəri ya
anası, ya da nişanlısı yola salır, yaxud gözləyir.
Hətta müharibə belə bizdə sevgi lirikasına şərait
yaratmadı.
Bu şeirin içindən halal bir
nikbinlik damarı keçir. Misraların məsamələri
arasından bahar işığı boylanır. Əhməd Cəmilə
xas olan incə, zərif peyzaj detalları ilə!
Bağçalarda çiçək
açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə
mən...
Heç darıxma, dərdin
alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl
deyər əsgərlikdən, davadan!
Bu şeiri mən orta məktəbdə
sevə-sevə əzbərləmişdim. Bu gün onu yenidən
oxudum. Əhməd Cəmilin "dava
nağılı"nı şirin bir xatirə kimi yenidən
yaşadım...
Rüstəm
KAMAL
Ədəbiyyat
qəzeti.- 2020.- 9 may. S. 7.