Sabir Əhmədli - heykəlin
qardaşı
Mən
saxlamaq istəyirəm
onun
şöhrətini
evdəki
paltarı kimi
təmiz,
ləkəsiz,
təzə.
Əli Kərim.
"Heykəl
və heykəlin qardaşı"
poemasından
Onun taleyi qəribə oldu. Qardaşı Sovet
İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qəbri
Polşada qardaşlıq məzarındadır. Atası, anası, nəsil-şəcərəsinin əksər
üzvləri Cəbrayılın dağılmış,
gülləbaran edilmiş məzarlığında. Şəhid olan oğlu, Milli qəhrəmanımız
Məhəmməd Əhmədov 2-ci Fəxri Xiyabanda dəfn
olunub. Özünün qəbri isə Binəqədi
qəbristanlığında.
Sabir Əhmədovun 79 ilə sığmış
ömrü çox əzizlərinin itkisini
sığdırdı özünə. Amma ən
böyük dağı iki böyük dəyərini itirəndə
yaşadı. Oğlu Məhəmmədi, ondan əvvəl
isə qardaşı Cəmil Əhmədovu. İkinci
Dünya müharibəsində ad qazanmış, şərəfli
döyüş yolu keçən Cəmil Əhmədov
1944-cü ildə, Belorusiyada, Prucinişa adlı
yaşayış məntəqəsində düşmən səddini
yarmaq uğrunda döyüşlərdə özünün
atıcılar vzvodu ilə böyük hünər göstərmiş,
təkbaşına 10 hitlerçini məhv etmişdi. Kupyatiçi yaşayış məntəqəsi
uğrunda döyüşdə Cəmil üç dəfə
ağır yaralansa da döyüş meydanını tərk
etməmişdir. Sağaldıqdan sonra
yenidən polka qayıtmış, Polşada, Narev
çayı sahilində Zalupitsa yaşayış məntəqəsini
azad etmək uğrunda döyüşdə bu dəfə
dörd dəfə ağır yaralanmış, 2 sentyabr
1944-cü ildə aldığı sonuncu, ölümcül
yaradan həlak olmuşdur.
Cəmil Əhmədov elə sağlığında
Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri
ada layiq görülmüşdür. Qvardiya leytenantı kimi onun komandir
olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya
çayını hamıdan əvvəl keçərək,
suyun içində döyüş mövqeyini digər hissələrin
gəlməsinə qədər əldə saxlamış və
əməliyyatın qələbəsini təmin etdiyinə
görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir. Bu hadisədən iki ay sonra isə gözlərini əbədi
yummuşdur.
Müharibədən sonra Cəbrayılda,
doğulduğu rayonda çinar altında, kəhrizin
üstündə Cəmil Əhmədovun heykəli
ucaldıldı. Gözəl şairimiz Əli Kərimin Cəmil Əhmədovə
həsr etdiyi "Heykəl və heykəlin
qardaşı" poemasında belə misralar var:
Gördüm
Cəmili
tunc
geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini
döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.
Kədərliydi
bir qədər;
üç addımlıqdakı evlərinə
düşüb gedə bilmirdi
əbədiyyət kürsüsündən...
Sabir Əhmədli illərdən sonra Varşavada,
Polşanı faşistlərdən azad etmək uğrunda
döyüşlərdə həlak olmuş sovet
döyüşçülərinin qəbiristanlığında
qardaşının məzarını tapmışdı. "Dünyanın
arşını" romanında bu görüşün təsvir
olunduğu bir səhnə yer alıb: "...Kiçik
qardaş böyük qardaşın qəbri üstündə
ağlayırdı, ana! Otuz beş
yaşlı kiçik qardaş, iyirmi yaşlı
böyük qardaşını tapmışdı. İndi o,
ailəmizdə hamıdan kiçikdir, onun üçün
zaman yoxdur... Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən
qurşağa qədər bir çayda qalıb
döyüşəndən sonra əvvəlcə qoluna, sonra
başına dəyən güllə ilə dayanıb".
Qardaşına olan sevgisi Sabir Əhmədlini həyatının
sonuna qədər müşayiət eləyib. Bütün əsərlərindən
keçən irili xırdalı hansısa cizgi, hansısa
motiv bu sevgini duyub tanımağa imkan verir. "Sovet
İttifaqı qəhrəmanı Cəmil Əhmədov"
adlı kitabında, "Dünyanın arşını"
romanında, "Biz yenə görüşəcəyik"
adlı sənədli povestində, sonuncu əsəri olan
"Ömür urası"nda, ölümündən sonra
çap olunan "Yazılmayan yazı" romanında və
s.
"Dünyanın arşını" romanında belə
bir məqam diqqətimi çəkdi. Burada təbii ki,
söhbət başqa məsələdən gedir, əsərdəki
obrazlar, situasiya tam fərqlidir. Amma o yerdə
ki, insan duyğularının həzinliyi dil açıb
danışır, o zaman Sabir Əhmədli sözü öz
yaşantılarına verir. Çünki
yaşadığı, içində dərd kimi
böyütdüyü o ağrının çəkisi
çox böyükdür: "Dərd, fikir çəkməyə
qalsa, o, hamıdan artıq əzab çəkir. Çoxunun
yastığa baş atıb rahat yatdığı gecələri
o, dirigözlə açır... Bu halında, bu
görünüşündə o nə isə, kimdisə
Arifin nəzərində qardaş və insan dediyi, həyatına,
xasiyyətinə bəlkə hamıdan dərin bələd
olduğu, dünyada hər kəsdən, hamıdan artıq
sevdiyi qardaşının özü idi. Hansı
dəruni çevrilişdənsə düşdüyü bu
həqiqi halında o - Rəhmanın özü, Arifin təsəvvüründəki
bütün rəhmanlardan ən yüksəyi, ən
doğması və ən böyüyü idi".
Digər romanı - "Yazılmayan yazı"da Sabir
Əhmədli 1941-1945-ci illərdə baş verən
müharibədən daha geniş söz açır, həmin
illərdə insanların psixologiyalarına döyüş
ruhunun, savaş əzminin, təəssübkeşlik
duyğusunun daha çox sirayət etdiyini bildirir. Cəmil Əhmədovun
döyüşdə göstərdiyi hünərdən bəhs
edir, o ağır günlərdə qardaşının
ölüm xəbərini eşitdiklərində hansı
yaşantılara məruz qaldıqlarından yazır: "O
zaman, 45-ci ilin martında Cəmilin döyüşdüyü
vaxt artıq bizə 6 aydan artıq məktub gəlmirdi.
Anası Tavadı ovundururduq: "Sağdır, yaralanıb gələcək".
Özümüz də bir az
inanırdıq. Ağlımıza gəlirdi, bəlkə
belədir".
Yaxud son əsəri olan "Ömür
urası"ndakı bir həssas məqama diqqət edək. "Ömür
urası"nda qəhrəman xəyalən işğal
altında olan yurduna dönür, müharibə bitib, insanlar
topraqlarına geri qayıdıblar və doğma elinin həsrəti
ilə yaşayan Kişi - müəllim daha çox
qardaşının, Cəbrayılda, rayonun mərkəzində
ucalan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun
abidəsini görməyə tələsir, hətta buna
görə özünü qınayır da: "Bir nanəcib
onun nigaranlığı qabağında, üzə olmasa da,
dalda söylərdi: Bunca millət məhv olub gedir. Bu da dirinin
halına ağlamaqdansa, ölüyə yanır...". Amma gözlədiyinin əksi
ilə rastlaşır, Qarabağdakı bütün abidələri,
heykəlləri güllələyən, məhv edən ermənilər
nədənsə Cəmil Əhmədovun heykəlinə
toxunmayıbmış. Romanın qəhrəmanı
yurduna dönərkən heykəli öz yerində sağ
salamat görür: "Qardaşının heykəli
yuxarı meydan - Bazarbaşında sağ-salamat, yerində idi.
Həmin ucalıqda dayanırdı".
Bu, Kişinin xəyalında qurduğu bir
dönüş təşnəsi, qardaşı ilə
görüş məqamı idi. Amma xəyalında belə
Sabir Əhmədli qardaşının heykəlinin uçulub
dağılmasını təsəvvür edə bilmirdi.
Heç olmasa burda diri, bütöv yaşatmaq istəyirdi onu:
"Yeddi ildi özümüzünkülər burada yoxdular. Qaçqın düşmüşdülər,
doğma yurdda bircə həyan - yerli qalmamışdı.
Bəs bu güllərə kim
baxmış, kim onları suvarıb, yanmağa
qoymamışdı. Heykəlin bağçasındakı
kollar gül açmış, həndəvərdəki
ağaclar böyümüşdü...".
Əlbəttə, əsərdə düşmənin bu
mövqeyini motivləndirən səbəblər sadalanır. Qəhrəmanın
gümanı min yerə gedir, hansısa formada
inandırmağa çalışır özünü.
Bu bəlkə də əsərin sonunda ifadə olunmuş
acı reallığın öldürücü təsirindən
bir az ovunmaq üçün
yazıçının özünü
inandırdığı aldanış idi: "Hər şey
yerini alacaq. Dağılmış şəhərlər,
kəndlər yenidən qurulacaq, əzəlkindən də
abad olacaq. Qaçqın-köçkün
yurda qayıdacaq. Bircə şəhidlər
qayıtmayacaq. Onlar biryolluq
köçüblər".
Sabir Əhmədli bütün
yaradıcılığı boyu kişilik dəyərlərinin
xilası, onun qorunması üçün
çalışdı. Bütün əsərlərində
yanğılı bir dillə köhnə adət-ənənələrin,
ailə kultunun, yurd sevgisinin itirilməsindən,
cılızlaşmasından, yoxa çıxmaq təhlükəsindən
bəhs etdi, haray çəkdi. Onun
qardaş itkisinə həssaslığının mahiyətində
dayanan amil həm də bu idi. Ona görə hər kişi bir evin yanan
çırağıdı, dünyanın əyilən
arşınını öz kişi ötkəmliyi, prinsipləri
ilə nizama salandır, heç vaxt yaşanmayan, vaxtı gəlməyəcək
"ura"ların səbəbidir.
Bu anda nədənsə Tomas Vulfu xatırlayıram. Cəmi 38 il
ömür sürən XX yüzil Amerika ədəbiyyatının
böyük yazıçısını. O da 18 yaşı
olan çox sevdiyi böyük qardaşının
ölümündən bərk sarsılıb, həyatının
bütün avtobioqrafiq məqamlarını əsərlərinə
gətirməyə çalışıb. Bəlkə
də bütün həyatını ədəbiyyatlaşdırmaq,
özündən sonra nələrdəsə yaşamaq və
həm də Yaşatmaq istəyinin nəticəsi idi bu. Hər
halda Sabir Əhmədli də öz ömründə bir
neçə həyatı yaşayırdı.
Nigaranlığı bir az da bu üzdən
ola bilərdi. Yarımçıq qalmış
talelər onda bütünləşir, var olurdular. Belə
bir hiss həm də hər addımda ölümün hənirini
duymaq, onunla iç-içə olmaq əzabı
yaşadır insana. Təsadüfi deyil ki, Sabir
Əhmədli son romanında ölüm mövzusuna, metafizik
başlanğıca qayıtdı. Bu, bəlkə də
gəncliyində aldığı ölüm zərbəsinin
- qardaş itkisinin sonda yenidən yazıçı ruhunda
dirili?i idi. Ölümün
də, ağrının da, həyatın da hər
üzünü, hər çeşidini görmüş bir
"ömür urasından" gedir söhbət. 14
yaşında fiziki əzabına qatlandığı
ölüm dəhşətini qocalığında "axirət
sevdası" şəklində yaşamalı oldu Sabir
Əhmədli, tale, ölüm, ruhun fəlsəfəsi,
fanilik və əbədiyyət haqqında düşüncələrin
ağırlığı ilə içindəki
özünüdərk prosesi bütövləşdi,
ölümdən qorxmağı deyil, onu sevməyi təlqin
etdi bizlərə.
Və məncə, buna ona görə
nail oldu ki, bütün həyatı boyu onu incidən
yaralarından qaçmadı, ona sığınıb
ömür sürdü, ağrısının
üstünü daha bərk basaraq yaşamağa
çalışdı. Niyə də qaçaydı?
Axı vətən uğrunda can qoymuş qəhrəman
oğulların qardaşı, atası olaraq yaşamaq hər
insana nəsib olan xoşbəxtlik deyildi...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 10.