İmperiya IV və
Peyğəmbər
İxtisarla
Rəqəmsal
Rayonun
İcra başçısı kabinetindəki enli pəncərənin yanındakı
kresloya
çöküb bayırda lopa-lopa yağan qara baxanda, təbii ki, ağlına da gəlməzdi ki, beş dəqiqədən sonra onun beynindən keçəcək qəribə fikirlər rayonda gözlənilməz, qeyri-adi hadisələrə gətirib
çıxaracaq və
hər şeyin də baiskarı
Dördüncü kateqoriya
İşıq Peyğəmbəri olacaq... Bəli, birinci yox, ikinci yox, üçüncü də
yox, məhz dördüncü... Çünki birinci və ikinci kateqoriya
İşıq Peyğəmbərlərində öz yunitlərinin enerjisini artırmaq və
ildırım, zəlzələ yaradıb düşmən əsgərlərini məhv eləməkdən başqa qeyri-adi bacarıqlar yox idi... Yalnız oyunun üçüncü versiyasını hazırlayanda, proqramçı Tom Brayanın ağlına gəlmişdi ki, sadəcə ildırım və zəlzələ ilə
məhdudlaşmasın, Günəş mədəbindən sifariş
verilən İşıq Peyğəmbərinə əlavə nəsə
bir bacarıq versin... Beləcə,
üçüncü
versiyada,
İşıq Peyğəmbərinə
dualar oxuyaraq düşmən
əsgərlərini müvəqqəti yatızdırmaq bacarığı verildi... Dördüncü versiyada isə Tom Brayan bir az da irəli getdi, sevimli obrazını
bir az da gücləndirdi - indi İşıq Peyğəmbəri öz yunitlərini qorumaqla bərabər, yeraltı Zülmət dünyasından çıxan bədheybətlərin qarşısına çıxaraq, moizə oxuyub, onları ovsunlamaq, başlarındakı qaranlığı əridərək onları
öz tərəfinə
çəkmək, yəni
İşıq cəngavərinə
çevirmək qabiliyyəti aldı...
Lakin bu qabiliyyətlər Peyğəmbərə əlavə
olunduqda, oyunda onun istehsal qiyməti də
artmış
oldu... Artıq belə bacarıqlı İşıq Peyğəmbərinə sahib olmaq üçün 1200 magik kristaldan keçmək lazım idi.
Əlbəttə
ki, on iki il ərzində
uzaq dağ rayonlarının birinə
rəhbərlik etmiş İcra başçısı Onlayn Strategiya oyunlarının bütün bu incəliklərindən xəbərsizdi, kompüter oyunları
barədə isə yalnız onu bilirdi ki, bu zibil hər nədisə,
çox axmaq şeydi, yalnız uşaqların vaxtını
almağa qadirdir. Hərçənd evdə də
16 yaşlı yeganə nəvəsinin bütün günü
kompüter qarşısında oturub oyunlar oynadığını görəndə, əsəbləşib deyinməkdən başqa bir şey
əlindən gəlmirdi... Həm də hiss edirdi ki, indiki uşaqları
qışqır-bağırla kompüterdən, telefondan filandan ayırmaq mümkün deyil, indi elə
bir nəsil gəlir ki, ekrandakı əcayib məxluqları
atalarından çox istəyirlər.
Ancaq indi pəncərədən bayıra baxan
İcra başçısı virtual reallığın incəliklərindən çox uzaq idi... Rayon mərkəzinin küçələri, evləri də, bir az aralıda görünən yastı yamaclar da, dərədəki alma bağları
da, buludlara dirənən dağlar da ağappaq qarın içində
idi... Həm də sadəcə qar deyildi bu, elə
bil ki, göydən yerə saflıq, təmizlik, rahatlıq yağırdı...
Və
uzun
ömrü
boyunca bəlkə ilk dəfə
Başçının ürəyindən qəribə
hisslər keçməyə başladı
- bu qar ona, sanki ana südünü
xatırlatdı, elə bildi ki, ağappaq qara baxdıqca ruhu təmizlənir, saflaşır, az qala körpə uşaq ruhu kimi təmiz olur. Düşündü ki, bəlkə heç vaxt dünyanın heç yerində
belə
gözəl, belə
təmiz qar yağmayıb... Sanki qeyri-ixtiyari fikrindən belə bir arzu keçdi ki, kaş
rayona qalxan yeganə yol bağlanaydı, ətraf dünya ilə
gediş-gəliş kəsiləydi, bu qar da günlərlə, aylarla dayanmadan yağardı,
yağardı, bütün rayon camaatının - böyükdən kiçiyə
qədər hamının ruhunu təmizləyərdi, ana südü kimi ağappaq eləyərdi və bir vaxt, hansısa beynəlxalq təşkilat gəlib monitorinq aparanda, elan edilərdi ki, bu rayonun insanlarının ruhu dünyanın bütün insanlarının ruhundan saf, təmiz, pak
çıxdı...
Bütün həyatı
boyu ilk dəfəydi ki, Başçı
nəyisə bu qədər ixlasla, bu qədər səmimi-qəlbdən - az qala uşaq saflığı
ilə
arzulayırdı... Və ilk dəfəydi ki, bu cür şövqlə arzuladığı hansısa bir nəsnə
onun sırf özünün şəxsi mənafeyi, maddi mənfəəti, gəliri-xeyriylə bağlı
deyildi... Sadəcə, elə
bil ruhunun dərin qatlarında qalmış o uzaq uşaqlığından gəlmə
saf, təmiz, səmimi bir arzu idi...
İcra başçısı bilmirdi ki, Qərb filosoflarından biri nə vaxtsa belə
fikir deyib: - Nəsə
arzulayanda ehtiyatlı
olun,
çünki arzuların həyata keçmək təhlükəsi var...
Bunu bilsəydi, bayırda səssiz-səssiz yağan qara baxaraq, beynindən keçən fikirlərin yüyənini boş buraxmazdı.
Heyif ki, bilmirdi, ona görə
fikirlərinə, hisslərinə,
arzularına da nəzarət eləmirdi...
Budur, gəlib çıxdıq müasir nağılımızın əsas hissəsinə,
çünki bayaqdan danışdıqlarımız bir növ aşıq gəzişməsi kimi bir proloq idi... Nağıl deyəndə
fikriniz köhnə nağıllara getməsin, çünki, əslində, nağıl sözünün mənası
nəql olunan bir hadisə deməkdir. Biz də bir hadisə
nəql edirik, sadəcə,
fərq ondadı ki, burda göydən almaların düşməsi hadisənin təkcə sonuna yox, həm də əvvəlinə təsadüf edir. Əvvəldə göydən düşən də əslində,
heç
alma deyildi və heç
göydən də düşüb eləməmişdi, dağdan qopmuşdu...
Bəli, nağılımızın
əsas hissəsinə başlaya bilərik. Pəncərənin yanında oturub səssiz yağan qara baxan İcra başçısının ürəyindən həmin arzular keçən dəqiqədə, elə bil səmalara qəribə
bir enerji yayıldı,
göy guruldadı, ildırım çaxdı və...
Rayona qalxan yeganə yolun kənarındakı sıldırım qayalardan
üç dənə yekə qaya parçası qopub düşdü
yolun
üstünə, yolun yeddi-səkkiz metrlik hissəsi dağılıb töküldü, eyni zamanda yolun kənarıyla rayona çəkilən yüksək gərginlikli elektrik xətlərini də qırıb tökdü,
rayon qaldı işıqsız... (Əlbəttə,
əvvəlcədən generator qoyulmuş
yerləri nəzərə almasaq...).
Fikrə
gedən İcra başçısı bir də
onda ayıldı ki, otaqdakı işıqlar
əvvəl bir neçə dəfə
göz vurdu, sonra tam kəsildi və ardınca binanın altından uğultu eşidildi, zirzəmidəki generator işə düşdü, bir neçə saniyədən sonra otaq yenidən işıqlandı...
İcra başçısı səssiz yağan qarın təsiri altında bayaqdan ürəyindən keçən qeyri-adi, lirik hissləri bir andaca unudub, sərt qorxunc məmura çevrildi - o saat əl telefonlara getdi, yumruğu stola çırpıldı,
baş
verən hadisənin təfərrüatlarını, səbəblərini öyrənməyə başladı, kimisə söyüb biabır elədi, kimisə türməylə hədələdi, kimisə acıladı...
Bir sözlə, vəzifəsi üçün normal sayılan fəaliyyət rejiminə keçdi...
Məhz bu məqamda baş
verən başqa bir məsələdən də xəbərsiz idi İcra hakimi... Xəbərsiz idi ki, artıq bir aydı coşqunluqla
"İmperiya
4" onlayn strateji oyununa aludə olan 16 yaşlı nəvəsi bu müddət ərzində bütün bonuslarını yığıb saxlamışdı ki,
1200 kristala
çatdırsın, Günəş məbədindən 4-cü kateqoriya
İşıq Peyğəmbəri alsın, öz virtual ordusunu bu qeyri-adi bacarıqları olan yunitlə gücləndirsin...
Əlbəttə,
Günəş məbədindən yunit sifariş vermək
üçün oyunun içindəki onlayn mağazada 20 dollar
ödəniş etməklə
bir andaca 5000 magik kristal əldə etmək olardı, lakin uşağın hər
şeyi olsa da, şəxsi bank kartı hələ yox idi.
Buna görə çarəsi yalnız oynadıqca əldə etdiyi bonusları
müxtəlif gücləndirmələrə
sərf etməyərək, yığıb saxlamağa qalmışdı
və
məhz bu səhər bonuslarının sayı
1200 magik kristala çatmışdı,
yubanmadan Günəş məbədindən İşıq Peyğəmbəri sifariş vermişdi.
Sonra da rayon mərkəzinin yuxarı başında babasının tikdirdiyi üçmərtəbəli villanın mansardındakı otağında oturub yarım saat
ərzində
çipsi yeyə-yeyə çoxdan arzuladığı bu yeni yunitin yetişməsini gözləmişdi. Həm də səssiz gözləməmişdi, artıq oyunun onlayn-çatındakı
bütün döyüş
dostlarına xəbər göndərmişdi ki, mən artıq 4-cü kateqoriya İşıq Peyğəmbəri sifariş vermişəm,
özünüzü yağışdırın, hazırlaşın, bir azdan hamınızın başına oyun açacam, mənim İşıq Peyğəmbərim magik dualar oxuyub sizin Zülmət aləmdən çıxan bütün qoblinlərinizin başını
təmizləyib onları İşıq cəngavərinə çevirəcək, sizin bütün yunitlər mənim tərəfimə keçəcək, Günəş məbədinin xidmətçisi olacaqlar....
Ancaq tərslikdən uşağın monitora sıxılıb həyəcanla gözlədiyi həmin vaxtda - yəni məhz 4-cü kateqoriya İşıq Peyğəmbərinin yetişib gurultulu musiqi altında Günəş
məbədindən
çıxdığı
saniyədə işıqlar
əvvəl iki dəfə
göz vurdu, internet qırılmağa başladı, kompüterin yaddaşında hər
şey bir-birinə qarışdı, sonra da ümumən işıq kəsildi...
Və
ekranın monitoru yanıb-sönən məqamda uşaq qəfildən... yoxa
çıxdı.
Lakin bunu hələ heç
kim bilmədi, çünki atası İsveçrədə xizək sürürdü, anası Antalyada
özünü günə
verirdi, böyük qardaşı
da Batumidə kazinoda partapartla pul uduzurdu... Evdə bircə
qoca qulluqçu qadın idi ki, o da, uşağa səhər yeməyi düzəldəndən sonra öz otağına çəkilib yatırdı.
Axı
bütün gecəni gözünü yummamışdı, "Yarpaq dökümü"nün doqquz seriyasına ard-arda baxmışdı, çünki Əlireza bəyin insult olub yatağa düşdüyü seriyalar idi və arvad ona baxa-baxa
üç il yataqda qalan rəhmətlik ərini xatırlamışdı, heç cür əli gəlməmişdi televizoru söndürməyə...
Qayıdaq İcra başçısının üstünə...
Nəvəsinin yoxa çıxmasından bixəbər başçı demək olar ki, nahara qədər rayonun bu fövqəladə vəziyyətdə normal həyatını qismən də
olsa təmin etməkçün özünü
ora bura vurdu, lazımi tədbirləri gördü,
təmir briqadalarını işə
saldı,
özü
də
hadisə
yerinə
baş
çəkib lazımi tapşırıqlarını verdi, böyük müəssisələrdə
qəza generatorları işə düşdü, rayona verilən təbii qazın təzyiqi artırıldı... Vəziyyət qismən stabilləşdi, amma bircə mobil rabitə
problem yaradırdı, ötürücü
stansiyalara nə
olmuşdusa, şəbəkə gah gəlirdi, gah da itirdi... Başçıya söz vermişdilər ki, bunu da qısa zamanda aradan qaldıracaqlar..
Nəhayət, günorta saat biri keçəndən sonra, başçı vəziyyət barədə telefonla paytaxta məruzə
edib qərara gəldi ki, artıq bir az dincəlib nahara hazırlaşmaq olar...
Nahara isə
dəvə qutabı sifariş
vermişdi... On gün
əvvəl birinci müavininin yanında təsadüfən ağzından çıxmışdı ki,
çoxdandı
dəvə qutabı yemirəm. Allah saxlamış müavin də, məlum səbəbdən canfəşanlıq göstərərək, Xızıdan təcili üç dənə dəvə gətizdirmişdi rayona.
Düzdü, Başçı əvvəl
ürəyində əsəbləşmişdi ki, o qədər dəvə
əti nəyimizə lazımdı ki. Ehsan verəcəm? Ancaq sonra
əsəblərini cilovlamışdı, əksinə, müavininə "əhsən" demişdi ki, onun
ürəyindən keçəni yerin deşiyindən də olsa, tapıb çıxardıb...
Başçı
həyətdə özüyçün düzəltdiyi geniş nahar otağına düşərək, stol arxasında yerini tutub, elə ilk qutabı
əlinə
götürməyə
hazırlaşırdı ki, telefonu zəng çaldı...
Rayonun Yol-təmir tikinti trestinin müdiri idi.
Başçı
əvvəl istədi götürməsin, ancaq sonra ağlına gəldi ki, bəlkə yenə
də
hardasa uçqun filan olub...
Yox,
uçqun olmamışdı, müdirin səsində də
həyəcan filan hiss edilmirdi. Əksinə, yaşı
altmışa yaxınlaşan, həmişə yorğun,
bezgin əhvalda olan müdirin səsində elə bil
qəribə bir qətiyyət peyda olmuşdu..
- Bu
qəzanın nəticələrini aradan qaldıraq,
çıxıb gedəcəm.
- Hə,
gedib dincələrsən oğlunun yanında - müdirin
Rusiyada yaşayan oğlunu işarə edərək
Başçı cavab verdi.
- Yox,
birdəfəlik gedəcəm. Ərizəmi də
yazmışam.
- Niyə?
- Başçı avtomatik soruşdu.
-
Bezmişəm ey. Nə qədər olar? Ordan qopart bura cala,
burdan ora cala, bunu yedizdir, onun payını ver, o birinin faizini
çatdır... Adam öz-özünə nifrət
eləyir... bəsdi daha...
Müdirin
ürəyi dolu idi deyəsən, amma başçı
söhbəti uzatmağa imkan vermədi, "Yaxşı,
sonra danışarıq" deyib telefonu qapatdı..
Təbii
ki, heç nə başa düşmədi. Axı bir saat
əvvəl bir yerdə olmuşdular, rayona qalxan yolun
dağılan hissəsinin təmirinə nə qədər
vəsait gedəcəyini təxmini hesablamışdılar,
öz faizlərini də
bölüşdürmüşdülər, kimin
haqqını necə çatdıracaqlarını da razılaşdırmışdılar.
Bundan sonra başçı qayıtmışdı öz
yerinə, müdir də getmişdi öz idarəsinə,
təmirin smetasını tutmağa. Davranışında da
qeyri-adi heç nə hiss olunmurdu... Bəs bu bir saatın
içində nə baş vermişdi?
İlk
olaraq başçının ağlına gələn bu oldu ki,
Yol Təmir-Tikinti Trestinin müdiri naharda nəsə
geydirmə araq içib, başı gedib... Bu fikir
Başçıya inandırıcı göründü,
çünki müdir axır vaxtlar çox içirdi,
hər dəfə də içəndən sonra onsuz da
turşumuş sifəti bir az da turşuyurdu, bütün
dərdi-səri düşürdü yadına,
başlayırdı ki, oğlum fərsizdi, gündə bir
zibil çıxardır, düşür polisə, filan
qədər pulum gedir, qızım bir cür bədbəxtdi,
üç dəfə ər dəyişib, hələ bir
fərlisi çıxmır qabağına, nəvələr
də ki avara, hərəsi bir xarici ölkədə oxuyur,
ancaq oxuduqları universitetlərin heç
qapılarını da tanımırlar, bütün
vaxtları da gecə klublarında keçir, elə pul
dartmağı bacarırlar... Hər dəfə belə olanda,
başçı onu məclisdən qovurdu ki, yenə
ağırlığını tökürsən
üstümüzə, öz dərdimiz özümüzə
bəsdi, sən də bir yandan...
Başçı
elə bu fikirlərlə dəvə qutabının birincisini
yedi... Çox da xoşuna gəldi. Ətin maraqlı dadı
öz yerində, xəmiri də Corat qutabından fərqli
olaraq, elə bil kağız kimi nazik yayılmışdı.
Aşpaz arvadın bacarığına söz yox idi. Hər
dəfə paytaxtdan qonağı filanı gələndə,
süfrədəki yeməklər həmişə
təriflənərdi, ancaq əfsus ki, bu təriflər gedib
arvadın özünə çatmırdı - başçı
köhnə kadrlardan idi və prinsipi bu idi ki, adamı pis
işinə görə danlasan da, yaxşı işinə
görə tərifləmək olmaz, yoxsa qudurar, məsuliyyətini
itirər...
Birinci
qutab elə dişinin dibində qaldı, həvəslə
ikincisinə əl uzatdı. Ancaq bu dəfə də nuş
canlıqla yeməyinə imkan vermədilər - yenə telefon
zəng çaldı... Bu dəfə rayonun suvarma
sistemləri idarəsinin rəisi idi...
- Nədi,
nə istəyirsən? - soruşdu.
- Olmaz ey
belə. Bəsdi daha. Nə qədər olar. İnsan deyilik
bəyəm?
Başçı
rəisin səsini eşidib diksindi. Eyni qətiyyət, eyni
intonasiya.
- Nə
olmaz? Nə bəsdi?
- Camaat min
bir zülümlə torpaq əkir, biz də Yezid kimi
kəsdiririk başının üstünü ki, düş
tasa, filan qədər ver suya görə... Yediyimiz
çörək burnumuzdan gələcək ey... Mən
belə işləmək istəmirəm... Gəlim oturaq
danışaq, ya adam kimi işləyək, ya da ki...
Başçı
əsəblərini birtəhər saxlayıb bunu da yola verdi.
-
Gələn həftə gələrsən,
danışarıq...
Başçı
telefonu qapatdı, yenə ani fikrə getdi. Bunlara nə olub
belə? Bəlkə bu da həmin araqdan içib? Bilirdi ki,
rayonda iki-üç dənə arağ sexi var, keyfiyyəti
də ki məlum... Ancaq haqq-hesabı vaxtı-vaxtında
artıqlamasıyla çatırırdılar deyə, nə
başçı, nə polis onlara dəymirdi... Elə ilk
olaraq ağlına gələn bu sexlər oldu
başçının, lakin zəng vuran adamların belə
ucuz geydirmə araq içmələri də ağlına
batmadı... Hər ikisi canının qədrini bilən idi,
geydirmə arağa yaxın gedən deyildilər.
Növbəti
qutabı bu fikirlərlə yeyib qurtaran başçı, bir
stəkan barjom içdi, sonra yenə əlini
süfrəyə uzadanda, sanki qeyri-ixtiyari əl saxlayıb
telefona baxdı... Elə bildi ki, indi yenə kimsə zəng
vuracaq...
Elə
də oldu. Bu dəfə Təhsil Şöbəsinin müdiri
idi... Səsində eyni intonasiya olsa da,
danışdıqlarının məzmunu
başçını tamam çaşdırdı...
- Adam da
məktəblərdən pul yığar? Adam da uşaq
bağçalarının çörəyinə göz
dikər? Belə də kişilik olar? O pulu çörək
yox ey, qurğuşun eləyib boğazımıza
tökmək lazımdı... Elə yığırıq,
yığırıq gözümüz doymur... axı nə
vaxtacan
Başçı
bu dəfə nə fikirləşdisə, telefonu qapatmadan
stolun üstünə qoydu və Təhsil müdirinin
mikrodinamikdən gələn milçək
vızıltısına bənzər səsi altında
düşünməyə başladı... Avtomatik olaraq gözünün
qabağına bir il bundan qabaqkı hadisələr gəldi -
həmin Təhsil müdiri əvvəl başqa sahədə
çalışırdı, ancaq bütün
gücünü, yəni pulunu yığıb adam
tapmışdı, xahiş minnətlə, yalvar-yaxarla indiki
vəzifəsinə təyin olunmuşdu. Və bunu heç
kimdən də gizlətmirdi, həm məktəb
direktorlarına, həm də başqa əlaltılarına
dönə-dönə təkrar edirdi ki, mən min bir
zülümlə bu kresloya oturmuşam, əvəzini də
görməliyəm... Ona görə dönə-dönə
təkrar eləyirdi ki, unutmasınlar, əllərinə
gələn hər qəpiyi onunla
bölüşsünlər..
Elə
Başçını da çaşdıran məhz bu
məqam idi. Əvvəl zəng vuranlar çoxdan
işləyirdilər, yığdıqlarını
yığmışdılar, bir az
sakitləşmişdilər, ancaq bunun gəldiyi heç bir
il deyildi, hələ gözü və qarnı doymurdu,
çökmüşdü rayonun təhsil
müəssisələrinin canına, hamının
qanını sovururdu... İndi nə oldu buna? Kimin
boğazına qurğuşun tökmək istəyir? Bəlkə
bu da o geydirmə araqdan içib?
Birdən
başçı xatırladı ki, zəng vuran
mərmurların idarələri rayon mərkəzində
yanaşı tikilib, münasibətləri də var, çox vaxt
elə nahara da bir yerdə gedirlər. Yəqin, indi də bir
yerdə nəsə içiblər, başları gedib...
Telefonun
mikrodinamikindən milçək vızıltısına
bənzər səs hələ də gəlirdi və
qəfildən Başçını gülmək tutdu. Bunlar
yüz faiz nəsə oyun oynayırlar, onunla məzələnmək
istəyirlər... Ona görə dalbadal zəng vurub səfeh
şeylər danışırlar...
Başçı
telefonu qapadıb güldü, ancaq sonra başını
qaşıyıb fikirləşdi ki, hər halda bunlar
nəsə içiblər ki, onunla belə zarafat
eləməyə cəsarətləri çatıb. Yoxsa
ayıq vaxtı kimin nə həddi ola bilərdi?
Yaxşı, düşündü, mən sabah sizinlə
elə zarafat edərəm ki, səsi gedib paytaxta çatar...
Məsələnin
zarafat olduğunu özlüyündə
qərarlaşdırandan sonra daha iştahla qutablara girişdi.
İnsafən sonrakı yarım saat ərzində zəng
vurub eləyən olmadı. Başçı bu müddət
ərzində naharını yedi, üstündən bir
stəkan yaşıl çay da içdi, və
adətincə divana çökdü ki, bir az
mürgüləsin...
Ancaq imkan
vermədilər. Qəfildən qapı açıldı,
Rayonun Polis rəisi içəri girdi. Başçı onu
görən kimi diksindi... Rəis onun köhnə dostu olsa da,
yaşca xeyli kiçik idi, heç vaxt da belə
ədəbsizlik eləyib, xəbərsiz gəlməzdi. İndi
nə olub ki?
Rəis
salam-kəlamsız gəlib sözə başlayan kimi
başçı barmağını dişlədi...
-
Bezmişəm qardaş, bəsdi daha.
Elə ilk
sözdən Başçı eyni intonasiyanı hiss
elədi...
***
İcra
başçısını öz Polis rəisi ilə bir
yerdə buraxıb, gələk görək nəvəsi hara
qeyb olub...
Başçının
16 yaşlı nəvəsi bu saat gömgöy
meşədə qəhvəyi yarpaqları olan kolların
arasında dayanıb, havadan asılı qalmış
qızılı rəngli qəribə binaya baxırdı...
Əlbəttə
ki, ona heç də təəccüblü gəlmirdi ki,
qravitasiya qanunlarına görə binanın havadan
asılması mümkün deyil, ağacların
yarpağı göy-qırmızı, kollar da qəhvəyi
olmur və ətrafda uçuşan quşların da
başı kvadrat ola bilməz... Bilmirdi, çünki
heç ömrü boyu meşə, dağ
görməmişdi, hətta babasıyla gəzməyə
də gedəndə başı əlindəki planşetə
girirdi - gördüyü ancaq piksellərdən qurulan virtual
reallıq idi ki, orda hər şey olurdu...
Hərdənbir
məktəbə gedəndə qarşısına
çıxan küçükdən daha çox qorxurdu,
nəinki hansısa fantastik bədheybətdən...
Çünki qorxunc bədheybəti məğlub
eləmək üçün arsenalında plazma
qumbaraları, lazer qılıncı, buz saçan
tapança, özünü müdafiə etmək
üçün də energetik zirehi, hətta xeyli sayda magik
kristallar var idi, lakin zingildəyərək ayaqlarına
dolaşan küçüklə neynəmək lazım
olduğunu qətiyyən bilmirdi, onunçün də
möhkəm qorxurdu...
Beləcə,
uşaq qəhvəyi kolların arasında dayanaraq, havadan
asılmış sehrli binaya zillənmişdi və mistik
portala bənzəyən qapısından çıxıb
kəndirlə sürüşərək yerə
düşən eyni sifətli qanadlı
mələklərə, elflərə baxa-baxa
düşünürdü ki, mütləq bunların
ardınca getmək lazımdı, yoxsa hamısı
düşmənin müdafiə qalasındakı
kiborqlarının qurbanı olacaq... Niyə bunu
düşünürdü, özü də bilmirdi... Heç
bilməyinə ehtiyac da yox idi. Çünki gözünü
açandan heç nə düşünməmişdi,
sadəcə oynadığı kompüter oyunlarının
qaydalarına ciddi-cəhdlə riayət eləmişdi - qalan
həyatını elə yuxulu kimi yaşamışdı -
üzünü nadir hallarda gördüyü ata- anası,
babası, hərdənbir xala-xətrin qalmasın deyə,
getdiyi məktəb, diqqətini oyunlardan ayıra
bilməyən qonaqlıqlar, məclislər... Bunlar
hamısı yuxu idi. Əsl reallıq isə piksellər
dünyası idi ki, burda da hər oyunun dəmir qanunları
və sərt tələbləri vardı. Bu qanunlar da onun
beyninə möhkəm həkk olunmuşdu Və indi də,
son üç ayda fasiləsiz oynadığı
"İmperiya 4" oyununun qanunlarına uyğun olaraq bu
kəpənəyə bənzər qanadlı
mələklərin, elflərin ardınca getməliydi,
yeraltı Zülmətdən çıxan Qoblinlərlə,
qara cəngavərlərlə mübarizə aparmalıydı...
Çünki o, yüksək kateqoriyalı
Peyğəmbər idi... "İmperiya 4"-ün
İşıq Peyğəmbəri...
Bu oyunun
içinə necə gəlib düşmüşdü
və Günəş məbədindən çıxmalı
olan həqiqi İşıq Peyğəmbəri hara
getmişdi - bütün bunlar indi onu qətiyyən maraqlandırmırdı...
Qarşıda onu gərgin döyüş gözləyirdi...
Lakin
uşaq oyunun çoxsaylı qaydaları içində itib
batan kiçik bir detalı unutmuşdu - 4-cü kateqoriya
İşıq Peyğəmbərinin oyunda Zülmət
yunitlərinə təsiri nə qədər
gücləndirilsə də, daxili enerji tutumu
artmamışdı - Ard-arda cəmi yeddi düşmən
yunitini işıqlandıra bilirdi, bundan sonra İşıq
Peyğəmbəri yenidən Günəş
məbədinə qayıtmalı, enerjisi bərpa olunana
qədər orda qalmalıydı... Əgər enerjisi
tükənəndən sonra da dua oxuyub kimisə
"işıqlandırmaq" istəsəydi, əks effekt
alınacaqdı - Peyğəmbər özü
qəfildən yoxa çıxacaqdı...
Tom Brayan
yeni İşıq Peyğəmbərini
proqramlaşdıranda bu hiyləgər məqamı ona
görə əlavə eləmişdi ki, oyun zamanı
Peyğəmbərin enerjisi sıfra enəndə, qeymer onu ya
Günəş məbədinə qaytarıb bir gün
gözləsin, yaxud onlayn ödənişlə, bir anda
yenidən əvvəlki enerjisini qaytararaq oyunu davam eləsin...
Və əslində bütün bu onlayn oyun "biclikləri"nin
əsl mahiyyəti məhz burdaydı - yeniyetməni oyuna
aludə edəndən sonra, proses zamanı hansısa xırda
bonusları təklif etməklə, xırda
ödənişlər qopartmaq və bu
"xırda"ları getdikcə artırıb, qeymeri
müəyyən mənada narkomana çevirməklə
öz bank hesabını siyirmək...
Hər
halda Tom Brayan balaca adam deyildi - ABŞ-ın ən
tanınmış universitetlərindən birini uğurla
bitirmişdi, İT texnologiyalar üzrə çoxsaylı
mükafatlar və qrantlar almışdı, özünün
İT şirkətini yaratmışdı, öz sahəsinin
ən nüfuzlu mütəxəssislərindən biri kimi
tanınmışdı... Və çox gözəl bilirdi
ki, indiki dövrdə ən böyük, ən sanballı elmi
nailiyyətlərinin arxasında kiminsə cibinə girmək
məqsədi durmursa, o "böyük elm" heç
kimə lazım deyil... Və bu minvalla illərdir ki,
müxtəlif maraqlı onlayn oyunlar yaratmaqla, dünya
miqyasında avam gəncləri "oyun narkomanları"na
çevirərək, öz bank hesabını doldururdu...
Məhz bu
aspektdən yanaşanda Tom Brayanın həyat strategiyası bu
saat İcra başçısının qarşısında
oturmuş Polis Rəisinin fəaliyyət mexanizminə
çox oxşayırdı... - rayonda narkotik satanları
himayəyə götürərək, daha çox gəncin
bu yola düşməsini təmin etmək, daha sonra isə
onları iş başında tutaraq, valideynlərinin
ciblərini siyirmək...
İcra
Başçısı da bütün bunları çox
gözəl bilirdi, məhz buna görə də Polis
rəisinin gəlib onun qarşısında oturub, vicdan
əzabından danışmağa başlaması
Başçını tamam çaşdırmışdı...
- Nə
vaxtacan belə olacaq? Hamının zəhləsi gedir
məndən. Bu boyda rayonda bir nəfər adam yoxdu ki, məni
görəndə gözləri gülsün. Sabah
başımı yerə qoysam, bir nəfər rəhmət
oxumayacaq ey... Hamı deyəcək Allah lənət eləsin,
neçə illər qanımızı içib... Hətta
gəlib qəbrimin üstündə şalvarlarını
çıxardıb...
- Bəsdi
görək... - İcra Başçısı onun
sözünü kəsdi, - yekə kişisən. Nə olub
sənə? Sən Polis rəisisən. Qanun
keşikçisisən... Başqa necə olmalıdı?
Hamı səndən qorxmalıdı da... Artist,
müğənni deyilsən ki, gəlib başına
fırlansınlar.
-
Yaxşı, başıma fırlanmasınlar. Amma heç
olmasa, bir tikə hörmətim olsun da... - Polis rəisi
əlini stola vurdu - Nə isə, bacarmadım.
Alınmadı... Eliyə bilmədim...
- Nəyi?
- başçı qeyri-ixtiyari soruşdu...
- Süleymanın
məsələsini deyirəm...
Başçı
xatırladı ki, keçən ay rayonun tanınmış
fermerlərindən biri onunla kəllə-kəllə
gəlmişdi, camaat arasında bəzi şeyləri
birbaşa üzünə demişdi, o da Polis rəisinə
tapşırmışdı ki, bu qudurmuşun
obyektlərinə silahdan-narkotikdən atıb ilişdirsin,
ağlı gəlsin başına...
-
Eləyə bilmədim ey - Polis rəisi davam elədi. -
Kişi hərəkəti deyil ey... Sonra onun gözünün
içinə necə baxacam? Ağsaqqal adamdı, rayon
camaatına o qədər köməyi dəyib, hamı onun
xətrini istəyir. Kim inanacaq ki, narkotik alverinə, ya silah
işinə girişib. Hamı başa düşəcək
ki, qurma məsələdi... Bağışla, amma mən
atamın gorunu bütün rayon camaatına söydürə
bilmərəm...
Polis
rəisi bunu dedi və elə qəfil gəldiyi kimi də,
qəfildən qalxıb otaqdan çıxdı.
Başçı
bu dəfə çox dərin fikrə getdi. Guya
dünənəcən rayon cavanlarının cibinə narkotik
atdırıb atalarını qoyun kimi qırxan bu deyildi. Bəs
nə oldu buna?
Əvvəl
elə düşündü ki, Süleyman buna pul verib,
ələ alıb, öz tərəfinə çəkib...
Sonra
bayaqdan zəng vurub səfeh-səfeh danışan
məmurları xatırladı, elə düşündü
ki, Polis rəisi də, onlarla birləşib, zarafatca
nəsə oyun qurublar məzələnməkçün. Ancaq
ağlına batmadı. Bütün rayonu qurdalayanda, ruhunda
qəti yumor hissi olmayan yeganə adam tapmaq mümkün
olsaydı, o da Polis rəisi olacaqdı... Allah elə bil
doğuluşdan bu adamı normal zarafat anlayışından
məhrum eləmişdi... O şeyə ki hamı
gülərdi, onu bu başa düşməzdi, o şeyə
ki bu gülərdi, ona da bundan başqa heç kim
gülməzdi...
Başçı
bütün bunları düşünüb, zarafat
variantının üstündən xətt çəkdi
və qəfildən canını vahimə bürüdü. Bir
müddət əvvəl ard-arda həbs olunan
"rəhmətlik" İcra başçısı
yadına düşdü və düşündü ki,
bəlkə bunların da qulağına nəsə
çatıb? Bəlkə məni də tərpətmək
istəyirlər, bunlar da öz yaxalarını indidən
qırağa çəkirlər ki, guya mənimlə
heç yaxın əlaqələri filanları da
olmayıb... Batan gəmidən qaçan birinci siçovullar
olur...
Ancaq bir
qədər düşünəndən sonra bu variantın da
üstündən xətt çəkdi, çünki
yuxarılarda vacib qərarlar qəbul olunan yerlərdə
yaxın adamları vardı və onun əleyhinə kimsə
nəsə kampaniya başlasaydı, birinci özü
xəbər tutacaqdı...
Bütün
bu qəribə hadisələrin səbəbini
öyrənməkçün ümidi yenə bacoğluya
qaldı, tez zəng vurub yanına çağırdı.
Bacoğlu
isə elə belə bacoğlu deyildi, həşərat idi.
Uzun illər müxtəlif bölgələrdə prokurorluq
orqanlarında çalışmışdı və
başçı bu rayona gələndən sonra
bacoğlusunun çətinliklə də olsa, bura
keçirilməsinə nail ola bilmişdi. Məqsədi
də bu idi ki, rəsmi hüquq mühafizə orqanlarından
əlavə, burda onun özünün şəxsi informasiya
mənbəyi də olsun. Bacoğlu da bura gələndən
sonra qollarını çırmalayıb işə necə
girişmişdisə, bir ilin içində rayonun
bütün içalatını öyrənib dayısına
təqdim eləmişdi - kim kimin adamıdı, kim kiminlə
yola getmir, kimin kimlə prinsipi var, hansı nəsil hansı
nəsillə dostdu, hansı hansıyla
qanlıbıçaqdı, kimin oğlu nə işlə
məşğuldu, kimin qızı nə işlə
məşğul deyil. Bir sözlə, bacoğlu bir ilin
içində rayonda, sanki dayısının qeyri-rəsmi
"göz"ünə çevrilmişdi və bu
gözün diqqətli nəzərindən heç nə
yayınmırdı. Bacoğlu, sanki Cənab
Başçının qeyri-rəsmi kəşfiyyat
xidməti idi. Xüsusi adamları vardı, rayonda baş
verən ən xırda hadisə barədə də ona gizli
məlumatlar ötürürdülər. Təbii ki,
havayı yox...
Elə indi
də, bacoğlunu çağırıb vəziyyəti
başa salandan sonra, Başçı bir az rahatlandı.
Bilirdi ki, bacoğlu qısa müddətdə
məsələnin səbəbini öyrənəcək...
Həqiqətən
də elə oldu. Başçı nahardan sonra maşına
oturub rayona qalxan yola baş çəkdi, səhər baş
verən qəzanın nəticələrinin aradan
qaldırılmasıyla bağlı aparılan
işlərlə tanış oldu, işləri
sürətləndirməkçün lazımi
tapşırıqları verdi, geri qayıdanda isə
gördü bacoğlu artıq ilkin informasiyalarla onun qəbul
otağındadı...
Bir
saatın içində bütün məmurların yan-yörəsinə
yeritdiyi adamlarla görüşən, təhlükəsizlik
kameralarının qeydlərini gözdən keçirən
bacoğlu əldə elədiyi bütün informasiyaları
dayısına çatdırdı... İnformasiyalar isə
bir qədər fərqli və qəribə idi.
Məlum
oldu ki, əynində boz rəngli Puma şəkilli idman
gödəkçəsi olan arıq, balacaboy bir adam
növbəylə rayonun yol-təmir tikinti idarəsinin
müdiriylə, suvarma sistemləri idarəsinin rəisilə,
Regional Təhsil Şöbəsinin müdirilə və
nəhayət, Polis rəisilə görüşüb. Hərəsinin
yanında on dəqiqədən çox olmayıb. Amma nə
baş veribsə, məhz bu görüşlərdən sonra
baş verib...
Ən
qəribəsi isə Puma gödəkçəli adamın
rahatlıqla bu məmurların yanına necə keçə
bilməsi olub. Çünki rayonda hamı bilirdi ki, bu
adamların, ələlxüsus da Polis rəisinin qəbuluna
düşmək üçün az qala günlərlə
növbə tutmaq lazım idi... İdarələrin
mühafizəçiləri, əməkdaşları belə
bir adamın gəlib rəislərlə görüşdüyünü
dəqiq desələr də, heç biri o adamın
sifətini dəqiq xatırlamırdı və niyə bu
adamı rəisin yanına buraxdıqlarını heç bir
məntiqlə izah edə bilmirdilər... Sanki həmin anda
hipnozlanmış kimi görünürdülər...
Bacoğlu,
hətta bu adamın təhlükəsizlik kameralarına
düşən şəklini də gətirmişdi, lakin
idman gödəkçəsinin kapyüşonunu başına
atdığından üzü görünmürdü.
Adətən, yuxarıda yerləşdirilən kameralara
yalnız onun ümumi görünüşü, bir də
gödəkçəsinin kürəyindəki qara Puma
şəkli və yazısı düşmüşdü...
Başçı
hipnoza, mistikaya filana inanan adam olmasa da, təhtəlşüur
səviyyəsində başa düşdü ki, son saatlarda
ətrafında baş verən bütün bu qəribə hadisələrin
səbəbkarı Puma gödəkçəli həmin
adamdır. Ona görə bacoğlunu göndərdi ki,
başqa idarələrin mühafizəçilərinə,
dükan- bazardakı adamlarına tapşırsın ki, bu
adamı görsələr, heç kimin yanına
buraxmasınlar, tez ona xəbər eləsinlər...
Bacoğlu
axtarışları davam eləməkçün
çıxıb gedəndən sonra, İcra
başçısı uzun müddət
qarşısındakı şəkillərdəki naməlum
adama, daha doğrusu, o adamın boz gödəkçəsinin
kürəyindəki qara Pumaya baxdı... Ani olaraq ona elə
gəldi ki, bu Puma ova çıxıb və o biri xırda
məmurların axırına çıxandan sonra onun da
ardınca gələcək...
Birdən-birə
bu ad ona tanış gəldi. Puma, puma... Harda eşitmişdi? Hə,
yadına düşdü. Keçən ay gəlini evdə
kiminləsə telefonla danışırdı ki,
oğluyçün orjinal Puma gödəkçə alıb
İstanbuldan, yeni kolleksiyadı, bütün ölkədə
heç kimdə yoxdu, birinci mən alıb
gətirmişəm.
Nəvəsiyçün
alınan brend gödəkçənin bu naməlum adamın
əynindəki Puma ilə əlaqələrini ətraflı
düşünməyə macal tapmamış Başçının
telefonuna daha bir zəng gəldi.
Rayonun
Maliyə şöbəsinin müdiri idi... Həm də
Başçının qeyri-rəsmi "qara kassir"i...
-
Bütün vəsaiti köçürtdüm yetimxanaya.. - müdir
fəxrlə dedi...
- Nə
vəsait? - Başçı ani düşündü. Uşaq
evinə köçürüləsi hansısa vəsait
barədə məlumatı yox idi... - Hardan ayırıblar ki?
- Öz
vəsaitimizi deyirəm...
- Niyə?
- Başçının boğazı qurudu. - Sənə kim
tapşırmışdı ki?
- Heç
kim... Neçə dəfə hökumət pul ayırıb
yetimxananın təmiri üçün. Hər dəfə
də divarları yalandan rənglətdirmişik, qalan
vəsaiti ötürmüşük kənara... - Maliyyə müdirinin
səsində xəcalət notları hiss olundu. - Yazıq
uşaqlar əziyyət çəkirlər. Köhnə
binadı. Heç olmasa bir dəfə
əməlli-başlı kapremont elətdirsinlər... Yetim
olanda nə olar? Adam deyillər bəyəm?
Bu
dəfə başçı özünü saxlaya
bilmədi, həmişəki kimi beyni çöndü.
- Sənin
başına hava gəlib? Heyvanın biri heyvan. O vəsait
atanın mirasıdı bəyəm hara istəyirsən
köçürdürsən? Yiyəsizsən? Yoxsa sən
də qudurub yolunu azmısan? - başçı gördü
ki, telefonla danışmağa səbri çatmır. -
Heç yerə getmə, kabinetində ol, bu saat gəlib orda
sənin ciyərini çıxardacam.
İcra
başçısı telefonu əsəbiliklə qapadıb
hikkəylə ayağa durdu. O biri məmurların baş-ayaq
danışması onu çox da özündən
çıxartmamışdı, ancaq indi məsələ
başqaydı, ortada maddi məsələ var idi. Ona
görə qərara gəldi ki, özü şəxsən
gedib məsələni yerində həll eləsin, maliyə
şöbəsinin müdirini elə öz kabinetində
qulaqlarından divara mıxlasın.
Başçı
paltosunu götürüb kabinetdən çıxanda qəbul
otağında ikinci müavinlə rastlaşdı.
-
Yaxşı gəlmisən, - Başçı əsəbini
müavininin üstünə tökdü. - Düş
qabağıma gedək, görək bu maliyyə idarəsi
nə oyun çıxardıb orda.
- Mən
heç yerə gedən deyiləm.
İkinci
müavinin səsindəki inadkarlıq tonları
başçını diksindirdi, çönüb
diqqətlə müavinin gözünün içinə
baxdı və diksindi. Eyni ifadə, eyni səs tonu...
İkinci
müavin isə əlindəki ərizəni katibənin
stolunun üstünə qoydu.
- Mən
daha sizin heç bir işinizdə iştirak
etməyəcəm. İstəyirsiz asın, kəsin. Mən
daha belə yaşaya bilmərəm. Bacarmıram. Bəsdi.
Mən çıxıb gedirəm... Bu da ərizəm...
Müavin
qapını vurub getdi... Bayaqdan bəri sakitcə çay
içərək yediyi konfet katibənin boğazında
qaldı, öskürdü...
Başçı isə katibəni, sanki
görmürmüş kimi, müavinin ərizəsini
götürdü, qeyri-ixtiyari göz gəzdirdi...
Ərizədəki
cümlələr eynən müavinin dilindən
çıxan cümlələr idi - Daha belə
işləyə bilmirəm, bacarmıram. Gedirəm...
Maliyyə
idarəsinə getməli olduğu başçının
yadından çıxdı. Ağlına gəldi ki,
əgər İkinci müavinin də başı gedibsə,
deməli... deməli, o Puma... artıq burdadı... Bu saat sakit
səssiz addımlarla İcra hakimiyyətinin
dəhlizlərində gəzir... Hə, ikinci müavinin
kabineti aşağı mərtəbədədi... Ardıyca
birinci müavinin kabineti.. sonra da yuxarı, bir baş onun
yanına... İkinci müavin gəldi... bəs indi... indi...
deməli, məşum Puma bu saat birinci müavinin
yanındadı... Onun da başını yeyəndən sonra
neynəyəcək? Yuxarı qalxacaq... birbaş onun
yanına... heç kim də qarşısını
kəsə bilməyəcək. Necə ki, qapıdakı
mühafizəçilər qarşısını
kəsə bilməyiblər...
İcra
başçısı hiss elədi ki, saçlarından
başlamış buzlaşma yavaş-yavaş üzü
aşağı, ayaqlarına tərəf gedir... elə bil
başına qar yağmağa başlamışdı..
Düşündü
ki, indi buzlaşma gedib ayaqlarına qədər
çıxacaq, onda qəti yerindən tərpənə
bilməyəcək və Puma gəlib elə burda,
katibənin yanında onu da o birilər kimi tutub...
Başçı
ardını fikirləşməyə belə cəsarət
eləmədi...
- Heç
kimi içəri buraxma. Mən yoxam. Yatmışam.
Ölmüşəm...
Katibə
ikinci dəfə çeçədi, Başçı
isə ona fikir vermədən cəld öz otağına
sıçrayıb, ikilaylı qapını açarla
möhkəm bağlayıb, vahimə içində divara
söykəndi. Bu nə zibil idi düşmüşdü.. qeyri-ixtiyari
təxəyyülü işə düşdü. Bütün
bu hadisələrin davamını düşündü.
Gözünün qabağına gəldi ki, rayondakı
bütün məmurları hipnoz eliyəndən sonra
məşum Puma gəlib onun da beynini çöndərir...
Beləcə, gedən gedir, qalan da hamı bütün
əyri işləri kənara qoyub başlayırlar quru
maaşa işləməyə... İlahi pərvərdigara,
bu mümkünmü? Divara dırmaşdırarlar ey
məni... Quru maaşla uşaqların xərclərini
necə ödəyəcəm, rayona gedib-gələn qonaq-qaranın,
dost-tanışın qarnını nəylə dolduracam,
necə əlidolu yola salacam? Elə həyətdəki cins
avçarkaların rasxodları maaşımdan beş
dəfə çoxdu... Hələ qohum-əqrəba, qudalar,
yeznə-qayın. Adam yerinə qoymazlar ey məni. İtcən
də hörmətim olmaz quru maaşa otursam... Kimə
lazım olacam belə vəziyyətdə? İlahi, mən
neynəmişdim axı, günahım nəydi bu
cəzanı göndərdin mənimçün?
Başçı
bu fikirlərin içindəykən, yenə telefonu zəng
çaldı, götürüb baxan kimi Birinci müavinin
adını gördü... Tez telefonun səsini kəsdi...
Vəssalam,
Başçı vahimə içində
düşündü, bu da yeddinci, bunun da başını
yedi. Növbədə mənəm. İndi yüz faiz
mənim yanıma gəlir... Bəlkə də artıq
qəbul otağındadır. Hə, artıq burdadı..
Başçı
qeyri-ixtiyari qəbul otağına qulaq tutdu... Sakitlik idi.. Amma
birdən bayır qapının yavaşca
açılmasının səsi gəldi... Yenə ani
sükut. Ardınca çox qəribə, həssas və
adamın ruhuna az qala sərin bahar yeli kimi yayılan bir
səs...
- Cənab
başçı yerindədi?
Yenə
qısa sükut....
- Bəli
- katibənin, sanki təslim olmuş səsi eşidildi. -
Yerindədi... sizi gözləyir...
Necə
yəni yerindədi, başçı dişlərini
sıxdı, axı dedim ki, yoxam, yatmışam,
ölmüşəm...
Başçı
özündən asılı olmayaraq qapının
qabağından sıçrayıb, cəld öz stolu
arxasına keçdi, kreslosuna möhkəm oturdu.
Yox,
mən heç yerə gedən deyiləm, mən burda oturacam,
illərlə oturmuşam, illərlə də oturacam,
özüm də dəyişib eləyən deyiləm,
necə varamsa, o cür də qalacam.
Qapının
zamokuna, sanki kimsə açar soxdu, iki dövrə vurub
dayandı. Tutacağı aşağı endi... Qapı yavaş-yavaş
aralandı...
***
Başçının
nəvəsi isə döyüşə-döyüşə
artıq Zülmət hökmdarının mağarasına
yaxınlaşırdı. Ətrafındakı ağ
mələklər, elflər Mağaradan çıxan qara
qoblinləri işıq çubuqlarıyla əritdikcə,
onun özü də, Zülmət ləşkərinin
əsas cəngavərləriylə mübarizə
aparırdı. Zülmət cəngavərləri qorxulu
və güclü yunitlər idilər, zirehli olduqlarından
adi mələklərin işıq çubuqlarından
çıxan şüalar onlara təsir etmirdi. Yalnız
4-cü kateqoriya İşıq Peyğəmbərinin bu
qorxunc cəngavərlərə gücü çatırdı,
magik dualar oxuyaraq Zülmət cəngavərinin içini
işıqlandırıb zərərsizləşdirirdi...
Zülmət
hökmdarının mağarasının lap ağzına
çatanda uşaq yeddinci Zülmət cəngavəriylə
mübarizə aparırdı və artıq onu yenmək
üzrəydi...
Nəhayət,
növbəti magik duanı oxuyaraq, magik kristalı irəli
uzatdı, Zülmət cəngavərinin zirehini dəlib
için işıqlandıraraq onu da
zərərsizləşdirdi. Bu artıq sonuncu Cəngavər
idi. Zülmət hökmdarı müdafiəsiz
qalmışdı... Deməli, sadəcə, son
sıçrayış, son hücum və qələbə...
Uşaq
Zülmət hökmdarını da məhv eləmək
üçün mağaranın içinə girməyə
hazırlaşdığı məqamda, qəfildən
qulaqlarında qəribə səs peyda oldu. Düüüt.. düüüt..
düüüt... düt düt düt düt...
Bu səs
yaman tanış gəldi ona. Birdən yadına
düşdü. 4-cü kateqoriya Peyğəmbər yeddi
düşmən yunitini işıqlandırandan sonra,
özünün enerji şkalası da qırmızı
xətdən aşağı düşürdü... Yenə
geriyə, Günəş məbədinə qayıtmalı
və enerji yığana qədər orda qalmalıydı...
Lakin uşaq nə fikirləşdisə, son
qərarını verdi. Geri qayıtsa, bütün bu
müddət ərzində əldə elədiyi
irəliləyiş də, bonuslar da, hamısı
sıfırlanacaq, sən enerji yığana qədər
Zülmət hökmdarı da öz gücünü bərpa
edəcək, sonra hər şeyi yenidən başlamaq
lazım olacaq... Yox, geri qayıtmaq olmaz, hətta enerji
miqdarı qırmızı şkaladan aşağı olsa da,
cəhd eləmək lazımdı. Bəlkə ikinci
xəbərdarlıq siqnalına qədər, son
sıçrayışla, son şüalanma ilə
Zülmət hökmdarını məğlub etməyə
müvəffəq ola bildi...
Beləcə,
uşaq parıldayan uzun libasının ətəklərini
yığdı, əlindəki magik kristalı irəli uzadıb
yavaş-yavaş mağaranın içinə girdi...
***
Qapı
aralandı... İcra başçısı
qarşısındakı kağızların
üstünə başını əyib elə oturmuşdu
ki, elə bil gözünü qaldırıb içəri
daxil olan adama baxsa, eynən Meduza Qarqonanın gözünə
baxan yunan qəhrəmanı kimi daşa dönəcək...
Hiss
elədi ki, nəfəsi çatmır. Birtəhər
qalstukunun düyününü boşaltdı...
- Salam... -
qonaq dilləndi...
Başçı
qeyri ixtiyari-səsə reaksiya verərək başını
qaldırdı, lakin içəri girən qonağın
özündən daha çox əlindəki alma diqqətini
çəkdi. Puma kimi səssiz sakit addımlarla ona
yaxınlaşan qonaq əllərini irəli uzadıb ovcunda
tutduğu almanı, sanki ona hədiyyə etmək
istəyirdi.
Başçı
almaya zilləndi. Ana südü kimi ağappaq, körpə
dərisi kimi hamar, qartopu kimi yupyumru alma...
Qonaq stola
yaxınlaşıb dayandı. Başçıya isə
elə gəldi ki, qonaq dayansa da, ovcunda tutub magik artefakt kimi
irəli uzatdığı alma dayanmır, yavaş-yavaş
ona yaxınlaşır, yaxınlaşdıqca
gözlərində böyüyür, bütün
baxış dairəsini əhatə edir... Almanın rəngi ağ
olsa da, yaxınlaşdıqca Başçı gördü
ki, qabığının altında nəsə işıq
oynayır, hərəkət edir, qabığı
həyəcanlı qadın sinəsi kimi qalxıb enir, sanki
onu çağırırdı... Başçı, sanki
ovsunlanmış kimi almaya əl uzatmaq istədi,
nədənsə, beynindən Adəm Həvva hekayəti
və cənnət alması keçdi, onlara haqq
qazandırdı.
...Belə
almaya necə əl uzatmayasan, axı bu sadəcə alma deyil,
bu, varlığın mənbəyidi, yaddaş
xəzinəsidi, ilahi işıqdı, hər şeydi bu alma,
hər şeydi, bütün kainatdı, günəşdi,
ulduzlardı...
Alma onun
gözlərinə yaxınlaşdı,
yaxınlaşdı... Kreslosunda oturub gözlərini
bərəldən Başçı əvvəl tam
anlamadı ki, alma onun gözlərinin içinə girdi, ya
onun gözləri almanın içinə girdi... Gördüyü
isə süd kimi ağappaq rəngli almanın
içindəki qadın sinəsi idi. Anasının
sinəsi... ana südü, uşaq
çığırtısı, ilk uşaq addımları,
ağacdan dərilən şaftalı, armud, daha sonra təndir
çörəyinin ətri, babasının ağır
səsi - "Adamın yediyi çörəyi gərək
ana südü kimi halal olsun" , "Haram yeyənin
çörəyi burnundan gələr", "Yalanla
fahişəliyin arası qırx gündü"...
Başçının
gözləri yaşardı, günahkar uşaq kimi sakitcə
ağlamağa başladı, sanki babasıyla
danışırmış kimi pıçıldadı...
- Baba,
qurban olum, bağışla, bilməmişəm.. mən
istəmirdim, heç bilmədim necə oldu, heç
bilmədim hardan başladı, axı bizim nəsildə haram
tikə yeyən olmamışdı, bəs mənə nə
oldu? Niyə belə oldu? Bağışla baba, noolar, -
səsində qəfil qətiyyət peyda oldu. - Söz
verirəm, hər şeyə tüfürəcəm,
birdəfəlik çıxıb gedəcəm, birdəfəlik,
bütün var- yoxumu paylayacam yetim-yesirə, heç nə
saxlayamayacam...
-
Qəfildən başçının beynində, sanki
sağlam təfəkkürün işartısı
keçdi, öz səsinin intonasiyası ona tanış
gəldi. Hə, eynən səhərdən onun yanına
gələn məmurların danışıq intonasiyası
idi, eynən. Deməli, bu məni də tilsimləyir... olmaz,
olmaz...
Başçı
bütün gücünü toplayıb silkələndi,
yerindən necə sıçradısa özü də
bilmədi, bir də onu gördü ki, diz üstə
çökərək qonağın qarnını
qucaqlayıb, ara-sıra almaya baxaraq həyəcanla
yalvarır...
- Xahiş
eləyirəm, çıx get bizim rayondan. Nə
istəyirsən eləyim, nə qədər istəyirsən
verim, bu almanı da götür, çıx get burdan,
bədbəxt eləmə bizi, zorla yerimi
bərkitmişəm, rayonun işlərini nizama
salmışam. Evimizi yıxma, beş-altı dənə
inanılmış adamım var, onların da başını
yemisən, heç olmasa qalanlarına dəymə,
ağıllarını alma əllərindən, axı
nəyinə lazımdı, nə marağın var, guya burda
heç kim haram çörək yeməsə, hamı can
deyib can eşitsə, sənə nəsə xeyri olacaq?
Olmayacaq, heç kimə xeyri olmayacaq, başa düş,
qurban olum, axı başqa cür mümkün deyil, normal nizam-
intizam istəyirsənsə, gərək yeyib yedizdirə
biləsən, ətrafına da yeyib yedizdirməyi
bacaranları yığasan. İndi sən bu adamların
beynini xarab eliyəndən sonra mən kiminlə
işləyəcəm? Mən də yeyib yedizdirməsəm,
elə birinci mənim dalımdan dəyəcəklər... Nə
şəxsiqərəzliyin var mənimlə axı? Neynəmişəm
sənə? Başqa rayon yoxdu? Odey, aşağı rayonun
başçısı dörd dənə arvad saxlayır,
hərəsinə ayda on min pul verir, dəniz
qırağındakı başçı eşşək
ferması açıb, həm də qara ikra vurur Rusiyaya,
üstümüzdəki rayonun başçısı
bütün uşaq bağçalarının pulunu basıb
yeyir, İstanbulda da ev alıb keçən ay... Onlar
qalıb, məni niyə bədbəxt eləyirsən? Gözün
bircə məni görür? Dişlə-dırnaqla gəlib
çıxmışam ey bura, niyə evimi yıxırsan?
Çıx get, qurban olum sənə, bu almanı da rədd
elə burdan, Allahın olsun, çıx get, o dünyada
cavabını necə verəcəksən? Allahdan qorx,
bədbəxt eləmə bizi.
Birdən
qəribə səs eşidildi... Düüüt.. düüüt..
düüüt... düt düt düt düt...
Başçı
səsini kəsdi, hiss elədi ki, sanki bayaqdan almadan yayılan
qəribə istilik dalğaları çəkilir,
əvəzində, sanki ətrafa qəribə bir soyuqluq
yayılır. Sanki fikri-düşüncəsi bir azca
özünə qayıtdı, almaya diqqət kəsildi... Alma
isə əvvəl xarab olmuş lampa kimi bir neçə
dəfə yandı, söndü, içindəki
işığı azaldı, çoxaldı, yenə
azaldı, son nəfəsini alırmış kimi
qabığı bir neçə dəfə tərpəndi...
Elə bil içindəki enerji bitmək üzrəydi...
Nəhayət,
işığı tam getdi, hərəkəti dayandı. Almanın
rəngi də dəyişməyə başladı. Süd
ağlığı yavaş-yavaş getdi,
yaşıllaşdı, dönüb oldu adi yaşıl alma...
Almanın
enerjisi azalıb yoxa çıxdıqca, İcra
başçısının da normal ağlı-şüuru
yerinə qayıdırdı... Hər ehtimala qarşı,
gözlərini almadan çəkmədən, həyəcanla
nəfəsini dərərək ayağa qalxanda birdən
xatırladı ki, bayaqdan bəri daş heykəl kimi hərəkətsiz
dayanan qonağın üzünə heç bir dəfə
də baxmayıb...
Ani
başını qaldıranda diksindi...
Qarşısında
nəvəsi dayanmışdı... Amma elə bil
özündə deyildi. Gözlərini geniş açıb
babasının kreslosunun yanındakı bayrağa
baxırdı...
-
Köpəyoğlu, burda neynirsən? - Başçı
qeyri-ixtiyari xırıltılı səslə
bağırdı.
Uşaq diksinib ayıldı,
heyrətlə otağı gözdən keçirtdi,
əlindəki almaya baxdı və
nəhayət, başını qaldırıb qərib baxışlarla babasının gözünə zilləndi...
- Eşitmirsən məni? - bağırtı təkrar olundu. - Neynirsən burda?
Uşaq yenə əlindəki almaya baxdı və
qəfildən dodaqlarında qəribə
bir təbəssüm peyda oldu...
- Alma... Alma gətirmişəm səninçün... Cənnət alması...
İlqar FƏHMİ
Ədəbiyyat
qəzeti.- 2020.- 9 may. S. 14-17.