"Ölümlərin
ucuz vaxtı"nın qiymətli
poeziyası
Əjdər Olun
"Yaşa" şeirlər kitabı haqqında
düşüncələr
Təyyarədə Naxçıvana uçuram. Uçuşun
nə vaxt bitdiyini bilməmişəm. Elə
bil ovsun içindəyəm. Əjdərin
"ağır qranit sinə daşının altında qiyamət
günü də ayağa qalxmağa gücü
çatmayacaq" Namiq Abdullayevin həyatını anladan
şedevri məni ovsunlayıb. İçim
danışır mənnən: Bax böyük mənada ədəbiyyat
budur, yazı budur, sənətkarlıq budur...
Və bir
də adamlara adamdan danışmaq budur... 33 il
bundan əvvəl tanıdığım Əjdəri elə
bil təzədən kəşf elədim.
Adamlara adamdan danışmaq, adamlara aydan, ulduzdan, əbədiyyətdən,
ölümdən, danışmaqdan qat-qat çətindi. Bu zor və
çətin işin öhdəsindən Əjdər sənətkarcasına
gəlib.
"Adamlar onu öləndən sonra da başa
düşməmişdilər" - deyir Əjdər. Ancaq
Əjdərin özü anladılması zor olan şeyləri
anlatmaq gücündədi.
Mən Əjdərin son kitablarını oxuyandan sonra
anladım ki, o hamının gördüyü və heç
kimin tanımadığı böyük bir qələm
sahibidi.
Əjdərin
tanınmağından (1982-ci il gənc
şairlərin ümumrespublika müşavirəsindən)
düz 30 il - bir qərinə keçib.
Bir qərinəyə sığan bu müddətdə
bir qərinəyə sığmayacaq işlər
görüb Əjdər. O, bu gün şair,
yazıçı, dramaturq olmaqdan çıxıb
böyük düşüncə və fikir adamına
çevrilib.
Bütün bunlara baxmayaraq, o mənim
üçün ilk dəfə tanıyıb sevdiyim
şairdi. Əjdərin adı çəkiləndə
ilk ağlıma onun 1982-ci ilin fevral ayının soyuğunda
kiçik bir otaqda ayaq üstə şeir oxumağı, yəni
şairliyi gəlir. Əjdər nə
yazırsa yazsın o, mənim üçün ilkin olaraq
şairdi. Və ona görə də
stolumun üstündə onun son şeir kitabı -
"Yaşa" durur.
Şeir - təkbaşına dua oxumaqdı. Əjdər
dua eləmir.
Şeir - etirazdı. Əjdərdə
etiraz yoxdu.
Şeir - insanın ölümlə, əbədiyyətlə,
Allahla qarşılaşma anından doğan heyrətdi. Əjdər
heç nəyə heyrət eləmir.
Əjdərdə dua da, etiraz da heyrət də bircə
sözlə ifadə olunub - səmimiyyət. Əjdərin sözlərə
hopdurduğu səmimiyyət və sadəlik duanı da,
etirazı da, heyrəti də ifadə eləyir:
Ruhum
şehli çəmənlikdir
Heyim,
gücüm Vətənlikdir
Bələklikdir,
Kəfənlikdir
"Vətən"
dedim, Vətən, Vətən.
Burda nə təsbeh, nə mübaliğə, nə
mücərrədlik, nə də hay-küy var. Vətən
onun üçün bələkdə başlayıb kəfəndə
bitən və ikisinin arasında yaşanan bir şeydi. Sadə,
möhtəşəm və gözəldi.
Kim nə
deyir qoy desin,
Səni sevib seçmişəm.
Aranına
düşmüşəm,
Yaylağına köçmüşəm.
Əlimə
dəryaz alıb
İki vər
ot biçmişəm,
İyini
alım Vətən,
Bir az yumşalım, Vətən!
Bu misralar
keçmişdə yaşadığım günlərim kimi
əzizdi mənə, bu misraların sözlərindən
biçilmiş ot qoxusu, yovşan ətri
gəlir.
Mən həmişə düşünmüşəm
ki, nə azadlıq, nə Vətən, nə də istiqlal
"yaşasın" sözündə yaşamır. Əjdər bunu hay-küy
salmadan pıçıltıynan, sənətkarcasına
deyir:
Vətəni
hürr olanın fikri,
sözü
hürr olacaq,
Özünü
hürr edənin oğlu-qızı
hürr
olacaq.
Ən
azı şax gəzəcək,
lap
ən azı hürr olacaq,
Söyləyim
mənmi daha
neyləyəcək
İstiqlal?!
Əjdər
Oldum, bizi biz
eyləyəcək
istiqlal!
Görüntü yaratmaq, özünü gözə
soxmaq bu günki Azərbaycan cəmiyyətinin bəlasıdı. Əjdər bunu o qədər
gözəl ifadə eləyir ki:
Lazım
deyil
Gözə
kül üfürüb, çirkli pula
Beş-on
qaçqın
Yetim-yesir saxlamaq.
Nə
"Şuşa", "Laçın" deyib
zarıyırsan,
Keçmir ağlamaq.
Mənim fikrimcə, bütün bəşəri dəyərlər
aralıq mahiyyət daşıyır. Çünki
onların heç biri "özü-özündə"
bir şey deyil. Haqq-ədalət,
azadlıq, xeyirxahlıq, qəhrəmanlıq kimi bəşəri
dəyərlər, özünün də aralıq mahıyyət
daşıdığı sevgidən doğur. Əjdər
bu böyük fəlsəfi fikri ikicə misra ilə ifadə
eləmək gücündədi:
Yurda məhəbbətim
də
Bu saf
sevgidən gəlir,
Deyirlər
insaflıyam,
İnsaf sevgidən gəlir.
Yuxarıda sadaladığım bəşəri dəyərləri
tək bir sözlə - insafla ifadə eləmək, onun da
sevgidən doğduğunu söyləmək hər şairin
işi deyil.
Mən atam və anamla keçirdiyim ömrü nə
vaxtsa nağıl adlandırmışam. Və mənə
elə gəlir ki, onların biri olmayanda bu nağıl bitir.
Atasına, anasına həsr elədiyi şeirlərdə
Əjdər bitən o nağılın baş qəhrəmanıdır. Bütün
nağıl qəhrəmanlarından fərqli olaraq Əjdər
bu nağılın sonunda Tanrı yazısına məğlub
olur. Hüzn və kədər dolu bu şeirlərdə
məğlub olan Əjdərin məğlubiyyəti sonradan
sözbəsöz onun qələbəsinə çevrilir:
Səpmişdi
barmaqları -
Getdi əlində xına.
"Ağrıyıram"
deməzdi,
Qoymazdı qəlbim sına.
Vida
vaxtı üzümü
Dayadım
buz alnına
Anamı
xatırladım...
Bu misraların hüznü, kədəri
öldürür adamı. Bu misralar sözlərlə
ölümün şəklini çəkməkdi, çəkib
sonradan onu əzizləməkdi, əzizləyəndən sonra
da o dərdi sevməkdi.
Sənə
"qağa" deyirdim,
Hərdən qardaş olurduq.
Anam xəstə
yatanda,
Yaşıd, sirdaş olurduq.
Od-alova
dönürdük,
Alıcı
quş olurduq,
Atam, ay
atam...
Oxuduğum və tanıdığım şairlərdən
heç birinin yazmadığı, yaza bilməyəcəyi səhnədi
bu. Ölüm yatağındakı bir ananın başı
üstündə ər və oğulun psixoloji vəziyyətini
bu şəkildə adi sözlərlə, füsunkarcasına
söyləmək hər şairin işi deyil.
Dərdi
dərd kimi çəkməyin ustasıdı Əjdər:
Başdan
eləyirəm, başdan əkirəm,
Kim, doğan səhərə şükür eləmir.
Əzabı
mən elə gözəl çəkirəm,
Bir kimsə dərdimdən fikir eləmir.
Mən olmuş bir hadisəni şeir mövzusuna
çevirməyin qəti əleyhinəyəm. Şeir,
olmuşlardan daha çox, olacaqların, olacaqlardan da daha
çox, yaşanan anların psixoloji və ruhi durumudu. Əjdər baş vermiş hadisəni belə
şeirə çevirməyi bacaran şairdi.
Onun
fantast yazıçı N.Abdullayevin xatirəsinə həsr
elədiyi şeir baş vermiş hadisə olsa da, hadisədən
daha çox psixoloji, ruhi yaşantıdı:
Yasına
gəlmədim,
Ovsuna gəlmədim.
Bircə
şərtlə gələrdim,
Bilsəydim
oturmusan,
Məclisinin
başında
Bir kimsəyə
baxmadan
Ehsanından
yeyirsən,
Arabir də
lələsinə vurub
Özün də özünə rəhmət deyirsən.
Bu son
iyirmi ildə "ölüm adiləşib,
ucuzlaşıb" ifadəsi az qala
qulaqlarımızı yağır eləyib. Ancaq bütün
hallarda "niyə", "nə üçün" deyib
bunun mahiyyətinə varmamışıq:
Ölüb
getdi ata-anam
Ölümlərin ucuz vaxtı.
Yerin-göyün
bizə yağı
Yağıların quduz vaxtı.
Onlar adi
insan idi,
Nə şəhid, nə qurban idi.
Ağ kəfənlər
al qan idi,
Yaşımızın otuz vaxtı.
Bu kiçik şeirdə analitik ağıl və poetik
düşüncə bir-birini elə tamamlayır ki, şərhə
ehtiyac qalmır.
Mən həmişə fikirləşmişəm ki,
"şair kimdi" sualı varsa, onunla yanaşı
"şairlik nədi" sualı da olmalıdı mütləqa. Uzun illərdən sonra
düşünmüşəm ki, əslində, şairlik
bütün həyatın boyu özünəbənzər bir
adam axtarmaqdır. Və sonda
onu tapmamaqdır. Əjdər bunu bilməmiş
deyil. Bəlkə ona görə, Əjdər
Allahın şairə baş qoşmamasının səbəbini
belə gözəl açır və oxucusunu
inandırır.
Cənab
Əzraili kim tanımır, kim,
Onun nə birliyi, nə dirliyi var.
Baş
qoşmur şairə Allah müəllim,
Çünki Allahın da şairliyi var.
Əjdər
həyatın və zamanın kiçik və heç kimin fərginə
varmadığı detallarını iti gözü və fəhmi
ilə gözdən qaçırmayan, onları şeir
mövzusuna çevirən şairdi:
Can
bacı, qanlı yanvar,
Bizlərə gör neylədi?!
Bakı qərənfilini
Yas çiçəyi eylədi.
...Yasa
gedir qərənfil,
Üçə, yeddiyə, qırxa.
Qız, gəlin
qucağından
Boylanır qorxa-qorxa.
Qısa
zaman ölçüsündə zamanın və hadisələrin
təsiri ilə əşya və predmetin öz ilkin mahiyyətini
dəyişməyin və başqa bir mahiyyət kəsb eləməyin
poetik ifadəsidi bu. Əjdər bu şeirdə bir az da irəli gedib hadisənin çiçəyin
başına gətirdiyi dəyişilməni, faciəni sənətkarcasına
anladır:
Yas tuturam
mən ona,
Neçə ildi Bakıda.
Ən
çox şəhid verən də
Qərənfildir
Bakıda.
Bütün zamanlar üçün yaşayacaq
şeirdi bu.
Mən həmişə fikirləşmişəm ki, dua
bağışlanmanın insan əlində olan tək və
ümidsiz yoludur. Dua Əjdərin anlamında dualıqdan
çıxıb həm də Tanrıdan insan adına
nəsə istəməyin bir yoluna - vasitəyə
çevrilir:
Çiçəyə
verən tək təravətini
Yerdən aldığını yerinə göndər.
Qənim
olduğunun səadətini,
Min-min bədbəxtin
var,
Birinə göndər.
Axı
tanıyırsan hamını üzdən,
Görürsən əlimə baxanları da.
Sən ki
xəbərdarsan ürəyimizdən,
Unutma yadından çıxanları da.
Yenə də şərhə ehtiyac yoxdu.
Mənim üçün istənilən yazının fəlsəfi
yükü adi sözləri söz olmaqdan çıxarıb
onu sənət nümunəsinə çevirmənin ilk və
bəlkə də başlıca əlamətidir. Heç nə almadan, əvəz
istəmədən hər şey verən Tanrının da nəyisə
nəyin əvəzində verdiyinin sirrini bilirmiş Əjdər:
Bu ay, il yığınına,
Heç
ömür demərəm mən,
Qəlbimdən
keçən arzu
Gözümdə qalacaqsa.
Verdiyinə
min şükür
Heç
nə istəmirəm mən,
Tanrı
birini verib
Birini alacaqsa.
Bütün
zamanlar üçün sirr kimi qalacaq ölümün mahiyyətini
və sirr pərdəsini Əjdər bir neçə
misrası ilə qaldırmağa çalışır:
Həm
zorun var, həm də zərin,
Allah,
ölsəm, nədi xeyrin,
Tutular bir
qəbir yerin,
Bir adam yerin açılar.
Ölümün üstünə yazılmış,
oxucuya təskinlik verəcək gözəl şeirdi. Bir adamın
ölümü ilə başqa bir adam
üçün yer açılması fikri orijinal və
inandırıcıdır.
Mənim əziz dostum Əjdər artıq elə
yaşındadır ki, özü də sözü kimi kamilləşməyə
doğru gedir.
Belə olmasaydı o, aşağıdakı misraları nə
cür söyləyə bilərdi:
Nə
fikir əlindən avara qaldım,
Nə saldım özümü boş əziyyətə.
Həmişə,
həmişə mən hazır oldum,
Qələbə qədər də məğlubiyyətə.
Əjdəri oxudum və sevdim. Anladım ki, bütün söz və
sənət adamları kimi Əjdər də əbədiyyət
deyilən zaman ölçüsündə, gələcəkdə
yaşamaq istəyir və yaşayacağına inanır:
İndi gələcəkdə
yaşayıram mən,
Adəmin Həvvanın gələcəyində.
Körpələr
doğulur, qönçələr açır,
Atamın, babamın gələcəyində.
Əzizim,
qardaşım Əjdər! Sən də bilməmiş deyilsən
ki, gələcək bizim içində
olmadığımız indiki zamandı əslində:
Yatanlar
yuxuya inanır indi,
Bircə mən bilirəm yalandır yuxu.
Uşaqlıq
şəklim də baxır divardan,
Neçə
il sonrakı özünə baxır.
Mən
tam əminliklə deyə bilərəm: - Əzizim Əjdər!
Sən doğrudan da nə vaxtsa bizim içində
olmayacağımız gələcəkdə yaşayacaqsan! Sənə
bir daha sevgimi və ehtiramımı bildirirəm!
Rüstəm
BEHRUDİ
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 20-21.