Formanın
müqəddəs sirri - müharibə yazıları
Uşaqlıqda mənim ən çox
xoşladığım, məni həyəcanlandıran ilk əsərlərdən
biri ("Spartak" romanından sonra), şübhəsiz ki,
E.Heminqueyin "Əlvida, silah!" romanı idi. Atamın
kitabxanasında müharibəyə aid çoxlu əsərlər
vardı. Sonra, vaxt gəldi, düşündüm: o
yazıçılar ki, müharibədə olub, o
yazıçı və şairlər ki, uşaqkən
müharibənin qoxusunu hiss ediblər, ruhları talanıb...
bu qələm əhlinin yazılarında doğrudan
müharibə gedir ("Can nənə, bir nağıl
de", "Külək qarı səpələr, Bəxtiyar,
ağ geyinib təpələr, Bəxtiyar"). Sonrakı ədəbi nəsil (60-cılar) də
müharibədən, onun qoyduğu izlərdən yazdılar.
Nəsillər bir-birini əvəz etdikcə müharibədən
bu şəkildə yazmaq tarixə çevrildi, həm də
müharibədən az yazıldı, vaxt
gəldi heç yazılmadı. Bir deyim də var: əsl
müharibə o bitəndən sonra başlar, ortaya elə
ağır sükut çökər ki, bunu kimsə çəkə
bilməz...
Ancaq maraqlı olan bu deyil. Maraqlı olan bizim ədəbiyyatda
müharibədən bəhs edən mətnlərin qeyri-adi dərəcədə
gözəl olmasında, formanın ən cüzi dərəcədə
belə "hiss edilməməsində", başqa sözlə,
yazının sürətlə şifahi nitqə
dönüşməsində idi. Müharibə
dəhşətli həyəcandır, bir anda qopub, insanı
olduğu yerdə tərksilah edib əlini hər şeydən
üzür və eyni zamanda, ilk növbədə,
düşüncəsini səfərbər edir. Müharibə, döyüş səhnəsi
(meydanı) gərginliyin pik həddidir, eynən bədii, sənət
əsərlərində olduğu kimi. Burdan
kimin sağ çıxıb-çıxmayacağı bəri
başdan və bütün "mətn" boyu məlum
olmur. Hadisələr zənciri uzandıqca uzanacaq, sanki
bitəcək zamanı da heç gəlməyəcək... Poetik təfəkkürdə keçmişlə
indi və gələcək virtual şəkildə birləşib
qovuşur. Belədə yazarın xəyalı ilə
gerçəkliyin hadisələri indi təsəvvürəgəlməz
şəkildə elə birləşir ki, bundan yalnız uzun
və ağır bir prosesin gedişində (bəlkə illər
keçəndən sonra) daman damcılar
dünyanın ən qənirsiz əşyası olur. Əhməd
Cəmilin yaradıcılığında bu mənada "Can
nənə, bir nağıl de" ayrıca, əlahiddə
bir yer tutur. Həm də qəlbin, ruhun
bütün gücüylə yazılan mətn şairin,
yazıçının digər mətnlərinə
qarşı durur. Yuxarıda dediyimiz kimi,
ruhun bütün oyaq və "yuxulu" künc-bucaq və
köşələri səni nitqin, dilin ilk doğulduğu
çağlara aparır. Müharibə səni
uşaqlığına aparır və ordan damcı-damcı
böyüyərək gəlirsən, düşmən
gülləsinə tuş gəlsən belə,
böyüyürsən, ancaq xatirələrdə, bura
insanın ən diri qaldığı yerdi çünki.
Bu mətnlər səndən asılı olmayaraq
ağılardan, bayatılardan çıxır, bu
günün həqiqətlərinə qoşulur, onlarla
kontrast yaradır, qəlbində, hissində lay-lay
yığılan bayatı, ağı, qoşma, qəzəl,
ana dilindəki ən duru, ən dərin sözlər bir yerə
yığışıb kəhkəşan yaradır. Rəsul Rzanın "Bəxtiyar" şeirində
olduğu kimi.
Külək
qarı səpələr, Bəxtiyar!
Ağ
geyinib təpələr, Bəxtiyar!
Gecə
qara, yol uzaq, qardaşım,
Göylər
bulud, çöl-düz ağ,
qardaşım.
Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkmi,
ya simdir o, Bəxtiyar?..
Gənclik,
həyat şirindir, qardaşım,
Vətən qat-qat şirindir, qardaşım.
Ellərimin
balası Bəxtiyar,
Qəlbi
vətən qalası Bəxtiyar!..
Bax,
qızarır üfüqlər, qardaşım!
Bizimdir günəş, zəfər, qardaşım?
Sən
qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar.
Bütün
bu kimi mətnləri götürüb bir-bir oxuyun,
leksikasına, üslubuna baxın, hər yerdə, hər
misrasında yazılmasa belə, "can" sözü var.
Şeirdə deyildiyi kimi, gənclik, həyat şirindir,
qardaşım // Vətən qat-qat şirindir,
qardaşım... Nəsə tapılmalıdır ki, bu
döyüşdən hər ikisi sağ çıxsın:
eşq... Bu barədə bir az sonra.
Müharibənin,
cəbhədə gedən ölüm-dirim savaşının
küləyi belə bəs edər ki, ruhun, səni tanrıya
bağlayan görünməz tellərin ucları közərsin
və həyatında, taleyində, yazacağın yazılarda
dönüş yaratsın, o yazdıqca bitib-tükənməyən
yer səni dünyanın əvvəli ilə sonu arasında
yerləşdirsin. Ayağının birini, ikisini, qolunu
müharibə meydanında qoyub gələn insanlarla
bağlı bizim poeziyada nə qədər poetik parçalar
var və bu mətnlər oxunduqca oxunur, həm də daha
çox forma baxımından, formanın məzmunu əridib
"dünyaya tən tutması" baxımından çox
orijinal təsir bağışlayır. Burada məsafə
elə böyük bir rol oynamır, əsas olan vurulan
yaranın qövr etməsi, sənə ən mükəmməl
mətnləri yazdırmağa sövq etməsidir. Fikrət Qoca və Rasim Qaracanın bu mövzuda
şeirlərini yada salın. Yaxud Şərif
Ağayarın müharibənin qaçqın
saldığı insanların taleyindən bəhs edən
hekayələrinə baxın. Şərifin
dünyanın bir çox dillərinə tərcümə
edilən "Şəkil" hekayəsi həmin psixoloji zədənin
tarixçəsini bütün dünyaya, dünya tarixinə
tən tutması, bir yaranı qəlbin hansısa mübhəm
yerindən heç zaman silinməyəcəyini göstərir,
oxunduqca oxunur, təhkiyə bitmir ki bitmir...
Əgər
ən yaxın dostun müharibədə ölmüşsə
səhərlər gec açılar, axşamlar erkən düşər
yeməklər dadsız olar, qiymətlər baha
getməyə yerin olmaz,
şaxta
qılınctək kəsər...
...əgər
ən yaxın dostun müharibədə ölmüşsə
demək,
keçmiş də, bu gün də öləcək,
demək,
artıq sona yetmiş gələcək
o bir də
heç zaman gəlməyəcək...
Yaxud Sunay
Akının məşhur "Madalya" şeiri:
Bayram
yerinde canlandırılırken
kentin
kurtuluşu
ayakları kesilen gazi
hiç
düşünmeden
değişir madalyasını
çorap kokusuna.
Sonuncu rus
formalisti Lidiya Ginzburq qeydlərinin birində ("Yazı
masası arxasındakı insan") yazırdı: "Mənim
nəslimə aid olan insanlar Heminqueyin adı gələndə
çox, həddindən artıq, həm də şəxsi
hisslərini də buna qataraq həyəcanlanırlar. Hətta,
mən deyərdim ki, bu hadisə Heminqueydən çox, onun
"Əlvida, silah!" romanı ilə bağlı baş
verir, - həyəcan elə bir həddə çatır ki,
guya yazıçının bütün demək istədikləri
məhz bu əsərində cəmlənib. Heminquey
ədəbiyyata yeni insan gətirən dünya miqyaslı dahi
yazıçı deyildi, ancaq şəksiz ki, insan nitqinin, dil
gerçəkliyinin hansısa bir sahəsini məhz o kəşf
etmişdi, bu isə ona insanları həyəcanlandırmağa
bəs edirdi". Belə ki, o, insan nitqinin
yeni reallığını açdı, elə bir gerçəklik
ki, üzdən rabitəsiz görünsə də, sualtı
cərəyanla dəruni şəkildə təmas
tapmışdı. Heminqueyə qədər
personajlar istənilən situasiyada bu şəkildə, belə
açıq və mərhəm şəkildə
danışmır, bu qaydada cümlə qurmurdular. Bu mənada
Heminquey şərti mənada da olsa, əslində,
"müharibə yazıçısıdır",
yuxarıda sadaladığımız şüuraltı təkanlar,
bu təkanların insan yaddaşında keçmişlə
indinin qəribə, çox fantastik, həm də realdan real
qovuşağını yaratması daha sonra, yəqin ki,
1951-ci ildə onun "Qoca və dəniz" kimi möhtəşəm
əsər yaratması ilə nəticələndi. Rəsul
Rza və yaşıdlarının, dostları və qələm
yoldaşlarının cəbhədə jurnalist kimi fəaliyyəti,
bunlardan bir qisminin (məsələn, Mirzə İbrahimov, Cəfər
Cəfərov və Ənvər Məmmədxanlının)
sonradan Cənubi Azərbaycanda olması yaradıcılıq
aktında xüsusi önəm daşıyan
şırımların açılması ilə əlamətdar
oldu. Müharibədən qarsıyıb
çıxmış Heminqueyin fantastika ilə gerçəkliyin
əl-ələ tutub oyunlar çıxardığı bu
möhtəşəm povestinə də təsadüfi deyil
ki, 1953-cü ildə Pulitzer Fantastika mükafatı verildi.
Heminqueyin bu gedişləri, yazı aləmində,
nitq sferasında yeni gerçəklik kəşf etməsi ədəbi
aləmdə mübahisələrlə bərabər başqa
cür, fərqli yazmaq stixiyasını gücləndirdi və
bu təsir bizdə 60-cı illər və sonrakı nəsillərin
bəzi nümayəndələrində maraqlı izlər
buraxdı. Əli Kərimin bir şeiri var, həmin
şeirdə Heminquey "qoca" kimi anılır, deyir, nə
vaxt dostumla həmin qoca haqqında danışırıq,
oğlumsa rəngli karandaşıyla bizim söhbətin kəlmələrini
göydə dənləyir. Bu metafora, nitqin, sanki "pərdə
arxasından" təsviri (bu anda uşağın rəngli
karandaşı "əriyir", görünmür, sadəcə,
göydən dənlənən kəlmələrin nəfəs
aldığını hiss edirik...) və dar bir səs
cığırında geniş məkan
görüntüsünün yaradılması, zənnimizcə,
bir az da Heminqueyin poetik sistemindən süzülən bir nəsnədir.
Yəni son dərəcə orijinal ideyalar səni
özünün əsirinə çevirmir, əksinə, sənin
o dərinliyə enməyini istəyir. Əli
Kərim bunu bacarmışdı. "Coğrafiya müəlliminin
şəhadət barmağı haqqında ballada",
"Gül və çörək", "3702" və
şübhəsiz ki, "Alman əsir" şeiri,
müharibənin vurduğu və nəsildən-nəslə
ötürülən zədənin dərinliyini, dibsizliyini,
bitib-tükənmədiyinə görə yaraya toxunmaq...
ehtirası yaratmasını nümayiş etdirir.
Dünən
bu uzunduraz
Cəllad
olmuşdu çox da
Xəfəli
göy gözləri
Qalmışdı
bu uşaqda...
Yaxud Ələkbər Salahzadənin "Boy"
şeiri. Bu
şeirdəki dillənməyən, susan,
dili yanmış dərd həm onun, həm də İsa
İsmayılzadənin mətnlərindən ("Hələ
uşaqsınız, nə yaşınız var...") çəkilib
getmədi.
...kimlər
kəsdi suyumuzu?!
Kimdən
soraq boyumuzu,
kimdən
alaq boyumuzu?!
Başqa
bir cəhət də var. Vaxtilə hansısa bir kitabda (deyəsən,
Məhəmməd Füzuli haqda kitabdı...) bir deyimə rast
gəlmişdim: Napoleon bəşəriyyət
üçün nədirsə, göz yaşı da insan
üçün odur. Əvvəlcə
xoşuma gələn bu deyim sonralar mənasızlaşdı.
Çünki başqa bir əhvalatla
rastlaşdım. Əhvalatsa budur: "...Bonapartın
birinci konsulunun qvardiya üçün əmri: "qrenader
(seçmə əsgər) Qoben məhəbbətə
görə canına qıymış; yerdə qalan aspektlərə
görə o, əla əsgər idi. Ay ərzində artıq
bu ikinci belə hadisədir. Birinci konsul qvardiyasına əmr
göndərir: əsgər ağrıya və ehtiraslarına
qalib gəlməlidir; ürək iztirabları
qarşısında dimdik durmalıdır -, batareyanın top
atəşi atılanda sırada durduğu kimi - o, cəsur
olmağa məhkumdur...". Qrenader, cəbhədə ölüm-dirim
savaşında olan əsgər müharibəyə aşiq
olub gəlmişdi. İki gərginlik sahəsində olması onu dəliyə
çevirmişdi.
Başqa bir filoloqun buna yazdığı şərh də
maraqlıdır. Orda deyilir ki, aşiq olmuş qrenaderlər
- qara sevda yolçuları bu ehtirası hansı dildən əxz
etmişdilər (axı bu, onların mənsub olduqları
zümrə və peşəyə heç də uyğun
deyildi)? Hansı kitablardan oxumuşdular
bunu, yaxud hansı hekayətlərə qulaq
asmışdılar? Bonapart necə də
bəsirətli imiş. Elə bəsirətli
ki, eşqi döyüşə (ölüm-dirim
savaşına) bənzətmişdi. Ancaq
onun bu müqayisəsində banal nəsə yox idi, yəni
onun ifadəsində iki partnyorun görüşü,
"çarpışması" əsla nəzərdə
tutulmurdu; Bəs nə? Yəni top atəşinə bənzəyən
eşq insanı kar eləyir və qorxudur - ürəkkeçmə,
zəifləmə, dəlilik bundan sonra başlayır. Ancaq indi bu kimi dəlini təsvir etmək
üçün hansısa dildən söz götürməyə
ehtiyac yoxdu; onsuz onun özü özünü dəli hesab
edir; indi o kiminsə dilindən oğurluq etməyə qalxmaz.
"...İztirab, alçalmaq, ümidsizlik və
şadyanalıq: ayaqdan başa qədər bütün cismim
Təbiətlə cəzb edilib və yandırılıb,
ancaq hər şey elə baş verir ki, sanki mən kimdənsə
sitat gətirməklə məşğulam. Məhəbbət və onun verdiyi dəliliyi
yaşayarkən danışmaq istədimmi qarşımda
Kitab, Lövhə və Dəlilik durur. Cismin və dilin
bir-birinə qarışması: birinci kim başlasın?".
Döyüşün
eşqə bənzəməsi və bununla bağlı
yaraların dünya durduqca qövr etməsi formaca ən
mükəmməl bədii əsərlərin (forma
danışır və danışıq sükutun dilində
əyaniləşir...) yaranması ilə də bitmir...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 26.