Vaxtın sahili...

Esse

Tofiq Hüseynoğlunun xatirəsinə

 

 

Ömrünün son illəri daim vaxt azlığından gileylənirdi. Vaxta ehtiyacı vardı - ona rahatlıq verməyən arzularını özüylə məzara daşımaq istəmirdi. Ancaq arzu və idealları bir ömrün sınırlarına sığacaq qədər məhdud deyildi. İndi düşünürəm ki, ölüm onunçün həyatın bitməsi deyil, bir hovur dincini almaq üçün illərin axarından sıyrılıb sahilə çıxmaqdı - vaxtın sahilinə.

 

Yayınlanan əsərlərilə bağlı bəzi tanıtım məqalələri nəzərə alınmazsa, sağlığında onun haqqında yazılmadı, elmi yaradıcılığı dəyərləndirilmədi, yubileyə çevrilməli olacaq doğum günləri unuduldu.

 

Sıradan bir alim deyildi, son dərəcə sadə və təvazökar olması səbəbindən üzdə görünmürdü. Kim bilir, bəlkə bilərəkdən görünmək istəmirdi.

 

Ömrü boyu çox haqsızlıqlarla üzləşmiş, adı siyahılardan silinmiş, layiq olduğu dəyəri almamışdı. Ancaq bunun qüssəsini çəkmirdi, həyata fəlsəfi yanaşdığından baş verənləri təbii qarşılayırdı. Zamanın hər şeyi sahmana salacağı, yerbəyer edəcəyi düşüncəsində idi.

 

Universitetdə oxuyarkən müəllimim olmuşdu. Yalnız tələbəlik illərində deyil, sonrakı dönəmlərdə də mənim üçün müəllim ucalığını qoruyub saxlaya bilmiş az sayda şəxsiyyətlərdən idi. Bir çox yazılarımın sətirləri arasında onun deyimləri, ifadələri, fikirləri yer alır. Yalnız elmə deyil, fəhmə, məntiqə söykənən mühakimələri ilə hesablaşmamaq mümkün deyildi.

 

Həmişə qayğılı görünürdü. Sevinəndə belə üz-gözündə yuvalanan təbəssümün arxasında kədər cizgiləri aydın sezilirdi.

 

Sovet rejiminin ən sərt dönəmlərində yeridilən ideologiyanın puçluğunu, mənasızlığını, dağılmağa məhkumluğunu anlayırdı. Hələ ötən əsrin yetmişinci illərində universitetdə siyasi icmalçıların mühazirə oxuduğu auditoriyada onun istehzalı yanaşımı aydın duyulurdu.

 

Dərin mütaliəsi ona geniş dünyagörüşü, fərqli baxış tərzi, yüksək ədəbi zövq qazandırmışdı. Sərrast müşahidə qabiliyyəti vardı; nəyi oxumaq, nələrə diqqət yetirmək gərəkdiyini yaxşı bilirdi. Nəhəng informasiya məkanında zəruri olan məqamları seçmək qabiliyyəti vardı.

 

Həyatın başban-başa rəngləndiyi, sözün çürüdüldüyü, dəyərsizləşdirildiyi toplumda sözü sözdən seçməyi bacarır, əsl sənəti fərqləndirirdi. Bəlağətlə danışan alimləri "şirin bülbül", tükənmiş yazarları "doymuş məhlul" epiteti ilə fərqləndirirdi. Əxlaqın, mənəviyyatın çökdürüldüyü insan tünlüyündə şəxsiyyət çatışmazlığından əzab çəkirdi.

 

Hamılaşmış cəmiyyətin bazar təfəkkürü fonunda ədəbiyyatın, mədəniyyətin dəyərini itirməsi onu ruhən əzirdi. Yaza bilmədiklərinin, içində düyünlənən, kimsə ilə paylaşılması mümkün olmayan düşüncələrinin ağrısını yaşayırdı.

 

Ancaq bütün çətinliklərə rəğmən zəmanə adamına çevrilmədi. Onu dövrələyən saxtalıqlara, əyriliklərə bulaşmadı, əxlaqını, saflığını qoruyub saxladı.

 

1993-cü ilin aprelində Kəlbəcər işğal ediləndə dözə bilmədi, ön cəbhəyə getdi, günlərlə döyüş səngərlərində əsgərlərə həyan oldu.

 

 

 

Elmi həyatını bütünlüklə Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığının araşdırılmasına həsr etmişdi. Sadəcə ənənəvi təhlillərlə kifayətlənmir, sovet repressiyasının qurbanı olmuş yazıçının tarixi romanlarının mətninə hopdurulmuş sirləri, gizlinləri, sətiraltı mənaları çözürdü. Xüsusilə, "Qızlar bulağı" romanında mifoloji süjet hörüyünün, mürəkkəb metaforalarla yüklü təsvirlərin yozumunda yazıçını məhbəsə aparan səbəbləri aşkarlamağa çalışırdı. Ən çox işlətdiyi: "Bu gün basılan kitablar kəsilən pullardan qiymətlidir" - deyimi, kitablarına qoyduğu - "Ədəbiyyatla yaşayıram", "Söz - tarixin yuvası" adları da Yusif Vəzirin yazılarından qaynaqlanırdı. Araşdırdığı yazıçının şəxsiyyətinə və əsərlərinə olan heyranlıq zamanla onun xarakterini şəkilləndirmişdi - başqa cür ola bilmirdi.

 

Milli ədəbiyyatın dünyada təbliği, tanıdılması üçün gərəyincə işlər gördü. "Böyük Ukrayna Ensiklopediyası"nda klassik və müasir Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələrin mühüm bir qismi onun imzası ilə yayınlandı.

 

İçində türk sevgisi çağlayırdı. Dəmir pərdənin hökm sürdüyü dönəmdə ilk ayaq basdığı ölkə Türkiyə olmuşdu. Yazılarından zərif bir xətt kimi keçən türklük sevdası onu heç bir zaman tərk etmədi.

 

Son görüşümüzdə Azərbaycan poeziyasında durna motivi ilə bağlı araşdırma üzərində işlədiyini söylədi. Onun bu mövzuya müraciəti mənim üçün gözlənilməz olduğundan duruxdum: yaşının bu çağında həsrət, ayrılıq, qəriblik rəmzi olan durna motivinə dönməsini istəmirdim. Qalxıb məqalənin əlyazmasını gətirdi, bəzi yerlərini oxumaq istəyirdi. Ancaq özündə deyildi, baxışlarımız qarşılaşınca duyğulandığını hiss etdim - yazını oxumaqdan vaz keçdi.

 

Ölüm xəbərini duyunca son görüşümüzdəki durna mövzusu ilə bağlı məqamı xatırladım. Nədən bir ömür marağını çəkməyən bu mövzuya həyatının son günlərində üz tutmuşdu? Biri-birinin ardınca doğmalarının onu tərk etməsilə tənhalığa qapıldığı üçünmü? Yoxsa işini itirərək sevdiyi sənətinin xiffətini çəkdiyi üçünmü? Ya bəlkə dünyasını Vətəndə deyil, qürbətdə dəyişəcəyi ürəyinə damdığındanmı?

 

Bu suallar cavabsız qalacaqdı...

 

3-6 may 2020

 

Vaqif Sultanlı

Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 28.