XXI əsr apokalipsisi haqqında
roman
Əziz
Yazarın "Qiyamət"i
Tanrı Adəmin cildində təcəlla edib.
O
başqa üsul seçməyib.
Əziz
Yazar
"COVİD-19" pandemiyası dünyanın sonu,
insanlığın məhvi və ya deformasiyası ilə
müvəqqəti unudulmuş, mexaniki yaddaşımızda
isə əbədi diri qalan qədim əfsanələri yenidən
aktuallaşdırdı. Dini mətnlərdə müjdələnən, klassik
dövr ədəbiyyatı və incəsənətinin əsas
mənbəyi olan yaradılış və apokalipsis (qiyamət)
mövzusunda yazılan əsərlər, çəkilən
filmlər az qala bu günkü
yaşamımızla səsləşir.
Dünya ədəbiyyatında qiyamət mövzusu
müxtəlif vaxtlarda və variantlarda işlənsə də,
nisbətən gənc olan Azərbaycan nəsrində bu
mövzuya indiyədək müraciət edilməmişdir. (Yusif Səmədoğlunun
"Qətl günü" romanı istisnadır və burada
qiyamət mövzusu ana xətt sayılmır). Azərbaycan ədəbiyyatında qiyamət
mövzusunda ilk mifik-fantastik roman Əziz Yazarın bu ilin aprel
ayında işıq üzü görən "Qiyamət"
romanıdır.
Romanın
mövzusu səmavi dinlərdə vəd edilən qiyamət - məhşər
gününə həsr olunub. Belə ki hadisələr
dörd yüz il öncə müxtəlif
taleli və müxtəlif səbəblərdən vəfat
etmiş adamların qəfil dirilməsi ilə
başlayır. Əsər magik tragikomediya
janrında yazılsa da süjetin faciəvi qatı onun komedik
tərəfindən qat-qat ağırdır. "Qiyamət"i Azərbaycan ədəbiyyatında
alışmamış sönən postmodern roman
cığırında ilk cəsarətli addım kimi dəyərləndirmək
olar.
Əsərdə ilk diqqət çəkən məqamlardan
biri baş qəhrəmanların Dantenin "İlahi
Komediya" əsərindəki isimlərlə eynilik təşkil
etməsidir. Yeri gəlmişkən, "İlahi Komediya" məşhur
amerikalı yazıçı Den Braunun mistik triller janrında
qələmə aldığı "Cəhənnəm"
romanında da sirləri açmaq üçün kod kimi
istifadə olunub. Əziz Yazarın
romanında isə əsərin başlanğıcından
sonunadək oxucuya bələdçilik edən Alicənabın
əslində müqəddəs Aligierinin özü olduğu
ortaya çıxır. Həmin Aligieri
öncəki həyatında dinsizlikdə ittiham olunaraq
çarmıxa çəkilib, öldükdən dörd
yüzil sonra qiyamət günü dirilir, və onunla eyni
vaxtda dirilən əzabkeşlərin ümid, həsrət
dolu axtarışlarının səbəbkarına
çevrilir. Bütün xortlayan
zavallı günahkarlar nəhayət, qiyamətin sona
çatması, ilahi həqiqətin təcəlla etməsi
arzusu ilə Aligieri və onun sevgilisi mələküzlü
Beatrisin axtarışına çıxırlar. Süjet xətti Uzunsaqqalla Alicənab
arasındakı gözəgörünməz qarşıdurma
ilə başlayır, Aligieri-Çapıqbaş cəbhələşməsi
ilə davam etdirilir.
Müəllif
bu əsərində postmodern üslubun imkan verdiyi hər cür manevr və sərbəstlikdən
- süjet xəttinin çoxqatlılığı,
klassikanın modernizm üzərində dekonstruksiyası, hadisələrin,
obrazların köçürülmə yolu ilə başqa
olay və şəxslər üzərində yenidən
doğulması, gerçəkliyin absurd inikası,
mifologiyanın reallığa dönüşməsi və digər
imkanlardan ustalıqla yararlana bilmişdir. Ona
görə də "Qiyamət"i ədəbiyyatımızda
ilk fantastik postmodern roman adlandıra bilərik. Əsərin
ümumi kompozisiyası bir çox cərəyanların,
"izm"lərin qarışığından yoğrulsa
da əsas fonda təqdim olunan real dünya
mənzərəsi qətiyyən itirilməyib. Postmodernizmi "ağlına gələni eləmək"
tərifindən xilas edən təməl prinsiplərdən
biri də budur. "Qiyamət"in mövzusu qlobal xaosa
həsr olunsa da, yazıçının peşəkarlığı
mətni daxili özbaşınalıqdan, ilk baxışdan
çox da nəzərə çarpmayan xırda hadisə və
detalları ümumi fonda itib-batmaqdan
qoruyur.
Yazıçı, 90-cı illər Azərbaycan və
dağılmaqda olan SSRİ tarixini simvolik mənalandırır,
taleyimizdə həlledici rol oynayan o dövrün
energetikasını, ruhunu, bədii mətndə əridərək
oxucuya təqdim edir. Erməni işğalçılarının "Xəritəbaş
kral"- (Əziz Yazar) Qorbaçova güvənərək,
ölkəmizə hücumları, əsərdə
"Zülmət bağlar" kimi xatırlanan Qarabağda
törətdikləri qırğınlar, Azərbaycandakı
siyasi hərc-mərclik, antimilli hökumətlərin
dağıdıcı fəaliyyəti semiotika vasitəsi ilə
oxucuya çatdırılır. "R" hərfini
tələffüz edə bilməyən liderin
"plezident" olmaq istəyi kimi epizodlar isə tragik
situasiyaların ağır yükünü yüngülləşdirir,
ironiya əsərin ruhunu ağlaşma ab-havasına
düşməyə qoymur.
Yazıçıya görə qiyamət biz
insanların yer üzündə törətdiyi pis əməllərin,
fəlakətlərin ucbatından baş verir. Dini mətnlərdə
deyildiyi kimi, var olan hər şey dağılır,
sökülür, binalar çökür, ölülər
xortlayaraq məzarlarından çıxır, hər yerdə
qorxunc xaos hökm sürür.
"Qiyamət"i
oxuyarkən hiss olunan əsas məqam yazıçı
fantaziyasının ucsuz-bucaqsızlığı, bədii təxəyyülünün irreal üfüqlərini istənilən
qədər genişləndirmək bacarığına malik
olmasıdır. Məsələn, insanların sifətinin
güzgüyə çevrilməsi, həmin güzgüdə
keçmiş xatirələrin əks olunması, qəbirdən
xortlayanların xatirələrinin dəyişik düşməsi,
başqalarına verdikləri əziyyətlərin
güzgüdə gözlərinə görünərək,
öz canları ilə yaşamaları kimi səhnələr
bədii tapıntı sayıla bilər, üstəlik hər
biri ayrıca müstəqil mövzu kimi işlənmə potensialına
malikdir. Mistik, sürreal səhnələrin əsərin
realist ruhuna qarışması onu həm də gərgin,
qorxulu yuxuya, hallisünasiyaya bənzədir.
Romanın dili oxunaqlı və yüyrəkdir, müəllif
əksərən, uzun təsvirlərə yol vermədən
film ssenarisi kimi konkret cümlələrlə oxucunu kəsə
yolla sirr qapısına qədər yormadan aparır.
Yazarın nəsrimizə gətirdiyi yeniliklərdən
biri də romanın quruluşca teatr tamaşasına bənzəməsidir. Müəllif Şekspirsifət
mələyin zühuru və "Kral Lir" tamaşasına
eyhamı ilə bunun fərqində olduğunu hiss etdirir.
Obrazın səhnədə qəfil peyda olması, monoloqu,
tamaşçıların alqışları, qəhqəhələri
və s. kimi elementlər əsəri, dediyimiz formada,
teatrallaşdırır.
Romanda
ironiya yüklü irreal, bədii detallara istənilən qədər
rast gəlmək mümkündür:
Dindarın düşüncə dənizinə dalan
dostuna sahildən uzağa getməməsi üçün
qışqırması, torpaqda yüzillərlə
mürgüləmiş qürurun xəcalətdən
qızarması, qızışmadan yanacaqdoldurma məntəqəsinin
partlamaq təhlükəsi, beyinlərə fikir mismarlamaq,
zürafə baxışlı gənc, xəritəbaş,
çapıqbaş, qoz ağacları əkən I katib
Qozmen, Şoklandiya ölkəsi və s.
Romanda
tanrının var olub-olmaması, varsa, hansı əlamətləri
daşıması barədə təzadlı situasiyalar,
mübahisə doğuran əbədi mükalimələrə
də yer verilib:
Lənətlənmiş
keşişin öz pis əməllərinə bəraət
qazandırmaq üçün dediklərindən:
"- Əgər Tanrı hər şeyi yaxşı
yaratdığından razıdırsa, niyə indi özü
ortalıqda yoxdur? Heç vaxt da olmayıb. Onun hər işini peyğəmbərlər idarə
edir. Niyə özü bir dəfə də olsun, bircə
müharibəni yatırtmayıb?.. İstəsə, hamının qılıncı əlində
bir göz qırpımında donardı. Deyirlər ki,
Tanrı gəlib, bizi sülhə çağırır! Amma hanı? Ortada
görünmür. Susur. Deməli, özü müharibələrdən
razıdır. Susmaq nə deməkdir?
Razılıq!"
Əziz Yazarın "Qiyamət"i həm də
klassik romançılıqdan, ənənəvi təhkiyədən
qaçışdır, bu mənada, müəllifin yazı
tempi xüsusilə, sürətli və çevikdir. Rəqəmsal dillə ifadə
etməli olsaq,
müəllif müasir texnologiyanın sürəti
ilə ayaqlaşmağı bacarır, belə
görünür ki, o, həm də smartfon erasının ədəbiyyatını
yaratmağa iddialıdır.
Romandakı fəlsəfi mühakimələr Əziz
Yazarın subyektiv idealizmə, qismən panteizmə, (Şərq
mistisizmində hürufizm) yaxın fəlsəfi
görüşlərini üzə çıxarır. (İdeya materiyadan öncədir,
deməli yaradan və yaradılış var- subyektiv idealizm,
yaradan varsa, o özünü yaratdıqlarında (təbiətdə)
əks etdirir, o ayrıca substansiya deyil- panteizm, nəhayət,
yaradan insanın mahiyyətindədir-təsəvvüf-hürifizm).
Lakin səmavi mətnlərin diqtəsindən fərqli
olaraq, yazıçının romanda qurduğu ideoloji sistem
teosentrik (allahmərkəzçi) yox, antroposentrik (insanmərkəzçi)
düşüncəyə əsaslanır. Ona görə romanda orta əsr şərq fəlsəfi
axınlarını uzun müddət öz təsiri
altında saxlayan hürufi estetikasının izlərini
bulmağımız təsadüfi deyil. İnsanlığın
nicatının fövqəltəbii qüvvələrdə
yox, insanın özündə olduğuna əsaslanan, kamil
insanı tanrı səviyyəsinə yüksəldən
hürufizm təlimi bəşəri konsepsiya olaraq bu gün də
öz aktuallığını saxlamaqdadır. Məsələn;
"Qiyamət"in baş obrazı Alicənab sifəti
güzgüyə çevrilən qadını öz dostuna
göstərərək deyir:
"Biz
qadının iç dünyasına daxil oluruq. İnsanın içində böyük bir dünya
var. Ora bu sakin olduğumuz dünyadan daha böyük,
ucsuz-bucaqsız, nəhayətsizdir. Hər
insan sonsuz kainat boydadır. O kainatın Yer adlı planetində
biz hamımız varıq. Hamımız hər
birimizin içindəyik. Təsəvvür edirsənmi?".
Əziz Yazarın "Qiyamət"i başını
itirmiş insanlığın qlobal mənəviyyat
böhranından ruhi təmizlənmə, aydınlanma yolu ilə
(katarsis) çıxa biləcəyinə
çağırışdır. Təsəvvüfdə
olduğu kimi "Qiyamət"də də insan (Aligieri)
bütünlüklə təmizlənərək
işığa qərq olur və özü haqqa (Tanrıya)
dönüşür.
Əsərin
sonlarında müəllif müqəddəs Aligierinin izdiham
qarşısındakı bu çıxışı ilə
bütün günahkarlara xitab edir:
"- Guya dünyada həmişə öz şəxsi həyatınızı yaşamısız?! Kimin gəldi fikirləriylə o qədər gün keçirmisiz ki! İfadəmə görə bağışlayın, cilddən-cildə girmisiz! İndi qiyamət gününün çətinliyinə dözməlisiz! Düşünürəm ki, birüzlülərə qiyamət birhallı olardı, daha belə minhallı yox. Deyəcəyim sözlərə görə bir daha üzr istəyirəm. Vaxtilə məməli heyvan olmadığınızı dərk etməliydiz... - Əsəbindən qəhərlənir. - İnsan olaraq hər şeyi hökmünüz altına alar, doğuma, yaşama hakim olub ölməzdiniz. Məhv canavarı sizi özbaşına keçi sürüsü kimi parçaladı. Birinizi budundan, digərinizi boğazından. Hər cür bölündünüz. Cənnət dünyanızı dağıdıb, özünüzə cəhənnəm yaratdınız. - O indi sanki fövqəladə aləmə bağlanaraq danışır. - Sirr çoxdan əyandır. Tanrı özünü tanıtmaq istəmişdi... Zamansızlığın əvvəlində, heçlikdən yaratmışdı sizi...".
Sonda Alicənabın simasında təcəlla
edən müqəddəs Aligieri sevgilisi mələk Beatrislə
qovuşaraq nura qərq olurlar. Bu nurlanma olayı
bizi tanrının nur şəklində Musa peyğəmbərə
görünməsi əfsanəsindən tutmuş, hind
şahzadəsi Buddaya, şərqin "şeyx əl
işraq"ı (işıq şeyxi) Sührəvərdinin
işraqilik təliminə, Hüseyn Cavidin "Şeyx Sənan"ına
qədər uzanan təzadlı yollarla ali mənəviyyat zirvəsinə
doğru aparır.
Şəlalə
Göytürk
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 27.