Analar, Poçtalyonlar

 

***

 

Böyük Vətən müharibəsi illərində, o zamanın təbirincə desək, Süleyman Rüstəm də qələmini süngüyə çevirən şairlərdən biri idi. O, həm də ön cəbhədə oldu, batalyon komissarı, siyasi işçi kimi əsgərləri vətən uğrunda qələbəyə ruhlandırırdı. Akademik Bəkir Nəbiyevin "Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində" monoqrafiyasında belə bir fakt diqqətimizi cəlb elədi: "Leytenant R.Rəsulov Mozdok cəbhəsindən Bakıya, doğma bacısı Məryəmə göndərdiyi 12 noyabr 1942-ci il tarixli  məktubunda yazırdı: "Bir əlimdə S.Rüstəmin  "Gün o gün olsun ki"  şeirini tutub, o biri əlimlə sənə məktub yazıram. Məryəm, bu şeir nə gözəl yazılmışdır. Döyüş ara verərkən onu öz əsgərlərimə dəfələrlə oxumuşam. Vətəndən, ailəmizdən, şeir-sənətdən söhbət düşən kimi onlar həmin şeiri məndən təkrar oxumağı xahiş edirlər... Bu yaman günlərin axırına çıxacağımıza, düşməni əzəcəyimizə və qələbə çalacağımıza inamımı mən də həmin şeirin hamımızın əzbər bildiyi misraları ilə demək istəyirəm:

 

Gün o gün olsun ki, qurtarsın dava,

 

Dağılsın buludlar, açılsın hava.

 

Gün o gün olsun ki... Süleyman Rüstəmin müharibə illərində yazdığı bu şeir davanın qurtarmasını böyük həsrət və intizarla gözləyənlərin hamısının dilinin əzbəri idi. (İndi ərazimizin iyirmi faizinin işğal olunduğu bir zamanda biz yenə həmin misranı xatırlayırıq. Gün o gün olsun ki...

 

Gün o gün olsun ki, nişanlı qızlar,

 

O el gözəlləri, o şanlı qızlar

 

Ölməz bir həvəslə verib qol-qola,

 

Güllərlə çıxsınlar yar gələn yola.

 

 

 

"Xoş  gəldin!" səsləri əks etsin dağa,

 

Üz-üzə toxunsun, dodaq-dodağa,

 

Başlansın düyünlər, başlansın toylar,

 

Titrəsin çalğıdan evlər, saraylar,

 

Yaxası ordenli igid yar gəlsin,

 

Xəbəri gəlməyən oğullar gəlsin!

 

Gün o gün olsun ki, şair Süleyman,

 

Görsün üfüqlərdən çəkilib duman...

 

Süleyman Rüstəm müharibə illərində "And" (And olsun ilhama, and olsun şeirə, Əlimdən silahı qoymaram yerə" Faşizmi döndərrəm bir ovuc külə") "Görüş" ("Döz, dəysə oğul, güllə harandan... Aslan məməsindən süd əmibsən, Oğlum, gəl öpüm bir də yarandan"),  "Gözlə" ("Desələr öldü, yalandır! Ölümümdən qorxma Görəcəksən məni qarşında həl-əlbət, gözlə!), "Lenin şəhərində" ("Qəsbkar ordular sənin qapında Ya təslim olacaq, ya məhv olacaq!"), "Marşala" ("Misralarım əsgər kimi düzülmüş cərgə-gərgə, Döyüşəcək cəbhədə onlar mənimlə birgə", "Ayrılıq" ("Nə qədər həyat var, ölməyəcəyəm, Döyüşə gedirəm, qalma nigaran") və s. şeirləri, müharibədən sonra isə "Qafurun qəlbi" poeması onun "süngüyə çevrilmiş" qələmindən çıxmışdı. Ancaq Süleyman Rüstəmi müharibə illərində daha çox məşhurlaşdıran onun "Ana və poçtalyon" şeiri oldu. Bu şeir müharibədən sonra da poeziyamızın ən gözəl incilərindən biri olaraq qaldı. Şeirdəki Ana və Poçtalyon  obrazları  o qədər təbii və koloritli idi ki, heyranlığını gizlədə bilmirdin, özünü gah ananın, gah da poçtalyonun yerində hiss edirdin. Bu, təkcə şeir deyil, həm də nəzmlə yazılan bir müharibə romanı idi. Əgər keçmiş SSRİ  məkanında - o illərdə yazılan ən yaxşı ədəbiyyat nümunələri haqqında söhbət açılarsa, "Ana və poçtalyon"un adını  çəkməmək günahdır.

 

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,

 

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.

 

Sorurdu: - "Balam hanı?"

 

                        - Hər cəbhədən gələndən

 

Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.

 

Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?

 

Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!

 

El bilir, uşaqlıqdan o, naxələf olmayıb.

 

Ürəyimə damıb ki, oğlum tələf olmayıb...

 

Poema belə bir psixoloji, hiss-həyəcan doğuran intizar motivi ilə başlayır. Bu motiv müharibə dövrü poeziyasında aparıcı motivlərdən biri idi. Əgər o dövrün poeziyasına diqqət yetirsək, anaların, sevgililərin -nişanlı qızların, qardaş və bacıların həsrətini izləyərik. Lakin müharibə poeziyasında arxa cəbhənin ən nigaran obrazı analar idi. Süleyman Rüstəm o illərdə müharibə ilə bağlı çoxlu şeirlər yazdı, amma ən çox yadda qalan, illər keçdikcə, nəsillər bir-birini əvəz etdikcə "Ana və poçtalyon" unudulmadı, çünki bu şeirdə yalançı patetika, oxuculara zorla sırınan ritorika və saxta pafos yox idi. Bu şeirdə heç bir döyüşdən, səngərdən ölüm-dirim qovğasından söz açılmırdı, amma Müharibə obrazı şeirin hər bir misrasında görünürdü. S.Rüstəmin analar haqqında neçə şeiri var, amma bu şeirdə elə bir ana təsvir olunurdu ki, o, bütün poeziyamızın çox mükəmməl və bir də təkrar edilməyəcək anasına çevrilirdi. Çox maraqlıdır ki, müharibə illərində bir çox şairlərin şeirlərində Ana obrazı ən sevimli, ən munis bir obraz kimi diqqəti cəlb edirdi. Səməd Vurğun "Ananın öyüdü"nü yazmışdı.  Bir sözlə, müharibə mövzusu Anaların öyüdlərindən və intizarından başlayırdı.

 

Qalxırdı yatağından dan yeri söküləndə...

 

Hər qapı açılanda, hər qapı döyüləndə,

 

Dikilirdi ananın gözləri bir nöqtəyə.

 

Sevinirdi: - "Oğlumdan bəlkə məktub var!" - deyə.

 

Bura qədər şeirin Ana intizarı rəsmlənir. Çox sadə, bir misrasında belə qeyri-təbii, qeyri-səmimi heç nə yoxdur. Şeirdə təbiilik və səmimiyyəti zorla quraşdıra bilməzsən, o gərək şairin öz daxilindən gələ, ana dilinə bağlılığından gələ. Süleyman Rüstəm müharibə illərində  "Gün o gün olsun ki", "Ana və poçtalyon" və daha çox "Təbrizim" şeirlərində Azərbaycan dilinin nəyə qadir olduğunu, hansı poetik incəliklərlə süsləndiyini daha kamil, daha mükəmməl şəkildə ifadə etdi.

 

"Ana və poçtalyon"da  Poçtalyon obrazı da S.Rüstəmin elə Ana obrazı ilə bərabər tutula biləcək səviyyədəydi. Səhv etmirəmsə, bu, poeziyamızda ilk Poçtalyon idi. O, bizim odövrkü şairlərimizin yaratdıqları əməkçi-qurucu-zərbəçi obrazlarından fərqlənirdi. O, saxta pafosdan uzaq idi.

 

Tanımayan tapılmaz məhlədə poçtalyonu,

 

Hamı istərdi onu, hamı sevərdi onu.

 

Onu tanıyırdılar adamlar addımından,

 

Bir bayramdı çantası dolu gəldiyi zaman.

 

Anaya şad xəbərlər gətirmişdi vaxtilə.

 

 

 

İndi kağız almayan ana gələrək dilə,

 

Söylədi poçtalyona bir neçə acı kəlmə:

 

"Məktub olmasa, bir də sən bu həyətə gəlmə!".

 

Poçtalyon söz demədi, dilsiz dayanıb durdu,

 

Elə bil dağ başında onu ildırım vurdu...

 

Burada Mir Cəlal müəllmin "Süleyman Rüstəm" məqaləsində bu cümlələri xatırlayıram: "Şair poçtalyonu da eyni təbii, səmimi və aydın bədii rənglərlə təsvir etmişdir. Poçtalyon quru bir idarə qulluqçusu, sadə bir icraçı deyildir. O, öz peşəsinin müqəddəsliyini duyur və qiymətləndirir. Hər ailəyə məktub gətirdikcə, evlərdə sevinc yaratdıqca, öz vətəndaşlıq vəzifəsini yerinə yetirdiyini duyduqca ruhu təzələnir, ürəyi açılır, ömrü uzanır. O, heç kəsi məktubsuz, xoş xəbərsiz qoymaq istəmir".

 

Ananın gözlərində sual gördü bir yığın,

 

Başını yerə dikib dayandı xeyli dalğın.  

 

Sinəsini ötürüb sonra küçəyə çıxdı,

 

Fikirlər, düşüncələr həssas qəlbini sıxdı.

 

 

 

Deyirdi öz-özünə: - ananın haqqı vardır,

 

Geniş dünya oğulsuz onun qəlbinə dardır...

 

Müharibə illərinin ən yaddaqalan, həmişə arzulanan, həm sevinc, həm də qara kağız paylayan, amma həmişə gözlənilən insanıydı poçtalyonlar. Onlar quru, soyuq, duyğusuz adam deyildilər. S.Rüstəmin şeirində də poçtalyon elə ananın özü qədər həssasdır. Ananın dilindən  "bir də bu həyətə girmə!" sözlərini eşidəndən sonra ikili bir intizar yaranır. Ana da onu gözləyir və dediyinə peşmandır.

 

Bu qoca poçtalyon da anaya bir dərd oldu;

 

Yolunu gözləməkdən hər gün gözü dörd oldu.

 

Heç olmasa poçtalyon bu həyətə gələndə,

 

Məktub alan qonşular sevinəndə, güləndə,

 

Ana düşündü: "Bəlkə qəlbini qırdım onun,

 

Kim bilir, nə gəlibdir başına poçtalyonun...               

 

Dərdli ananın artdı indi birə on dərdi,

 

Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi...

 

Müharibə və fəlakət insanları, heç bir-birinə qohum olmayan adamları mənən birləşdirir, ana ilə poçtalyon arasında umu-küsü hər ikisinə dərd verir. Amma budur, bir gün küçə qapısı çox sürətlə açılır və qoca poçtalyon anaya oğlundan məktub gətirir. Beləliklə, dərdin sonu çatır, ana da, poçtalyon da - hər ikisi sevinir.

 

Mərhəmətli, möhtərəm anayadır bu kağız!..

 

Hamı bir səslə dedi: "Gözlərin aydın, ay qız!"

 

Ana, gözləri yaşlı, ətir saçdı dilindən,

 

Tez öpdü poçtalyonun məktub verən əlindən...

 

Beləliklə, Azərbaycan poeziyasının çox qiymətli incilərindən biri - "Ana və poçtalyon" şeiri buradaca bitir. Süleyman Rüstəm bu şeirlə milyonların qəlbinə qələbə tonqalı yandırır. Şeir Azərbaycan döyüşçülərinin dillərinin əzbərinə çevrilir. Üç il keçəcək, müharibə bitəcək, amma "Ana və poçtalyon" şeirinin yaydığı poeziya işığı heç vaxt sönməyəcək.

 

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 11.